Məhkəmə qərarları › İş №1(101)-1263/2025

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1263/2025

25.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1263/2025 25.06.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Eldar Herov oğlunun sədrliyi ilə, hakimlər Hüseynov Cavid İbadulla oğlu və Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə, məhkəmə iclası katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin böyük prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, müdafiəçi - Bakı şəhəri, «Alyans» Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1978-ci ildə Ermənistan Respublikası, Kalinin rayonunda anadan olması, Azərbaycan Respublikası vətəndaşı, işsiz, fərdi əmək fəaliyyəti ilə məşğul olan, evli, himayəsində bir azyaşlı uşağı olan, orta təhsilli, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 nömrəsiz fərdi evdə yaşamış, 17 fevral 2025-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsinin 19 fevral 2025-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda - 4,935 qram təmiz çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini məlum olmayan mənbədən naməlum tarixdə, vaxtda və şəraitdə əldə edərək üzərində saxlamaqla daşımış, Təqsirləndirilən şəxs qanunsuz əməli barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı o, 17 fevral 2025-ci il tarixdə saat 16:00 radələrində Bakı şəhəri, Nəsimi rayonu, N.Yusifbəyli küçəsində yerləşən “Bakı Sağlamlıq Mərkəzi”nin yaxınlığında olduğu zaman saxlanılaraq ünvan 3 ünvanında yerləşən Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin inzibati binasına gətirildikdən sonra orada həmin gün saat 17:38-dən etibarən üzərində şəxsi axtarış aparılarkən Təqsirləndirilən şəxs əynindəki qara rəngli dəri gödəkçənin sol iç cibindən təqdim etdiyi 1 ədəd selofan bükümdə külli miqdarda, yəni 4,935 qram təmiz çəkidə psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında dindirilmiş Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, hadisə günü bacısı oğlunu «Bakı Sağlamlıq mərkəzi»nə həkim yanına aparmışdır. Onları düşürüb maşını park edərək onların yanına xəstəxanaya getmək istəyərkən polis işçiləri onun üstünə tökülüşmüş və onu saxlamışlar. Maşından silah və 1 kiloqram ağ rəngli metamfetamin çıxarmışlar. Həmin maddələr onun üçün yad olmuş, belə ki, o, əvvəllər heç vaxt bu cür işlərlə məşğul olmamış, həm də özü idmanla məşğul olan şəxs olmuş və dövlət təşkilatlarında mühafizə xidmətində işləmişdir. Onu Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə idarəsinə aparmışlar və üç gün orada saxlamışlar. Ona təzyiqlər göstərərək həmin metamfetamini boynuna qoymuşlar. Baş idarədə onun üzərinə videoçəkilişlə şəxsi axtarış keçirilmiş və çəkiliş zamanı həmin metamfetaminin özünə məxsus olduğunu etiraf etmişdir. Verilən sualları cavablandıran Təqsirləndirilən şəxs istintaq zamanı məhkəmədəki kimi ifadə vermədiyini, onu maşına mindirəndə dörd nəfər polis əməkdaşı olduğunu, onlar maşına yaxınlaşanda özünün tək olduğunu, polis işçilərinin maşından metamfetamin və silah çıxartdıqlarını, həmin vaxt orada olan bir nəfərin telefonla danışarkən «rəis, çıxdı, çıxdı» dediyini, saxladıqdan sonra onu yerə yıxdıqlarını, sonra polis işçilərinin maşının baqajını açdıqlarını və oradan narkotikin çıxdığını dediklərini, əslində isə onda psixotrop maddə və silah olmadığını, ona göstərilmiş təzyiqlər barədə heç yerə şikayət etmədiyini, özünün şəxsi mühafizəçi işlədiyini, saxlanıldıqdan sonra polis işçilərinin ona guya kriminal aləmlə əlaqələri olduğunu dediklərini, lakin onun kriminal aləmlə heç bir əlaqəsi olmadığını, polis işçiləri onu saxladıqdan sonra maşının yük yerində silah və narkotik vasitə olduğunu dediklərini, ona şərəf və ləyaqətinin alçaldılacağı deyildiyi üçün məcbur olub polis işçilərinin təklifinə razılaşıb metamfetaminin özünə məxsus olduğunu etiraf etdiyini, maşından aşkar etdikləri narkotik vasitənin çəkisinin böyük olduğunu, lakin çəkiliş zamanı ona balaca bir büküm verdiklərini bildirdi. İfadələri arasında ziddiyyətlər olduğundan məhkəmə iclasında təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq edildi. Həmin ifadəsində Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək göstərmişdir ki, o, bir müddətdir “patı” kimi tanıdığı psixotrop maddə qəbul etmək istəmiş, buna görə sosial şəbəkə vasitəsi ilə əlaqə saxladığı, anket məlumatlarını bilmədiyi şəxslə əlaqə saxlayıb onunla 16 fevral 2025-ci il tarixdə Bakı şəhəri, Suraxanı rayonu, Ramana qəsəbəsi ərazisində yaşadığı ünvana yaxın ərazidə görüşüb 80 manat ödəyərək şəxsi istifadə üçün 1 bükümdə “patı” kimi tanıdığı psixotrop maddə götürmüş və üstündə saxlamışdır. 17 fevral 2025-ci il tarixdə Bakı Sağlamlıq Mərkəzinin yaxınlığına gəlmiş, bu zaman o, gödəkçəsinin sol iç cibində həmin psixotrop maddəni şəxsi istifadəsi üçün saxlamışdır. Saat 16 radələrində Bakı Sağlamlıq Mərkəzinin yaxınlığında idarə etdiyi “Chevrolet” markalı 77-YN- 812 qeydiyyat nişanlı avtomobildə olduğu zaman bir neçə nəfər mülki geyimdə şəxs ona yaxınlaşıb özlərini Baş Mütəşəkkil Cinayətlkarlıqla Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildirmişlər. Polis işçiləri ona narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib, barəsində qəbul edilmiş “Əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında” qərarla onu tanış etmiş, o, yalan danışmağın əhəmiyyət kəsb etmədiyini başa düşüb hazırda üzərində “patı” olduğunu bildirmişdir. Bundan sonra polis əməkdaşları onu polis idarəsinə gətirmiş, ona müdafiəçi təqdim edilmiş və videoçəkilişlə üzərinə şəxsi axtarış keçirilmişdir. Ona üzərində narkotik vasitə və ya psixotrop maddə varsa, təqdim etməsi təklif olunmuş, o, üzərində psixotrop maddə metamfetamin olduğunu bildirib əynindəki qara rəngli dəri gödəkçənin sol iç cibindən 1 ədəd şəffaf selofan bükümü, gödəkçəsinin sağ yan cibindən mobil telefonu, sol yan cibindən açarı, gödəkçəsinin sağ iç cibindən özünə məxsus 1 ədəd pul qabını təqdim etmişdir. 1 ədəd şəffaf selofan bükümə baxış keçirilərkən bükümün içərisində psixotrop maddə aşkar edilmiş, həmin maddə qablaşdırılaraq götürülmüşdür. Pul qabına baxış keçirilərkən özünə məxsus şəxsiyyət vəsiqəsi, 166 manat pul, 5 ABŞ dolları, özünə məxsus sürücülük vəsiqəsi, Türkiyə Respublikasında yaşamaq üçün icazə vəsiqəsi, avtomobilin qeydiyyat şəhadətnaməsi, üzərində “Umico” yazısı əks olunmuş plastik kart və bank kartları aşkar olunmuşdur. Pul, sürücülük vəsiqəsi və digər sənədlər, kartlar, maşının açarı ona qaytarılmışdır. Şifahi sorğu zamanı o, üzərində olan “patı” kimi tanıdığı psixotrop maddəni sosial şəbəkə vasitəsilə tanıdığı anket məlumatlarını bilmədiyi şəxsdən 16 fevral 2025-ci il tarixdə Bakı şəhəri, Suraxanı rayonu, Ramana qəsəbəsi ərazisində 80 manat pul qarşılığında əldə etdiyini, təqdim etdiyi psixotrop maddəni şəxsi istifadə etmək məqsədi ilə üzərində saxlayıb daşıdığını, eləcə də həmin maddədən heç kimə satmadığını və pay vermədiyini bildirmişdir. Daha sonra idarə etdiyi avtomobilə baxış keçirilmiş, avtomobildən hər hansı qanunsuz əşya aşkar edilməmişdir (cild 1, iş vərəqi 72-76, 91-95). Elan olunmuş ifadə ilə bağlı sualları cavablandıran Təqsirləndirilən şəxs dindirmə protokolundakı imzaların və sonda yazılmış qeydlərin ona məxsus olduğunu, lakin həmin ifadəni təsdiq etmədiyini, həmin vaxt polis işçilərinin psixoloji təsiri və təzyiqləri altında bu cür ifadə verdiyini bildirdi. Məhkəmə iclasında şahid - Azərbaycan Respublikası DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili Şahid ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olundu. Həmin ifadəsində Şahid göstərmişdir ki, 17 fevral 2025-ci il tarixdə Baş idarəyə Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Bununla bağlı Təqsirləndirilən şəxs ifşa olunması istiqamətində əməliyyataxtarış tədbirinin keçirilməsi barədə qərar çıxarılmış, onun rəhbərliyi ilə Baş idarənin əməkdaşları X4 və X2 ibarət əməliyyat qrupu yaradılmışdır. 17 fevral 2025-ci il tarixdə saat 16 radələrində Təqsirləndirilən şəxs «Bakı Sağlamlıq Mərkəzi»nin yaxınlığında idarə etdiyi avtomobilin yanında olması müəyyən edilmiş, həmin yerdə saxlanılmış və onun narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğu bildirilib Baş idarəyə gətirilmişdir. Orada Təqsirləndirilən şəxs müdafiəçi təyin edilmiş, onun iştirakı ilə videoçəkiliş aparılmaqla üzərində şəxsi axtarış aparılmışdır. Bu zaman şübhəli şəxs üzərində “patı" olduğunu bildirib, əynindəki gödəkçənin cibindən 1 ədəd şəffaf selofan bükümdə olan psixotrop maddə metamfetamini təqdim etmişdir. Bundan başqa, onun üzərindən mobil telefon, maşının açarı, pul qabı, bank kartları aşkar edilmiş, həmin əşyalar özünə qaytarılmış, psixotrop maddə olan büküm isə qablaşdırılaraq götürülmüşdür. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş metamfetamini sosial şəbəkə vasitəsilə tanıdığı şəxsdən 16 fevral 2025-ci il tarixdə Ramana qəsəbəsi ərazisində 80 manata əldə etdiyini və həmin maddəni şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Sonra protokol yazılmış və iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında şahidlər - Azərbaycan Respublikası DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları X4 və X3 ibtidai istintaq zamanı verdikləri ifadələri elan və tədqiq olunarkən, onların 17 fevral 2025-ci il tarixdə Təqsirləndirilən şəxs müəyyən edilərək saxlanılması və üzərinə şəxsi axtarış keçrilərkən külli miqdarda psixotrop maddə metamfetaminin aşkar edilərək götürülməsi prosesində əməliyyat qrupunun üzvü kimi iştirak etmələri, bu zaman həmkarları Şahid ifadəsinə uyğun ifadələr vermələri müəyyən olundu (cild 1, iş vərəqi 160-163, 164-167). Məhkəmə kollegiyası iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, iş materiallarında olan şəxsi axtarış, baxış və götürmə aparılması haqqında 17 fevral 2025-ci il tarixli protokola və ona əlavə edilmiş 1 ədəd DVD diskə əsasən, Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması, satış məqsədi ilə külli miqdarda narkotik vasitələr və psixotrop maddələr əldə edib saxlaması və daşıması barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs 17 fevral 2025-cü il tarixdə saat 16 radələrində Bakı şəhəri, Nəsimi rayonu, N.Yusifbəyli küçəsində yerləşən Bakı Sağlamlıq Mərkəzinin yaxınlığında idarə etdiyi “Chevrolet” markalı **-YN-*** qeydiyyat nişanlı avtomobilin yanında olduğu zaman saxlanılaraq Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin inzibati binasına gətirilmiş, orada həmin gün saat 17:38-dən etibarən onun üzərində şəxsi axtarış aparılarkən Təqsirləndirilən şəxs əynində olan qara rəngli dəri gödəkçəsinin sol iç cibindən çıxarıb təqdim etməsi əsasında 1 ədəd selofan bükümün içərisində psixotrop maddə metamfetaminə bənzər maddələr aşkar edilərək götürülmüşdür (cild 1, iş vərəqi 27-30). Məhkəmə-kimyəvi ekspertizasının 18 fevral 2025-ci il tarixli 3-16-16/2-6/735/2025 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN zərflər üçün № 6...” dairəvi möhür əksləri olan, “Şübhəli şəxs Təqsirləndirilən şəxs üstündən aşkar edilmiş 1 büküm psixotrop maddə metamfetaminə oxşar maddə; 1. Təqsirləndirilən şəxs “imza” 2. Cavid Abbasov “imza”; 3 “imza” Ayaz Hüseynov; 4. Seymur Məmmədov; 5. Şahid; Qablaşdırdı: “imza” Əli Ağayev” yazıları qeyd edilmiş bir ədəd zərfdəki 1 (bir) ədəd bükümdə təmiz çəkisi 4,935 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Qeyd: Metamfetaminin təmiz çəkisi 4,935 qram, tədqiqata sərf edildi cəmi 0,050 qram, qalıq cəmi 4,885 qramdır (cild 1, iş vərəqi 49-53). Məhkəmə-narkolojİ ekspertizasının 19 fevral 2025-ci il tarixli 983 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərdən və psixostimulyatorladan istifadə etmə halları olub. Lakin hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur, narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji tibb müəssisəsində profilaktik qeydiyyata alınması məsləhət görülür (cild 1, iş vərəqi 140-141). Məhkəmə-tibbi ekspertizasının 17 mart 2025-ci il tarixli 92/MEŞ nömrəli rəyinə əsasən, Təqsirləndirilən şəxs bədən səthində aşkar edilmiş xəsarətlər: - sol aşıq-baldır oynağı nahiyəsinin qançırı bərk küt əşyanın təsirindən müayinədən təxminən 1-2 həftə əvvəl əmələ gəlmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə törənə bilməsi inkar edilmir; sağlamlığa zərər vurmayan xəsarətlərə aid edildiyindən dərəcəsi təyin olunmur. Qarın nahiyəsinin çapığı müayinədən təxminən 1- 1,5 ildən artıq müddətdə əmələ gəlmişdir, atrofiyaya uğramış və ilkin xüsusiyyətlərini itirmiş yara izi olduğu üçün onun əmələ gəlmə mexanizmi, şəraiti, xarakteri və sağlamlığa zərər vurma dərəcəsi haqqında dəqiq fikir söyləmək mümkün deyildir. Məhkəmə-kimyəvi ekspertizasının 06 mart 2025-ci il tarixli 813/K nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs götürülmüş qan və sidik nümunələrinin tərkibində fenilalkilamin qrupuna aid olan metamfetamin aşkar edildi. Barbitur turşusu törəmələri, alkaloidlər (həmçinin tiryək qrupu), fenotiazin, pirazalon, 1,4- benzodiazepin törəmələri, salisilatlar və çətənə bitkisindən alınan və təbii mənşəli narkotik vasitə hesab edilən kannabinoid aşkar edilmədi (cild 1, iş vərəqi 142-145). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə verilmiş əməliyyat tapşırığının 09 aprel 2025-ci il tarixli 3-13-6/2- 2618/25 nömrəli cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olduğu, bu kimi maddələri satış məqsədi ilə əldə edib saxladığı barədə əvvəllər daxil olmuş əməliyyat məlumatı sonradan keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində təsdiqini tapmamışdır. Əldə edilmiş əlavə əməliyyat məlumatlarında Təqsirləndirilən şəxs özünün psixotrop maddə istifadəçisi olduğu və üzərindən aşkar edilmiş həmin psixotrop maddə metamfetamini öz şəxsi istehlakı üçün əldə edib saxladığı bildirilmişdir. Həmçinin Təqsirləndirilən şəxs digər cinayət əməllərinin törədilməsində iştirakının olub-olmamasının, onun yaxın əlaqələrinin, narkotik vasitələrin və ya psixotrop maddələrin satışında və istifadəsində şübhəli olan şəxslərlə əlaqələrinin, qanunsuz olaraq əldə etdiyi narkotik vasitəni nə vaxt, kimdən, harada və hansı şəraitdə əldə etməsinin, eləcə də qeyd edilən narkotik vasitəni ona pulla satdığı bildirilən şəxsin müəyyən edilməsi istiqamətində keçirilmiş bir sıra əməliyyat-axtarış tədbirləri nəticəsində hələlik müsbət nəticə əldə etmək mümkün olmamışdır (cild 1, iş vərəqi 155). İbtidai istintaq orqanının 19 fevral 2025-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 4,935 qram çəkidə psixotrop maddə metamfetamin, həmçinin şəxsi axtarış və götürmə, baxış və götürmə aparılması prosesinə dair yaddaşında videogörüntülər olan 2 ədəd DVD disk cinayət işi üzrə maddi sübut kimi tanınmışdır. Ekspertiza tədqiqatından sonra qalıq qalan 4,885 qram çəkidə psixotrop maddə metamfetamin saxlanılması üçün Azərbaycan Respublikası DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutları saxlama kamerasına təhvil verilmiş, 2 ədəd DVD disk isə cinayət işinin materiallarına əlavə edilmişdir (cild 1, iş vərəqi 115-116, 171-179). Bakı şəhəri, Suraxanı rayonu İcra hakimiyyəti başçısının Bülbülə qəsəbəsi üzrə İnzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2025-ci il tarixli 331 saylı arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ünvan 2 nömrəsiz fərdi evdə yaşamış, ərazi üzrə müsbət xarakterizə olunur, himayəsində biri azyaşlı olmaqla dörd uşağı vardır (cild 1, iş vərəqi 152, 154). Azərbaycan Respublikası DİN Baş Əməliyyat və Statistik İnformasiya idarəsindən alınmış xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Baş idarənin əməliyyat-sorğu kartotekasında olan mövcud məlumatlara əsasən Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxs hesab olunur (cild 1, iş vərəqi 128-129). Məhkəmə iclasında Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək, ittihamda qeyd olunan psixotrop maddənin ona məxsus olmadığını, tutulduqdan sonra polis işçilərinin psixoloji təsir və təzyiqləri altında həmin maddələrin özünə məxsus olduğunu etiraf etdiyini, polis əməkdaşlarının onu guya kriminal aləmlə əlaqəsi olan şəxs kimi saxladıqlarını, əslində isə onun kriminal aləmlə hər hansı əlaqsi olmadığını bildirib öz müdafiəsi üçün dəlillər gətirdi. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» 24 dekabr 2021-ci il tarixli Qərarının 33-cü bəndində məhkəmələrə tövsiyyə edilir ki, hökmün təsviri-əsaslandırıcı hissəsində təqsirləndirilən şəxsin ona verilən ittihama münasibəti öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsin gətirdiyi həmin dəlillərlə bağlı qeyd etməyi lazım bilir ki, iş materiallarına, həmçinin cinayət işinə əlavə olunmuş videogörüntülərə əsasən, Təqsirləndirilən şəxs müdafiəçinin iştirakı ilə şübhəli şəxs qismində tutulub videoçəkiliş aparılmaqla keçirilən şəxsi axtarış zamanı özü heç bir kənar təsir olmadan ittihamda qeyd olunmuş bir bükümdə psixotrop maddə metamfetamini polis əməkdaşlarına təqdim etmişdir. Həmin maddi sübut prosessual qaydada qablaşdırılaraq götürülmüşdür. İlkin sorğu zamanı, həmçinin istintaq zamanı şübhəli şəxs və təqsirləndirilən şəxs qismində verdiyi bütün ifadələrində Təqsirləndirilən şəxs həmin bükümün içərisindəki kütlənin psixotrop maddə metamfetamin olduğunu, onu 16 fevral 2025-ci il tarixdə Ramana qəsəbəsi ərazisində tanımadığı şəxsdən 80 manat pul qarşılığında aldığını və şəxsi istifadəsi üçün üzərində daşıdığını, 17 fevral 2025-ci il tarixdə polis əməkdaşları tərəfindən saxlanarkən həmin maddənin əynindəki gödəkçənin iç cibindən aşkar edilərək götürüldüyünü bildirmişdir. Həmçinin, barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə əlaqədar Bakı şəhəri, Nərimanov rayon məhkəməsində işə baxılarkən verdiyi izahatında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bildiyini, aşkar olunmuş maddəni şəxsi istifadəsi üçün tanımadığı şəxsdən aldığını və üzərində saxladığını bildirmişdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin xx.xx.2006-cı il tarixli “Andandonski Rusiyaya qarşı” işi üzrə qərarında qeyd edilmişdir ki, təqsirləndirilən şəxs tərəfindən ibtidai istintaq və məhkəmə baxışında müdafiə hüququ pozulmamaqla verilmiş ifadələr məhkəmə tərəfindən yekun qərar qəbul edilərkən sübut kimi nəzərə alınmaqla, bu, Konvensiyanın 6cı maddəsinin 1-ci bəndinin və 3-cü bəndinin “d” yarımbəndinin pozuntusu hesab edilə bilməz. Qeyd olunanları ümumiləşdirən məhkəmə kollegiyası Təqsirləndirilən şəxs məhkəmə iclasında ibtidai istintaq zamanı verdiyi ifadələrə münasibətdə ziddiyyətli ifadələr verməsini onun məsuliyyətdən yayınmaq üçün seçdiyi müdafiə taktikası kimi qiymətləndirir, iş üzrə məhkəmədə tədqiq olunmuş digər sübutlarla təsdiq olunduğuna görə təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi etirafedici ifadələrini obyektiv həqiqəti əks etdirən sübut kimi qəbul edir. Şərh olunanlara və Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl düzgün tövsif edilmişdir, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayətdir, təsnifatına görə ağır cinayətlər kateqoriyasına aiddir. Belə ki, Cinayət Məcəlləsinin 15.4-cü maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur. Həmin Məcəllənin 25.2-ci maddəsinə əsasən şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, bu halda cinayət birbaşa qəsdlə törədilmiş hesab olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmədə Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə kollegiyası, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və təkzibedilməz sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini qəsdən törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən himayəsində bir azyaşlı uşağının olmasını və yaşadığı ərazi üzrə müsbət xarakterizə olunmasını Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır, Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzası ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələbinə görə, qəsdən törədilmiş ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsində görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Qeyd olunan müddəaları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs 17 fevral 2025-ci il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən tutulduğundan və halhazıra qədər həbsdə saxlanıldığından, məhkəməyədək icraat və məhkəmə baxışı zamanı həbsdə olduğu bütün müddət ona təyin olunacaq cəza müddətinə daxil edilməli, cəzanın başlanğıcı 17 fevral 2025-ci il tarixdən hesablanmalıdır. Eyni zamanda məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə kollegiyası məhkəmə-narkoloji ekspertizasının 19 fevral 2025-ci il tarixli 983 nömrəli rəyini əsas tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs opioidlərdən və psixostimulyatorladan istifadə etmə halları olsa da, müayinə zamanı onda narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmadığından və onun narkomaniyadan məcburi müalicəyə ehtiyacı olmadığından barəsində tibbi xarakterli məcburi tədbir təyin edilməməli, lakin o, ərazi narkoloji dispanserində qeydiyyata götürülməlidir. Azərbaycan Respublikası CPM-nin 132.1.4 və 132.1.6-cı maddələrinin tələblərinə əsasən, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməli, həmçinin maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Qeyd olunan müddəalara əsasən məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutları saxlama kamerasına təhvil verilməklə Təqsirləndirilən şəxs şəxsi axtarışı zamanı aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq qalan 4,885 qram çəkidə psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Təqsirləndirilən şəxs şəxsi axtarışı və baxış zamanı qeydə alınmış videogörüntülərin yükləndiyi iki ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə keçirilmiş ekspertiza tədqiqatı 89 (səksən doqquz) manat dəyərində qiymətləndirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü maddəsində ekspertə ödənilməli haqqlar məhkəmə məsrəflərinin bir növü kimi nəzərdə tutulmuşdur və həmin Məcəllənin 198.1-ci maddəsinə əsasən, həmin məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. Bu səbəbdən, məhkəmə məsrəfləri hesab edilən 89 (səksən doqquz) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə köçürülməlidir. İş üzrə mülki iddia verilməməsi, əmlak üzərinə həbs qoyulmaması və xüsusi müsadirə üçün təklif edilən əmlakın olmaması nəzərə alınmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib, 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs təyin olunmuş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Məhkəməyədək icraat və məhkəmə baxışı zamanı həbsdə olduğu bütün müddət təyin olunmuş cəza müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 17 fevral 2025-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. İş üzrə maddi sübutların taleyi hökm qanuni qüvvəyə mindikdən sonra aşağıdakı qaydada həll olunsun: - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutları saxlama kamerasına təhvil verilməklə Təqsirləndirilən şəxs şəxsi axtarışı zamanı aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq qalan 4,885 qram çəkidə psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin; - Təqsirləndirilən şəxs şəxsi axtarışı və baxış zamanı qeydə alınmış videogörüntülərin yükləndiyi iki ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfləri hesab edilən 89 (səksən doqquz) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə köçürülsün. İş üzrə mülki iddia verilməməsi, əmlak üzərinə həbs qoyulmaması və xüsusi müsadirə üçün təklif edilən əmlakın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu vaxtdan, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən hakim Eldar İsmayılov Hakimlər Cavid Hüseynov, Səbuhi Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar