Məhkəmə qərarları › İş №1(101)-1263/2023

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1263/2023

26.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1263/2023 26.10.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Ağalarov Mahmud Muradxan oğlunun sədrliyi ilə, hakimlər Qəniyev Faiq Əsəd oğlu və Əliyev Samir İmamverdi oğlundan ibarət tərkibdə, Əfəndiyev Emil Habil oğlunun katibliyi ilə, dövlət ittihamçıları: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları Dövlət ittihamçısı və X3, müdafiəçi: «Fides» Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs, zərərçəkmiş şəxsin nümayəndələri: Nümayəndə2 və Bakı şəhəri 7 saylı Vəkil Bürosunun vəkili Nümayəndə1 iştirakı ilə xx xxxxx 1953-cü ildə Naxçıvan Muxtar Respublikası Ordubad rayonunun Dırnıs kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkum olunmamış, Bakı şəhəri Babək prospekti, ev 70, mənzil 128-də qeydiyyatda olmaqla yaşayan, barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, Müəyyənetdi: Təqsirləndirilən şəxs 26 dekabr 2022-ci il tarixdə saat 5 radələrində Bakı şəhəri Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sülh küçəsi 4 saylı binanın qarşısında keçmiş kürəkəni Zərərçəkmiş şəxs keçmiş ailəsinə biganə yanaşması səbəbindən üzərində olan mətbəx baltası ilə Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyələrindən qəsdən vurmaqla sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid olan təpə və sol əl nahiyələrinin kəsilmiş-çapılmış yaraları və insan həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid nazik bağırsağın zədələnməsi ilə müşaiyət olunan qarının ön divarının kəsilmiş-çapılmış yaralarından ibarət xəsarətlər yetirməklə qəsdən Zərərçəkmiş şəxs sağlamlığına ağır zərər vurmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs onun həmkəndlisi və keçmiş kürəkənidir. Sonuncu 2003-cü ildə onun qızı Çiçəklə ailə həyatı qurmuş, bu nigahdan onların üç uşağı dünyaya gəlmişdir. Azər uzun illər ailəsi ilə birlikdə X1 şəhərində yaşamaqla biznes fəaliyyəti ilə məşğul olmuşdur. İlk vaxtlar Azər Çiçəklə mehriban dolansa da, son illər qızı ilə kobud davranmağa başlamış və onların ailə münasibətlərində soyuqluq yaranmışdır. Həmin ərəfələrdə Azər qızı Çiçəklə evdə dəfələrlə mübahisə edib onu döymüş, qızı ailəsini qorumaq üçün Azərin hərəkətlərindən şikayət etməmişdir. 2017-ci ilin əvvəllərində qızı Çiçək ailə münasibətləri pozulduğundan uşaqlarını da götürüb Bakı şəhərinə gəlmiş və əri Zərərçəkmiş şəxs məxsus Bakı şəhəri Bakıxanov qəsəbəsi, Sülh küçəsi, ev 4, mənzil 70-də yaşamağa başlamışdır. Zərərçəkmiş şəxs isə Moskva şəhərində biznes fəaliyyətini davam etdirmişdir. Qızı Çiçək Bakı şəhərinə gələndən sonra Azər uşaqları ilə maraqlanmamış və onlara qayğı göstərməmişdir. Odur ki, Çiçək iki uşaqla baxımsız qaldığınıdan, qızı və nəvələrinə maddi dəstək olmaqdan ötrü özünün yaşadığı evi kirayəyə verib, gah qızıgildə, gah da digər oğlunun evində qalmağa başlamışdır. Azər ailəsinə baxmadığından, özü qızının ailəsini saxlamışdır. 2022-ci ilin may ayında Çiçək Moskva şəhərində Azərdən məhkəmə qaydasında boşanmışdır. X7 arasında Moskva şəhərindəki əmlak bölgüsü və aliment tələbi ilə bağlı məhkəmədə mülki mübahisə gedir. Azər boşanandan sonra da ayrı-ayrı şəxslərlə qızının yaşadığı mənzilə gəlib-getmiş və bu hal onun xoşuna gəlməmişdir. Hadisədən bir il əvvəl Azər qızını döyüb evdən qovmuş və səhərəsi günü qardaşı Bünyadı göndərmişdi ki, Azərdən polisə şikayət etməsin. 25 dekabr 2022-ci il tarixdə qızı Çiçək ona Azərin qohumunun toy məclisində iştirak etməsi üçün səhərə yaxın Bakıya qayıdacağını və birbaşa onun yaşadığı mənzilə gələcəyini demişdir. Qızı Çiçəyin deməsindən ona məlum olmuşdur ki, Azər qardaşı Bünyadla birlikdə gəlib qızını və nəvələrini mənzildən çıxartmaq istəyir. Bunun qarşısını almaq üçün qızının yaşadığı mənzilə getmişdir. Səhər saat 5 radələrində Azərin gələcəyəni bilib, mətbəxdən ət doğrayan baltanı götürüb evin giriş blokunun yaxınlığında sonuncunu gözləməyə başlamışdır. Baltanı Azəri qorxutmaq, onun mənzilə qalxmasının qarşısını almaq məqsədi ilə götürmüşdür. Bunu edərkən onun balta ilə kiməsə xəsarət yetirmək niyyəti olmamışdır. Təxminən 15-20 dəqiqə sonra Zərərçəkmiş şəxs qardaşı oğlunun idarə etdiyi «Hyundai» markalı avtomobillə binanın qabağına gəlmişdir. Avtomobildən birinci Azər düşmüşdür. Düşən kimi də əlində balta ilə Azərə yaxınlaşıb ondan qızı ilə boşandığı halda, bu evdə nə işinin olduğunu soruşmuşdur. Azər baltanı onun əlindən almaq istəmiş və o, baltanı çəkmişdir. Bu zaman balta Azərin əlinə dəymişdir. Daha sonra Bünyad və oğlu avtomobildən düşüb baltanı əlindən alıb, onu itələmiş və o, yerə yıxılmışdır. Bünyad onun üzərinə oturub dizini sinəsinə qoyub sıxmağa başlamışdır. Ağrıdan qışqırıb qonşuları köməyə çağırmış, səsinə qonşular gəlmişdir. Bundan sonra Azərlə Bünyad qaçıb hadisə yerindən getmişdir. Hadisə nəticəsində səhhəti pisləşmiş və üç dəfə təcili tibbi yardım həkimləri evinə gəlib onu müayinə etmişlər. Baş verənlərə görə peşmandır və dərin təəsüf hissi keçirir. Barışıq əldə etmək üçün dəfələrlə cəhd etmiş, lakin, qarşı tərəf barışığın əvəzində qızının əmlakdan imtina etməsini istəmiş və bu səbəbdən də barışıq əldə olunmamışdır. Yaşını, xəstəliyini, cinayətin baş vermə səbəb və şəraitini nəzərə alıb, barəsində ədalətli qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun keçmiş qaynatasıdır. Bakı şəhəri Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sülh küçəsi 4, mənzil 70-də qeydiyyatda olsa da, biznes fəaliyyət ilə əlaqədar 20 ilə yaxındır ki, Rusiya Federasiyasının Moskva şəhərində yaşayır. X2 ilə 2003-cü ildə ailə həyatı qurub Moskvada yaşamışlar. Birgə nikahdan 3 uşaqları vardır. Son illərdə münasibətləri pisləşdiyindən 2022-ci ilin yaz aylarında boşanmışlar. Birgə yaşadıqları müddətdə aralarında xırda müğbahisələri olsa da, heç vaxt arvadına əl qaldırmamışdır. Bundan sonra alınmış mülklərin bölünməsinə dair məhkəmə mübahisələri başlanmışdır. Dəfələrlə Çiçəklə barışmaq istəsə də, Təqsirləndirilən şəxs buna imkan verməmişdir. Çiçək və iki uşağı ona məxsus nikahdan əvvəl aldığı Bakıxanov qəsəbəsi, Sülh küçəsindəki mənzildə, böyük oğlu isə onunla birlikdə Moskvada yaşayır. Boşandıqdan sonra övladlarının dolanışığı üçün əlindən gələn qədər maddi yardım etmişdir. 26 dekabr 2022-ci ildə qohumunun toy məclisində iştirak etmək üçün Bakı şəhərinə gəlmişdir. Onu hava limanında qardaşı Bünyad və qardaşı oğlu Amil qarşılamışlar. Qardaşına uşaqları üçün aldığı hədiyyələri verməkdən ötrü Bakıxanov qəsəbəsində yerləşən mənzilinə getmək istədiyini demiş, sonuncu ona hədiyyələri başqa vaxt verməsini bildirmişdir. Qardaşına ləngiməyəcəyini, hədiyyələri verib tez qayıdacağını demişdir. Bundan sonra qardaşı oğlunun idarə etdiyi avtomobillə Bakıxanov qəsəbəsinə getmişlər. Saat təxminən 5 radələrində həmin yerə çatıb, evə qalxmaq üçün binanın qarşısında avtomobildən düşmüş, qardaşı və qardaşı oğlu isə avtomobildə onu gözləmişlər. Bu vaxt keçmiş qayınatası Təqsirləndirilən şəxs qəfildən ağacların arasından çıxıb, üzərinə hücum çəkib balta ilə ona iki zərbə endirmişdir. Sonuncudan baltanı almaq istəyərkən əlindən xəsarət almışdır. Bundan sonra qardaşı oğlu Amil avtomobildən düşüb, baltanı Səffanın əlindən alıb avtomobilə qoymuşdur. Səffa yerə yıxılıb qışqıraraq qonşuları köməyə çağırmağa başlamışdır. Sonuncunun ona kimsənin hücüm etmədiyi halda, nə səbəbə qışqırdığını başa düşməmişdir. Hadisədən sonra dərhal Amil onu xəstəxanaya aparmış, orada yaralarını tikdirmiş və 20 gün xəstəxanada müalicə olunmuşdur. Nə hadisədən əvvəl, nə də hadisədən sonra Səffanın üzərinə heç kim hücum etməmişdir. Belə ki, o, avtomobildən düşərkən qardaşı və qardaşı oğlu avtomobildə onu gözləmişdir. Səffa qəfildən ona hücum etmiş, qardaşı ilə qardaşı oğlu hadisə anını görməmişdir. Təqsirləndirilən şəxslə barışmır, onu bağışlamır və məhkəmədən ona ağır cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Nümayəndə2 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs onun doğma qardaşıdır. Azər 2003-cü ildə həmkəndliləri Təqsirləndirilən şəxs qızı Çiçəklə ailə həyataı qurmuş, 2022-ci ilin əvvəllərində münasibətləri pisləşdiyindən onlar boşanmışlar. X6 barışmaq istəsə də, Səffa onlara mane olmuşdur. Azərin övladlarından biri Moskva şəhərində onunla, qalanları isə Çiçəklə birlikdə Azərə məxsus Bakıxanov qəsəbəsi Sülh küçəsi 4-dəki 70 saylı mənzilində yaşayırlar. Azər övladlarının dolanışığı tam olaraq təmin etmişdir. 26 dekabr 2022-ci il tarixdə Azər qardaşı oğlunun toyunda iştirak etmək üçün Bakı şəhərinə gəlmişdir. O, oğlu Amilin idarə etdiyi avtomobillə hava limanına gedib Azəri qarşılamışlar. Sonuncu Bakıda yaşayan iki övladı üçün darıxdığını, eyni zamanda onlara hədiyyələr aldığını bildirib, uşaqlarını görmək istədiyini demişdir. Odur ki, oğlu Amilin idarə etdiyi avtomobillə Çiçək və uşaqlarının yaşadığı evə getmişlər. Saat təxminən 5 radələrində Amil avtomobili evin qarşısında saxlamış və Azər avtomobildən düşmüşdür. Bu vaxt qəflətən kiminsə Azərin üzərinə hücum çəkdiyini görmüşlər. Onlar avtomobildən düşəndə hücum edənin Səffa olduğunu bilmişdir. X9 əlindən baltanı alıb avtomobilə tullamış, o isə sonuncunu tutub saxlamışdır. Azər Səffanın ona balta ilə xəsarət yetirdiyini demiş, bundan sonra oğlu Amil Azəri xəstəxanaya aparmışdır. O, Səffaya hücum etməmiş və onu vurmamışdır. Hava qaranlıq olduğundan və həm də həmin vaxt avtomobilin salonunda əyləşdiyindən Səffanın Azəri balta ilə vurma anını görməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 atası şahid Nümayəndə2 ifadəsinə oxşar ifadə verdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun atası, Zərərçəkmiş şəxs isə keçmiş həyat yoldaşıdır. Sonuncu ilə 2003-cü ildə ailə həyatı qurmuşdur. 15 ilə yaxın Rusiya Federasiyasının Moskva şəhərində yaşamışlar. Azər orada biznes fəaliyyəti ilə məşğul olmuşdur. Birgə nikahlarından üç övladları vardır. Evli olduqları müddət ərzində Azər ona çox zülm etmiş, təhqir və işgəncələrə məruz qalmış, lakin, uşaqlarına görə ailəsinin dağılmasını istəməmiş, baş verənlərə dözüb sonuncudan şikayət etməmişdir. Azər Rusiyada başqa bir qadınla da yaşamış və ondan da bir övladı vardır. Bir neçə il əvvəl Azərlə münasibətləri pozulduğundan övladlarını özü ilə götürüb Bakıya köçüb Azərə məxsus Bakı şəhəri Bakıxanov qəsəbəsi, Sülh küçəsi, ev 4, mənzil 70-də yaşayır. Azər əmlaklarından ona pay verməmək üçün boşanmaq istəməsə də, 2022-ci ilin may ayında boşanmışlar. Böyük oğlu Azərin yanında qalır. X5 aralarında əmlak bölgüsü ilə bağlı məhkəmə işləri vardır. Atası Təqsirləndirilən şəxs onun iki uşaqla tək qalmağını, Azər tərəfindən övladlarına qayğı göstərilmədiyini görüb, öz yaşadığı evi kirayə verib pulunu onlara vermiş, özü də ya onun yaşadığı mənzildə, ya da qardaşının yaşadığı mənzildə qalmağa başlamışdır. Azər hər dəfə onu hədələyərək xəbər göndərmişdir ki, Bakı şəhərinə gəldiyi halda onun başını kəsəcəkdir. 2022-ci ilin dekabr ayının sonlarında Azərin 26 dekabr 2022-ci il tarixdə qohumunun toy məclisində iştirak etmək Bakıya gələcəyi ona məlum olmuşdur. Azərin yaşadığı evə gəlib onu döyəcəyindən ehtiyat edib, bu barədə atasına məlumat verib, onlara gəlməsini xahiş etmişdir. Odur ki, sonuncu 25 dekabr 2022-ci il tarixdə onlara gəlmişdir. Gecə saat 4 radələrinə kimi oyaq qalmış, sonra yatmışdır. Saat təxminən 5 radələrində həyətdən atasının qışqırıq səsinə oyanıb, eyvana çıxıb aşağı baxmışdır. Atasının yerdə uzanıqlı vəziyyətdə, Azərin qardaşı Bünyadın atasının üstündə olmasını, Bünyadın oğlu Amilin isə kənardan onlara baxmasını görmüşdür. Dərhal Sabunçu RPİ-nin 13-cü PB-nin növbətçi hissəsinə zəng edib məlumat vermişdir. Qorxusundan həyətə düşməmişdir. Az sonra polis əməkdaşları yaşadığı evin qarşısına gəlib, atası Səffanı aparmışlar. Həmin gün atası Səffanın balta ilə keçmiş əri Zərərçəkmiş şəxs vurmasını, Azərin də aldığı xəsarətə görə Sabunçu xəstəxanasına aparıldığını öyrənmişdir. İşin 137-139-cu vərəqlərindəki məhkəmə-tibbi ekspertizasının 28 dekabr 2022-ci il tarixli 2984 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs nazik bağırsağın zədələnməsi ilə müşaiyət olunan qarının ön divarının, təpə və sol əl nahiyələrinin kəsilmiş və çapılmış yaraları müəyyən edilmişdir. Xəsarətlər iti kəsici-çapıcı əşya (alət), ola bilsin dalta təsirindən törənmişdir, müddəti qərarda göstərilən xx.xx.2022-ci il tarixə uygün gəlir, dərəcəsinə görə nazik bağırsağın zədələnməsi ilə müşaiyət olunan qarının ön divarının kəsilmiş-çapılmış yarası həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər zərərvurmaya, təpə və sol əl nahiyələrinin kəsilmiş- çapılmış yaraları isə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. Xarakter və lokalizasiyasına görə xəsarətin müayinə olunan şəxsin özü tərəfindən özünə yetirilməsi inkar edilir. İşin 140-141-ci vərəqlərindəki məhkəmə-tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli 2970 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədənində xəsarət aşkar edilmədi. İşin 143-144-cü vərəqlərindəki ambulator məhkəmə-psixiatirik ekspertizasının 30 yanvar 2023-cü il tarixli 200 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əzab çəkmir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidannda olmuşdur. Buna görə Təqsirləndirilən şəxs ona ittiham elan olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs halhazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məburi müalicəyə ehtiyacı yoxdur. İşin 162-167-ci vərəqlərindəki kompleks məhkəmə tibbi-kriminalistik ekspertizasının 24 fevral 2023-cü il tarixli 38/MTKŞ-2023 saylı rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus gödəkçənin ön səthinin sol yarsının aşağı hissəsində bir ədəd çapılmış zədə vardır. Bu zədə çapıcı kənara malik hər hansı bir alətin təsirindən törənməyə uyğun gəlir. Zərərçəkmiş şəxs məxsus gödəkçənin üzərində olan çapılmış zədənin, təqdim edilmiş baltanın tiyəsinin çapıcı kənarının təsirindən, yaxud oxşar konstruktiv xüsusiyyətə mailik digər alətin tiyəsinin təsirindən törənməsinin mümkünlüyü inkar edilmir. Təqdim edilmiş balta zavod üsulu ilə hazırlanmış təsərrüfat-məişət təyinatlı baltadır və soyuq silah hesab edilmir. Baltanın üzərində sonradan hər hansı bir əlavə və dəyişiklik edilməmişdir. Məhkəmə tibbi bioloji ekspertizasının 17 fevral 2023-cü İl tarixli 43\2023-MTBŞ saylı ekspert rəyi ilə müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs qan qrupu, şəxsiyyət vəsiqəsinin kserosurətinə əsasən, ABO sistemi üzrə A beta (İİ). Ekspertizaya təqdim olunmuş gödəkçə, balta, 2 ədəd plastmass çubuğa sarınmış pambıq üzərində olan ləkələrdə A beta (İİ) qruplu insan qanı aşkar olundu. Bu qan ləkələri A beta (İİ) qruplu şəxsə, o cümlədən də Zərərçəkmiş şəxs məxsus ola bilər. İşin 86-87-ci vərəqlərindəki Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İşin 181-ci vərəqindəki maddi sübut kimi tanınma haqqında qərardan görünür ki, 26 dekabr 2022-ci il tarixdə baş vermiş hadisə zamanı Zərərçəkmiş şəxs əynində olmuş ön səthinin sol yarısının aşağı hissəsində bir ədəd çapılmış zədə olan gödəkçə və bir ədəd zavod üsulu ilə hazırlanmış təsərrüfat-məişət təyinatlı balta cinayət təqibi üzrə əhəmiyyət kəsb etdiyindən cinayət işi üzrə maddi sübut kimi tanınmış və saxlanılması üçün Sabunçu RPİ-yə təhvil verilmişdir. İşin 20-ci vərəqindəki protokoldan görünür ki, Təqsirləndirilən şəxs 26 dekabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İşin 75-77-ci vərəqlərindəki Sabunçu rayon məhkəməsinin qərarından görünür ki, 28 dekabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində üç ay müddətə həbs qətimkan tədbiri seçilmişdir. İşin 99-100-cü vərəqlərindəki Sabunçu rayon məhkəməsinin qərarından görünür ki, 4 fevral 2023-cü il tarixdə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilərək ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmişdir. İşin 110-113-cü vərəqlərindəki Bakı Apellyasiya Məhkəməsinin qərarından görünür ki, 16 fevral 2023-cü il tarixdə Sabunçu rayon məhkəməsinin 4 fevral 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. İşdəki 158-161 və 230-cu vərəqlərindəki Sabunçu rayon məhkəməsinin qərarlarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri 11 may 2023-cü il tarixədək uzadılmışdır. İşdəki Bakı Ağır Cinayətlər Məhkəməsinin 5 may 2023-cü il tarixli hazırlıq iclasının qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbirinin cinayət işi üzrə yekun qərar qəbul edilənədək dəyişdirilməməsi qərara alınmışdır. İşdəki Zərərçəkmiş şəxs nümayəndəsi 7 saylı Vəkil Bürosunun vəkili Nümayəndə1 təqdim etdiyi mülki iddia ərizəsindən görünür ki, zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ona vurulmuş maddi ziyana görə 3.000 (üç min) manat, mənəvi ziyana görə 7.000 (yeddi min) manat, ödənilmiş dövlət rüsumun əvəzi olaraq 120 (yüz iyirmi) manat, cəmi, 10.120 (on min yüz iyirmi) manat məbləğində pul vəsaitinin təqsirləndirilən şəxsdən tutulub ona ödənilməsi barədə qərar qəbul edilməsini xahiş edir. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.3-cü maddəsi ilə verilmiş ittihama əsasən o, 26 dekabr 2022-ci il tarixdə saat 5 radələrində Bakı şəhəri Sabunçu rayonu, Bakıxanov qəsəbəsi Sülh küçəsi 4 saylı binanın qarşısında keçmiş kürəkəni Zərərçəkmiş şəxs keçmiş ailəsinə biganə yanaşması səbəbindən aralarında baş vermiş mübahisə zamanı üzərində olan mətbəx baltası ilə Zərərçəkmiş şəxs yaxın adamları-qardaşı Nümayəndə2 və qardaşı oğlu Şahid2 gözü qarşısında onlara xüsusi əzab verdiyini dərk edərək müstəsna dərəcədə rəhmsizlik nümayiş etdirib Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyələrindən qəsdən vurmaqla sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid olan təpə və sol əl nahiyələrinin kəsilmiş-çapılmış yaraları və insan həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid nazik bağırsağın zədələnməsi ilə müşaiyət olunan qarının ön divarının kəsilmiş-çapılmiş yaralarından ibarət xəsarətlər yetirməklə xüsusi amansızlıqla qəsdən Zərərçəkmiş şəxs sağlamlığına ağır zərər vurmuşdur. Məhkəmə istintaqı zamanı dindirilmiş zərərçəkmiş şəxs və şahid ifadələri ilə təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsə xəsarət yetirməsi öz təsdiqini tapsa da, bunu xüsusi amansızlıqla etdiyi təsdiq olunmadı. Belə ki, zərərçəkmiş şəxs və şahid ifadələrindən birmənalı şəkildə aydın olur ki, hadisə bir anda baş vermiş, Təqsirləndirilən şəxs qəfildən Zərərçəkmiş şəxs üzərinə hücum etmiş, sonuncunun qardaşı Nümayəndə2 və onun oğlu Şahid2 təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsə xəsarət yetirilmə anını görməmişlər. Sonuncular zərərçəkmiş şəxsin deməsindən sonra onun xəsarət almasını bilmişlər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında» 12 dekabr 2002-ci il tarixli qərarının 8-ci bəndində göstərilmişdir ki, təqsirkarın əməli xüsusi amansızlıqla qəsdən adam öldürmə kimi CM-nin 120.2.4-cü maddəsi ilə tövsif edilərkən nəzərə almaq lazımdır ki, burada xüsusi amansızlıq anlayışı həm adam öldürmənin üsulu ilə, həm də təqsirkarın cinayət törədərkən xüsusi amansızlıq göstərdiyini təsdiq edən digər hallarla bağlı olur. Əməl xüsusi amansızlıqla adam öldürmə kimi tövsif edilərkən müəyyən edilməlidir ki, təqsirkarın qəsdi zərərçəkmişi məhz xüsusi amansızlıqla həyatdan məhrum etməyə yönəldilmişdir. Xüsusi amansızlığın əlamətləri həyatdan məhrumetmə ərəfəsində və ya adam öldürmə prosesində zərərçəkmiş şəxsə əzab, işgəncə verilməsi, onun şəxsiyyətinin ələ salınması, təqsirkar üçün aşkar surətdə zərərçəkmişə xüsusi ağrılar (çoxlu miqdarda xəsarətlər yetirmə, şiddətli ağrı verən zəhərdən istifadə edilməsi, diri-diri yandırılması, uzun müddət ac-susuz saxlanması və s.) yetirilməsi hallarında mövcud olur. Xüsusi amansızlıq həmçinin təqsirkarın zərərçəkmiş şəxsi onun yaxın adamlarının yanında onlara xüsusi əzab verdiyini dərk etdiyi hallarda öldürməkdə də ifadə oluna bilər. Məhkəmə istintaqı zamanı ittiham tərəfi Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs yaxın adamlarının gözü qarşısında onlara xüsusi əzab verdiyini dərk edərək müstəsna dərəcədə rəhmsizlik nümayiş etdirib xəsarət yetirdiyini təsdiq edən sübut təqdim edə bilmədi. Göründüyü kimi, istintaq orqanının gəldiyi nəticə mülahizə xarakteri daşıyır. Azərbaycan Respublikası CPM-nin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Həmin Məcəllənin 349.5-ci maddəsinə əsasən məhkəmə hökmü, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Həmin Məcəllənin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Beləliklə, məhkəmə Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə əsasən məhkəmədə tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs xüsusi amansızlıqla xəsarətlər yetirməsi öz təsdiqini tapmadı. Məhkəmədə müəyyən olundu ki, Təqsirləndirilən şəxs 26 dekabr 2022-ci il tarixdə saat 5 radələrində Bakı şəhəri Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sülh küçəsi 4 saylı binanın qarşısında keçmiş kürəkəni Zərərçəkmiş şəxs keçmiş ailəsinə biganə yanaşması səbəbindən üzərində olan mətbəx baltası ilə Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyələrindən qəsdən vurmaqla sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid olan təpə və sol əl nahiyələrinin kəsilmiş-çapılmış yaraları və insan həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid nazik bağırsağın zədələnməsi ilə müşaiyət olunan qarının ön divarının kəsilmiş-çapılmış yaralarından ibarət xəsarətlər yetirməklə qəsdən Zərərçəkmiş şəxs sağlamlığına ağır zərər vurmuşdur. Ona görə Təqsirləndirilən şəxs qeyd olunan cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.3-cü maddəsindən həmin Məcəllənin 126.1-ci maddəsinə tövsif edilməli və o, CM-nin 126.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinməli və ona cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs məhkəmədə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində hadisə vaxtı Zərərçəkmiş şəxs xəsarət yetirmək məqsədi ilə deyil, onu qorxudub mənzilə qalxmasının qarşısını almaq məqsədi ilə balta götürdüyünü, Zərərçəkmiş şəxs xəsarət yetirmək istəmədiyini, sonuncu baltanı əlindən alan zaman baltanı çəkdiyini və Azərin əlinə dəydiyini göstədi. Onun bu ifadəsi məhkəmədə dindirilmiş zərərçəkmiş şəxs və şahid ifadələri, ekspertiza rəyləri, maddi sübutlar, iş üzrə toplanmış çoxsaylı protokollar və işin digər faktiki halları ilə təkzib olunduğundan, məhkəmə həmin hissədə ifadəsinə tənqidi yanaşır, cəzasını yüngülləşdirmək məqsədi güdən ifadə kimi qiymətləndirir. Yuxarıda sadalanan və bir-birini tamamlayan sübutları isə mötəbər hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, həmçinin ədalət prinsipini və sosial ədalətin bərpasını, cəzanın məhkumun islah edilməsi və təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini və təyin olunacaq cəzanın onun həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59 və 61-ci maddələrində nəzərdə tutulan cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən etmədi. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə onun yaşını və xəstəliyini də nəzərə alır. Təqsirləndirilən şəxs CM-nin 126.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş müddətdə azadlıqdan məhrum etmə cəzası təyin olunmalı, CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs kimi tutulduğu 26 dekabr 2022-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə iş üzrə verilmiş mülki iddianı müzakirə edərək aşağıda göstərilən qanunvericilik normalarını qeyd etməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası CPM-in 179.2-ci maddəsinə əsasən mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. Azərbaycan Respublikasının MPM-in 149.2.3-cü maddəsinə əsasən iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb ərizədə göstərilməlidir. Həmin Məcəllənin 259.0.12-ci maddəsinə əsasən ərizə bu Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də bu Məcəllənin 150.1.2-ci və ya 150.1.3-cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda məhkəmə ərizəni baxılmamış saxlayır. Azərbaycan Respublikası CPM-in 180.3-cü maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı verilmiş, lakin məhkəmə tərəfindən baxılmadan saxlanılmış mülki iddia sonradan mülki mühakimə icraatı qaydasında verilə bilər. Odur ki, iş üzrə verilmiş mülki iddianın tələblərinin əsası kimi istinad etdiyi fakt və halları təsdiq edən sübutların siyahısı ərizədə göstərilmədiyindən zərərçəkmiş şəxsin mülki iddiası baxılmamış saxlanılmalı və ona Azərbaycan Respublikası CPM-in 180.3-cü maddəsinə əsasən sonradan mülki mühakimə icraatı qaydasında mülki iddia vermək hüququnun olması izah edilməlidir. İş üzrə məhkəmə məsrəflərinin olmadığı nəzərə alınmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347, 349, 351-353-cü maddələrini rəhbər tutaraq məhkəmə, Hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinsin və ona 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 26 dekabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Zərərçəkmiş şəxs mülki iddiası baxılmamış saxlanılsın və ona Azərbaycan Respublikası CPM-in 180.3-cü maddəsinə əsasən sonradan mülki mühakimə icraatı qaydasında mülki iddia vermək hüququnun olması izah edilsin. Maddi sübut kimi tanınaraq Sabunçu RPİ-də saxlanılan 26 dekabr 2022-ci il tarixdə baş vermiş hadisə zamanı Zərərçəkmiş şəxs əynində olmuş ön səthinin sol yarsının aşağı hissəsində bir ədəd çapılmış zədə olan gödəkçə və bir ədəd zavod üsulu ilə hazırlanmış təsərrüfat-məişət təyinatlı balta hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə məhkəmə məsrəflərinin olmadığı nəzərə alınsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar