Məhkəmə qərarları › İş №1(101)-1269/2022

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1269/2022

19.07.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1269/2022 19.07.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hüseynov Səbuhi Sabir oğlu (sədrlik edən), Məcidov X11 və Ağayev Zeynal Qurban oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X3, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının “Sigma” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, 7 sentyabr 1976-cı il tarixdə Ermənistan Respublikası, Masis rayonunda anadan olmuş, evli, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olmuş, məhkumluğu olmayan, Bakı şəhəri, ünvan 1 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə edib saxlayaraq daşımışdır. Belə ki, o, qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə edib satmaq məqsədilə şəxsiyyətləri istintaqa məlum olmayan İran İslam Respublikası vətəndaşı və digər şəxslə əlbir olub cinayət əlaqəsinə girərək 8 fevral 2022-ci il tarixdə saat 00:50 radələrində əvvəlcədən aralarında olan razılaşmaya əsasən İran İslam Respublikası vətəndaşı tərəfindən ünvan 2 ünvanının yaxınlığında küçədə daş parçalarının arasında gizlədilmiş 1 büküm külli miqdarda 1005,0 qram çəkidə narkotik vasitə heroini satış məqsədilə qanunsuz olaraq əldə edib daşıyaraq digər şəxsə verilməsi üçün üzərində saxlamış, həmin tarixdə saat 1 radələrində ünvan 2 ünvanının yaxınlığında Binəqədi RPİ-nin 5-ci PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində saxlanılaraq ünvan 4 ünvanında yerləşən 5-ci PB-nə gətirilərək orada saat 2:10-da üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynindəki tünd göy rəngli gödəkcənin sağ iç cibindən yapışqan lentə bükülmüş sellofan bükümdə təmiz çəkisi 1005,0 qram olan külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, heç bir zaman narkotik vasitə istifadəçisi olmamış, həmçinin narkotik vasitə satışı ilə məşğul olmamış, heç vaxt hər hansı bir məqsədlə narkotik vasitə əldə etməmişdir. 8 fevral 2022-ci il tarixdə gecə saat 1 radələrində yaşadığı evə getmək üçün Binəqədi rayonu, Ş.Məmmədova küçəsi ilə hərəkət edən zaman bir neçə nəfər şəxs ona yaxınlaşaraq fiziki zor tətbiq etməklə markasını və dövlət nömrə nişanını görmədiyi avotomobilə əyləşdirmişlər. Həmin şəxslər onu oradan avtomobillə 5-ci Polis Bölməsinin inzibati binasına gətirmişlər. Həmin vaxt ona məlum olmuşdur ki, həmin şəxslər polis əməkdaşlarıdır. Həmin şəxslər polis bölməsində də ona fiziki zor tətbiq etmişlər. Ona iri ölçüdə üzəri skoçla bağlanmış büküm və 1 ədəd mobil telefon verib bildirmişlər ki, üzərinə videoçəkilişlə baxış keçiriləcəkdir və baxış zamanı həmin bükümü və telefonu təqdim edərək ona məxsus olduğunu bildirsin. O çıxılmaz vəziyyətdə qaldığı üçün və bir neçə nəfər şəxs tərəfindən ona qarşı fiziki zor tətbiq edildiyindən onların dedikləri ilə razılaşmışdır. Çəkilişlə üzərinə baxış zamanı ona verilmiş bükümü və mobil telefonu təqdim edərək ona məxsus olduğunu bildirmişdir. Fiziki zorakılığa məruz qaldığı üçün bu barədə ifadə verərək yazılı şəkildə də həmin əşyaların ona məxsus olmalarını bildimişdir. Həmin büküm və mobil telefonla heç bir əlaqəsi olmamışdır. Üzərindən aşkar edilmiş 4 ədəd mobil telefondan biri ona məxsus olmamış, polis əməkdaşları tərəfindən ona verilmişdir. Həmin mobil telefonda hansı mobil nömrənin olduğunu, həmin nömrənin sahibinin kim olduğunu bilməmişdir. ***-***-**-** və ***-***-**-** saylı mobil nömrələr ona məxsus olmuş, ondan götürülmüş mobil telefonlarda həmin nömrələrdən istifadə etmişdir. ***-***-**-** nömrəli mobil telefonuna keçirilmiş baxış zamanı aşkar edilmiş nömrələri bilmir, həmin nömrə sahiblərini tanımır, telefonunda qeyd edilmələri barədə məlumatı olmamışdır. İstifadəsində olmuş ***-***-**-** və ***-***-**-** saylı nömrələri ilə ***-***-**-**, ***-***-**- **, ***-***-**-** saylı nömrələr arasında 7 fevral 2022-ci il tarixdə və əvvəllər dəfələrlə əlaqələr və danışıqlar aparılması barədə məlumatı olmamışdır. Həmçinin ***-***-**-** saylı nömrə olan mobil telefona baxış keçirilməsi zamanı aşkar edilmiş şəkillər barədə məlumatı olmamışdır. Bakı şəhəri, Binəqədi rayonu, Ş.Rəhimov küçəsi, ev 62, mənzil 30-da yaşamışdır. Tutulan zaman tək olmuşdur. Polis əməkdaşları onu tutan zaman həyat yoldaşını işdən gətirməyə getmişdir. Həyat yoldaşı “Bağçalı Saray” şadlıq sarayında işləyir. Ona təxminən 7-8 nəfər polis əməkdaşı yaxınlaşmışdır. Üzərindən aşkar edilən mobil telefonlarda olan sms-lər barədə məlumatı yoxdur. ***-***-**-** saylı mobil nömrə ona məxsus olsa da, orada olan sms-lər barədə məlumatı olmamışdır. Heç vaxt narkotik vasitə istifadə etməmişdir. Heç vaxt narkotik vasitənin satışı ilə məşğul olmamış, heç kimə narkotik vasitəni satmaqla bağlı sms yazmamış və heç kim tərəfindən ona bu məzmunda sms göndərilməmişdir. Tutulan zaman polis əməkdaşları tərəfindən ona fiziki və psixi təsir göstərilmişdir. Ona göstərilən fiziki təsir nəticəsində görmə qabiliyyətində zəiflik yaranmışdır. Himayəsində 3 uşağı var. Qızı xəstədir, ayağında problem var, son 6 aydır sərbəst yeriməyə başlamışdır. Boks idman növü ilə məşğul olmuşdur. “Fide” boks zalında boks təlimini həyata keçirməklə qazanc əldə etmişdir. 2003-cü ildə boks üzrə Azərbaycan çempionatının qalibi olmuş və 2008-ci ilədək bu idman növü ilə məşğul olmuşdur. Büküm və mobil telefon polis əməkdaşları tərəfindən ona verilmişdir. İbtidai istintaq zamanı yazılan ifadəyə oxumadan imza etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsini iş materiallarına uyğun olmayan, özünü müdafiə məqsədilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirərək təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadəsini mötəbər hesab etmir. Məhkəmədə ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, övladı xəstə olduğundan bir müddət olar ki, sosial şəbəkə vasitəsi hesab edilən “İnstagram” səhifəsində İran İslam Respublikasının vətəndaşı ilə tanış olmuş və onunla söhbət edərkən bildirmişdir ki, ona kömək lazımdır, ona təklif etmişdir ki, narkotik vasitə olsa götürüb çatdırsın pul qazansın, lakin həmin danışıqdan sonra onunla əlaqəsi kəsilmişdir. 8 fevral 2022-ci il tarixdə saat təxminən 00:15 radələrində həmin şəxs ona +98914-967-8573 nömrəsi ilə “WhatsApp” vasitəsi ilə səs atıb ona yer deyəcəkəyini, həmin ünvandan içərisində narkotik vasitə olan bükümü götürüb başqa şəxsə çatdırmağı qarşılığında ona 500 manat pul çatacağını bildirmişdir. O həmin gün saat təxminən 1:00 radələrində Binəqədi rayonu, Ş.Məmmədova küçəsi 11 ünvanında yerləşən “Urud” avtotəmir sexinin yaxınlığında 1 ədəd üzləri skoç yağışdırıcı ilə bağlanmış şəffaf sellofana bükülmüş bükümü götürmüş və getmək istəyən zaman polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim etmiş və onu qanunsuz olaraq üzərində narkotik vasitə saxlamaqda şübhəli bilindiyi üçün Binəqədi RPİ-nin 5-ci PB-nə gətirmişlər. Bölmədə xidməti otaqda ona hüquq və vəzifələri izah olunduqdan sonra xahişi ilə dövlət hesabına müdafiəçi təqdim edilmiş və o təqdim edilmiş müdafiəçiyə etiraz etməmişdir. Binəqədi RPİ-nin 5-ci PB-nin inzibati binasında xidməti otaqların birində üzərinə öz razılığı ilə müdafiəçinin iştirakı olmadan videoçəkiliş altında baxış keçirilərkən əynində olan tünd göy rəngli gödəkcənin sağ iç cibindən 1 ədəd üzəri skoç yapışdırıcı ilə bağlanmış şəffaf sellofana bükülmüş bükümü, əynində olan tünd göy rəngli gödəkcənin sağ yan cibindən 1 ədəd “Redmi” markalı, 2 ədəd “Samsung” markalı və 1 ədəd “Nokia” markalı mobil telefonları çıxardıb masanın üzərinə qoymuşdur. Üzərindən aşkar olunmuş “heroin” adlanan narkotik vasitə zərfə qoyularaq qablaşdırılmış və möhürlənmişdir. Bu barədə tərtib olunmuş protokolun doğruluğunu və zərfi imzası ilə təsdiq etmişdir (cild 1, iş vərəqə 57-59). Həmin ifadənin məzmunundan görünür ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı törətdiyi cinayət əməlini etiraf etmiş və işin faktiki hallarına uyğun ifadə vermişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi həmin ifadəsi iş materiallarına və işin faktiki hallarına uyğun olduğundan, obyektiv həqiqəti əks etdirdiyindən məhkəmə onun ibtidai istintaq zamanı verdiyi etirafedici ifadəni mötəbər hesab edir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Bakı şəhəri Binəqədi RPİ-nin 5-ci PB-nin baş əməliyyat müvəkkili vəzifəsində işləyir. 8 fevral 2022-ci il tarixdə Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə etməsi və üzərində gəzdirməsi ilə bağlı daxil olmuş məlumatın yoxlanılması məqsədi ilə rəhbərliyin göstərişi əsasında onun və Binəqədi RPİ-nin 5-ci PB-nin əməliyyat müvəkkilləri Şahid2, Şahid3, Şahid4 və Binəqədi RPİ-nin 5-ci PB-nin YYÇ üzrə baş inspektoru Şahid5 iştirakı ilə əməliyyat qrupu yaradılmışdır. Daha sonra 8 fevral 2022-ci il tarixdə saat 1:00 radələrində daxil olmuş məlumat əsasında ünvan 2 ünvanına gəlmişlər. Orada əvvəlcədən alınmış məlumatda göstərilən Təqsirləndirilən şəxs zahiri əlamətləri ilə uyğun gələn şəxs onlar tərəfindən saxlanılmış, həmin şəxsdən özünü təqdim etməsini xahiş etmişlər. Həmin şəxs Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Onlar həmin şəxsi üzərinə baxış keçirilməsi üçün Binəqədi RPİ-nin 5-ci PB-nə dəvət etmişlər. Orada xidməti otaqların birində Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmişdir. Saxlanılan şəxs Təqsirləndirilən şəxs üzərində olan əşyaları təqdim etməsi təklif olunarkən o, əynində olan göy rəngli gödəkcənin sağ iç cibindən yapışqan lentə bükülmüş 1 ədəd sellofan bükümdə olan narkotik vasitəni təqdim etmişdir. Bundan başqa onun üzərindən qanunsuz heçnə aşkar olunmamışdır. Həmin vaxt Təqsirləndirilən şəxs etiraf edərək həmin bükümdəki maddənin narkotik vasitə olan heroin olduğunu, təxminən 10 gün əvvəl “İnstagram” sosial şəbəkəsində İran İslam Respublikasının vətəndaşı ilə tanış olduğunu, həmin şəxsin ona narkotik vasitəni dediyi yerdən götürüb başqa yerə aparmaq müqabilində pul verəcəyini bildirdiyini demişdir. Təqsirləndirilən şəxs həmçinin 8 fevral 2022-ci il tarixdə saat 00:15 radələrində İran İslam Respublikasının vətəndaşı ona +98914-967-8573 nömrəsindən “WhatsApp” vasitəsilə səsli mesaj göndərərək Binəqədi rayonu, Ş.Məmmədova küçəsi 11 ünvanında yerləşən “Urud” avtotəmir sexinin yaxınlığında yapışqan lentə bükülmüş 1 ədəd sellofan bükümdə olan narkotik vasitəni ordan götürüb başqa şəxsə çatdırmaq lazım olduğunu bildirdiyini, onun da həmin bükümü götürüb deyilən şəxsə çatdırmaq üçün üzərində saxladığını demişdir. Təqsirləndirilən şəxs üzərinə keçirilmiş axtarış zamanı başqa əşya və ya predmet aşkar edilməmişdir. Aşkar edilmiş büküm 1 ədəd zərfdə qablaşdırılaraq götürülmüşdür. Təqsirləndirilən şəxs barəsində əldə edilmiş əməliyyat məlumatlarında onun narkotik vasitə satışı ilə məşğul olması istisna edilməmiş, bununla bağlı məlumatların dəqiqləşdirilməsi və ifşa edilməsi istiqamətində əməliyyat tədbirləri davam etdirilmişdir. Təqsirləndirilən şəxs tutulan zaman tək olmuşdur. Təqsirləndirilən şəxs 5 nəfər yaxınlaşmışlar. Əməliyyat məlumatı ona daxil olmuşdur. Təqsirləndirilən şəxsə qarşı heç bir fiziki və psixi təsir göstərilməmişdir. Şəxsi axtarış zamanı videoçəkilişdən istifadə edilmişdir. Təqsirləndirilən şəxs evinə baxış keçirilsə də, qanunla qadağan olunmuş heç nə aşkar olunmamışdır. Təqsirləndirilən şəxs tutulan zaman onlara müqavimət göstərməmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilən bükümü ona deyilən yerdən götürüb başqa şəxsə çatdırmaq üçün üzərində gəzdirdiyini bildirmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid5 Şahid1 ifadəsinə uyğun oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqında ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş şahidlər Şahid2, Şahid3 və Şahid4 ibtidai araşdırma orqanına verdiyi ifadələrindən görünür ki, onlar Şahid1 ifadəsinə uyğun oxşar məzmunlu ifadə vermişlər (cild 1, iş vərəqə 128-129, 132-133 və 139-140). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 8 fevral 2022-ci il tarixli 6/761 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №174” dairəvi möhür əksi olan, soyad və imzalar qeyd edilmiş 1 ədəd kağız paketdə 1 ədəd bağlamada təmiz çəkisi 1005,0 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir (Qeyd: heroinin ümumi təmiz çəkisi 1005 qram, tədqiqata sərf edildi 0,05 qram, qalıq 1004,95 qram, cild 1, iş vərəqə 52-54). Cinayət işinin materiallarında olan “şəxsi axtarış və götürmə haqqında” protokoldan və həmin protokola əlavə edilmiş CD diskə keçirilmiş baxışdan görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə polis əməkdaşlarının iştirakı ilə şəxsi axtarış aparılarkən Təqsirləndirilən şəxs üzərində olan qanunsuz əşyaları könüllü olaraq təqdim etməsi təklif edilmiş, həmin vaxt o, əynindəki göy rəngli gödəkcənin sağ iç cibindən yapışqan lentə bükülmüş 1 ədəd sellofanı çıxararaq masanın üzərinə qoymuşdur. Həmin bükülü açıldıqda Təqsirləndirilən şəxs bildirmişdir ki, 1 ədəd sellofan büküm narkotik vastə heroindir. Xəyyam Nəcəfzadə bildirmişdir ki, həmin narkotik vasitə heroini tutulmamışdan əvvəl Binəqədi rayonu, Ş.Məmmədova küçəsi 11 ünvanında yerləşən “Urud” avtotəmir sexinin yaxınlığında yapışqan lentə bükülmüş 1 ədəd sellofan bükümdə olan narkotik vasitəni ordan götürüb başqa şəxsə çatdırmaq üçün İran İslam Respublikasının vətəndaşı olan tanımadığı +98914-967-8573 nömrəsinin sahibindən “WhatsApp” ilə əlaqə yaradaraq aldığını bildirmişdir. Aşkar edilərək götürülmüş 1 ədəd büküm zərfə qoyularaq qablaşdırılmış və möhürlə möhürlənməklə iştirakçılar tərəfindən imzalanmışdır. CD diskə keçirilmiş baxışla bağlı protokol tərtib edilərək iş materiallarına əlavə edilmişdir (cild 1, iş vərəqə 30-32, 65). Cinayət işinin materiallarında olan “mobil telefona baxış keçirilməsi barədə” protokoldan görünür ki, həmin mobil telefon “Redmi” markalı, qara rəngli, üzərində tünd yaşıl rəngli kobura olan mobil telefon cihazıdır. Telefonun üzərində ***-***-**-** GSM nömrə olduğu müəyyən edilmişdir. Mobil telefona daxil olaraq ekranda olan tətbiqlərin arasında “foto” bölməsinə daxil olunmuşdur. Həmin foto bölməsində fotoşəkillər arasında son əlavə edilmiş 4 ədəd fotoşəkil istintaq marağı kəsb etmiş və baxış keçirdikdə görünür ki, həmin 4 ədəd fotoşəkil 8.02.2022-ci il tarixdə saat 00:02-00:05 ərzində telefona daxil olmuşdur. Həmin şəkillərin üzərində ox işarəsi qeyd edilmiş istiqamətlər bildirildiyi görünmüşdür. Həmin fotoşəkillərdə iri ölçüdə bükümün Binəqədi rayon ərazisində yolun kənarında daşların arasında yerləşdirilildiyi görünmüşdür. Daha sonra mobil telefonun “Whatsapp” proqramında +98***-***-**-** saylı xarici dövlət operatora aid mobil nömrədən ani sms və səsli mesajlar daxil olmşudur. Həmin yazışmalar 7.02.2022-ci il tarix saat 22:30-dan 8.02.2022-ci il tarix saat 2-dək olan müddət ərzindədir. Belə ki, ilk öncə həmin nömrədən 4 ədəd fotoşəkil göndərilmişdir, baxış zamanı həmin foto şəkillərin yuxarıda qeyd edilən fotoşəkillər olduğu görünmüşdür. Göndərilmiş fotoşəkillə bildirilmişdir ki, bükümün götürülməsi üçün yer qeyd edilmiş və həmin yerin fotoşəkili çəkilmişdir. Daha sonra İran ləhcəsi ilə danışan şəxs: - 8.02.2022-ci il tarixdə saat 00:25-də «Salam necəsən Cəlal, neyneyə bildin, mənə bir xəbər ver, gedib çata bildin ora, götürübsənsə mənə bir xəbər bildir» sözlərini səsli mesaj vasitəsilə göndərmişdir. - 8.02.2022-ci il tarixdə saat 00:28-də « Ay Cəlal, çətinliyin vardırsa de, o uşağdan soruşum bivaxt olmasın» sözlərini səsli mesaj vasitəsilə göndərmişdir. - 8.02.2022-ci İl tarixdə saat 00:51-də « Cəlal çox yubandına, 2 saatdır malın dalınca gedmisən, bu qədər vaxtı götürə bilmədin onu, bu necə işdir» sözlərini səsli mesaj vasitəsilə göndərmişdir. - 8.02.2022-ci il tarixdə saat 00:52-də « Ay Cəlal, orda Ford maşını vara onun arxasında satılır sözü yazılıba, satılır sözünün düz altında» sözlərini səsli mesaj vasitəsilə göndərmişdir. - 8.02.2022-ci il tarixdə saat 1:08-də « Cəlal mənə bir xəbər vermədin axı, götürdünsə mənə xəbər elə məndə nigaranam, bidəki Cəlal orda bidənə 150 dənən var, bugün alınsa bugün qoyarsan, alınmasa sabah qoyarsa, mənə xəbər de məndə nigaranam» sözlərini səsli mesaj vasitəsilə göndərmişdir. - 8.02.2022-ci il tarixdə saat 1:38-də « Salam, ay Cəlal o biri nömrənədə cavab vermirsən, qaqaş, əmioğlu əgər götürmüsənsə xəbər elə, o 150 dənə vare, onu gözləyirlər, rayondan gəliblər camaatın pulunu almışam, o biri 150 dənə eybiyo sabaha da qalsa olar, mənə bir xəbər elə gözdüyrəm qadan alım» sözlərini səsli mesaj vasitəsilə göndərmişdir. - 8.02.2022-ci il tarixdə saat 00:51-də « Cəlal çox yubandına, 2 saatdır malın dalınca gedmisən, bu qədər vaxtı götürə bilmədin onu, bu necə işdir» sözlərini səsli mesaj vasitəsilə göndərmişdir. - 8.02.2022-ci il tarixdə saat 00:51-də « Ay Cəlal, ay qardaş, bu səsədə qulağ asırsan, mənədə bir cavab vermirsən, sənə dedim axı rayondan uşağ gəlibdi, taksiylə gəlibdi, özgə maşınıyla gəlibdi, onu qoy götürüb gedsində qardaş, ə belə olmaz ki, qardaş, dedim ki rayondan gəlib, Salyandan gəlib, çıxıb qayıdacağ o yana, mənə bidənə cavab ver, mən nigaranam başına dönüm, sən oxuyub cavab vermirsən, həmdə bu biri bu tərəfdən dayanmadan yığır, həmdə camaatın pulunu almışam, belə olacaydı diyərdin getmirəmda» sözlərini səsli mesaj vasitəsilə göndərmişdir. Baxışla müəyyən edilmişdir ki, mobil telefonun foto bölməsində aşkar edilmiş 4 ədəd fotoşəkillərlə “WhatsApp” proqramında +98***-***-**-** saylı xarici dövlət operatora aid mobil nömrədən göndərilmiş 4 ədəd fotoşəkillər eynidir. Həmin fotoşəkillərdən görünür ki, şəkillərdə göstərilən yer Təqsirləndirilən şəxs 8.02.2022-ci il tarixdə saat 1 radələrində polis əməkdaşları tərəfindən saxlanıldığı yerin görüntüsüdür. Fotoşəkildəki büküm isə Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış zamanı götürülmüş və içərisində narkotik vasitə olan bükümün görüntüsüdür. Aşkar edilmiş məlumatlar istintaq üçün mühüm sübut əhəmiyyəti kəsb edən məlumatlar kimi müəyyən edilmişdir. Təqsirləndirilən şəxs götürülmüş daha 1 ədəd mobil telefona baxış keçirməyə başlanmışdır. Baxış zamanı həmin mobil telefonun “Samsung” markalı, tünd göy rəngli, üzərində qara rəngli dəri kobura olan mobil telefon cihazı olduğu, telefonun üzərində 050-418-08- 78 GSM nömrə olduğu müəyyən edilmişdir. Mobil telefona keçirilmiş baxış zamanı aşkar edilmişdir ki, telefonun nömrələr olan bölməsində yaddaşında ***-***-**-** saylı nömrə “İbad.xal.oxlu” kimi qeyd edilmişdir. Həmçinin aşkar edilmişdir ki, telefonda olan ***-***-**-** nömrə ilə ***-***-**-**, 051-546- 93-95, ***-***-**-** saylı nömrələr arasında 7 fevral 20022-ci il tarixdə və əvvəllər dəfələrlə əlaqələr və danışıqlar aparılmışdır. Təqsirləndirilən şəxs ***-***-**-** saylı nömrəli mobil telefonun ona aid olmadığını bildirsə də, keçirilmiş baxışla aralarında mütəmadi əlaqələrin olduğu müəyyən edilmişdir (cild 1, iş vərəqə 117- 121). Cinayət işinin materiallarında olan “telefon danışıqlarına dair məlumatlar əks etdirilmiş diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, diskin yaddaşında ***-***-**-**, ***-***-**-** və ***-***-**-** nömrələrə dair giriş-çıxış sms və zəng məlumatları əks olunmuşdur. Həmin mobil nömrələr olan mobil telefonlar Təqsirləndirilən şəxs götürülmüşdür. Məlumatlardan görünür ki, ***- ***-**-** saylı mobil nömrə X6 məxsusdur. ***-***-**-** saylı mobil nömrə Təqsirləndirilən şəxs məxsusdur. ***-***-**-** saylı mobil nömrə X4 məxsusdur. İstintaq zamanı Təqsirləndirilən şəxs ***- ***-**-** və ***-***-**-** saylı mobil nömrələrin ona aid olduğunu, həmin nömrələri özünə məxsus və ondan götürülmüş mobil telefonlarda istifadə etdiyini bildirmişdir. Lakin üzərində ***-***-**-** saylı mobil nömrə olan mobil telefonun ona aid olmadığını, telefonun polis bölməsində əməkdaşlar tərəfindən ona verildiyini bildirmişdir. Qeyd edilən mobil nömrələrə dair giriş-çıxış zəngləri barədə məlumatlara keçirilmiş baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs götürülmüş və özü istifadə etməsini bildirdiyi ***-***-**-** və ***-***-**-** nömrələrlə, ona aid olmadığını bildirdiyi ***-***- **-** saylı mobil nömrə arasında 8 fevral 2022-ci il tarixdə saat 1 radələrində saxlanılmazdan bir neçə saat əvvəl, eləcə də bir neçə ay ərzində mütəmadi olaraq danışıqlar aparılmışdır (cild 1, iş vərəqə 149-150). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X8 Şəxsi Ambulator X1 21 may 2021-ci il tarixli 2677 nömrəli ekspert rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur (cild 1, iş vərəqə 156-157). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X7 16 may 2022-ci il tarixli 1231 saylı rəyindən görünür ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs hal-hazırda xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik aşkar olunmamışdır. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik qeyd olunmamışdır. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz əməlinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hazırkı psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur (cild 3, iş vərəqə 158-160). Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş tədqiqatdan sonra qalıq çəkisi 1004,95 qram olan narkotik vasitə heroin, 1 ədəd “Redmi” və 1 ədəd “Samsung” markalı mobil telefonlar maddi sübut kimi tanınaraq Bakı şəhəri Binəqədi RPİ-nin maddi sübutların saxlanılması kamerasına təhvil verilmiş, 2 ədəd CD disk isə maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir (cild 1, iş vərəqə 175-183). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Binəqədi rayon məhkəməsinin 10 yanvar 2007-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188-ci maddəsi ilə təqsirli bilinib şərti maliyyə vahidinin 100 misli miqdarında cərimə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3-cü maddəsinə əsasən məhkumluğu ödənilmişdir (cild 1, iş vərəqə 112- 115). Yuxarıda qeyd olunanlara əsasən məhkəmə cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün tövsif edilmişdir. O həmin cinayət əməlini törətməkdə təqsirlidir, onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs həmin maddə ilə təqsirli bilinərək qanunla müəyyən edilmiş qaydada cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59 və 61-ci maddələrində nəzərdə tutulan cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Cinayət işinin materiallarında olan “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 8 fevral 2022-ci il tarixdə tutulmuşdur (cild 1, iş vərəqə 21). Cinayət işinin materiallarında olan Bakı şəhəri Binəqədi rayon məhkəməsinin 9 fevral 2022-ci il tarixli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 8 fevral 2022-ci il tarixdən hesablanmışdır (cild 1, iş vərəqə 94-98). Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.4-cü maddəsinin tələbinə əsasən “ağır” cinayətlər təsnifatına aiddir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslərin cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi nəzərdə tutulmuşdur. Bu normaların tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə hesablanmaqla cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu 8 fevral 2022-ci il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməməlidir. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri - 65 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən dövlət nəfinə xüsusi müsadirə olunmalı əmlak müəyyən edilmədiyindən təqsirləndirilən şəxsə xüsusi müsadirə tətbiq edilməməlidir. İş üzrə maddi sübutlar: -Bakı şəhəri Binəqədi RPİ-nin maddi sübutların saxlanılması kamerasında saxlanılan Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş tədqiqatdan sonra qalıq çəkisi 1004,95 qram olan narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli; -1 ədəd “Redmi” və 1 ədəd “Samsung” markalı mobil telefonlar hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs yaxın qohumlarına qaytarılmalı; -2 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193, 197, 198, 344-349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcı 8 fevral 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri - 65 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübutlar: -Bakı şəhəri Binəqədi RPİ-nin maddi sübutların saxlanılması kamerasında saxlanılan Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş tədqiqatdan sonra qalıq çəkisi 1004,95 qram olan narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin; -1 ədəd “Redmi” və 1 ədəd “Samsung” markalı mobil telefonlar hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs yaxın qohumlarına qaytarılsın; -2 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Hökm elan olunduğu andan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar