Məhkəmə qərarları › İş №1(101)-1259/2022

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1259/2022

09.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1259/2022 09.09.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ saat 10:55-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Paşayev Azər İslah oğlu, (sədrlik edən), Quliyev Əhməd Qəhrəman oğlu və Sadıxov Rasim Əkrəm oğlundan ibarət tərkibdə, məhkəmənin iclas katibi X3, dövlət ittihamçıları Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarənin prokurorarı Dövlət ittihamçısı1 və Dövlət ittihamçısı2, müdafiəçi, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə xx xxxxxx 1994-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddə əldə edib üzərində saxlamaqla daşımış, 28 fevral 2022-ci il tarixdə, saat 18:30 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Qızıldaş qəsəbəsində yerləşən 20 saylı yataqxananın yaxınlığında Bakı şəhəri, Qaradağ RPİ-nin NMB-nin və CAŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tərbirləri nəticəsində saxlanılaraq ünvan 3 ünvanında yerləşən Qaradağ RPİ-nin İnzibati binasına gətirilmiş, həmin gün saat 20:10-da üzərinə müdafiəçinin iştirakı ilə videoçəkilişdən istifadə etməklə axtarış və götürmə aparılarkən əynində olan qara rəngli şalvarının sağ yan cibindən bir ədəd gümüşü falqa kəsiyində təmiz çəkisi 0,041 qram olan tünd qəhvəyi rəngli kustar usulla hazırlanmış narkotik vasitə-tiryək, bir ədəd sellofan bükümdə külli miqdarda təmiz çəkisi 2,105 qram olan qəhvəyi rəngli maddə küstar üsulla hazırlanmış narkotik vasitə heroin, bir ədəd sellofan bükümdə küllü miqdarda təmiz çəkisi 3,480 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, əyinindəki qara rəngli gödəkçəsinin sağ cibindən narkotik vasitələr istifadə etmək üçün nəzərdə tutulmuş üzərlərində narkotik vasitə heroin və psixotrop maddə metamfetamin izləri olan üç ədəd borular aşkar edilərək protokolla götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsində özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ona elan olunmuş ittihamla təqsirli bilməyərək göstərmişdir ki, onun üzərində narkotik vasitə olmamışdır. Polis əməkdaşları onu saxlayaraq polis idarəsinə gətirmişlər. Onların təzyiqi altında həmin narkotik vasitələrin ona məxsus olduğunu bildirmişdir. O, heç kimə narkotik vasitə satmamış, özü də heç vaxt istifadə etməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsində göstərdiyi satış məqsədilə narkotik vasitə və psixotrop maddə əldə etməməsi, narkotik vasitə və psixotrop maddələrdən istifadə etməməsi, üzərindən aşkar edilmiş narkotik vasitə, psixotrop maddə və boruların ona aid olmaması və polis əməkdaşlarının təzyiqi altında narkotik vasitə və psixotrop maddələri üzərinə götürməsinə dair xüsusatları özünümüdafiə xarakterli olmaqla ağır ittihamdan yayınmağa cəhd kimi qiymətləndirməklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi məhkəmə baxışı zamanı tədqiq edilmiş aşağıdakı sübut növləri ilə tam təsdiq olunması qənaətinə gəlir. Belə ki, cinayət işinin 01-ci cildinin, 49-51-ci vərəqlərində olan “şübhəli şəxsin dindirilməsi” protokolundan görünür ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs 01 mart 2022-ci il tarixdə müdafiəçisinin iştirakı ilə şübhəli şəxs qismində dindirilərkən göstərmişdir ki, ünvan 1 ünvanında pasport qeydiyyatda olmaqla həmin ünvanda anası ilə birlikdə yaşayır. X6 2022-ci ilin fevral ayının axırlarında rəhmətə getmişdir. Hazırda heç bir yerdə işləmir, təxminən üç aya yaxındır ki, «kakos» adlandırdığı heroin narkotik vasitəsindən və «şüşə» adlandırdığı metamfetamin psixotrop maddəsindən, eləcə də tiryəkdən istifadə edir. Belə ki, onun «instaqram» sosial şəbəkəsində «Sənan-600» səifəsi vardır. Təxminən 3-4 ay bundan əvvəl sosial şəbəkədə hazırda səhifəsini xatırlamadığı, özünü İran İslam Respublikası vətandaşı kimi təqdim edən şəxslə tanış olmuşdur. Söhbət əsnasında həmin şəxs ona narkotik vasitə və psixotrop maddə lazım olarsa, ondan ala biləcəyini bildirmiş, o, bunu hansı formada həyata keçirəcəyini soruşduqda həmin şəxs ona demişdir ki, «instaqram» sosial şəbəkəsi vasitəsi ilə əlaqə saxlayaraq narkotik vasitənin yerini söyləyəcək, pulu isə onun kart hesabına yükləyəcəkdir. O, həmin şəxslə razılaşmış və bu minvalla həmin şəxsdən narkotik vasitə almaq istəyən zaman kart hesabına pulu yüklədikdən sonra narkotik vasitəni Bakı şəhərinin müxtəlif ünvanlarında gizlətdiyi yerdən götürmüşdür. 28 fevral 2022-ci il tarixdə günorta saatlarında həmin şəxslə «instaqram» sosial şəbəkəsi vasitəsi ilə əlaqə saxlayaraq 150 manat dəyərində narkotik vasitə almaq istədiyini bildirmişdir. 150 manat pulu onun kart hesabına köçürdükdən sonra həmin şəxs ona Bakı şəhəri, Yasamal rayonu, «Bizim Market»-in yaxınlığında bir yer demiş və o, həmin yerdən narkotik vasitəni götürmüşdür. Narkotik vasitəni açdıqda onlardan bir büküm kakos kimi adlandırdığı heroin, digəri şüşə kimi adlandırdığı psixotrop maddə metamfetamin və digəri isə qara kimi adlandırığı narkotik vasitə tiryək olduğunu görmüş, həmin gün tiryəki gümüşü rəngli kağızdan götürüb istifadə etmiş, tiryəkin cuzi bir hissəsi kağızda qalmışdır. Həmin gün axşam saat 18:30-da Bakı şəhəri, Qaradağ rayonu, Qızıldaş qəsəbəsi, 20 nömrəli yataqxananın yaxınlığında olarkən mülki geyimdə olan iki nəfər şəxs ona yaxınlaşıb xidməti vəsiqələrini təqdim edərək Qaradağ Rayon Polis İdarəsinin Nartkotiklərlə Mübarizə Bölməsinin və cinayət axtarış şöbəsinin əməkdaşları olduqlarını bildirmişlər. O, özünü polis əməkdaşlarına Təqsirləndirilən şəxs kimi təqdim edərkən polis əməkdaşları onu Polis İdarəsinin inzibati binasına dəvət etmişlər. Artıq o, başa düşmüşdür ki, polis əməkdaşları onun üzərində narkotik vasitə olduğunu bildikləri üçün onu tutacaqlar, bu səbəbdən polis əməkdaşları ilə getməkdən imtina edib qaçmağa başlamışdır. Təxminən 4-5 metr qaçdıqdan sonra yer sürüşkən olduğu üçün ayağı sürüşmüş və üzü üstə yerə yıxılaraq sağ gözü yerdə olan dəmirə dəymişdir. Bundan sonra polis əməkdaşları onu Qaradağ Rayon Polis İdarəsinə gətirmişlər. Orada yıxılmağı ilə bağlı ərizə yazmışdır ki, özü qaçmaq istəyərkən yerə yıxılmış, nəticədə sağ gözündən xəsarət almışdır. Xidməti otaqların birində üzərində axtarış aparılacağı barədə ona məlumat verilmiş, eləcə də vəkillərin siyahısı təqdim edilmişdir. O, həmin siyahını nəzərdən keçirib istənilən vəkili dəvət etmələrini xahiş etmişdir. Bundan sonra Elxas Əsgərov adlı vəkil dəvət edilərək ona təqdim olunmuş, sonra xidməti otaqda vəkilin iştirakı ilə polis əməkdaşları tərəfindən onunla sorğu-sual aparılaraq üzərində qanunla qadağan edilmiş əşya və predmetlərin, narkotik vasitələrin digər maddələrin olub-olmaması ilə bağlı sual verilmişdir. O, üzərində narkotik vasitə və psixotrop maddələr saxladığını deyib əynində olan qara rəngli şalvarın sağ yan cibində saxladığı bir ədəd işlənmiş gümüşü rəngli falqa, iki büküm birinin içərisində qəhvəyi rəngli, toz şəkilində “kakos” narkotik vasitə heroini, digərinin içirəsində isə “Şüşə” psixotrop maddə hesab edilən metamfetamini eləcə də, əynindəki qara rəngli gödəkçənin sağ cibində saxladığı narkotik vasitələri istifadə edilməsi üçün nəzərdə tutulmuş 03 ədəd borunu və 01 ədəd bıçağı çıxarıb masanın üzərinə qoymuşdur. Həmin bükümlər açılarkən birinin içərisində qəhvəyi rəngli, toz şəkilli kütlə, digər bükümün içərisində isə duza bənzər maddə olmuşdur. Aşkar olunmuş bütün predmetlər polis əməkdaşı tərəfindən ekspertizaya təqdim edilməsi üçün qablaşdırılmış, bununla bağlı protokol tərtib edilmiş və həmin protokol bütün iştirakçılar tərəfindən imzalanaraq təsdiq olunmuşdur. Cinayət işinin 01 cildinin, 61-64-cü vərəqlərində olan “təqsirləndirilən şəxsin dindirilməsi” protokolundan görünür ki, Təqsirləndirilən şəxs 02 mart 2022-ci il tarixdə müdafiəçisinin iştirakı ilə təqsirləndirilən şəxs qismində dindirilərkən eyni məzmunlu ifadə verərək yuxarıda qeyd olunan cinayət əməlini törətməsini bir daha etiraf etmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 01 mart və 02 mart 2022-ci il tarixlərdə şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ifadələrini sübut kimi qəbul edir. Bundan başqa, məhkəmədə şahid qismində dindirilmiş Qaradağ RPİ-nin NMB-nin əməliyyat müvəkkili vəzifəsində işləyən Şahid1 ifadəsində göstərmişdir ki, ünvan 6 ünvanında Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatın dəqiqləşdirilməsi üçün əməliyyat qrupu yaradılmış, həmin əməliyyat qrupuna Qaradağ RPİ-nin CAŞ-nin kiçik əməliyyat müvəkkili, polis serjantı Şahid2 ilə o özü daxil edilmişdir. Yaradılmış əməliyyat qrupuna rəhbərliyi o özü etmişdir. 28 fevral 2022-ci il tarixdə, saat 18:30 radələrində tərəflərindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs Bakı şəhəri, Qaradağ rayonu, Qızıldaş qəsəbəsində yerləşən 20 saylı yataqxananın yaxınlığında olduğunu görüb ona yaxınlaşmaqla xidməti vəsiqələrini təqdim etmişlər. Eyni zamanda Təqsirləndirilən şəxs da özünü təqdim etdikdən sonra o həyacanlanmış və özünü şübhəli aparmağa başlamışdır. Onlar Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib Qaradağ RPİ-nə dəvət etmişlər. Həmin vaxt Təqsirləndirilən şəxs onlarla birlikdə Polis İdarəsinə getməmək üçün qaçmağa başlamışdır. Təqsirləndirilən şəxs qaçarkən yerə yıxıldıqdan sonra onu saxlayaraq Qaradağ RPİ-nə gətirmişlər. Qaradağ RPİ-də Təqsirləndirilən şəxs öz xətti ilə ərizə yazaraq özünün yıxılması nəticəsində sağ gözündən və dizindən xəsarət almasını bildirmişdir. Polis İdarəsində Təqsirləndirilən şəxs barəsində Qaradağ RPİ-nin TŞ-nin baş təhqiqatçısı, polis kapitanı Fərid Qasımov tərəfindən şübhəli şəxs qismində tutulması barədə qərar qəbul edilmiş, daha sonra Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etmək məqsədi vəkil Elxas Əsgərov dəvət edilmişdir. Bundan sonra dəvət edilmiş müdafiəçinin, Təqsirləndirilən şəxs və onların iştirakı ilə Təqsirləndirilən şəxs üzərində video çəkilişlə şəxsi axtarış və götürmə aparılmağa başlanmışdır. Şəxsi axtarış və götürmə zamanı Təqsirləndirilən şəxs üzərində hər hansı qanunsuz əşyanın olub-olmaması barədə sual verilmiş, əgər varsa onu masanın üzərinə qoyması təklif olunmuşdur. Həmin vaxt Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarının sağ yan cibindən bir ədəd işlənmiş gümüşü rəngli falqa, iki ədəd bükümləri təqdim etmişdir. Həmin bükümlər açıldıqda birinin içərisində qəhvəyi rəngli, toz şəkilində narkotik vasitəyə bənzər maddə, digər bükümün içərisində toz şəkilində psixotrop maddəyə bənzər maddə aşkar edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçəsinin sağ cibindən narkotik vasitələri istifadə etmək üçün üç ədəd borunu və bir ədəd bıçağı çıxardaraq masanın üzərinə qoymuşdur. Həmin vaxt Təqsirləndirilən şəxs bildirmişdir ki, üzərindən aşkar edilmiş bükümlər narkotik vasitə və psixotrop maddədir. Bir ədəd işlənmiş gümüşü rəngli falqadakı narkotik vasitənin tiryək olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs həmin işlənmiş falqadakı tiryəki polis əməkdaşları tərəfindən saxlanılmamışdan əvvəl istifadə etdiyini, həmçinin üzərindən aşkar edilmiş narkotik vasitəni və psixotrop maddəni “İnstaqram” sosial şəbəkəsi vasitəsi ilə tanış olduğu adını bilmədiyi və üzünü görmədiyi, lakin özünü İran İslam Respublikası vətəndaşı kimi təqdim edən şəxsdən aldığını bildirmişdir. Aşkar olunmuş maddələr götürülərək ekspertiza tədqiqatına təqdim edilməsi üçün qablaşdırılmış və DİN-nin “Zərflər üçün” 47 saylı möhürü ilə üzəri möhürlənmişdir. Onunla yanaşı bütün iştirakçılar həm zərfin üzərini, həm də tərtib edilmiş protokolu imzalayaraq təsdiq etmişdir. Onlar tərəfindən Təqsirləndirilən şəxs heç bir fiziki və ya psixi təzyiq edilməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Qaradağ RPİ-nin CAŞ-ın kiçik əməliyyat müvəkkili Şahid2 Kamil oğlu da Şahid1 ifadəsinə oxşar ifadə verməklə onun göstərdiyi xüsusatları təsdiq etdi. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə uyğun olaraq ekspertiza rəylərini də sübut növü kimi qəbul edir. Belə ki, cinayət işinə əlavə olunmuş məhkəmə-kimyəvi ekspertizasının 01 mart 2022-ci il tarixli, 6/1245 nömrəli rəyinə əsasən müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş: -üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə...” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd kağız zərfin içərisində bir ədəd sellofan bükümdə təmiz çəkisi 2,105 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, bir ədəd sellofan bükümdə təmiz çəkisi 3,480 qram ağ rəngli kristallik formada maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamiııdir, bir ədəd gümüşü falqa kəsiyində təmiz çəkisi 0,041 qram olan tünd qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə tiryəkdir. Heroin və Tiryək 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in (Siyahı İ) siyahısına daxildir. Metamfetamiıı 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in siyahısına (Siyahı İ) daxildir. Cinayət işinə əlavə olunmuş məhkəmə-fiziki-kimyəvi ekspertizasının 07 aprel 2022ci il tarixli, 6/1417 nömrəli rəyinə əsasən müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində “2********...Qaradağ RPl-nin İŞ-sL.7’ yazıları olan zərfdəki qəlyana bənzər predmetdə psixotrop maddə-metamfetaminin izləri, 02 ədəd metal borucuqda narkotik vasitə-heroinin izləri müəyyən edildi. Predmetlərdə metamfetamin və heroin iz şəklində olduğundan təmiz çəkilərinin müəyyən edilməsi və təqdim olunmuş paketdəki müvafiq maddələrlə eyniləşdirmə üzrə tədqiqatın aparılması mümkün olmadı. Cinayət işinə əlavə olunmuş məhkəmə-narkoloji ekspertizasının 04 may 2022-ci il tarixli, 2207 nömrəli rəyinə əsasən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu edilməsi nəticəsində yaranan asıllıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinə əlavə edilmiş 28 fevral 2022-ci i tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, Qaradağ RPİ-nin inzibati binasında xidməti otaqların birində NMB-nin əməkdaşı əməliyyat müvəkkili, polis leytenantı Şahid1, CAŞ-nin kiçik inspektoru, polis serjantı Şahid2, 10 saylı vəkil bürosunun vəkili X2 iştirakı ilə video çəkiliş vasitəsilə təhqiqat şöbəsinin təhqiqatçısı polis kapitanı Fərid Qasımov tərəfindən Təqsirləndirilən şəxs üzərində axtarış və götürmə aparılmışdır. Şəxsi axtarış və götürmə zamanı Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sağ yan cibindən 1 ədəd işlənmiş gümüşü rəngli falqa, 2 ədəd bükümlər, həmin bükümlər açıldıqda birinin içərisində qəhvəyi rəngli, toz şəkilində narkotik vasitəyə bənzər maddə, digər bükümün içərisində düz şəkilində psixotrop maddəyə bənzər maddə aşkar edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçəsinin sağ cibindən narkotik vasitələri istifadə etmək üçün 03 ədəd trubkanı və 01 ədəd bıçaqı çıxardaraq masanın üzərinə qoymuşdur. Bundan sonra həmin predmetlər polis əməkdaşı tərəfindən qablaşdırılaraq götürülmüş, bununla bağlı protokol tərtib olunmuşdur. Cinayət işinə əlavə edilmiş 18 may 2022-ci il tarixli «üzləşdirmə» protokolundan görünür ki, Təqsirləndirilən şəxs ilə Şahid1 arasında aparılmış üzləşdirmə istintaq hərəkəti zamanı sonuncu ifadəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı deməklə onu ifşa etmişdir. Cinayət işinə əlavə edilmiş 18 may 2022-ci il tarixli «üzləşdirmə» protokolundan görünür ki, Təqsirləndirilən şəxs ilə Şahid2 arasında aparılmış üzləşdirmə istintaq hərəkəti zamanı sonuncu ifadəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı deməklə onu ifşa etmişdir. Təqsirləndirilən şəxs üzərindən narkotik vasitə olan heroin və tiryəkin, psixotrop maddə olan metamfetaminin aşkar edilməsi, narkotik vasitə olan heroinin və psixotrop maddə olan metamfetaminin külli miqdarda olması, həmçinin daxili hissəsində heroin və metamfetamin izləri olan üç ədəd borunun aşkar edilməsi onun həmin narkotik vasitə və psixotrop maddələri satış məqsədi ilə əldə edib üzərində daşıması qənaətinə gəlməyə əsas verir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna qiymət verib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi və onun həmin əməli törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir, onun əməlinin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur, ona qanunla müəyyən edilmiş qaydada cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59 və 61-ci maddələrində nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, cəzaçəkmə müddətinin əvvəli 28 fevral 2022-ci il tarixdən hesablanmalı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həmdə başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə təyin olunacaq cəza ilə cəzanın məqsədini təmin etmək mümkündür. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Cinayət Məcəlləsinin 99-1.1.1 və 99-1.1.2-ci maddələrində məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin, məhkumun cinayət yolu iləəldə etdiyi pul vəsaitləri və ya digər əmlakın, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlərin məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, iş üzrə nəzərdə tutulmuş müsadirə edilməli əmlak olmadığından yuxarıda qeyd olunan müddəa tətbiq olunmamalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut kimi tanınmaqla Qaradağ RPİ-də saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 2,055 qram təşkil edən narkotik vasitə heroin, qalıq çəkisi 3,430 qram təşkil edən psixotrop maddə metamfetamin, qalıq çəkisi 0,021 qram təşkil edən narkotik vasitə tiryək və daxili hissəsində narkotik vasitə heroin və psixotrop maddə metamfetamin izləri olan üç ədəd boru məhv edilməlidir. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd “CD” disk əhəmiyyət kəsb etdiyindən cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 198-ci maddəsinə uyğun olaraq məhkəmə məsrəfləri ilə əlaqədar məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, ibtidai istintaq zamanı keçirilmiş məhkəmə-ekspertizaları ilə əlaqədar Təqsirləndirilən şəxs 266 (iki yüz altmış altı) manat məbləğində pul məhkəmə məsrəfi kimi tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 197.1 və 197.1.5-ci maddəsinə əsasən isə təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği də məhkəmə məsrəflərinə aiddir. Həmin Məcəllənin 193.2 və 193.4-cü maddələrinə əsasən isə belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” xx.xx.2001-ci il tarixli, 31 nömrəli qərarına 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. Odur ki, həmin hesabla təqsirləndirilən şəxsə göstərilmiş 30 (otuz) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsi hesabından Müdafiəçi üçün 180 (yüz səksən) manat pul onun vəkil işlədiyi Bakı şəhəri 3 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 05 (beş) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Həmin cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 28 fevral 2022-ci il tarixdən hesablansın, barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin. İş üzrə maddi sübut kimi tanınaraq Qaradağ RPİ-də saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 2,055 qram təşkil edən narkotik vasitə heroin, qalıq çəkisi 3,430 qram təşkil edən psixotrop maddə metamfetamin, qalıq çəkisi 0,021 qram təşkil edən narkotik vasitə tiryək və daxili hissəsində narkotik vasitə heroin və psixotrop maddə metamfetamin izləri olan üç ədəd boru məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd “CD” disk əhəmiyyət kəsb etdiyindən cinayət işinin materiallarında saxlanılsın. İbtidai istintaq zamanı keçirilmiş məhkəmə-ekspertizaları ilə əlaqədar Təqsirləndirilən şəxs 266 (iki yüz altmış altı) manat məbləğində məhkəmə məsrəfi tutularaq dövlət büdcəsinə ödənilsin. Dövlət büdcəsi hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri 3 saylı Vəkil Bürosunun hesabına 180 manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qadasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən, hakim: Azər Paşayev Hakimlər: Əhməd Quliyev Rasim Sadıxov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar