Məhkəmə qərarları › İş №1(101)-1265/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1265/2021

25.08.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1265/2021 25.08.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri; Xankişiyev Mirzə Aslan oğlunun sədrliyi ilə, hakimlər Mahmudov İlham Ağa oğlu və Qəniyev Faiq Əsəd oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi iştirakları ilə xx.xx.1989-cu ildə Şəki rayonunda doğulmuş, Azəbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, məhkumluğu olmayan, Şəki rayonu, Zunud kəndində qeydiyyatda olmaqla yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi PX-nin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə külli miqdarda “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in İ siyahısına daxil edilən təmiz çəkisi 9,067 qram olan narkotik vasitə heroini satış məqsədilə qanunsuz olaraq əldə edib üzərində saxlamaqla ünvan 1 ünvanın qarşısına daşımış, bu barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs 14 mart 2021-ci il tarixdə saat 19:20-də ünvan 2 ünvanın qarşısında saxlanılıb Baş İdarəyə gətirilərək üzərinə keçirilən şəxsi axtarış və götürmə zamanı əynində olan qara rəngli gödəkçənin sol iç cibindən satış məqsədi ilə əldə edib üzərində saxlamaqla daşıdığı 03 ədəd bükümdə, ayrı-ayrılıqda çəkiləri 2,627 qram, 3,434 qram və 3,006 qram olan ümumilikdə külli miqdarda 9,067 qram çəkidə narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə iclasında ifadə verərək göstərdi ki, o, əvvəllər narkotik vasitə heroin istifadə etmişdir. 14 mart 2021-ci il tarixdə axşam saatlarında Bakı şəhəri, Nizami rayonu, NZS qəsəbəsində olan zaman 2 nəfər şəxs ona yaxınlaşıb Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətlkarlıqla Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildirmişlər və ona Baş idarəyə aparmışlar. Sonra polis əməkdaşları tərəfindən video çəkilişdən istifadə edilməklə üzərinə şəxsi axtarış keçirilmişdir. Üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan gödəkçənin cibindən özünə məxsus qara rəngli “Samsung Al 1” markalı telefonu, göy rəngli cins şalvarın sağ cibindən 2 ədəd 20 manatlıq əskinaz aşkar edilmişdir. Lakin üzərindən aşkar olunmuş 03 ədəd büküm narkotik vasitə heroin ona məxsus olmamışdır. Həmin bükümləri polis əməkdaşları onun üzərinə qoymuş, onun üzərində həmin vaxti narkotik vasitə olmamışdır. O, heç vaxt narkotik vasitələrin satışı ilə məşqul olmamış, bütün bunlar polis əməkdaşlarının ona atdığı şərdən ibarətdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşı Şahid1 ifadəsində bildirmişdir ki, 14 mart 2021-ci il tarixdə Baş İdarəyə Şəki rayonu, Zunud kəndində qeydiyyatda olan Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumat tərəfindən raportla rəhbərliyə məruzə edildikdən sonra Təqsirləndirilən şəxs barəsində əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün qərar qəbul edilmişdir. Əməliyyat qrupunun yaradılması ilə bağlı Baş İdarənin rəhbərliyi tərəfindən əmr verilmişdir. Əməliyyat qrupunun digər üzvünü təlimatlandırarkən Baş İdarəyə Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olması, həmçinin Təqsirləndirilən şəxs xarici əlamətlərini bildirmişdir. 14 mart 2021-ci il tarixdə əməliyyat qrupunun digər üzvü ilə birlikdə Baş İdarədən çıxıb həmin gün Təqsirləndirilən şəxs olacağı Bakı şəhəri, Nizami rayonu, Nzs qəsəbəsi istiqamətinə getmişlər. Qeyd olunan ünvanda bir qədər müşahidə apardıqdan sonra saat 19 radələrində ünvan 2 ünvanın qarşısında olan zaman xarici əlamətlərinə görə Təqsirləndirilən şəxs bənzər şəxsin hərəkət etməsini görmüşlər. Qeyd olunan ünvanın qarşısında həmin şəxsi saxlayıb xidməti vəsiqələrini göstərməklə özlərini təqdim etmişlər. Həmin şəxsə özünü təqdim etməyini bildirmiş və o, Təqsirləndirilən şəxs olmasım söyləmişdir. Şəxsiyyətini dəqiqləşdirdikdən sonra Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirərək onu əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə qərarla tamş edib Baş İdarəyə gətirmişlər. Baş İdarədə Təqsirləndirilən şəxs dövlət hesabına müdafiəçi təyin edildikdən sonra o, təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutulmuşdur. Sonra inzibati otaqların birində təhqiqatçı tərəfindən əməliyyat qrupunun və müdafiəçinin iştirakı ilə videoçəkiliş altında Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməyə başlanılmışdır. Şəxsi axtarış zamanı ona üzərindəki əşyaları təqdim etmək təklif olunmuşdur. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan gödəkçənin sağ yan cibindən qara rəngli mobil telefonu, göy rəngli cins şalvarın sağ yan cibindən 40 manat məbləğində pulu, qara rəngli gödəkçəsinin sol iç cibindən 03 ədəd bükümü çıxarıb masanın üzərinə qoymuşdur. Bundan sonra şübhəli şəxsin üzərinə baxış keçirilmiş, üzərindən və paltarından başqa qanunsuz əşya və ya maddə aşkar olunmamışdır. Təqsirləndirilən şəxs 03 ədəd bükümün içərisində narkotik vasitə heroin olduğunu bildirmişdir. Bükümlərə baxış zamanı şəffaf sellofana bükülü halda olmaqla içində tünd qəhvəyi rəngli, tozşəkilli, spesifik iyli narkotik vasitə olan heroinə bənzər maddələrin olduğu aşkar edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Şahid1 ifadəsinə uyğun ifadə vermişlər. Məhkəmə istintaqı zamanı tədqiq olunmuş məhkəmə-kimyəvi ekspertizasının 15 mart 2021-ci il 6/1057 nömrəli rəyində qeyd edilmişdir ki. tədqiqata təqdim edilmiş üzərində “... Təqsirləndirilən şəxs üzərindən ...” sözləri olan zərfdəki üç ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 2,627 qram, 3,434 qram, 3,006 qram ümumi təmiz çəkisi 9,067 qram olan qəhvəyi rəngli tozşəkilli hissəciklərdən ibarət maddələr kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə-heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr” in siyahısına (Siyahı İ) daxildir. 16 mart 2021-ci il tarixli qərar ilə Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 9,067 qram narkotik vasitə olan heroin maddi sübut kimi tanınmış, ekspertiza tədqiqatından sonrakı qalıq 8,977 qram çəkidə narkotik vasitə heroin məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təyinatı məsələsi həll edilənədək saxlanılmasından ötrü Azərbaycan Respublikası DİN-in BMCMİ-nin maddi sübutları saxlama yerinə təhvil verilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi tərəfindən verilmiş 17.05.2021-ci il tarixli 1467 nömrəli məhkəmə-narkoloji ekspertizasının rəyində qeyd edilmişdir ki, Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən Narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcbur müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə Təqsirləndirilən şəxs ifadəsinə hüquqi qiymət verən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs istintaqda vermiş olduğu ifadəsindən fərqli ifadə verərək onun üzərində narkotik vasitə aşkar olunmamasını və heç vaxt narkotik vasitələrin satışı ilə məşqul olmamasını bildirməkdə yalnız məsuliyyətdən yaxa qurtarmaq məqsədi güdmüşdür. Beləliklə, məhkəmə iclasında dindirilmiş şahidlərin ifadələri, habelə cinayət işinin materialları üzrə toplanmış sübutların məcmusu ona elan olunmuş ittihamın əsasını təşkil etdiyinə görə məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin ittiham olunduğu cinayət əməlini törətməsi kifayət qədər sübut olunmuşdur. Cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilməli və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində azyaşlı övladının olmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən əməlində ağırlaşdırıcı halların olması müəyyən olunmadı. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ittiham olunduğu maddənin sanksiyası həddində azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən təyin edilmiş cəza ümumi rejimli cəza çəkmə müəssisəsində çəkilməlidir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 14 mart 2021-ci il tarixdə şübhəli şəxs qismində saxlanılaraq tutulmuşdur. Odur ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının əvvəli onun şübhəli şəxs qismində tutulduğu 14 mart 2021-ci il tarixdən hesablanmalıdır. İş üzrə maddi sübut olan və Azərbaycan Respublikası DİN-nin BMCMİ-də saxlanılan tədqiqat zamanı aparılmış kimyəvi tədqiqatlardan sonra qalıq çəkisi 8,977 qram çəkidə heroin məhv edilməlidir . Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarışın aparıldığı video görüntünü özündə əks etdirən bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə evkspertiza xərcləri 81 (səksən bir) manat Təqsirləndirilən şəxs tutulmaqla Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə istintaqı zamanı “İnsan hüquqlarını və əsas azadlıqlarının müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 3-cü hissəsinin c bəndinə, Azərbaycan Respublikası CPM-nin 19-cu maddəsinin 19.4.4-cü bəndinə və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01.02.2001ci il tarixli, 31 nömrəli qərarına 3.05.2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən Təqsirləndirilən şəxs müdafiəçisi qismində işə buraxılmış və onun hüquqlarını müdafiə etmiş “Fides” vəkil bürosunun vəkili Müdafiəçi, yardım göstərdiyi üçün dövlət büdcəsinin hesabından “Fides” vəkil bürosunun hesabına 150 (yüz əlli) manat pul ödənilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş əmlak müəyyən edilmədiyindən xüsusi müsadirə tətbiq olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-346, 349, 351-354, 356-cı maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayəti törətməkdə təqsirli bilinsin və ona 06 (altı) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli 24 mart 2021-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlansın. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinin tələblərinə əsasən, Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilərək, ona narkomaniyadan məcburi müalicə təyin edilsin və ərazi üzrə narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Azərbaycan Respublikası DİN-nin BMCMİ-də saxlanılan tədqiqat zamanı aparılmış kimyəvi tədqiqatlardan sonra qalıq çəkisi 8,977 qram çəkidə heroin məhv edilsin. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarışın aparıldığı video görüntünü özündə əks etdirən bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə evkspertiza xərcləri 81 (səksən bir) manat Təqsirləndirilən şəxs tutulmaqla Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülsün. Müdafiəçi, hüquqi yardım göstərdiyi üçün dövlət büdcəsinin hesabından «Fides» vəkil bürosunun hesabına 150 (yüz əlli) manat pul ödənilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən, apelyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar