Məhkəmə qərarları › İş №1(101)-1261/2025

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1261/2025

19.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1261/2025 19.06.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Məhkəmənin hakimləri Tağıyev Azər Heydər oğlunun sədrliyi, X11 və Ələkbərli Roman Nəriman oğlundan ibarət tərkibdə, Bəşirli Pərvanə Böyükağa qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Yusif Allahverdiyev və Partnyorları Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1997-ci ildə Tərtər rayonu Qaradağlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, işləməyən, məhkumluğu olmayan, Tərtər rayonu, Qaradağlı kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının CM-nin) 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ:

1. Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən satış məqsədilə qanunsuz olaraq narkotik vasitəni külli miqdarda əldə etmə, saxlama və daşıma əməlini törətmişdir.

İşin faktiki halları:

2. Təqsirləndirilən şəxs şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikası vətəndaşı olması ehtimal olunan «Ali» adlı şəxsdən, ona bildiyirdiyi ünvanlara, digər naməlum şəxslərə çatdırmaq məqsədi ilə istintaqa məlum olmayan vaxtda və ünvandan satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda təmiz çəkisi 2160,0 qram bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı əldə edib, üzərində saxlayaraq Bakı şəhəri Sabunçu rayonu Maştağa-Nardaran massivinə qədər daşımış, 03 yanvar 2025-ci il tarixdə saat 21:45-də özünü şübhəli apardığı üçün Sabunçu RPİ-nin 42-ci PBnin əməkdaşları tərəfindən həmin ünvanda saxlanılaraq Sabunçu RPİ-nin 42-ci PB-nə gətirilib üzərində xx.xx.2025-ci il tarixdə saat 01:05-də şəxsi axtarış və götürmə aparılarkən əlində saxladığı bir ədəd çuvalın içərisində iki ədəd qara selofan bağiamalarda ayrı-ayrılıqda təmiz çəkiləri 785,0 qram və 1375,0 qram olmaqla ümumi təmiz çəkisi 2160,0 qram külli miqdarda bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür.

Təqsirləndirilən şəxsə qarşı ittiham tərəfinin təqdim etdiyi sübutlar aşağıdakılardan ibarətdir:

3. Məhkəmə iclasında şahid qismində dindirilmiş Sabunçu RPİ-nin 42-ci Polis Bölməsinin baş əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə iş yoldaşı Şahid2lə birlikdə Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi ərazisində xidmət aparan zaman saat 21:45-də Maştağa-Nardaran massivində 1 nəfər şəxsin özünü şübhəli apardığını və biraz irəlidə dayanan “Chevrolet Cobalt” markalı taksi avtomobilinə tərəf getdiyini görmüşdür. Həmin şəxsin əlində sellofan paket olmuşdur, iş yoldaşı ilə sonuncuya ona yaxınlaşaraq, özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirmiş, eyni zamanda həmin şəxsdən şəxsiyyətini təsdiq edən sənəd təqdim etməsini xahiş etmişlər. Lakin özünü şübhəli aparan həmin şəxs üzərində heç bir sənəd olmadığını bildirmiş və onların suallarına cavab verməkdən yayınmağa çalışmış, bu səbəbdən də onlar həmin şəxsi və taksi sürücüsü Sabunçu RPİ-nin 42-ci PB-nə gətirmişlər. Polis bölməsində həmin şəxsin xx.xx.1997-ci il təvəllüdlü Təqsirləndirilən şəxs olması müəyyən olunmuş, sonuncunun barəsində tutma protokolu tərtib edilmiş, ona hüquq vəzifələri izah edilmiş və hüquqlarının müdafiəsi üçün vəkil dəvət edilmişdir. Sonuncu müdafiəçinin iştirakı olmadan üzərinə şəxsi axtarış aparılması barədə ərizə ilə müraciət etdikdən sonra onun üzərinə videoçəkiliş aparılmaqla şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış aparılmazdan əvvəl Təqsirləndirilən şəxs üzərində qanunla daşınması qadağan edilmiş əşya və ya başqa nəsə varsa təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra sonuncu əlində saxladığı bir ədəd çuvalın içərisindən 2 ədəd qara sellofan çıxardıb təqdim etmiş və həmin sellofanda olan narkotik vasitə qurudulmuş marixuana olduğunu, həmin marixuananı tanımadığı İİR-sı vətəndaşından onun dediyi yerlərə atmaq üçün aldığını bildirmiş, həmin maddə zərfə qoyularaq möhürlənmiş və bu barədə protokol tərtib edilərək imzalanmışdır. Daha sonra Təqsirləndirilən şəxs özünə məxsus bir ədəd “Honor” markalı mobil telefonu təqdim etmiş və həmin iranlı ilə whatsap ani mesajlaşma vasitəsi ilə əlaqə saxladığını bildirmişdir. Məhkəmə iclasında Şahid1 verilmiş suallara cavab olaraq bildirmişdir ki, təqsirləndirilən şəxsə yaxınlaşanda o, “Chevrolet Cobalt” markalı taksi avtomobilinə tərəf getmiş, sonuncunun əlində çuval olmuş və ekspertizadan sonra çuvaldakının marixuana olması müəyyən edilmişdir. Bolt proqramından təqsirləndirilən şəxsin taksi ilə gəlməsi müəyyən edilmiş, həmin vaxt onun yanında digər polis əməkdaşı olmuş, lakin onlar hazırlıqlı olmadıqlarına, yanlarında peçat, zərf olmadığına görə Təqsirləndirilən şəxs saxladıqları yerdə şəxsi axtarış keçirə bilməmişlər. Təqsirləndirilən şəxsi saat 21:45-də saxlamış, 15 dəqiqə sonra bölməyə aparmış, sonuncu növbətçi hissədə əli açıq vəziyyətdə saxlanılmış, vəkillə danışılmış və o gələnə qədər müəyyən müddət keçmişdir. Təqsirləndirilən şəxs onlara həmin narkotik vasitəni İİR-nın vətəndaşından alıb sonuncunun dediyi yerlərə qoymalı olduğunu bildirmiş, istər saxlanılarkən və ya sonra təqsirləndirilən şəxsə qarşı hər hansı fiziki və ya psixi təzyiq göstərilməmişdir.

4. Məhkəmə iclasında şahid qismində dindirilmiş Sabunçu RPİ-nin 42-ci Polis Bölməsinin cinayət axtarış üzrə kiçik inspektoru Şahid2 ondan əvvəl məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsinə uyğun eyni məzmunlu ifadə verərək bildirmişdir ki, Təqsirləndirilən şəxs əlində çuval olmuş, lakin sonuncunu saxlayan zaman çuvaldakının nə olmasını bilməmişdir, yalnız şəxsi bölməyə apardıqdan sonra əlindəki çuvala baxış keçirilmişdir. Təqsirləndirilən şəxsi saat 21:45-də saxlanılmış, 15 dəqiqə sonra bölməyə aparılmış, bölməyə gətirən kimi şəxsi axtarış keçirilmiş, şəxsi axtarışda sonuncunun istəyi üzərinə vəkil iştirak etməmişdir. Məhkəmə iclasında Şahid2 verilmiş suallara cavab olaraq bildirmişdir ki, təqsirləndirilən şəxs istər saxlanılarkən və ya sonra ona qarşı hər hansı fiziki və ya psixi təzyiq edilməmiş və təqsirləndirilən şəxsin üzərində xəsarətləri olmasından xəbəri olmamışdır. Təqsirləndirilən şəxs əlindəki sellofanda olan narkotik vasitə qurudulmuş marixuana olduğunu, həmin marixuananı tanımadığı İİR-sı vətəndaşından onun dediyi yerlərə atmaq üçün aldığını etiraf etmişdir.

5. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, etibarnamə ilə idarə etdiyi “Chevrolet Cobalt” markalı **-YK-*** dövlət qeydiyyat nişanlı avtomobillə o, Uber və Yango taksi xidmətləri ilə əməkdaşlıq edərək taksi fəaliyyəti ilə məşğul olurmuş. xx.xx.2025-ci il tarixdə Uber xidmətindən ona sifariş gəlmiş və o həmin sifarişi yerinə yetirmək üçün Sabunçu rayonu Ramana qəsəbəsinə getmiş, orada müştərini götürərək Nardaran istiqaməti üzrə hərəkətə başlamışdır. Nardaran qəsəbəsində müştəri düşmüş və o da müştəri həm gediş, həm də dönüş sifarişini verdiyi üçün sonuncunu gözləmişdir. Bir qədər gözlədikdən sonra o, güzgüdən arxa tərəfə baxaraq gözlədiyi müştərinin əlində sellofan paket ilə gəldiyini və sonradan ona bir neçə nəfər şəxsin yaxınlaşdığını və həmin müştərinin əlindəki paketi tullamaq istədiyini, lakin tullaya bilmədiyini və sonra onların hamısının ona tərəf gəldiyini görmüşdür. O, isə avtomobildə oturub gözləmiş, polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim etmiş və onu Sabunçu RPİ-nin 42-ci PB-nə dəvət etmişlər. O, polis bölməsinə gedib orada baş verənlərlə bağlı izahat vermişdir.

6. xx.xx.2025-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci ildə şübhəli şəxs qismində tutulmuşdur (i/v 25).

7. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində xx.xx.2025-ci il tarixdən hesablanmaqla 04 ay müddətə həbs qətimkan tədbiri seçilmişdir (i/v 90-94).

8. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlama müddəti 15 gün, yəni xx.xx.2025-ci il tarixədək uzadılmışdır (i/v 154-158).

9. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır (i/v 171-172).

10. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 7/04 saylı, xx.xx.2025-ci il tarixli rəyindən görünür ki, təqdim edilmiş bir ədəd qara rəngli polietilen bağlamada olan iki ədəd sellofan bağlamalarda ayrı-ayrılıqda təmiz çəkiləri 785,0 qram və 1375,0 qram, ümumi çəkisi 2160,0 qram bitki mənşəli kütlələr tərkibinə narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır (i/v 56-58). Ekspertiza tədqiqatının dəyəri 72 (yetmiş iki) manat təşkil etmişdir (i/v 57).

11. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X2 ekspert komissiyasının xx.xx.2025-ci il tarixli, 151 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanseri idə qeydiyyata alınması məsləhət görülür(i/v 123-124).

12. xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, cinayət işi üzrə “Honor” markalı mobil telefona baxış zamanı telefonun “whatsapp” tətbiqinə daxil olunmuş, orada olan sms məlumatlarına baxışdan müəyyən edilmişdir ki, “Ali” adı ilə qeydiyyata alınmış +**********29 saylı nömrədən daxil olmuş smslərdən saat 21:26 “Baba” “Tarezi var”, saat 21:31 fotoşəkil tərəzi üzərində 1000 rəqəmləri və bir büküm var. Saat 21:35 “Harsin 3 yere gocasan yarım kilo yarım kilo”, saat 21:40 “Baba guturdin mali”, saat 21:45 “Baba na oldi mali guturdin” kimi çox saylı mesajlar vardır (i/v 84).

13. 07.01.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxsyevin üzərindən aşkar edilmiş və ekspertiza tədqiqatından sonra qalmış narkotik vasitə olan 2159,9 qram qurudulmuş marixuana maddi sübut kimi tanınaraq saxlanması üçün Sabunçu RPİ-nin maddi sübutların saxlanc anbarına təhvil verilmişdir. (i/v 109-110).

14. 14.04.2025-ci il tarixli sübutların qiymətləndirilməsi, maddi sübut hesab edilməsi və cinayət işindən başqa bir cinayət işinin ayrılması haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs məxsus 01 ədəd “Honor” markalı mobil telefon maddi sübut kimi tanınaraq saxlanması üçün Sabunçu RPİ-nin saxlancına təhvil verilmişdir. (i/v 125-130).

15. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasının xx.xx.2025-ci il tarixli məktubundan və məhkumun tibbi kitabçasının surətindən görünür ki, müayinə zamanı həbs edilmiş şəxs Təqsirləndirilən şəxs zədə aldığını və xəsarətin həbs olunan zaman alındığını bildirir, sağ baldırın ön səthində köhnə çapıq var. Hər iki yuxarı ətraflarında narkotik iynəsinin izləri var. Sol baldırın orta və aşağı üçdə birin bayır və arxa sətinin iri həcmli tünd bənövşəyi qançırları var. Həmçinin Təqsirləndirilən şəxs zədə aldığını və xəsarətin həbs olunan zaman alındığını bildirir (i/v 180-185).

16. Bakı Şəhəri Baş prokurorluğunun müstəntiqi E.E.Bəşirlinin xx.xx.2025-ci il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Sabunçu RPİ-nin 42-ci PŞ-nin əməkdaşlarının ona xəsarət yetirməsinə dair şikayət üzrə 36-C-25 nömrəli material üzrə cinayət işinin başlanması rədd edilmişdir. (i/v 117-118).

17. Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X5” PHŞ Sabunçu rayon şöbəsinin xx.xx.2025-ci il tarixli, 23 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs sol baldır, sol bud və sol dirsək oynağı nahiyələrinin qançırları müəyyən edilmişdir. Xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir. Xəsarətləri törənmə müddəti müayinə olunan şəxsin məhkəmə-tibbi ekspertizasından (xx.xx.2025-ci il tarixdə) 5-8 gün əvvələ uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduqları üçün dərəcələri təyin edilməmişdir. Lokalizasiyasına və xarakterinə görə, vətəndaş Təqsirləndirilən şəxs bədəni üzərində olan xəsarətlərin özü tərəfindən özünə yetirilməsi inkar olunur. Xəsarətlər müxtəlif şəraitlərdə, eləcə də bədənin eyni bir müstəvi səthində bir tərəfli (sol tərəfli) yerləşdiyindən yıxılma nəticəsində də əmələ gələ bilər.

18. Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sabunçu RPİ-nin xx.xx.2025-ci il tarixli məktubunun surətindən görünür ki, müvəqqəti saxlama yerinə gətirilən zaman Təqsirləndirilən şəxs üzərində xəsarətlər olmuş və sonuncu həmin xəsarətləri yıxılarkən aldığını qeyd etmişdir.

19. Şəxsi axtarış və götürmənin gedişatını özündə əks etdirən DVD diskə və protokola məhkəmə iclasında baxış keçirilərək müəyyən edilmişdir ki, həmin görüntülər xx.xx.2025-ci ildə saat 01:05-dən 01:20-dək Sabunçu RPİ-nin 42-ci PŞ-də qeydə alınmışdır. X1 tərəfindən Şahid1, Şahid2 iştirakları ilə Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunduqdan sonra, üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilir və üzərində qanunla dövriyyəsi qadağan edilmiş əşya və predmet varsa təqdim etməsi təklif olunur. Bundan sonra Təqsirləndirilən şəxs əlində olan ağ rəngli sellofan torbanı masanın üzərinə qoyur. Sonuncu tərəfindən təqdim olunmuş sellofan torbanın içərisinə 02 (iki) ədəd bağlamada spesifik qoxuya malik olan ot kütləsi aşkar edilir. Təhqiqatçı tərəfindən verilmiş suallara cavab olaraq Təqsirləndirilən şəxs İİR-ın vətəndaşı ilə whatsapp proqramı ilə əlaqə saxladığını, aralarında olan razılaşmaya görə İran vətəndaşının ona verdiyi narkotik vasitəni dediyi ünvandan götürüb başqa ünvana atmalı olduğunu, lakin İran vətəndaşından əldə etdiyi narkotik vasitə marixuananı onun dediyi kimi yox, özünün istifadə etmək məqsədilə saxlayacağını bildirmiş, bundan başqa cibindən 01 ədəd “Honor” markalı mobil telefon təqdim edərək narkotik vasitə əldə etdiyi İİR-ın vətəndaşının mobil nömrəsini qeyd etmişdir (i/v 28-29).

20. xx.xx.2025-ci il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs barəsində keçiriləcək şəxsi axtarış zamanı müdafiəçinin iştirakını tələb etmədiyini bildirmiş və müdafiəçisi olmadan şəxs axtarış keçirilməsini xahiş etmişdir (i/v 27).

21. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2025-ci ildə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə 02 il, 05 ay, 26 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, cəzasının çəkməsindən yayındığı üçün Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2022ci il tarixli qərarı ilə cəzanın çəkilməmiş hissəsi 05 ay 18 gün azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmiş və xx.xx.2022-ci ildə o, cəzanın sonu ilə azad edilmişdir (i/v 112-113).

Təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürdüyü sübutlar aşağıdakılardır:

22. Təqsirləndirilən şəxs məhkəmə baxışında Azərbaycan Respublikasının CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə whatsapp proqramı vasitəsi ilə adını «Ali» kimi bildiyi, tanımadığı və görmədiyi İİR-sı vətəndaşı ilə danışmış, həmin iranlı ona iş görməyi təklif etmişdir. O, sonuncuyla ona göndərəcəyi konumdan narkotik vasitəni götürüb iranlının ona göndərdiyi digər ünvanlara çatdıracağı, bunun müqabilində iranlının ona pul verəcəyinə dair razılaşma əldə etmişdir. Lakin onlar məbləği konkret olaraq danışmamışlar. xx.xx.2025-ci il tarixdə həmin iranlı onunla yenidən whatsapp proqramı vasitəsi ilə əlaqə saxlamış və ona Maştağa qəsəbəsinə 2 ədəd içərisində narkotik vasitə olan marixuana olan bağlamanı atdığını bildirmişdir. Həmin iranlı ona narkotik vasitəni atdığı konumu göndərmiş və o da ona axşam gedib götürəcəyini qeyd etmişdir. İranlı ona həmin narkotik vasitəni götürdükdən sonra hansı ünvanlara aparıb verəcəyini bildirəcəyini demiş, o da razılaşmışdır. Həmin gün saat 21:45 radələrində iranlının atdığı konum üzrə sifariş verdiyi tanımadığı taksi avtomobili ilə Maştağa- Nardaran massivinə gedib iranlının atdığı içərisində narkotik vasitəni əldə edə bilmədən iki nəfər şəxs ona yaxınlaşmış və özlərini təqdim edərək Sabunçu RPİ-nin 42-ci PB-nin əməkdaşları olduqlarını qeyd etmişlər. Polislər ondan şəxsiyyətini təsdiq edən sənədi təqdim etmələrini xahiş etsələr və əlavə suallar versələr də, o, onların suallarından yayınmağa çalışmışdır. Bu zaman o Sabunçu RPİ-nin 42-ci PB-nə gətirilmiş, polis bölməsində barəsində tutma protokolu tərtib edilmiş, hüquq vəzifələri izah edilmişdir, vəkil dəvət edilərək ona təqdim edilmişdir. Bundan sonra onu saxlayıb polis bölməsinə gətirən polis əməkdaşlarının iştirakları ilə üzərində videoçəkilişlə şəxsi axtarış və götürmə aparılması barədə qərar qəbul edilmişdir, o, həmin vaxt vəkilin iştirak etməməsini xahiş etmişdir. Daha sonra şəxsi axtarış başlamazdan əvvəl ona üzərində qanunla daşınması və saxlanması qadağan edilmiş nəsə varsa təqdim edilməsi bildirilmiş, bu təklifdən sonra o, əlində saxladığı bağlamanı təqdim etmiş və bildirmişdir ki, həmin bağlamada narkotik vasitə qurudulmuş marixuanadır və o, narkotik vasitəni iranlıdan sonuncunun dediyi yerlələ aparıb atması üçün almışdır. O özü də narkotik vasitə qurudulmuş marixuananın istifafdəçisi olmuşdur. Ondan aşkar edilmiş narkotik vasitə qurudulmuş marixuana qablaşdırılmış, möhürlənmiş, bu barədə protokol tərtib edilmiş, o, həmin protokolu imzalamışdır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs verilmiş suallara cavab olaraq bildirmişdir ki, onu saxlayıb əlini qandalladıqdan sonra polislərdən biri orda olan hasardan keçib marixuananı götürüb gətirmişdir. Elə təsəvvür yaratmışdır ki, guya o, bunları görüb marixuananı tullamışdır. Saat 8-9 radələrində tutulmuşdur, gecə saat 1-ə işləmiş təzyiqlərdən, döyüldükdən sonra tprətmədiyi əməli etiraf etmişdir. O, vəkildən imtina etməmiş və buna dair ərizənin məzmunu ona izah edilmədən təziqlər nəticəsində imzalatdırılmışdır. Daha sonra cinayət işinin təkrar baxılması üçün ibtidai araşdırmaya geri qaytarılmasını məhkəmədən xahiş etmişdir.

HÜQUQİ MƏSƏLƏLƏR:

Azərbaycan Respublikasının Cinayət Məcəlləsi:

23. CM-nin 234.4.1. və 234.4.3. maddələrinə əsasən qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma - beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

24. Maddə 8.1. Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.

25. Maddə 58.3. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsiri nəzərə alınır.

26. Maddə 41.1. Cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. 27.Maddə 41.2. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 28.Maddə 56.1.2. Qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələri müəyyən edilir.

29. Maddə 93.1.2. cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir.

30. Maddə 99-1.2. Məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər.

Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi:

31. Maddə 44.1. Məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır.

32. Maddə 124. İstintaq və məhkəmə hərəkətlərinin protokollarını, iş üzrə keçirilmiş ekspertiza rəylərini, maddi sübutlar və digər sənədləri sübut növləri kimi qəbul edilir. 33.Maddə 145. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. 34.Maddə 125.8. Cinayət-Prosessual Məcəllənin tələblərinə riayət olunmaqla sübutlar əldə edildikdə, onların qəbul olunmasının yolverilməzliyinin əsaslandırılması mübahisə edən tərəfin üzərinə düşür. 35.Maddə 158.2. Təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı, həmçinin ev dustaqlığında saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir.

36. Maddə 158.6. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir.

37. Maddə 132. Məhkəmə yekun qərar çıxararkən maddi sübutlar barədə məsələni həll etməlidir. 38.Maddə 193.2. Şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2025-ci il tarixli, 141 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 11 manat miqdarında əmək haqqı ödənilməlidir). 39.Maddə 198.1. Bu Məcəllənin 197.1.1, 197.1.2, 197.1.4, 197.1.5-1 – 197.1.9cu maddələrində sadalanan məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər.

“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu:

40. Maddə 1.0.8. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir.

41. Maddə 1.0.9. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir.

42. Maddə 1.0.10. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə, məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür.

43. Maddə 1.0.11. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər kimi təsbit edildiyindən, narkotik vasitənin satış məqsədi ilə əldə edilməsi, saxlanılması dedikdə onun yaymaq məqsədi ilə əldə edilməsi, saxlanılması başa düşülməlidir.

44. Maddə 21.1. Narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlak həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur.

“Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanunu:

45. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə” İ siyahıya əsasən qurudulmuş marixuananın kütləsi 5 qram təşkil etdikdə - xeyli miqdarından artıq miqdarda, 500 qram olduqda isə külli miqdarda psixotrop maddə hesab olunur.

Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2024-cü il tarixli 9 saylı Qərarı

46. Qərarın 9-cu bəndi. Məhkəmələrə tövsiyə edilir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır.

Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarı:

47. Məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır.

Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli Qərarı:

48. Qərarın 1-ci bəndi. Məhkəmə hökmü ədalətli məhkəmə araşdırması nəticəsində cinayət-prosessual normalara, o cümlədən hökmün prosessual formasına və məzmununa dair tələblərə əməl olunmaqla, cinayət-hüquqi normalar düzgün tətbiq edilməklə çıxarıldıqda və məhkəmənin gəldiyi nəticələri aydın və mötəbər şəkildə əks etdirdikdə ədalətli məhkəmə aktı kimi səciyyələndirilə bilər.

Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2024-cü il tarixli Qərarı:

49. Qərarın 37-ci bəndi. ...Cinayət işlərinə məhkəmədə baxılarkən şübhəli şəxs qismində tutulmaya dair protokolun tərtib edilməsi zamanı iştirak etmiş (protokolu imzalamış) müdafiəçinin hər hansı səbəbdən, o cümlədən təhqiqatın və ya ibtidai istintaqın aparılması həvalə edilmiş şəxsin şübhəli şəxsdən aldığı yazılı razılıq əsasında şəxsi axtarışda iştirak etməməsi kimi hallar müəyyən edildikdə, məhkəmələr bunu şübhəli şəxsin müdafiə hüququnun və müvafiq istintaq hərəkətinin aparılması qaydalarının pozuntusu kimi qiymətləndirməli və bundan irəli gələrək CPM-də nəzərdə tutulmuş hüquqi vasitələrlə (məsələn, vəkilin bu şəkildə şübhəli şəxsin müdafiəsindən imtina etməsi haqqında Azərbaycan Respublikasının Vəkillər Kollegiyasını məlumatlandırmaqla, icraatı aparan təhqiqatçı, müstəntiq barədə xüsusi qərar çıxarmaqla) həmin pozuntuya münasibətini bildirməlidirlər

Avropa Məhkəməsinin Presedent Hüququ:

50. B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikası cinayət prosesual qanunvericiliyi müəyyən edir (Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin 1.1-ci maddəsi). Hər hansı məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız Cinayət Prosesual Məcəlləsində (bundan sonra - CPM) göstərilən məsələlər hakim tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. CPM-nin həmin məsələlərin dairəsini müəyyənləşdirən 346.1-ci maddəsinə görə müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olubolmamasıdır. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericirik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət prosesual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, CPM-nin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə ictintaqında tətqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (CPM-nin 349.3., 349.4., 349.5-ci maddələri).

Məhkəmənin hüquqi dəyərləndirməsi:

51. Beləliklə, Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədilə qanunsuz olaraq narkotik vasitəni külli miqdarda əldə etmə, saxlama və daşıma cinayətini törətməsini qismən etiraf etsə də, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, şahidlərin ifadələri, cinayət işinə əlavə edilmiş və şəxsi axtarışı əks etdirən DVD diskdə olan videogörüntülərlə, ekspert rəyləri, whatsapp yazışmaları və digər iş materialları ilə onun təqsirli olması tam sübuta yetirilmişdir. Onun əməlləri məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif olunmalı və həmin maddələrin sanksiyası həddində cəzalanmalıdır. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur (hökmün 33-cü bəndi).

52. Göründüyü kimi, yuxarıda qeyd edilən kriminal (qanunazidd) hərəkətlərin məqsədi narkotik vasitələrin satılmasına yönəldilmiş, burada kriminal əməl niyyətlə ifadə olunaraq qarşıya qoyulmuş məqsədə çatmaq üçün hazırlıq işlərinin aparılması ilə başa çatdırılmasına yönəldilmiş, formal quruluşa malik olan tərkiblərdə olduğu kimi cinayət tərkibinin obyektiv cəhəti ictimai təhlükəli hərəkətdən ibarət olmuş və qanunla qadağan edilən hərəkət törədildiyi andan başa çatmışdır.

53. Məhkəmə təqsirləndirilən Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilməsi, yəni narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaması və əməli bir qrup şəxs halında törətməməsi barədə ifadələrini müdafiə xarakterli vasitə kimi qiymətləndirir və iş üzrə mövcud olan sübutlarla təkzib edildiyini nəzərə alır.

54. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadələri həqiqətə uyğun olmamaqla yanaşı, eyni zamanda işin həqiqi halları ilə uyğunluq təşkil etmir.

55. Belə ki, şübhəli şəxsin izahatı, şəxsi axtarış və götürmə aparılması, şübhəli şəxsin və təqsirləndirilən şəxsin dindirmə protokollarından (İ cild i/v 34-36, 28-29, 68-70, 78-80) görünür ki, təqsirləndirilən şəxs özünü təqsirli bilərək, narkotik vasitə olan marixuananı “Ali” adlı şəxsin ona göndərdiyi Maştağa qəsəbəsindən götürdüyünü, daha sonra isə sonuncunun verəcəyi digər ünvana atmalı olduğunu, bunun müqabilində iranlının ona pul verməli olduğunu, lakin məbləği hələ danışmadıqlarını bildirmiş, məhkəməyədək istintaq dövründə protokolları və digər sənədləri imzalamışdır. Həmçinin şübhəli şəxs qismində saxlanılarkən iş materialları ilə tanış olmuş, heç bir fiziki təzyiqə və zorakılığa məruz qalmadığını bildirmişdir.

56. Bundan başqa məhkəmə iclasında baxış keçirilmiş şəxsi axtarış və götürmənin gedişatını özündə əks etdirən DVD diskdə olan video görüntülərdə müəyyən edilmişdir ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əlində olan ağ rəngli sellofan torbanı təqdim edərək, həmin bükümün içərisində narkotik vasitə marixuana olduğunu, həmin maddənin ona “Ali” adlı İİR-ın vətəndaşı whatsapp proqramı vasitəsi ilə göndərdiyini və Maştağa qəsəbəsi ünvanından götürüb başqa ünvana atmalı olduğunu bildirir (İ cild i/v 28-29).

57. Bundan əlavə məhkəmə iclasında tədqiq edilmiş diskə baxış keçirilməsi haqqında protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs istifadə etdiyi ***-***-**-** saylı mobil telefon nömrəsinə İİR vətəndaşına məxsus +**********29 saylı mobil telefon nömrəsindən “baba san nye bela edirsan man sani guzdurm vatsapda” məzmunda SMS göndərilmişdir (İ cild i/v 114-116).

58. Həmçinin Təqsirləndirilən şəxs “Ali” adlı İİR-sı vətəndaşı ilə whatsapp proqramındakı yazışmalarından görünür ki, onlar sonuncunun qeyd etdiyi ünvandan narkotik vasitənin təqsirləndirilən şəxs tərəfindən götürülməsi ilə yanaşı, eyni zamanda narkotik vasitəni götürdükdən sonra sonuncunun nə etməli olması ilə bağlı müzakirə edilərək razılığa gəlmişlər. Belə ki, Təqsirləndirilən şəxs “Ali” adlı şəxsə yazaraq evə gəldikdən sonra nə etməli olduğunu soruşmuş, sonuncu isə ona 3 yerə 500 qram atacağını, hara atmalı olduğunu isə sonra deyəcəyini bildirmişdir. Eyni zamanda yazışmalardan görünür ki, “Ali” adlı şəxs Təqsirləndirilən şəxs iş alınsa onu yaşadacağını bildirərək, qarşılıqlı güvən əldə etmək üçün ondan şəxsiyyət vəsiqəsini göndərməsini istəmiş və sonuncu da şəxsiyyət vəsiqəsinin şəklini ona göndərmişdir (i/v 37-52).

59. Bundan başqa məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs əldə etdiyi narkotik vasitə olan qurudulmuş marixuananın xeyli miqdarından təxminən 432 dəfə, külli miqdarından təxminən 4,3 dəfə artıq olmasının müəyyən edilməsi, təqsirləndirilən şəxsin “Ali” adlı şəxslə qabaqcadan razılaşaraq cinayət əlaqəsinə girərək sonuncunun ona göndərdiyi ünvandan narkotik vasitəni əldə etməsi və whatsapp proqramında narkotik vasitənin satışına dair yazışmaların olması Təqsirləndirilən şəxs narkotik vasitəni məhz qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə əldə etdiyini bir daha təsdiq edir.

60. Məhkəmə həmçinin qeyd etmək istəyir ki, məhkəmə iclasında Təqsirləndirilən şəxs izahatında bildirmişdir ki, məhkəməyədək istintaq dövründə polis əməkdaşları tərəfindən ona qarşı qanunsuz hərəkət edilmiş, yəni ona təzyiq göstərərək xəsarətlər yetirilmiş və həmin hallar Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasının xx.xx.2025-ci il tarixli məktubu və məhkumun tibbi kitabçası ilə də öz təsdiqini tapmışdır.

61. Məhkəmə iclasında Sabunçu RPİ-nin xx.xx.2015-ci il tarixli 22285 saylı məktubu tədqiq edilərək müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs müvəqqəti saxlama yerinə gətirilən zaman üzərində xəsarətlər aşkar olunmuş və sonuncu həmin xəsarətləri yıxılarkən aldığını qeyd etmişdir.

62. Həmçinin məhkəmə iclasında Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X5” PHŞ Sabunçu rayon şöbəsinin xx.xx.2025-ci il tarixli, 23 saylı rəyi tədqiq edilərək müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs bədənindəki olan xəsarətlər məhkəmə-tibbi ekspertizasının rəyi an (xx.xx.2025-ci il tarixdə) veriləndən 5-8 gün əvvələ uyğun gəlir. Xəsarətlər müxtəlif şəraitlərdə, eləcə də bədənin eyni bir müstəvi səthində bir tərəfli (sol tərəfli) yerləşdiyindən yıxılma nəticəsində də əmələ gələ bilər.

63. Bundan başqa iş materiallarında olan Təqsirləndirilən şəxs şübhəli və təqsirləndirilən şəxsin dindirmə protokollarından görünür ki, o ifadəsində polis şöbəsinə gətirilən zaman və şöbədə olarkən heç bir fiziki təzyiqə və zorakılığa məruz qalmadığını bildirir(İ cild i/v 68-70, 78-80).

64. Yuxarıdakılara və məhkəmə iclasında tədqiq olan sənədlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, həmin faktlar Təqsirləndirilən şəxs üzərində olan xəsarətlərin tutulmamışdan bir neçə gün əvvəl yaranmısını istisna etmir.

65. Bununla da, məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi bu ifadələr cinayət məsuliyyətindən yaxa qurtarmaq məqsədi ilə verilmişdir.

66. Bununla başqa, məhkəmə iş üzrə toplanmış və aşağıda göstərilən digər sübutları təhlil etməyi və onlara qanuna müvafiq qaydada qiymət verilməsini zəruri sayır.

67. Belə ki, məhkəmə iclasında müəyyən edilmişdir ki, Bakı Şəhəri Sabunçu RPİ-nin 42ci PŞ-nin təhqiqatçısı V.Ə.Mikayılov şübhəli şəxs Təqsirləndirilən şəxs şəxsi axtarış keçirilən zaman müdafiəçidən imtina etməsi barədə xx.xx.2025-ci il tarixdə ərizə almışdır (i/v 27).

68. Məhkəmə iclasında Təqsirləndirilən şəxs verdiyi ifadəsində bildirmişdir ki, Bakı Şəhəri Sabunçu RPİ-nin 42-ci PŞ-nin təhqiqatçısı V.Ə.Mikayılov vəkildən imtina etməsi barədə ərizənin məzmununu ona izah etmədən imzalatdırmışdır.

69. Məhkəmə xx.xx.2025-ci ildə tutulmaya dair protokolun tərtib edilməsi zamanı iştirak etmiş protokolu imzalamış müdafiəçinin hər hansı səbəbdən, o cümlədən təhqiqatın və ya ibtidai istintaqın aparılması həvalə edilmiş şəxsin şübhəli şəxsdən həmin tarixdə aldığı yazılı razılıq əsasında şəxsi axtarışda iştirak etməməsini müdafiə hüququnun və müvafiq istintaq hərəkətinin aparılması qaydalarının pozuntusu kimi qiymətləndirir (i/v 25, hökmün 49-cu bəndi). 70.Məhkəmə cəza təyin edərkən cəza təyini ilə bağlı cinayət qanunvericiliyinin müvafiq normalarının tələblərini nəzərə alır(hökmün 23-cü bəndi).

71. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır.

72. Azərbaycan Respublikasının CM-in 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilməsini yüngülləşdirici hallar kimi nəzərə alır.

73. Həmin Məcəllənin 61-ci maddəsinə əsasən E.İ.Bayramovun əməlində cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır.

74. Məhkəmə, yuxarıda şərh edilənləri, eləcə də təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, yüngülləşdirici halı, şəxsin əvvəllər məhkum olunmasına baxmayaraq islah olunmamasını, yenidən eyni tərkibli cinayət əməlini törətməsini, üzərindən aşkar edilən narkotik vasitə qurudulmuş marixuananın miqdarını (2160,0 qram), habelə cəzanın fərdiləşdirilməsi prinsipini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının hüdudları daxilində cəza təyin edilməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədlərinə nail olmaq olar.

75. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-in 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir (hökmün 28-ci bəndi).

76. İşdə olan tutma protokolundan və məhkəmə qərarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci ildə şübhəli şəxs qismində tutulmuş və xx.xx.2025-ci ildə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin qərarı ilə onun barəsində xx.xx.2025-ci ildən hesablanmaqla barəsində 04 ay müddətə həbs qətimkan tədbiri seçilmiş və hökm çıxarılana kimi fasiləsiz olaraq həbsdə saxlanılmışdır (i/v 25, 90-94).

77. Məhkəmə hesab edir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs cəza çəkməsinin başlanğıcı onun tutulduğu xx.xx.2025-ci ildən hesablanmalı və həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə bir günə bir gün hesablanmaqla daxil edilməlidir (hökmün 6-cı bəndi).

78. Məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən Təqsirləndirilən şəxs barəsində cəza çəkdiyi müddət ərzində narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır (i/v 123-124, hökmün 29-cu bəndi).

79. İş üzrə maddi sübut kimi tanınmış, Sabunçu RPİ-də saxlanılan Təqsirləndirilən şəxs məxsus 01 ədəd “Honor” markalı mobil telefon sonuncunun özünə və ya ailə üzvlərinə qaytarılmalı, iş üzrə digər maddi sübut Sabunçu RPİ-nin X10 Kamerasında saxlanılan və keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 2159,9 qram narkotik vasitə olan marixuana məhv edilməli (hökmün 37-ci bəndi).

80. İbtidai istintaq zamanı keçirilmiş məhkəmə ekspertiza xərci 72 (yetmiş iki) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir.

81. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Yusif Allahverdiyev və Partnyorları Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir (hökmün 38-ci bəndi).

82. İş üzrə mülki iddia yoxdur və xüsusi müsadirə olunmalı əmlak müəyyən edilməmişdir (hökmün 30 və 37-ci bəndləri).

83. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir.

84. Həmçinin məhkəmə hesab edir ki, Bakı Şəhəri Sabunçu RPİ-nin 42-ci PŞ-nin təhqiqatçısı X8 barəsində təsir tədbirlərinin görülməsi üçün xüsusi qərar çıxarılmalı və həmin tədbirlərin görülməsi üçün xüsusi qərar Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə göndərilməlidir.

85. Eyni zamanda məhkəmə hesab edir ki, məhkəməyədək istintaq dövründə şübhəli şəxs Təqsirləndirilən şəxs hüquqlarını müdafiə edən Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili X4 əvvəlkinin ərizəsi əsasında Təqsirləndirilən şəxs müdafiəsindən imtina etməsi barədə Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına məlumat verilməlidir (hökmün 49 və 69-cu bəndləri).

86. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 356, 358, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ:

Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 03 yanvar 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Bakı şəhəri Sabunçu RPİ-nin X10 Kamerasında saxlanılan iş üzrə maddi sübutlar, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 2159,9 qram narkotik vasitə olan marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Bakı şəhəri Sabunçu RPİ-nin X10 Kamerasında saxlanılan Təqsirləndirilən şəxs məxsus 01 ədəd “Honor” markalı mobil telefon sonuncunun özünə və ya ailə üzvlərinə qaytarılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərclərinin cəmi – 72 (yetmiş iki) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X3, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Yusif Allahverdiyev və Partnyorları Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 16 saata görə 176 (bir yüz yetmiş altı) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Yusif Allahverdiyev və Partnyorları Vəkil Bürosunun hesablaşma hesabına köçürülsün. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Bakı Şəhəri Sabunçu RPİ-nin 42-ci PŞ-nin təhqiqatçısı X8 barəsində təsir tədbirlərinin görülməsi üçün xüsusi qərar çıxarılsın. Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili X4 hərəkətləri barədə Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına məlumat verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən məhkum onu aldığı və elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apelyasiya şikayəti və ya protesti verilmədiyi halda, məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Hakim (sədrlik edən): Azər Tağıyev Elnur Nuriyev Roman Ələkbərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar