Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1267/2022 29.08.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Əli İrfan oğlunun sədrliyi, hakimlər Hüseynov Telman Qulaməli oğlu və İsmayılov Eldar Herov oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X3, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuroru Dövlət ittihamçısı1, müdafiəçi - Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1975-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində 2 (iki) azyaşlı uşağı olan, əvvəllər məhkum olunmayan, ünvan 1-də qeydiyyatda olan, həbs olunanadək həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İttiham aktından görünür ki, Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və külli miqdarda psixotrop maddə əldə edib saxlamaqla daşımışdır. İbtidai istintaq orqanının gəldiyi nəticəyə görə, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və yerdə, istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroini, külli miqdarda psixotrop maddə metamfetamini və narkotik vasitə metadon tərkibli dərman həblərini əldə edib üzərində və yaşadığı ünvan 1 ünvanına kimi daşıyaraq saxlamışdır. xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin gün saat 17:20-də ünvan 2 ünvanın qarşısında saxlanılaraq Nəsimi RPİ-nin 19-cu Polis şöbəsinə gətirilmiş və orada üzərində şəxsi axtarış keçirilən zaman əynində olan tünd boz rəngli paltonun sağ yan cibindən 1 (bir) ədəd bükümdə 6,595 qram çəkidə kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə heroin və əməliyyat tədbirinin davamı olaraq həmin gün saat 20:00 radələrində yaşadığı ünvan 1 ünvanına baxış keçirilən zaman mənzilin uşaq otağındakı divarda hazırlanmış 4 (dörd) ədəd plastik qapılı dolabın aşağı sağ tərəfində yerləşən dolabından 1 (bir) ədəd siqaret qutusunda 1 (bir) ədəd bükümdə təmiz çəkisi 5,246 qram təşkil edən kustar üsulla hazırlanmış külli miqdarda psixotrop maddə melamfetamin, ümumilikdə 6 (altı) ədəd olmaqla, tərkibində metadonun təsiredici maddəsinin ümumi miqdarı 0,24 qram təşkil edən, üzərində “Methadone 40” göstəriciləri olan dərman konvalyutu kəsiklərində 4 (dörd) ədəd qəhvəyi rəngli “F/M 40” gösəricili narkotik vasitə metadon həbləri və 2 (iki) ədəd ağ rəngli ”Z/40” göstəricili narkotik vasitə metadon həbləri, narkotik vasitə-psixotrop maddələrin satışında istifadə etmək məqsədilə əldə edib saxladığı, üzərində heroin və metamfetamin izləri olan 1 (bir) ədəd elektron tərəzi aşkar olunaraq götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilərək ifadəsində göstərdi ki, o, narkotik vasitələrdən, yəni narkotik vasitə heroindən və psixotrop maddə metamfetamindən istifadə etmişdir. Lakin o, heç vaxt heç kimə narkotik vasitə satmamışdır. 27 fevral 2022-ci il tarixində o, yaşadığı evin yaxınlığında polis əməkdaşları tərəfindən saxlanılmamışdır. O, saxlanıldığı gün evdən taksi ilə çıxaraq “Əcəmi” metro stansiyasının yaxınlığına getmişdir. O, evdən çıxan zaman onun yanında bir nəfər də var olmuşdur. “Əcəmi” metro stansiyasının yaxınlığında həmin şəxs ondan ayrılmışdır. O, təxminən 5 metr yol getmiş və bu zaman 6 nəfər mülki geyimli polis əməkdaşı ona yaxınlaşmışdır. Polis əməkdaşları mülki geyimdə olduğundan o, həmin şəxslərin sadə vətəndaşlar olduğunu zənn etmişdir. Sonra həmin mülki geyimli şəxslər ona polis əməkdaşları olduqlarını, onun narkotik vasitələrin qanunsuz olaraq daşınmasında, əldə edilməsində şübhəli olduğunu bildirmişlər və bu səbəbdən onu 19-cu Polis şöbəsinə aparmışlar. Ona 19-cu Polis şöbəsində polis əməkdaşları tərəfindən heç bir fiziki zorakılıq tətbiq edilməmişdir. Polis əməkdaşları onu döyməmişlər. Lakin Polis şöbəsində ona polislər tərəfindən psixoloji təzyiq tətbiq edilmişdir. Psixoloji təzyiq onda ifadə olunmuşdur ki, polislər ona hədə qorxu gələrək ailə üzvlərinin də həbs ediləcəyini bildirmişlər. O da ailə üzvlərinin narkotiklərlə “yüklənməsindən” qorxaraq polsilərin dediyini etmişdir. Lakin o, tutularkən və 19-cu Polis şöbəsində olduğu vaxt polislər onu döyməmişlər. Polislər ona 19-cu Polis şöbəsində psixoloji təzyiq göstərdikdən sonra o, polislərin onun ailə üzvlərini də tutacaqlarından qorxaraq demişdir ki, yaşadığı evdə heroin saxlayır. Bundan sonra polis əməkdaşları onunla birlikdə yaşadığı evə getmişlər. Evdə axtarış həyata keçirilmişdir. Həmin vaxt onun evindən 1,8 qram çəkidə narkotik vasitə heroin, 0,01 qram çəkidə psixotrop maddə metamfetamin, 4 ədəd də narkotik vasitə metadon aşkar edilmişdir. Onun evindən külli miqdarda narkotik vasitə heroin aşkar edilməmişdir. Evdən cəmi 1,8 qram çəkidə narkotik vasitə heroin aşkar edilmişdir. Sonradan polis əməkdaşları onun evindən aşkar etdikləri narkotik vasitə heroinin çəkisini artıraraq 11 qrama çıxarmışlar. Çünki ittiham aktında qeyd olunmuşdur ki, evdən 11 qram narkotik vasitə aşkar edilmişdir. O, polislər tərəfindən heç bir fiziki zorakılığa məruz qalmasa da, polislər ona yalnız psixoloji təzyiq tətbiq edərək ailə üzvləri ilə təhdid etmişlər. Bu səbəbdən də o, polislərin dediyini qəbul etmiş və 11 qram narkotik vasitənin özünə məxsus olduğunu etiraf etmişdir. Bundan sonra isə o, polislərlə birlikdə yenidən 19-cu Polis şöbəsinə getmiş, orada sənədlər tərtib edilmişdir. O da həmin sənədləri imzalamışdır. Tutulduğu gün o, bir neçə gün idi ki, yuxusuzluqdan əziyyət çəkmişdir. O, 1992-ci ildən epilepsiya xəstəliyindən əziyyət çəkir. O, həm bir neçə gün yuxusuz qaldığından, həm də ki, polislər tərəfindən psixoloji təhdid edildiyindən polislərin dediklərini qəbul edərək bütün sənədləri imzalamışdır. O, narkomandır, hərdən narkotik vasitələr heroin və metamfetamin alaraq istifadə etmişdir. Lakin o, heç kəsə həmin vasitələri satmamışdır. Təqsirləndirilən şəxs ifadəsində qeyd etdiklərinin nəzərə alınmasını, əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməsini və həmin maddə üzrə ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqında verdiyi qismən etirafedici ifadəsini, şahid ifadələrini, habelə cinayət işinin materiallarında olan bütün sübutları ayrı-ayrılıqda və məcmu halda təhlil edib və həmin sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs həqiqətən də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməməsi ilə bağlı hissədə verdiyi ifadəsini cinayət işinin materiallarına uyğun olmayan, özünü müdafiə məqsədi ilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirir və qeyd edilən hissədə təqsirləndirilən şəxsin məhkəmə istintaqında verdiyi ifadəsini mötəbər sübut hesab etmir. Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqında belə məzmunda ifadə verməklə cinayət məsuliyyətindən və cəzadan yaxa qurtarmaq, bu alınmadıqda isə məsuliyyətini yüngülləşdirmək məqsədi güdmüşdür. Belə ki, məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, o, Baş Narkotiklərlə Mübarizə İdarəsində əməliyyat müvəkkili vəzifəsində işləyir. 25 fevral 2022-ci il tarixdə Baş Narkotiklərlə Mübarizə İdarəsinə Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə etməsi və yaşadığı yer üzrə satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş əməliyyat məlumatının yoxlanılması ilə bağlı Şahid1 tərəfindən rəhbərliyə raportla müraciət edilmişdir. Daha sonra rəhbərlik tərəfindən Təqsirləndirilən şəxs saxlanılaraq İdarəyə gətirilməsi ilə əlaqədar əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi ilə bağlı qərar qəbul edilmişdir. Qəbul edilmiş qərarın icra olunması ilə bağlı ondan və Şahid1 ibarət əməliyyat qrupu yaradılmışdır. Daha sonra əməliyyat qrupunun üzvü Şahid1 ilə birlikdə əldə etdikləri məlumat əsasında Bakı şəhəri, ünvan 4 ünvanın yaxınlığında Təqsirləndirilən şəxs piyada hərəkət etdiyini görmüşlər. Təqsirləndirilən şəxs yaxınlaşaraq özlərini təqdim etmiş və ona polis əməkdaşları olduqlarını bildirmişlər. Bundan sonra Təqsirləndirilən şəxs barəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatının daxil olduğunu bildirmişlər və bu səbəbdən Təqsirləndirilən şəxs Nəsimi RPİnin 19-cu polis şöbəsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs də onlarla razılaşaraq birlikdə Nəsimi RPİ-nin 19-cu Polis şöbəsinə getmişdir. 19-cu Polis şöbəsində Şahid1 tərəfindən raportla rəhbərliyə müraciət olunmuş və raportla bağlı araşdırma aparılması Baş Narkotiklərlə Mübarizə İdarəsinin Təhqiqat qrupunun təhqiqatçısı, polis kapitanı Vüsal Həsənquliyevə həvalə olunmuşdur. X2 tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş və hüquqlarının müdafiə olunması üçün vəkil təyin olunmuşdur. Daha sonra isə Təqsirləndirilən şəxs üzərinə videoçəkilişlə şəxsi axtarış keçirilməyə başlanılmışdır. Şəxsi axtarış zamanı ilk öncə Təqsirləndirilən şəxs üzərində hər hansı bir qanunsuz əşya və ya predmet, o cümlədən narkotik vasitə və ya psixotrop maddə olubolmaması, olduğu təqdirdə könüllü təqdim etməsi təklif edilmişdir. Bu zaman Təqsirləndirilən şəxs əynində olan tünd boz rəngli paltonun sağ yan cibindən bir ədəd sellofan büküm çıxararaq polis əməkdaşlarına təqdim etmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, lakin başqa hər hansı bir qanunsuz əşya və ya predmet aşkar olunmamışdır. Təqsirləndirilən şəxs təqdim etdiyi sellofan büküm açıldıqda içərisində qəhvəyi rəngli narkotik vasitə heroinə bənzər maddə olması müəyyən edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi bükümdə olan maddənin narkotik vasitə heroin olduğunu, həmin heroini həm öz istifadəsi həm də sataraq qazanc əldə etmək niyyəti ilə təxminən bir il əvvəl sosial şəbəkədə tanış olduğu İran İslam Respublikası vətəndaşı Əli adlı şəxsin vasitəsilə 13 gün əvvəl Xırdalan şəhəri ərazisindən götürməklə əldə etdiyini etiraf etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs 2 ildən çox müddətdir ki, narkoman olduğunu, tez-tez narkotiklərdən istifadə etdiyini, yaşadığı ünvanda narkotik tərkibli maddələr saxladığını, həmin evə baxış keçirilməsinə etiraz etmədiyini bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş bir ədəd bükümdə olan narkotik vasitə heroinə bənzər maddə təhqiqatçı tərəfindən qablaşdırılmış, şəxsi axtarış və götürməyə dair protokol tərtib olundu və bütün iştirakçılar tərəfindən həmin protokol imza edilmişdir. Bundan sonra təhqiqatçı, əməliyyat müvəkkili Şahid1, müdafiəçi, şübhəli şəxs Təqsirləndirilən şəxs və o, Təqsirləndirilən şəxs yaşadığı mənzilə getmişlər. Həmin mənzilə baxış keçirilən zaman Təqsirləndirilən şəxs mənzildə olan uşaq otağındakı divarda hazırlanmış 4 ədəd plastik qapılı dolabın aşağı sağ tərəfdə yerləşən qapısını açaraq içərisindən bir ədəd elektron tərəzi və bir ədəd siqaret qutusunu çıxarıb təqdim etmişdir. Siqaret qutusuna baxış keçirilən zaman içərisindən 2 ədəd sellofan büküm və 6 ədəd üzərində «Metadon M-40» yazısı olan həblər aşkar olunmuşdur. Siqaret qutusundan aşkar olunan sellofan bükümlərin biri boş olsa da, digərinin içərisində ağ rəngli kristallik şəkilli psixotrop maddə metamfetaminə bənzər madda olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi maddələri 13 gün öncə Xırdalan şəhəri ərazisindən öz istifadəsi və sataraq qazanc əldə etmək məqsədi ilə əldə etdiyini bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi maddələr və elektron tərəzi təhqiqatçı tərəfindən qablaşdırılmışdır. Həyəta keçirilmiş baxış, axtarış və götürmə istintaq hərəkətləri barədə protokol tərtib olunmuş və həmin protokol bütün iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Tərtib edilmiş protokola axtarış və götürmə istintaq hərəkətlərində iştirak etmiş şəxslərdən heç birinin etirazı olmamışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 oxşar məzmunlu ifadə verməklə Şahid2 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 25 fevral 2022ci il tarixli əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərardan (cild 1, iş vərəqə 7-8) görünür ki, Təqsirləndirilən şəxs ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 25 fevral 2022-ci il tarixli şübhəli şəxsin tutulması haqqında qərardan (cild 1, iş vərəqə 22) görünür ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulması qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 25 fevral 2022-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan (cild 1, iş vərəqə 23) görünür ki, həmin gün Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 25 fevral 2022-ci il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında qərardan (cild 1, iş vərəqə 31) görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılması qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 25 fevral 2022-ci il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan (cild 1, iş vərəqə 32-34) görünür ki, həmin gün Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmiş və şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan tünd boz rəngli paltonun sağ yan cibindən 1 (bir) ədəd sellofan bükümü çıxararaq polis əməkdaşlarına təqdim etmişdir. Həmin bükümə baxış keçirilən zaman içərisində 1 (bir) ədəd şəffaf bükümdə qəhvəyi rəngli kəskin iyli narkotik vasitə heroinə oxşar kütlənin olması müəyyən edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 25 fevral 2022-ci il tarixli baxış keçirilməsi və götürmə aparılması haqqında qərardan (cild 1, iş vərəqə 36) görünür ki, Təqsirləndirilən şəxs yaşadığı ünvana baxış keçirilməsi qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 25 fevral 2022-ci il tarixli ərizədən (cild 1, iş vərəqə 37) görünür ki, Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvanına baxış keçirilməsinə etiraz etməmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 25 fevral 2022-ci il tarixli baxış keçirilməsi və götürmə aparılması haqqında protokoldan və ona əlavə edilmiş videogörüntülərdən (cild 1, iş vərəqə 40) görünür ki, həmin gün Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvanına baxış keçirilmiş və baxış keçiirlən zaman Təqsirləndirilən şəxs mənzilin uşaq otağındakı divarda hazırlanmış 4 (dörd) ədəd ağ rəngli plastik qapılı dolabın aşağı sağ tərəfində yerləşən dolabdan 1 (bir) ədəd elektron tərəzini və 1 (bir) ədəd siqaret qutusunu götürərək təqdim etmişdir. Siqaret qutusuna baxış keçirilən zaman içərisində 2 (iki) ədəd sellofan bükümdə 6 (altı) ədəd üzərində “Metadon-M40” yazısı olan həblər aşkar edilərək götürülmüşdür. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 26 fevral 2022-ci il tarixli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 6/1194 nömrəli ekspertiza rəyindən (cild 1, iş vərəqə 46-48) görünür ki, tədqiqata təqdim edilmiş üzərində «Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş...» yazısı və imzalar olan kağız paketdəki 1 (bir) ədəd bükümdə təmiz çəkisi 6,595 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Tədqiqata təqdim edilmiş üzərində «Təqsirləndirilən şəxs yaşadığı ünvandan aşkar edilmiş...» yazısı və imzalar olan kağız paketdəki 1 (bir) ədəd bükümdə təmiz çəkisi 5,246 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Üzərində «Methadone 40» markalanma göstəricisi olan kəsilmiş konvalyutlarda 4(dörd) ədəd üzərində «F/M40» yazısı həkk olunmuş qəhvəyi rəngli və 2 (iki) ədəd üzərində «Z/40» yazısı həkk olunmuş ağ rəngli dairəvi formalı həblər metadon tərkibli dərman preparatıdır və ümumi 6 (altı) ədəd həbdən ibarət metadon təsiredici maddəsinin ümumi miqdarı 0,24 qram təşkil edir, 1 (bir) ədəd «gümüşü» rəngli elektron tərəzinin üzərində heroin və metamfetaminin izləri vardır. İz şəklində olduğu üçün heroinin, metamfetaminin təmiz çəkisini və bükümlərdəki heroinlərlə və metamfetaminlə eyni kimyəvi tərkibli olubolmamasını müəyyən etmək mümkün deyildir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 27 fevral 2022-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan (cild 1, iş vərəqə 57-58) görünür ki, həmin gün Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə üzrə ittiham elan edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 27 fevral 2022-ci il tarixli Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 4(006)-129/2022 saylı qərarından (cild 1, iş vərəqə 89-93) görünür ki, həmin gün Təqsirləndirilən şəxs barəsində 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 25 fevral 2022-ci il tarixdən hesablanmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 23 mart 2022-ci il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən (cild 1, iş vərəqə 103-104) görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 25 aprel 2022-ci il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X11 1027 nömrəli rəyindən (cild 1, iş vərəqə 148-149) görünür ki, X7 hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Onda xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk elmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-nin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs halhazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 30 aprel 2022-ci il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin 2185 nömrəli rəyindən (cild 1, iş vərəqə 145-146) görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 13 may 2022-ci il tarixli 20 saylı Şəhər Poliklinikasının cavab məktubundan (cild 1, iş vərəqə 144) görünür ki, Təqsirləndirilən şəxs 1992-ci ildən epilepsiya diaqnozu ilə X9 qeydiyyatdadır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 27 may 2022-ci il tarixli baxış keçirilməsi haqqında protokoldan (cild 1, iş vərəqə 134) görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş “Xiaomi Redmi” markalı mobil telefona baxış keçirilmiş, lakin mobil telefonun mesajlar bölməsində “Votsap” mobil tətbiqində və başqa menyularında iş üzrə əhəmiyyət kəsb edən hər hansı məlumat aşkar edilməmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 27 may 2022-ci il tarixli Bakı şəhəri Nəsimi RPİ-nin 19-cu Polis şöbəsinin cavab məktubundan (cild 1, iş vərəqə 143) görünür ki, Təqsirləndirilən şəxs üzərindən və yaşadığı mənzildən aşkar edilmiş narkotik vasitələri və psixotrop maddəni əldə etdiyi “Əli” adlı şəxsin şəxsiyyətini və yerini müəyyən etmək mümkün olmamış, həmçinin aparılmış əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması müəyyən edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 30 may 2022-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan (cild 1, iş vərəqə 155-165) görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə elan olunmuş ittihamın dəyişdirilmədən saxlanılması, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 32.5,206.3.2-ci maddələri ilə cinayət təqibinin başlanılmasının rədd edilməsi, cinayət işinin materiallarından İran İslam Respublikasının vətəndaşı “Əli” adlı şəxsin barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ayrıca icraata başqa cinayət işinin ayrılması, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 6,495 qram təşkil edən narkotik vasitə heroinin, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 5,146 qram təşkil edən psixotrop maddə metamfetaminin, ekspertiza tədqiqatından sonra qalıq sayı 4 (dörd) ədəd təşkil edən metadon həbləri və 1 (bir) ədəd elektron tərəzinin saxlanılması üçün Nəsimi RPİ-nin saxlanc otağına təhvil verilməsi, habelə Təqsirləndirilən şəxs məxsus 1 (bir) ədəd “Xiaomi Redmi” markalı mobil telefonun və 1 (bir) ədəd plastik bank kartının Təqsirləndirilən şəxs yaxın qohumlarına qaytarılması, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və yaşadığı məzilə baxış keçirilməsini özündə əks etdirən 2 (iki) ədəd diskin cinayət işinin materiallarında saxlanılması qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş qəbzdən (cild 1, iş vərəqə 173) görünür ki, Təqsirləndirilən şəxs məxsus 1 (bir) ədəd “Xiaomi Redmi” markalı mobil telefon və 1 (bir) ədəd plastik bank kart onun yaxın qohumuna qaytarılmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş tibbi arayışdan (cild 1, iş vərəqə 221-222) görünür ki, Təqsirləndirilən şəxs “Hepatit C” virusu aşkar olunmuşdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 06 iyun 2014-cü il tarixli nikah haqqında şəhadətnamənin surətindən (cild 1, iş vərəqə 224) görünür ki, Təqsirləndirilən şəxs ilə X1 arasında nikah bağlanmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş şəxsiyyət vəsiqəsinin surətindən (cild 1, iş vərəqə 226) görünür ki, 06 aprel 2015-ci il tarixdə X10 doğulmuşdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 10 iyun 2014-cü il tarixli şəxsiyyət vəsiqəsinin surətindən (cild 1, iş vərəqə 227) görünür ki, 08 fevral 2011-ci il tarixdə X8 doğulmuşdur. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “X4 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmüş, əleyhinə ifadə vermiş şahidlərə bilavasitə və müdafiəçisi vasitəsi ilə suallar vermiş, habelə ona qarşı irəli sürülmüş ittihamı mübahisələndirmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Nakotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikasının Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd edilən Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixtrop maddələrin qanunsuz saxlanması dedikdə: məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmçinin sözügedən Qanunun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Nakotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə: miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahılarının 1-ci Siyahısının 5-ci bəndinə və 2-ci Siyahısının 67-ci bəndinə əsasən – təmiz halda 2 (iki) qramdan artıq çəkidə narkotik vasitə heroin, eləcə də təmiz halda 2 (iki) qramdan artıq çəkidə psixotrop maddə metamfetamin - külli miqdar təşkil edir. Məhkəmə cinayət təqibi üzrə toplanmış sübutları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara ayrı-ayrılıqda və məcmu halda qiymət verərək Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsifi məsələsini də həll etmişdir. Belə ki, məhkəmə istintaqında araşdırılmış mötəbər və obyektiv sübutlar əsasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs naməlum vaxtda, naməlum mənbədən, naməlum çəkidə və sayı məlum olmayan bükümdə qanunsuz olaraq narkotik vasitə heroin, psixotrop maddə metamfetamin və sayı dəqiq olmayan narkotik vasitə metadon həblərini əldə etmişdir. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs narkotik vasitə heroini, psixotrop maddə metamfetamini və narkotik vasitə metadon həblərini əvəzli və ya əvəzsiz qaydada əldə etməsini müəyyən etmək mümkün olmamışdır. Habelə məhkəmə istintaqında Təqsirləndirilən şəxs göstərilən vasitə/maddələri və həbləri haradan, hansı qiymətə, kimdən, hansı şəraitdə və nə vaxt əldə etməsini də müəyyən etmək mümkün olmamışdır. Lakin məhkəmə istintaqında Təqsirləndirilən şəxs 25 fevral 2022-ci il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin gün saat 17:20-də şübhəli şəxs qismində saxlanılaraq 19-cu Polis şöbəsinə aparılması, orada onun üzərinə şəxsi axtarış keçirilərkən 1 (bir) ədəd bükümdə külli miqdarda, yəni 6,595 qram çəkidə narkotik vasitə heroinin aşkar edilməsi, daha sonra onun barəsində əməliyyat tədbirinin davam etdirilməsi nəticəsində həmin gün saat 20:00 radələrində onun yaşadığı ünvan 1 ünvanına baxış keçirilməsi, mənzilə baxış keçirilən zaman mənzilidən 1 (bir) ədəd siqaret qutusunda 1 (bir) ədəd bükümdə külli miqdara, yəni 5,246 qram çəkidə psixotrop maddə melamfetaminin, ümumilikdə 6 (altı) ədəd olmaqla, tərkibində metadonun təsiredici maddəsinin ümumi miqdarı 0,24 qram təşkil edən, üzərində “Methadone 40” göstəriciləri olan dərman konvalyutu kəsiklərində 4 (dörd) ədəd qəhvəyi rəngli “F/M 40” gösəricili narkotik vasitə metadon həblərinin və 2 (iki) ədəd ağ rəngli ”Z/40” göstəricili narkotik vasitə metadon həblərinin, eləcə də üzərində heroin və metamfetamin izləri olan 1 (bir) ədəd elektron tərəzinin aşkar edilərək götürülməsi təsdiq olunmuşdur. Qeyd edilən hallar cinayət işinin mübahisəsiz hallarını təşkil edir. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə tutulduqdan sonra onun üzərində şəxsi axtarış keçirilərkən aşkar edilmiş narkotik vasitələrin, habelə yaşadığı evə baxış keçirilərkən 1 (bir) ədəd bükümdə külli miqdara, yəni 5,246 qram çəkidə psixotrop maddə melamfetaminin, ümumilikdə 6 (altı) ədəd olmaqla, tərkibində metadonun təsiredici maddəsinin ümumi miqdarı 0,24 qram təşkil edən, üzərində “Methadone 40” göstəriciləri olan dərman konvalyutu kəsiklərində 4 (dörd) ədəd qəhvəyi rəngli “F/M 40” gösəricili narkotik vasitə metadon həblərinin və 2 (iki) ədəd ağ rəngli ”Z/40” göstəricili narkotik vasitə metadon həblərinin, eləcə də üzərində heroin və metamfetamin izləri olan 1 (bir) ədəd elektron tərəzinin ona məxsus olmamasını, polis əməkdaşlarının təzyiqinə məruz qalması və məhz təzyiq nəticəsində etirafedici ifadə verməsini bildirsə də, məhkəmə bununla razılaşmır və hesab edir ki, təqsirləndirilən şəxs bu məsələdə səmimi olmamış, yalan ifadə verməklə öz məsuliyyətini yüngülləşdirmək istəmişdir. Belə ki, təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilərkən, eləcə də ibtidai araşdırmanın sonraki mərhələsində polis əməkdaşlarının təzyiqinə məruz qalması barədə heç bir səlahiyyətli orqana müraciət etməmiş, habelə şəxsi axtarış zamanı üzərindən aşkarlanmış narkotik vasitələrin və psixotrop maddənin növlərini, çəkisini və bükümlərin sayını, eləcə də aşkar edilmiş narkotik vasitələrin və psixotrop maddənin ona məxsus olmasını mübahisələndirməmişdir. Odur ki, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqında ifadəsini dəyişərək fərqli məzmunda ifadə verməklə cinayət məsuliyyətindən və cəzadan yaxa qurtarmaq məqsədi güdmüşdür. Təqsirləndirilən şəxsin üzərindən və yaşadığı evdən aşkar edilmiş narkotik vasitələrin və psixotrop maddənin çəkisini, fərqli bükümlərdə olmasını, habelə yaşadığı evdən üzərində narkotik vasitə və psixotrop maddənin izləri olan elektron tərəzinin aşkar edilməsini, aşkar edilmiş narkotik vasitələrin və psixotrop maddənin müxtəlif güclü təsir edən narkotik vasitələrə və psixotrop maddəyə aid olmasını, o cümlədən yuxarıda göstərilən halları məcmu halda nəzərə alaraq, məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs həqiqətən də onun üzərindən və yaşadığı evdən aşkar edilmiş külli miqdarda narkotik vasitə heroini, narkotik vasitə metadon həblərini və külli miqdarda psixotrop maddə metamfetamini məhz satış məqsədi ilə qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımışdır. Ona görə də məhkəmə Təqsirləndirilən şəxs törətmiş olduğu əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin 2-ci hissəsində və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 21.2 maddəsində təsbit olunmuş təqsirsizlik prezumpsiyası prinsipinə əsasən şəxsin təqsirli olmasına əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.3-cü maddəsinin tələbinə görə ittihamın sübut olunmasında yaranan şübhələri başqa sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Həmin Məcəllənin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmuyu ilə təsdiq olunmalıdır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Cinayət Prosessual Məcəllənin 351.3.4-cü maddəsinə əsasən məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edir. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayətin bütüm tərkib əlamətləri vardır, həmin cinayət hadisəsi həqiqətən baş vermiş, cinayət əməli məhz onun tərəfindən törədilmişdir. Həmçinin bu cinayətin törədilməsində o, təqsirlidir. Təqsirləndirilən şəxs cinayət əməlini qəsdən törətmişdir. Onun əməli başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə ağır cinayət kateqoriyasına aiddir. Təqsirləndirilən şəxsin əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinməklə həmin maddənin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, cavan, evli, himayəsində 2 (iki) azyaşlı uşağının olmasını, 1992-ci ildən epilepsiya xəstəliyindən əziyyət çəkməsini, habelə “Hepatit C” virusu diaqnozu ilə mütəmadi olaraq müalicə almasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsində nəzərdə tutulmuş onun cəzasını yüngülləşdirən hal kimi qəbul edir və qiymətləndirir. Onun əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal və ya hallar müəyyən edilmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini, ələlxüsus uzun müddət ərzində epilepsiya və “Hepatit C” kimi ağır xəstəliklərindən əziyyət çəkməsini və işin digər hallarını nəzərə alaraq hesab edir ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3cü maddəsində nəzərdə tutulmuş sanksiya həddində aşağı həddə azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Odur ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi üzrə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Məhz bu cəzanı ona təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Bundan başqa, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayətlərin təsnifatına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində göstərilən cinayət əməli həmin Məcəllənin 15-ci maddəsinə əsasən ağır cinayətlər təsnifatına daxildir. Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidirlər. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxsin həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilməli və cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni 25 fevral 2022-ci il tarixdən hesablanmalıdır. Bundan başqa, cinayət işində olan rəyə əsasən Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə qeyd edilən rəyi və təqsirləndirilən şəxsə narkomaniyadan məcburi müalicənin təyin edilməsini istisna edən halların olmadığını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, hazırki məhkəmə hökmü qanuni qüvvəsini aldıqdan sonra maddi sübut olub Nəsimi rayon Polis İdarəsinin saxlanc otağında saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq çəkiləri 6,495 qram təşkil edən narkotik vasitə heroin, 5,146 qram təşkil edən psixotrop maddə metamfetamin, qalıq sayı 4 (dörd) ədəd təşkil edən metadon həbləri və 1 (bir) ədəd elektron tərəzi məhv edilməli, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və yaşadığı mənzilə baxış keçirilməsini özündə əks etdirən 2 (iki) ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Eyni zamanda məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, iş üzrə maddi sübutların tədqiqi üçün çəkilmiş 114 (yüz on dörd) manat məbləğində ekspertiza xərci var və həmin məbləğ Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197-ci maddəsinə əsasən məhkəmə məsrəfləri hesab olunur. Odur ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyərini təşkil edən 114 (yüz on dörd) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan digər əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilsin və cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni 25 fevral 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanısın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin. Hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübut olub Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin saxlanc otağında saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq çəkiləri 6,495 qram təşkil edən narkotik vasitə heroin, 5,146 qram təşkil edən psixotrop maddə metamfetamin, qalıq sayı 4 (dörd) ədəd təşkil edən metadon həbləri və 1 (bir) ədəd elektron tərəzi məhv edilsin, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və yaşadığı mənzilə baxış keçirilməsini özündə əks etdirən 2 (iki) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 114 (yüz on dörd) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan digər əmlak yoxdur. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-1267/2022
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1267/2022
29.08.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver