Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1268/2023 04.12.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Namazov Fərid Arif oğlunun sədrliyi, hakimlər Quliyev Əhməd Qəhrəman oğlu və Hüseynov Telman Qulaməli oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibləri X3, X5 və X1, tərcüməçi – X8 və X2, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, X13 və X6, müdafiəçi - “Xəzər Konsaltinq” Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs iştirakları ilə, Təqsirləndirilən şəxs - xx xxxxxx 1979-cu il tarixdə Bakı şəhərində doğulmuş, evli, himayəsində 2 azyaşlı və 1 yetkinlik yaşına çatmayan uşağı olan, orta təhsilli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, Azərbaycan Respublikası vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İttiham aktına görə, Təqsirləndirilən şəxs satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddə əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə satış məqsədi və tamah niyyəti ilə külli miqdarda 11,675 qram çəkidə “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in İ siyahısına daxil olan psixotrop maddə metamfetamini qanunsuz olaraq əldə edib, iki ədəd bükümdə üzərində saxlamaqla ünvan 3 ünvanının yaxınlığına daşımış, bu barədə daxil olmuş məlumat əsasında Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs 10 yanvar 2023-cü il tarixdə saat 17:00-da yuxarıda qeyd edilən ünvanda saxlanılaraq Baş İdarənin inzibati binasına gətirilmiş və orada həmin gün saat 18:52-dən etibarən üzərinə şəxsi axtarış və götürmə keçirilən zaman əynindəki qara rəngli qış gödəkçəsinin sağ yan cibindən satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq əldə edib, üzərində saxlamaqla daşıdığı kimyəvi tərkiblərinə görə eynilik təşkil edən 02 ədəd bükümdə ayrı-ayrılıqda çəkiləri 8,481 qram və 3,194 qram olmaqla, ümumilikdə 11,675 qram çəkidə psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. İşin halları: Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində bildirmişdir ki, 10 yanvar 2023-cü il tarixdə saat 15-16 radələrində ünvan 1 ünvanında yerləşən evinin yaxınlığına çatanda 3 nəfər şəxs ona yaxınlaşıb özlərini Bakı şəhəri Baş Polis İdarəsinin əməkdaşları kimi təqdim etdikdən sonra haqqında məlumat olduğunu bildirib polis idarəsinə dəvət etdikdə razılaşaraq şəxsi avtomobili ilə getmiş, həmin vaxt polis əməkdaşlarından biri onun yanında, yəni arxa oturacaqda, biri sükan arxasında, digəri isə sağ ön oturacaqda əyləşmişdir. Polis idarəsinə çatdıqda ona Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gətirildiyi məlum olmuşdur. Növbətçi hissədə baxış keçirilərkən üzərində mobil telefon, pul və siqaret olmuş, hər hansı narkotik vasitə aşkarlanmamış, polis əməkdaşları ona avtomobil alveri ilə məşğul olduğunu, xarici ölkələrdən avtomobil gətirib Azərbaycanda satdığını, çoxlu qazanc əldə etdiyinə görə pul verməli olduğunu deyərək ondan ilk öncə 20000 ABŞ dolları, daha sonra isə 20000 manat məbləğində pul tələb etmiş və şərait yaradaraq zəng edib pul tapmaq üçün mobil telefonunu ona qaytarmışlar. O da dostları Zaur və Tərlana, əmioğlusu Farizə, tanıdığı şəxslərə zəng vurub cəmi 6000 manat pul toplaya bildikdən sonra Tərlan adlı dostundan həmin pulu idarəyə gətirməsini xahiş etmişdir. Polis əməkdaşları əvvəlcə həmin məbləğlə razılaşsalar da, Tərlan adlı şəxs qapıya gələndən sonra fikirlərini dəyişib qane olmayaraq ona pulunun çox olduğunu, vermədiyinə görə narkotik vasitələrin dövriyyəsi ilə məşğul olan şəxs kimi rəsmiləşdirəcəklərini söyləmişlər. O, boynuna götürmək istəmədiyinə görə 3-4 saat müddətində ona fiziki zorakılıq edildiyindən, məcbur qalıb razılaşaraq narkotik vasitələrin dövriyyəsi ilə məşğul olduğunu bildirmişdir. Videoçəkiliş tutulduqdan 4-5 saat sonra, yəni saat 23-24 radələrində aparılmış, avtomobilinə baxış da gecə vaxtı baş tutmuşdur. Videoçəkiliş 3 dəfəyə aparılmış, polis əməkdaşları ona psixotrop maddəni Zabrat qəsəbəsində evinin yanında yerdən tapdığını, şəxsi istifadəsi üçün özündə saxladığını bildirməsini tələb etmişlər. Bədənində yaranmış xəsarətlər görünməsin deyə ona krem təqdim olunmuş, o, bədəninin üzərində xəsarət olub-olmaması ilə bağlı ekspertizadan keçirilmiş, daha sonra Bakı İstintaq Təcridxanasına aparılmışdır. Ona edilmiş fiziki və psixi zorakılıqla bağlı yenidən döyüləcəyindən qorxduğuna görə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora və məhkəmə nəzarətini həyata keçirən məhkəməyə məlumat verməmişdir. Baş İdarədə olarkən ona çay verdikdən sonra bədənindəki ağrılar azalmış, rahatlaşıb yatmışdır. Həmin çayın tərkibində narkotik tərkibli maddənin olmasından şübhələnir, ekspertiza keçirilərkən narkotik maddənin əlamətlərinin aşkarlanmasını içdiyi çayla əlaqələndirir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı ilkin ifadəsində hadisənin baş vermə yeri, vaxtı və təfərrüatları barədə ittihama uyğun məzmunda ifadə versə də, sonradan ifadəsini dəyişərək ona fiziki və psixi zorakılıq edilməsi səbəbindən həmin məzmunda ifadə verdiyini bildirmişdir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkili vəzifəsində xidmət etməklə, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, aralarında ədavət, düşmənçilik olmamışdır. 10 yanvar 2023-cü il tarixdə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə narkotik vasitələrin və psixotrop maddələrin satışı, qanunsuz dövriyyəsi ilə bağlı daxil olmuş əməliyyat məlumatı əsasında o, Şahid2 və Şahid3 ibarət tərkibdə əməliyyat qrupu yaradılmışdır. Bundan sonra Bakı şəhəri Zabrat qəsəbəsinə gedərək 15-20 dəqiqə müddətində müşahidə aparıb xarici görünüşü əməliyyat məlumatında qeyd edilən əlamətlərə uyğun şəxsi görərək saat 17 radələrində yaxınlaşıb özlərini təqdim edib polis əməkdaşı olduğunu söyləmişlər. Təqsirləndirilən şəxs da özünü təqdim etdikdən sonra şübhənin mahiyyətini izah edib Təqsirləndirilən şəxs Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət etdikdə razılaşdığından sonuncunu şəxsi avtomobilinə əyləşdirmişlər. O, sükanın arxasında, Şahid3 sağ ön oturacaqda, Şahid2 isə Təqsirləndirilən şəxs yanında arxada əyləşmişdir. Baş İdarəyə çatdıqda Təqsirləndirilən şəxs avtomobilini bağlayıb inzibati binaya aparılmış, növbətçi hissədə üzəri yoxlanılmamış, inzibati otaqda videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış və baxış istintaq hərəkəti həyata keçirilmişdir. Baş İdarədə üzərinə və avtomobilinə baxış keçirilən zaman Təqsirləndirilən şəxs üzərində iki ədəd bükümdə psixotrop maddə metamfetamin aşkarlanmış, avtomobilində isə qanunla qadağan edilmiş hər hansı əşya, predmet aşkarlanmamışdır. Təqsirləndirilən şəxs baxış zamanı qeyd etdiklərindən başqa əlavə olaraq mobil telefonunu təqdim etməsi xatirindədir. Təqsirləndirilən şəxs qarşı o və ya digər polis əməkdaşları tərəfindən psixi və ya fiziki zor tətbiq edilməmiş, hər hansı məbləğdə pul tələb olunmamışdır. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkili vəzifəsində xidmət etməklə, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, aralarında ədavət, düşmənçilik olmamışdır. 10 yanvar 2023-cü il tarixdə Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələrin satışı, qanunsuz dövriyyəsi ilə bağlı Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə daxil olmuş əməliyyat məlumatı rəhbərliyə məruzə edildikdən sonra o, Şahid1 və Şahid2 ibarət əməliyyat qrupu yaradılmışdır. Həmin gün günorta vaxtı Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsinə getmişlər. Saat 17 radələrində evinin qarşısındakı avtomobilinin yanında gördükdən sonra Təqsirləndirilən şəxs yaxınlaşıb özlərini təqdim etdikdən sonra əməliyyat məlumatı barədə məlumat verərək Baş idarəyə dəvət etdikdə sonuncu razılaşaraq könüllü olaraq gəlmiş, Baş idarədə inzibati otaqda videoçəkilişdən istifadə edilməklə üzərinə baxış keçirilən zaman psixotrop maddə olan metamfetamin aşkar olunaraq rəsmiləşdirilmişdir. Avtomobilinə baxış zamanı isə qanunla qadağan edilmiş hər hansı əşya, predmet aşkarlanmamışdır. O və ya digər polis əməkdaşı tərəfindən Təqsirləndirilən şəxs qarşı hər hansı fiziki və ya psixi zorakılıq edilməmiş, hansısa məbləğdə pul tələb olunmamışdır. Baş idarəyə daxil olarkən növbətçi otaqda Təqsirləndirilən şəxs üzərinə baxış keçirilməmişdir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid2 şahidlər Şahid3 və Şahid1 məhkəmədə verdiyi ifadələrə oxşar məzmunda ifadə vermişdir. Müdafiə tərəfinin vəsatəti əsasında şahid qismində dindirilmiş X11 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun dostu olmaqla, aralarında ədavət və düşmənçilik olmamışdır. 10 yanvar 2023-cü il tarixdə səhər vaxtı Təqsirləndirilən şəxsla görüşüb danışarkən həmin gün axşamüstü ehtiyat hissələri alacağını söyləmiş, saat 17-18 radələrində Təqsirləndirilən şəxs zəng etdikdə sonuncu cavab verməmişdir. Həmin gün axşam vaxtı Təqsirləndirilən şəxs zəng edib ondan harada olduğunu soruşduqdan sonra polis əməkdaşları tərəfindən saxlanıldığını, 6000 manat məbləğində pulun lazım olduğunu dediyinə görə, o, Səxavət, Kamal və digər dostlarından pul toplamışdır. Daha sonra Təqsirləndirilən şəxs “Whatsapp” ani mesajlaşma tətbiqi vasitəsi ilə hansısa şəxsin mobil nömrəsini atıb həmin şəxsdən də pul götürməsini dediyinə görə həmin şəxsdən də pul götürmüşdür. Təqsirləndirilən şəxs Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində olduğunu söylədiyindən, həmin Baş idarəyə getmiş, bir müddət inzibati binanın qarşısında gözləsə də, heç kim ona yaxınlaşmamışdır. Müdafiə tərəfinin vəsatəti əsasında şahid qismində dindirilmiş X9 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun dostu olmaqla, aralarında ədavət və düşmənçilik olmamışdır. 10 yanvar 2023-cü il tarixdə saat 20:30 radələrində Təqsirləndirilən şəxs ona zəng edib nə qədər pulunun olduğunu soruşmuş, o, 200 manat pulu olduğunu dedikdə Tərlan Hadıyevin gəlib götürəcəyini söyləmişdir. Təqsirləndirilən şəxs pulu hansı səbəbə istədiyini bildirməmiş, Tərlan Hadıyev ona Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanıldığını demişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli raportdan görünür ki, etimad doğuran, məlum, qərəzsiz mənbədən Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olması, satış məqsədi ilə külli miqdarda narkotik vasitə və psixotrop maddələri əldə edərək üzərində saxlaması və daşıması barədə məlumat daxil olmuşdur. (Cild 1, iş vərəqə 5) xx.xx.2023-cü il tarixli “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” qərar və əmrdən görünür ki, Təqsirləndirilən şəxs ətrafında təxirəsalınmaz əməliyyataxtarış tədbirləri keçirilməklə yaxalanmasından ötrü Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkiləri Şahid1, Şahid2 və Şahid3 ibarət əməliyyat qrupu yaradılmışdır. (Cild 1, iş vərəqə 6-9) xx.xx.2023-cü il tarixli raportdan görünür ki, Təqsirləndirilən şəxs həmin gün saat 17:00-da ünvan 4 ünvanın yaxınlığında idarə etdiyi “Kia Sportage” markalı **-TE-*** dövlət qeydiyyat nişanlı avtomobilin yanında olan zaman saxlanılaraq üzərində şəxsi axtarış və idarə etdiyi avtomobilə baxış keçirilməsinə şərait olmadığına görə müşayiət altında Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gətirilmişdir. (Cild 1, iş vərəqə 10) “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2023-cü il tarixli qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş əməli törətməsinə şübhə yarandığından, şübhəli şəxs qismində tutulmuş, tutulmanın əvvəli onun azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, yəni xx.xx.2023-cü il tarixdə saat 17:00 dəqiqədən hesablanmışdır. (Cild 1, iş vərəqə 25-28) xx.xx.2023-ci il tarixli “Şəxsi axtarış və götürmə aparılması haqqında” qərar və protokoldan, “Baxış və götürmə aparılması haqqında” qərar və protokoldan görünür ki, müvafiq qərara əsasən, Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin inzibati binasında xidməti iş otağında videoçəkilişdən istifadə etməklə şəxsi axtarış və götürmə istintaq hərəkəti aparılarkən Təqsirləndirilən şəxs üzərində psixotrop maddə, yəni “patı” olduğunu bildirib, əynində olan qara rəngli qış gödəkçəsinin sağ yan cibində olan 02 ədəd şəffaf sellofan bükümü, əynində olan qara rəngli qış gödəkçəsinin sol yan cibindən 01 ədəd qara rəngli “Samsung” markalı mobil telefonu, özünə məxsus şəxsiyyət vəsiqəsini, 01 ədəd üzərində “KİA" sözü yazılmış avtomobil açarını, əynində olan boz rəngli cins şalvarının sol yan cibindən 2076 manat məbləğində olan pul əskinaslarını çıxarıb təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 02 ədəd sellofan bükümün içində narkotik maddə olaraq tanıdığı "patı” olduğunu bildirdikdən sonra büküm iştirakçıların şahidliyi ilə açıldıqda bükümlərin içərisində ağ rəngli, kristallik formada, psixotrop maddə metamfetaminə oxşar maddələr olması müşahidə edilmişdir. Şəxsi axtarış davam etdirilərkən Təqsirləndirilən şəxs üzərindən digər əşya və predmetlər aşkar olunmamışdır. Şifahi sorğu zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 02 ədəd sellofan bükümdə psixotrop maddə olan metamfetaminə oxşar maddələri təxminən 2 gün əvvəl yaşadığı ünvanın yaxınlığında yerdən tapmasını, həmin maddələri şəxsi istifadəsi üçün üzərində saxlayıb daşıdığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 02 ədəd sellofan bükümdə olan psixotrop maddə metamfetaminə oxşar maddələr cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Zərflər üçün” 6 saylı möhürü ilə möhürlənərək özü və digər iştirakçılar tərəfindən imzalanmışdır. Eyni zamanda aşkar edilmiş 2076 manat pul Təqsirləndirilən şəxs özünə geri qaytarılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd “Samsung” markalı mobil telefon, 01 ədəd avtomobil açarı və onun özünə məxsus olan şəxsiyyət vəsiqəsi iş üzrə əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. Protokol iştirakçılara ucadan oxunmuş və bundan sonra özü və digər iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs istifadəsində olan avtomobilə baxış keçirilmiş və avtomobildən hər hansı qanunsuz əşya aşkar edilməmişdir. (Cild 1, iş vərəqə 40-45; 46- 51) Qəbzlərdən görünür ki, “Kia Sportage” markalı “**-TE-***” dövlət qeydiyyat nişanlı avtomobil və “Samsung” markalı mobil telefon Təqsirləndirilən şəxs qohumlarına qaytarılmışdır. (Cild 1, iş vərəqə 149; Cild 2, iş vərəqə 97) Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 6/149 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində AR DİN “Zərflər üçün №6” möhür əksi və “Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş...” və s. yazılar, imzalar olan kağız paketdəki 02 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 8,481 qram, 3,194 qram, ümumi təmiz çəkiləri 11,675 qram ağ rəngli, kristalşəkilli kütlələr kustar üsulla hazırlanmış psixotrop maddəmetamfetamindir. 02 bükümdəki metamfetamin kütlələri kimyəvi tərkiblərinə görə öz aralarında eynilik təşkil edirlər. Metamfetamin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in siyahısına (Siyahı İ) daxildir. Qeyd: Metamfetaminin ümumi təmiz çəkisi 11,675 qram olmuş, 0,14 qram tədqiqata sərf edildikdən sonra 11,535 qram qalıq qalmışdır. (Cild 1, iş vərəqə 63-64) xx.xx.2023-cü il tarixli “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla, ona ittiham elan edilmişdir. (Cild 1, iş vərəqə 82-83) Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(005)-37/2023 nömrəli qərarından görünür ki, əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmaqla, Təqsirləndirilən şəxs barəsində 04 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. (Cild 1, iş vərəqə 123-127) Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 5(005)-40/2023 nömrəli qərarından görünür ki, əməliyyat-axtarış tədbirinin aparılması barədə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkili Şahid1 tərəfindən qəbul olunmaqla həmin Baş idarənin rəisi tərəfindən təsdiqlənmiş xx.xx.2023-cü il tarixli qərar qanuna uyğun hesab edilmişdir. (Cild 1, iş vərəqə 141) Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 5(008)-26/2023 nömrəli qərarından görünür ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkili Şahid1 “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” 10 yanvar 2023-cü il tarixli qərar qanuni hesab edilmişdir. (Cild 1, iş vərəqə 142) “Maddi sübut hesab edilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 11,535 qram olan psixotrop maddəmetamfetamin maddi sübut hesab edilməklə saxlanılmasından ötrü Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Maddi sübutları saxlama yerinə təhvil verilmişdir. (Cild 1, iş vərəqə 143-144) Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin “Respublika Psixiatriya Xəstəxanası” X16 xx.xx.2023-cü il tarixli, 722 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs arxiv məlumatına görə həmin xəstəxanada müalicədə olmamışdır. (Cild 1, iş vərəqə 150) Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistika İnformasiya İdarəsindən daxil olmuş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində hər hansı cinayət xarakterli məlumat yoxdur. (Cild 1, iş vərəqə 155) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-13-6/2- 1869 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş qanunsuz olaraq əldə edib, saxlamaqla daşıdığı psixotrop maddə metamfetamini kimdən əldə etməsi, həmin şəxsin əvvəllər narkotik vasitə və psixotrop maddələri qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasının ərazisinə keçirib-keçirməməsi, onun narkotik vasitə və ya psixotrop maddələrin satışı və qəbulunda şübhəli olan şəxslərlə əlaqələrinin olubolmaması, narkotik vasitə və ya psixotrop maddələrin satışı və ya istifadəsi ilə məşğul olması görə biləcək şahidlərin dairəsinin müəyyən olunması istiqamətində əməliyyataxtarış tədbirləri həyata keçirilmiş, lakin müsbət nəticə əldə etmək mümkün olmamışdır. (Cild 1, iş vərəqə 165) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-tibbi Ekspertiza və X7” X16 Məhkəmə-kimya şöbəsinin xx.xx.2023-cü il tarixli, 215/k nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs götürülmüş qan və sidik nümunələrinin tərkibində fenilalkilamin qrupuna aid olan metamfetamin aşkar olunmuşdur. Barbitur turşusu törəmələri, alkoloidlər (həmçinin tiryək qrupu), fenotiazin, pirazalon, 1,4 benzodiazepin törəmələri, salisilatlar və çətənə bitkisindən alınan təbii mənşəli narkotik vasitə hesab edilən kannabinoid aşkar edilməmişdir. (Cild 1, iş vərəqə 172-174) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-tibbi Ekspertiza və X7” X16 xx.xx.2023-cü il tarixli, 12/MEŞ nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədən səthində xəsarət aşkar edilməmişdir. (Cild 1, iş vərəqə 176-177) Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin “Respublika Narkoloji Mərkəzi” X16 xx.xx.2023-cü il tarixli, 121 nömrəli ekspert rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs KANNABİOİDLƏRİN və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji disponserində qeydiyyata alınması məsləhət görülür. (Cild 1, iş vərəqə 178-179) 39 saylı Mənzil-Kommunal İstismar Sahəsindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində hər hansı şikayət daxil olmamışdır. (Cild 1, iş vərəqə 181) xx.xx.2023-cü il tarixli “Telefon zəngləri üzrə aparılmış danışıqlar barədə məlumatlara baxış keçirilməsi haqqında” protokoldan görünür ki, "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli, 6311/23 nömrəli məktubuna əlavə edilmiş 1 ədəd CD diskə baxış keçirilərkən Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** və ***-***-**-** saylı mobil nömrələrində iş üzrə əhəmiyyət kəsb edən hər hansı məlumat aşkarlanmamışdır. (Cild 2, iş vərəqə 12-13) xx.xx.2023-cü il tarixli “Üzləşdirmə” protokolundan görünür ki, Şahid2 ilə Təqsirləndirilən şəxs üzləşdirilmişdir. (Cild 2, iş vərəqə 24-29) xx.xx.2023-cü il tarixli “Üzləşdirmə” protokolundan görünür ki, Şahid1 ilə Təqsirləndirilən şəxs üzləşdirilmişdir. (Cild 2, iş vərəqə 30-35) xx.xx.2023-cü il tarixli “Üzləşdirmə” protokolundan görünür ki, Şahid3 ilə Təqsirləndirilən şəxs üzləşdirilmişdir. (Cild 2, iş vərəqə 36-41) xx.xx.2023-cü il tarixli “Mobil telefona baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş mobil telefona baxış keçirilən zaman iş üzrə əhəmiyyət kəsb edən hər hansı məlumat aşkarlanmamışdır. (Cild 2, iş vərəqə 42) xx.xx.2023-cü il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən fiziki təzyiqə, işgəncə və digər qanunsuz hərəkətlərə məruz qalması öz təsdiqini tapmadığından, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. (Cild 2, iş vərəqə 43-45) xx.xx.2023-cü il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs ilkin etirafedici ifadələri, “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokol və ona əlavə edilmiş 1 ədəd DVD disk, şahidlər Şahid1, Şahid2 və Şahid3 ifadələri, üzləşdirmə protokolları, ekspert rəyləri, maddi sübut qərarı və digər sənədlər sübut kimi qiymətləndirilmiş, şəxsi axtarış və götürmə istintaq hərəkətini özündə əks etdirən 1 ədəd DVD disk maddi sübut kimi tanınmış, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 11,675 qram çəkidə psixotrop maddə-metamfetamindən tədqiqatdan sonra qalıq qalmış çəkisi 11,535 qram maddi sübut kimi tanınmaqla Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutları saxlama kamerasına təhvil verilməsi nəzərə alınmışdır. (Cild 2, iş vərəqə 46-59) xx.xx.2023-cü il tarixli “Təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbacyan Respublikasının 234.4.3-cü maddəsi ilə yenidən ittiham elan edilmişdir. (Cild 2, iş vərəqə 65-66) Nikah şəhadətnaməsi və şəxsiyyət vəsiqələrin kserosurətlərindən görünür ki, Təqsirləndirilən şəxs evli olmaqla, onun xx.xx.2007-ci il təvəllüdlü, xx.xx.2010-cu il təvəllüdlü və xx.xx.2019-cu il təvəllüdlü uşaqları vardır. (Cild 2, iş vərəqə 93-96) Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasının xx.xx.2023-cü il tarixli, 3-16-17/38/2-5665/2023 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Bakı İstintaq Təcridxanasına daxil olarkən bədəni üzərində hər hansı xəsarət aşkarlanmamışdır. Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsindən daxil olmuş xx.xx.2023-cü il tarixli, 3-13-6/2-9380/2023 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Baş İdarəyə daxil olarkən bədəni üzərində hər hansı xəsarət aşkar edilməmişdir. Əməlin tövsifi və hüquqi məsələlər: Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Avropa İnsan Hüquqları Məhkəməsinin formalaşdırdığı mövqeyə görə, 6-cı maddə ədalətli məhkəmə araşdırması hüququnu təmin etsə də, sübutların qəbul edilməsinin mümkünlüyünə dair hər hansı qaydaları təsbit etmir, bu, ilk növbədə milli qanunvericiliklə tənzimlənməli olan məsələdir. Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən yerli qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən, Avropa məhkəməsinin vəsifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla, bütövlükdə prosesin ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. “Ədalətli məhkəmə araşdırması hüququ” kontekstində araşdırılmalı olan məsələ sübutların əldə edilməsi üsulu da daxil olmaqla bütövlükdə məhkəmə prosesinin ədalətli olub-olmamasından ibarətdir, bu da özlüyündə sübutların “qanunsuz” yolla əldə edilibedilməməsinin, Konvensiyada nəzərdə tutulmuş digər hüquqların pozulubpozulmamasının, pozuntu olduğu təqdirdə, onun xarakterinin müəyyən edilməsinə xidmət edir. Məhkəmə qeyd edir ki, bütün məhkəmə iclaslarında müdafiə tərəfinin hüquqlarına hörmət edilmiş, təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların, o cümlədən maddi sübutların tədqiqində şəxsən iştirak etmiş, ona sübutların etibarlılığına və onlardan istifadəyə etiraz etmək imkanları təqdim olunmuş, əleyhinə ifadə vermiş şahidlərə bilavasitə və müdafiəçi vasitəsi ilə suallar verilmiş, eyni zamanda öz lehinə ifadə verə biləcək şahidi dindirilmək imkanı təqdim edilmiş, öz alibisini sübut etmək üçün ona şərait yaradılmışdır. Bundan əlavə, sübutların keyfiyyəti, o cümlədən sübutların əldə edildiyi şərait onların etibarlılığını və ya dəqiqliyini şübhə altına almır, əldə edilmiş sübutlar iş üzrə digər materiallarla təsdiq olunur. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli qərarına əsasən, hökmün təsviri-əsaslandırıcı hissəsində həmçinin təqsirləndirilən şəxsin ona verilən ittihama münasibətini öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Məhkəmə təqsirləndirilən şəxsin məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirməsinin səbəblərini araşdırmış, müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirmişdir. Belə ki, Təqsirləndirilən şəxs məhkəməyə verdiyi ifadəsində ibtidai istintaq zamanı təzyiq altında ifadə verdiyini, polis əməkdaşları tərəfindən ona fiziki zorakılıq edildiyini desə də, şahidlər Şahid1, Şahid2 və Şahid3 məhkəməyə verdikləri ifadələrində Təqsirləndirilən şəxs tutulmazdan əvvəl və ya sonra heç bir fiziki və psixi zorakılıq edilmədiyini bildirmişlər. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun həmin qərarından görünür ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən şəxsin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıbyoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Cinayət işinin materialları və məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, Bakı şəhəri Nərimanov rayon prokurorluğu tərəfindən xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən fiziki təzyiqə, işgəncə və digər qanunsuz hərəkətlərə məruz qalması öz təsdiqini tapmadığından, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul olunmuşdur. Həmin qərardan Təqsirləndirilən şəxs yuxarı prokurora və ya məhkəmə nəzarətini həyata keçirən məhkəməyə şikayət etməmişdir. Bundan əlavə, xx.xx.2023-cü il tarixdə tərtib edilmiş “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokola əlavə edilmiş 1 ədəd diskə məhkəmə istintaqı zamanı baxış keçirilərkən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs ona qarşı hər hansı təzyiq və ya zorakılıq edilib-edilməsi ilə bağlı məlumat verməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsində göstərdiyi həmin xüsusatın araşdırılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı İstintaq Təcridxanasına və Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə müraciət etmişdir. Bakı İstintaq Təcridxanasının xx.xx.2023-cü il tarixli, 3-16- 17/38/2-5665/2023 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Bakı İstintaq Təcridxanasına daxil olarkən bədəni üzərində hər hansı xəsarət aşkarlanmamışdır. Habelə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsindən daxil olmuş xx.xx.2023-cü il tarixli, 3-13-6/2-9380/2023 nömrəli məktubdan da görünür ki, Təqsirləndirilən şəxs Baş İdarəyə daxil olarkən bədəni üzərində hər hansı xəsarət aşkar edilməmişdir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Cənnətov Azərbaycana qarşı” işi (Jannatov v. Azerbaijan, № 32132/07, 31 iyul 2014-cü il, § 58) üzrə qərarında qeyd olunmuşdur ki, “...pis rəftar iddiaları müvafiq dəlillərlə dəstəklənməlidir. Dəlilləri qiymətləndirərkən Məhkəmə “əsaslı şübhədən kənar” sübut standartı tətbiq edir. Belə sübut kifayət qədər güclü, aydın və uyğun gələn nəticələrin və ya təkzib olunmayan oxşar fakt prezumpsiyalarının birgə mövcudluğundan irəli gələ bilər.” Avropa Məhkəməsinin “Məmmədov və digərləri Azərbaycana qarşı” işi (Mammadov and Others v. Azerbaijan, № 35423/07, 21 fevral 2019-cu il, § 112) üzrə qərarında verilən təfsirə görə, bu qəbildən olan iddiaların əsas sübut etmə vasitəsini zorakılığın görünən nəticəsini əks edən tibbi sənədlər təşkil edir. Bununla belə, müstəsna hallarda iddia olunanların həqiqətə uyğun olubolmadığını müəyyən etmək üçün şikayət edənin hadisə ilə bağlı təfərrüatlı ifadələrinin əsas götürülməsi mümkündür. Göründüyü kimi, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən ona fiziki və psixi zorakılıq edilməsi ilə bağlı məhkəmədə verdiyi ifadəsi hər hansı dəlillərə söykənməmiş, həmin halı təsdiq edən tibbi sənəd olmamış, əsaslı şübhə mövcud deyil. O, bu barədə məhkəməyədək icraatda qaldırmadığı halda məhkəmə baxışında bildirmiş, fikirlərini heç bir dəlillə möhkəmləndirməmiş, sadəcə ifadənin fiziki və psixi zorakılığın tətbiq edilməsi ilə alınmasını deməklə kifayətlənmişdir. Bu səbəbdən, məhkəmə həmin xüsusatla bağlı Təqsirləndirilən şəxs dediklərini özünü müdafiə xarakterli verdiyi ifadə kimi qiymətləndirir və göstərdiyi xüsusatı rədd etməklə, həqiqətə uyğun olmayan hesab edir. Bundan başqa, Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsində Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində şəxsi axtarış və baxış istintaq hərəkəti aparılarkən üzərində qanunla qadağan edilmiş əşya, predmet, o cümlədən psixotrop maddəmetamfetamin olmadığını, polis əməkdaşları tərəfindən pul tələb edildikdə razılaşmadığına görə həmin metamfetaminin özünə məxsus olduğunu deməyə məcbur edildiyini, dostları 6000 manat pul toplasa da, polis əməkdaşları razı olmayıb rəsmiləşdirmə aparıldığını bildirsə də, Şahid1, Şahid2 və Şahid3 ifadələrində Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 17 radələrində ünvan 3 ünvanın yaxınlığında saxlanılaraq Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin inzibati binasına dəvət edildiyini, orada videoçəkilişlə şəxsi axtarış və götürmə istintaq hərəkəti aparılarkən Təqsirləndirilən şəxs əynində olan qara rəngli qış gödəkçəsinin sağ yan cibində olan 2 ədəd bükümdə psixotrop maddəyə bənzər predmeti təqdim etdiyini, aşkarlananların qablaşdırılaraq ekspertizaya göndərildiyini, videoçəkiliş zamanı nümayiş etdirməsi üçün Təqsirləndirilən şəxs əlavə kütlənin təqdim edilmədiyini bildirmişlər. Cinayət işinin materiallarının 1-ci cildinin 10-cu vərəqində olan raportdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 17:00-da saxlanılmışdır. Təqsirləndirilən şəxs saxlanıldığı yeri mübahisələndirmir. Bu, məhkəmə üçün mübahisəsiz haldır. Cinayət işinin materiallarının 1-ci cildinin 42-44-cü vərəqlərində olan “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan, habelə məhkəmə istintaqı zamanı həmin protokola əlavə edilmiş diskə baxışdan müəyyən edilir ki, şəxsi axtarış və götürmə istintaq hərəkəti Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin inzibati binasında aparılmışdır. Həmin vaxt Təqsirləndirilən şəxs könüllü olaraq qara rəngli qış gödəkçəsinin sağ yan cibində olan 2 ədəd bükümdə psixotrop maddəyə bənzər predmeti təqdim etmiş, aşkarlananlar kağız zərfdə qablaşdırılıb möhürlənmişdir. Videogörüntüdə əks olunanlar tam olaraq əvvəldən sonadək aydın şəkildə müşahidə edilir. Həmçinin, məhkəmə baxışı zamanı həmin videoyazının tədqiqindən də görünür ki, videogörüntüdə kəsinti olmamış, ardıcıl olaraq, fasiləsiz videoçəkiliş aparılmışdır. Həmin protokollardan görünür ki, zərf “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Zərflər üçün” 6 saylı möhürü ilə möhürlənmiş, Təqsirləndirilən şəxs və digərləri tərəfindən hər hansı etirazın olması ilə bağlı protokola qeyd edilməmiş, heç bir şikayət və ya vəsatətin daxil olmadığı ilə bağlı qeyd də əlavə olunmuşdur. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 6/149 nömrəli ekspert rəyinin təsviri hissəsində tədqiqata təqdim olunmuş AR DİN “Zərflər üçün №6” möhür əksi və “Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş...” və s. yazılar, imzalar olan bir ədəd zərfin tamlığının pozulması ilə bağlı hər hansı qeyd aparılmamış, təqdim olunanlar əsasında keçirilmiş ekspertizanın nəticəsində 2 ədəd bükümdə ayrıayrılıqda təmiz çəkiləri 8,841 qram və 3,194 qram olmaqla, ümumi təmiz çəkiləri 11,675 qram ağ rəngli, kristalşəkilli kütlələr kustar üsulla hazırlanmış psixotrop maddəmetamfetamindir. Göründüyü kimi, Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsində göstərdiyi həmin xüsusatlar öz təsdiqi tapmamış, digər sübutlarla tam şəkildə təkzib edilmişdir. Məhkəmə bir halı da qeyd edir ki, məhkəmə istintaqı zamanı əlavə şahid qismində dindirilmiş X11 və X9 Təqsirləndirilən şəxs dostları olmuşdur. Həmin şəxslər 6000 manat pul topladıqlarını desələr də, ifadələrində onlardan hər hansı polis əməkdaşının şəxsən pul istədiklərini bildirməmiş, hər hansı polis əməkdaşına pul verməmişlər. Habelə, müdafiə tərəfinin təqdim etdiyi 1 ədəd elektron daşıyıcıda olan səs yazıları məhkəmədə tədqiq edilərkən “Qaqaş, görüşdün mənə xəbər elə də” və “O məni 28 Mall-a çağırıb, 5 dəqiqəyə, 10 dəqiqəyə çıxıram kənddən” məzmununda səs yazılarının olması müəyyən edilmişdir. Göründüyü kimi, hər hansı polis əməkdaşının Təqsirləndirilən şəxs pul istəməsi məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamış, həm şahid ifadələri, həm də elektron daşıyıcının tədqiqi zamanı Təqsirləndirilən şəxs ifadəsində göstərdikləri fərziyyədən irəli getməmiş, uydurma hesab edilməklə tam təkzib olunmuşdur. Yuxarıda təsvir olunanlar onu ehtiva edir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı ifadə verərkən səmimi olmamış, əksinə qanunsuz əməllərini ört-basdır etmək məqsədi ilə ziddiyyətli ifadə verməklə, çaşqınlıq yaratmaq, cinayət məsuliyyətindən və cəzadan yaxa qurtarmaq, bu alınmadıqda isə məsuliyyətini yüngülləşdirmək məqsədi güdmüşdür. Bu səbəbdən, məhkəmə cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin bilavasitə dinlənilməsi məhkəməyə onun verdiyi məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaratmış, məhkəmə sübutetmə predmetinə aid olan məsələyə dair nəticəyə gələrkən, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi xx.xx.2023-cü il tarixli ifadəsini əsas götürür. Məhkəmə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, iş üzrə dindirilmiş şəxslərin ifadələrindən başqa, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, digər sənədləri də mötəbər sübut növləri kimi qəbul edir. Məhkəmə qeyd edir ki, əməliyyat axtarış tədbirinin keçirilməsi ilə əlaqədar xx.xx.2023-cü il tarixli raport müvafiq qaydada qeydiyyatdan keçirilmiş, həmin raport əsasında qəbul olunmuş “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” qərar qanuniliyinin yoxlanılması üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora və məhkəmə nəzarətini həyata keçirən məhkəməyə göndərilmiş, qərarın qanuniliyi yoxlanılmışdır. Bundan başqa, məhkəmə qeyd edir ki, ibtidai araşdırma dövründə təqsirləndirilən şəxsin müdafiə hüquqları qorunmuş, cinayət-prosessual qanunvericiliyinə əsasən müdafiəçinin zəruri iştirakı nəzərdə tutulmuş bütün istintaq hərəkətlərində müdafiəçisi iştirak etmişdir. İstintaq hərəkəti protokolları və ona əlavələr qanunvericiliyə uyğun tərtib edilmişdir. Beləliklə, məhkəmə baxışı zamanı ibtidai istintaq dövründə toplanmış sübutların mötəbərliyinə xələl gətirən hər hansı hal müəyyən edilmədiyindən, cinayət işi üzrə mövcud olan məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadığına görə məhkəmə onları təqsirləndirilən şəxsin xx.xx.2023-cü il tarixli ifadəsini, şahidlər Şahid1, Şahid2 və Şahid3 ifadələrini, ekspert rəylərini, üzləşdirmə və digər istintaq hərəkəti protokolları və ona əlavələri, işdə olan digər sənədləri sübut kimi qəbul edir. Məhkəmə cinayət təqibi üzrə toplanmış sübutları Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara ayrı-ayrılıqda və məcmu halda qiymət verərək Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsifi məsələsini də həll etmişdir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından Cinayət Qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə, yəni satış məqsədi ilə əldə etdiyi külli miqdarda psixotrop maddə olan metamfetamini saxlayıb daşımasına görə ittiham irəli sürülmüşdür. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinə görə, satış məqsədilə qanunsuz olaraq narkotik vasitə və ya psixotrop maddələri külli miqdarda əldə etdikdə, saxladıqda, hazırladıqda, istehsal etdikdə, emal etdikdə, daşıdıqda, göndərdikdə, yaxud qanunsuz olaraq narkotik vasitə və psixotrop maddələri satdıqda müvafiq cinayətin tərkibi yaranır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.2-ci maddəsinə əsasən, psixotrop maddələr BMT-nin 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” Konvensiyasında, 1988-ci il tarixli “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların preparatlarıdır. Həmin qanunun 1.0.8-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər, 1.0.9-cu maddəsinə əsasən, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, 1.0.10-cu maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə, məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər, 1.0.11-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə, miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Həmin Qanunun 21.1-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən edilir. Sözügedən Qanunun 21.2-ci maddəsinə əsasən, qazanc əldə etmək məqsədilə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin müəyyən edilməsi, belə şəxslərin Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarı, habelə onların külli miqdarı müəyyən edilir. Həmin Qanunun 21.3-cü maddəsinə əsasən isə şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq və külli miqdarı, habelə onların prekursorlarının və qanunsuz kultivasiya edilən tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) xeyli və külli miqdarı müvafiq qanunlarla müəyyən edilir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” Siyahıların 2-ci Siyahısının 67-ci bəndinə əsasən - təmiz halda 2 (iki) qramdan artıq çəkidə psixotrop maddə olan metamfetamin külli miqdar təşkil edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx.xx.2011-ci il tarixli qərarına əsasən, narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri qanunsuz olaraq əldə etmə, təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama, narkotik vasitənin, psixotrop maddənin və prekursorların şəxsin özündə nəqliyyat vasitələri ilə və ya belə vasitələrdən istifadə etməməklə yerinin dəyişdirilməsi daşınma kimi qiymətləndirilməlidir. Həmin Plenum qərarına görə, şəxsi maraq dedikdə, şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, yaxud qeyriəmlak xarakterli mənfəət əldə etmə başa düşülür. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən, başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs təqdim etdiyi 2 ədəd bükümdəki psixotrop maddə olan metamfetaminin təmiz çəkisi 11,675 qram təşkil edir. Sözügedən Plenum qərarından görünür ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə qeyd edir ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olsa da, məhkəmə araşdırması zamanı Təqsirləndirilən şəxs narkotik vasitə və ya psixotrop maddənin satışı və dövriyyəsi ilə məşğul olması sübuta yetirilməmişdir. Belə ki, həm şahid ifadələri və cinayət işinin materialları ilə, həm də Təqsirləndirilən şəxs mobil nömrələrinə baxış zamanı narkotik vasitə və ya psixotrop maddələrin satışı, qanunsuz dövriyyəsi ilə bağlı hər hansı məlumat aşkarlanmamış, istehlakçı ilə əvvəlcədən razılıq, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlıq müəyyən edilməmiş, həmin maddələrin satış məqsədi ilə qanunsuz olaraq əldə edilməsi və ya saxlanılması, hazırlanması, istehsal etmə, emal etmə, daşıma, göndərmə halları müəyyən olunmamışdır. Lakin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs əldə etdiyi külli miqdarda psixotrop maddə olan metamfetamini üzərində saxlamaqla daşımışdır. “Respublika Narkoloji Mərkəzi” X16 xx.xx.2023-cü il tarixli, 121 nömrəli ekspert rəyi də Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əziyyət çəkdiyini özündə əks etdirmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə muvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə Cinayət və Cinayət-Prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Eyni zamanda, həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən, cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Təqsirləndirilən şəxsin özünü müdafiə xarakterli ifadələri müvafiq sübutlarla təkzib olunmadıqda və ya yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanının Təqsirləndirilən şəxs satış məqsədi ilə külli miqdarda psixotrop maddə-metamfetamini əldə edib saxlamaqla daşıması barədə gəldiyi qənaət iş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutlarla təsdiq olunmadığından həmin şübhələr onun xeyrinə həll olunmalıdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs onun əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə tövsif edilməli və bu tövsif vahid məhkəmə təcrübəsinə də uyğundur. Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə görə, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etdikdə, saxladıqda, hazırladıqda, emal etdikdə, daşıdıqda müvafiq cinayətin tərkibi yaranır. Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinə görə isə bu Məcəllənin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməllər külli miqdarda törədildikdə müvafiq cinayətin tərkibi yaranır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi və əməli törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin 2-ci hissəsində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 21.2-ci maddəsində təsbit olunmuş təqsirsizlik prezumpsiyası prinsipinə əsasən şəxsin təqsirli olmasına əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən, cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 145.3-cü maddəsinin tələbinə görə, ittihamın sübut olunmasında yaranan şübhələri başqa sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Həmin Məcəllənin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmuyu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 351.3.4-cü maddəsinə əsasən, məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edir. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2003-cü il tarixli qərarından görünür ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Həmin Plenum qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2011-ci il tarixli Qərarına əsasən, cinayət qanunvericiliyinə görə, hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 2-ci maddəsinə əsasən, həmin Məcəllənin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1ci maddəsində nəzərdə tutulan cinayətin bütün tərkib əlamətləri vardır, həmin cinayət hadisəsi həqiqətən baş vermiş, cinayət əməli məhz onun tərəfindən törədilmişdir. Həmçinin, bu cinayətin törədilməsində o, təqsirlidir. Təqsirləndirilən şəxs cinayət əməlini qəsdən törətmişdir. Onun əməli başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə ağır cinayət kateqoriyasına aiddir. Təqsirləndirilən şəxsin əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirli bilinməklə həmin maddənin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinin dispozisiyasına görə, həmin əməli törətmiş şəxs üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən, onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağının olmasını cəzasını yüngülləşdirən haldır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində 1 yetkinlik yaşına çatmayan uşağının olmasını, əvvəllər məhkum olunmamasını, müsbət xarakterizə edilməsini cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini, himayəsində 2 azyaşlı və 1 yetkinlik yaşına çatmayan uşağının olmasını, əvvəllər məhkum olunmamasını, müsbət xarakterizə edilməsini, ondan aşkar edilmiş psixotrop maddənin növünü, çəkisini, habelə cəzasını ağırlaşdıran halın olmamasını, eləcə də işin digər hallarını nəzərə alaraq hesab edir ki, ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş sanksiya həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi üzrə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Məhz bu cəzanı ona təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15-ci maddəsinə əsasən, cinayətlərin təsnifatına görə Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində göstərilən cinayət əməli ağır cinayətlər təsnifatına daxildir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrumetməyə məhkum edilmiş şəxslərin cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməsi müəyyən edilir. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlanıldığı müddət təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə daxildir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.6-ci maddəsinə əsasən, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. İş materiallarından görünür ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(005)-37/2023 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs barəsində 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli xx.xx.2023cü il tarixdən hesablanmışdır. Göründüyü kimi, Təqsirləndirilən şəxs bugünədək davamlı olaraq həbsdə saxlanılır. Ona görə də, Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməli və təyin ediləcək cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni 10 yanvar 2023-cü il tarixdən hesablanmalıdır. İş üzrə mülki iddia yoxdur. Məhkəmə tərkibi Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198ci maddəsinə uyğun olaraq məhkəmə məsrəfləri ilə əlaqədar məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, ibtidai istintaq zamanı keçirilmiş məhkəmə-kimyəvi ekspertizası ilə əlaqədar Təqsirləndirilən şəxs 110 (bir yüz on) manat məbləğində pul məhkəmə məsrəfi kimi tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Məhkəmə hesab edir ki, hazırki məhkəmə hökmü qanuni qüvvəsini aldıqdan sonra maddi sübut kimi tanınaraq, Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanılan 2 (iki) ədəd bükümdə ekspertiza tədqiqatından sonra qalıq çəkisi 11,535 qram çəkidə psixotrop maddə metamfetamin məhv edilməlidir. xx.xx.2023-cü il tarixli “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokola əlavə edilmiş 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Həmin Məcəllənin 99-1.1.1-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla); 99-1.1.2-ci maddəsinə əsasən isə şəxsin cinayət yolu ilə əldə etdiyi əmlak, habelə həmin əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla) məhkəmənin yekun qərarı ilə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalıdır. Bununla belə, hazırki iş üzrə qeyd edilən xarakterli, başqa sözlə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən olunmamışdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən, cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli, 2 nömrəli Qərarının 26-cı bəndində göstərilmişdir ki, məhkəmələr narkomaniya xəstəliyinə düçar olmuş təqsirli şəxslər barəsində cəza təyin edərkən onların cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi qaydada müalicə olunması məsələsini həll etməlidirlər (belə müalicənin tətbiq edilməli olub-olmaması barədə müvafiq ekspertiza rəyi alınmalıdır). Bu halda məcburi müalicənin müddəti məhkəmələr tərəfindən hökmdə göstərilməməlidir. Narkomaniyadan məcburi müalicənin belə şəxslərə zərərli təsir göstərməsi həkim rəyində qeyd olunduğu halda və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09 fevral 2006-cı il tarixli 39 №-li qərarının 3-cü bəndində nəzərdə tutulan digər hallarda məhkəmə hökmdə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.4-cü maddəsinin tətbiq edilməməsinin səbəblərini əsaslandırmalı, belə şəxslərin ərazi narkoloji dispanserində qeydiyyata götürülməsi təmin edilməlidir. Belə ki, cinayət işində olan Azərbaycan Respubikasının Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzi X16 xx.xx.2023-cü il tarixli, 121 nömrəli ekspert rəyinə əsasən Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu vaxtdan, yəni 10 yanvar 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanısın. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 110 (bir yüz on) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Hökm qanuni qüvvəyə mindikdən sonra, iş üzrə maddi sübut kimi tanınmış Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanılan 2 (iki) ədəd bükümdə ekspertiza tədqiqatından sonra qalıq çəkisi 11,535 qram çəkidə psixotrop maddə metamfetamin məhv edilsin. xx.xx.2023-cü il tarixli “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokola əlavə edilmiş 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan digər əmlakın olmadığı nəzərə alınsın. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim Fərid Namazov Hakimlər Əhməd Quliyev Telman Hüseynov
Məhkəmə qərarları › İş №1(101)-1268/2023
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1268/2023
04.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver