Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1262/2024 23.08.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Hüseynov Telman Qulaməli oğlu (sədrlik edən), Quliyev Əhməd Qəhrəman oğlu və Namazov Fərid Arif oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibləri X1 qızının və X4, dövlət ittihamçıları, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları Dövlət ittihamçısı, X6 və X5, Təqsirləndirilən şəxs, müdafiəçi, Bakı şəhəri 2 saylı Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1993-cü ildə Ucar rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində 1 azyaşlı uşağı olan, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş və götürülməmiş, orta təhsilli, işləməyən, Zəngilan rayonu, Çöpədərə kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, ünvan 1 ünvanında yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroin əldə edib saxlamış və üzərində daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən külli miqdarda narkotik vasitəni satıb qazanc əldə etmək məqsədi ilə şəxsiyyəti istintaqa məlum olmayan şəxslə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək sonuncudan 50 manat müqabilində külli miqdarda 2,621 qram çəkidə qəhvəyi rəngli, toz şəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroini satmaq məqsədi ilə əldə edərək üzərində saxlamış, 08 iyul 2023-cü il tarixdə günü saat 19:50 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Əhməd Rəcəbli küçəsində yerləşən “Şır-Şır” restoranının yaxınlığında həmin narkotik vasitəni üzərində daşıyarkən Binəqədi rayon Polis İdarəsinin 5-ci Polis bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində saxlanılaraq polis bölməsinə gətirilmiş, polis bölməsinin inzibati binasında şübhəli şəxs qismində tutulduqdan sonra üzərinə şəxsi axtarış keçirilərkən əynində olan göy rəngli şalvarın sağ yan cibindən 01 ədəd şəffaf sellofana bükülmüş halda təmiz çəkisi 2,621 qram olan qəhvəyi rəngli, toz şəkilli maddə kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilmədi və ifadəsində göstərdi ki, Bakıda “Şır-Şır” restoranın yanında dostu ilə kirayədə yaşamış, onu oğurluq hadisəsinə görə polis əməkdaşları bölməyə gətirmiş və orada döymüşlər. Polislər onun cibinə narkotik vasitə qoymuşlar. O da boynuna götürmüşdür. Məhkəmədə verilən əlavə suallara cavab olaraq Təqsirləndirilən şəxs onu polislərin maşından olan oğurluğa görə bölməyə gətirdiklərini və bir gün bölmədə saxladıqlarını, onu döyənlərin Zülfiqar, Məhəmməd və Emin olduqlarını, ona kiloyla narkotik yükləyəcəklərini dediklərini, onu CM-in 234.1-ci maddə ilə rəsmiləşdirmələrini xahiş etdiyini və həmin maddəyə qol çəkdiyini, onun üzərində narkotik vasitə olmadığını, işlətdiyi nömrənin dostunun adına olduğunu, lakin özünün işlətdiyini, döyülməsi ilə bağlı prokurorluq əməkdaşının onun izahatını aldığını, təcridxanada xəsarətlərinin qeydə alındığını, əvvəllər oğurluğa görə məhkum olunduğunu, özünün narkotik vasitə heroin istifadə etdiyini, heroini Dərnəgüldə tanımadığı şəxsdən 0,5 qram alıb bir gündən bir siqaretin içinə qoyub istifadə etdiyini, tutulan gün günorta 0,5 qram heroin istifadə etdiyini bildirdi. Məhkəmədə şahid qismində dindirilmiş Binəqədi rayon Polis İdarəsinin 5-ci Polis bölməsinin əməliyyat müvəkkili vəzifəsində işləyən Şahid1 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin saxlanılmasına və istifadəsinə görə tərəflərindən saxlanılmışdır. X9 rayonu, “Şır-Şır” restoranının yanında saxlayıb özlərini təqdim etmiş və Arazı polis bölməsinə dəvət etmişlər. Bölmədə üzərinə baxış keçirilən zaman Araz üzərində saxladığı heroini təqdim etmiş və 50 manata öz istifadəsi üçün Dərnəgül ərazisindən aldığını bildirmişdir. Aşkar olunan narkotik vasitə qablaşdırılıb ekspertizaya göndərilmişdir. Məhkəmədə verilən əlavə suallara cavab olaraq şahid Əmirli X2 zaman tək olduğunu və heç bir müqavimət göstərmədiyini, Araza qarşı heç bir fiziki və psixi işgəncə olmadığını, özünün əməlini etiraf etdiyini, döyülməsi və oğurluğa görə saxlanılması barədə təqsirləndirilən şəxsin bildirdiklərinin həqiqətə uyğun olmadığını bildirdi. Məhkəmədə şahid qismində dindirilmiş digər polis əməkdaşı Şahid2 eyni məzmunlu ifadə verərək Şahid1 göstərdiyi xüsusatları tam təsdiq etdi. Məhkəmədə verilən əlavə suallara cavab olaraq Şahid2 əməliyyat məlumatının Şahid1 daxil olduğunu, tədbirdə Şahid1 və onun iştirak etdiyini, Arazın narkotikə görə saxlanıldığını, polislər tərəfinfən Araza qarşı fiziki və psixi təzyiq olmadığını bildirdi. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, iş üzrə keçirilmiş ekspertiza rəylərini və digər sənədləri sübut növləri kimi qəbul edir. Belə ki, işdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş: - xx.xx.2023-cü il tarixli raportun məzmunundan görünür ki, etimad doğuran, məlum, qərəzsiz mənbədən daxil olmuş məlumatda xx xxxxxx 1993-cü ildə Ucar rayonunda anadan olmuş, evli, əvvəllər məhkum olunmuş, orta təhsilli, Zəngilan rayonu, Çöpədərə kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, ünvan 1 ünvanında yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq üzərində narkotik vasitələr gəzdirməsi bildirilir (cild 1, iş vərəqi 3). - əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs müəyyən edilib ifşa olunması istiqamətində əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi qərara alınmışdır (cild 1, iş vərəqi 4-5). - xx.xx.2023-cü il tarixli raportun məzmunundan görünür ki, Binəqədi rayon Polis İdarəsinin 5-ci Polis bölməsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq üzərində narkotik vasitələr gəzdirməkdə şübhəli bilinən xx xxxxxx 1993-cü ildə Ucar rayonunda anadan olmuş, evli, əvvəllər məhkum olunmuş, orta təhsilli, Zəngilan rayonu, Çöpədərə kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, ünvan 1 ünvanında yaşayan Təqsirləndirilən şəxs olduğu yer müəyyən edilərək xx.xx.2023-cü il tarixdə, saat 19:50 dəqiqədə Bakı şəhəri, Binəqədi rayonu, Əhməd Rəcəbli küçəsində yerləşən “Şır-Şır” restoranının yaxınlığında saxlanılaraq 5-ci Polis bölməsinə gətirilmişdir (cild 1, iş vərəqi 7). - şəxsi axtarış və götürmə aparılması haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, həmin tarixdə videoçəkilişdən istifadə edilməklə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, müvafiq təklifdən sonra o, əynində olan göy rəngli şalvarın sağ yan cibindən 1 ədəd şəffaf sellofana bükülmüş bükümü və sol cibində olan “Samsung” markalı mobil telefonu təqdim edərək masanın üzərinə qoymuş, daha sonra şübhəli şəxsin üzərinə şəxsi axtarış keçirilmiş, sonuncunun üzərindən qanunla qadağan edilmiş, iş üzrə əhəmiyyət kəsb edən digər əşya və ya predmet aşkar edilməmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi kütlənin narkotik maddə heroin olduğunu, həmin maddəni tanımadığı şəxsdən öz istifadəsi məqsədilə 50 manata alaraq üzərində gəzdirdiyini bildirmişdir (cild 1, iş vərəqi 30-32). - materialların məhkəmə ekspertizasının xx.xx.2023-cü il tarixli, 3-16-16/2-6/3699 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün N74” dairəvi möhür əksi və “...Təqsirləndirilən şəxs-imza, üç imza, Nizami Babazadəimza...” yazı əlavəsi qeyd edilmiş bir ədəd kağız zərfdə 01 (bir) ədəd bükümdə təmiz çəkisi 2,621 qram olan qəhvəyi rəngli, toz şəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş siyahılara əsasən, heroin Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin İ siyahısına daxildir. Aparılmış tədqiqatın dəyəri 92 (doxsan iki) manat təşkil edir (cild 1, iş vərəqi 36-40). - şəxsi axtarış və götürmə aparılması haqqında protokola əlavə olunmuş 01 ədəd diskə baxış keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, 08 iyul 2023-cü il tarixdə saat 19:50 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Ə.Rəcəbli küçəsində yerləşən “Şır-Şır” restoranının yaxınlığında saxlanılmış Təqsirləndirilən şəxs ünvan 2 ünvanında yerləşən Polis bölməsinin inzibati binasına gətirildikdən sonra saat 21:00-da inzibati otaqda Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış zamanı ona paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və sənədləri könüllü surətdə verilməsi barədə qərarla tanış edilərək təklif edildiyinin, həmin təklifdən sonra isə Təqsirləndirilən şəxs əynində olan göy rəngli şalvarın sağ yan cibindən 01 ədəd şəffaf sellofan bükülünü və sol cibindən bir ədəd “Samsung” markalı mobil telefonu çıxardaraq masanın üzərinə qoyduğunun, bundan sonra Təqsirləndirilən şəxs üzərində aparılan şəxsi axtarış nəticəsində ciblərindən qanunla qadağan olunmuş hər hansı əşyanın aşkar olunmadığının, Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd şəffaf sellofana bükülmüş bükümün içərisində olan maddənin “kakos” olduğunu bildirdiyinin, onun 08 iyul 2023-cü il tarixdə günorta saatlarında Bakı şəhəri, Binəqədi rayonu, Dərnəgül qəsəbəsində tanımadığı şəxsdən 50 manat pul müqabilində şəxsi istifadəsi üçün aldığını bildirdiyinin, bundan sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş maddənin zərfə qoyularaq qablaşdırıldığının, möhürləndiyinin, zərfin üzərinin, həmçinin şəxsi axtarışın keçirilməsi barədə tərtib edilmiş protokolun Təqsirləndirilən şəxs özü və digər iştirakçılar tərəfindən imzalandığının görüntüləri aydın görünür (cild 1, iş vərəqi 54). - mobil telefona baxış keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs şəxsi axtarış zamanı üzərindən götürülmüş 01 ədəd “Samsung” markalı mobil telefona baxış keçirilmiş, baxış zamanı iş üçün əhəmiyyət kəsb edən hər hansı məlumat aşkar edilməmişdir (cild 1, iş vərəqi 55). - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” Publik hüquqi şəxsinin xx.xx.2023-cü il tarixli, 9947 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs arxiv məlumatına görə yuxarıda adı göstərilən xəstəxanada müalicədə olmamışdır (cild 1, iş vərəqi 111). - cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Bakı İstintaq təcridxanasına qəbul edilərkən həmin təcridxananın tibb-santar hissəsində müayinədən keçirilən zaman kürəyinin sol tərəfində tünd sarımtıl rəngli qançır izləri, təpə nahiyəsində isə qərtməkli yara xəsarətinin aşkar olunması barədə daxil olmuş məlumatla bağlı Binəqədi rayon prokurorluğunda araşdırma aparılmış, araşdırma nəticəsində onun polis əməkdaşları tərəfindən zorakılığa məruz qalmadığı müəyyən edilmiş və toplanmış material üzrə cinayət işinin başlanması Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən rədd edilmişdir (cild 1, iş vərəqi 127-128). - "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, həmin müəssisəyə məxsus olan ***-***-**-** saylı nömrə qərarda göstərilən müddətdə Azercell şəbəkəsində istifadə edilməmidir (cild 1, iş vərəqi 132). - Binəqədi rayon Polis İdarəsinin 5-ci Polis şöbəsinin xx.xx.2023-cü il tarixli cavab məktubundan görünür ki, verilmiş əməliyyat taşırığı ilə əlaqədar keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs narkotik vasitələr və psixotrop maddələrin satışı ilə məşğul olması öz təsdiqini tapmamış, onun narkotik vasitə heroini əldə etdiyi mənbəni müəyyən etmək mümkün olmamışdır (cild 1, iş vərəqi 150). - məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 4753 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opiodlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cild 1, iş vərəqi 163-164). - sübutların qiymətləndirilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş, ekspertiza tədqiqatından sonra qalıq qalmış 2,521 qram çəkidə narkotik vasitə heroin və onun üzərinə aparılmış şəxsi axtarışın görüntülərini özündə əks etdirən bir ədəd CD disk iş üzrə maddi sübut kimi tanınmış, heroin saxlanılması üçün Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin maddi sübutların saxlanma yerinə təhvil verilmiş, CD disk cinayət işinin materiallarına əlavə edilmişdir (cild 1, iş vərəqi 169-175). - cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması barədə xx.xx.2023-cü il tarixli qərardan görünür ki, narkotik vasitənin mənbəyinin müəyyən edilməsi məqsədilə cinayət işinin materiallarından Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə ********* nömrəli cinayət işinin ayrıca icraata ayrılması barədə qərar qəbul edilmişdir (cild 1, iş vərəqi 177-178). - Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsinə daxil olan və çıxan zənglərin siyahısı, daxil olan və göndərilmiş mesajların məzmunu və xx.xx.2023-cü il tarixdə saat 08:00-dan 19:00-dək anten dairəsi barədə məlumatlarla əlaqədar "xxxx" MMC-dən alınmış xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, ***-***-**-** saylı mobil nömrə xx.xx.2023-cü il tarixdə saat 08:00-dan 19:00-dək müddət ərzində Bakcell şəbəkəsində istifadə olunmamışdır (cild 1, iş vərəqi 224). - Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsinə daxil olan və çıxan zənglərin siyahısı, daxil olan və göndərilmiş mesajların məzmunu barədə məlumatlarla əlaqədar "xxxx" MMC-dən alınmış xx.xx.2023-cü il tarixli məktuba əlavə edilmiş diskə baxış keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, xx.xx.2023-cü il tarixdə ***-***-**-** mobil nömrədən Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsinə “Araz imkan varsa yanımda adam var deyə bilmədim mənə bir cet kola pulum yoxdu, patıdan lap bir cet az olsun. Patının pulu hazırdı. Bişirilmişdə olar, rastvor patılı zaddı olsa vapşı qaymaq olar” məzmunlu sms göndərilmişdir (cild 1, iş vərəqi 225). - cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Binəqədi rayon prokurorluğunun cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərarının Binəqədi Rayon Məhkəməsinin hakimi tərəfindən ləğv edilməsi ilə bağlı əlavə araşdırma aparılmış, həmin araşdırma nəticəsində Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən zorakılığa məruz qalmadığı müəyyən edilmiş və toplanmış material üzrə cinayət işinn başlanması Azərbaycan Respublikası 39.1.2ci maddəsinə əsasən rədd edilmişdir (cild 1, iş vərəqi 252-254). Məhkəmə belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün tövsif olunmuşdur. Belə ki, “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən heroinin təmiz halda 0,15 qramı xeyli miqdar, 2 qramı külli miqdar, 800 qramı xüsusilə külli miqdar hesab olunur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2024-cü il tarixli 8 saylı Qərarının 9-cu bəndində məhkəmələrə tövsiyə edilir ki, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs polislər tərəfindən saxlanılarkən üzərində heç bir narkotik olmaması, oğurluqla bağlı saxlanılması, polislərin onu döyməsi, üzərinə götürməsi üçün polislərin ona narkotik verməsi, nəticədə onun məcbur olub narkotiki öz üzərinə götürməsi barədə məhkəmədə verdiyi ifadələrinə tənqidi yanaşır, bunu təqsirləndirilən şəxsin müdafiə mövqeyi kimi dəyərləndirir. Belə ki, cinayət işinin materiallarından görünür ki, polis bölməsində tutularkən Təqsirləndirilən şəxs müdafiə hüququ təmin edilərək müdafiəçi dəvət edilmiş, müdafiəçinin iştirakı ilə o tutulmuş, daha sonra onun istəyi və tələbi ilə müdafiəçinin iştirakı olmadan, lakin videoçəkilişdən istifadə edilməklə onun üzərinə şəxsi axtarış keçirilmiş və o, əynində olan əynində olan göy rəngli şalvarın sağ yan cibindən 1 ədəd şəffaf sellofana bükülmüş bükümdə narkotik vasitə olan heroin kütləsini və sol cibində olan “Samsung” markalı mobil telefonunu təqdim edərək masanın üzərinə qoymuşdur. Şifahi sorğu zamanı o, təqdim etdiyi kütlənin narkotik maddə heroin olduğunu, həmin maddəni tanımadığı şəxsdən öz istifadəsi məqsədilə 50 manata alaraq üzərində gəzdirdiyini bildirmişdir. Şəxsi axtarışın nəticəsinə dair müvafiq protokol tərtib edilmiş və həmin protokol təqsirləndirilən şəxs və digər iştirakçılar tərəfindən imzalanmaqla təsdiq edilmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs şübhəli şəxs və təqsirləndirilən şəxs qismində müdafiəçinin iştirakı ilə ilkin ifadələrində üzərindən aşkar edilmiş narkotiki tanımadığı şəxsdən şəxsi istifadəsi məqsədilə 50 manat pul müqabilində aldığını etiraf etmişdir. Lakin sonrakı ifadələrində və məhkəmədə verdiyi ifadəsində və ona verilən suallara cavab olaraq polis bölməsində polis əməkdaşları tərəfindən ona fiziki təzyiq edildiyi və onun həmin təzyiq altında etirafedici ifadələr verdiyini bildirmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı şübhəli və təqsirləndirilən şəxs kimi ilkin ifadələr verərkən, ona qarşı polis əməkdaşları tərəfindən heç bir təzyiq edilmədiyini bildirmişdir. Buna baxmayaraq məhkəmə müvafiq sorğu verərək təqsirləndirilən şəxsin saxlandığı İstintaq təcridxanasından onun şəxsi işinin və tibbi kitabçasının surətlərini əldə etmiş, həmin sənədlərə proses iştirakçılarının iştirakı ilə baxış keçirilərkən kitabçalarda onun təpə nahiyəsində 3-4 sm ölçüdə üzəri qərtməkli yara, kürəyin sol nahiyəsində 2-3 sm ölçüdə tünd sarımtıl rəngli qançır aşkar edildiyi aşkar edilmiş, o, həmin xəsarətləri həbs olunan zaman aldığını bildirmişdir. Bundan başqa, cinayət işinin materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərar məhkəmədə tədqiq edilərkən müəyyən olmuşdur ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Bakı İstintaq təcridxanasına qəbul edilərkən həmin təcridxananın tibb-santar hissəsində müayinədən keçirilən zaman kürəyinin sol tərəfində tünd sarımtıl rəngli qançır izləri, təpə nahiyəsində isə qərtməkli ara xəsarətinin aşkar olunması barədə daxil olmuş məlumatla bağlı Binəqədi rayon prokurorluğunda araşdırma aparılmış, onun və polis işçilərinin izahatları alınmış, məhkəmə-tibbi ekspertizası keçirilmişdir. Araşdırma nəticəsində Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən zorakılığa məruz qalmadığı müəyyən edilmiş və toplanmış material üzrə cinayət işinin başlanması Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən rədd edilmişdir. Qeyd edilənlərlə bağlı məhkəmə belə nəticəyə gəlir ki, polis əməkdaşları tərəfindən döyülməsi və təzyiqlərə məruz qalması barədə məhkəmədə deyilənlər uydurmadan başqa bir şey deyil və məhkəmə həmin halı həqiqətə uyğun hal kimi qəbul edə bilməz. Bununla da, məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs məhkəmə istintaqında ona qarşı irəli sürülmüş ittihamı mübahisələndirməklə məsuliyyətdən yaxa qurtarmaq məqsədini güdür. Məhkəmə Təqsirləndirilən şəxs istifadə etdiyi mobil nömrəsi ilə narkotik vasitələrin alqısatqısı ilə bağlı aparılmış sms yazışmasını, ondan aşkar edilmiş narkotik vasitənin şəxsi istehlak miqdarından dəfələrlə artıq olmasını, habelə iş üzrə toplanmış bütün sübutları məcmu halda qiymətləndirərək hesab edir ki, o, aşkar edilmiş narkotiki məhz satış məqsədilə əldə etmişdir. Beləliklə, məhkəmə, məhkəmə baxışında araşdırılaraq tədqiq edilmiş və yuxarıda sadalanan sübutlara müqayisəli şəkildə obyektiv hüquqi qiymət verərək və özünün daxili inamına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroin əldə edib saxlamaqla daşıması kifayət qədər sübuta yetirilir, o, təqsirlidir, əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsiri nəzərə alınır. Təqsirləndirilən şəxs ailə vəziyyətinə dair “Elektron Məhkəmə” informasiya sistemindən çıxarışından görünür ki, onun himayəsində xx.xx.2016-cı il təvəllüdlü Aylin Əmraslanova adlı uşağı vardır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin tələbnaməsindən və hökmdən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-cü maddəsi ilə təqsirli bilinib 2 (iki) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə barəsində Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Amnistiya Qərarının 4-cü bəndi tətbiq edilərək cəzası 6 (altı) ay azaldılmış, həmin Məhkəmənin xx.xx.2022-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş qalan 3 (üç) ay 1 (bir) gün hissəsindən vaxtından əvvəl şərti azad edilmiş, xx.xx.2022-ci il tarixdə qeydiyyatdan çıxarılmışdır (cild 1, iş vərəqi 115-117, 139-144). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.1-ci maddəsinin tələbinə görə cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə onların məhkumluğu ödənilmiş hesab olunur. Göründüyü kimi, Təqsirləndirilən şəxs Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci tarixli hökmü ilə ona təyin edilmiş cəzanı çəkib qurtardığı gündən iki il keçmədiyindən o, məhkumluğu olan şəxs hesab edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinin tələbinə görə, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Göründüyü kimi, Təqsirləndirilən şəxs daha əvvəl qəsdən törətdiyi az ağır cinayətə görə məhkumluğu ödənilmədən və götürülmədən yenidən qəsdən cinayət törətdiyinə görə onun əməlində cinayətlərin residivi mövcuddur. Təqsirləndirilən şəxs əməlində residivin olmasını məhkəmə Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hal kimi qiymətləndirir. Məhkəmə, yuxarıda şərh edilənləri, eləcə də təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini və xarakterini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəza təyin edilməsinin ümumi əsaslarını, cəzasını yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs yalnız cəmiyyətdən təcrid olunmaqla yenidən tərbiyə və islah oluna bilər, buna görə də ona təqsirləndirildiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədlərinə nail olmaq olar. Təqsirləndirilən şəxs ittiham olunduğu Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyasında beş ildən on iki ilədək müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməllər ağır cinayət kimi təsnif edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.1-ci maddəsinə əsasən, residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Həmin Məcəlləsinin 65.2-ci maddəsinə əsasən, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə azadlıqdan məhrum etmə növündə cəzanın ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi nəzərdə tutulmuşdur. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. İşdə olan tutma protokolundan və məhkəmənin qərarından görünür ki, Təqsirləndirilən şəxs 08 iyul 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 10 iyul 2023-cü il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 08 iyul 2023-cü il tarixdən hesablanmış və hökm çıxarılana kimi fasiləsiz olaraq həbsdə saxlanılmışdır (cild 1, iş vərəqi 19, 73-77, 108-110, 151-155, 190-193, 211-
215. 217-218). Məhkəmə hesab edir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs cəza çəkməsinin başlanğıcı onun şübhəli şəxs qismində tutulduğu 08 iyul 2023-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli əmlakı müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan, Təqsirləndirilən şəxs götürülərək Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin maddi sübutların saxlanma yerində saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq qalmış 2,521 qram heroin məhv edilməli, Təqsirləndirilən şəxs üzərinə aparılmış şəxsi axtarışın görüntülərini özündə əks etdirən bir ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü və 198.1-ci maddələrinə əsasən məhkəmə hesab edir ki, ibtidai istintaq zamanı keçirilmiş məhkəmə ekspertizası ilə əlaqədar 92 (doxsan iki) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia verilməmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344- 347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli 08 iyul 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan, Təqsirləndirilən şəxs götürülərək Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin maddi sübutların saxlanma yerində saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq qalmış 2,521 qram heroin məhv edilsin. Digər maddi sübut - Təqsirləndirilən şəxs üzərinə aparılmış şəxsi axtarışın görüntülərini özündə əks etdirən bir ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. İbtidai istintaq zamanı aparılmış məhkəmə ekspertizası ilə əlaqədar 92 (doxsan iki) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. Hökmdən onun elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Hakimlər: (Sədrlik edən) Telman Hüseynov
Əhməd Quliyev
Fərid Namazov