Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1267/2021 16.07.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hüseynov Səbuhi Sabir oğlu (sədrlik edən), Məcidov X8 və Ağayev Zeynal Qurban oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X3, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2, Müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, 7 iyul 1983-cü il tarixdə Sumqayıt şəhərində anadan olmuş, evli, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olmuş, əvvəllər məhkum olunmuş (Sumqayıt şəhər məhkəməsinin 30 yanvar 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 1 (bir) il 5 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş), məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddələri əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda 3,086 qram çəkidə narkotik vasitə heroini və 0,953 qram çəkidə psixotrop maddə metafetamini əldə edərək həmin narkotik vasitə heroini ayrı-ayrılıqda çəkiləri 1,103 qram, 1,013 qram və 0,970 qram olmaqla 3 ədəd bükümlərə bölüb psixotrop maddə metafetamin ilə birlikdə üzərində saxlamaqla qanunsuz olaraq ünvan 2 ünvanının qarşısına daşımış, bu barədə daxil olmuş məlumat əsasında Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 26 fevral 2021-ci il tarixdə saat 18:20-də həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs yuxarıda qeyd edilən ünvanda saxlanılaraq Baş İdarəyə gətirilmiş və orada həmin gün saat 20:11-də üzərinə keçirilən şəxsi axtarış və götürmə zamanı əynindəki gödəkcəsinin sol yan cibindən satış məqsədi ilə qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşıdığı 3 ədəd bükümdə ayrı-ayrılıqda çəkiləri 1,103 qram, 1,013 qram və 0,970 qram olmaqla ümumilikdə külli miqdarda 3,086 qram çəkidə narkotik vasitə heroin, 1 ədəd bükümdə 0,953 qram çəkidə psixotrop maddə metafetamin və 1 ədəd üzərində narkotik vasitə heroinin izləri olan elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, mütəmadi olaraq heroin və metafetamindən istifadə etmişdir. Həmin maddələri tanımadığı şəxslərdən almışdır. Sonuncu dəfə 24 fevral 2021-ci il tarixdə Sumqayıt şəhərindən tanıdığı Qoca adlı şəxsdən 110 manat pul müqabilində özü istifadə etmək üçün bir neçə qram heroin və metafetamin almışdır. Qocanı üzdən tanısa da, anket məlumatlarını dəqiq bilmir. Qocadan aldığı heroini öz istifadəsi üçün özündə olan tərəzidə çəkib 3 ədəd bükümlərə bölmüş, metafetamini isə az olduğu üçün bölməmişdir. 26 fevral 2021-ci il tarixdə dükana getmək məqsədi ilə evdən çıxan zaman həmin bükümləri üzərində götürmüşdür ki, evdəkilərin əlinə keçməsin. Bir qədər getdikdən sonra saat 18:30 radələrində bir neçə nəfər mülki geyimdə olan şəxs ona yaxınlaşıb özlərini təqdim edərək xidməti vəsiqələrini göstərib Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətlkarlıqla Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildirdikdən sonra onu həmin idarəyə aparmışlar. İdarədə hüquqlarının müdafiə edilməsi üçün vəkil dəvət olunmuşdur. Polis əməkdaşları üzərində qanunla qadağan olunmuş əşya və ya predmet varsa təqdim etməyi təklif etmişlər. Bundan sonra o, əynində olan gödəkcəsinin cibində narkotik vasitə heroin və “şüşə” adı ilə tanıdığı psixotrop maddə olduğunu bildirib gödəkcəsinin sol yan cibindən 1 ədəd qara rəngli dəridən hazırlanmış kisəni, 11 manat pulu və gödəkcənin sağ yan cibində olan “Xiaomi Redmi” markalı mobil telefonu çıxarıb təqdim etmişdir. Təqdim etdiyi dəri kisənin içində 3 ədəd sellofan bükümdə narkotik vasitə heroin, 1 ədəd sellofan bükümdə “şüşə” adı ilə tanıdığı psixotrop maddə və 1 ədəd elektron tərəzi olduğunu bildirmişdir. Üzərindən aşkar olunmuş 2 ədəd sellofan bükümdə olan narkotik vasitə heroin, 1 ədəd sellofan bükümdə olan psixotrop maddə metafetamin, 1 ədəd elektron tərəzi və 1 ədəd “Xiaomi Redmi” markalı mobil telefon polis əməkdaşları tərəfindən kağız zərfdə qablaşdırılıb möhürlənərək götürülmüşdür. Aşkar edilmiş 11 manat pul isə özünə qaytarılmışdır. Heroini və metafetamini falqada çəkmişdir. Heç vaxt narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmamışdır. Polis əməkdaşları tərəfindən ona qarşı heç bir fiziki və psixi təsir göstərilməmişdir. Kiməsə hansısa məzmunda mesaj yazdığını xatırlamır. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsini iş materiallarına uyğun olmayan, özünü müdafiə məqsədilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirərək təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadəsini mötəbər hesab etmir. Məhkəmədə ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı ifadələrində göstərmişdir ki, sonuncu dəfə 24 fevral 2021-ci il tarixdə Qoca adlı şəxsdən 110 manat pulun müqabilində bir neçə qram narkotik vasitə heroin və psixotrop maddə metafetamin almışdır. Həmin narkotik vasitə və psixotrop maddələri almaqda məqsədi həm istifadə etmək, həm də satmaq olmuşdur. 26 fevral 2021-ci il tarixdə dükana getmək məqsədi ilə evdən çıxmışdır. Həmin kisəni üzərində götürmüşdür ki, evdəkilərin əlinə keçməsin. Bir qədər getdikdən sonra həmin gün saat 18-19 radələrində bir neçə nəfər mülki geyimdə olan şəxs yaxınlaşıb özlərini təqdim edərək xidməti vəsiqələrini göstərib Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətlkarlıqla Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildirmişlər. Polis əməkdaşları ondan özünü təqdim etməsini xahiş etdikdə o özünü təqdim etdikdən sonra polis əməkdaşları onun narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz olaraq satışı ilə məşğul olmaqda şübhəli olduğunu bildirib barəsində qəbul edilmiş “Əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında” qərarla onu tanış etmişlər. Yalan danışmağın əhəmiyyət kəsb etmədiyini başa düşüb səmimi olaraq etiraf edib bildirmişdir ki, hazırda üzərində narkotik vasitə və psixotrop maddələr vardır. Bundan sonra polis əməkdaşları onu BMCMİ-yə dəvət etmişlər. O da etiraz etməyib polis əməkdaşları ilə birlikdə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gəlmişdir. İdarədə hüquqlarının müdafiə edilməsi üçün müdafiəçi ilə təmin edilərək şübhəli şəxs qismində tutulmuş, hüquq və vəzifələri izah olunmuşdur. Şəxsi axtarış və götürmə aparılmasından əvvəl ona şəxsi axtarış və götürmənin videoçəkiliş əsasında həyata keçiriləcəyi barədə məlumat verilmiş, o da etiraz etmədiyini bildirdikdən sonra onu şəxsi axtarış və götürmə aparılması haqqında qərarla tanış edərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə təqdim etməsi təklif edilmişdir. Bundan sonra o, əynində olan gödəkcəsinin cibində narkotik vasitə heroin və “şüşə” adı ilə tanıdığı psixotrop maddə olduğunu bildirib əynində olan qara rəngli gödəkcəsinin sol yan cibində olan 1 ədəd qara rəngli dəridən hazırlanmış kisəni və 11 manat pulu, gödəkcəsinin sağ yan cibində olan “Xiaomi Redmi” markalı mobil telefonu çıxardıb təqdim etmişdir. Təqdim etdiyi dəri kisənin içində 3 ədəd sellofan bükümün içində narkotik vasitə heroin, 1 ədəd sellofan bükümün içində “şüşə” adı ilə tanıdığı psixotrop maddə və 1 ədəd elektron tərəzi olduğunu bildirmiş, kisənin içində olan sellofan bükümləri və 1 ədəd elektron tərəzini təqdim etmişdir. Üzərindən aşkar edilmiş 3 ədəd şəffaf sellofan bükümdə olan narkotik vasitə heroini və 1 ədəd sellofan bükümdə olan psixotrop maddə metafetamini 2 gün əvvəl axşam vaxtı Sumqayıt şəhəri, Çorat qəsəbəsi ərazisində anket məlumatlarını dəqiq bilmədiyi “Qoca” ləqəbli şəxsdən satmaq və öz şəxsi istifadəsi üçün 110 manata almış, elektron tərəzidən narkotik vasitələrin çəkisinin ölçülməsində istifadə etmişdir. Polis əməkdaşları tərəfindən ona qarşı hər hansı bir təzyiq olmamış, heç vaxt narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olmamış, mütəmadi olaraq narkotik vasitə heroin və psixotrop maddə metafetamindən istifadə etmiş, üzərindən aşkar edilmiş narkotik vasitə və psixotrop maddələri isə həm satmaq, həm də istifadə etmək məqsədi ilə əldə etmiş, Qocanı Sumqayıt şəhərindən tanımış, onun anket məlumatlarını dəqiq bilməmiş, sadəcə onun narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olmasını bilmişdir (cild 1, iş vərəqə 55-57; 69-71). Həmin ifadələrin məzmunundan görünür ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı törətdiyi cinayət əməlini etiraf etmiş və işin hallarına uyğun ifadələr vermişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi həmin ifadələri iş materiallarına və işin hallarına uyğun olduğundan, obyektiv həqiqəti əks etdirdiyindən məhkəmə onun ibtidai istintaq zamanı verdiyi etirafedici ifadələrini mötəbər hesab edir. Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli olması ibtidai istintaq zamanı verdiyi etirafedici ifadələri ilə yanaşı, cinayət işi üzrə toplanmış və məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutlarla tam sübuta yetirildi. Belə ki, məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması, satış məqsədi ilə külli miqdarda narkotik vasitə və psixotrop maddələri əldə edərək saxlaması və daşıması ilə əlaqədar məlumat daxil olmuşdur. Daxil olmuş məlumat raportla Baş İdarə rəhbərliyinə məruzə edildikdən sonra 26 fevral 2021-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərar qəbul edilmişdir. O yaradılmış əməliyyat qrupunun rəhbəri, Şahid2 isə qrupun üzvü təyin edilmişdir. Daxil olmuş məlumatda Təqsirləndirilən şəxs ünvan 2 ünvanının yaxınlığında olması qeyd edilmişdir. Bununla əlaqədar 26 fevral 2021ci il tarixdə saat 17-18 radələrində əməliyyat qrupunun üzvləri ilə qeyd edilən ünvana getmişlər. Təqsirləndirilən şəxs həmin gün saat 18:20-də ünvan 2 ünvanının qarşısında saxlanılmışdır. Təqsirləndirilən şəxs xidməti vəsiqələrini göstərib Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildirərək özünü təqdim etməsini istəmişlər. Həmin şəxs Təqsirləndirilən şəxs olduğunu bildirdikdən sonra onu barəsində qəbul edilmiş qərarla tanış etmişlər. Sonra da Təqsirləndirilən şəxs BMCMİ-yə dəvət etmişlər. Baş İdarədə Təqsirləndirilən şəxs hüquqlarının müdafiə olunması üçün müdafiəçi təyin edilərək ona təqdim edilmiş və bundan sonra Təqsirləndirilən şəxs barəsində tutma haqqında qərar qəbul olunmuşdur. Daha sonra Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olmaqda şübhəli olduğundan videoçəkilişdən istifadə edilməklə üzərinə şəxsi axtarış və götürmə keçiriləcəyi bildirilərək üzərində qanunsuz əşya varsa könüllü olaraq təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs da əynində olan gödəkcəsinin cibində narkotik vasitə heroin, “şüşə” adı ilə tanıdığı psixotrop maddə və 1 ədəd elekton tərəzi olduğunu bildirib əynindəki qara rəngli gödəkcəsinin sol yan cibində olan 1 ədəd qara rəngli dəridən hazırlanmış kisəni və 11 manat pulu, gödəkcəsinin sağ yan cibində olan “Xiaomi Redmi” markalı mobil telefonu çıxarıb təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi sellofan bükümlər iştirakçıların şahidliyi ilə açıldıqda 3 ədəd sellofan bükümün içərisində qəhvəyi rəngli spesifik qoxuya malik narkotik vasitə heroinə oxşar maddələr və 1 ədəd şəffaf sellofan bükümün içərisində isə kristalşəkilli ağ rəngli psixotrop maddə metafetaminə oxşar maddə olması müəyyən edilmişdir. Bundan əlavə elektron tərəziyə keçirilən baxış zamanı tərəzinin üzərində “Aosai” sözünün qeyd edildiyi müəyyən edilmişdir. Şifahi sorğu zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 3 ədəd şəffaf sellofan bükümdə olan narkotik vasitə heroini və 1 ədəd sellofan bükümdə olan psixotrop maddə metafetamini 2 gün əvvəl axşam vaxtı Sumqayıt şəhəri, Çorat qəsəbəsi ərazisində anket məlumatlarını dəqiq bilmədiyi “Qoca” ləqəbli şəxsdən satmaq və şəxsi istifadəsi üçün 110 manata aldığını, narkotik vasitəni və psixotrop maddəni üzərində saxlayıb daşıdığını və üzərindən aşkar edilmiş elektron tərəzidən narkotik vasitələrin çəkisinin ölçülməsində istifadə etdiyini bildirmişdir. Şəxsi axtarış davam etdirilərkən Təqsirləndirilən şəxs üzərindən digər əşya və predmetlər aşkar edilməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 3 ədəd sellofan bükümdə olan narkotik vasitə heroinə oxşar maddələr, 1 ədəd sellofan bükümdə olan psixotrop maddə metafetaminə oxşar maddə və 1 ədəd elektron tərəzi cinayət təqibi üzrə əhəmiyyət kəsb etdiyindən kağız zərfdə qablaşdırılıb möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 1 ədəd “Xiaomi Redmi” markalı mobil telefon iş üzrə əhəmiyyət kəsb etdiyindən götürülmüş, aşkar edilmiş 11 manat pul isə özünə qaytarılmışdır. Bundan sonra bu barədə protokol tərtib edilmiş və ucadan oxunduqdan sonra iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs evinə baxış keçirilməmişdir. Təqsirləndirilən şəxs qarşı heç bir fiziki və psixi təsir göstərilməmişdir. Şəxsi axtarış zamanı videoçəkilişdən istifadə edilmişdir. Məhkəmə istintaqında ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Şahid2 ibtidai araşdırma orqanına verdiyi ifadəsindən görünür ki, o, Şahid1 ifadəsinə uyğun oxşar məzmunlu ifadə vermişdir (cild 1, iş vərəqə 137-140). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 27 fevral 2021-ci il tarixli 6/828 nömrəli rəyindən görünür ki, “Tədqiqata təqdim edilmiş üzərində AR DİN-nin zərflər üçün №6 möhür əksi”, “Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən...” və s. yazılar və imzalar olan kağız paketlərdəki 3 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 1,103 qram, 1,013 qram, 0,970 qram, ümumi təmiz çəkisi 3,086 qram qəhvəyi rəngli maddə kütlələri kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. 3 ədəd bükümdəki heroinlər kimyəvi tərkiblərinə görə öz aralarında eynilik təşkil edirlər. 1 ədəd bükümdə təmiz çəkisi 0,953 qram ağ rəngli kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə metafetamindir. 1 ədəd “AOSAİ” markalı elektron tərəzinin üzərində narkotik vasitə heroinin izləri müəyyən edilmişdir. Tərəzidə heroin az miqdarda olduğundan təmiz çəkisini müəyyən etmək mümkün olmamışdır. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ), metafetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in siyahısına (Siyahı İ) daxildir (Qeyd: metafetaminin təmiz çəkisi 0,953 qram, tədqiqata sərf edildi 0,05 qram, qalıq 0,903 qram, heroinin təmiz çəkisi 3,086 qram, tədqiqata sərf edildi 0,09 qram, qalıq 2,996 qram, cild 1, iş vərəqə 44-46). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X6 Şəxsi Ambulator X1 24 may 2021-ci il tarixli 1580 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxalayan maddələrdən və psixotrop maddə olan metafetamindən sui-istifadə edilməsi nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunmuşdur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülmüşdür (cild 1, iş vərəqə 153-154). Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilərək ona narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi üzrə narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X5 ambulator məhkəmə psixiatrik ekspertizasının 16 mart 2021-ci il tarixli 566 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və sair psixi xəstəlik aşkar olunmamışdır. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə xroniki psixi xəxtəlik, psixi fəaliyyətin müvəqqəti pzulması, kəmağıllılıq və sair psixi xəstəlik müəyyən edilməmişdir. Həmin dövrdə o öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək qabiliyyətinə malik olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21 və 22-ci maddələrinin təsiri altına düşmür, hazırkı psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur (cild 1, iş vərəqə 151-152). Cinayət işinin materiallarında olan “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 26 fevral 2021-ci il tarixdə saat 18:20-də Təqsirləndirilən şəxs ünvan 2 ünvanında saxlanılaraq Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət olunub orada üzərinə şəxsi axtarış keçirilərkən əynindəki gödəkcəsinin sol yan cibindən 3 ədəd bükümdə ayrı-ayrılıqda çəkiləri 1,103 qram, 1,013 qram və 0,970 qram olmaqla ümumilikdə külli miqdarda 3,086 qram çəkidə narkotik vasitə heroin, 1 ədəd bükümdə 0,953 qram çəkidə psixotrop maddə metafetamin və 1 ədəd üzərində narkotik vasitə heroinin izləri olan elektron tərəzi aşkar edilərək götürülmüşdür. Şəxsi axtarış və götürmə videoçəkiliş ilə həyata keçirilmiş və videogörüntüləri özündə əks etdirən 1 ədəd DVD disk protokola əlavə edilmişdir. Həmin 1 ədəd DVD disk cinayət təqibi üzrə əhəmiyyət kəsb etdiyindəm maddi sübut kimi tanınaraq iş materiallarına əlavə edilmişdir (cild 1, iş vərəqə 27-29). Cinayət işinin materiallarında olan Bakı şəhəri Nərimanov rayon məhkəməsinin 3 mart 2021-ci il tarixli qərarı əsasında "xxxx" MMC-dən götürülmüş Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsi ilə 1 dekabr 2020-ci il tarixdən 26 fevral 2021-ci il tarixədək daxil olan və çıxan zənglərdən çıxarışlara dair məlumatlara keçirilən baxış zamanı müəyyən edilmişdir ki, ***-***-**-** saylı mobil telefon nömrəsi Təqsirləndirilən şəxs istifadəsində olmuş, belə ki, həmin nömrəyə müraciət edən şəxslər nömrə sahibinə Natiq deyə müraciət etmişdir. ***-***-**-** saylı mobil telefon nömrəsinə müxtəlif nömrə sahiblərindən gələn mesajlarda Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olması faktı bir daha təsdiqini tapmışdır. Belə ki, qeyd edilən telefon nömrəsinə gələn mesajlarda müxtəlif nömrə sahibləri Təqsirləndirilən şəxs onlar üçün narkotik vasitə heroin (mesajlarda əsasən koko və kola kimi qeyd edilmişdir) və psixotrop maddə metafetamin (mesajlarda patı və şüşə kimi qeyd edilib) istədikləri əks edilmişdir. 16/01/2021,13:16:03,**********41,**********95,patin var 5 lik?; 25/01/2021,04:47:46,**********41,**********95,yetim patin var? varsa vizv at; 18/02/2021,17:38:49,**********36,**********95,qaqulya 1 denekola 10nug pati lazimdi nizami cay evindeyem alinar. Bundan əlavə qeyd edilən ***-***-**-** saylı mobil telefon nömrəsindən müxtəlif nömrə sahiblərinə gedən mesajlarda mesaj yazan şəxsin Təqsirləndirilən şəxs olması müşahidə edilir. Mesaj yazan şəxs müxtəlif nömrə sahiblərinə müraciət edərək onlara pul müqabilində narkotik vasitə və psixotrop maddə təklif edir: 08/12/2020,15:44:23,**********95,**********89,5-10 LUQ PATİ KAKİ İSDİYAN OLSA DE; 14/01/2021,17:48:07,**********95,**********22,X10 X9 X11 Manada. Təqdim edilmiş “SMS” məlumatlarına baxış keçirilərkən Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olması bir daha təsdiq olunur. "xxxx" MMC-nin təqdim etdiyi 1 ədəd CD disk sübut növü kimi tanınaraq iş materiallarına əlavə olunmuşdur (cild 1, iş vərəqə 125-129). Cinayət işinin materiallarında olan Bakı şəhəri Nərimanov rayon məhkəməsinin 3 mart 2021-ci il tarixli 5(005)-292/2021 nömrəli qərarından görünür ki, əməliyyat-axtarış tədbirinin aparılması barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkili Şahid1 tərəfindən qəbul edilmiş və həmin İdarənin rəisi Əbülfət Rzayev tərəfindən təsdiq edilmiş 26 fevral 2021-ci il tarixli qərar qanunauyğun hesab edilmişdir (cild 1, iş vərəqə 111). Cinayət işinin materiallarında olan Sumqayıt şəhər məhkəməsinin 3 mart 2021-ci il tarixli 5(060)-107/2021 nömrəli qərarından görünür ki, Azərbaycan Respublikası DİN-nin BMCMİ-nin əməliyyat müvəkkili Şahid1 əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında 26 fevral 2021-ci il tarixli qərarı qanunauyğun qəbul edilmişdir (cild 1, iş vərəqə 131). Cinayət işinin materiallarında olan 29 mart 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş qalıq çəkisi 2,996 qram olan narkotik vasitə heroin, qalıq çəkisi 0,903 qram psixotrop maddə metafetamin və 1 ədəd elektron tərəzi 29 mart 2021-ci il tarixli qərarla maddi sübut qismində tanınaraq saxlanmasından ötrü Azərbaycan Respublikası DİN-nin BMCMİ-nin maddi sübutları saxlama kamerasına təhvil verilmişdir (cild 1, iş vərəqə 118-119). Cinayət işinin materiallarında olan 29 may 2021-ci il tarixli “cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması haqqında” qərardan görünür ki, cinayət işinin materiallarından şəxsiyyəti istintaqa məlum olmayan şəxs tərəfindən satış məqsədi ilə qanunsuz olaraq 3,086 qram çəkidə narkotik vasitə heroinin, 1 ədəd bükümdə 0,953 qram çəkidə psixotrop maddə metafetaminin və 1 ədəd üzərində narkotik vasitə heroinin izləri olan elektron tərəzinin əldə edilməsi, saxlanması və qanunsuz olaraq Təqsirləndirilən şəxs satılması faktına görə ayrıca icraata material ayrılmışdır (cild 1, iş vərəqə 192-193). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhər məhkəməsinin 30 yanvar 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 1 (bir) il 5 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir (cild 1, iş vərəqə 141-142; 144-149). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Sumqayıt şəhər Probasiya Şöbəsinin 30 iyun 2021-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhər məhkəməsinin 30 yanvar 2020-ci il tarixli hökmü ilə ona təyin edilmiş 1 (bir) il 5 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının 26 fevral 2021-ci il tarixə kimi 11 (on bir) ay 25 (iyirmi beş) gününü çəkmiş və çəkilməmiş 6 (altı) ay 1 (bir) gün cəzası qalmışdır (cild 2). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4 və 18.4.4-cü maddələrinin tələblərinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residiv müəyyən edilən zaman nəzərə alınmır. Həmin normaların tələblərinə görə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhər məhkəməsinin 30 yanvar 2020-ci il tarixli hökmü ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzası azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza olduğuna görə residiv müəyyən edilən zaman nəzərə alınmamalıdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. O həmin cinayət əməlini törətməkdə təqsirlidir, onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs həmin maddə ilə təqsirli bilinərək qanunla müəyyən edilmiş qaydada cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halı, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs himayəsində 1 azyaşlı uşağı vardır (cild 1, iş vərəqə 116). Məhkəmə Təqsirləndirilən şəxs himayəsində 1 azyaşlı uşağının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Cinayət işinin materiallarında olan “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 26 fevral 2021-ci il tarixdə tutulmuşdur (cild 1, iş vərəqə 19). İş materiallarında olan Sumqayıt şəhər məhkəməsinin 27 fevral 2021-ci il tarixli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 26 fevral 2021-ci il tarixdən hesablanmışdır (cild 1, iş vərəqə 87-91). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinin tələbinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1 və 68.1.1-1-ci maddələrinin tələblərinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər tutulur. Məhkəmə hesab edir ki, Sumqayıt şəhər məhkəməsinin 30 yanvar 2020-ci tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin olunmuş 1 (bir) il 5 (beş) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 6 (altı) ay 1 (bir) gün hissəsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1 və 68.1.1-1 maddələrinin tələblərinə əsasən azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər tutulmaqla 3 (üç) ay azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinin tələbinə əsasən ona hökmlərin məcmusu üzrə qəti cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.4-cü maddəsinin tələbinə əsasən “ağır” cinayətlər təsnifatına aiddir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslərin cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi nəzərdə tutulmuşdur. Bu normaların tələblərinə görə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə hesablanmaqla cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu 26 fevral 2021-ci il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməməlidir. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri – 109,90 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən dövlət nəfinə xüsusi müsadirə olunmalı əmlak müəyyən edilmədiyindən təqsirləndirilən şəxsə xüsusi müsadirə tətbiq edilməməlidir. İş üzrə maddi sübut olan və Azərbaycan Respublikası DİN-in BMCMİ-nin maddi sübutların saxlanılması kamerasında saxlanılan Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 2,996 qram olan narkotik vasitə heroin, qalıq çəkisi 0,903 qram olan psixotrop maddə metafetamin və 1 ədəd elektron tərəzi Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən məhv edilməli, şəxsi axtarış və götürmə aparılmasının videogörüntülərinin əks olunduğu 1 ədəd DVD disk və "xxxx" MMC-dən götürülmüş 1 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193, 197, 198, 344-349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək ona 5 (beş) il 9 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Sumqayıt şəhər məhkəməsinin 30 yanvar 2020-ci tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin olunmuş 1 (bir) il 5 (beş) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 6 (altı) ay 1 (bir) gün hissəsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1 və 68.1.1-1 maddələrinə əsasən 3 (üç) ay azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilsin və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən həmin cəza hazırkı hökmlə təyin olunmuş cəza ilə tam birləşdirilməklə ona qəti olaraq 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcı 26 fevral 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri – 109,90 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut olan və Azərbaycan Respublikası DİN-in BMCMİ-nin maddi sübutların saxlanılması kamerasında saxlanılan Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 2,996 qram olan narkotik vasitə heroin, qalıq çəkisi 0,903 qram olan psxiotrop maddə metafetamin və 1 ədəd elektron tərəzi Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən məhv edilsin, şəxsi axtarış və götürmə aparılmasının videogörüntülərinin əks olunduğu 1 ədəd DVD disk və "xxxx" MMC-dən götürülmüş 1 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilərək ona narkomaniyadan məcburi müalicə təyin edilsin və ərazi üzrə narkoloji dispanserində qeydiyyata alınsın. Hökm elan olunduğu andan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-1267/2021
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1267/2021
16.07.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver