Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(101)-1254/2025 20.05.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Ələkbərli Roman Nəriman oğlunun sədrliyi, X9 və X4 ibarət tərkibdə, X11 oğlunun katibliyi ilə, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri X2, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, “Presedent” Vəkil Bürosunun vəkili Müdafiəçi oğlunun iştirakları ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında məhkəmə hazırlıq iclasında xx xxxxxx 1990-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, hazırda Ədliyyə Nazirliyinin Pentensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq, məhkəmə müəyyənetdi: Məhkəmənin icraatına Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi daxil olmuşdur. Həmin cinayət işi üzrə ibtidai araşdırma orqanı tərəfindən təqsirləndirilən şəxsə ona görə ittiham elan edilmişdir ki, o, istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda olmaqla təmiz çəkisi 2,646 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və xeyli miqdarda olmaqla təmiz çəkisi 0,200 qram olan kustar üsullar hazırlanmış narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla 09 yanvar 2025-ci il tarixdə ünvan 2 ünvanında daşımış, 09 yanvar 2025-ci il tarixdə, saat 16:32-də Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində ünvan 3 ünvanında şübhəli şəxs qismində saxlanılaraq, üzərinə keçirilən şəxsi axtarış və götürmə zamanı əynində olan göy rəngli gödəkcənin sol yan cibindən 02 ədəd qızılı rəngli kağız bükümdə, külli miqdarda olmaqla 2,646 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və xeyli miqdarda olmaqla 0,200 qram çəkidə narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə hazırlıq iclası zamanı dövlət ittihamçısı Cövdət Mehrəliyev vəsatət verərək Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin baxılmasına xitam verilməsi və cinayət işinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Dövlət ittihamçısı vəsatətini onunla əsaslandırmışdır ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs satış məqsədi olmadan külli miqdarda təmiz çəkisi 2,646 qram olan psixotrop maddə metamfetamini və xeyli miqdarda 0,200 qram çəkidə narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla daşıması, 09 yanvar 2025-ci il tarixdə, saat 16:32-də ünvan 3 ünvanında Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq videoçəkiliş aparılmaqla üzərinə baxış keçirilən zaman qeyd olunan psixotrop maddənin və narkotik vasitənin aşkar edilərək götürülməsi ilə bağlı ittiham elan olunmuşdur. Cinayət işi üzrə tərtib edilmiş ittiham aktının nəticəvi hissəsində də həmin ittiham qeyd olunmuşdur. Lakin cinayət işinin başlanmasına səbəb və əsas olmuş ilkin təhqiqat materialları, həmçinin şahid ifadələri ilə müəyyən edilir ki, Təqsirləndirilən şəxs “Təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında” 15 aprel 2025-ci il tarixli qərarda və iş üzrə tərtib edilmiş ittiham aktının nəticəvi hissəsində qeyd olunduğu kimi 09 yanvar 2025-ci il tarixdə deyil, 08 yanvar 2025-ci il tarixdə saxlanılmış, həmin tarixdə üzərində şəxsi axtarış keçirilmiş və maddi sübut olan qanunsuz əşyalar aşkar edilmişdir. Göründüyü kimi, cinayət işi üzrə tərtib edilmiş ittiham aktının nəticəvi hissəsi işin faktiki hallarına uyğun deyildir. Məhkəməyədək icraat zamanı iş üzrə Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 223.3.2-ci maddəsinin tələbləri pozulmuş və Cinayət-Prosessual Məcəlləsinin 303.3.6-cı maddəsinə əsasən cinayət işi üzrə ittiham aktı həmin Məcəllənin 289-cu maddəsinin tələblərinə uyğun tərtib edilməmişdir. Məhkəmə hazırlıq iclasında təqsirləndirilən şəxs və onun müdafiəçisi dövlət ittihamçısının vəsatətinin təmin olunmasına etiraz etmədiklərini bildirmişlər. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələr keçirib, vəsatətdə qeyd olunan dəlilləri nəzərə alaraq hesab edir ki, ibtidai araşdırma zamanı Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 303.3.1, 303.3.6, 303.3.8-ci maddələrində nəzərdə tutulan kobud qanun pozuntularına yol verildiyi müəyyən edildiyindən cinayət işinin baxılmasına xitam verilməli və iş ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır. Cinayət işinin materialları öyrənilərkən iş üzrə Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 303.3.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulması, həmçinin Cinayət-Prosessual Məcəlləsinin 303.3.6-cı maddəsinə əsasən cinayət işi üzrə ittiham aktının həmin Məcəllənin 289-cu maddəsinin tələblərinə uyğun olmaması, eyni zamanda həmin Məcəllənin 303.3.8-ci maddəsinə əsasən məhkəməyədək icraat materialları ilə tanış etmə vəzifəsinə dair müvafiq olaraq həmin Məcəllənin 285-ci maddəsinin tələbləri kobud şəkildə pozulması müəyyən edilmişdir. Belə ki, təqsirləndirilən şəxsə elan edilmiş ittihamla bağlı cinayət işinin materiallarına əsasən (“cinayət işi başlamaq və icraata götürmək barədə qərar”dan, əməliyyat müvəkkilinin raportundan, “təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair qərar”dan, “şübhəli şəxsin tutulması barədə” qərar və protokoldan, “şəxsi axtarış və götürmə barədə protokol”dan və sair bütün digər sənədlərdən görünür) Təqsirləndirilən şəxs 08 yanvar 2025-ci il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılmış, həmin tarixdə onun üstünün yoxlanılması zamanı ittihamda göstərilmiş psixotrop və narkotik maddələr ondan aşkar edilmişdir. Lakin, “təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında” 15 aprel 2025ci il tarixli qərardan görünür ki, onun ittiham olunduğu cinayətkar hərəkətləri törətməsi, onun saxlanılması və üzərinə şəxsi axtarış keçirilməsi başqa tarixdə, yəni 09 yanvar 2025ci il tarixdə baş verdiyi göstərilmişdir (iş vərəqə: cild İ, səh. 132). Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 223.3.2-ci maddəsinə əsasən şəxsin təqsirləndirilən şəxs qismində cəlb edilməsi haqqında qərarın təsviriəsaslandırıcı hissəsində cinayətin törədildiyi yer, vaxt, törədilmə üsulu, nəticəsi, təqsirin forması, cinayətin motivi və tövsifedici əlamətlər göstərilməklə ittihamın mahiyyəti göstərilir. Yol verilmiş həmin pozuntu ibtidai istintaq yekunlaşdıqdan sonra ittiham aktı tərtib edilərkən də yenidən təkrar edilərək, ittiham aktının təsviri-əsaslandırıcı hissəsində və nəticəvi hissəsində cinayətin törədildiyi və bununla bağlı digər hərəkətlərin 09 yanvar 2025-ci il tarixdə baş verdiyi göstərilmiş, bununla da Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 289.3.1-ci maddəsinin “ittiham aktının təsviri-əsaslandırıcı hissəsində cinayətin törədilmə yeri, vaxtı, üsulları, motivləri, nəticələri və digər mühüm halların göstərilməsi” ilə bağlı, 289.4-cü maddəsinin “ittiham aktının nəticəvi hissəsində ittihamın təsvirinin əks etdirilməli olduğu” və 289.5-ci maddəsinin “ittiham aktı cinayət işi üzrə toplanmış materialları əks etdirməli olduğu” ilə bağlı tələbləri pozularaq ittihamın təsviri yanlış əks etdirildiyi və ittiham aktının cinayət işi üzrə toplanmış materialları əks etdirmədiyi təsdiq edilmişdir. Bundan başqa, Cinayət-Prosessual Məcəlləsinin həmin tələblərinin pozulması ilə bağlı yol verilmiş eyni xarakterli qüsurlara dair göstərilməlidir ki, cinayət işinin materiallarında təqsirləndirilən şəxsə hər dəfə ittiham elan edilərkən daha da qabarıq və kobud pozuntulara yol verilərək, onun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi (Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri külli miqdarda əldə etmə, saxlama...) ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsinə baxmayaraq, həm 10 yanvar 2025-ci il, həm də 15 aprel 2025ci il tarixli qərarların təsviri-əsaslandırıcı hissəsində həmin psixotrop və narkotik maddələri əvvəlcə satış məqsədi ilə, sonra isə satış məqsədi olmadan əldə edib saxlamaqla daşımaqda ittiham olunduğu göstərilmişdir (iş vərəqə: cild İ, səh. 58, 131). Göründüyü kimi, təqsirləndirilən şəxsə elan edilmiş ittiham qeyri-dəqiq olmaqla, Təqsirləndirilən şəxs qanunsuz olaraq psixotrop və narkotik maddələri əldə etməsinin eyni qərarda gah satış məqsədi ilə, gah da satış məqsədi olmadan göstərilmiş, həmçinin ona istinad olunan cinayəti törətdiyi tarix dəqiq göstərilməmişdir. Halbuki Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 91.5.1-ci maddəsinə əsasən nədə təqsirləndiyini bilmək (ittihamın məzmunu, verilmiş ittihamın faktiki tərəfi və hüquqi tövsifi) təqsirləndirilən şəxsin hüququdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 223.3.2-ci maddəsinə əsasən şəxsin təqsirləndirilən şəxs qismində cəlb edilməsi haqqında qərarın təsviriəsaslandırıcı hissəsində cinayətin törədildiyi yer, vaxt, törədilmə üsulu, nəticəsi, təqsirin forması, cinayətin motivi və tövsifedici əlamətlər göstərilməklə ittihamın mahiyyəti göstərilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 289.3.1-ci maddəsinə əsasən ittiham aktının təsviri-əsaslandırıcı hissəsində cinayətin törədilmə yeri, vaxtı, üsulları, motivləri, nəticələri və digər mühüm hallar göstərilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 289.4-cü maddəsinə əsasən ittiham aktının nəticəvi hissəsində təqsirləndirilən şəxs haqqında məlumatlar və cinayət qanununun maddəsi göstərilməklə verilmiş ittihamın təsviri əks etdirilir. Cinayət qanunun müvafiq maddəsi üzrə ittihamın nədən ibarət olmasının aydın olmaması və ya dəqiq müəyyən edilməməsi təqsirləndirilən şəxsin “nədə ittiham olunduğunu”, “nədən müdafiə olunmalı olduğunu” bilməməsinə və İnsan hüquqları üzrə Avropa Məhkəməsinin formalaşdırdığı presedent üzrə müdafiə hüququnun pozulmasına səbəb olur. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsi üzrə təmin edilən minimal müdafiə hüquqları sırasında şəxsin nədə ittiham olunduğunu bilməsi, cinayət qanununda nəzərdə tutulan cinayəti törətməsi barədə elan edilən ittihamın xarakteri və məzmununun ona aydın olmasını ehtiva edir. Konvensiyanın 6-cı maddəsinin 3-cü bəndinin “a” yarımbəndinə əsasən, “cinayət törətməkdə ittiham olunan hər kəs ən azı digər hüquqlarla yanaşı, ona qarşı irəli sürülmüş ittihamın xarakteri və əsasları haqqında onun başa düşdüyü dildə dərhal və ətraflı məlumatlandırılmaq hüququna malikdir”. İttihamın mahiyyətinin aydın olması və ümumilikdə “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsi ilə təminat verilən qeyd edilən hüquqlar bilavasitə mütləq hüquqlar olub, onların təmin edilməsi ittiham olunan şəxsin bu hüquqdan istifadə etmək istəyindən və məhkəmə baxışı nəticələrinin onu qane etməsindən asılı deyildir. Qeyd edilənlər konkret işin tələbi olmayıb, bütün cinayət işlərində nəzərə alınmalı olan və yanaşma tərzinin ümumi təcrübə yaratdığı prinsipial tələbdir (İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Ozerov Rusiyaya qarşı” iş üzrə 18 may 2010-cu il , “Pfayfer və Plankl Avstriyaya qarşı” iş üzrə 25 fevral 1992-ci il, “Bulut Avstriyaya qarşı” iş üzrə 22 fevral 1996-cı il, “Kolozza İtaliyaya qarşı” iş üzrə 12 fevral 1985-ci il tarixli qərarları). Konvensiyanın 6-cı maddəsinin 3(a) yarımbəndi təqsirləndirilən şəxsin "ittiham" barədə məlumatlandırılmasına xüsusi diqqətin yetirilməsinə ehtiyac olduğuna işarə edir. Cinayətin təfərrüatları cinayət prosesində əhəmiyyətli rol oynayır, belə ki, bu təfərrüatlar təqdim edildiyi andan şübhəli şəxsə ona qarşı irəli sürülən ittihamın faktiki və hüquqi əsasları barədə yazılı rəsmi bildiriş verilir (Kamasinski Avstriyaya qarşı, § 79; Pelissye və Sassi Fransaya qarşı [BP], §51). Konvensiyanın 6-cı maddəsinin 3(a) yarımbəndi təqsirləndirilən şəxsə yalnız ittihamın "əsasları", yəni törətməkdə şübhəli bilindiyi və ittihamın əsaslandığı hərəkətlər haqqında deyil, həm də ittihamın "xarakteri", yəni bu hərəkətlərin hüquqi xarakteristikası haqqında məlumat təmin edir (Mattoçia İtaliyaya qarşı, § 59; Penev Bolqarıstana qarşı, §§ 33 və 42, 7 yanvar 2010-cu il). Konvensiyanın 6-cı maddəsinin 3-cü bəndinin (a) yarımbəndi Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ilə zəmanət verilən daha ümumi ədalətli məhkəmə araşdırması hüququ nəzərə alınmaqla qiymətləndirilməlidir. Cinayət işlərində təqsirləndirilən şəxsə qarşı irəli sürülən ittihamlar barədə və müvafiq olaraq məhkəmənin məsələ ilə bağlı qəbul edə biləcəyi hüququ xarakteristika haqqında tam və ətraflı məlumatın verilməsi cinayət mühakimə icraatının ədalətli olmasının təmin edilməsi üçün başlıca ilkin şərtdir (Pelissye və Sassi Fransaya qarşı [BP], § 52; Seydoviç İtaliyaya qarşı [BP], § 90). Konvensiyanın 6-cı maddəsinin 3-cü bəndinin (a) və (b) yarımbəndləri arasında bağlılıq bundan ibarətdir ki, ittihamın xarakteri və səbəbi haqqında məlumatlandırılmaq hüququ təqsirləndirilən şəxsin müdafiəsini hazırlamaq hüququ kontekstində qiymətləndirilməlidir (Pelissye və Sassi Fransaya qarşı, § 54; Dallos Macarıstana qarşı, § 47). İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 8-ci maddəsinə əsasən hər bir şəxs konstitusiyanın və ya qanunun ona verdiyi hüquqların pozulması zamanı səlahiyyətli milli məhkəmələr tərəfindən hüquqlarının bərpa olunması hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra, Konstitusiya) 26-cı maddəsinin İ və İİ hissələrinə görə hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrləöz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Konstitusiyanın 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiyanın 71-ci maddəsinin İ və İİ hissələrinə əsasən bu Konstitusiyada təsbit olunmuş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiyanın 13-cü maddəsinə görə bu Konvensiyada təsbit olunmuş hüquq və azadlıqları pozulan hər kəs, hətta bu pozulma rəsmi fəaliyyət göstərən şəxslər tərəfindən törədildikdə belə, dövlət orqanları qarşısında səmərəli hüquqi müdafiə vasitələrinə malikdir. İstər daxili qanunvericilikdə, istərsə də beynəlxalq müqavilələrdə şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüquqlarının qorunması önəmli yer tutur. Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı insan hüquq və azadlıqlarının qorunması sahəsində məhkəmələrin fəaliyyəti haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 mart 2000-ci il tarixli 1 saylı Qərarının 13-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, məhkəmələr istintaq-məhkəmə araşdırmalarının hansı mərhələsində yol verilməsindən asılı olmayaraq müttəhimlərin müdafiə hüquqlarının hər hansı şəkildə pozulması hallarına münasibət bildirməli, onların müdafiə hüquqlarının bərpası üçün qanunla müəyyən edilən tədbirləri görməlidirlər. Bundan başqa, ittiham aktının nəticəvi hissəsində verilmiş ittihamın təsvirinin əks etdirilməli olmasına dair Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 289.4-cü maddəsinin tələblərinin pozulması ilə bağlı həmçinin qeyd edilməlidir ki, iş üzrə ittiham aktında təqsirləndirilən şəxsə istinad olunan cinayətin törədilməsi, təqsirləndirilən şəxsdən həmin psixotrop və narkotik maddələrin aşkar edilməsi, bununla bağlı görülmüş tədbirlər, cinayətin aşkar edilməsi və buna dair prosessual hərəkətlərin ardıcıllığı cinayət işinin materiallarına uyğun olmamış, istinad olunan cinayətin baş vermə və aşkar olunması mexanizmi ittiham aktında fərqli şəkildə əks etdirilmişdir. Belə ki, cinayət işinin materiallarına əsasən təqsirləndirilən şəxs əməliyyat-axtarış tədbirinin gedişində saxlanılmış, əməliyyat müvəkkili tərəfindən üstü yoxlanılmış və həmin vaxt ittihamda göstərilən maddələr ondan aşkar edilmiş, əməliyyat-axtarış tədbirinin fasiləsiz videoçəkilişi aparılmış, daha sonra aşkar olunmuş maddələrlə birlikdə təqsirləndirilən şəxs polis şöbəsinə gətirilmiş, orada həmin maddələrə təhqiqatçı tərəfindən baxış, həmçinin Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilmiş və iş materiallarına əsasən şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı onun üzərindən başqa saxlanılması qanunla qadağan olunmuş hər hansı əşya aşkar olunmamışdır. Cinayət işinin materiallarına əsasən ittiham üzrə əhəmiyyət kəsb edən hadisələrin baş vermə mexanizmi göstərilən şəkildə və ardıcıllıqla keçirilsə də, ittiham aktının nəticəvi hissəsində hadisə Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış və götürmə zamanı əynində olan göy rəngli gödəkcənin sol yan cibindən 02 ədəd qızılı rəngli kağız bükümdə, külli miqdarda olmaqla 2,646 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və xeyli miqdarda olmaqla 0,200 qram çəkidə narkotik vasitə heroin aşkar edilərək götürüldüyü kimi təsvir olunmuşdur. Halbuki, iş materiallarına əsasən təqsirləndirilən şəxsin üzərindən həmin maddələr əməliyyat tədbiri zamanı əməliyyat müvəkkili tərəfindən üstünün yoxlanılması zamanı aşkar edilmiş, şəxsi axtarış zamanı aşkar edilməmişdir. Göstərilənlərdən başqa, qeyd edilməlidir ki, Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 285.1-ci maddəsinə əsasən müstəntiq cinayət işinin materialları ilə tanış olmaq üçün onu vərəqləri nömrələnmiş və hər bir cilddə sənədlərin siyahısı olmaq şərti ilə bir və ya bir neçə tikilmiş cilddə təqdim edir. İşdə saxlanılan maddi sübutlar və istintaq hərəkətlərinin protokollarına əlavələr də təqdim edilməlidir. Tanış etmə istintaq hərəkəti zamanı təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi cinayət işinin materiallarında informasiya daşıyıcı olan disklərin təqdim edildiyi və həmin disklərin nümayiş etdirilməsi barədə hər hansı bir qeyd yoxdur. Halbuki Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 285.2-ci maddəsində göstərilmişdir ki, cinayət prosesinin iştirakçılarını cinayət işinin materialları ilə tanış edərkən müstəntiq onların xahişi ilə müvafiq texniki vasitələrdən istifadə etməklə protokollara əlavə edilən yazılar, fotoşəkillər, çəkiliş lentləri və başqa məlumat daşıyıcılarını nümayiş etdirir. Qeyd edilən maddədən görünür ki, müstəntiq təqsirləndirlən şəxsin və onun müdafiəçisinin xahişi ilə çəkiliş lentlərini nümayiş etdirməlidir. Bununla belə “təqsirləndirilən şəxsi və onun müdafiəçisini cinayət işinin materialları ilə tanış etmə haqqında” 18 aprel 2025-ci il tarixli protokolda Təqsirləndirilən şəxs və onun müdafiəçisinin qeyd edilən informasiya daşıyıcı olan disklərlə tanış olmaqdan imtina etmələri barədə hər hansı bir qeyd yoxdur. Göründüyü kimi, cinayət işi üzrə ibtidai istintaqı aparan müstəntiq məhkəməyədək icraat materialları ilə tanış etmə vəzifəsinə dair müvafiq olaraq bu Məcəllənin 284-286-ci maddələrinin tələblərini pozmaqla cinayət işinin materiallarında olan bütün informasiya daşıyıcı olan diskləri tanış olmaları üçün təqdim etməmiş və diskləri nümayiş etdirməmişdir. İnsan hüquqları üzrə Avropa Məhkəməsinin formalaşdırdığı presedent mövqeyə görə, cinayət törətməkdə ittiham olunan hər kəsin yararlanmalı olduğu "imkana" onun müdafiəsini hazırlamaq məqsədilə aparılmış istintaqın nəticələri ilə tanış olmaq daxil olmalıdır (Hüseyn və başqaları Azərbaycana qarşı, § 175; OAO X1rşı, § 538). Təqsirləndirilən şəxsə öz müdafiəsini həyata keçirməyə icazə verilirsə, onun iş materiallarına çıxışının rədd edilməsi müdafiə hüquqlarının pozulmasına bərabərdir (Fuçer Fransaya qarşı, §§ 3336). Müdafiə işinin asanlaşdırılması məqsədilə təqsirləndirilən şəxsin iş materiallarından müvafiq sənədlərin surətlərini əldə etməsinə və aparılmış qeydlərdən istifadə etməsinə mane olunmamalıdır (Rasmussen Polşaya qarşı, §§ 48-49; Moiseev Rusiyaya qarşı, §§ 213-218; Matişek Polşaya qarşı, § 59; Seleznev Rusiyaya qarşı, §§ 64-69). İş materiallarına çatımlılıq hüququ mütləq səciyyəli deyil. Bəzi hallarda başqa şəxsin fundamental hüquqlarının qorunması və ya milli təhlükəsizlik, yaxud şahidlərin qorunması və ya polisin cinayət istintaqı metodlarına təminat kimi vacib ictimai marağın mühafizəsi məqsədilə müəyyən sübutun müdafiə tərəfinə verilməməsi zəruri ola bilər. Lakin 6-cı Maddənin 1-ci bəndinə əsasən yalnız son dərəcə zəruri hallarda müdafiə tərəfinin hüquqlarını məhdudlaşdıran belə tədbirlərə icazə verilir. Məhkəmə çəkişməli məhkəmə icraatı və tərəflərin bərabərliyi tələblərinin mümkün dərəcədə ödəndiyini və təqsirləndirilən şəxsin maraqlarının qorunması üçün adekvat təminatların verildiyini yəqin etmək məqsədilə belə qərarın qəbulu prosedurunu diqqətlə yoxlayır (Natunen Finlandiyaya qarşı, §§ 40-41; X3rşı, §§ 42-43; Miraşvili Rusiyaya qarşı, §§ 203-209). Bundan başqa, ittiham aktının tərtibi zamanı cinayət işi üzrə toplanmış materiallara və cinayət işinin vərəqlərinə istinadlar səhv əks etdirilmişdir. Belə ki, cinayət işinin 1-ci cildində 1-ci və 2-ci vərəqlərin arasına digər vərəq əlavə edilərək həmin vərəq “1A” kimi göstərilmiş, bundan başqa 22, 23, 26-32, 33-36-cı vərəqlər ümumiyyətlə yoxdur, 131-ci vərəqlə 132-ci vərəqlərin arasına digər vərəq əlavə edilərək hər iki vərəq 131-ci vərəq kimi göstərilmişdir. Göstərilən vərəqlərin ardıcıl nömrələnməsi ilə bağlı kobud pozuntular nəticə etibarı ilə ittiham aktının tərtibi zamanı cinayət işi üzrə toplanmış materiallara və cinayət işinin vərəqlərinə istinadları səhv əks etdirilmişdir. Halbuki Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 52.2-ci maddəsinə əsasən hər bir sənəd müvafiq olaraq cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraatın və ya xüsusi ittiham qaydasında şikayət üzrə icraatın materialına əlavə olunan kimi dərhal vərəqlər üzrə nömrələnməlidir. Cinayət prosesini həyata keçirən orqan həmin vərəqlərin ardıcıl nömrələnməsini və xronoloji qaydada müvafiq olaraq cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraatın və ya xüsusi ittiham qaydasında şikayət üzrə icraatın materiallarına tikilməsini təmin etməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 285.1-ci maddəsinə əsasən müstəntiq cinayət işinin materialları ilə tanış olmaq üçün onu vərəqləri nömrələnmiş və hər bir cilddə sənədlərin siyahısı olmaq şərti ilə bir və ya bir neçə tikilmiş cilddə təqdim edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 289.5-ci maddəsinə əsasən ittiham aktı cinayət işi üzrə toplanmış materialları və cinayət işinin vərəqlərinə istinadı əks etdirməlidir. Bundan başqa, ittiham aktının girişində, nəticəvi hissəsində anket məlumatlar olan bölmədə və ittiham aktına əlavə edilmiş arayışda Təqsirləndirilən şəxs adı “Mirsadiq” kimi göstərilmişdir. Halbuki iş materiallarında olan “şəxsiyyəti təsdqi edən sənəd”dən (iş vərəqə: cild İ, səh.56) görünür ki, təqsirləndirilən şəxsin adı “Mirsadıq”dır. Beləliklə də, hazırki iş materiallarından görünür ki, ittiham aktı müvafiq olaraq Cinayət-Prosessual Məcəlləsinin 289-cu maddəsini tələbinə uyğun tərtib edilməmiş, təqsirləndirilən şəxsin müdafiə hüququ kobud şəkildə pozulmuş, o cümlədən məhkəməyədək icraat materialları ilə tanış etmə vəzifəsinə dair müvafiq olaraq həmin Məcəllənin 285-ci maddəsinin tələbləri kobud şəkildə pozulmuşdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 303.3-cü maddəsinə əsasən cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar aşağıdakı kobud pozuntulara yol verildikdə çıxarılır: 303.3.1. təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulması (bu pozuntunun mümkün dərəcədə aradan qaldırılması üçün); 303.3.6. cinayət işi üzrə ittiham aktının və ya məhkəməyədək sadələşdirilmiş icraatın nəticələrinə dair yekun protokolunun müvafiq olaraq bu Məcəllənin 289 və 290.3.2-ci maddələrinin və ya 296.2-ci maddəsinin tələblərinə uyğun olmaması; 303.3.8. məhkəməyədək icraat materialları ilə tanış etmə vəzifəsinə dair müvafiq olaraq bu Məcəllənin 284-286, 288-ci və ya 296.3.1-ci maddələrinin tələblərinin pozulması. Məhkəmə hazırlıq iclası zamanı dövlət ittihamçısı Cövdət Mehrəliyev həmçinin vəsatət verərək, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin müddətinin 01 (bir) ay müddətə uzadılmasını xahiş etmişdir. Azərbaycan Respublikası CPM-nin 300.2-ci maddəsinə əsasən, cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar çıxarmaqla yanaşı məhkəmə təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçildiyi halda onun növünün əsaslılığı və ya əsassızlığı barədə məsələyə baxmalı, həmçinin qətimkan tədbiri məsələsinə dair qərar çıxarmalıdır. Azərbaycan Respublikası CPM-nin 306.1-ci maddəsinə əsasən, məhkəmənin hazırlıq iclasının nəticələrinə dair məhkəmə bu Məcəllənin 300.1.1, 300.1.5 və 300.1.6-cı maddələrində nəzərdə tutulmuş qərarlar çıxarmaqla yanaşı, həmçinin aşağıdakılara dair qərar çıxarır: 306.1.1. təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin tətbiq edilməsinin və ya edilməməsinin əsaslılığı; 306.1.2. qətimkan tədbirinin seçildiyi halda onun növünün əsaslılığı; 306.1.3. təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirinin qüvvəsinin saxlanılması, dəyişdirilməsi və ya ləğv edilməsi. Azərbaycan Respublikası CPM-nin 306.2-ci maddəsinə əsasən, cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması haqqında qərarı elan etdikdən sonra məhkəmə bu Məcəllənin müddəaları ilə nəzərdə tutulmuş qaydada eyni zamanda aşağıdakı hallar mövcud olduqda təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinin uzadılması barədə məsələyə baxmalıdır: 306.2.1. ibtidai araşdırma zamanı təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması haqqında qərarın çıxarıldığı andan 7 (yeddi) gün müddətində qurtardıqda; 306.2.2. cinayət işi üzrə dövlət ittihamçısı təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinin uzadılması barədə vəsatətlə məhkəməyə müraciət etdikdə. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbirinin müddəti 1 (bir) ay müddətə uzadılmalıdır. Odur ki, yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 299-301, 303 və 306-cı maddələrini rəhbər tutub, məhkəmə qəraraaldı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəməyədək icraat zamanı qərarın təsviri hissəsində göstərilən kobud qanun pozuntularına yol verildiyindən, bu pozuntuların aradan qaldırılması üçün cinayət işinin baxılmasına xitam verilsin və cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbirinin müddəti, əvvəli 20 may 2025-ci il tarixdən hesablanmaqla 1 (bir) ay müddətinə uzadılsın. Hakimlər: Roman Ələkbərli (sədrlik edən) Elnur Nuriyev Azər Tağıyev
Məhkəmə qərarları › İş №1(101)-1254/2025
Bakı Ağır Cinayətlər Məhkəməsi Qərar — İş №1(101)-1254/2025
20.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver