Məhkəmə qərarları › İş №1(101)-1261/2023

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1261/2023

04.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1261/2023 04.10.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Qəniyev Faiq Əsəd oğlunun sədrliyi ilə, hakimlər Ağalarov Mahmud Muradxan oğlu və Əliyev Samir İmamverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibləri X3 və X4, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – “AİM” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxxx 1982-ci il tarixdə Beyləqan rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ünvan 1 ünvanında qeydiyyatda olan, əvvəllər məhkum olunmamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 206.3.2-ci və 240.3.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddələri əldə etmiş, saxlamış, daşımış və qabaqcadan əlbir olan bir qrup şəxs halında qaçaqmalçılıq yolu ilə - Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ondan gizli keçirmişdir. Belə ki, o, narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmək, saxlamaq, daşımaq və Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə keçirmək üçün 2018-ci ilin mart ayında anası X9, həmçinin Türkiyə və Azərbaycan Respublikasında istintaqla müəyyən edilməmiş digər şəxslərlə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girmiş, əldə edilmiş razılığa və ümumi cinayətkar niyyətə uyğun olaraq cinayətkar qrupun şəxsiyyətləri istintaqla müəyyən edilməmiş üzvləri ilə birlikdə 15 mart 2018-ci il tarixdə Türkiyə Respublikasının İstanbul şəhərində istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq əldə etdikləri narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddə hesab olunan preqabalinin təsiredici maddəsinin ümumi miqdarı 769,2 qram təşkil edən 2510 kapsul “Lyrica 300 mg pregabalin” və 54 kapsul “Gerica 300 mg Pregabalin” göstəricili dərman preparatlarını malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə etməklə 1 ədəd çantada olan suvenir şamların içərisində yerləşdirib anası X6 çatdırması məqsədi ilə Azərbaycan Respublikasına aparması üçün cinayətlərin törədilməsindən məlumatı olmayan, İstanbul-Bakı marşrutu üzrə sərnişindaşımanı həyata keçirən “Mercedes-Benz” markalı “Travego” modelli, 37LJ257 qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü, Türkiyə Respublikası vətəndaşı X13 təhvil vermiş, sonuncu qeyd edilən çantaları 16 mart 2018-ci il tarixdə saat 22 radələrində Azərbaycan Respublikasının Gürcüstan dövləti ilə arasındakı gömrük sərhədinədək olan əraziyə (“neytral zona” adlanan əraziyə) gətirmiş, Təqsirləndirilən şəxs məqsədinə nail olmaq üçün anası Şəfiqə Məmmədova ilə birlikdə çantaların tez və maneəsiz keçirilməsini cinayətlərin törədilməsindən məlumatı olmayan, əvvəllər Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Hava Nəqliyyatı üzrə X12 X21 Məntəqəsində nəzarətçi vəzifəsində işləyən Şahid1 xahiş etmiş, sonuncu tutduğu vəzifədən azad edildiyi üçün qeyd edilən çantaların Azərbaycan Respublikasının Gürcüstan dövləti ilə arasındakı gömrük sərhədinədək olan ərazidən (“neytral zona”dan) götürülərək gömrük nəzarətindən keçirilməsini həmin vaxt orada fəhləliklə məşğul olan tanıdığı X2 xahiş etmiş, Məqsəd Mirzəliyev qeyd edilən çantaları 17 mart 2018-ci il tarixdə saat 01 radələrində Tovuz gömrük idarəsinin “Sınıq Körpü” gömrük postunda gömrük nəzarətindən keçirdikdə rentgen qurğusunun monitorunda çantalarda olan şamların içərisində qaraltılar müşahidə edildiyindən şamlar sındırılarkən qeyd edilən güclü təsir edən maddələr şamların içərisindən aşkar edilərək götürülmüş, beləliklə də Təqsirləndirilən şəxs sözügedən güclü təsir edən maddələrin Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə keçirilməsinə nail olmuş, əməliyyat tədbiri davam etdirilərək həmin güclü təsir edən maddələrin olduğu çanta sahibinə çatdırılması üçün 19 mart 2018-ci il tarixdə “Star Ok” şirkətinə məxsus başqa bir sərnişin avtobusuna qoyularaq Abşeron rayonu, Bakı- Sumqayıt şosesi, 15-ci kilometr ünvanında yerləşən "xxxx" MMC-nin yük maşınlarının təmiri sexinə gətirilmiş və həmin gün, saat 17 radələrində X1 güclü təsir edən maddə hesab edilən dərman preparatlarını qəbul edərkən saxlanılmışdır. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittiham üzrə təqsirli bilməyərək göstərdi ki, 2015-ci ildə Türkiyə Respublikasının İstanbul şəhərinə getmiş və ünvan 3 ünvanında kirayədə yaşamağa başlamışdır. Oradan qadın geyimləri alıb sərnişin avtobusları vasitəsi ilə anasına göndərmiş, anası isə evdə satışını həyata keçirib əldə edilən gəliri ona bank vasitəsi ilə göndərmişdir. 2018-ci ilin mart ayında Bakıya göndərmək üçün Bakırköydə olan dükanlardan anasının Bakı şəhərində satışını həyata keçirməsi üçün qadın paltarları almış, həmin paltarlar olan çantaları bir taksiyə vermiş və anasının mobil telefon nömrəsini də ona təqdim edərək həmin çantaları gedib avtobusla Bakı şəhərinə göndərməyini və Bakıda alacaq şəxsin də ona verdiyi mobil telefon nömrəsinin sahibi olduğunu izah etmişdir. Sonradan taksi sürücüsü zəng edib çantaları Aksarayda Bakı şəhərinə gedən bir avtobusa verdiyini bildirmiş və həmin avtobusun sürücüsünün nömrəsini də ona vermişdir. Həmin ərəfədə anası Şəfiqə Məmmədova çantaların maneəsiz keçməsi üçün müraciət etsin deyə ona Sərhəd xidmətində işləyən Kənan adlı şəxsin mobil telefon nömrəsini vermiş, özü də həmin mobil telefon nömrəsinə zəng edib malları anbara qoymasınlar deyə köməklik göstərməsini xahiş etmişdir. Çünki bəzən elə olmuşdur ki, gömrük əməkdaşları bəzi mallann keçirilməsinə icazə verməmişlər və anbara təhvil vermişlər. Kənan isə bu barədə köməklik edəcəyini bildirmişdir. Malların Azərbaycana gedib çatması müddəti gecikdiyi üçün malları sərnişin avtobusu ilə aparan sürücüyə zəng edib harada olması ilə maraqlanmış, sürücü isə avtomobilin xarab olduğu üçün gecikdiyini bildirmişdir. Sonra anası ona zəng edib göndərdiyi çantalardan dərman aşkar edildiyini bildirmiş, amma anasına hər hansı bir dərman preparatı göndərməmişdir. O, narkotik vasitələr, psixotrop maddə və ya güclü təsir edən maddələrdən istifadə etməmişdir. Bibisi rəhmətə getdiyindən hüzr mərasimində iştirak etməsi üçün Azərbaycana gəlmişdir. Şahid1 adlı şəxsi tanımır və kim olduğunu da bilmir. Həmin şəxslə sadəcə yazışmışılar. Anası göndərdiyi çantaları gömrük postunda saxlayıb anbara təhvil versələr buraxılmasına köməklik etsin deyə Kənanın mobil telefon nömrəsini ona vermişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 göstərdi ki, Qərb Ərazi Baş Gömrük İdarəsinin Texniki nəzarət vasitələri və skanlaşdırma şöbəsində baş inspektor vəzifəsində işləyir. 2018-ci ilin mart ayının 16-dan 17-ə keçən gecə saat 01 radələrində xidmətdə olan zaman sərhəd xidmətinin işçiləri iki ədəd çantanı gətirib rentgen qurğusunun lentinin üzərinə qoymuş, bu çantalara rentgen qurğusunun monitorunda baxdıqda çantadakı suvenir formasında olan şamların içərisində şübhəli predmetin olmasını müşahidə etdiyindən onlara əsaslı gömrük baxışı keçirmək qərarına gəlmişdir. Orada çantaların kimə məxsus olmasını müəyyən edə bilməsələr də, qeyd edilən çantaların Türkiyə Respublikası vətəndaşı X10 idarə etdiyi nəqliyyat vasitəsində gətirildiyini müəyyən edib həmin sürücüdən qeyd edilən çantanın kimə məxsus olduğunu soruşmuşlar. Sürücü isə həmin çantaların Türkiyə Respublikasının İstanbul şəhərində verildiyini, Kənan adlı bir şəxsə çatmalı olduğunu, Kənan adlı şəxsin həmin çantaları əslində neytral zonada qəbul etməli olduğunu, lakin həmin şəxsin çantaları neytral zonada qəbul etmədiyinə görə onları Kənan adlı şəxsin xahişi ilə bir fəhləyə təhvil verdiyini bildirmişdir. Hal şahidlərinin iştirakı ilə həmin çantalara gömrük baxışı keçirmək qərarına gəlinmiş, baxışda hal şahidi qismində iştirak etmələri üçün oraya iki nəfər dəvət edib onlara iki ədəd çantaya gömrük baxışı keçirəcəkləri barədə məlumat verərək hal şahidi qismində hüquq və vəzifələrinin nədən ibarət olmasını izah etmişlər. Gömrük baxışı zamanı çantanın birindən paltar, digərinin içərisindən isə suvenir şamlar aşkar edilmişdir. Şamların içərisində yad predmetin olması ehtimalı nəzərə alınaraq birini sındırdıqda içərisində dərman preparatı aşkar edilmiş, digər şamlar da sındırılmış və onların içərisindən də çoxlu sayda dərman preparatları və kristalşəkilli maddə aşkar edilmişdir. Sonra aşkar edilənlərlə bağlı protokol tərtib edilmiş və protokol bütün iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 oğlu Şahid2 ifadəsi ilə oxşar məzmunlu ifadə verərək onun göstərdiyi halları təsdiq etdi. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 Xaliq oğlu göstərdi ki, Dövlət Gömrük Komitəsində əməliyyat axtarış şöbəsinin baş əməliyyat müvəkkili vəzifəsində xidmət etdiyi vaxtda, yəni 17 mart 2018-ci il tarixdə X10 idarə etdiyi nəqliyyat vasitəsində “neytral zona” adlanan əraziyədək gətirilmiş, orada Məqsəd adlı fəhlə tərəfindən piyada sərnişin idxal xəttinədək gətirildikdən sonra gömrük baxışı keçirilərkən çantalarda olan suvenir şamların içərisindən dərman preparatları aşkar edilmişdir. Bu məsələnin araşdırılması ilə bağlı əməliyyat qrupu yaradılmış və əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərar qəbul edilmişdir. Hal şahidlərinin və malı qəbul etmiş X5 iştirakı ilə çantalara gömrük baxışı keçirildikdə çantalardan birindən şam, onların içərisindən isə külli miqdarda dərman preparatları və kristalşəkilli naməlum maddə aşkar edilərək götürülmüşdür. Həmin dərmanlar sayıldıqda “Lyrica 300 mg" göstəricili dərman preparatının sayının 2510 ədəd, “Gercia 300 mg” göstəricili dərman preparatının sayının isə 54 ədəd olması, kristalşəkilli maddənin çəkisinin isə 169 qram təşkil etməsi müəyyən edilmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid5 Şahid4 Xaliq oğlunun ifadəsi ilə oxşar məzmunlu ifadə verərək onun göstərdiyi halları təsdiq etdi. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş, məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq olunmuş Şahid1 göstərmişdir ki, əvvəllər Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Hava Nəqliyyatı üzrə X12 “Şıxlı” X8 nəzarətçi vəzifəsində işləmişdir. 2018-ci il tarixdə öz ərizəsi əsasında işdən azad olunmuşdur. 2018-ci ilin yanvar ayında Şıxlı X8 xidmətdə olan zaman bir qadın Gürcüstandan ölkə ərazisinə daxil olub pasport nəzarətindən keçməyə başlamış, həmin qadının adının Şəfiqə və Beyləqan rayonundan olduğunu görüb özü də Beyləqanlı olduğundan özünün də Beyləqanlı olduğunu bildirib tanışlıq vermiş, həmin qadın onun atasını, əmisini tanıdığını bildirmişdir. Sonra həmin qadın pasport nəzarətindən keçdikdən təxminən 5-6 dəqiqə sonra geri qayıtmış və ona “olar sənin mobil telefon nömrəni götürüm, qızım yük göndərəcək, köməklik edərsən, yükü gətirən şəxs çox növbədə gözləməsin” demiş, özü isə ona köməklik edəcəyini bildirmişdir. 2018-ci ilin mart ayının ortalarında Şəfiqə zəng edib qızının yük göndərdiyini bildirib həmin yükün növbədən kənar keçirilməsinə köməklik göstərməyini xahiş etmiş, özü isə ona artıq orada işləmədiyini bildirmişdir. Şəfiqə isə indi qızının onunla əlaqə saxlayacağını demiş, təxminən 3-4 dəqiqədən sonra Türkiyə nömrəsindən onun istifadə etdiyi nömrəyə “WhatsApp” proqramından mesaj gəlmiş, bir qadın mesajda Şəfiqənin qızı olduğunu, Türkiyədən avtobusla bir yük göndərdiyini bildirərək həmin yükü gətirən şəxsə növbədən kənar keçməkdə köməklik göstərməyini xahiş etmiş, özü isə həmin qadına mesajla “mən artıq orada işəmirəm” deyə cavab vermişdir. Həmin qadın isə ona yenə mesaj yazıb yükü gətirən şəxsə növbədən kənar keçməkdə köməklik göstərməsi üçün kiməsə müraciət etməyi xahiş etmişdir. Odur ki, həmin qadına mesajla köməklik göstərəcəyini bildirmiş və yükünün nədən ibarət olmasını soruşmuşdur. Həmin qadın isə yükün paltar və şamdan ibarət olduğunu bildirmiş, sonra həmin qadın “WhatsApp” proqramı ilə ona sürücünün mobil nömrəsi yazılan kağızın şəklini göndərmiş, təxminən 2-3 saatdan sonra ona bir nəfər zəng edib avtobus sürücüsü olduğunu, 1-2 saata çatacağını bildirib həmin yükü gəlib “neytral zona” adlanan ərazidə qəbul etməyini xahiş etmişdir. Özü isə sürücüyə bir azdan onunla əlaqə saxlayacağını bildirmiş, sonra yenidən həmin qıza “sürücü mənə deyir ki, gəl yükü neytral zonadan götür, mən demişdim axı mən işdən çıxmışam" məzmunlu mesaj göndərmişdir. Həmin qadın isə mesajla “mən məcbur qalıb sürücüyə elə dedim, mən sənin işdən çıxdığını bilmirdim, çünki, yükü göndərəndən sonra sənin işdən çıxdığını bildim, sən sürücüyə de ki, mən gəlib yükü neytral zonada qəbul edəcəyəm, sürücü ora çatanda isə deyərsən ki, mən orada yoxam, sən yükü keçir, mən pulunu verəcəyəm” demişdir. Onunla razılaşmamış, sonra anası Şəfiqə ona zəng edib qızına köməklik göstərməsi üçün yalvarmışdır. O da etiraz etməmiş, sonra “WhatsApp” proqramı ilə sürücüyə zəng edib çatıb-çatmaması ilə maraqlanmış, sürücü isə avtobusun olmadığını, ancaq özünün yüklə birlikdə “neytral zona”da olan Azərbaycan bayrağının yanında olduğunu bildirmiş, özü isə ona orada olmadığını, yükü özünün keçirməsini demişdir. Sürücü isə avtobusun onun adına olduğunu, avtobusda yük keçirməyə icazə vermədiyini bildirib başqa bir şəxs tapıb yükü götürməyi bildirmişdir. Orada xidmət aparan baş gizir Məmmədrza Rzayevdən əvvəlcədən bir türkün yük gətirəcəyini, ona növbədən kənar keçməyə köməklik etməyi xahiş etmiş, Məmmədrza Rzayev isə ona həmin şəxsi növbədən kənar keçirməyə köməklik göstərəcəyini bildirmişdir. Sonra sürücüdən orada fəhlə varsa yükü fəhlə ilə göndərməyi xahiş etmiş, sürücü isə yanında Mustafa adlı fəhlə olduğunu bildirmiş və telefonu Mustafaya vermişdir. Mustafadan həmin yükü gömrükdən keçirməyi və sürücüyə təhvil verməyi xahiş etmiş, Mustafa isə əlində işi olduğunu bildirib həmin işi görməyi Məqsəddən xahiş edəcəyini demişdir. Bu söhbətdən təxminən yarım saat sonra orada fəhlə işləyən Məqsəd də zəng edib yükün anbara təhvil verildiyini və içərisindən dərman aşkar edildiyini bildirmişdir. Odur ki, dərhal qıza “WhatsApp” proqramı ilə mesaj yazıb yükün içindən dərman aşkar edildiyini bildirmiş və nə üçün onu belə işlərə qoşduğunun səbəbini soruşmuş, həmin qız isə “ola bilməz, siz mənim başıma nə oyun açırsınız, malımı nə üçün orada saxlatdırmısınız” məzmunlu mesaj göndərmişdir. Özü isə onu təhqir edib telefonu söndürmüş, sonra onun anasına zəng edib öz iradını bildirmiş və ona da çantalardan dərman aşkar edildiyini demişdir. Həmin qadın isə ondan üzr istəmiş, sonra yenə onun qızı ona “anama nə üçün demisən, bu nə iş idi düşdük, mənim nə qədər pulum var idi qoymuşdum ora ki, Türkiyədə itirdiyim sənədləri düzəltdirim və gəlim Bakıya” məzmunlu mesaj göndərmişdir. Sonra avtobusun sürücüsü ona zəng edib yükü haradan götürəcəyini soruşmuş, özü isə ona yükün tutulduğunu bildiyini, onsuz da yükün sahibinin özü olmadığını, yükün sahibinin bir qadın olduğunu və həmin qadının yükü gəlib götürəcəyini bildirmiş və “WhatsApp” proqramı ilə həmin qadının nömrəsini sürücüyə göndərmişdir. Sonra Şəfiqəyə zəng edib ona görə yükün buraxıldığını bildirib yükü gətirən sürücünün nömrəsini ona göndərmişdir. Sonra onun qızı “anamı nə üçün ora göndərirsən, anamı əməliyyat qurub tutacaqlar” məzmunlu mesaj göndərmiş, özü isə onların ifşa edilməsi üçün ona “narahat olma, sizin avtobusdan əlavə başqa 2 avtobusdan da eyni dərmandan tutulub, onları saxlayıblar, amma sizinkini mən xahiş eləmişəm buraxıblar” məzmunlu mesaj göndərmişdir. Sonra Şəfiqə zəng edib sürücüyə nə qədər zəng etsə də zəng çatmadığını və sürücünün gəlib çıxmadığını bildirmiş, sürücüyə zəng etmiş və onun harada olmasını soruşmuşdur. Sürücü isə avtobusda nasazlıq yarandığından hələ yola düşə bilmədiyini demiş, sonra yenidən Şəfiqəyə zəng edib avtobusun xarab olduğunu bildirmiş və ora çatdanda onunla əlaqə saxlayacaqlarını demişdir. Təxminən 2 gündən sonra qızı yenə ona zəng edib ağlaya-ağlaya anasının tutulduğunu bildirmiş, özü də ona “sizə görə elə mən də pis vəziyyətdəyəm” demişdir. Şəfiqə Məmmədova və ya onun qızı Təqsirləndirilən şəxs həmin yükün Azərbaycana növbədən kənar keçirilməsi müqabilində ona heç nə vəd verməmiş, onun həmyerliləri olduqlarına görə və israrla xahiş etdiklərindən onların bu təkliflərini qəbul etmişdir. İstər sürücü ilə, istər Şəfiqə Məmmədova ilə, istərsə də Təqsirləndirilən şəxs ilə telefonda danışarkən evdə olmuş və heç yerə getməmişdir. Şəfiqə Məmmədovadan göndərilən yükün nədən ibarət olmasını soruşmamış, yükü qızı Təqsirləndirilən şəxs göndərəcəyindən ondan yükün nədən ibarət olduğunu soruşmuş, o isə yükün paltar və şamdan ibarət olduğunu demişdir (cild 1, iş vərəqə 75-79). ********* nömrəli cinayət işi üzrə dindirilmiş X9 məhkəmə iclasında elan olunaraq tədqiq olunmuş ifadəsində göstərmişdir ki, Qəbələ rayonunun Nic qəsəbəsində qeydiyyatdadır və həmin ünvanda yaşayır. Fərdi əməklə məşğul olaraq ailəsinin dolanışığını təmin edir. Belə ki, turşu bağlayıb satışını həyata keçirməklə və həyətində olan ağaclardan fındıq yığıb satmaqla pul qazanır. Qış aylarında isə iş olmadığından qızı Rəvanə ilə birlikdə qadın və uşaq geyimlərinin satışı ilə məşğul olur. Belə ki, qızı Rəvanənin 9-cu mikrorayon adlanan ərazidə qadın və uşaq geyimləri dükanı vardır və qış aylarında Bakıya gələndə ona pal-paltar satışında köməklik göstərir. Bir qızı da var ki, onun adı Ülviyyədir və Türkiyə Respublikasının İstanbul şəhərində yaşayır. O da Türkiyə Respublikasından müxtəlif dükanlara pal-paltar göndərir. 15 mart 2018-ci il tarixdə Türkiyə Respublikasının İstanbul şəhərində yaşayan qızı Təqsirləndirilən şəxs zəng edərək nəvəsi üçün oyuncaq, geyim əşyaları və əlavə olaraq bir ədəd də çanta göndərdiyini bildirmiş, çantada nə olduğunu soruşduqda çantada özünə aid olan əşyaların və suvenir şamların olduğunu bildirib yükü göndərəcək yük avtomobilinin sürücüsünün mobil nömrəsini ona vermişdir. Təqsirləndirilən şəxs verdiyi mobil nömrə ilə, yəni ***-***-**-** saylı mobil nömrə ilə əlaqə saxlayıb ondan Bakı şəhərinə nə vaxt gələcəyini soruşmuş, o isə avtomobilinin xarab olduğunu və 17 mart 2018-ci il tarixdə Bakı şəhərinə gələcəyini bildirmişdir. Gecə saatlarında yenə həmin nömrə ilə əlaqə saxlayaraq nə vaxt gələcəyi ilə maraqlanmış, sürücü isə avtobusda nasazlıq olduğundan hələ ki, Bakı şəhərinə gələ bilməyəcəyini demişdir. Daha sonra Tovuz Gömrük İdarəsinin “Sınıq Körpü” gömrük postundan keçərkən orada Beyləqanlı olduğundan, yəni yerlisi olduğu üçün görüb tanış olduğu Dövlət Sərhəd Xidmətinin əməkdaşı Kənan ona zəng edib avtobusda nasazlıq yarandığından həmin yükün hələ gətirilməsinin mümkün olmadığını bildirmişdir. Kənana əvvəlcədən qızı Ülviyyənin pal-paltar yükü göndərəcəyini bildirib həmin yükün tez keçməsinə köməklik etməsini xahiş etmiş, o isə köməklik edəcəyini bildirmişdir. Odur ki, Kənan da həmin yükün gəlibgəlməməsi ilə maraqlanıb ona məlumat vermiş, 19 mart 2018-ci il tarixdə, saat 15 radələrində sərnişin avtobusunun sürücüsü onun ***-***-**-** saylı mobil nömrəsinə zəng edib yükləri hazırda Bakı şəhərinə gətirmək üçün yola düşdüyünü, təxminən 1 saat müddətində Bakı şəhərinə çatacağını və Sumqayıt şosessi istiqamətində yolun sağ tərəfində yerləşən “Star OK” firmasına məxsus qarajdan götürə biləcəyini bildirmişdir. Odur ki, saat təxminən 16 radələrində deyilən yerə getmiş və orada avtobusun gəlişini gözləmişdir. Avtobus gəldikdən sonra Ülviyyənin göndərdiyi yükləri qəbul etmək üçün sərnişin avtobusuna daxil olmuş, qızı ona göndərdiyi çantaların qara rəngli çantalar olduğunu bildirdiyindən avtobusda qara rəngli çanta görüb həmin çantaların ona çatacağını bildirmişdir. Həmin çantaya baxanda çantada pal-paltar və oyuncaqların yox, içərisində qırılmış halda olan şamlar olduğunu görmüş, orada ondan həmin çantanın ona məxsus olub-olmamasını soruşduqda həmin çantanın ona məxsus olmadığını bildirmişdir. Həmin vaxt bir neçə mülki geyimdə olan şəxslər ona yaxınlaşaraq gömrük əməkdaşları olduqlarını bildirib onlarla birlikdə getməyini xahiş etmişlər. Dövlət Gömrük Komitəsinin inzibati binasında olan otaqların birində onun da iştirakı ilə həmin çantaya baxış keçirilmiş, baxış zamanı çantadan 2510 kapsul “Lyrica 300” göstəricili və 54 kapsul “Gercia 300 mg" göstəricili dərmanlar, həmçinin kristal maddə aşkar edilmişdir. Sonda çantadan aşkar edilən maddələrə dair protokol tərtib edilmiş və onlar da protokolu imzalamışlar. Çantaların birində şam olduğunu gördükdən sonra qızı Ülviyyə ilə əlaqə saxlayıb göndərdiyi çantadan pal paltar yox, qırılmış halda olan şamların çıxdığını demiş, qızı Ülviyyə isə 2 çanta göndərdiyini, çantalardan birində oyuncaq, digərində isə suvenir şamlarla paltar olduğunu bildirmişdir. 15 mart 2018-ci il tarixdə qızının zəng edərək Türkiyə Respublikasından nəvəsi üçün oyuncaq, geyim əşyaları və bir ədəd də əlavə çanta göndərcəyini dedikdə, özü isə ondan çantada nə olduğunu soruşduqda qızı Ülviyyənin nə üçün “sən bilməzsən” deyə cavab verməsinin səbəbini bilmir. Kənanla qızı Ülviyyənin arasında olan söhbətlərdən məlumatı olmamışdır (cild 1, iş vərəqə 108-110). 182970106 nömrəli cinayət işi üzrə şahid qismində dindirilmiş X16 məhkəmə iclasında elan olunaraq tədqiq olunmuş ifadəsində göstərmişdir ki, Türkiyə Respublikası, Elazığ şəhəri, Feyzili küçəsi 3, ev 1 ünvanında qeydiyyatdadır və ailəsi ilə birlikdə həmin ünvanda yaşayır. Türkiyə Respublikasında adını unutduğu şəxsə məxsus və "Star OK Turizm” şirkəti tərəfindən xəttə buraxılmış “X20” markalı, 37LJ257 qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Türkiyə Respublikasının İstanbul şəhərindən Azərbaycan Respublikasının Bakı şəhərinə və əks istiqamətdə sərnişin daşımanı həyata keçirir. Sonuncu dəfə xx.xx.2018-ci il tarixdə çalışdığı şirkət tərəfindən Bakıya sərnişin aparmağı barədə göstəriş verilmiş, Türkiyə vaxtı ilə saat 14:30-da yola düşməyə hazırlaşmış, həmin vaxt şirkətin sahibi Türkiyə Respublikasının vətəndaşı Cihan Ok və bilet satışı işləri ilə məşğul olan azərbaycanlı Faiq adlı şəxslə ofisdə dayanıb söhbət edən zaman təxminən 32-36 yaşlarında bir qadın və onun yanında olan təxminən 25 yaşında olan oğlan onlara yaxınlaşmış və qadın yanında olan 2 çantanı ona göstərib həmin çantaları Azərbaycana göndərmək istədiyini, qeyd edilən çantaları Azərbaycan gömrüyünə çatmamış, yəni “neytral zona”da Kənan adlı gömrük işçisinin götürəcəyini bildirmişdir. Onlar həmin çantaların içərisində nə olması ilə maraqlandıqda həmin qadın hər iki çantanı açıb onlara göstərmiş və onlar çantalarda şam, paltar və uşaq oyuncaqlarının olduğunu görmüşlər. Onlar yüklərin hər kiloqramını 7 ABŞ dollarından hesablayıb apardıqlarından qadına qeyd edilən çantaları tərəziyə qoymasını bildirmiş, həmin qadın çantaları tərəziyə qoymuş və onun çəkisi 32 kiloqram təşkil etmişdir. Qadın çantanın Azərbaycan Respublikası ilə Gürcüstan arasında olan neytral zonada gömrük əməkdaşı tərəfindən götürləcəyini bildirdiyindən ona yalnız yükə dair Gürcüstan tərəfdə çəkilən xərci hesablamışlar və çantanın hər kiloqramını 3 ABŞ dollarına aparmağa razılaşmışlar. Həmin qadın çantanın pulunu neytrazl zonada çantanı qəbul edən Kənan adlı şəxs tərəfindən ödəniləcəyini bildirmiş, beləliklə də həmin çantaları avtobusa qəbul etmiş, həmin qadın onun mobil nömrəsini götürmüş, eyni zamanda onun mobil nömrəsini çantanı neytral zonada ondan götürəcək şəxsə, yəni Kənana göndərmişdir. Sonra Bakıya gəlmək üçün yola düşmüş, Türkiyə ilə Gürcüstan sərhədini keçdikdən sonra, saat təxminən 02 radələrində istifadə etdiyi ***-***-**- ** saylı mobil nömrəsinə 051- ***-**-** saylı mobil nömrəsindən zəng gəlmiş, lakin avtomobili idarə etdiyindən telefona cavab verə bilməmişdir. Təxminən 1 gün yol getdikdən sonra axşam saat 20 radələrində ***-***-**-** saylı mobil nömrəsindən istifadəsində olan +**********81 saylı nömrəsinə "whatsap” proqramı ilə “Salam”, “Azərbaycan tamojnusundan kenandu”, “Kenandi”, “Qardaş sizinle 2 sumka gonderibler”, “mene catacaq”, “Onu harda gorusub goturecem”, “Bura çatmamışdan yarim saat qabaq mene zeng et yada yaz bilim”, “qardaş bir cavab yazardında bilmki oxudun”, "Qardaş salam”, “O malin yiyesi basimi xarab edib. İki deqiqeden bir beni arayirki zeng vur gor nerde kaldi?”, “Sen parani alman icin deyirem”, “Beledeki menim vecime de deyil”, “Ozunuz bilərsiniz”, “Bir sey yaz” məzmunlu mesaj gəldiyini görmüş, həmin mesajlar ona gündüz vaxtı göndərilsə də, onları axşam vaxtı, saat 20 radələrində oxumuş, lakin avtomobili idarə etdiyindən həmin mesaja cavab verə bilməmişdir. xx.xx.2018-ci il tarixdə, saat 23 radələrində Gürcüstan gömrüyünə çatmış və gömrük nəzarətindən keçməyə başlamışdır. Həmin vaxt Kənan ona zəng vurmuş və harada olduğunu soruşmuş, özü isə ona Gürcüstan gömrüyündə olduğunu, hazırda pasport qeydiyyatından keçdiyini bildirib bir az sonra zəng etməsini demişdir. Sonra Gürcüstan gömrüyünü keçib neytral zonaya çatdıqda Kənan yenə ona zəng edib harada olduğunu soruşmuş, özü isə ona neytral zonada olan Azərbaycan bayrağının yanında olduğunu bildirmişdir. Kənan isə işinin çıxması ilə əlaqədar Baklıya getməli olduğunu bildirib həmin çantanı Azərbaycana onun gətirməyini xahiş etmiş və bunun müqabilində ona pul verəcəyini demişdir. Azərbaycan gömrüyünə daxil olmamışdan əvvəl sərnişinlər özlərinə məxsus yükləri götürüb gömrük nəzarətindən keçdiklərindən idarə etdiyi avtobusda bir tək Kənanın qəbul edəcəyi çantalar qalmış, Kənan yenidən ona zəng edib sərhəddə xidmət aparan Məmmədrza adlı əsgərə yaxınlaşmağını xahiş etmişdir. Özü də əsgərə yaxınlşamış və Kənanı soruşmuşdur. Həmin əsgər isə Kənanın artıq işləmədiyini, işdən çıxarıldığını bildirmiş, ona Kənanın yükü olduğunu və onun sözlərinə görə çantanı onun yanına gətirdiyini bildirmiş, həmçinin Kənan Məmmədrza ilə də telefonda danışmış, Məmmədrza adlı əsgər isə belə işlərə qarışmadığını və gətirdiyi bütün yükləri anbara təhvil verəcəyini bildirmişdir. Sonra Kənan ona zəng edib həmin yükləri Eidəniz adlı sərhədçiyə verməyi xahiş etmiş, özü isə ona heç kimin yükünü daşımayacağını bildirmiş və yüklərə sahib çıxmasını tələb etmişdir. Kənan isə onun bir dəqiqə orada gözləməyini xahiş etmiş, sonra “neytral zona”da avtobusun yanında olan zaman Məqsəd adlı yük daşımaqla məşğul olan şəxs gəlmiş və Kənanın çantalarını götürmək üçün gəldiyini bildirmişdir. O da həmin çantaları Məqsədə vermiş, sonra Məqsədə həmin yükün karqo pulunu ödəmək lazım olduğunu demiş, Məqsəd isə yükün daşınması xidmətinin pulunun kim tərəfindən ona ödəniləcəyini soruşduqda ona “get, yükü daşımaq pulunu Kənandan al” deyə cavab vermişdir. Sonra Məqsəd yükü götürüb gömrük nəzarətindən keçməyə başlamış, Kənan bir daha ona zəng edib həmin yükləri Bakıya gətirməyini xahiş etmiş və həmin yükü bir qadının gəlib götürüəcəyini və pulunu verəcəyini bildirmişdir. Yükü Bakıya gətirməyə razılaşmış, sonra gömrük nəzarətindən keçib çay içmək üçün Azərbaycan tərəfdə olan kafeyə getmiş, kafedə olan zaman bir nəfər gömrük əməkdaşı gəlib Yücelin kim olduğunu soruşmuş, özünü təqdim edib Yücel olduğunu bildirmişdir. Həmin gömrük əməkdaşı isə onu özü ilə gömrüyün içərisinə aparmış, orada ona gətirdiyi çantanın içərisinə baxış keçirilərkən çantada olan şamların içərisindən çox sayda dərman prepatratlarının çıxıdığını bildirmişlər. Orada onun da iştirakı ilə həmin dərmanları sayıb qablaşdıraraq götürmüşlər. Bütün olanları gömrük əməkdaşlarına bildirmiş, sonra Kənan yenə ona zəng edib çantaların gömrük nəzarətindən keçib- keçməməsi ilə maraqlanmış, Kənana bu barədə məlumatının olmadığını demişdir. Sonra Kənan bir daha ona zəng edib çantaların gömrükdə saxlanıldığını bildirərək nə üçün yalan danışdığını soruşmuş, Kənana heç nədən məlumatının olmadığını bildirmişdir. Kənan isə həmin çantaların bir qadına məxsus olduğunu bildirmiş və həmin qadının mobil nömrəsini “whatsap” proqramı ilə ona göndərmişdir. Həmin qadının nömrəsi ***-***-**-** olmuş, sonra ona ***-***-**-** saylı nömrədən zəng gəlmiş və bir qadın çantaların ona məxsus olduğunu bildirmiş və nə vaxt Bakıya çatacağını soruşmuşdur. Avtobusun texniki nasazlığı səbəbindən nə vaxt çatacağını bilmədiyini demiş, sonra ona +**********18 saylı Türkiyə nömrəsindən zəng gəlmiş və ertəsi gün nə vaxt Bakıya çatacağını ondan soruşmuşlar. Həmin şəxsdən kim olduğunu soruşduqda İstanbulda Kənana çatdırmaq üçün çantaları verən qadın olduğunu demiş, gömrük əməkdaşları ona kimsə dərmanların saxlanılması ilə bağlı nəsə soruşsa onlara heç bir məlumat verməməyini tapşırdıqlarından bu barədə onlara heç bir məlumat verməmiş və həmin qadına sabah saat neçədə Bakıya çatacağını demədən çantaların hazırda avtobusda olduğunu bildirmişdir. O da ona “yolunuz açık olsun” deyib telefonu söndürmüş, təxminən 1-2 saatdan sonra Türkiyə nömrəsi ilə zəng edən qadın ona yenidən zəng etmiş, amma gömrük əməkdaşları həmin telefona cavab verməməyini bildirdiklərindən telefona cavab verməmişdir. Ertəsi gün, səhər gömrük əməkdaşı Elşən müəllimlə Tovuz Gömrük İdarəsinə getmiş, həmin vaxt azərbaycan nömrəsi ilə, yəni ***- ***-**-** saylı nömrə ilə zəng edən qadın və Kənan tez-tez ona zəng etmiş, lakin onların zənglərinə cavab verməmişdir. Sonra yenə Elşən müəllimin yanına getmiş və həmin şəxslərin ona tez-tez zəng etdiklərini bildirib nə etməli olduğunu soruşmuş, özü isə avtobusda yaranmış nasazlıq səbəbindən Bakıya gedə bilmədiklərini, Bakıya çatdıqda onunla əlaqə saxlayacağını demişdir. Bir neçə saatdan sonra fərqli bir nömrədən ona zəng gəlmiş, o telefona cavab verəndə həmin şəxs avtobusda çantalarının olduğunu bildirib onun harada olması ilə maraqlanmış, həmin şəxsdən avtobusda nə çantaları olduğunu soruşduqda həmin şəxs Ankaradan onlara 3 çanta gəldiyini bildirmiş, həmin şəxsin yalan danışdığını başa düşmüş, çünki avtobusda çanta olmamışdır. Ona Ankardan onlara çanta göndərmədiklərini bildirmiş, həmin şəxs isə Bakıdan zəng edib həmin çantaların onun götürməyini xahiş etdklərini bildirmişdir. Təhqiqatçı Elşən müəllim ona həmin nömrələrdən zəng gəlsə onları müxətlif bəhanələrlə yola verməsini dediyindən elə də etmiş, çünki bazar ertəsi əməliyyat keçirib çantanın sahibini saxlamaq istəmişlər. 18 mart 2018-ci il tarixdə, gecə saat 02 radələrində Bakıya gələn bir avtobusa minmiş və səhər 8 radələrində Bakıya çatmışdır. Elşən müəllimin (Elşən K.Səfərli həmin vaxt Tovuz Gömrük İdarəsində təhqiqat şöbəsinin rəisi vəzifəsində işləyirdi) tapşırığına əsasən telefonlara cavab verməmişdir. Bazar ertəsi günü qadın gedib həmin dərmanlar olan çantanı götürdükdə onu saxlamışlar. Türkiyə Respublikasında çantaları Bakıya aparmaq üçün onlara təqdim edəndə həmin çantalara baxış keçirmiş, lakin çantada pal-paltar, uşaq oyuncağı və suvenir şamlar olduğunu görmüş, lakin şamların içərisində dərman gizlədilə biləcəyi ağıllarına gəlməmişdir. Dərmanları Bakıya aparmaq üçün onlara təqdim edən qadınla kişini tanımır və onları görməmişdir. Kənan adlı şəxsi də əvvəllər tanımamış və görməmişdir (cild 1, iş vərəqə 64-69). Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspert rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. İbtidai istintaq zamanı X9 ilə Şahid1 arasında üzləşdirmə istintaq hərəkəti aparılmış və Şahid1 X5 üzünə qarşı çantalardan qeyd edilən dərman preparatlarının aşkar edildiyi gün bu barədə X6 məlumat verdiyini bildirmiş, X9 da Şahid1 ona dərmanlar saxlanıldığı gün çantalardan dərman çıxdığını dediyini bildirsə də, sonradan ona zəng edib çantaları buraxdırdığını bildirdiyindən ona arxayın olub 19 mart 2018-ci il tarixdə çantaları qəbul etməyə getdiyini bildirmişdir (cild 1, iş vərəqə 115-121). Baxış və götürmə haqqında 17 mart 2018-ci il tarixli protokoldan görünür ki, Türkiyə Respublikası vətəndaşı X11 idarə etdiyi “Mercedes Benz” markalı “Travego” modelli **-LJ-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsində Türkiyə Respublikasından Azərbaycan Respublikası ilə Gürcüstan sərhədi arasında olan “neytral zona” adlanan əraziyədək gətirilmiş iki ədəd çantalara baxış keçirilərkən çantalardan birinin içərisindən suvenir şamların içərisində gizlədilmiş 2510 ədəd kapsul şəklində "Lyrica 300 mg” göstəricili, 54 ədəd kapsul şəklində “Gerica 300mg” göstəricili dərman preparatları və 169 qram kristal şəklində narkotik vasitəyə oxşar maddə aşkar edilərək götürülmüşdür (cild 1, iş vərəqə 20-22). Baxış keçirilməsi və götürmə haqqında 19 mart 2018-ci il tarixli protokoldan görünür ki, X5 içərisindən külli miqdarda güclü təsir edən maddələrin aşkar edildiyi çantaları qəbul etmək üçün Bakı-Sumqayıt yolunun 15-ci kilometrliyində yerləşən "xxxx" MMC-nin avtobusların dayanacağına gəlməsi, həmin çantaları avtobusdan götürmək istədikdə saxlanılması müəyyən edilmişdir. X6 çantalara baxış keçirdikdə çantalardan birinin içərisindən 2510 ədəd kapsul şəklində “Lyrica 300 mg" göstəricili, 54 ədəd kapsul şəklində “Gercia 300mg” göstəricili dərman preparatlarının və 169 qram kristal şəklində narkotik vasitəyə oxşar maddənin aşkar edilərək götürülməsi barədə məlumat verilmiş, Şəfiqə Məmmədova isə ona “əmanət” göndəriləcəyindən xəbərdar olduğunu bildirmişdir (cild 1, iş vərəqə 33-34). 04 aprel 2018-ci İl tarixli 7118 saylı ekspert arayışı və 25 may 2018-ci il tarixli 12265/13539 saylı ekspert rəyindən görünür ki, ümumi təsiredici maddəsinin miqdarı 753 qram təşkil edən 2510 kapsul “Lyrica 300 mg pregabalin” və təsiredici maddəsinin miqdarı 16,2 qram təşkil edən 54 kapsul “Gerica 300 mg Pregabalin” göstəricili dərman preparatları 18 mart 2016-cı il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş "Güclü təsir edən maddələrin” siyahısına daxildirlər, 02 ədəd torbada olan və ayrı-ayrılıqda çəkiləri 83,630 qram və 82,356 qram təşkil edən ağ rəngli ristal şəkillli maddənin əsas tərkibi kalsium elementi olan mineral maddədir, “Lyrica 300 mg pregabalin” və “Gerica 300 mg Pregabalin” göstəricili dərman preparatları hazırda satışda olmadığından qiymətinin müəyyən etmək mümkün olmamışdır. Ekspert tədqiqatından sonra “Lyrica 300 mg pregabalin” göstəricili dərman preparatının sayı 2495 ədəd, “Gerica 300 mg Pregabalin" göstəricili dərman preparatının sayı 47 ədəd təşkil etmişdir (cild 1, iş vərəqə 58-63, 94-98). Şəxsin fotoşəkillər üzrə tanınmaya təqdim edilməsi haqqında 14 aprel 2018-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs fotoşəkili ********* saylı cinayət işi üzrə şahid qismində dindirilmiş X13 təqdim edilərkən o, 15 mart 2018-ci il tarixdə çalışdığı şirkətin ofisinə iki ədəd çantanı Azərbaycana aparması üçün ona təhvil verən qadının fotocədvəldə “2” rəqəmi ilə nömrələnmiş şəxs olduğunu bildirərək Təqsirləndirilən şəxs fotoşəkilini tanımışdır (cild 1, iş vərəqə 72-74). Baxış keçirilməsi haqqında 07 iyun 2018-ci il tarixli protokoldan görünür ki, 17 mart 2018-ci il tarixdə sat 01 radələrində Touz Gömrük İdarəsinin “Sınıq Körpü” gömrük postunda Türkiyə Respublikası vətəndaşı X11 idarə etdiyi “Mercedes Benz” markalı “Travego” modelli **- LJ-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsinə baxış keçirilərkən aşkar edilən ümumi təsiredici maddəsinin miqdarı 753 qram təşkil edən 2510 ədəd kapsul şəklində “Lyrica 300 mg” preqabalin və təsiredici maddəsinin miqdarı 16,2 qram təşkil edən 54 ədəd kapsul şəklində “Gerica 300 mg” göstəricili dərman preparatlarının gizlədildiyi 01 ədəd qara rəngli çantada olan aksessuar şamlarıdır(cild 1, iş vərəqə 91-93). Ambulator məcburi-narkoloji tibbi yoxlamanın 01 aprel 2023-cü il tarixli 1817 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur (cild 2, iş vərəqə 49-50). Bakı Ağır Cinayətlər Məhkəməsinin 17 iyul 2019-cu il tarixli, 1(101)-633/2019-cu il nömrəli hökmündən görünür ki, X9 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 32.5, 206.3.2-ci və 32.5, 240.3.2-ci maddələri ilə təqsirli bilinərək 06 il müddətinə azadlıqdan məhrum emə cəzasına məhkum edilmişdir (cild 2, iş vərəqə 1-19). İbtidai istintaq orqanının 12 aprel 2023-cü il tarixli qərarı ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 206.3.2-ci və 240.3.2-ci maddələri ilə ********* nömrəli cinayət işi ayrıca icraata ayrılmışdır (cild 2, iş vərəqə 71-90). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin məlumatından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 1, iş vərəqə 83). Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməllər ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir, həmin əməllər qəsdən törədilmişdir, başa çatmış cinayətlərdir. Təsnifata görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 206.3.2-ci və 240.3.2-ci maddələrində nəzərdə tutulan əməllər ağır cinayətlərdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə, Təqsirləndirilən şəxs anası X6 hər hansı bir dərman preparatı göndərmədiyi barədə məhkəmədə verdiyi ifadəsini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmağa, məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək ittiham olunduğu cinayət əməlini törətməsini sübuta yetirilmiş hesab edir. Onun öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələri yuxarıda göstərilən sübutlarla - cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları ilə tam təkzib olunur. Beləliklə, məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 206.3.2-ci və 240.3.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməsi sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 206.3.2-ci və 240.3.2-ci maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamasını Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hal qismində nəzərə alır. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158-ci maddəsində də birbaşa göstərilir ki, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir (maddə 158.6). Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs barəsində xx.xx.2019-cu il tarixdə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 206.3.2 və 240.3.2 maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi barədə qərar qəbul olunmuş, lakin Azərbaycan Respublikasının hüdudlarından kənarda olduğundan ona ittiham elan etmək mümkün olmamış, odur ki, həmin tarixdə barəsində axtarış elan edilmiş və Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 12 iyun 2019-cu il tarixli qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəlinin tutulduğu tarixdən hesablanması qərara alınmışdır. Təqsirləndirilən şəxs TK-332 saylı İstanbul-Bakı aviareysi ilə Türkiyə Respublikasından Azərbaycan Respublikasına gələrkən 04 mart 2023-cü il tarixdə X14 Hava Limanında saxlanılmışdır (cild 1, iş vərəqə 280-282, cild 2, iş vərəqə 23). Ona görə də, məhkəmə göstərilənləri nəzərə almaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 04 mart 2023-cü il tarixdən hesablanmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. İş üzrə maddi sübutlar - ekspert tədqiqatından sonra sayı 2495 kapsul təşkil edən “Lyrica 300 mg” preqabalin və sayı 47 kapsul təşkil edən “Gerica 300 mg” göstəricili dərman preparatlarının Bakı Ağır Cinayətlər Məhkəməsinin 17 iyul 2019-cu il tarixli, 1(101)-633/2019cu il nömrəli hökmünə əsasən Müsadirə edilmiş narkotik vasitələri, psixotrop maddələri və onların prekursorlarını məhvetmə komissiyasının 04 oktyabr 2019-cu il tarixli 18 nömrəli aktı ilə məhv edildiyi nəzərə alınmalıdır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” xx.xx.2006-cı il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2011-ci il tarixli, “Məhkəmə hökmü haqqında” xx.xx.2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 206.3.2-ci və 240.3.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin, ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 240.3.2-ci maddəsi ilə 4 (dörd) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs cinayətlərin məcmusu üzrə qəti olaraq 6 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 04 mart 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İş üzrə maddi sübutlar və ekspertiza xərci ilə bağlı məsələnin Bakı Ağır Cinayətlər Məhkəməsinin 17 iyul 2019-cu il tarixli hökmü ilə həll edildiyi nəzərə alınsın. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Faiq Qəniyev Hakimlər: Mahmud Ağalarov Samir Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar