Məhkəmə qərarları › İş №1(101)-1268/2025

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1268/2025

01.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1268/2025 01.10.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Pənahov Babək Əkbər oğlu (sədrlik edən) Kamranov Hafiz Eldar oğlu və X2 ibarət tərkibdə Məhkəmə iclasının katibi: X3 Dövlət ittihamçısı: Baş prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Müdafiəçi: “Praym Leqal” Vəkil bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə xx.xx.1997-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: xxxxxxx), orta təhsilli, evli, məhkumluğu ödənilməmiş, Salyan şəhəri, T.Davudzadə küçəsi, ev 4, mənzil 7-də qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş, Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Verilmiş ittihama görə Təqsirləndirilən şəxs İran İslam Respublikasının vətəndaşı olması ehtimal edilən “Fariz” adlı şəxslə cinayət əlaqəsinə girib, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etmə, saxlama və daşıma barədə razılığa gəlib, həmin cinayətin həyata keçirilməsi üçün aralarındakı razılaşmaya əsasən “Fariz” adlı şəxsin ona bildirdiyi, istintaqa məlum olmayan vaxtda və ünvandan təmiz çəkisi 4.780 qram külli miqdarda narkotik vasitə qurudulmuş marixuananı əldə edib üzərində saxlamaqla dayışarkən Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən 05 yanvar 2025-ci il tarixdə, saat 21:00-da ünvan 1 ünvanda yerləşən “Furqan” restoranının arxa tərəfində saxlanılaraq idarənin 13cü polis şöbəsinə gətirilmiş, orada üzərində şəxsi axtarış keçirilən zaman əlində saxladığı bir ədəd ağ rəngli sellofan torbada olan bir ədəd qara rəngli bükümün içərisindən həmin narkotik vasitə aşkar edilərək götürülmüşdür. Bununla bağlı ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri üzrə ittiham irəli sürülmüşdür. Məhkəmədə Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş bu ittiham sübuta yetirilməsə də, onun tərəfindən külli miqdarda narkotik vasitə olan qurudulmuş marixuananı satış məqsədi olmadan qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşıması cinayətinin törədilməsi təsdiq olunur. İşin halları və dəlilləri: Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ifadəsində bildirdi ki, ona qarşı irəli sürülmüş ittihamla razı deyil, üzərində heç bir marixuana olmamışdır. O, şəxsi istifadəsi üçün 2 qram “kakos” və 1 qram “patı” əldə etmək məqsədi ilə İran vətəndaşı olan “Fariz” adlı şəxsin ona göndərdiyi hesaba “m10” tətbiqi vasitəsilə 113 manat pul göndərib sonuncunun dediyi Bakıxanov qəsəbəsində yerləşən “Furqan” restoranının yaxınlığına xx.xx.2025-ci il tarixdə getmiş, lakin bükümün çox olmasını görüb onu götürməmişdir. Elə bu vaxtı restoranın qarşısında polis əməkdaşları onu zorla saxlayıb Sabunçu Rayon Polis İdarəsinin 13-cü polis şöbəsinə aparmışlar. Orada ona qanunsuz təsirlər göstərilmiş, həmin bükümdə olan, ona verilmiş 4.780 qram çəkidə marixuananı boynuna alması tələb edilmiş, əks halda ailə üzvləri ilə hədələnmişdir. O da bundan qorxaraq videoçəkiliş zamanı ona deyilən hərəkətləri etmişdir. Bu zaman ona müdafiəçi təqdim edilməmiş və üzərində aparılacaq axtarış zamanı müdafiəçinin iştirakının tələb etməməsinə dair heç bir ərizə təqdim edilməmişdir. Ümumiyyətlə, cinayət işinin materiallarında olan bir çox sənədlərə qol çəkməmiş, orada olan imzalar onun tərəfindən icra olunmamışdır. O, İran vətəndaşı ilə əlbir olub narkotikin satışı ilə məşğul olmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin Narkotiklərlə mübarizə bölməsinin baş əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərdi ki, 05 yanvar 2025-ci il tarixdə, saat 21:00 radələrində həmin bölmənin əməliyyat müvəkkili Şahid1lə birlikdə Sabunçu rayonu, ünvan 2 ünvanda yerləşən “Furqan” restoranının arxa tərəfində əlində bağlama olan bir nəfər şəxsin özünü şübhəli apadığını görüb ona yaxınlaşmışlar. Onunla söhbət zamanı sonuncu verilmiş suallardan yayındığı üçün onu idarənin 13-cü polis şöbəsinə dəvət etmişlər. Şöbədə bu şəxsin Təqsirləndirilən şəxs olması müəyyən olunmuşdur. Orada videoçəkiliş vasitəsilə onun üzərində şəxsi axtarış aparılan zaman Təqsirləndirilən şəxs könüllü surətdə əlində saxladığı, üzərində “Kontakt Home” yazısı olan ağ rəngli sellofan torbanı, sonra qara rəngli şalvarının sağ yan cibindən bir ədəd “Samsung” markalı mobil telefonu çıxarıb təqdim etmişdir. Torbanın içərisində qara rəngli bağlama var idi. Təqsirləndirilən şəxs həmin bağlamanın içərisində olan marixuananı onlayn ödəniş etməklə İran vətəndaşı “Fariz” adlı şəxsin “WhatsApp” vasitəsilə şəklini göndərdiyi məkandan götürdüyünü bildirmişdir. Təqsirləndirilən şəxs qarşı saxlanılan və üzərində şəxsi axtarış aparılan zaman zor tətbiq edilməmiş, qanunsuz təsir göstərilməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin Narkotiklərlə mübarizə bölməsinin əməkdaşı Şahid1 Şahid2 ifadəsinə oxşar məzmunda ifadə verdi. Məhkəmədə tədqiq edilmiş (elan olunmuş): • “Şəxsi axtarış və götürmə aparılması haqqında” xx.xx.2025-ci il tarixli protokol və ona əlavə olunmuş diskdəki video görüntüyə görə Təqsirləndirilən şəxs üzərində “Kontakt Home” yazısı olan əlindəki ağ rəngli sellofanda saxladığı, içərisində qara rəngli sellofana bükülmüş bağlamanı, daha sonra əynində olan qara rəngli şalvarın sağ yan cibindən bir ədəd içərisində ***-***-**-** GSM nömrə olan “Samsung Galaxy A12” markalı mobil telefonu çıxarıb təqdim edir. Təqsirləndirilən şəxs bağlamada marixuana olduğunu, saxlanılmamışdan öncə İran İslam Respublikasının vətəndaşının onlayn qaydada göndərdiyi ünvandan öz istifadəsi üçün əldə etdiyini, qarşılığında ona 500 manat verməli olduğunu bildirir. İran vətəndaşının göndərdiyi ünvanı polis əməkdaşları yaxınlaşarkən mobil telefonundan sildiyini qeyd edir. Telefon sübut əhəmiyyəti daşıdığından maddi sübut olaraq götürülür. Protokol iştirakçılar tərəfindən imzalanır (İ cild, i.v.24-26, disk); • Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin: • xx.xx.2025-ci il tarixli, 3-16-16-2-7/11 nömrəli rəyinə əsasən tədqiqata təqdim edilmiş, üzərində “Vətəndaş Təqsirləndirilən şəxs..” yazıları və imzalar olan 01 ədəd qara rəngli polietilen bağlamadakı təmiz çəkisi 4.780 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqatdan sonra qurudulmuş marixuananın qalıq çəkisi 4.779,8 qram, aparılmış tədqiqatın dəyəri 78 manat təşkil edir (İ cild, i.v.32- 34); • xx.xx.2025-ci il tarixli, 4/1202 nömrəli rəyinə görə ekspertizaya təqdim olunmuş, cinayət işinin İ cildinin 5-ci vərəqində olan xx.xx.2025-ci il tarixli şübhəli şəxsin tutulması haqqında qərarda “Şübhəli şəxs:” qrafasındakı imza; 6-cı vərəqində olan xx.xx.2025-ci tarixli şübhəli şəxsə müdafiəçi seçmək hüququnun izah edilməsi haqqında protokolda “Şübhəli şəxs:” qrafasındakı imza; 9-cu vərəqində olan xx.xx.2025-ci il tarixli ərizədə “İmza” qrafasındakı imza; 10-cu vərəqində olan xx.xx.2025-ci il tarixli vəkilin şübhəli şəxsə təqdim edilməsi haqqında protokolda “Şübhəli şəxs:” qrafasındakı imza; 13-cü vərəqində olan xx.xx.2025-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokolda Şübhəli şəxs qrafasındakı imza; 16-17-ci vərəqlərində olan şübhəli şəxsə hüquq və vəzifələrin izah edilməsi haqqında protokolda “Şübhəli şəxs:” qrafasındakı imza; 18-19-cu vərəqlərində olan xx.xx.2025-ci il tarixli protokolda “Şübhəli şəxs:” qrafasındakı imza; 20-ci vərəqində olan xx.xx.2025-ci il tarixli şübhəli şəxsə hüquq və vəzifələrinin izah edilməsi haqqında protokolda “Şübhəli şəxs:” qrafasındakı imza; 21-ci vərəqində olan etiraz edilə bilən şəxslər məlumatların şübhəli şəxsə bildirilməsinə haqqında xx.xx.2025-ci il tarixli protokolda “Şübhəli şəxs:” qrafasındakı imza; 22-ci vərəqində olan xx.xx.2025-ci il tarixli şəxsin üzərinə şəxsi axtarış və götürmə aparılması haqqında qərarda “Şübhəli şəxs:” qrafasındakı imza; 23-cü vərəqində olan xx.xx.2025-ci il tarixli ərizədə “İmza” qrafasındakı imza; 24-25-ci vərəqlərində olan xx.xx.2025-ci il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokolun 1-ci vərəqində olan imzalar, 2-ci vərəqində “Şübhəli şəxs” qrafasındakı imza; 27-ci vərəqində olan izahatın aşağısında “X5” sözlərinin yuxarısında “Təqsirləndirilən şəxs” sözlərinin qarşısındakı imza; 29-cu vərəqində olan xx.xx.2025-ci il tarixli şübhəli şəxsə ekspertiza təyin olunmasına dair qərarla tanış edilməsi haqqında protokolda “Şübhəli şəxs:” qrafasındakı imza; 35-ci vərəqində olan şübhəli şəxsin ekspert rəyi ilə tanış edilməsi haqqında xx.xx.2025-ci il tarixli protokolda “Şübhəli şəxs:” qrafasındakı imza; 39-cu vərəqində olan xx.xx.2025-ci il tarixli müdafiəçinin təqdim edilməsi barədə protokolda “Şübhəli şəxs:” qrafasındakı imza; 40-cı vərəqində olan xx.xx.2025-ci il tarixli ərizədə “İmza” qrafasındakı imza; 41ci vərəqində olan xx.xx.2025-ci il tarixli protokolda “Şübhəli şəxs:” qrafasındakı imza; 42-44-cü vərəqlərində olan şübhəli şəxsin dindirmə protkolunun 1-3-cü vərəqlərində olan imzalar, 4-cü vərəqində olan “Şübhəli şəxs:” qrafasındakı imza; 47-ci vərəqində olan xx.xx.2025-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərarın elan edilməsi haqqında sənəddə “Təqsirləndirilən şəxs:” qrafasındakı imza; 57-59-cu vərəqlərində olan təqsirləndirilən şəxsin dindirmə protkolunun 1-3-cü vərəqlərində olan imzalar, 4-cü vərəqində olan “Mən müdafiəçinin işdiraki ilə ifadəmi oxudum əlavəm yoxdur ifadəmin düzgünlüyünü imzamla təsdiq edirəm” əlyazmaları və “Təqsirləndirilən şəxs” qrafasındakı imza; 93-cü vərəqində olan xx.xx.2025-ci il tarixli məktubda “Təqsirləndirilən şəxs:” sözlərinin qarşısındakı imza; 148-ci vərəqində olan xx.xx.2025-ci il tarixli təqsirləndirilən şəxsin ekspert rəyi ilə tanış edilməsi haqqında protokolda “Təqsirləndirilən şəxs:” qrafasındakı imza; 149-cu vərəqində olan xx.xx.2025-ci il tarixli ekspert rəyi ilə təqsirləndirilən şəxsin tanış olmasına dair protokolda “Təqsirləndirilən şəxs:” qrafasındakı imza - Təqsirləndirilən şəxs tərəfindən icra olunmuşdur. Ekspertiza tədqiqatının dəyəri 112 manat təşkil edir (cild İİ); • Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” X11 Ambulator X1 haqqında xx.xx.2025-ci il tarixli 436 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabinoidlərin, opioidlərin və psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (İ cild, i.v.134-135); • Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X11 03 fevral 2025-ci il tarixli 294 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik müəyyən edilmir. Təqsirləndirilən şəxs qeyd olunan əməli törətdiyi zaman onda xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik müəyyən edilmir. Təqsirləndirilən şəxs qeyd edilən əməli törətdiyi zaman öz əməlinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuş, fizioloji affekt vəziyyətində olmamışdır. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hazırda öz əməlinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür (İ cild, i.v.136-139); • “Maddi sübut kimi tanıma haqqında” xx.xx.2025-ci il tarixli qərarla Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş, ekspertiza tədqiqatından sonra qalıq qalan 4.779,8 qram çəkidə qurudulmuş marixuana iş üzrə maddi sübut kimi tanınaraq saxlanılması üçün Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin saxlancına təhvil verilmişdir (İ cild, i.v.76-77); • “Mobil telefon aparatına baxış keçirilməsi haqqında” xx.xx.2025-ci il tarixli protokol və ona əlavə edilmiş fotoşəkillərə görə Təqsirləndirilən şəxs götürülmüş “Samsung Galaxy A12” markalı mobil telefona baxış keçirilən zaman “WhatsApp” və “WhatsApp Business” adlı proqramlarda olan sms yazışmalarında, həmçinin səsli yazışmalarda bəzi smslərin silinməsi müəyyən edilir və cinayət işi üzrə sübut əhəmiyyətin kəsb edəcək məlumat aşkar edilmir. Mobil telefonun menyusuna baxış zamanı türk dilində olan menyunun “Dosyalarım” faylına girdikdə orada açılan “görüntülər” keçidində ağ sellofanda olan bağlamanın yerini işarələrlə bildirən iki ədəd şəkil aşkar olunur. Həmin şəkillərə baxış zamanı onların “WhatsApp” vasitəsilə göndərilməsi və xx.xx.2025-ci il tarixdə, saat 18:34-də yüklənməsi müəyyən edilir, torbanın daşın kənarına gizlədilməsi aşkar olunur (İ cild, i.v.87-89); • “Hadisə yerinə baxış keçirilməsi haqqında” xx.xx.2025-ci il tarixli protokola əsasən ünvan 3 ünvanda yerləşən “Furqan” restoranına baxış keçirilmişdir. Restoran 16 saylı restorandan 50 metr, “Alyans” restoranından isə 10 metr aralıda yerləşir. Restoranın daxilində 3, çöl tərəfində də 3 ədəd kamera var. Həmin kameralar “Hikvision” markalı yaddaş qurğusuna bağlı olsa da, bu qurğunun məlumatları saxlamaq yaddaşı 1 gün təşkil edir. Hadisə yerində olan digər obyektlərdə də video görüntünü aşkar etmək mümkün olmadı (İ cild, i.v.93); • “Diskə baxış keçirilməsi haqqında” xx.xx.2025-ci il tarixli protokola görə Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı GSM nömrə ilə bağlı "xxxx" MMC tərəfindən təqdim edilmiş diskə baxış zamanı iş üzrə əhəmiyyət kəsb edən hər hansı məlumat aşkar olunmamışdır (İ cild, i.v.113-115); • Sabunçu Rayon Polis İdarəsinin 13-cü polis şöbəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli məktubda qeyd olunur ki, Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitə qurudulmuş marixuananı əldə etdiyi mənbənin müəyyən edilməsi mümkün olmamış, onun belə maddələri satdığı hər hansı şəxs, fakt, məlumat əldə olunmamışdır. Bu istiqamətdə əməliyyat-axtarış tədbirləri davam etdirilir (İ cild, i.v.106); • Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 4(008)-6/2025 saylı qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 05 yanvar 2025-ci il tarixdən hesablanmışdır (İ cild, i.v.66- 67); • Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2025-ci il tarixli arayışı və hökmə görə Təqsirləndirilən şəxs əvvəllər iki dəfə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə məhkum edilmiş, sonuncu dəfə Şirvan Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə bu maddə üzrə təqsirli bilinərək 01 il 08 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, xx.xx.2023-cü il tarixdə cəzasının sonu ilə azad edilmişdir (İ cild, i.v.99-100, 117- 121). Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsin əməlinin sübuta yetirilməsi məsələsi həll edilərkən sübutların düzgün qiymətləndirilməsi mühüm əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinə əsasən: • Sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir (138.1-ci maddə); • Cinayət hadisəsinin baş vermə faktı və halları, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir (139-cu maddə); • Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir (144-cü maddə). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrinin dispozisiyasından görünür ki, həmin maddələrlə əməl o halda tövsif edilir ki, satış məqsədi ilə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri külli miqdarda əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma ilə törədilmiş olsun. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanununda narkotik vasitə olan qurudulmuş marixuananın külli miqdarın (təmiz halda qramlarla) daxil olmaqla, aşağı həddi 500 qram təşkil edir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə, miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Məhkəmə ilk öncə qeyd etməyi zəruri hesab edir ki, təqsirləndirilən şəxs üzərində ittihamda göstərilən miqdarda narkotik vasitənin olmadığını, yalnız şəxsi istifadəsi üçün 02 qram heroin və 01 qram metamfetamin əldə etmək üçün İran vətəndaşı kimi bildiyi “Fariz” adlı şəxsə “m10” tətbiqi vasitəsilə qabaqcadan 113 manat məbləğində pul göndərib sonuncunun dediyi Bakıxanov qəsəbəsində yerləşən “Furqan” restoranının yaxınlığına xx.xx.2025-ci il tarixdə getdiyini, lakin bükümün çox olmasını görüb onu götürmədiyini, elə bu vaxtı polis əməkdaşları tərəfindən saxlanılaraq polis bölməsinə gətirildikdən sonra ailə üzvləri ilə təhdid edilərək ittiham aktında göstərilən miqdarda narkotik vasitə olan qurudulmuş marixuananı boynuna almasını bildirsə də, məhkəmədə tədqiq edilmiş sübutlara əsasən təqsirləndirilən şəxsin üzərindən aşkar edilmiş bir ədəd ağ rəngli sellofan torbada ümumi təmiz çəkisi külli miqdarda 4.780 qram narkotik vasitə qurudulmuş marixuananın ona məxsus olmasına dair təqsiri əldə edilmiş sübutlarla, yəni təqsirləndirilən şəxsin ibtidai araşdırma dövründə üzərində aparılan şəxsi axtarış zamanı verdiyi etirafedici ifadəsi, şahid ifadələri, “Şəxsi axtarış və götürmə aparılması haqqında” xx.xx.2025-ci tarixli protokol, “Mobil telefon aparatına baxış keçirilməsi haqqında” xx.xx.2025-ci il tarixli protokol və ona əlavə edilmiş fotoşəkillər, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin xx.xx.2025-ci il tarixli, 3-16-16-2-7/11 nömrəli və xx.xx.2025-ci il tarixli, 4/1202 nömrəli rəyləri ilə tam sübuta yetirilir. Məhkəmənin mövqeyinə görə müdafiə tərəfinin irəli sürdüyü bu dəlil heç bir sübutla dəstəklənmədiyi, ittiham tərəfinin təqdim etdiyi sübutlar isə zorakılığın mövcud olmaması və sübutun yolverilənliyini təsdiq edildiyindən, təqsirləndirilən şəxsin bu barədə söylədikləri əsassız hesab edilməlidir. Bununla belə, məhkəmə təqsirləndirilən şəxsin üzərində külli miqdarda narkotik vasitənin aşkar edilməsini təsdiq edən sübutların mötəbərliyinə şübhə yaradan heç bir halın müəyyən olunmadığını qeyd etsə də, ittiham tərəfinin bu maddənin qanunsuz olaraq satış məqsədi ilə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən əldə olunmasına dair gəldiyi nəticəni əsaslı hesab etmir və buna görə də hesab edir ki, ibtidai araşdırma orqanı tərəfindən təqsirləndirilən şəxsin törətmiş olduğu cinayət əməlinin hüquqi tövsifi zamanı səhvə yol verilmişdir. Belə ki, Təqsirləndirilən şəxs ittiham olunur ona görə ki, o, İran İslam Respublikasının vətəndaşı olması ehtimal edilən “Fariz” adlı şəxslə cinayət əlaqəsinə girib, qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etmə, saxlama və daşıma barədə razılığa gəlib, həmin cinayətin həyata keçirilməsi üçün aralarındakı razılaşmaya əsasən “Fariz” adlı şəxsin ona bildirdiyi, istintaqa məlum olmayan vaxtda və ünvandan təmiz çəkisi 4.780 qram külli miqdarda narkotik vasitə qurudulmuş marixuananı əldə edib üzərində saxlamaqla dayışarkən Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən 05 yanvar 2025-ci il tarixdə, saat 21:00-da ünvan 1 ünvanda yerləşən “Furqan” restoranının arxa tərəfində saxlanılaraq idarənin 13-cü polis şöbəsinə gətirilmiş, orada üzərində şəxsi axtarış keçirilən zaman əlində saxladığı bir ədəd ağ rəngli sellofan torbada olan bir ədəd qara rəngli bükümün içərisindən həmin narkotik vasitə aşkar edilərək götürülmüşdür. Cinayət işinin materiallarından görünür ki, təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən narkotik vasitə marixuananın satışını həyata keçirərkən, yaxud bilavasitə realizə edərkən saxlanılmamış, polis əməkdaşları 05 yanvar 2025-ci il tarixdə, saat 21:00 radələrində onu ünvan 1 ünvanda yerləşən “Furqan” restoranının arxa tərəfində piyada hərəkət edərkən saxlayıb Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 13-cü polis şöbəsinə aparmış və orada üzərinə şəxsi axtarış aparılarkən onun üzərindən ittihamda qeyd edilən çəkidə qurudulmuş marixuana aşkar olunmuşdur. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 14 iyun 2024-cü il Qərarında göstərilir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışına “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.11-ci maddəsində şərh verilmişdir. Belə ki, həmin Qanunda şəxsi maraq dedikdə şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, yaxud qeyri-əmlak xarakterli mənfəət əldə etmə başa düşülür. Narkotik vasitələri əldə edən üçün vasitəçilik edib narkotik vasitə almış şəxsin bunu edərkən özünün də narkotiki istehlak etmək məqsədi olması halı şəxsi maraq kimi qiymətləndirilə bilməz (8-ci bənd); Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır (9-cu bənd); Cinayət Məcəlləsinin 234.4-cü maddəsində əməlin tövsifedici əlamətləri kimi Məcəllənin 234.2, 234.3 və 234.3-1-ci maddələrində sadalanan əməllərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən törədilməsi, təkrar törədilməsi, külli miqdarda törədilməsi, habelə mediadan, o cümlədən internet informasiya ehtiyatlarından və ya informasiya-telekommunikasiya şəbəkələrindən istifadə etməklə törədilməsi nəzərdə tutulmuşdur . Qeyd olunan cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi dedikdə, bu cinayətdə onu birlikdə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin qəsdən birgə iştirak etməsi başa düşülməlidir. Cinayət Məcəlləsinin 34.2-ci maddəsinin mənasına görə Məcəllənin 234.2, 234.3 və 234.3-1-ci maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsinə yönəlmiş hərəkətlər edilənədək, yəni cinayətin obyektiv cəhətini təşkil edən hərəkətlərin icra edilməsinə başlanılana qədər cinayətin iştirakçıları arasında qabaqcadan əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün razılıq əldə edilməsi müəyyən edildikdə əməl cinayətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi qiymətləndirilməlidir. Qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən yuxarıda göstərilən cinayətin törədilməsi həm də o zaman yaranır ki, iştirakçılar arasında razılaşmaya əsasən həmin maddələrdə göstərilən hərəkətləri onlardan biri həyata keçirsin. Yalnız Cinayət Məcəlləsinin 234.2, 234.3 və 234.3-1-ci maddələrində göstərilən hərəkətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi Məcəllənin 234.4.1-ci maddəsinin tərkibini yaratdığı üçün təqsirkar şəxsin narkotik vasitəni satanla və ya satış məqsədi olmadan əldə edənlə qabaqcadan əlbir olmasının dəqiq müəyyən edilməsi əməlin düzgün tövsifi üçün mühüm əhəmiyyət kəsb edir. Odur ki, digər şəxsin xahişi ilə (sonuncu üçün) və ya birgə istifadə üçün təqsirkarın (vasitəçinin) narkotik vasitə və ya psixotrop maddə, yaxud prekursoru alması əməli qiymətləndirilərkən təqsirkarın bu hərəkətləri kimin mənafeyinə (həmin maddələri satanın və ya alanın) uyğun etdiyi, həmin maddələri satan şəxslə onların satışı barədə əvvəlcədən razılığa gəlib-gəlməməsi, özünün bu maddələrin satışından mənfəət əldə edib-etməməsi araşdırılmalıdır. Belə razılığın və ya mənfəətin əldə edilməsi təsdiq edilmədiyi halda, digər şəxsin xahişi ilə və ya sonuncu ilə birlikdə satış məqsədi olmadan narkotik vasitə almış təqsirkarın əməli narkotiki satanla qabaqcadan əlbir olma və ya narkotik vasitəni satma kimi deyil, satış məqsədi olmadan narkotik vasitə əldə etmə kimi qiymətləndirilməlidir (12-ci bənd). Təqsirləndirilən şəxsin üzərindən aşkar olunmuş 4.780 qram çəkidə narkotik vasitə olan marixuananın satış məqsədi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında əldə etməsi nəticəsinə gələrkən ibtidai araşdırma orqanının istinad etdiyi əsas sübut onun istifadəsində olmuş “Samsung Galaxy A12” markalı mobil telefonun menyusunda “Dosyalarım” faylında olan, “WhatsApp” vasitəsilə göndərilmiş narkotik vasitə olan bağlamanın yerini bildirən iki ədəd şəkilin aşkar olunmasıdır. Ancaq, məhkəmə qeyd etməyi zəruri bilir ki, həmin telefona həm ibtidai istintaq, həm də məhkəmə istintaqında baxış zamanı orada narkotik vasitə və psixotrop maddələrin satışı və qanunsuz dövriyyəsi ilə bağlı smslər, audio və video materiallar aşkar edilməmişdir. Həmçinin, ibtidai araşdırma orqanı tərəfindən müvafiq məlumatların əldə edilməsi barədə əməliyyat-axtarış fəaliyyətini həyata keçirən orqana tapşırıq verilmiş və buna cavab olaraq Sabunçu Rayon Polis İdarəsinin 13-cü polis şöbəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli məktubda Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olduğunun müəyyən edilməsi göstərilsə də, buna dair heç bir dəlil təqdim olunmamış, sadəcə olaraq əməliyyat tədbirlərinin davam etdirildiyi göstərilmişdir. Beləliklə, təqsirləndirilən şəxsin üzərində aşkar edilmiş narkotik vasitənin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən satış məqsədi ilə əldə edilməsini təsdiq edən və Ali Məhkəmənin Plenumunun qeyd edilən Qərarında sadalanan əlamətlərin olması nə ibtidai araşdırma orqanı tərəfindən aparılan istintaq zamanı, nə də məhkəmə baxışında müəyyən edilməmişdir. Cinayət-Prosessual Məcəlləsinə görə: • Cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür (21.3-cü maddə); • Şəxsin cinayət törətməsinə dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır (28.5-ci maddə); • Cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir (33.2-ci maddə); • Təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür (138.2-ci maddə); • Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməli və cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir (145.1-ci maddə); • İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir (145.3-cü maddə); • Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır (349.5.1-ci maddə); • Məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır (351.2-ci maddə). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Deveyer Belçikaya qarşı” iş üzrə qərarında qeyd edir ki, “ittiham” termininə formal cəhətdən deyil, məzmun cəhətdən anlayış verilməlidir və məhkəmə ittihamın zahiri təzahürlərinin arxasında nəyin durduğunu nəzərdən keçirməli və ittihamın irəli sürülməsi prosedurunun reallıqlarını araşdırmalıdır. “Barbera, Messegue və Yabardo İspaniyaya qarşı” işlə bağlı qərarında Avropa Məhkəməsi bildirmişdir ki, təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, məhkəmənin tərkibi öz vəzifələrini icra edərkən, təqsirləndirilən şəxsə istinad edilən cinayətin onun tərəfindən törədildiyi kimi qərəzli mövqedən çıxış etməməlidir və bunu sübut etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür, istənilən şübhə isə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Bundan əlavə, “X8rşı” işdə Avropa Məhkəməsinin mövqeyinə əsasən bütün sübutlar diqqətlə qiymətləndirilmədən hüquq fərziyyəsinin tətbiq edilməsi təqsirsizlik prezumpsiyasını böyük ehtimalla pozmuş olur. Ehtimal və fərziyyə ilə ittiham irəli sürülə bilməz. Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə görə məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin “satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni külli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma” cinayətinin törətməsi kifayət qədər sübuta yetirilir. Ona görə də onun əməli “qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etmə, daşıma və saxlama”ya görə cinayət məsuliyyətini nəzərdə tutan Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrindən “satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri külli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma”ya görə cinayət məsuliyyətini nəzərdə tutan həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilməli və o, həmin maddə ilə cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2 və 58.3-cü maddələrini rəhbər tutur, habelə “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” və “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarlarındakı tövsiyələri nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal müəyyən edilmədi. Eyni zamanda, Təqsirləndirilən şəxs qəsdən az ağır cinayət törətdiyinə görə əvvəllər ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzası ilə bağlı məhkumluğu ödənilmədən yenidən qəsdən hazırkı ağır cinayəti törətmişdir ki, bu da cinayətlərin residivini yaradır. Bu halı da məhkəmə Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə uyğun olaraq cəzanı ağırlaşdıran hal kimi qiymətləndirir. Cinayət Məcəlləsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivi sayılır (18.1-ci maddə); cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır (83.1-ci maddə); az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə şəxs məhkumluğu olmayan hesab edilir (83.3.3-cü maddə); məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır (83.4-cü maddə). Bu Məcəllənin 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Həmin Məcəllənin 65.2-ci maddəsinə görə residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.5, 61.1.1 və 65-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2013-cü il tarixli Qərarına görə cinayətlərin residivi müəyyən edildikdə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində residiv cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulmadığı halda, həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalı və təqsirləndirilən şəxsə həmin Məcəllənin 65-ci maddəsi tətbiq edilməklə cəza təyin olunmalıdır. Məhkəmə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi halını və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini xarakterizə edən halları nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Təqsirləndirilən şəxs cəzasını Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzasının əvvəli onun həbsə alındığı andan – 05 yanvar 2025-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri də hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə müvafiq olaraq narkomaniyadan müalicə ilə bağlı tibbi xarakterli məcburi tədbir tətbiq edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalı, iş üzrə maddi sübut kimi tanınaraq Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin maddi sübutların saxlanc yerində saxlanılan, qalıq qalan 4.779,8 qram çəkidə qurudulmuş marixuana Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhv edilməli, götürülmüş 01 ədəd “Samsung Galaxy A12” markalı mobil telefon Təqsirləndirilən şəxs özünə və ya yaxın qohumlarından birinə qaytarılmalı, ekspertiza tədqiqatlarının dəyəri 190 manat pul ondan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə ekspertizası mərkəzinin hesabına keçirilməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 11 manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərmiş “Praym Leqal” Vəkil Bürosunun vəkili Müdafiəçi 25 saat üçün nəzərdə tutulan 275 manat pul ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318, 344-347, 349, 351-353, 356, 358 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1ci və 234.4.3-cü maddələrindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinərək 05 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzasının əvvəli 05 yanvar 2025-ci il tarixdən hesablansın, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan müalicə ilə bağlı tibbi xarakterli məcburi tədbir tətbiq edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın, ekspertiza tədqiqatlarının dəyəri 190 (yüz doxsan) manat pul ondan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə ekspertizası mərkəzinin hesabına keçirilsin. İş üzrə maddi sübut kimi tanınaraq Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin maddi sübutların saxlanc yerində saxlanılan, qalıq qalan 4.779,8 qram çəkidə qurudulmuş marixuana məhv edilsin, götürülmüş 01 ədəd “Samsung Galaxy A12” markalı mobil telefon Təqsirləndirilən şəxs özünə və ya yaxın qohumlarından birinə qaytarılsın. Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərmiş “Praym Leqal” Vəkil Bürosunun vəkili Müdafiəçi 25 saat üçün nəzərdə tutulan 275 (iki yüz yetmiş beş) manat pul ödənilsin. Hökmdən, onun elan olunduğu andan (həbsdə saxlanılan şəxsə isə verildiyi vaxtdan) 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Babək Pənahov Hakimlər: Hafiz Kamranov Hüseyn Hüseynli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar