Məhkəmə qərarları › İş №1(101)-1271/2025

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1271/2025

17.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1271/2025 17.10.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ X3 (sədrlik edən), X7 və Ələkbərli Roman Nəriman oğlundan ibarət tərkibdə, Məhkəmə iclasının katibi İmanlı Aytən Məhəmməd qızının katibliyi, Dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs müdafiəçisi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü «Kamandar Nəsibov və Partnyorları» Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs iştirakları ilə xx xxxxx 2004-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmuş, işləməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 ünvanında yaşamış, 25 fevral 2025-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 4(005)-236/2025 saylı, 27 fevral 2025-ci il tarixli qərarına əsasən barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs ibtidai araşdırma orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 228.4-cü və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş əməlin törədilməsində təqsirləndirilərək məhkəməyə verilmişdir ondan ötrü ki, o, istintaqa məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq soyuq silah hesab edilən bir ədəd ov bıçağını əldə edib üzərində gəzdirməklə və istintaqa məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda təmiz çəkisi 22,801 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edib iki ədəd ayrı-ayrı bükümlərdə qablaşdırmaqla üzərində saxlayıb Bakı şəhəri, Xətai rayonu ərazisinə daşımış, bu barədə əldə edilmiş məlumat əsasında Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı 25 fevral 2025-ci il tarixdə, saat 14:55-də Bakı şəhəri Xətai rayonu, Əhmədli qəsəbəsi, Sarayevo küçəsində yerləşən «Bakı» kinoteatrının yaxınlığında olan zaman saxlanılarkən tabesizlik göstərib qaçaraq üzərində olan bir ədəd bükümdəki 10,348 qram psixotrop maddə metamfetamini Bakı şəhəri Xətai rayonu, Əhmədli qəsəbəsi, Q.Nəbi küçəsində yerləşən 261 saylı orta məktəbin yaxınlığında yerə atmış, ünvan 3 ünvanının yaxınlığında polis əməkdaşları tərəfindən tutulacağını görüb məsuliyyətdən yayınmaq məqsədilə üzərində gəzdirdiyi bıçaqla qarın boşluğunu kəsərək özünə yüngül dərəcəli xəsarət yetirmiş, polis əməkdaşları tərəfindən bıçaq əlindən alınaraq Daxili İşlər Nazirliyinin Tibb İdarəsinin Arif Heydərov adına Respublika Hospitalında tibbi yardım göstərildikdən sonra Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gətirilib həmin gün saat 18:30-dan etibarən üzərində şəxsi axtarış keçirilərkən sol ayağındakı ayaqqabısının içərisindən bir ədəd sellofan bükümdə külli miqdarda ümumi təmiz çəkisi 12,453 qram psixotrop maddə metamfetamin aşkar olunaraq götürülmüş, eləcə də əməliyyat tədbirində iştirak edən polis əməkdaşı Şahid tərəfindən götürülmüş soyuq silah hesab edilən bir ədəd zavod üsulu ilə istehsal edilmiş, sonradan dəyişiklik edilməmiş, təyinatı üzrə istifadəyə yararlı, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan ümumi təyinatlı ov bıçağı təqdim edilmişdir. Əməliyyat tədbirinin davamı olaraq 25 fevral 2025-ci il tarixdə, saat 19:38-dən etibarən Təqsirləndirilən şəxs iştirakı ilə Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Q.Nəbi küçəsində yerləşən 261 saylı məktəbin yaxınlığındakı boş sahəyə baxış keçirilərkən həmin yerə atdığı bir ədəd sellofan bükümdə külli miqdarda ümumi təmiz çəkisi 10,348 qram psixotrop maddə metamfetamin aşkar olunaraq götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamla özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, 24 fevral 2025-ci il tarixdə polis əməkdaşları tərəfindən tutulmuş və tutulduğu ərazidə təhlükəsiz şəhər xidmətinin kameraları olmuşdur. Həmin tarixdə saat 2-3 radələrində bərbərdə olmuş və oradan çıxıb kinoteatr istiqamətinə doğru getmişdir. Yolu keçən zaman bir nəfər şəxin cibində qandal olduğunu görmüşdür. Həmçinin həmin şəxsin əlində bahalı mobil telefon və gödəkçə oldğunu görmüş və onun polis əməkdaşı olduğunu və onu gözlədiyini anlamışdır. Həmin vaxt üzərində bıçaq olmuşdur. Üzərində bıçaq olduğu üçün qaçmağa başlamış və Qaçaq Nəbi küçəsinə dönən zaman onu təqib edən polis əməkdaşı sürüşüb yıxılmışdır. Döngəni dönəndən sonra başqa bir polis əməkdaşının da gəldiyini görmüşdür. Bu zaman məktəbin həyətinin hasarından hoppanmış və bundan sonra onu təqib edən digər polis əməkdaşına da izini itirmişdir. Daha sonra 3-cü polis əməkdaşının da gəldiyini görmüş və ara küçəyə daxil olmuş. Orada polis əməkdaşının artıq onu yaxalayacağını görüb özünə xəsarət yetirmişdir. Polis əməkdaşları onu saxlayıb Daxili İşlər Nazirliyinin hospitalına oradan da Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gətirmişlər. Polis əməkdaşları ona “səni silah ilə yükləyəsi idik, bu hərəkətinə görə narkotik ilə yükləyəcəyik” demişlər. O, ilk əvvəl ittihamı qəbul etməmiş lakin onu təhdid etməyə başlamışlar, evindən külli miqdarda heroin çıxacağını, ailə üzvlərinin də məsələyə aid ediləcəyini bildirmişlər. O, məcbur qalaraq polis əməkdaşları ilə razılaşmış və ittihamı qəbul etmişdir. Həmçinin məhkəmə iclasında verilmiş suallara cavab olaraq, üzərindən aşkar edilmiş bıçağı ov mağazasından aldığını, özlərini BMCMİ-nin əməkdaşları kimi təqdim edən saxta polis əməkdaşlarının adam oğlurluğu ilə məşğul olduğunu və özünü onlardan qorumaq üçün həmin bıçağı aldığını, tutulmamışdan 4 ay öncə marixuanadan istifadə etdiyini, narkotik vasitələrin satışı ilə heç vaxt məşğul olmadığını bildirmişdir. Polis əməkdaşları tərəfindən ona qarşı fiziki zor tətbiq edilməmişdir. Məhkəmə dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, onun müdafiəçisini dinləyərək, habelə iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilməlidir. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü və 234.4.3-cü maddələri ilə ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri aşağıda göstərilən sübutlarla təsdiq edilir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili, polis mayoru Şahid ifadəsində göstərmişdir ki, Bakı şəhər sakini, əvəllər məhkum edilmiş, kriminal həyat tərzi keçirən Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitə və psixotrop maddələri əldə edib qanunsuz dövriyyəsi, yəni satışını həyata keçirməsi barədə daxil olmuş məlumat əsasında 25 fevral 2025-ci il tarixdə tərəfindən əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərar qəbul edildikdən sonra Baş İdarə rəisinin əmri ilə həmkarı X8 və polis serjantı X2 ibarət əməliyyat qrupu yaradılmışdır. Həmin gün Təqsirləndirilən şəxs Xətai rayon ərazisində olması barədə məlumat əldə etdikdən dərhal sonra əməliyyat qrupunun üzvləri olaraq sonuncunun cinayət başında yaxalanması istiqamətində əməliyyat tədbirlərinə başlamış və həmin gün saat 14:55-də Təqsirləndirilən şəxs Bakı şəhəri Xətai rayonu, Əhmədli qəsəbəsi, Sarayevo küçəsində yerləşən «Bakı» kinoteatrının yaxınlığında olan zaman tərəflərindən saxlanmaq istərkən onları görüb qaçmağa başlamışdır. Əməliyat qrupunun üzvləri olaraq Təqsirləndirilən şəxs arxasınca qaçıb onu saxlamaq istəyəykən sonuncunun Bakı şəhəri Xətai rayonu, Əhmədli qəsəbəsi, Q.Nəbi küçəsində yerləşən 261 saylı orta məktəbin yaxınlığına çatanda bir əşyanı əynindəki gödəkçədən çıxarıb yerə atdığını görmüşlər. Təqsirləndirilən şəxs bundan sonra da dayanmayıb qaçmağa davam etmiş və bir qədər getdikdən sonra onların Təqsirləndirilən şəxs çatıb, onu saxlayacağını görüb belindən bir ədəd bıçaq çıxarıb qarın nahiyyəsinə xəsarət yetirməyə başlamışdır. Bunu görən kimi cəld Təqsirləndirilən şəxs yaxınlaşıb onun əlindən bıçağı almış və bundan sonra onu dərhal Daxili İşlər Nazirliyinin Tibb İdarəsinin Arif Heydərov adma Respublika Hospitalına aparmışlar. Orada Təqsirləndirilən şəxs tibbi yardım göstərildikdən sonra onu Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparmışlar və bundan sonra araşdırmanın aparılması Baş İdarənin Təhqiqat Şöbəsinin baş təhqiqatçısı Murad Azayevə həvalə edilmişdir. Təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduqdan sonra onun üzərində videoçəkiliş aparılmaqla şəxsi axtarış və götürmə həyata keçirilərkən ilk olaraq təqhiqatçı tərəfindən Hüseyn Məmmdovdan xəsarəti ilə bağlı soruşulmuş, sonuncu da cavabında polis əməkdaşlarının ona yaxınlaşdığını görüb üstündə psixotrop maddə və bıçaq olduğu üçün qorxaraq qaçdığını, qaçarkən isə 261 saylı məktəbin yaxınlığında yerləşən boş ərazidə əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən psixotrop maddəni çıxarıb yerə atdığını, ünvan 4 ünvanının yaxınlığında saxlanıldıqda isə bel nahiyyəsinin sağ tərəfindən bıçağı çıxararaq qarın nahiyyəsinə xəsarət yetirdiyini bildirmişdir. Bu zaman o da Təqsirləndirilən şəxs dediklərini təsdiq edərək sonuncunun özünə xəsarət yerirən zaman əlindən aldığı bıçağı təhqiqatçıya təqdim etmişdir. Bundan sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində narkotik vasitə və ya psixotrop maddələr varsa təqdim etməsi təklif edilmiş, bu təklifdən soma Təqsirləndirilən şəxs üzərində «şüşə» olduğunu bildirib sol ayağındakı ayaqqabısının içərisindən bir ədəd sellofan bükümdə psixotrop maddə metamfetaminə bənzər kütləni təqdim etmişdir. Sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş və bu zamanı sonuncun üzərindən bir ədəd «İphone» markalı mobil telefon aşkar olunmuşdur. Təhqiqatçı tərəfindən verilən suala cavab olaraq Təqsirləndirilən şəxs üzərindən aşkar olumuş metamfetamini Əhmədlidən, tanımadığı şəxsdə 500 manata aldığını bildirmişdir. Daha sonra aşkar edilmiş psixotrop maddəyə oxşar maddə və təqdim etdiyi bıçaq təhqiqatçı tərəfindən ayrı-ayrı zərflərdə qablaşdırılarq götürülmüşdür. Həmin gün Təqsirləndirilən şəxs iştirakı ilə Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Q.Nəbi küçəsində yerləşən 261 saylı məktəbin yaxınlığındakı boş sahəyə baxış keçirilərkən yerdə yolun kənarından bir ədəd sellofan büküm aşkar edilmiş, sorğu zamanı Təqsirləndirilən şəxs həmin bükümün ona məxsus olduğunu, şəxsi axtarış zamanı sol ayağında olan ayaqqabısının içərisindən aşkar edilmiş psixortop maddə ilə eyni vaxtda, eyni şəxsdən 500 manata şəxsi istifadəsi üçün aldığını, əvvəllər də istifadə etdiyini, qaçarkən tutulmaması üçün yerə atdığını, ayaqqabısında olan maddəni isə ata bilmədiyini bildirmişdir. Daha sonra həmin maddəyə baxış zamanı psixotrop maddə metamfetaminə oxşar maddə olması müşahidə edilmiş və təhqiqatçı tərəfindən bir ədəd kağız zərfdə qablaşdırılaraq götürülmüşdür. Cinayət işinin ibtidai istintaqı zamanı şahid qismində dindirilmiş Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları X5 və X4 məhkəmə iclasında elan olunmuş ifadələrindən görünür ki, sonuncular Şahid ilə anoloji məzmunlu ifadə verərək, sonuncunun ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişlər. Cinayət işinin materiallarında olan DVD diskə məhkəmə iclasında baxış keçirilərkən, həmçinin 25 fevral 2025-ci il tarixli «Şəxsi axtarış, baxış və götürmə aparılması haqqında» protokoldan müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs üzərində hər hansı xəsarətin olub-olmaması soruşulmuş, o, isə cavabında bu gün təxminən günorta saatlarında bir neçə mülki geyimli şəxsin ona yaxınlaşıb özlərini təqdim edib BMCMİ-nin əməkdaşları olduqlarını bildirdiklərini, o, isə üstündə narkotik vasitə və bıçaq olduğu üçün qorxaraq qaçdığını, qaçarkən isə Bakı, şəhəri Xətai rayonu, Əhmədli qəsəbəsi, Q.Nəbi küçəsində yerləşən 261 saylı məktəb-liseyin yaxınlığında yerləşən boş ərazidə əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən narkotik vasitəni çıxarıb yerə atdığını, əməkdaşlar tərəfindən ünvan 5 ünvanının yaxınlığında saxlanıldıqda isə bel nahiyyəsinin sağ tərəfindən bıçağı çıxararaq qarın nahiyyəsinə xəsarət yetirdiyini bildirmişdir. Şəxsi axtarış və götürmə prosesi davam etdirilərkən Təqsirləndirilən şəxs sol ayağında olan ayaqqabısının içərisində narkotik vasitə saxladığını bildirdi və sol ayaqqabısının içərisindən 01 ədəd sellofan bükümü çıxardıb masanın üzərinə qoymuşdur. Həmin bükümə baxış zamanı içərisində psixotrop maddə metamfetaminə oxşar maddə olması müəyyən edilmiş və 01 ədəd kağız zərfə qoyularaq qablaşdırılmışdır. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs həmin maddəni 3 gün əvvəl Əhmədli qəsəbəsindən şəxsi istifadəsi üçün tanımadığı şəxsdən 500 manat müqabilində aldığını bildirmişdir. Proses davam edərkən Təqsirləndirilən şəxs qara rəngli şalvarının sağ yan cibindən 30 manat pulu, şalvarının sol yan cibindən 01 ədəd “İphone” markalı mobil telefonu çıxardıb təqdim etmişdir. 01 ədəd “İphone” maraklı mobil telefon götürülmüş və 30 manat pul Təqsirləndirilən şəxs geri qaytarılmışdır. Cinayət işinin materiallarında olan DVD diskə məhkəmə iclasında baxış keçirilərkən, həmçinin 25 fevral 2025-ci il tarixli «Baxış keçirilməsi və əşyaların götürülməsi haqqında» protokoldan müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 25 fevral 2025-ci il tarixdə, saat 14:55-də Bakı, şəhəri Xətai rayonu, Əhmədli qəsəbəsi, Sarayevo küçəsində yerləşən “Bakı” kinoteatrının yaxınlığında olduğu zaman polis əməkdaşları zahirən ona bənzər kişi cinsindən olan şəxsə yaxınlaşıb özlərini təqdim etdikdə o, tabesizlik göstərərək qaçmış, qaçarkən isə Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Q.Nəbi küçəsində yerləşən 261 saylı məktəb-liseyin yaxınlığında yerləşən boş ərazidə əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən naməlum predmeti çıxarıb yerə atmışdır. Əməkdaşlar Təqsirləndirilən şəxs arxası ilə qaçıb onu ünvan 5 ünvanının yaxınlığında saxladıqda sonuncu bel nahiyyəsinin sağ tərəfindən bıçaq tipli dəmir predmeti çıxararaq qarın nahiyyəsinə xəsarət yetirmişdir. Bundan sonra polislər tərəfindən həmin predmet götürülmüş və Təqsirləndirilən şəxs ilkin tibbi yardım göstərilməsi üçün saat 15:28-də DİNin A.Heydərov adına Respublika Hospitalına aparılmışdır. Müayinə edildikdən sonra Təqsirləndirilən şəxs üstünə şəxsi axtarış və götürmə keçirilməsinə yerində şərait olmadığına görə həmin şəxslə bağlı prosessual hərəkətlərin aparılmasından ötrü o, Baş İdarəyə gətirilmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs bu gün təxminən günorta saatlarında bir neçə mülki geyimli şəxsin ona yaxınlaşıb özlərini təqdim edib BMCMİ-nin əməkdaşları olduqlarını bildirdiklərini, o, isə üstündə narkotik vasitə və bıçaq olduğu üçün qorxaraq qaçdığını, qaçarkən isə Bakı, şəhəri Xətai rayonu, Əhmədli qəsəbəsi, Q.Nəbi küçəsində yerləşən 261 saylı məktəb-liseyin yaxınlığında yerləşən boş ərazidə əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən narkotik vasitəni çıxarıb yerə atdığını, əməkdaşlar tərəfindən ünvan 5 ünvanının yaxınlığında saxlanıldıqda isə bel nahiyyəsinin sağ tərəfindən bıçağı çıxararaq qarın nahiyyəsinə xəsarət yetirdiyini, həmin maddəni 3 gün əvvəl Əhmədli qəsəbəsindən şəxsi istifadəsi üçün tanımadığı şəxsdən 500 manat müqabilində aldığını və Bakı, şəhəri Xətai rayonu, Əhmədli qəsəbəsi, Q.Nəbi küçəsində yerləşən 261 saylı məktəb-liseyin yaxınlığında baxış keçirilməsinə etirazının olmadığını bildirmişdir. Şəxsi axtarış və götürmə prosesindən dərhal sonra həmin ünvana gəlinmiş, saat 19:38 dəqiqədən etibarən videoçəkiliş aparılmaqla baxış prosesi keçirilmiş və baxış zamanı yerdə yolun kənarından 01 ədəd sellofan büküm aşkar edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin bükümün ona məxsus olduğunu, şəxsi axtarış zamanı sol ayağında olan ayaqqabısının içərisindən aşkar edilmiş maddə ilə eyni vaxtda eyni şəxsdən 500 manat müqabilində şəxsi istifadəsi üçün aldığını, əvvəllər də istifadə etdiyini, polis əməkdaşlarından qaçarkən tutulmaması üçün yerə atdığını, ayaqqabısında olan maddəni isə ata bilmədiyi üçün üstündə olduğunu bildirmişdir. Həmin maddəyə baxış keçirilmiş və psixotrop maddə metamfetaminə oxşar maddə olması müşahidə edilmiş, 01 ədəd kağız zərfə qoyularaq qablaşdırılmışdır. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 26 fevral 2025-ci il tarixli, 6/874 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün № 6” dairəvi möhür əksi olan iki ədəd zərfdən: -üzərində “Aşkar olunmuş 01 ədəd maddə; 1. “imza” Təqsirləndirilən şəxs; 2. “imza” E.Tağıyev; 3. “imza” Şahid; 4. “imza” F.Mürsəlzadə; 5. “imza” N.Aslanov; Tərtib etdi: “imza” M.Azayev yazıları qeyd edilmiş zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 10,348 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. - üzərində “Təqsirləndirilən şəxs ayaqqabısından aşkar edilmiş maddə; 1. “imza” Təqsirləndirilən şəxs; 2. “imza” E.Tağıyev; 3. “imza” Şahid; 4. “imza” N.Aslanov; 5. “imza” F.Mürsəlzadə; Tərtib etdi: “imza” M.Azayev yazıları qeyd edilmiş zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 12,453 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. Həmin 02 ədəd bükümdə olan metamfetamin öz aralarında kimyəvi komponent tərkiblərinə görə eynidirlər. Cinayət işinin materiallarında olan “mobil telefon aparatına baxış keçirilməsi haqqında” 26 fevral 2025-ci il tarixli protokoldan görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs istifadəsində olmuş “İphone” markalı mobil telefon aparatı işlək vəziyyətdə olub istifadə üçün yararlıdır. Mobil telefon aparatının foto və video çəkilişlər üün nəzərdə tutulmuş kamerası vardır. Mobil telefon aparatında nömrə yoxdur. Mobil telefon aparatının “Whatsapp” ani mesajlaşma mübadilə sisteminə və “Galareya” bölməsindəki foto şəkillərə baxış keçirilərkən iş üçün əhəmiyyət kəsb edən yazışmalar, məlumatlar və ya foto şəkillər aşkar edilmədi. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi tərəfindən verilmiş 26 fevral 2025-ci il tarixli 1113 nömrəli məhkəmə-narkoloji ekspertizasının rəyində qeyd edilmişdir ki, Təqsirləndirilən şəxs Kannabinoidlərin və psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (Narkomaniya Xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X6 X15 tərəfindən verilmiş məhkəmə-kimyəvi ekspertizasının 12 mart 2025-ci il tarixli 881/K nömrəli rəyinə əsasən, Təqsirləndirilən şəxs götürülmüş qan və sidik nümunələrinin tərkibində çətənə bitkisindən alınan və təbii mənşəli narkotik vasitə hesab edilən Kannabinoid aşkar edildi. Barbitur turşusu törəmələri, alkaloidlər (həmçinin tiryək qrupu), fenilalkilamin qrupuna aid olan metamfetamin və amfetamin, fenotiazin, pirazalon, 1,4 benzodiazepin törəmələri və salisilatlar aşkar edilmədi. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X6 X15 tərəfindən verilmiş canlı şəxsin ekspertizasının 25 mart 2025-ci il tarixli 108/MEŞ nömrəli rəyinə əsasən, Təqsirləndirilən şəxs bədən səthində aşkar edilmiş xəsarətlər – qarının ön divarının göbəkaltı nahiyyəsinin kəsilmiş yaraları iti kənarlı alətin (əşyanın), ola bilsin ki bıçağın tiyəsinin kəsici təsirindən müayinədən bir günə qədər əvvəl əmələ gəlmişdirlər, qərarın təsviri hissəsində göstərilən tarixdə və şəraitdə, yəni xx.xx.2025-ci il tarixdə şəxsin özü tərəfindən törənə bilərdi; dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. Cinayət işinin materiallarında olan məhkəmə-ballistik ekspertizasının 13 mart 2025-ci il tarixli 3/260 nömrəli ekspert rəyinə əsasən müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş 01 ədəd bıçaq zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik ümumi təyinatlı ov bıçağıdır, soyuq silah hesab edilir, üzərində sonradan dəyişiklik edilməmişdir və təyinatı üzrə istifadəyə yararlıdır. Cinayət işinin materiallarında olan 08 aprel 2025-ci il tarixli cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələri satdığı şəxslərin dairəsi, həmçinin, narkotik vasitə və psixotrop maddəni kimdən, necə və hansı şəraitdə əldə etməsini keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən etmək mümkün olmamışdır. Cinayət işinin materiallarında olan Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhər Xətai rayon Məhkəməsinin 1(011)-69/2024 saylı, 15 avqust 2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 221.2.1-ci madəsi ilə təqsirli bilinərək 01 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə qeyd edir ki, şəxsin əməlində bu və ya digər cinayətin tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin formalaşmış hüquqi mövqeyinə görə isə cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izAlı edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Balakən Rayon Məhkəməsinin müraciətinə dair” 23 iyul 2021-ci il tarixli qərardadı). “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun: - 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. - 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. - 1.0.10-cu maddəsinə görə isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə, məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. - 1.0.11-ci maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər kimi təsbit edildiyindən, narkotik vasitənin satış məqsədi ilə əldə edilməsi, saxlanılması dedikdə onun yaymaq məqsədi ilə əldə edilməsi, saxlanılması başa düşülməlidir. - 21.1-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlak həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunan prekursorların siyahıları”na əsasən psixotrop maddə metamfetamin Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitədir. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahılar”a əsasən metamfetaminin kütləsi 0,15 qram təşkil etdikdə - şəxsi istehlak miqdarından artıq miqdarda, 2 qram olduqda isə külli miqdarda psixotrop maddə hesab olunur. Məhkəmə qeyd edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs ittiham verilmişdir ki, o, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddə əldə etmiş, saxlamış və daşımışdır. Amma Təqsirləndirilən şəxs psixotrop maddəni satış məqsədi ilə əldə etməsi barədə nəticəyə gələrkən ibtidai istintaq orqanının iş materiallarında olan istinad etdiyi sübutların hər hansı biri bu qənaəti təsdiq etmir. Məhkəmə baxışında da Təqsirləndirilən şəxs üzərindən aşkar edilən psixotrop maddənin satış məqsədi ilə əldə etməsi, saxlaması və daşımasını təsdiq edən heç bir sübut müəyyən olunmadı. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs psixotrop maddəni məhz satış məqsədi ilə əldə etməsi və saxlaması ilə bağlı ittihamın əsaslandırılması üçün hər hansı mötəbər sübut təqdim edilməmişdir. Təqsirləndirilən şəxsin psixotrop maddəni satmaq niyyətinin olub-olmaması ilə bağlı qənaətə gəlmək üçün mühüm əhəmiyyət kəsb edən məqamlardan biri də onun hər hansı istehlakçı ilə əvvəlcədən razılıq əldə edib-etməməsinin müəyyənləşdirilməsidir. Bu məqamla bağlı isə ibtidai istintaq orqanı tərəfindən hər hansı yanakı sübut belə əldə olunmamışdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin: - 138.1-ci maddəsinə əsasən sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. - 138.2-ci maddəsinə görə isə təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Həmin normanın mənasına görə təqsirləndirilən şəxs cinayətin törədilməsində özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. İttihamı, yəni cinayət qanunu ilə nəzərdə tutulmuş konkret əməlin törədilməsini sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Azərbaycan Respublikası CM-nin 234.4-cü maddəsinə əsasən bu Məcəllənin 234.2, 234.3 və 234.3-1-ci maddələrində nəzərdə tutulmuş əməllər külli miqdarda törədildikdə CM-nin 234.4.3-cü maddəsinin tərkibini yaradır. Həmin maddənin dispozisiyasında CM-nin 234.2-ci maddəsinə istinadən motiv və məqsədin konkret göstərilməsi o deməkdir ki, əvvəla bu əlamətlər əməlin subyektiv cəhətini xarakterizə edən tərkib əlamətləridir və həmin əlamətlərin yoxluğunda, yaxud onların müəyyən edilməsinin sübuta yetirilmədiyi halda təqsirkarın əməlində CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət tərkibinin olmasından söhbət gedə bilməz. Bunun üçün isə aşağıda qeyd olunan üç şərtin eyni vaxtda mütləq sübuta yetirilməsi tələb edilir: - şəxs CM-nin 234.1-1-ci maddəsinin dispozisiyasında göstərilən əməlləri satış məqsədilə törətməli, yaxud da narkotik vasitələrin və ya psixotrop maddələrin satışını həyata keçirməlidir; - şəxs belə əməlləri qanunsuz etməlidir; - narkotik vasitələr və ya psixotrop maddələr külli miqdarda olmalıdır. Məhkəmə ibtidai istintaq orqanının sübutları qiymətləndirilməsinə dair mövqeyi ilə bağlı qeyd edir ki, ibtidai istintaq orqanı sübutları qiymətləndirərkən müvafiq qərarında Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş psixotrop maddə olan metamfetaminin külli miqdarda olmasına diqqət çəkmişdir. Halbuki Təqsirləndirilən şəxs üstündə aşkar edilmiş psixotrop maddənin külli miqdarda olması digər mötəbər sübutların olmadığı bir halda əməlin satış məqsədilə əldə edilmə kimi qiymətləndirilməsi üçün əsas vermir. Digər tərəfdən, artıq qanunvericilikdə edilmiş müvafiq dəyişikliklərdən sonra Cinayət Məcəlləsinin “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətlər”ə dair XXVİ fəslinə daxil edilmiş satış məqsədi olmadan belə əməl törədilməsi ilə bağlı yeni cinayət tərkibində məhz “külli miqdar” dispozitiv əlamət kimi müəyyənləşdirilmişdir. Ona görə də məhkəmə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəalarının tələblərini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxsdən aşkar edilib götürülmüş psixotrop maddənin yalnız çəkisinin külli miqdar təşkil etməsi xüsusatı Təqsirləndirilən şəxs ittiham edildiyi cinayət əməlini törətməsini təsdiq edən mötəbər dəlil kimi qəbul oluna bilməz. Bundan əlavə ibtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs külli miqdarda psixotrop maddə - metamfetamini saxlamaqda məqsədinin məhz satış olmasını təsdiq edən hər hansı sübut məhkəməyə təqdim edilməmiş, təqsirkar şəxsin özünün bu maddələrin satışından mənfəət əldə edib-etməməsi halları da araşdırılmamışdır. Satılacaq psixotrop maddənin müqabilində Təqsirləndirilən şəxs hansı məbləğdə pul vəsaiti alması və həmin məbləği kimdən alması, yaxud hansısa gəlir əldə etməsi də toplanmış və araşdırılmış sübutlarla müəyyən edilmir. Halbuki bu hallar da təqsirləndirilən şəxsə elan olunmuş ittihamın sübuta yetirilməsində mühüm əhəmiyyət kəsb etmişdir. İş materiallarından göründüyü kimi təqsirləndirilən şəxsin əməlinin CM-nin 234.4.3-cü maddəsi ilə tövsif edilməsi üçün tələb olunan şərtlərdən yalnız iki şərt – psixotrop maddənin dövriyyəsi ilə bağlı təqsirləndirilən şəxsin qanunsuz hərəkətlər etməsi (psixotrop maddənin qanunsuz olaraq əldə etməsi və üstündə daşıması) və bu vasitənin külli miqdarda olması mübahisəsiz sübuta yetirilir, Təqsirləndirilən şəxs istinad olunan əməlləri satış məqsədilə törətməsi isə araşdırılmış sübutlarla təsdiq olunmur. Bu səbəbdən də məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs üzərində aşkar edilmiş həmin psixotrop maddə metamfetamini öz istifadəsi üçün qanunsuz olaraq əldə etmiş, saxlamış və daşımışdır. Təqsirləndirilən şəxs qeyd edilən psixotrop maddənin satışı ilə məşğul olmasını təsdiq edəcək hər hansı bir sübutun olmadığı halda, onun tərəfindən məhz satış məqsədi ilə həmin psixotrop maddənin əldə edilməsi, saxlanması və daşınması qənaətinə gəlmək mümkün deyildir. Əks yanaşma təqsirləndirilən şəxsin hüquqlarının ciddi şəkildə pozulmasına, o cümlədən onun törətmədiyi cinayət əməlinə görə məsuliyyətə cəlb edilməsinə və daha ağır şəkildə cəzalanmasına yol aça bilər. Bu isə həm ədalətsiz, həm də yolverilməzdir. Məhkəmə şahidlərin ifadələrini, şəxsi axtarış və götürmə haqqında protokolu, aşkar edilmiş psixotrop maddənin növünün və çəkisinin müəyyən edilməsinə dair məhkəmə fiziki-kimyəvi ekspertizasının rəyini sübut növləri kimi qəbul edir və onları qiymətləndirərək qeyd edir ki, bu sübutlar təqsirləndirilən şəxsə elan edilmiş satış məqsədi ilə qanunsuz olaraq psixotrop maddə əldə etməsi, saxlaması və daşıması barədə ittihamı təsdiq etmir. Bununla bərabər həmin sübutlar iş üzrə məhkəmə istintaqında tədqiq edilmiş digər sübutların məcmusu ilə birlikdə təqsirləndirilən şəxsin yalnız satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda psixotrop maddəni əldə etmə, saxlama və daşıma cinayətini törətməsi ilə bağlı mötəbər və yekun nəticəyə gəlməyə imkan verir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışı dəqiq və birmənalı şəkildə müəyyənləşdirilmişdir. Belə ki, qeyd olunan Qanunun həmin maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Lakin məhkəmə baxışı zamanı araşdırılmış sübutlarda və bütövlükdə işin materiallarında Təqsirləndirilən şəxs tərəfindən ondan aşkar edilmiş psixotrop maddəni əvəzli və ya qazanc əldə etmək, yaxud sair şəxsi maraq məqsədi ilə satılmasına yönəlmiş hər hansı hərəkət edilməsini təsdiq edən heç bir sübut aşkar olunmadı. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında” xx.xx.2011-ci il tarixli Qərarının 9-cu bəndində ifadə olunmuş tövsiyyədə göstərilmişdir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın psixotrop maddələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və psixotrop maddənin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, psixotrop maddənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Hazırkı cinayət işi üzrə ibtidai istintaq orqanı tərəfindən psixotrop maddəni satış məqsədi ilə qanunsuz olaraq əldə edilməsi barədə ümumiyyətlə heç bir sübut mövcud deyildir. Mövcud sübutların məcmusu əsasında təqsirləndirilən şəxsə qarşı satış məqsədilə psixotrop maddəni qanunsuz əldə etmə ittihamının irəli sürülməsi halını isə məhkəmə həm də ədalətsiz qənaət hesab edir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Cinayət və Cinayət-Prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Eyni zamanda, həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Təqsirləndirilən şəxsin özünü müdafiə xarakterli ifadələri müvafiq sübutlarla təkzib olunmadıqda və ya yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri başqa sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 351.2 və 351.3.4-cü maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır, məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə həll edir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 146.1-ci maddəsinin tələbinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilmiş ittiham daxilində baxılır və məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxmaq hüququna malikdir. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında qeyd edilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarı ilə təqsirsizə şərtsiz bəraət verilməsi - hakimin həm vəzifə, həm də mənəvi borcudur. Məhkəmə iş üzrə sübutlara hüquqi qiymət verərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qeyd edilən əməli Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: - 124.2-ci maddəsinin tələbinə görə cinayət prosesində şübhəli, təqsirləndirilən və zərər çəkmiş şəxsin və şahidlərin ifadələri; ekspertin rəyi; maddi sübutlar; istintaq və məhkəmə hərəkətlərinin protokolları; digər sənədlər sübut kimi qəbul olunur. - 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilər. - 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməli və cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. - 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri başqa sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izAlı edilməsini tələb edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmçinin Cinayət-Prosessual Məcəlləsinin 33.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125-ci, 144-cü, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Kondraşinanın Rusiya Federasiyasına qarşı işində Avropa İnsan Hüquqları Məhkəməsi qeyd etmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə riayət etməlidirlər. Hüququn aliliyinin əsas aspektlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o mübahisə edilməsin. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (Delcourt Belçikaya qarşı iş üzrə 17 yanvar 1970-ci il tarixli qərar, Piersack Belçikaya qarşı iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərar, X12rşı iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərar) qeyd edir ki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi şahidlərin ifadələri, ekspertiza rəyləri və işin digər materialları ilə tam sübuta yetirilir. Məhkəmə hesab edir ki, polis əməkdaşları tərəfindən psixi təzyiqlərin göstərilməsi, bu səbəbdən etirafedici ifadə verməsi barədə Təqsirləndirilən şəxs ifadəsi işdə olan sübutlarla təsdiq olunmadığına görə qəbul edilə bilməz və cinayət məsuliyyətindən yayınmaq üçün özünümüdafiə məqsədi ilə verilmiş sayılmalıdır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 nömrəli qərarının 26-cı bəndinə əsasən, CPM-in 125.8-ci maddəsinin Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Məhkəmə Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı vermiş olduğu ifadəsini mötəbər sübut qismində qəbul edir və sonuncunun ibtidai istintaq zamanı verdiyi ifadəsindən də görünür ki, tutulmazdan 3 gün əvvəl yaşadığı Əhmədli qəsəbəsindən üzdən tanıdığı, lakin adını və digər əlaqələrin bilmədiyi şəxslə təsadüfən rastlaşıb ondan istifadəsi üçün 500 manata iki büküm psixotrop maddə metamfetamin almış və aldığı metamfetamini özündə saxlamış ki, fürsət düşən kimi qəbul etsin. 25 fevral 2025-ci il tarixdə əldə etdiyi metafteminin bir bükümünü sol ayağmdakı ayaqqabının içərisində gizlətmiş, digər bükümü isə əynindəki gödəkçənin cibinə qoymuş və şəhərə çıxmışdır. Həmin vaxt 1 il əvvəl ovçuluq dükanından aldığı və özünü müdafiə məqsədi ilə hər zaman gəzdirdiyi ov bıçağı da üzərində olmuşdur. Həmin gün saat 15:00 radələrində Xətai rayonu ərazisindəki «Bakı» kinoteatrının yaxınlığında olan zaman əvvəllər tanımadığı, sonradan ona məlum olan Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin bir neçə əməkdaşının ona yaxınlaşdığını görmüş, həmin zaman üzərində həm psixotrop maddə, həm də bıçaq olduğundan yaxalanmamaq üçün qaçmağa başlamış, bir qədər qaçdıqdan sonra gödəkçəsinin cibində olan bir büküm psixotrop maddə metamfetamini 261 saylı orta məktəbin yaxınlığında yerə atmış və qaçmağa davam etmişdir. Bir qədər də qaçandan sonra artıq gücünün çatmadığını və arxasınca gələn polislərin ona çatdığını görüb məsuliyyətə cəlb edilməməsi üçün üzərində olan bıçaqı çıxarıb qarm nahiyəsini kəsmişdir. Bunu görən polis əməkdaşları onu saxlayıb əlindəki bıçağı almış və onu dərhal DİN-in hospitalına aparmış, orada ona tibbi yardım göstərilmişdir. Orada müdafiəçi ilə təmin edilib hüquq və vəzifələri izah edildikdən sonra videoçəkiliş aparılmaqla üzərində şəxsi axtarış və götürmə aparılmış, bu zaman ona üzərində narkotik vasitələr, psixotrop maddələr, qanunla dövriyyəsi qadağan edilmiş digər əşyaları və ya sənədləri könüllü surətdə təqdim etməsi təklif edilmiş, bu təklifdən sonra o, sol ayaqqabısının içərisində gizlətdiyi bir ədəd sellofan bükümdəki psixotrop maddəni təqdim etmişdir. Daha sonra 261 saylı orta məktəbin yaxınlığına getmiş və orada onun və müdafiəçisinin iştirakı ilə yerə atdığı bir ədəd sellofan bükümdəki psixotrop maddə metamfetamini polis əməkdaşları aşkar edib götürmüşlər. Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş əməli qəsdən törətmişdir, həmin əməl başa çatmış cinayətdir, təsnifata görə ağır cinayətdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Beləliklə, məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Bundan başqa məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.4-cü (köhnə redaksiyada) maddəsinin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən, Cinayətlərin məcmusuna ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Buna görə də məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrum etmə cəzaları qismən toplamaq yolu ilə sonuncuya qəti olaraq müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza müəyyən edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59cu və 61-ci maddələrində nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Cinayət işinin materiallarına əlavə edilmiş Bakı şəhər Xətai rayon Məhkəməsinin 1(011)-69/2024 saylı, 15 avqust 2024-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.2.1-ci madəsi ilə təqsirli bilinərək 01 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası CM-nin 18.4 və 18.4.4-cü maddələrinə əsasən residivin müəyyən edilməsi zamanı azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar nəzərə alınmır. Buna görə də məhkəmə hesab edir ki, əvvəllər qəsdən cinayət törətməyə görə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)-69/2024 saylı, 15 avqust 2024-cü il tarixli hökmü ilə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş Təqsirləndirilən şəxs həmin cinayət əməlinə, yəni azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətə görə məhkumluğu cinayətin residivi növündə cəzanı ağırlaşdıran hal kimi nəzərə alına bilməz. Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. İş materiallarında olan Bakı şəhər Probasiya İdarəsinin 30 aprel 2025-ci il tarixli məktubundan görünür ki, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 1(011)-69/2024 saylı, 15 avqust 2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib qəti olaraq 01 il 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş Təqsirləndirilən şəxs ona qəti olaraq təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının 01 (bir) il 06 (altı) ay 26 (iyirmi altı) gün hissəsini çəkməmişdir. Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulur. Buna görə də məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası CM-nin 228.4-cü və 234.1-1-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş hədd daxilində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)-69/2024 saylı, 15 avqust 2024-cü il tarixli hökmü ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması növündə cəzanın çəkilməmiş 01 (bir) il 06 (altı) ay 26 (iyirmi altı) gün müddətində hissəsi azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü hesabı ilə hesablanaraq 09 (doqquz) ay 13 (on üç) gün müddətə azadlıqdan məhrum etmə növündə cəzaya bərabər tutularaq Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən bu hökm üzrə təyin edilmiş cəzaya qismən birləşdirilməklə Təqsirləndirilən şəxs müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza müəyyən edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxsa təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158-ci maddəsində də birbaşa göstərilir ki, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir (maddə 158.6). Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 25 fevral 2025-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəlinin 25 fevral 2025-ci il tarixdən hesablanması qərara alınmışdır. Ona görə də, məhkəmə göstərilənləri nəzərə almaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxsa təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 25 fevral 2025-ci il tarixdən hesablanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Məһkəmə һesab edir ki, iş üzrə müsadirə edilməli əmlak yoxdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə edilmiş hallar istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Həmin Məcəllənin 132.1.7-ci maddəsinə əsasən dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinə əsasən, maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Həmin məcəllənin 135.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə əhəmiyyət kəsb edə bilən məlumatları hərf, rəqəm, qrafika və digər işarə formasında özündə əks etdirən kağız, elektron və ya digər daşıyıcılar sənəd hesab olunur. İş üzrə maddi sübut olub Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutların saxlanma yerinə təhvil verilmiş, ekspert tədqiqatından sonra qalıq çəkisi 22,701 qram təşkil edən psixotrop maddə - metamfetamin və bir ədəd bıçaq məhv edilməlidir. Həmçinin iş üzrə maddi sübut qismində tanınaraq cinayət işinin materiallarına əlavə edilmiş 02 ədəd “DVD” disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsidir. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxsdan 153 (yüz əlli üç) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə məsrəfləri ilə bağlı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclasında hüquqlarını müdafiə etmiş «Fides» Vəkil Bürosunun vəkili Müdafiəçi1 və “Kamandar Nəsibov və Partnyorları” vəkil bürosunun vəkili Müdafiəçi2 dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Qüvvədə olan “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli, 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 11 manat məbləğində müəyyən edilmişdir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxsa məhkəmə iclasında göstərdiyi pulsuz hüquqi yardıma görə 25 (iyirmi beş) iş saatı üçün 275 (iki yüz yetmiş beş) manat məbləğində vəsait «Fides» Vəkil Bürosunun vəkili Müdafiəçi1 və məhkəmə iclasında göstərdiyi pulsuz hüquqi yardıma görə 10 (on) iş saatı üçün 110 (yüz on) manat məbləğində vəsait « Kamandar Nəsibov və Partnyorları » Vəkil Bürosunun vəkili Müdafiəçi2 ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına müvafiq olaraq «Fides» Vəkil Bürosunun hesabına və « Kamandar Nəsibov və Partnyorları » Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmə gəldiyi nəticələri “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” xx.xx.2006-cı il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2011-ci il tarixli, “Məhkəmə hökmü haqqında” xx.xx.2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347-349, 351-353, 356, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin CM-nin 228.4-cü (köhnə redaksiyada) və 234.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.4-cü (köhnə redaksiyada) maddəsi ilə 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə 03 (üç) il 03 (üç) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən təyin olunmuş azadlıqdan məhrumetmə cəzaları qismən toplamaq yolu Təqsirləndirilən şəxs 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)-69/2024 saylı, 15 avqust 2024-cü il tarixli hökmü ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması növündə cəzanın çəkilməmiş 01 (bir) il 06 (altı) ay 26 (iyirmi altı) gün müddətində hissəsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə müvafiq olaraq azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü hesabı ilə hesablanaraq 09 (doqquz) ay 13 (on üç) gün müddətə azadlıqdan məhrum etmə növündə cəzaya bərabər tutulmaqla, Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən bu hökm üzrə təyin edilmiş cəzaya qismən birləşdirilsin və Təqsirləndirilən şəxs çəkilməsi üçün qəti olaraq 04 (dört) il müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs məhkəməyədək və məhkəmə icraatı zamanı həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcı 25 fevral 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut qismində tanınaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutların saxlanma yerinə təhvil verilmiş, ekspert tədqiqatından sonra qalıq çəkisi 22,701 qram təşkil edən psixotrop maddə - metamfetamin və bir ədəd bıçaq məhv edilsin. İş üzrə maddi sübut qismində tanınaraq cinayət işinin materiallarına əlavə edilmiş 02 (iki) ədəd “DVD” disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın. Təqsirləndirilən şəxsdan 153 (yüz əlli üç) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə keçirilsin. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında göstərdiyi pulsuz hüquqi yardıma görə 25 (iyirmi beş) iş saatı üçün 275 (iki yüz yetmiş beş) manat məbləğində vəsait «Fides» Vəkil Bürosunun vəkili Müdafiəçi1 ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına « Fides » Vəkil Bürosunun hesabına, məhkəmə iclaslarında göstərdiyi pulsuz hüquqi yardıma görə 10 (on) iş saatı üçün 110 (yüz on) manat məbləğində vəsait « Kamandar Nəsibov və Partnyorları » Vəkil Bürosunun vəkili Müdafiəçi2 ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına « Kamandar Nəsibov və Partnyorları» Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxsə təqdim edildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: Elnur Nuriyev (sədrlik edən) Azər Tağıyev Roman Ələkbərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar