Məhkəmə qərarları › İş №1(101)-1276/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1276/2024

23.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1276/2024 23.10.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Eldar Herov oğlunun sədrliyi ilə, hakimlər Hüseynov Cavid İbadulla oğlu və Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə, məhkəmə iclası katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı1, Təqsirləndirilən şəxs, müdafiəçilər – Bakı şəhəri, 19 saylı Vəkil bürosunun vəkili Müdafiəçi1 və fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi2 iştirakı ilə, xx xxxxx 1997-ci ildə İmişli rayonu, Bəhrəmtəpə kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 ünvanında yaşamış, 11 sentyabr 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri, Binəqədi rayon Məhkəməsinin 13 sentyabr 2023-cü il tarixli qərarına əsasən barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 11 sentyabr 2023-cü il tarixdə saat 18 radələrində Bakı şəhəri, Yasamal rayonu, «Sovetski» adlanan ərazidə naməlum mənbədən satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda, yəni 7,293 qram çəkidə narkotik vasitə heroin əldə edib üzərində saxlayaraq daşımış, həmin tarixdə saat 20:30 radələrində Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Aydınbəyov küçəsində Binəqədi RPİ, 4-cü Polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb Bakı şəhəri, Binəqədİ rayonu, Azadlıq prospekti, 191 ünvanında yerləşən Binəqədİ RPİ, 4-cü Polis şöbəsinin inzibati binasına gətirilərək, orada saat 22:50-də üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynindəki qara rəngli qolsuz gödəkçənin sağ yan cibindən bir ədəd yapışqan lentlə bağlanmış qara rəngli selofan bükümdə təmiz çəkisi 7,293 qram olan külli miqdarda açıq qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. İbtidai istintaq orqanı tərəfindən isə Təqsirləndirilən şəxs həmin əməli qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitənin əldə edilib daşınması və üzərində saxlaması kimi qiymətləndirilmiş, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə ittiham verilmişdir. Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittiham üzrə məhkəmə baxışına təqdim edilmiş bütün sübutlar məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırıldı, bu zaman təqsirləndirilən şəxsin ondan aşkar olunmuş narkotik vasitəni qabaqcadan əlbir olan bir qrup şəxs halında məhz satış məqsədi satış məqsədi ilə əldə etməsi, saxlaması və daşıması faktı öz təsdiqini tapmadı. Belə ki, məhkəmə iclasında dindirilmiş Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü təqsirli bilmədi. O, ifadəsində göstərdi ki, həbs olunmamışdan qabaq Rusiya Federasiyasında olmuş, səhhətində yaranmış problemlə əlaqədar 2023-cü il avqust ayının 1-də Azərbaycana gəlmişdir. Təxminən bir aya yaxın müddətdə müalicə almış, avqust ayının axırında yenidən Rusiyaya qayıtmaq istəmişdir. Aeroporta yaxınlaşmış, bir neçə prosedurdan keçəndən sonra onun çıxışına DİN tərəfindən qadağa qoyulduğunu bildirmişlər. Bundan narazı qalıb yazılı surətdə müraciət etmiş, ona 15 gün-bir ay ərzində cavab veriləcəyini demişlər. Lakin ona heç bir cavab gəlməmişdir. Sentyabr ayının 11-də səhhətində problem olduğu üçün axşam namazından sonra saat 8-də yaşadığı məhləyə gəzinti məqsədilə çıxmışdır. Bu zaman ona polis işçiləri yaxınlaşmışlar. Həmin vaxt qulağında qulaqcıq olduğu üçün onların kim olduqlarını bilməmiş, sonradan onlar özlərini təqdim edərək 4-cü polis şöbəsinin əməkdaşları olduqlarını bildirmişlər. O, nə ilə əlaqədar saxlanıldığını soruşduqda, ona bölmədə biləcəyini demişlər. Polis bölməsində onunla əvvəlcə rəis müavini söhbət etmiş, ona dini etiqadına görə saxlanıldığını bildirmişlər. Sonra onu rəisin qəbuluna aparmışlar, rəis siyirmədən 2 kq “mal» çıxarıb onun qarşısına qoymuş, həmin “mal”ı boynuna götürməsə, 3 kq da əlavə edəcəklərini söyləmişdir. Ona demişlər ki, əgər özünə hörmət edirsə, deyilənlərlə razılaşmalıdır. Ona hədə-qorxu gəlmişlər və sonra yenidən rəis müavininin otağına aparmışlar. Orada müavin ona cavan oğlan olduğunu, gedib rəislə söhbət edəcəyini, «mal»ın çəkisini az eləməyi xahiş edəcəyini demişdir. Daha sonra rəisin otağına gedib təxminən 10-15 dəqiqədən sonra gəlmiş, onun əlində bir büküm olmuşdur. Ona deyilmişdir ki, guya narkotik vasitəni “Sovetski»dən tanımadığı adamdan 100 manata aldığını bildirsin. O da, məcbur qalıb çəkiliş zamanı bunları demişdir. Verilən sualları cavablandıran Təqsirləndirilən şəxs özünün Rəsulzadə qəsəbəsində yaşadığını və onu axşam saat 20-21 radələrində saxladıqlarını, bu zaman üzərində «İphone 14 Pro max» markalı mobil telefon, bir paçka siqaret və 19 manat pul olduğunu, polis işçiləri onu təhdid etdikləri üçün onlarla razılaşdığını, müstəntiqə də ifadəni polis əməkdaşlarının göstərişi ilə eyni məzmunda verdiyini, istintaqın sonunda ifadəni dəyişmək istədiyini müstəntiqə bildirdiyini, ifadəni dəyişdikdən sonra imzaladığını, orada üzərində narkotik vasitə olmamasının yazıldığını, bunların məhkəmədə sanksiya veriləndən sonra baş verdiyini, sanksiya veriləndə də onların dediyi kimi ifadə verdiyini, onu dörd nəfər - 3 əməliyyatçı və bir nəfər rəis müavininin saxladıqlarını, bölməyə gedəndən sonra dini etiqadına görə saxlanıldığını ona bildirdiklərini, İranla əlaqəsinin olubolmadığını ondan soruşduqlarını, onun işini əvvəlcə CM-nin 234.1-ci maddəsi ilə rəsmiləşdirdiklərini, iş bağlananda isə artıq 234.4.3-cü maddəsi ilə ittiham verilməsini bildiyini, vəkilə narkotiki onun boynuna qoyduqlarını dediyini, prokurorluqdan gəlib onun izahatının alınmadığını, əvvəllər “Sədərək» ticarət mərkəzində santexnika mallarının satışı ilə məşğul olduğunu, daha sonra Rusiyada fəhləlik etdiyini, özünün sadəcə olaraq İranda Kərbala ziyarətində olduğuna və dini etiqadına tutulduğunu, Aprel döyüşlərinin iştirakçısı olduğunu, atasının isə 1-ci Qarabağ döyüşlərində iştirak etdiyini bildirdi. İfadələri arasında ziddiyyətlər olduğuna görə məhkəmə iclasında təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olundu. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək göstərmişdir ki, o, tutulmamışdan təxminən iki-üç ay öncə narkotik vasitələrdən istifadə etməyə başlamışdır. Odur ki, bir neçə dəfə müxtəlif tanımadığı şəxslərlə əlaqə saxlayıb narkotik vasitə heroin əldə etmişdir. Belə ki, sonuncu dəfə 11 sentyabr 2023-cü il tarixdə saat 18 radələrində o, Yasamal rayonu, «Sovetski» adlanan əraziyə gedib orada tanımadığı, lakin narkotik vasitələrin satışı ilə məşğul olduğunu bildiyi bir nəfər şəxslə rastlaşıb, sonuncudan təxminən 7-8 qram çəkidə narkotik vasitə heroin istəmişdir. Həmin şəxs də 100 manat qarşılığında ona bir ədəd qara rəngli selofan bükümdə narkotik vasitə heroin satmış və o, həmin bükümü əynində olan qolsuz gödəkçənin sağ yan cibinə qoyub münasib vaxtda istifadə etmək məqsədi ilə saxlamışdır. Həmin yerdən getdikdən sonra saat 20:30 radələrində yaşadığı ünvanın yaxınlığında, yəni Bakı şəhəri, Binəqədi rayonu, Aydınbəyov küçəsində piyada hərəkət edərkən üç nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq xidməti vəsiqələrini göstərməklə özlərini polis əməkdaşları kimi təqdim edib onun narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu söyləyib, onu Binəqədi RPİ-nin 4-cü polis şöbəsinə dəvət etmiş, orada hüquq və vəzifələri izah olunmuşdur. Bundan sonra üzərində videoçəkilişdən istifadə edilməklə axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı ona üzərində qanunla qadağan olunmuş əşyaları təqdim etmək təklif edildikdə, o, əynində olan qara rəngli gödəkçənin sağ yan cibində saxladığı, həmin gün əldə etdiyi bir ədəd qara rəngli selofan kəsiyində olan narkotik vasitə heroini çıxarıb könüllü təqdim etmişdir. Həmçinin gödəkçəsinin sol yan cibində olan 2 qutu “Sobranie” markalı siqareti, əynindəki şalvarının sağ yan cibində olan 9 manat pulu, sol yan cibində olan “İphone 14 Pro Max” markalı mobil telefonu da çıxarıb masanın üzərinə qoymuşdur. Bundan sonra polis əməkdaşı tərəfindən üzərində axtarış keçirilmiş və ondan başqa heç nə aşkarlanmamışdır. Onun təqdim etdiyi bir ədəd büküm elektron tərəzidə çəkildikdə 7,78 qram olduğu görsənmişdir. Bundan sonra həmin büküm müvafiq ekspertizaya göndərilməsi üçün bir ədəd zərfə qoyulmuş və həmin kağız zərf onun özü də daxil olmaqla iştirakçılar tərəfindən imzalanaraq möhürlənmişdir. Həmçinin onun özünə məxsus mobil telefon da zərfə qoyularaq qablaşdırılmışdır. Sonradan məhkəmə-kimyəvi ekspertizanın rəyi ilə tanış olduqda üzərində aşkar olunmuş narkotik vasitə heroinin təmiz çəkisinin 7,293 qram olduğu məlum olmuşdur. Üzərindən aşkar edilmiş narkotik vasitə heroini o, 11 sentyabr 2023-cü il tarixdə saat 18 radələrində Yasamal rayonu, «Sovetski» adlanan ərazidə tanımadığı, lakin üzdən tanıdığı şəxsdən 100 manat qarşılığında şəxsi istifadəsi üçün əldə etmiş, həmin maddəni əldə etdikdən sonra kimsəyə verməmiş, satmamışdır. O, tutulmamışdan əvvəl ***-***-**-** və ***-***-**-** saylı mobil nömrələrdən istifadə etmiş, saxlanılarkən və saxlanıldıqdan sonra polis əməkdaşları tərəfindən ona qarşı hər hansı formada fiziki zor və ya təzyiq göstərilməmişdir (cild 1, iş vərəqi 150-152). Elan olunmuş ifadə ilə bağlı sualları cavablandıran Təqsirləndirilən şəxs dindirmə protokolundakı imzaların ona məxsus olduğunu, lakin həmin ifadəni təsdiq etmədiyini, protokolu oxumadan imzaladığını bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri, Binəqədi rayon Polis idarəsi, 4-cü Polis şöbəsinin cinayət-axtarış üzrə əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs adlı şəxsin qanunsuz olaraq narkotik vasitələrin saxlaması və istifadəsi ilə məşğul olması barədə ona əməliyyat məlumatı daxil olmuş, məlumat rəhbərliyə məruzə olunduqdan sonra əməliyyat qrupu yaradılmışdır. 11 sentyabr 2023-cü il tarixdə saat təxminən 20:30 radələrində onlar Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, Aydınbəyov küçəsində Həsəni görüb ona yaxınlaşmış, özlərini təqdim etdikdən sonra onun narkotik vasitələri saxlaması və istifadəsində şübhəli bilindiyi izah olunduqdan sonra onu 4-cü Polis şöbəsinə dəvət etmişlər. Təhqiqatçı onların və kriminalistin iştirakı ilə videoçəkilişlə Həsənin üzərinə şəxsi axtarış keçirmiş, bu zaman onun üzərindən narkotik vasitəyə bənzər maddə aşkar olunmuşdur. Həsən aşkar olunmuş narkotik vasitənin «kokos» olduğunu və öz istifadəsi üçün tanımadığı şəxsdən aldığını bildirmişdir. Verilən sualları cavablandıran Şahid1 saxlanılan zaman Həsənin tək olduğunu və həmin vaxt piyada hərəkət etdiyini, Həsən saxlanılan vaxt və üzərinə baxış keçiriləndə heç bir narazılıq bildirmədiyini, narkotik vasitəni «Sovetski» deyilən yerdən tanımadığı şəxsdən aldığını dediyini, həmin şəxs barəsində onlarda əvvəlcədən məlumat olmadığını, istintaqda verdiyi ifadəni təsdiq etdiyini, əməliyyat məlumatının ona səhər saatlarında daxil olduğunu və rəhbərliyə məruzə olunduğunu, məhkəməyə müraciət etdiyini xatırlamadığını, Həsənin zahiri ələmatləri barədə onlarda məlumat olduğunu, Həsəni axşam saat 21-22 radəlrində saxladıqlarını, saxlanılan vaxt ətrafda heç kimin olmadığını, şöbəyə dəvət edildikdən sonra təhqiqatçının otağında üzərinə şəxsi axtarış keçirildiyini, qoluna qandal vurulmasını xatırlamadığını, üzərindən aşkar olunan telefonu kimin götürdüyünü və ailəsinə zəng edilib- edilmədiyini bilmədiyini, saxlanılan şəxslər şöbəyə gətirildikdən sonra qeydiyyat kitabında onların qeydiyyatının aparıldığını və Həsənin saxlanıldığı otağa kiminsə girib-girmədiyini xatırlamadığını bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri, Binəqədi rayon Polis idarəsi, 4-cü Polis şöbəsinin cinayət-axtarış üzrə əməliyyat müvəkkili Şahid3 ifadəsində göstərdi ki, təqsirləndirilən şəxsi keçirilmiş əməliyyat tədbiri ilə bağlı tanımışdır. Belə ki, şöbəyə Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Rəhbərliyə məruzə olunduqdan sonra əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupunun üzvləri ilə birlikdə Rəsulzadə qəsəbəsində Təqsirləndirilən şəxs saxlamışlar. Həmin vaxt özlərini ona təqdim edərək, saxlanmasının səbəblərini izah etmişlər. Bundan sonra şübhəli şəxsi üzərinə baxış keçirilməsi üçün polis şöbəsinə dəvət etmişlər. Şöbədə təhqiqatçının, kriminalistin və digər əməliyyat qrupu üzvlərinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Bu zaman onun üzərindən bir büküm aşkar olunmuş, Həsən həmin bükülünün içində narkotik vasitə heroin olduğunu bildirmişdir. Narkotikdən başqa onun üzərindən daha nələr çıxdığını dəqiq xatırlamır. Verilən sualları cavablandıran Şahid3 istintaqda verdiyi ifadəni təsdiq edərək bildirdi ki, Həsən aşkar olunmuş heroini şəxsi istifadəsi üçün əldə etdiyini demiş və saxlanılan vaxt heç bir narazılıq etməmişdir. Təqsirləndirilən şəxsə qarşı heç bir təsir və təzyiq olunmamışdır. Əməliyyat məlumatı iş yoldaşı Şahid1 sentyabr ayının əvvəllərində daxil olmuşdur. Şəxsi narkotik vasitələri əldə etmə məlumatı əsasında saxlamışlar. Əməliyyat tədbirini keçirmək üçün gedərkən Təqsirləndirilən şəxs zahiri əlamətləri barədə onlarda məlumat olmuşdur. Portaldan şəxsin barəsində çıxarış götürüb-götürmədiklərini xatırlamır. Onu saxlayanda günün hansı vaxtı olduğunu xatırlamır. Şəxsi şöbəyə dəvət edərək sonra videoçəkilişlə üzərinə şəxsi axtarış keçirmişlər. Şahid1 şübhəli şəxsə qərar elan edib-etmədiyini xatırlamır. Onlar şəxsi şöbəyə gətirən kimi təhqiqatçının otağına aparmışlar. Şöbəyə gətiriləndən sonra şəxsin Müvəqqəti Saxlama yerində saxlanıldığı onun yadına gəlmir. Polis şöbəsinə gətirildikdən sonra bu barədə şöbənin qeydiyyat kitabında müvafiq qeydiyyat aparılmışdır. İstintaqda ifadə vermişdir, həmin ifadəni təsdiq edir. Lakin istintaq zamanı digər əməkdaşlarla eyni gündə, yaxud fərqli günlərdə ifadə verdiyini xatırlamır. İfadəsini o, şifahi şəkildə danışmış, müstəntiq isə həmin ifadəni kompüterdə yazmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri, Binəqədi rayon Polis idarəsi, 4-cü Polis şöbəsinin cinayət-axtarış üzrə əməliyyat müvəkkili Şahid2 11 sentyabr 2023-cü ildə şübhəli şəxs Təqsirləndirilən şəxs müəyyən edilərək saxlanılması, onun Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gətirilərək üzərində şəxsi axtarış keçirilməsi zamanı külli miqdarda narkotik vasitənin aşkar edilərək götürülməsi tədbirində əməliyyat qrupunun üzvü kimi iştirak etdiyini bildirərək, həmkarları Şahid1 və Şahid3 məhkəmədəki ifadələri ilə oxşar məzmunlu ifadə verdi. Məhkəmə kollegiyası iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, iş materiallarına əlavə edilmiş şəxsi axtarış və götürmə aparılması haqqında 11 sentyabr 2023-cü il tarixli protokola əsasən, həmin tarixdə videoçəkilişdən istifadə edilməklə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, bu zaman Təqsirləndirilən şəxs əynində olan qara rəngli qolsuz gödəkçəsinin sağ yan cibindən bir ədəd yapışqan lentlə bağlanmış qara rəngli selofan bükümü və bir ədəd alışqanı, həmin gödəkçənin sol yan cibindən iki ədəd üzərində «Sobranie» yazıları olan siqaret qutusunu, əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd 5 manatlıq və dörd ədəd 1 manatlıq əskinaslar olmaqla, cəmi 9 manat pulu və həmin şalvarın sol yan cibindən bir ədəd «İphone 14 Pro Max» markalı mobil telefonu çıxarıb təqdim etmiş, üzərində başqa heç nə olmadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə axtarış keçirilmiş, o cümlədən əynindəki paltarların ciblərinə və ayaqqabılarına baxılmış, lakin üstündən başqa heç nə aşkar edilməmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş həmin bir ədəd qara rəngli selofan bükümü açan zaman içərisində açıq qəhvəyi rəngli, toz şəkilli, narkotik vasitə heroinə bənzər kütlə aşkar olunmuşdur. Verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs masanın üstünə qoyduğu bir ədəd qara rəngli selofan bükümün içərisində «kokos» kimi tanıdığı narkotik vasitə olduğunu, təxminən 2-3 ay öncə narkotik vasitələrdən istifadə etməyə başladığından 11 sentyabr 2023-cü il tarixdə saat 18 radələrində Bakı şəhəri, Yasamal rayonu, «Sovetski» adlanan ərazidə tanımadığı şəxsdən 100 manat müqabilində öz şəxsi istifadəsi üçün alıb üzərində gəzdirdiyini bildirmişdir (cild 1, iş vərəqi 32-33). İbtidai istintaq zamanı şəxsi axtarış və götürmə aparılmasına dair videogörüntülərin köçürüldüyü 1 ədəd DVD diskə 12 sentyabr 2023-cü il tarixdə baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsinə dair 11 sentyabr 2023-cü il tarixli protokolda qeyd olunanlarla videogörüntülərin bir-biri ilə uyğunluq təşkil etdiyi müəyyən edilmişdir (cild 1, iş vərəqi 52). Məhkəmə-kimyəvi ekspertizasının 12 sentyabr 2023-cü il tarixli 3-16-16/2-6/4840 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası Zərflər üçün №173” dairəvi möhür əksi, "..(imza) Təqsirləndirilən şəxs..” sözləri, soyad və imzalar olan bir ədəd zərfin içərisində 1 (bir) ədəd bükümdə təmiz çəkisi 7,293 qram olan açıq qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxildir (cild 1, iş vərəqi 39-43). İbtidai istintaq orqanının 12 sentyabr 2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülmüş 7,293 qram çəkidə heroin və 1 ədəd DVD disk iş üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmışdır. Ekspertiza tədqiqatından sonra qalıq qalan 7,143 qram çəkidə narkotik vasitə heroin saxlanılması üçün Bakı şəhəri, Binəqədi RPİ-nin Maddi sübutların saxlanması kamerasına təhvil verilmiş, 1 ədəd disk iş materiallarına əlavə edilmişdir (cild 1, iş vərəqi 54-57). Məhkəmə-narkoloji ekspertizasının 16 sentyabr 2023-cü il tarixli 5949 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə etmə halları olub. Lakin hal-hazırda Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür (cild 1, iş vərəqi 113-114). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «Respublika Psixiatriya Xəstəxanası» publik hüquqi şəxsin xx.xx.2023-cü il tarixli 20104 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs arxiv məlumatına görə yuxarıda adı göstərilən xəstəxanada müalicədə olmamışdır (cild 1, iş vərəqi 124). Azərbaycan Respublikası DİN Baş Əməliyyat və Statistik İnformasiya idarəsindən daxil olmuş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Baş idarənin əməliyyat-sorğu kartotekasında Təqsirləndirilən şəxs məhkumluğu barədə məlumat yoxdur (cild 1, iş vərəqi 123). Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü təqsirli bilməyərək, üzərindən aşkar edilmiş narkotik vasitənin ona heç bir aidiyyəti olmadığını, onun namaz qılması səbəbindən və dini baxışlarına görə həbs edildiyini, polis şöbəsinə gətirildikdən sonra ona təzyiqlər göstərilərək, bir büküm heroin verildiyini və həmin narkotik vasitənin özünə məxsus olmasını etiraf etməyə məcbur olunduğunu, göstərilmiş psixoloji təzyiqlər nəticəsində etmədiyi cinayət əməlini boynuna götürdüyünü bildirib öz müdafiəsi üçün dəlillər gətirdi. Məhkəmə kollegiyası iş üzrə toplanmış və məhkəmədə tədqiq olunmuş yuxarıda sadalanan bütün sübutları məcmu halında təhlil edib qiymətləndirərək belə nəticəyə gəlir ki, müdafiə tərəfinin Təqsirləndirilən şəxs cinayət işi üzrə ümumiyyətlə təqsirsizliyi ilə bağlı məhkəmədə gətirdiyi dəlillər tam, hərtərəfli yoxlanılmış, lakin öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» 24 dekabr 2021-ci il tarixli Qərarının 33-cü bəndində məhkəmələrə tövsiyyə edilir ki, hökmün təsviriəsaslandırıcı hissəsində təqsirləndirilən şəxsin ona verilən ittihama münasibəti öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Məhkəmə kollegiyası müdafiə tərəfinin təqsirsizliklə bağlı məhkəmə iclasında gətirdiyi dəlillərlə bağlı qeyd etməyi lazım bilir ki, iş materiallarına görə Təqsirləndirilən şəxs müdafiəçinin iştirakı ilə şübhəli şəxs qismində tutulub videoçəkiliş aparılmaqla üzərində şəxsi axtarış keçirilərkən özü heç bir kənar təsir olmadan ittihamda qeyd olunmuş narkotik vasitəni polis əməkdaşlarına təqdim etmiş, həmin maddi sübut prosessual qaydada qablaşdırılaraq götürülmüşdür. Təqsirləndirilən şəxs ilkin izahatında, həmçinin istintaq zamanı şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi bütün ifadələrində üzərindən aşkar edilmiş narkotik vasitənin özünə məxsus olduğunu, həmin narkotiki 11 sentyabr 2023-cü il tarixdə saat 18 radələrində Yasamal rayonu, «Sovetski» adlanan ərazidə tanımadığı, lakin narkotik vasitələrin satışı ilə məşğul olduğunu bildiyi şəxsdən öz istifadəsi üçün 100 manat qarşılığında aldığını və üzərində saxladığını, ona qarşı polis əməkdaşları tərəfindən fiziki və psixi zor tətbiq edilmədiyini bildirmişdir. Cinayət işinə əlavə olunmuş Bakı şəhəri, Binəqədi rayon Məhkəməsinin 13 sentyabr 2023-cü il tarixli qərarından görünür ki, barəsində həbs qətimkan tədbiri seçilməsi ilə bağlı keçirilmiş məhkəmə iclasında verdiyi izahatında da Təqsirləndirilən şəxs üzərindən narkotik vasitə aşkar olunduğunu, lakin həmin narkotik vasitəni satış üçün deyil, özü istifadə etmək üçün əldə etdiyini bildirmişdir. Məhkəmə iclasında müdafiə tərəfi təqsirləndirilən şəxsin dindar olduğunu və dini baxışlarına görə həbs edildiyini, həbs olunacağını əvvəlcədən bildiyini, bunun üçün müraciət hazırlayaraq yaxın zamanlarda həbs oluna bələcəyini güman etdiyini söyləməklə bunu sosial şəbəkədə paylaşdığını bildirdi və həmin müraciətin videogörüntülərini məhkəməyə təqdim etdi. Məhkəmədə təqdim olunmuş videogörüntülərə baxış keçirilərkən Təqsirləndirilən şəxs belə bir müraciətlə çıxış etdiyi görünsə də, məhkəmə kollegiyası hesab edir ki, bu müraciətin təqsirləndirilən şəxsə külli miqdarda narkotik vasitəni qanunsuz olaraq əldə edib daşıyaraq saxlaması barədə verilmiş ittihamla hər hansı əlaqəsi yoxdur və bu səbəbdən müdafiə tərəfinin təqsirləndirilən şəxsə verilmiş ittihamı sonuncunun dini baxışları ilə əlaqələndirməsi əsassızdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin xx.xx.2006-cı il tarixli “Andandonski Rusiyaya qarşı” işi üzrə qərarında qeyd edilmişdir ki, təqsirləndirilən şəxs tərəfindən ibtidai istintaq və məhkəmə baxışında müdafiə hüququ pozulmamaqla verilmiş ifadələr məhkəmə tərəfindən yekun qərar qəbul edilərkən sübut kimi nəzərə alınmaqla, bu, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin və 3-cü bəndinin “d” yarımbəndinin pozuntusu hesab edilə bilməz. Qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası təqsirləndirilən şəxsin dini baxışlarına görə həbs edilməsi, aşkar olunmuş narkotik vasitənin ona aid olmaması, polis əməkdaşlarının təzyiqləri nəticəsində etmədiyi cinayət əməlini boynuna götürməsi barədə məhkəmədə gətirdiyi dəlilləri məsuliyyətdən yayınmaq üçün onun tərəfindən seçilmiş müdafiə taktikası kimi qiymətləndirir və Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi etirafedici ifadələrini obyektiv həqiqəti əks etdirən sübut kimi qəbul edir. Bütün bunlarla yanaşı, məhkəmə kollegiyası yuxarıda sadalanan və məhkəmədə tədqiq edilmiş sübutları qiymətləndirərək həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs 7,293 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroini qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq əldə etməsi, saxlaması və daşıması ilə bağlı verilmiş ittiham məhkəmə iclasında sübuta yetirilməmişdir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli 8 №-li Qərarında məhkəmələrə edilən tövsiyyələrə əsasən, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Ali Məhkəmə Plenumunun yuxarıda adı çəkilən qərarının təfsirinə əsasən, şəxsə CM-nin 234.4.3-cü maddəsi ilə ittiham verilərkən narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Baxılan cinayət işi üzrə isə ittiham tərəfi bu cür halların mövcudluğunu müəyyən edib məhkəməyə təqdim etməmişdir. Həmin Qərarın 12-ci bəndində məhkəmələrə tövsiyyə edilir ki, narkotik vasitəni və ya psixotrop maddəni satan şəxsin və həmin narkotik vasitəni (psixotrop maddəni) ondan əldə edən şəxsin hərəkətləri (hətta aralarında buna dair əvvəlcədən razılaşma olduğu hallarda belə), eyni bir cinayətin birgə törədilməsi kimi qabaqcadan əlbir olan bir qrup şəxs üçün səciyyəvi olan əlamət mövcud olmadığından, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilən cinayət kimi qiymətləndirilə bilməz və onlardan birincisi narkotik vasitənin (psixotrop maddənin) satışına, digəri isə narkotik vasitəni (psixotrop maddəni) əldə etməyə (yəni, müxtəlif əməllərə) görə və CPM-in 49.1-ci maddəsinin tələbi nəzərə alınaraq ayrı-ayrı icraatlarda aparılmalı olan cinayət təqibinin gedişində məsuliyyətə cəlb olunmalıdırlar. Yalnız CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələrində göstərilən hərəkətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi CM-in 234.4.1-ci maddəsinin tərkibini yaratdığı üçün təqsirkar şəxsin narkotik vasitəni satanla və ya satış məqsədi olmadan əldə edənlə qabaqcadan əlbir olmasının dəqiq müəyyən edilməsi əməlin düzgün tövsifi üçün mühüm əhəmiyyət kəsb edir. Odur ki, digər şəxsin xahişi ilə (sonuncu üçün) və ya birgə istifadə üçün təqsirkarın (vasitəçinin) narkotik vasitə və ya psixotrop maddə, yaxud prekursoru alması əməli qiymətləndirilərkən təqsirkarın bu hərəkətləri kimin mənafeyinə (həmin maddələri satanın və ya alanın) uyğun etdiyi, həmin maddələri satan şəxslə onların satışı barədə əvvəlcədən razılığa gəlib-gəlməməsi, özünün bu maddələrin satışından mənfəət əldə edib-etməməsi araşdırılmalıdır. Belə razılığın və ya mənfəətin əldə edilməsi təsdiq edilmədiyi halda, digər şəxsin xahişi ilə və ya sonuncu ilə birlikdə satış məqsədi olmadan narkotik vasitə almış təqsirkarın əməli narkotiki satanla qabaqcadan əlbir olma və ya narkotik vasitəni satma kimi deyil, satış məqsədi olmadan narkotik vasitə əldə etmə kimi qiymətləndirilməlidir. İşin ibtidai istintaqı zamanı Təqsirləndirilən şəxs istifadəsində olmuş 070 388-47-07 və 077 573-64-23 saylı mobil telefon nömrələrinə 11 aprel 2023-cü il tarixdən 11 sentyabr 2023-cü il tarixədək olan müddət ərzində daxil olan, çıxan zənglər və SMS-lər, həmin mobil nömrələrin anten əhatə dairələrinə dair məlumatlar "xxxx" MMC-dən götürülərək təhlil edilmişdir. Lakin bu zaman adı çəkilən şəxsin narkotik vasitələrin satışı ilə məşğul olması, həçinin bu cinayəti qabaqcadan əlbir olan bir qrup şəxs halında törətməsi ilə bağlı iş üçün əhəmiyyət kəsb edən hər hansı hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən, ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Həmin Məcəllənin 144-cü maddəsinin tələblərinə görə, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 145.1, 145.2-ci maddələrinin tələblərinə müvafiq olaraq, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən hüquqi qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olubolmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə, öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Göründüyü kimi, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs 7,293 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroini qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq əldə etməsi, saxlaması və daşımasına dair hər hansı birbaşa və ya yanakı sübut əldə edə bilməmiş, məhkəmədə də bu hal öz təsdiqini tapmamışdır. Buna baxmayaraq, ibtidai istintaq orqanı tərəfindən heç bir əsas və sübut olmadan, yalnız fərziyyə və mülahizələrə əsaslanaraq Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə ittiham verilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 21.2-ci maddəsinə əsasən, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən, cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Həmin Məcəllənin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Həmin Məcəllənin 145.3-cü maddəsinə əsasən ttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmin Məcəllənin 146.1-ci maddəsinin tələbinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Həmin Məcəllənin 351.2-ci və 351.3.4-cü maddəsilərə əsasən, ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır, məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə həll edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən, məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilmiş ittiham daxilində baxılır və məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxmaq hüququna malikdir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı qərarının 23-cü bəndində məhkəmələrə tövsiyyə edilir ki, CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Təqsirin sübuta yetirilmiş hesab edilməsi haqqında nəticəni isə CPM-nin 351.3-cü maddəsi məhkəmənin bu Məcəllənin 346.1.1-346.1.6-cı maddələrində göstərilən (cinayət hadisəsinin sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin törətdiyi əməldə cinayət tərkibinin olmasının sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin cinayətin törədilməsinə aidiyyətinin sübuta yetirilibyetirilməməsi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyinin sübuta yetirilibyetirilməməsi, təqsirləndirilən şəxsin əməlinin ittihamda CM-nin müvafiq maddəsi əsasında ona istinad edilən cinayətin əlamətlərinə uyğun olub-olmaması kimi) məsələlərə təsdiqedici cavab verməsi, habelə CPM-in 351.3.1-351.3.4-cü maddələrində təsbit edilən tələblərin hər biri nəzərə alındığı, yəni təqsirsizlik prezumpsiyası rəhbər tutulduğu, CPM-də nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihama baxıldığı və bu prosessual qaydalara riayət edilməklə nəticələr əldə edildiyi, o cümlədən məhkəmənin qənaəti məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslandığı, təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilinməyən şübhələr onun xeyrinə şərh edildiyi vəziyyətdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gələ bilməsi ilə şərtləndirmişdir. Odur ki, şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticənin əsaslandırılmış məhkəmə qənaəti kimi çıxış etməsi üçün hökmdə aparılmış təhlildən və bununla əlaqədar məhkəmənin gətirdiyi dəlillərdən onun CPM-in 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə əsaslandırılmış şəkildə təsdiqedici cavab verdiyi və məhz CPM-in 351.3.1-351.3.4-cü maddələrində təsbit edilən tələblərə əməl olunduğu şəraitdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gəldiyi aydın görünməlidir. Beləliklə, məhkəmə kollegiyası iş üzrə tədqiq olunmuş mötəbər və təkzibedilməz sübutlara əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə verilmiş ittiham məhkəmə iclasında öz təsdiqini tapmadığından, lakin onun hərəkətlərində Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsinin cinayət tərkibi olduğundan, şəxsin əməli Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilməlidir. Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən, Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş əməl qəsdən törədilmiş, başa çatmış cinayətdir, təsnifatına görə ağır cinayətlər kateqoriyasına aiddir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.4-cü maddəsinə əsasən, qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur. Həmin Məcəllənin 25.2-ci maddəsinə əsasən, şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, bu halda cinayət birbaşa qəsdlə törədilmiş hesab olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmədə Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən edilmədi. Beləliklə, məhkəmə kollegiyası, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və təkzibedilməz sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini qəsdən törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs münasibətdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59 və 61-ci maddələrində nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzası ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələbinə görə, qəsdən törədilmiş ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq cəzanın başlanğıcı 11 sentyabr 2023-cü il tarixdən hesablanmalıdır. Belə ki, iş materiallarına əsasən Təqsirləndirilən şəxs həmin tarixdə Bakı şəhəri, Binəqədi RPİ, 4-cü Polis şöbəsinin əməkdaşları tərəfindən tutulmuş və hal-hazıra qədər həbsdə saxlanılır. Həmçinin, Təqsirləndirilən şəxs 11 sentyabr 2023-cü il tarixdən başlayaraq həbsdə saxlanıldığı bütün müddət ona təyin olunacaq cəza müddətinə daxil edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsində görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Eyni zamanda məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə kollegiyası məhkəmə-narkoloji ekspertizasının 16 sentyabr 2023-cü il tarixli 5949 nömrəli rəyini əsas tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyi aşkar olunmadığından və onun narkomanıyadan məcburi müalicəyə ehtiyacı olmadığından barəsində tibbi xarakterli məcburi tədbir təyin edilməməli, lakin o, ərazi narkoloji dispanserində qeydiyyata götürülməlidir. Azərbaycan Respublikası CPM-nin 132.1.4 və 132.1.6-cı maddələrinin tələblərinə əsasən, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməli, həmçinin maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Qeyd olunan müddəalara əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə Binəqədi RPİnin Maddi sübutları saxlama kamerasına təhvil verilməklə Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq qalan 7,143 qram çəkidə narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, həmçinin şəxsi axtarış və götürmə zamanı qeydə alınmış videogörüntülərin əks olunduğu 1 ədəd DVD disk iş materiallarında saxlanılmalıdır. İş üzrə keçirilmiş ekspertiza tədqiqatı 80 (səksən) manat dəyərində qiymətləndirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü maddəsində ekspertə ödənilməli haqqlar məhkəmə məsrəflərinin bir növü kimi nəzərdə tutulmuşdur və həmin Məcəllənin 198.1-ci maddəsinə əsasən, həmin məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. Bu səbəbdən, məhkəmə məsrəfləri hesab edilən 80 (səksən) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə köçürülməlidir. İş üzrə mülki iddia verilməməsi, əmlak üzərinə həbs qoyulmaması və xüsusi müsadirə üçün təklif edilən əmlakın olmaması nəzərə alınmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344- 347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib, 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs təyin olunmuş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Məhkəməyədək icraat və məhkəmə baxışı zamanı həbsdə olduğu bütün müddət cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 11 sentyabr 2023-cü il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbir təyin edilməsin, lakin o, ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. Cinayət işi üzrə maddi sübutların taleyi hökm qanuni qüvvəyə mindikdən sonra aşağıdakı qaydada həll edilsin: - Bakı şəhəri, Binəqədi RPİ-nin Maddi sübutları saxlama kamerasına təhvil verilməklə Təqsirləndirilən şəxs şəxsi axtarışı zamanı aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq qalan 7,143 qram çəkidə narkotik vasitə heroin məhv edilsin; - şəxsi axtarış və götürmə zamanı qeydə alınmış videogörüntülərin əks olunduğu 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfləri hesab edilən 80 (səksən) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə köçürülsün. İş üzrə mülki iddia verilməməsi, əmlak üzərinə həbs qoyulmaması və xüsusi müsadirə üçün təklif edilən əmlakın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu vaxtdan, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən hakim Eldar İsmayılov Hakimlər Cavid Hüseynov Səbuhi Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar