Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1256/2023 27.09.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Eldar Herov oğlunun sədrliyi ilə, hakimlər Hüseynov Cavid İbadulla oğlu və Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə, məhkəmə iclası katibi X2, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, müdafiəçi – Bakı şəhəri, 33 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxx 1969-cu ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, məhkumluğu olmayan, ünvan 1 ünvanında pasport qeydiyyatında olmaqla həmin ünvanda yaşamış, 25 noyabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri, Yasamal rayon Məhkəməsinin 27 noyabr 2022-ci il tarixli qərarına əsasən barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 24 noyabr 2022-ci il tarixdə saat 18 radələrində Bakı şəhəri, Nəsimi rayonu, “Kubinka” adlanan ərazidən şəxsiyyəti məlum olmayan şəxsdən satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda - bir ədəd ağ rəngli kağız kəsiyinə bükülmüş bükümdə təmiz çəkisi 2,661 qram qəhvəyi rəngli tozşəkilii maddə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini əldə edib üzərində saxlayaraq daşımış, 25 noyabr 2022-ci il tarixdə saat 14:30-da ünvan 2 ünvanının yaxınlığında olarkən Yasamal rayon Polis idarəsi X1 əməkdaşları tərəfindən saxlanılaraq Yasamal RPl-nin inzibati binasına gətirilmiş və polis idarəsinin inzibati binasında şübhəli şəxs qismində tutulduqdan sonra üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynində olan göy rəngli idman şalvarının sağ yan cibindən bir ədəd ağ rəngli kağız kəsiyinə bükülmüş vəziyyətdə təmiz çəkisi 2,661 qram olan qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında dindirilmiş Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü təqsirli bilmədi və ifadəsində göstərdi ki, hadisə günü polis əməkdaşları onu saxlayıb Yasamal rayon Polis idarəsinə aparmışlar. Orada onun üstündən heç bir şey aşkar olunmamışdır. Polis işçiləri ondan narkotik qəbul edib-etmədiyini soruşmuş, o da, qəbul etdiyini bildirmişdir. Bundan sonra polislər onun üzərinə 0,78 qram narkotik qoymuş və tutulmalı olduğunu bildirmişlər. O, üzərində heç nə olmadığı halda nəyə görə tutulduğunu soruşduqda, ona «başlarını ağrıtmamasını», içəri getməli olduğunu bildirmişlir. Verilən sualları cavablandıran Təqsirləndirilən şəxs bildirdi ki, istintaqda müstəntiqə ifadə vermiş və məhkəmədə necə danışmışdırsa, o cür ifadə vermişdir. Özü çoxdandır ki, narkotik vasitələr qəbul edir. Əvvəllər 7 dəfə narkotik vasitələrin qəbuluna görə həbs olunmuşdur. Hər dəfə məhkum olunanda iki il yarım cəza almışdır. Sonuncu dəfə tutularkən narkotik ona məxsus olmadığına görə razılaşmamışdır. Tutulduğu zaman yanında vəkili də olmuşdur. O, istifadə etmək üçün narkotikləri haradan oldusa tapmış və istifadə etmişdir, lakin heç vaxt narkotik satmamışdır. Sonuncu dəfə polis işçiləri onu noyabrın 25-i yaxud 26-da günorta vaxtı saxlamışlar. O, müstəntiqə də narkotik vasitənin özünə məxsus olmadığını demiş, lakin müstəntiq buna məhəl qoymamış və bunları gedib məhkəmədə deməyi məsləhət görmüşdür. Onun gözləri yaxşı görmədiyinə görə müstəntiqin yazdıqlarını oxumamış, lakin imzalamışdır. Məhkəməyə sanksiyaya aparılanda da orada hakimə narkotik vasitənin ona məxsus olmadığını bildirmişdir. Polis işçiləri tərəfindən tutulanda və sonradan polis idarəsində olarkən heç kəs ona qarşı fiziki və ya psixi təsir göstərməmiş, döyülməmiş və işgəncəyə məruz qalmamışdır. İfadələri arasında ziddiyyətlər olduğuna görə məhkəmə iclasında təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq tədqiq olundu. Həmin ifadəsində CM-nin 234.1-1-ci maddəsi ilə özünü təqsirli bilən Təqsirləndirilən şəxs göstərmişdir ki, uzun illərdir narkotik vasitə vasitədən istifadə edir. Narkotik vasitəni şprisə çəkib damarına vurmaq yolu ilə istifadə etmişdir. Adətən qəbul etdiyi narkotik vasitəni «Kubinka» küçəsində tanımadığı şəxslərdən pulla almışdır. Sonuncu dəfə tutulduğu gündən bir gün əvvəl, yəni 24 noyabr 2022-ci il tarixdə saat 18 radələrində «Kubinka» adlanan ərazidə tanımadığı şəxsdən öz istifadəsi üçün 1 ədəd kağız kəsiyinə bükülmüş vəziyyətdə narkotik vasitə olan «kakosu» 15 manata alaraq özündə saxlamışdır. Həmin bükümü qeyd etdiyi maddə ilə birlikdə əynində olan göy rəngli idman şalvarının sağ yan cibində saxlamışdır ki, sonra şərait yarandıqda həmin maddədən istifadə etsin. 25 noyabr 2022-ci il tarixdə saat 14:30da ünvan 4 ünvanının qarşısında dayanan vaxt ona iki nəfər mülki geyimdə şəxs yaxınlaşıb özlərini Yasamal RPİ-nin X1 əməkdaşı kimi təqdim etmişlər. Həmin şəxslər ona narkotik vasitələrin istifadəsində və dövriyyəsində şübhəli olduğunu bildirib Yasamal RPİ-yə dəvət etmişlər. Təhqiqatçı tərəfindən ona hüquqları izah edilmiş, həmçinin üzərində şəxsi axtarış və götürmə aparılacağı bildirilmişdir. Sonra dəvət edilmiş müdafiəçinin iştirakı ilə videoçəkiliş aparılmaqla onun üzərində şəxsi axtarış keçirilmişdir. Bu zaman o, əynindəki göy rəngli idman şalvarının sağ yan cibində olan kağız kəsiyinə bükülmüş bükülünü çıxarıb təqdim etmiş, həmin bükülünün içərisindəki maddənin narkotik vasitə olan heroin olduğunu bildirmişdir. Həmin bükülünün içərisi açıldıqda orada qəhvəyi rəngli, toz şəkilli maddənin olması müəyyən edilmişdir. Sorğu zamanı həmin maddənin narkotik vasitə olan «kakos», yəni heroin olduğunu, saxlanıldığı gündən bir gün əvvəl «Kubinka» adlanan ərazidə şəxsi istifadəsi üçün tanımadığı şəxsdən 15 manata aldığını və üzərində saxladığını demişdir. Sonra üzərində şəxsi axtarış aparılmış, lakin iş üzrə əhəmiyyət kəsb edən heç bir əşya və ya maddə aşkar edilməmişdir. Üzərindən götürülmüş maddə təhqiqatçı tərəfindən boş zərfə qoyularaq zərfin üzəri möhürlənmiş və bütün iştirakçılar tərəfindən zərfin üzəri və sonradan tərtib edilmiş protokol imzalanmışdır. Üzərindən aşkar edilmiş bükümdəki maddə məhkəmə kimyəvi ekspert tədqiqatından keçirilmiş və ekspert rəyinə əsasən müəyyən edilmişdir ki, həmin bükümdəki təmiz çəkisi 2,661 qram olan qəhvəyi rəngli toz şəkilli maddə heroindir. Təqsirləndirilən şəxs istintaqa verdiyi ifadəsində göstərmişdir ki, qeyd edilən narkotik vasitə olan heroini bədənində ağrıları olduğuna görə öz şəxsi istifadəsi üçün almışdır. Həmçinin həmin maddəni istifadə etmək üçün üzərində saxlamış, lakin tutulduğu üçün həmin maddədən istifadə edə bilməmişdir. Qeyd edilən maddəni digər şəxsə satmaq və ya pay vermək kimi məqsədi olmamışdır. Narkotik vasitəni ona satan şəxsi tanımır. Həmin şəxsin hər hansı bir anket məlumatı ona məlum deyildir. Saxlanılarkən və şəxsi axtarış zamanı polis əməkdaşları tərəfindən ona qarşı heç bir fiziki təsir və təzyiq göstərilməmişdir. İstifadəsində mobil telefon olmaması səbəbindən heç bir mobil nömrədən istifadə etməmişdir (cild 1, iş vərəqi 48-50, 61-64). Elan olunmuş ifadə ilə bağlı sualları cavablandıran Təqsirləndirilən şəxs protokoldakı imzaların və sonda yazılmış qeydin ona məxsus olduğunu, lakin həmin ifadəni təsdiq etmədiyini, özünü narkotik vasitəni qəbul edən şəxs kimi təqsirli bildiyini, gözü görmədiyi üçün sənədləri oxumadan imzaladığını, dindirmədə iştirak edən vəkilə gözünün görməməsini və ifadəsini onun üçün oxumasını demədiyini, tutulduğu zaman videoçəkiliş aparıldığını və həmin vaxt da narkotikin çəkisinin təxminən 0,78 qram olduğunu, sanksiya seçilərkən hakimə özünü təqsirli bilməsini demədiyini, əksinə onun üzərinə qoyulmuş narkotikin ona məxsus olmadığını dediyini bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri, Yasamal RPİ, X1 əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərdi ki, 25 noyabr 2022-ci il tarixdə işlədiyi bölməyə Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumat əsasında əməliyyat-axtarış tədbirləri keçirilməsi üçün Şahid2 və onun iştirakı ilə əməliyyat qrupu yaradılmışdır. Onlar 25 noyabr 2022-ci il tarixdə saat 14:30-da Yasamal rayonu, Ə.Ələkbərov küçəsi, 67 ünvanının qarşısında zahiri əlamətləri əvvəlcədən məlum olan Təqsirləndirilən şəxs müəyyən etmiş və həmin şəxsə yaxınlaşaraq onu saxlamışlar. Ona narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olması bildirilmiş və Yasamal RPİ-yə gətirmişlər. İdarədə təhqiqatçı tərəfindən şəxsə hüquq və vəzifələri izah edilmiş, müdafiəçi təyin olunmuşdur. Sonra onun üzərində videoçəkilişlə şəxsi axtarış aparılmışdır. Ona üzərində olan qanunsuz əşyaları təqdim etməsi təklif olunduqda, Təqsirləndirilən şəxs əynində olan idman şalvarının sağ yan cibindən 1 ədəd bükümü təqdim etmiş və içərisində narkotik vasitə olduğunu bildirmişdir. Sonra onun üzərində axtarış aparılsa da, başqa heç bir qanunsuz əşya aşkar edilməmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 1 ədəd bükümə baxış keçirilmiş, içərisində qəhvəyi rəngli toz şəkilli narkotik vasitə hesab edilən heroinə bənzər maddə olması müəyyən edilmişdir. Həmin maddə boş zərfə qoyulmuş və iştirakçılar tərəfindən imzalanmışdır. Sorğu zamanı Təqsirləndirilən şəxs narkotik vasitə istifadəçisi olduğunu, həmin maddənin özünə məxsus olduğunu, «Kubinka» adlanan ərazidən üzdən tanıdığı şəxsdən aldığını bildirmişdir. Sonra protokol yazılmış, doğru yazıldığı üçün hər biri tərəfindən imzalanmışdır. Narkotik vasitənin ona guya polis əməkdaşları tərəfindən verilməsi barədə Təqsirləndirilən şəxs məhkəmədə dedikləri şər və böhtandır, hesab edir ki, İlqar məsuliyyətdən yaxa qurtarmaq üçün bu cür ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri, Yasamal RPİ, X1 əməliyyat müvəkkili Şahid2 şübhəli şəxs Təqsirləndirilən şəxs müəyyən edilərək saxlanılması, üzərinə şəxsi axtarış keçirilərkən narkotik vasitə heroinin aşkar edilməsi zamanı əməliyyat qrupunun üzvü kimi iştirak etdiyini bildirərək, həmkarı Şahid1 məhkəmədəki ifadəsi ilə oxşar məzmunlu ifadə verdi. Məhkəmə kollegiyası iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, iş materiallarında olan 25 noyabr 2022-ci il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokola əsasən, həmin tarixdə saat 14:30-da Təqsirləndirilən şəxs Yasamal RPİ, X1 əməkdaşları tərəfindən ünvan 2 ünvanının yaxınlığında saxlanılaraq Yasamal RPİ-nin inzibati binasına aparılmış, Təqsirləndirilən şəxs əynində olan göy rəngli idman sağ yan cibindən 1 ədəd ağ rəngli kağız kəsiyinə bükülmüş bükümü polis əməkdaşlarına təqdim etmiş, həmin ağ rəngli kağız kəsiyinə bükülmüş bükümün içərisində narkotik vasitə hesab edilən heroinə oxşar maddə aşkar edilərək götürülmüş, bu zaman Təqsirləndirilən şəxs həmin bükümün içərisində olan maddənin heroin olduğunu bildirmişdir (cild 1, iş vərəqi 31-32). Cinayət işində olan baxış protokolundan görünür ki, 25 noyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılması zamanı çəkilmiş videogörüntülərin qeydə alındığı 1 ədəd diskə baxış keçirilmişdir. Baxışla şəxsi axtarış və götürmə aparılması haqqında 25 noyabr 2022-ci il tarixli protokolda qeyd olunanlarla videogörüntülərin uyğun gəldiyi müəyyən edilmişdir (cild 1, iş vərəqi 108). Məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2022-ci il tarixli 6/6758 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Arayışlar üçün № 42 dairəvi möhür əksi, “ş/ş (imza) Təqsirləndirilən şəxs K...” sözləri və imzalar olan bir ədəd zərfin içərisində bir ədəd bükümdə təmiz çəkisi 2,661 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir (cild 1, iş vərəqi 38-42). Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli 469 №-li rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (Narkomaniya xəstəliyi) aşkar olunmuşdur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cild 1, iş vərəqi 124-125). Məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2023-cü il tarixli 280 N-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi (ruhi) xəstəlik aşkar olunmur, Təqsirləndirilən şəxs xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Onun əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hazırkı psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur (cild 1, iş vərəqi 126-127). İbtidai istintaq orqanının 10 aprel 2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış zamanı aşkar edilərək götürülmüş ümumi təmiz çəkisi 2,661 qram olan narkotik vasitə heroin iş üzrə maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatından sonra qalıq qalan 2,611 qram narkotik vasitə heroin məhkəmənin müvafiq qərarınadək saxlanılması üçün Yasamal RPİ-nin maddi sübutları saxlama otağına təhvil verilmişdir. Həmçinin Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılmasına dair videogörüntünü əks etdirən 1 ədəd DVD disk sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə olunmuşdur (cild 1, iş vərəqi 214-226). Azərbaycan Respublikası DİN Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs 1994-cü ildən başlayaraq müxtəlif vaxtlarda qanunsuz olaraq narkotik vasitələri əldə etmə, saxlama və daşıma cinayətlərini törətdiyinə görə 7 dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Sonuncu dəfə o, Bakı şəhəri, Yasamal rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, 2 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və Xəzər rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarına əsasən vaxtından əvvəl şərti azad olunmuş, xx.xx.2020-ci il tarixdə cəza müddəti başa çatdığından qeydiyyatdan çıxarılmışdır (cild 1, iş vərəqi 104-107). Məhkəmə iclasında Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək Yasamal rayon Polis idarəsinə aparılarkən onun üstündən heç bir şey aşkar olunmadığını, polislərin onun üzərinə 0,78 qram narkotik qoyduqlarını və əvvəllər narkotiklərdən istifadə etdiyinə görə tutulmalı olduğunu bildirdiklərini, müstəntiqə də məhkəmədə danışdığı kimi ifadə verdiyini, lakin gözləri yaxşı görmədiyinə görə yazılanları oxumayıb imzaladığını, məhkəməyə sanksiyaya aparılanda da hakimə narkotik vasitənin ona məxsus olmamasını dediyini bildirərək, öz müdafiəsi üçün dəlillər gətirdi. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» 24 dekabr 2021-ci il tarixli Qərarının 33-cü bəndində məhkəmələrə tövsiyyə edilir ki, hökmün təsviriəsaslandırıcı hissəsində təqsirləndirilən şəxsin ona verilən ittihama münasibəti öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Məhkəmə kollegiyası müdafiə tərəfinin gətirdiyi həmin dəlillərlə bağlı qeyd etməyi lazım bilir ki, iş materiallarına görə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulub videoçəkiliş aparılmaqla şəxsi axtarışı zamanı özü heç bir kənar təsir olmadan ittihamda qeyd olunmuş narkotik vasitəni təqdim etmiş, həmin maddi sübut prosessual qaydada qablaşdırılaraq götürülmüşdür. İlkin izahatında, həmçinin şübhəli şəxs və təqsirləndirilən şəxs qismində verdiyi bütün ifadələrində Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitənin özünə məxsus olduğunu, narkotik vasitəni tutulmamışdan bir gün qabaq “Kubinka” deyilən yerdə üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən 15 manata öz şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Həmçinin cinayət işinə əlavə edilmiş Bakı şəhəri, Yasamal rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, barəsində həbs qətimkan tədbiri seçilməsi ilə bağlı keçirilən məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı CM-nin 234.1-1-ci maddəsi elan edilmiş ittiham üzrə özünü təqsirli bilmişdir. Məhkəmədə şahid qismində ifadə verən polis əməkdaşları Şahid1 və Şahid2 da Təqsirləndirilən şəxs narkotiki ona guya polis əməkdaşlarının verməsi barədə dediklərinin şər və böhtan olduğunu bildirdilər. Qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası təqsirləndirilən şəxsin məhkəmədə ziddiyyətli ifadələr verməsini məsuliyyətdən yayınmaq üçün onun tərəfindən seçilmiş müdafiə taktikası kimi qiymətləndirir və Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi etirafedici ifadələrini obyektiv həqiqəti əks etdirən sübut kimi qəbul edir. Şərh olunanlara və Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl düzgün tövsif edilmişdir, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayətdir, təsnifatına görə ağır cinayətlər kateqoriyasına aiddir. Belə ki, Cinayət Məcəlləsinin 15.4-cü maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur. Həmin Məcəllənin 25.2-ci maddəsinə əsasən şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, bu halda cinayət birbaşa qəsdlə törədilmiş hesab olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmədə Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə kollegiyası, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və təkzibedilməz sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini qəsdən törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmədə təqsirləndirilən şəxsə münasibətdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59 və 61-ci maddələrində nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmədə müəyyən edildi ki, Təqsirləndirilən şəxs sonuncu dəfə Bakı şəhəri, Yasamal rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, 2 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və Xəzər rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarına əsasən vaxtından əvvəl şərti azad olunmuş, xx.xx.2020-ci il tarixdə cəza müddəti başa çatdığından qeydiyyatdan çıxarılmışdır. Azərbaycan Respublikası CPM-nin 83.3.3-cü maddəsinə əsasən, az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Göründüyü kimi, Təqsirləndirilən şəxs sonuncu cinayət əməlinə görə məhkumluğu ödənildiyindən o, hazırda məhkumluğu olmayan şəxs hesab edilməlidir. Bununla belə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əvvəllər 7 dəfə narkotik vasitələrin qanunsuz olaraq əldə edilməsi, saxlanılması və daşınması cinayətlərinin törədilməsinə görə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, lakin təyin olunmuş cəzaların onun islah olunması üçün yetərli olmaması iş üzrə onu səciyyələndirən hal kimi nəzərə alınmalıdır. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzası ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələbinə görə, qəsdən törədilmiş ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq cəzanın başlanğıcı 25 noyabr 2022-ci il tarixdən hesablanmalıdır. Belə ki, iş materiallarına əsasən təqsirləndirilən şəxs həmin tarixdə Bakı şəhəri, Yasamal rayon Polis idarəsi X1 əməkdaşları tərəfindən şübhəli şəxs qismində tutulmuş və hal-hazıra qədər həbsdə saxlanılır. Həmçinin Təqsirləndirilən şəxs 25 noyabr 2022-ci il tarixdən başlayaraq həbsdə saxlanıldığı bütün müddət ona təyin olunacaq cəza müddətinə daxil edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsində görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Eyni zamanda, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə kollegiyası məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli 469 saylı rəyini əsas tutaraq hesab edir ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunduğundan, narkomaniyadan məcburi müalicəyə ehtiyacı olduğundan və müalicəyə əks göstərişi olmadığından, ona narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilməli və ərazi narkoloji dispanserində qeydiyyata götürülməlidir. Azərbaycan Respublikası CPM-nin 132.1.4 və 132.1.6-cı maddələrinin tələblərinə əsasən, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməli, həmçinin maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Qeyd olunan müddəalara əsasən məhkəmə kollegiyası hesab edir ki, Bakı şəhəri, Yasamal RPİ-nin maddi sübutları saxlama otağına təhvil verilməklə Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq qalan kustar üsulla hazırlanmış bir ədəd bükümdə 2,611 qram çəkidə narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Təqsirləndirilən şəxs şəxsi axtarışı zamanı çəkilmiş videogörüntülərin qeydə alındığı bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə keçirilmiş ekspertiza tədqiqatı 55 (əlli beş) manat dəyərində qiymətləndirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü maddəsində ekspertə ödənilməli haqqlar məhkəmə məsrəflərinin bir növü kimi nəzərdə tutulmuşdur və həmin Məcəllənin 198.1-ci maddəsinə əsasən, həmin məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. Bu səbəbdən, məhkəmə məsrəfləri hesab edilən 55 (əlli beş) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə köçürülməlidir. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 222 №-li qərarına əsasən hər iş saatı üçün 6 manat hesabı ilə müdafiə xərcləri hesablanmalıdır. Cinayət işində olan orderlərdən və hesabatlardan görünür ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs hüquqlarını dövlət büdcəsinin vəsaiti hesabına vəkil X5, məhkəmə baxışı zamanı isə vəkil Müdafiəçi müdafiə etmişdir. Bununla bağlı vəkil Yavər Hüseyn 35 saat, vəkil Müdafiəçi isə 40 saat vaxt sərf etmişdir. Odur ki, vəkil Yavər Hüseynə ödəniləcək 210 (iki yüz on) manat məbləğində pul vəsaiti Bakı şəhəri, 22 saylı Vəkil Bürosunun hesabına, vəkil Müdafiəçi ödənilməli olan 240 (iki yüz qırx) manat məbləğində pul vəsaiti Bakı şəhəri, 33 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia verilməməsi, əmlak üzərinə həbs qoyulmaması və xüsusi müsadirə üçün təklif edilən əmlakın olmaması nəzərə alınmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344- 347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib, 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs təyin olunmuş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 25 noyabr 2022-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. İş üzrə maddi sübutların taleyi aşağıdakı qaydada həll olunsun: - Bakı şəhəri, Yasamal RPl-nin maddi sübutları saxlama otağına təhvil verilməklə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış zamanı aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq qalan 2,611 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin; - Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılmasına dair videogörüntülərin qeydə alındığı 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfləri hesab edilən: - 55 (əlli beş) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə köçürülsün; - ibtidai istintaq zamanı dövlət büdcəsinin vəsaiti hesabına Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etmiş vəkil X3 ödənilməli olan 210 (iki yüz on) manat məbləğində pul vəsaiti Bakı şəhəri, 22 saylı Vəkil Bürosunun hesabına köçürülsün; - məhkəmə baxışı zamanı dövlət büdcəsinin vəsaiti hesabına təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etmiş vəkil Müdafiəçinf ödənilməli olan 240 (iki yüz qırx) manat pul vəsaiti Bakı şəhəri, 33 saylı Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə mülki iddia verilməməsi, əmlak üzərinə həbs qoyulmaması və xüsusi müsadirə üçün təklif edilən əmlakın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu vaxtdan, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən hakim Eldar İsmayılov Hakimlər Cavid Hüseynov Səbuhi Hüseynov
Məhkəmə qərarları › İş №1(101)-1256/2023
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1256/2023
27.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver