Məhkəmə qərarları › İş №1(101)-1262/2022

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1262/2022

07.07.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1262/2022 07.07.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Qəniyev Faiq Əsəd oğlunun sədrliyi ilə, hakimlər Mahmudov İlham Ağa oğlu və Əkbərov Məhəmməd Hüseyn oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkili X1 iştirakı ilə, xx xxxxxx 1978-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, işləməyən, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 10 mart 2009-cu il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirli bilinib 02 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 25 aprel 2012ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2-ci və 234.1-ci maddələri ilə təqsirli bilinib 04 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 13 sentyabr 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.1-ci və 234.1ci maddələri ilə təqsirli bilinib 02 il 02 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 16 may 2021-ci il tarixdə cəzasının sonu ilə azad edilmiş, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanda qeydiyyatda olan və faktiki həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda narkotik vasitə olan heroini əldə etmiş, daşımış və saxlamışdır. Belə ki, o, qanunsuz olaraq satış məqsədi ilə istintaqa məlum olmayan vaxtda və mənbədən külli miqdarda - ümumi təmiz çəkisi 4523,5 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini əldə etmiş, həmin heroinin 21,5 qramını bir ədəd bükümdə olmaqla üstündə, qalan 4502 qram heroini bir ədəd bağlamada olmaqla yaşadığı ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evinə daşıyaraq evin otağındakı dolabın içərisində gizlədərək saxlamış, onun qanunsuz hərəkətləri barədə Bakı şəhəri Xətai rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinə daxil olmuş məlumat əsasında həmin bölmənin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs 15 mart 2022-ci il tarixdə saat 15:40 dəqiqədə Bakı şəhəri, Xətai rayonu, 3-cü qəsəbə küçəsi yaxınlığında saxlanılıb Xətai rayon Polis İdarəsinin 34-cü Polis Şöbəsinə aparılmış, orada videoçəkilişdən istfadə edilməklə üzərində şəxsi axtarış aparılarkən əynindəki qara rəngli idman şalvarının sağ yan cibindən 01 ədəd bükümdə külli miqdarda - təmiz çəkisi 21,5 qram təşkil edən narkotik vasitə olan heroin aşkar edilərək götürülmüş, əməliyyat-axtarış tədbirinin davamı olaraq Təqsirləndirilən şəxs yaşadığı ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evinə baxış keçirilərkən evin otağındakı dolabın içərsindən külli miqdarda - təmiz çəkisi 4502 qram təşkil edən narkotik vasitə olan heroin və 01 ədəd üzərində heroin izləri olan gümüşü rəngli elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittiham üzrə qismən təqsirli bilərək göstərdi ki, 1999-cu ildə “Odlar Yurdu” Universitetinin Beynəlxalq İqtisadi münasibətlər fakultəsini bitirmiş, universiteti bitirdikdən bir müddət sonra “X7” şirkətinə anbardar kimi işə düzəlmiş, bir neçə il həmin şirkətdə işlədikdən sonra işdən çıxmışdır. Həvəsi aşbazlıq peşəsinə olduğu üçün bir neçə restoranda aşbaz və baş aşbaz kimi işləmiş, bir müddət sonra sənətini dəyişərək bərbər işləməyə başlamışdır. 2010-cu ildən etibarən narkotik vasitələrdən istifadə etməyə başlamışdır. İlk vaxtlar qurudulmuş marixuanadan istifadə etsə də, sonralar daha ağır tərkibli olan heroin və metamfetaminə keçmiş, onları həm çəkməklə, həm də inyeksiya yolu qəbul etməyə başlamışdır. Narkotik vasitələrdən istifadə nəticəsində narkomaniya xəstəliyinə tutulmuş, vaxtında qəbul etməyəndə bədənində möhkəm ağrıları olmuş, yuxusuzluqdan, nəfəs darlığından və baş ağrılarından əziyyət çəkmişdir. Ona görə də narkotik vasitələri əldə etməkdən ötrü məcbur olub oğurluq, dələduzluq cinayətlərini belə törətmiş və həmin cinayətlərə görə bir neçə dəfə məhkum olunmuşdur. Hər dəfə azadlığa buraxıldıqdan sonra bir müddət narkotik vasitələrdən istifadə etməsə də, sonradan yenə narkotik vasitələrin istifadəsinə başlamışdır. O, narkotik vasitələri əsasən müxtəlif internet saylarında tanış olduğu, özlərini İran vətəndaşları kimi təqdim edən tanımadığı şəxslərdən almışdır. Belə ki, o, iranlının verdiyi kart hesabına “Pay Pal” və ya “Milli ön” aparatları vasitəsi ilə müəyyən məbləğdə pul göndərmiş, həmin şəxs də müxtəlif ünvanlara narkotik vasitələrin qoyulmasını təşkil etmiş, bu barədə ona məlumat verdikdən, narkotik vasitənin atıldığı yerin şəklini göndərəndən sonra o da deyilən ünvana gedib orada qoyulmuş narkotik vasitələri götürərək istifadə etmişdir. 2022-ci ilin mart ayının əvvəllərində internet saytlarının birindən tanımadığı İran vətəndaşının “Skype” adresini əldə edib onunla əlaqə saxlamış, iranlıya öz istifadəsi üçün heroin almaq istədiyini və 150 manat pulu olduğunu bildirmişdir. İranlı da həmin pul müqabilində ona təxminən 25 qram çəkidə heroin təşkil edə biləcəyini deyib, onun kart hesabına pul göndərməli olduğunu bildirmiş, iranlının təklifi onu qane etdiyi üçün razılaşmış, belə olan halda, həmin şəxsin ona hazırda xatırlamadığı kart hesabının nömrəsini verib, pulu həmin hesaba göndərməyini, pul hesabına oturduqdan sonra, həmin narkotik vasitənin Bakı şəhəri ərazisində müəyyən yerə qoyulacağını, bu barədə ona məlumat veriləcəyini bildirmişdir. O da iranlının dediyi kimi edib, hazırda yadında qalmayan yerdə yerləşən “Pay Pal” terminalı vasitəsi ilə iranlının verdiyi hesab nömrəsinə 150 manat pul göndərmiş, pulu göndərdikdən təxminən bir saat sonra internet üzərindən həmin İranlı ilə təkrar əlaqə saxladığında, o narkotik vasitələrin Sulutəpə qəsəbəsi ərazisində kolluq sahəyə qoyduğunu deyib, həmin yerin fotoşəkilini ona göndərmiş, həmin gün axşam saatlarında o tək halda deyilən əraziyə gedib deyilən yerdən bükülünü götürmüş, onu istifadə etmişdir. Polislər məlum hadisə vaxtı onu saxlayarkən həmin heroindən üstündə cəmi yarım qram qalmışdır. Evindən aşkar edilmiş kimi yazılan heroinlər ona məxsus deyil. Həmin külli miqdarda heroini onun evinə polislər özləri qoymuş, sonradan evdən tapılan kimi rəsmiləşdirib onun üstünə yazmışlar. O özü uzun müddət idmanla məşğul olmuşdur, heç bir cinayətkar dairələrlə əlaqəsi yoxdur. Narkoman olduğunu etiraf edir, amma satış məsələsinə onun aidiyyəti yoxdur. Şəxsi axtarış zamanı, evə baxılarkən də polislərin əvvəlcədən dediyi qaydada davranmış, onların dediyi kimi danışmışdır. Belə ki, polislərdən bir ona demişdir ki, əvvəllər dəfələrlə məhkum olunduğu üçün yenə «sroka» getməlidir və rəislərinin fikri budur, ona görə də başqa söhbətlər etməyin yeri yoxdur, razılaşıb getməlidir. Həmin vəziyyətdə hesab etmişdir ki, artıq başqa yolu yoxdur və razılaşmışdır. Bir daha qeyd edir ki, şəxsi istifadəsi üçün narkotik vasitə əldə etdiyini danmır, amma evdən çıxan heroin onun deyil. Ona görə də işinin ədalətli araşdırılmasını və əməlinin istifadəçi kimi qiymətləndirilərək ona uyğun da cəza verilməsini xahiş edir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilərək tədqiq olunmuş ifadələri müəyyən hissələrində oxşar məzmunlu olmuş, amma o həmin ifadələrində həm də külli miqdarda narkotik vasitəni qanunsuz əldə etmə halları ilə bağlı etiraf ifadələri verərək göstərmişdir ki, iranlının dediyi yerə gedib kolluq sahədə bir ədəd yaşıl rəngli sellofan kəsiyinə bükülü aşkar etmiş, sellofanı açıb içərisinə nəzər yetirdikdə bağlamanın içərisində həqiqətən də sifariş verdiyi kimi narkotik vasitə heroini aşkar etmiş, bədənində ağrılar başladığı zaman istifadə etməkdən ötrü içərisində narkotik vasitə olan həmin sellofanı özü ilə götürüb, həmin ərazidən aralandığı zaman, təsadüfən yaxınlıqdakı ağaclıq sahəyə qoyulmuş ağ rəngli iri sellofan bağlama diqqətini cəlb etmiş, həmin bağlama onda maraq oyatdığı üçün bağlamaya tərəf gəlmiş, yaxınlaşıb bağlamanı götürdükdə çəkisinin təxminən 5 kiloqrama yaxın olduğunu hiss etmiş, ardınca həmin bağlamanı açdıqda içərisində bir ədəd elekton tərəzi və narkotik vasitə heroin olmasını aşkar etmiş, dərhal həmin bağlamanı da özü ilə götürüb, ərazidən uzaqlaşaraq yaşadığı ünvan 3 ünvanına gəlmiş, aşkar etdiyi ağ rəngli bağlamada olan təxminən 5 kiloqrama yaxın narkotik vasitə heroini gələcəkdə özü istifadə etməkdən ötrü otaqdakı dolabın içərisinə qoyaraq gizlətmiş, yaşıl rəngli sellofan kəsiyi bükümündə olan narkotik vasitə heroini isə cibinə yerləşdirib, bədənində ağrılar başladığı zaman hissə-hissə istifadə etmək qərarına gəlmiş, bu minvalla təxminən bir neçə gün ərzində həmin sellofan kəsiyindəki heroindən inyeksiya yolu ilə qəbul etmiş, yaşadığı evdə gizlətdiyi ağ rəngli sellofanda olan narkotik vasitə heroinə isə dəyməyib onu olduğu kimi yerində saxlamışdır. 15 yanvar 2022-ci il tarixdə saat təxminən 15 radələrində bədənində ağrılar başladığından yaşıl rəngli sellofan bükümdəki heroini özü ilə götürüb evdən kənarda gizli bir yerdə həmin heroindən qəbul etmək qərarına gəlmiş, bu məqsədlə evdən çıxıb bir qədər aralanmış, bu zaman iki nəfər mülki geyimdə olan şəxs ona yaxınlaşıb xidməti vəsiqələrini göstərib özlərini polis əməkdaşı kimi təqdim edərək şəxsiyyəti ilə bağlı sorğu etmiş, o özünü təqdim etdikdən sonra, onlar barəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumatın daxil olduğunu bildirib bununla bağlı onu yaxınlıqdakı Xətai rayon Polis İdarəsinin 34-cü Polis Şöbəsinə dəvət etmiş, o etiraz etmədən polis əməkdaşlarının müşayiəti ilə 34-cü Polis Şöbəsinə gəlmiş, xidməti otaqların birinə dəvət edilmiş, polis əməkdaşları ona narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu izah edib, videoçəkilişdən istifadə edilməklə şəxsi axtarışa məruz qalacağını izah etmiş, ardınca isə ona müdafiəçi təqdim edilmiş, polis əməkdaşları şəxsi axtarış aparmazdan əvvəl üzərində qanunla qadağan olunmuş hər hansı əşyanın olub-olmamasını soruşmuş, həmin əşyaları könüllü olaraq təqdim etməsini təklif etmiş, artıq həmin vaxt polis əməkdaşlarının onun qanunsuz əməllərini ifşa etdiklərini bildiyi üçün əynindəki qara rəngli şalvarın sağ yan cibindəki bir ədəd yaşıl rəngli sellofan bükümü polis əməkdaşlarına təqdim edərək, bükümdə narkotik vasitə heroin olduğunu və həmin heroini internet üzərindən tanımadığı X5 vətəndaşından 150 manat pul müqabilində aldığını bildirmiş, polis əməkdaşları təqdim etdiyi yaşıl rəngli bükümü açıb, içərisinə baxış keçirdikdən sonra, həmin bükümü elektron tərəzi vasitəsi ilə ölçərək qablaşdırmaqla götürmüş, ardınca üstündə şəxsi axtarış aparılmış, lakin üstündən qanunla qadağan edilmiş əşya aşkar edilməmiş, polis əməkdaşları üstündə şəxsi axtarış apardıqdan sonra onların yaşadığı evdə də axtarış aparacaqlarını fikirləşdiyindən işini bir qədər yüngülləşdirmək üçün şifahi sorğularına əsasən yaşadığı evdə də narkotik vasitə heroin saxladığını deyib həmin narkotik vasitəni təqdim edə biləcəyini demiş, polis əməkdaşları bu barədə məlumat aldıqdan sonra yaşadığı evə baxış keçirməli olduqlarını deyib, bununla bağlı razılıq istəmiş, o da artıq əməllərini səmimi etiraf etdiyi üçün etiraz etməyib razılaşmış, bundan sonra müdafiəçi və polis əməkdaşları ilə birgə şöbədən çıxaraq yaşadığı ünvan 3 ünvanına gəlmiş, yaşadığı evə keçirilən baxış zamanı o, otaqdakı dolabda saxladığı bir ədəd ağ rəngli sellofan bağlamanı və bir ədəd elektron tərəzini polis əməkdaşlarına təqdim edib, təqdim etdiyi bağlamanın içərisində narkotik vasitə heroin olduğunu və həmin narkotik vasitə heroini, habelə elektron tərəzini özü üçün sifariş verdiyi narkotik vasitəni “Sulutəpə” deyilən ünvandan götürməyə getdiyi zaman yaxınlıqda təsadüfən tapdığını demiş, polis əməkdaşları onlara təqdim etdiyi bağlamanın içərisinə baxış keçirdikdən sonra, həmin bağlamanın tərəzi vasitəsi ilə çəkisini müəyyən etdikdən sonra qablaşdıraraq götürmüş, bundan sonra keçirilən baxışla əlaqədar hamının iştirakı ilə protokol tərtib olunmuş, ucadan oxunmuş, şikayət, ərizə və təkliflər daxil olmadığından doğruluğunu təsdiq etmək üçün o özü və digər iştirakçılar tərəfindən protokola imza edilmişdir (cild 1, iş vərəqə 71- 76). Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli ilə bağlı qismən etirafını, iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Məhkəmədə şahid qismində dindirilmiş Bakı şəhəri Xətai rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməliyyat müvəkkili Şahid1 göstərdi ki, 15 mart 2022-ci il tarixdə Tariyel adlı şəxsin qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda narkotik vasitələr əldə etməsi, qəbulu və satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş, həmin məlumat yoxlanması üçün idarə rəhbərliyinə raportla məruzə edilmişdir. Əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə icazə alındıqdan sonra müvafiq qərar qəbul olunmuş, həmçinin ondan və bölmənin digər əməkdaşından ibarət əməliyyat qrupu təşkil edilmişdir. Bundan sonra həmin gün saat 15 radələrində əməliyyat qrupunun üzvü ilə birlikdə Təqsirləndirilən şəxs olması ehtimal edilən Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, 3-cü qəsəbə küçəsinə gəlmişlər. Həmin ünvanda bir müddət müşahidə apardıqdan sonra xarici görünüşünə görə Tariyelə oxşar şəxsin həmin ünvana gəldiyini görüb dərhal ona yaxınlaşmışlar. Təqsirləndirilən şəxs onların yaxınlaşdıqlarını gördükdə qaçmağa cəhd göstərmiş, buna baxmayaraq onlar cəld tərpənib onu saxlamağa nail olmuşlar. Ona xidməti vəsiqələrini təqdim edib polis əməkdaşları olduqlarını bildirmişlər və ondan da özünü təqdim etməsini xahiş etmişlər. Təqsirləndirilən şəxs özünü təqdim etmiş və onlar sonuncuya qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda narkotik vasitələri əldə etməsi, qəbulu və satışı ilə məşğul olması barədə məlumat daxil olduğunu izah etmişlər. Daha sonra onu qəbul edilmiş əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə qərarla tanış etmiş və Xətai rayon Polis İdarəsinin 34-cü Polis Şöbəsinə dəvət etmişlər. Şöbədə 13 saylı Vəkil Bürosundan vəkil dəvət olunaraq Təqsirləndirilən şəxs təqdim edilmiş, ona hüquq və vəzifələri, həmçinin dəvət olunmuş müdafiəçinin iştirakı ilə videoçəkiliş aparılmaqla şəxsi axtarışı aparılacağı izah edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs şəxsi axtarışı aparılmış, ona üzərində olan qeyri-qanuni əşyaları təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs də idman şalvarının cibindən bir ədəd yaşıl rəngli sellofan bükülünü təqdim edərək, bükümün içərisindəkinin narkotik vasitə heroin olduğunu, həmin heroini tanımadığı İran İslam Respublikası vətəndaşından şəxsi istifadəsi üçün 150 manat pul müqabilində aldığını bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş heroinə bənzər maddə elektron tərəzi vasitəsi ilə çəkilmişdir. Müvafiq sorğu aparılaraq Təqsirləndirilən şəxs həmçinin hər hansı yerdə narkotik vasitə və ya psixotrop maddə saxlayıb-saxlamaması barədə soruşulmuş, o da yaşadığı evdə külli miqdarda narkotik vasitə saxladığını etiraf etmişdir. Təqsirləndirilən şəxs üstündən aşkar edilmiş heroini Sulutəpə qəsəbəsindən götürdüyünü, həmin heroini götürərkən yaxınlıqda bir ədəd sellofan torba aşkar etdiyini, torbaya baxanda içərisində heroin olduğunu gördüyünü, bundan sonra həmin torbanı özü ilə götürüb yaşadığı evə gətirərək gizlətdiyini və həmin sellofan torbanı da könüllü olaraq təqdim edə biləcəyini bildirmişdir. Bundan sonra müdafiəçi və Təqsirləndirilən şəxs iştirakı ilə sonuncunun yaşadığı Xətai rayonu, Əhmədli qəsəbəsi, 3-cü qəsəbə küçəsi, ev 1 ünvanına gəlmişlər. Orada videoçəkilişdən istifadə edilməklə Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilmiş və sonuncu otaqdakı dolabdan bir ədəd şəffaf rəngli sellofan bağlamanı, bir ədəd elektron tərəzini çıxarıb təqdim edərək sellofanda heroin olduğunu bildirmişdir. Daha sonra evə baxış davam etdirilmiş, amma başqa qanunsuz heç nə tapılmamışdır. Aşkar olunmuş bir ədəd sellofan bağlama və bir ədəd elektron tərəzi qablaşdırılmaqla götürülmüş, baxış qurtardıqdan sonra aşkar edilənlərlə bağlı protokol tərtib olunmuş, həmin protokol oxunandan sonra iştirakçılar və Təqsirləndirilən şəxs tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs xidməti ərazidə fəal şəkildə narkotik vasitələrin satışı ilə məşğul olması barədə kifayət qədər məlumatlar əldə olunmuşdur. Onun belə qanunazidd fəaliyyətinin ətrafda yaşayan sakinlər tərəfindən də kifayət qədər narazılıq doğurduğu aydınlaşdırılmışdır. Məhkəmədə şahid qismində dindirilmiş Bakı şəhəri Xətai rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin digər əməkdaşı Şahid2 Şahid1 ifadəsi ilə oxşar məzmunlu ifadələr verərək onun göstərdiyi halları təsdiq etdi. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspert rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Şəxsi axtarış və götürmə aparılması haqqında 15 mart 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs paltarında, əşyalarında və bədənində qanunla dövriyyəsi qadağan edilmiş narkotik vasitə, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyalar və ya sənədlər varsa könüllü təqdim etməsi təklif edilmiş, bundan sonra Təqsirləndirilən şəxs əynindəki qara rəngli idman şalvarının sağ cibindən 01 ədəd sellofan bükümü çıxarıb təqdim etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin bükümün içərisindəkinin “kakos” olduğunu, tanımadığı İran İslam Respublikası vətəndaşından şəxsi istifadəsi üçün 150 manat pul müqabilində aldığını bildirmişdir. Şəxsi axtarış və götürmə zamanı videoçəkiliş aparılmış və müvafiq disk protokola əlavə edilmişdir (cild 1, iş vərəqə 26-27, 61-62). Baxış keçirmə və götürmə haqqında 15 mart 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs yazılı razılığı əsasında yaşadığı ünvan 1 ünvanına baxış keçirilmişdir. Təqsirləndirilən şəxs həmin evdə olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyalar və ya sənədləri verməsi təklif edilmiş, bundan sonra Təqsirləndirilən şəxs evin otağındakı dolabın içərsindən 01 ədəd şəffaf sellofan bağlamanı və 01 ədəd elektron tərəzini çıxarıb təqdim etmişdir. Baxış zamanı videoçəkiliş aparılmış və müvafiq disk protokola əlavə edilmişdir (cild 1, iş vərəqə 29-31). Məhkəmə-kimyəvi ekspertizasının 16 mart 2022-ci il tarixli 6/1511 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş zərfdəki bir ədəd yaşıl rəngli polietilen bükümdə təmiz çəkisi 21,5 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vəsitə - heroindir. Tədqiqata təqdim edilmiş polietilen bağlamadakı bir ədəd şəffaf polietilen torbada təmiz çəkisi 4502 qram qəhvəyi rəngli tozşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Tədqiqata təqdim edilmiş bir ədəd bükümdə və bir ədəd bağlamada olan heroinin ümumi təmiz çəkisi 4523,5 qram təşkil edir və həmin heroinlər kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eynidirlər. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in Siyahısına (Siyahı İ) daxildir. Ekspert tədqiqatından sonra heroinin qalıq çəkisi 4523,1 qram təşkil etmişdir (cild 1, iş vərəqə 42-47). Məhkəmə-kimyəvi ekspertizasının 16 mart 2022-ci il tarixli 6/1529 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş zərfdəki bir ədəd arxasında “200g/0,01g” yazısı olan gümüşü rəngli elektron tərəzinin üzərində narkotik vaistə olan heroinin izləri vardır. Tərəzinin üzərində heroin iz şəklində olduğu üçün, heroinin təmiz çəkisini və Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evdən aşkar edilərək götürülmüş heroinlərlə eyni kimyəvi tərkibli olub-olmamasını müəyyən etmək mümkün deyildir (cild 1, iş vərəqə 48-50). Ambulator məcburi-narkoloji tibbi yoxlamanın 07 may 2022-ci il tarixli 2305 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır (cild 1, iş vərəqə 115-116). Təqsirləndirilən şəxs narkotik vasitəni əldə etdiyi mənbə ilə bağlı ibtidai istintaq orqanının 18 may 2022-ci il tarixli qərarı ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə 22011080 nömrəli cinayət işi ayrıca icraata ayrılmışdır (cild 1, iş vərəqə 129-130). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin məlumatından və müvafiq hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 10 mart 2009-cu il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirli bilinib 02 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 25 aprel 2012-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2 və 234.1-ci maddələri ilə təqsirli bilinib 04 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 13 sentyabr 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.1-ci və 234.1-ci maddələri ilə təqsirli bilinib 02 il 02 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 16 may 2021-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir (cild 1, iş vərəqə 104-106, 107-114). Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş şəxslər cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab edilir. Təqsirləndirilən şəxs cəzadan azad olunandan sonra məhkumluğun götürülməsi üçün zəruri olan iki il müddət keçmədiyinə görə onun barəsində məhkumluq ödənilməmiş hesab edilməlidir. Bu hal isə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən onun əməlində cinayətlərin residivini yaradır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir, həmin əməl qəsdən törədilmişdir, başa çatmış cinayətdir, təsnifata görə ağır cinayətdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli qərarının izah və tələblərini də rəhbər tutur. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanuna əsasən, həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli 2 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş müvafiq siyahıya əsasən təmiz halda 2 qramdan artıq çəkidə narkotik vasitə heroin külli miqdar təşkil edir. Məhkəmə, Təqsirləndirilən şəxs narkotik vasitənin satışı ilə məşğul olmaması, evindən aşkar edilmiş heroinin ona məxsus olmaması ilə bağlı məhkəmədə verdiyi ifadəsini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmağa, məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək ittiham olunduğu cinayət əməlini törətməsini sübuta yetirilmiş hesab edir. Onun öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələri yuxarıda göstərilən sübutlarla - cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları ilə tam təkzib olunur. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ilə bağlı ibtidai istintaq zamanı dindirilərkən verdiyi və məhkəmə istintaqında tədqiq edilmiş etiraf ifadələri də iş üzrə digər bütün sübutların məcmusu ilə təsdiq edildiyindən, məhkəmə iş üzrə yekun qərar qəbul edərkən həmin ifadələri də sübut kimi qəbul edir. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Həmçinin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilərək səmimi peşman olmasını Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hal qismində nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən cinayətin residivini Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.3-ci maddəsinin tələblərinə uyğun olaraq ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 158-ci maddəsində də birbaşa göstərilir ki, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir (maddə 158.6). Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 15 mart 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 17 mart 2022-ci il tarixli qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəlinin 15 mart 2022-ci il tarixdən hesablanması qərara alınmışdır (cild 1, iş vərəqə 16, 85-89). Ona görə də, məhkəmə göstərilənləri nəzərə almaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 15 mart 2022ci il tarixdən hesablanmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə edilmiş hallar istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Həmin Məcəllənin 132.1.7-ci maddəsinə əsasən dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinə əsasən, maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Həmin məcəllənin 135.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə əhəmiyyət kəsb edə bilən məlumatları hərf, rəqəm, qrafika və digər işarə formasında özündə əks etdirən kağız, elektron və ya digər daşıyıcılar sənəd hesab olunur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olub Bakı şəhəri Xətai rayon Polis İdarəsinin maddi sübutların saxlanma yerinə təhvil verilmiş, ekspert tədqiqatından sonra qalıq çəkisi 4523,1 qram təşkil edən heroin və bir ədəd elektron tərəzi məhv edilməli, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və yaşadığı evə baxış keçirilməsinin görüntülərini özündə əks etdirən iki ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsidir. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 228 (iki yüz iyirmi səkkiz) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilməlidir (cild 1, iş vərəqə 43,49,150). Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün məhkəmənin qərarı ilə onun hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. Başqa sözlə, Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi məhkəmə mərhələsində Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkili X3 tərəfindən həyata keçirilmişdir. Cinayət-Prosessual Məcəllənin 193.2-ci və 193.4cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” xx.xx.2001-ci il tarixli, 31 nömrəli qərarına əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. Odur ki, həmin hesabla məhkəmə mərhələsində göstərilmiş 30 iş saatı həcmində hüquqi yardımla bağlı X1 vəkil işlədiyi Bakı şəhəri 4 saylı Vəkil Bürosunun hesabına 180 (bir yüz səksən) manat məbləğində pul köçürülməlidir. Məhkəmə gəldiyi nəticələri “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” xx.xx.2006-cı il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2011-ci il tarixli, “Məhkəmə hökmü haqqında” xx.xx.2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona 11 (on bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 15 mart 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilsin. İş üzrə maddi sübutlar: - Bakı şəhəri Xətai rayon Polis İdarəsinin maddi sübutların saxlanma yerinə təhvil verilmiş, ekspert tədqiqatından sonra qalıq çəkisi 4523,1 qram təşkil edən heroin və bir ədəd elektron tərəzi məhv edilsin; - Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və yaşadığı evə baxış keçirilməsinin görüntülərini özündə əks etdirən iki ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs 228 (iki yüz iyirmi səkkiz) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilsin. Məhkəmə mərhələsində göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına Bakı şəhəri 4 saylı Vəkil Bürosunun hesabına vəkil X3 üçün 180 (bir yüz səksən) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar