Məhkəmə qərarları › İş №1(101)-1260/2022

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1260/2022

13.07.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1260/2022 13.07.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Məcidov Azad Əli Ağa oğlunun sədrliyi, hakimlər Ağayev Zeynal Qurban oğlu və Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəməsində Dövlət İttihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri 3 saylı saylı vəkil bürosunun vəkili X4 iştirakları ilə, xx xxxxxxxx 1976-cı il tarixdə Siyəzən şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində bir yetkinlik yaşına çatmayan uşağı olan, orta təhsilli, işləməyən, əvvəllər Siyəzən Rayon Məhkəməsinin 10 dekabr 2010-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinərək 03 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 11 fevral 2013-cü ildə cəzasının sonu ilə azad olunmuş, məhkumluğu ödənilmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs satış məqsədilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə edib saxlamaqla daşımışdır. Belə ki, o, naməlum tarixdə və mənbədən satış məqsədilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə olan ümumi təmiz çəkisi 5105,341 qram qurudulmuş marixuananı əldə edib üzərində və yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Subtropik Sovxozu 4 H nömrəli evdə saxlayaraq daşımış, 10 fevral 2022-ci il tarixində saat 16 radələrində Daxili İşlər Nazirliyinin Baş Narkotiklərə Qarşı Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhəri, ünvan 4 evin yaxınlığında saxlanılaraq DİN-nin BNMİ-nə gətirilmiş, onun üzərinə Baş İdarənin inzibati binasında şəxsi axtarış keçirilən zaman əynindəki şalvarın sol yan cibindən 1 ədəd bükümdə, təmiz çəkisi 7,341 qram narkotik vasitə olan qurudulmuş marixuana, yaşadığı ünvan 4 evindən bir ədəd ağ rəngli parça çantadan içərisində 08 ədəd sellofan torbalarda 305 qram, 280 qram, 280 qram, 330 qram, 185 qram, 295 qram, 665 qram,745 qram olmaqla bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana, 01 ədəd göy rəngli polietilen bağlamadakı təmiz çəkisi 1098 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana, eləcə də 01 ədəd şəffaf sellofan bağlamadakı təmiz çəkisi 915 qram bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, uzun illərdir ki, narkotik vasitədən istifadə edir. Kantuziya aldığı üçün o, narkotik vasitədən dərman kimi istifadə edir. 10 fevral 2022-ci il tarixdə səhərə yaxın saat 5-6 radələrində o, yaşadığı ünvan 3 evində yatarkən təxminən 11-12 nəfər həyətə girmişlər. Onu özləri ilə Baş Narkotiklərlə Mübarizə İdarəsinə aparmışlar. Həmin vaxt onda çox az miqdarda marixuana olmuşdur. Orada üzərinə şəxsi axtarış aparılmağa başlanılmışdır. Üzərinə şəxsi axtarış zamanı vəkil olmuşdur. Şəxsi axtarış zamanı ona üzərində olan qanunla qadağan olunmuş əşya varsa təqdim etməyi təklif olunmuşdur. O, əynində olan şalvarının cibindən 1 ədəd bükümdə az miqdarda qurudulmuş marixuananı təqdim edərək masanın üzərinə qoymuşdur. Sonra üzərinə şəxsi axtarış keçirilmiş və əynində olan şalvarın cibindən açarlar, sağ yan cibindən 1 ədəd mobil telefonu və özünə məxsus sürücülük vəsiqəsi və 20 manat pul aşkar edilərək götürülmüşdür. Bundan başqa şəxsi axtarış zamanı üzərindən əlavə olaraq qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet aşkar edilməmişdir. Təqdim etdiyi qurudulmuş marixuana çox az miqdarda olmuşdur. Sonra aşkar olunmuş həmin kütlə zərfə qoyularaq qablaşdırılmış, möhürlənmiş və bütün iştirakçılar tərəfindən imzalanmışdır. Üzərindən aşkar olunmuş marixuananı özü istifadə etmək üçün saxlamışdır. Heç kimə narkotik vasitə satmamışdır. Yalnız məclislərdə istifadə etmələri üçün tanışlarına vermişdir. Sonra yaşadığı evə baxış keçirilmişdir. Evdə videoçəkilişlə baxış keçirilmiş, lakin evində nakotik vasitə olmamışdır, videoçəkilişdə olan narkotik vasitələri özləri evinə qoymuşlar. Narkotiki evin ortasına qoymuşlar və videoçəçkiliş zamanı ona məxsus olmasını deməyini bildirmişlər. Demişlər etiraf etməsə ailəsini də tutacaqlar. O, həyətində heyvan saxlayır. Həyətdən iy gəldiyi üçün qonşular ondan şikayət etmişlər. Ona görə də polislər onun evinə gəlib onu aparmışlar. Onun evindən narkotik vasitə aşkar olunmamışdır. Onda az miqdarda marixuana olmuşdur. O, marixuananı dərman kimi istifadə etmişdir. Onda kantuziya olduğu üçün narkotiki mütəmadi, hər gün qəbul edir. Elan olunmuş cinayət işinin 32-33-cü vərəqələrində olan şəxsi axtarış və götürmə haqqında protokola və protokolda olan imzaya əsasən Təqsirləndirilən şəxs bildirmişdir ki, ona təqdim olunmuş imza onun imzasıdır, oxumadan imza etmişdir. Elan olunmuş cinayət işinin 36-37-ci vərəqələrində evə baxış keçirilməsi barədə protokola və protokolda olan imzaya əsasən Təqsirləndirilən şəxs bildirmişdir ki, o, protokolu oxumadan imza etmiş, onun evində narkotik vasitə olmamışdır. Evinə onlar özləri gətirib qoymuşlar. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 327.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı verdiyi ifadələri və izahatı elan olunmuş, izahat və ifadələrin sonunda olan imzalar təqsirləndirilən şəxsə təqdim edilmişdir. Belə ki, cinayət işinin 39-40-cı vərəqələrində olan izahatında, 53-57 və 74-77-ci vərəqələrində olan ifadələrində Təqsirləndirilən şəxs aşağıdakıları göstərmişdir: «...10 fevral 2022-ci il tarixdə saat 16:00 dəqiqədə, ünvan 3 ünvanının yaxınlığında piyada hərəkət edən zaman 2 nəfər mülki geyimli şəxs yaxınlaşaraq özlərini mənə polis əməkdaşı kimi təqdim edərək mənim qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsində şübhəli olduğumu bildirərək, xidməti vəsiqələrini göstərərək, barəmdə əməliyyat-axtanş tədbirlərinin keçirilməsi haqqında qərarla tanış edib məni BNMİ-nin inzibati binasına dəvət etdilər. Burada dəvət olunmuş müdafiəçinin iştirakı ilə mən şübhəli şəxs qismində tutuldum. ...Mən əynimdə olan şalvarımın sol yan cibindən 1 ədəd bükümdə qurudulmuş marixuananı təqdim edərək masanın üzərinə qoydum. ...Təqdim etdiyim qurudulmuş marixuana elektron tərəzidə çəkildi. Qurudulmuş marixuananın çəkisi 13 qram oldu. ...Üzərimdən aşkar olunmuş kütlənin özümə məxsus olduğunu, həmin kütləni 3 il əvvəl öz yaşadığım evin həyətyanı sahəsində öz istifadəm üçün əkdiyimi, heç kimə narkotik vasitə satmadığımı, əkdiyim həmin kütlələrdən yalnız məclislərdə istifadə üçün tanışlarıma verdiyimi, həmçinin Sabunçu rayonunda yaşadığım evdə narkotik maddə olduğunu, həmin evə polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etiraz etmədiyimi bildirdim. ...Mən evdə anbar otağında qapının so! tərəfindən 3(üç) ədəd bükümdə qurudulmuş marixuananı təqdim edərək stolun üzərinə qoydum. Qurudulmuş marixuananın çəkisi ümumilikdə 5 kq 265 qram olmuşdu. ... Mənə qarşı polis əməkdaşları tərəfindən fiziki və psixi zor tətbiq edilməyib. ...» Proses iştirakçılarının suallarını cavablandıraraq Təqsirləndirilən şəxs bildirmişdir ki, elan olunmuş izahatı və ifadələri təsfiq etmir, ona təqdim olunmuş imzalar onun imzasıdır, izahatı və ifadələri oxumadan imza etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, Baş Narkotiklərə Qarşı Mübarizə İdarəsində əməliyyat müvəkkili vəzifəsində işləyir. 10 fevral 2022-ci il tarixdə Sabunçu rayonu ərazisində yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitəni üzərində daşıması, satışı, dövriyyəsi və istifadəsi ilə məşğul olması barədə etibarlı mənbədən məlumat daxil olmuşdur. Bu barədə raportla baş idarə rəisinə yazılı şəkildə məruzə edilmişdir. Əməliyyat qrupu yaradılmışdır. Qrupa o və əməliyyat müvəkkili Şahid1 daxil edilmişdir. 10 fevral 2022-ci il tarixdə günorta saatlarında həmin şəxs müəyyən edilərək ünvan 4 ünvanda saxlanılmış və onlarla Baş İdarəyə getməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxsi saxlamaq üçün təxminən 1 saata yaxın onu gözləmişlər, nəhayət onu evinin yaxınlığında saxlamışlar. Həmin şəxs etiraz etməyib onlarla Baş idarəyə gəlmişdir. Orada məlum olmuşdur ki, saxlanılan şəxs əvvəllər məhkum olunmuş Təqsirləndirilən şəxsdur. İdarədə Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilmiş, hüquqlarını müdafiə etməsi üçün vəkil dəvət olunmuşdur. Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmişdir. Təqsirləndirilən şəxs əynində olan şalvarın cibindən 1 ədəd büküm aşkar edilmiş, həmin büküm açıldıqda qurudulmuş marixuanaya bənzər kütlə aşkar edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs cibində aşkar olunan maddənin nə olduğu, haradan və nə məqsədlə əldə etdiyi soruşulduqda, Təqsirləndirilən şəxs üzərindən aşkar olunan maddənin narkotik maddə qurudulmuş marixuana olduğunu bildirmişdir. Üzərindən aşkar olunub götürülən maddə zərfə qoyularaq möhürlə möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra onun yaşadığı ünvana baxış keçirilmişdir. Təqsirləndirilən şəxs evinə baxış keçirilməsi barədə ərizə vermişdir. Yaşadığı ünvanda da qurudulmuş marixuana aşkar edilmişdir. Bu barədə protokol tərtib olunmuş, aşkar olunmuş maddə protokola əlavə olunaraq ucadan oxunmuş və iştirakçılar tərəfindən protokol imzalanmışdır. Təqsirləndirilən şəxs sorğu zamanı narkotikin satışıyla məşğul olmadığını, həmin narkotiki özü bir neçə il öncə əkib becərdiyini bildirmişdir. Təqsirləndirilən şəxsə qarşı hər hansı bir təsir və təzyiq olmamışdır Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 eyni məzmunlu ifadə verərək Şahid2 dediklərini bir daha təsdiq etmişdir. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəylərini və digər sənədləri də sübut növü kimi qəbul edir. Belə ki, cinayət işinin 6-cı vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış DİN-nin BNMİ-nin əməliyyat müvəkkili, polis kapitanı Şahid1 10 fevral 2022-ci il tarixli raportundan görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edərək Bakı şəhəri, Sabunçu rayonu ərazisində dövriyyəsi ilə məşğul olması barədə etimad doğuran, məlum, qərəzsiz mənbədən məlumat daxil olmuşdur. Cinayət işinin 7-8-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış DİN-nin BNMİ-nin əməliyyat müvəkkili, polis kapitanı Şahid1 10 fevral 2022-ci il tarixli əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq öz şəxsi istifadəsi üçün narkotik vasitəni əldə edərək üzərində gəzdirməsi və Bakı şəhəri, Sabunçu rayonu ərazisində dövriyyəsi ilə məşğul olması barədə etimad doğuran, məlum, qərəzsiz mənbədən daxil olmuş məlumatln yoxlanılması üçün əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi qərara alınmışdır. Cinayət işinin 11-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış DİN-nin BNMİ-nin rəisi, polis general mayoru İslam Hümbətovun 10 fevral 2022-ci il tarixli, Ə60-008-22 saylı Əmrindən görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edərək Bakı şəhəri, Sabunçu rayonu ərazisində dövriyyəsi ilə məşğul olması barədə etimad doğuran, məlum, qərəzsiz mənbədən daxil olmuş məlumatln yoxlanılması üçün əməliyyat-axtarış tədbirlərinin keçirilməsi məqsədilə əməliyyat qrupu yaradılmışdır. Cinayət işinin 32-33-cü vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 10 fevral 2022-ci il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış başlanılmasından əvvəl şübhəli şəxs Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan şalvarın sol yan cibindən 1 ədəd bükümdə açıq yaşıl rəngli spesifik iyə malik narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütləni təqdim edib masanın üzərinə qoymuşdur. Daha sonra şübhəli şəxsin üzərinə axtarış keçirildikdə, əynində olan şalvarın cibindən 2 ədəd açar, 1 ədəd içərisində ***-***-**-** simkartı olan “KGTEL” markalı mobil telefon, 1 ədəd sürücülük vəsiqəsi və 20 manat pul aşkar edilmişdir. Aşkar edilmiş mobil telefon və bir ədəd bağlamada olan kütlə, 1 ədəd sürücülük vəsiqəsi götürülmüş, iki ədəd açar, 20 manat pul isə Təqsirləndirilən şəxs qaytarılmışdır. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş kütlənin ona məxsus olduğunu, həmin kütləni 3 il əvvəl öz yaşadığı evin həyətyanı sahəsində öz istifadəsi üçün əkdiyini, əkdiyi həmin kütlələrdən yalnız məclislərdə istifadə üçün tanışlarına verdiyini, həmçinin Sabunçu rayonunda yaşadığı evdə narkotik vasitə olduğunu və həmin evə polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etiraz etmədiyini, ona qarşı polis əməkdaşları tərəfindən fiziki və psixi təsir edilmədiyini bildirmişdir. Şəxsi axtarış və götürmə zamanı “Sony” markalı videokamera vasitəsilə videoçəkiliş aparılmışdır. Cinayət işinin 34-cü vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Təqsirləndirilən şəxs 10 fevral 2022-ci il tarixli ərizəsindən görünür ki, sonuncu ərizə yazaraq yaşadığı ünvan 2 ünvanına polis əməkdaşları tərəfindən baxış keçirilməsinə heç bir etirazı olmadığını bildirmişdir. Cinayət işinin 36-37-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 10 fevral 2022-ci il tarixli evə baxış keçirilməsi və götürmə haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı ünvan 2 ünvanına baxış aparılmasından əvvəl, Təqsirləndirilən şəxs yaşadığı evdə olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs evin anbar otağında qapının sol tərəfindən 3 ədəd bükümdə açıq yaşıl rəngli spesifik iyə malik narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütləni təqdim etmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs aşkar olunmuş kütlələrin ona məxsus olduğunu, həmin kütlələri 3 il əvvəl öz yaşadığı evin həyətyanı sahəsində öz istifadəsi üçün əkdiyini, əkdiyi həmin kütlələrdən yalnız məclislərdə istifadə üçün tanışlarına verdiyini bildirmişdir. Aşkar edilmiş kütlələr qablaşdırılaraq götürülmüşdür. Baxış və götürmə zamanı videoçəkiliş aparılmışdır. Cinayət işinin 45-48-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 11 fevral 2022-ci il tarixli, 7/129 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “vət. Təqsirləndirilən şəxs evindən...” yazısı və imzalar olan ağ rəngli parça çantadakı 08 (səkkiz) ədəd sellofan torbalarda ayrı-ayrılıqda təmiz çəkiləri: 305 qram, 280 qram, 280 qram, 330 qram, 185 qram, 295 qram, 665 qram, 745 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs üzərindən...” yazısı və imzalar olan kağız paketdəki 01 ədəd “West” adlı siqaret qutusunda təmiz çəkisi 7,341 qram olan bitki mənşəli kütlə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadir. Tədqiqata təqdim edilmiş, 01 ədəd göy rəngli polietilen bağlamadakı təmiz çəkisi - 1098 qram, olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata təqdim edilmiş, 01 ədəd şəffaf sellofan bağlamadakı təmiz çəkisi -915 qram, olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Ümumi çəkisi -5105,341 qramdır(5 kq 105,341 qram) Təqdim edilmiş marixuanalar tərkiblərinə görə eynidirlər. Cinayət işinin 95-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Bakı şəhəri Sabunçu RPİ-nin İŞ-nin baş müstəntiqi, polis mayoru X1 12 fevral 2022-ci il tarixli maddi sbüut kimi tanınması haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs məxsus ümumi təmiz çəkisi 5105,341 qram qurudulmuş marixuana maddi sübut kimi tanınmışdır. Cinayət işinin 133-cü vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Bakı şəhəri Sabunçu RPİ-nin 14-cü PB-dən daxil olmuş 27 may 2022-ci il tarixli, ***-**** saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitəni əldə etdiyi mənbəni müəyyən etmək mümkün olmamışdır. Cinayət işinin 145-146-cı vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 31 may 2022-ci il tarixli şəxsi axtarış və evə baxış prosesinin görüntülərinə baxış keçirmək barədə protokoldan görünür ki, 10 fevral 2022-ci il tarixdə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması zamanı və evinə baxış aparılması zamanə qeydə alınmış videogörüntülərə baxış keçirilən zaman müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs üstündə saxladığı qanunla dövriyyəsi qadağan edilmiş əşyaları verməsi təklif edilmiş və Təqsirləndirilən şəxs əynində olan şalvarın sol yan cibindən 1 ədəd bükümdə açıq yaşıl rəngli narkotik vasitə olan qurudulmuş marixuananı təqdim edir, həmin kütlə qablaşdırılaraq götürülür. Təqsirləndirilən şəxs yaşadığı ünvana baxış keçirilən zaman, Təqsirləndirilən şəxs yaşadığı evdə olan qanunsuz əşyaları verməsi təklif edilmiş, bundan sonra Təqsirləndirilən şəxs evin anbar otağında qapının sol tərəfindən 3 ədəd bükümdə açıq yaşıl rəngli narkotik vasitə olan qurudulmuş marixuananı təqdim etmiş, həmin kütlələt qablaşdırılaraq götürülmüşdür. Cinayət işinin 147-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Bakı şəhəri Sabunçu RPİ-nin İŞ-nin baş müstəntiqi, polis mayoru X1 31 may 2022-ci il tarixli maddi sbüut kimi tanınması haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs üzrəinə baxış zamanı və evinə baxış zamanı çəkilmiş videogörüntü olan 2 ədəd disk maddi sübut kimi tanınmışdır. Cinayət işinin 148-149-cu vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 31 may 2022-ci il tarixli telefon məlumatlarına baxış keçirilməsi barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs məxsus ***-***-**-** mobil nömrəsinə daxil olan və çıxan zəng və sms məlumatlarını özündə əks etdirən "xxxx" MMC-dən daxil olmuş bir ədəd CD diskə baxış keçirilmiş, baxış zamanı iş üçün əhəmiyyət kəsb edən hər hansı məlumat aşkar edilməmişdir. Cinayət işinin 152-155-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Bakı şəhəri Sabunçu RPİ-nin İŞ-nin baş müstəntiqi, polis mayoru X1 31 may 2022-ci il tarixli sübutların qiymətləndirilməsi və cinayət işi ayrılması haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş qurudulmuş marixuananın əldə etdiyi şəxsin müəyyən edilməsi üçün hazırki cinayət işindən ********* nömrəli cinayət işi ayrılmışdır. Təqsirləndirilən şəxs əməlində CM-nin 237-ci maddəsinin tərkibi olmadığından həmin maddəylə olan cinayət təqibinə xitam verilmişdir. Məhkəmə iclasında dindirilərkən Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilərək, narkotik vasitənin istifadəçisi olduğunu, narkotik vasitələrin satışı ilə məşğul olmadığını, onda az miqdarda marixuana olduğunu, evində narkotik vasitə olmadığını, polis əməkdaşlarının onu evində saxladıqlarını bildirmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs məhkəmədə və ibtidai istintaq zamanı verdiyi ifadələrini ona elan edilmiş ittihamda nəzərdə tutulan cinayət əməlinin törədilməsində iştirakını qismən inkar etməsini araşdırılmış sübutların məcmusu və işin faktiki halları ilə müqayisəli təhlil edib onun bu barədə verdiyi ifadələrini özünümüdafiə və məsuliyyətini yüngülləşdirmək xarakteri daşıdığı qənaətinə gəlir. Belə ki, Təqsirləndirilən şəxs həm məhkəmə iclasında, həm də istintaq zamanı verdiyi ifadəsində, həmçinin üzərinə şəxsi axtarış keçirilməsi zamanı narkotik vasitələrdən istifadə etdiyini, ancaq məclislərdə istifadə etmək üçün digər şəxslərə pulsuz verdiyini bildirmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası qanununun 1.0.9-cu maddəsinə əsasən, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Məhkəmə, şahidlərin ifadələrini, ekspert rəylərini, istintaq hərəkəti protokollarını və əsaslılığı heç bir şübhə doğurmayan digər sübut əhəmiyyətli sənədləri ayrı-ayrılıqda tədqiq edərək belə nəticəyə gəlir ki, bütün bu sübutlar bir-biri ilə vəhdət təşkil edib uyğunlaşaraq verilmiş ittihama uyğun cinayət hadisəsinin ardıcıllığının və vahid mexanizminin tam şəkildə gerçək və məntiqə uyğun təsvirini formalaşdırmışdır. Beləliklə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, şahidlərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəylərini və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə cinayət əməlini törətməsində təqsirli olması kifayət qədər sübuta yetirildi. Məhkəmə təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif olunmuş, o, həmin maddədə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməli və cəzalandırılmalıdır. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2005-ci il tarixli və «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında» xx.xx.2005-ci il tarixli qanunlarının tələbləri baxımından da əsaslı hesab edir. Belə ki, «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında» xx.xx.2005-ci il tarixli qanuna əsasən əsasən narkotik vasitə hesab edilən qurudulmuş marixuana-kannabisin 5 qramı şəxsi istehlak miqdarından artıq, 500 qramı isə külli miqdar hesab edilir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun tələblərinə və izahına əsasən isə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi hesab edilir. (mad 1.0.9): məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyinə olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (mad 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (mad 1.0.8) hesab edilir. Bundan əlavə, həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər-narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respulikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli Qərarının 9-cu bəndində göstərilmişdir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən, başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitəni çəkib xırda bağlamalara bükməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində qeyd olunmuşdur ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs barəsində tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən onun törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işinin 106-107-ci vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş 12 fevral 2022-ci il tarixli tələbnamədən görünür ki, Babayev X5 Rayon Məhkəməsinin 10 dekabr 2010-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinərək 03 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 11 fevral 2013-cü ildə cəzasının sonu ilə azad olunmuşdur. Azərbaycan Respublikası CM-in 83.1-ci maddəsinə müvafiq olaraq cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. “Azərbaycan Respublikası CM-nin 83.2-ci maddəsinin şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 08 iyul 2008-ci il tarixli qərarında göstərilmişdir ki, CM-nin 83.1-ci maddəsindən göründüyü kimi məhkumluq cinayət törətməyə görə müəyyən cəza növünə məhkum edilmiş şəxs barəsində məhkəmənin ittiham hökmünün qanuni qüvvəyə mindiyi gündən başlanır və bütün cəzaçəkmə müddəti ərzində və cəzaçəkmə müddətindən sonrakı dövrdə qanunla müəyyən edilmiş müddətlər çərçivəsində davam edir. Azərbaycan Respublikası CM-nin 15.3-cü maddəsində qeyd edilmişdir ki, qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər hesab olunur. Azərbaycan Respublikası CM-in 83.3.3-ci maddəsinə müvafiq olaraq az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Göründüyü kimi, Təqsirləndirilən şəxs məhkumluğu ödənilmişdir. Cinayət işinin 112-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış şəxsiyyət vəsiqəsinin kserosurətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2008-ci il təvəllüdlü bir yetkinlik yaşına çatmayan uşağı vardır. Cinayət işinin 135-137-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Psixiatrik X3 Hüquqi şəxsinin kompleks ambulator məhkəmə psixiatrik və psixoloji ekspertizasının 16 may 2022-ci il tarixli, 1237 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixiki xəstəliyin əlamətləri aşkar olunmur, bunu cinayət işi materialları, anamnestik məlumatlar və hal-hazırki psixiatrik müayinənin nəticələri və s sübut edir. Təqsirləndirilən şəxs xroniki psixiki xəstəlik, kəmağıllılıq, psixiki fəaliyyətin müvəqqəti pozulması və ya hər hansı bir psixi xəstəliyin əlamətləri müəyyən edilmir. Təqsirləndirilən şəxs əməli CM-nin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Cinayət işinin 138-139-cu vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Publik-Hüquqi şəxsinin ambulator məcburi-narkoloji tibbi yoxlamanın 23 may 2022-ci i! tarixli, 2703 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabinoidlərdən periodik istifadə etmə halları olub. Lakin, hal-hazırda müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əziyyət çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən halları müəyyən etmədi. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə belə hesab edir ki, təqsirləndirilən şəxsə yalnız azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən, qəsdən törədilmiş ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Qeyd edilənlərlə yanaşı, məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsini əsaslı hesab edir. Təqsirləndirilən şəxs ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə təyin ediləcək azadlıqdan məhrumetmə cəzasının başlanğıcı müvafiq olaraq 10 fevral 2022-ci il tarixdən hesablanmalıdır. Belə ki, cinayət işinin 23-cü vərəqəsində olan 10 fevral 2022-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Həmçinin, cinayət işinin 84-87-ci vərəqələrində olan Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 12 fevral 2022-ci il tarixli 4(008)-119/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 10 fevral 2022-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Sabunçu RPİ-də saxlanılan Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evdən aşkar edilmiş 5104,791 qram narkotik vasitə qurudulmuş marixuana məhv edilməli, videogörüntüləri özzündə əks etdirən 2 ədəd diskin cinayət işi materiallarına əlavə edilib saxlanılması nəzərə alınmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsində qeyd edilmişdir ki, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla), həmçinin şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın mülki-hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsi xüsusi müsadirə olunmalı və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsinə yönəldilməli, qalan hissəsi dövlətin nəfinə keçirilməlidir (zərər çəkmiş şəxs məlum olmadıqda isə tam həcmdə dövlətin nəfinə keçirilməlidir); terrorçuluğun, qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların, mütəşəkkil dəstələrin və ya cinayətkar birliklərin (cinayətkar təşkilatların) maliyyələşdirilməsi üçün nəzərdə tutulan və ya istifadə olunan əmlak xüsusi müsadirə olunmalı və dövlət nəfinə keçirilməlidir; mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır; maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir; dəyəri olmayan digər əşyalar məhv edilməlidir. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 78 (yetmiş səkkiz) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə etmə halları olmasını nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikası CM-nin 93-1-ci maddəsinə əsasən o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həl etməlidir. Həmin məcəllənin 99-1.1-ci maddəsində qeyd edilmişdir ki, xüsusi müsadirə cinayət hüquqi tədbiri aşağıda göstərilən əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır: məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla). Azərbaycan Respublikası CM-nin 99-3.1-ci maddəsinə əsasən müsadirə məsələsi həll olunarkən ilk növbədə cinayət nəticəsində əmlakın qanuni sahibinə vurulmuş ziyan ödənilməlidir. Təqsirləndirilən şəxs məxsus hər hansı bir əmlak üzərinə həbs qoyulmamış, cinayət yolu ilə əldə edilmiş əmlak müəyyən edilməmiş, iş üzrə mülki iddia yoxdur. Buna əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs qarşı xüsusi müsadirə tətbiq olunmamalıdır. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 07 (yeddi) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 10 fevral 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tətbiq edilməsin. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Sabunçu RPİ-də saxlanılan Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evdən aşkar edilmiş 5104,791 qram narkotik vasitə qurudulmuş marixuana məhv edilsin. Videogörüntüləri özzündə əks etdirən 2 ədəd diskin cinayət işi materiallarına əlavə edilib saxlanılması nəzərə alınsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 78 (yetmiş səkkiz) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu vaxtdan, təqsirləndirilən şəxsə isə hökmün surətinin verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm çıxarıldıqdan 20 (iyirmi) gün sonra qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Azad Məcidov Hakimlər: Zeynal Ağayev Səbuhi Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar