Məhkəmə qərarları › İş №1(101)-1278/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Qərar — İş №1(101)-1278/2021

29.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(101)-1278/2021 29.06.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Məcidov Azad Əli Ağa oğlunun sədrliyi, hakimlər Ağayev Zeynal Qurban oğlu və Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X3, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəməsində Dövlət İttihamının müdafiəsi şöbəsinin prokuroru X1, Azərbaycan Respublikası Vəkillər Kollegiyası 14 saylı vəkil bürosunun vəkili X4 iştirakları ilə məhkəmə hazırlıq iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işində irəli sürülmüş ittihamın mahiyyəti üzrə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələr apararaq məhkəmə, Müəyyən etdi Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinin icraatına daxil olmuşdur. Məhkəmə cinayət prosesi tərəflərinin iştirakı ilə hazırlıq iclasında həll edilməli olan məsələləri müzakirə edərkən müəyyən etmişdir ki, cinayət işi üzrə məhkəmə aidiyyəti Lənkəran Ağır Cinayətlər Məhkəməsinə aiddir Belə ki, Məhkəmə-Hüquq Şurası 14 noyabr 2019-cu il tarixli “Azərbaycan Respublikası apelyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə qərarına əsasən Hacıqabul rayonu Lənkəran Ağır Cinayətlər Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir. Daxil olmuş cinayət işi üzrə verilmiş ittihama görə Təqsirləndirilən şəxs satış məqsədi İlə qanunsuz olaraq külli miqdarda «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»-in İ siyahısına daxil edilən ümumi təmiz çəkisi 8452,099 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış qurudulmuş marixuanam istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə əldə edib yaşadığı ünvan 1 ünvanında yerləşən evinin yataq otağına daşıyıb orada saxlamış, bu barədə əldə edilmiş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəf ndən 05 yanvar 2021 -ci il tarixdə saat 19:00-da Təqsirləndirilən şəxs yaşadığı evə özünün razılığı və iştirakı ilə baxış keçirilərkən onun satış məqsədi ilə qanunsuz olaraq əldə edib saxladığı 8452,099 qram narkotik vasitə qurudulmuş marixuana ayrı-ayrılıqda 3215,0 qram və 5210,0 qram olmaqla iki ədəd əl çantasında, ayrı-ayrılıqda 5,767 qram, 2,812 qram, 4,577 qram olmaqla 3 ədəd kibrit qutusunda, 4,686 qram olmaqla bir ədəd siqaret sellofonunda, 9,257 qram olmaqla bir ədəd siqaret qutusunda və üzərində qurudulmuş marixuana hissəcikləri olan bir ədəd elektron tərəzi mənzilin yataq otağından aşkar edilərək götürülmüşdür. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hər bir ağır cinayətlər məhkəməsinə yalnız onun yurisdiksiyasında baş vermiş cinayətlərlə bağlı işlər aiddir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 74.1-ci maddəsinə əsasən cinayət işinə və digər materiala cinayətin törədildiyi yerin yurisdiksıyasına aid olan birinci instansiya məhkəməsində baxılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 74.5-ci maddəsinə əsasən cinayət işlərindən biri Ağır cinayətlər məhkəməsinə, digəri isə rayon (şəhər) məhkəməsinə aid olan bir icraatda birləşdirilmiş cinayət işlərinə Ağır cinayətlər məhkəməsində baxılır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 75.1-ci maddəsinə əsasən cinayət işinin məhkəmənin icraatına qəbul edilməsi məsələsi həll edilərkən onların məhkəmə aidiyyəti mütləq yoxlanılmalıdır. Məhkəməyə daxil olmuş cinayət işinin və ya digər materialın həmin məhkəməyə aid olmadığı müəyyən edildikdə, məhkəmə onu aidiyyəti üzrə göndərməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 299.3. və 299.3.1-ci maddələrinin tələblərinə görə məhkəmə hər bir halda cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmənin hazırlıq iclasında məhkəməyə daxil olmuş cinayət işinin ona aid olubolmaması məsələsinə baxır. Göstərilənlərə əsasən, Təqsirləndirilən şəxs cinayət əməlini törətdiyi yer Hacıqabul rayonu ərazi yurisdiksiyasına görə Lənkəran Ağır Cinayətlər Məhkəməsinə aid olduğundan, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 69.3-cü, 74.1-ci, 74.5-ci və 75.1-ci maddələrinə əsasən cinayət işi məhkəmə aidiyyəti üzrə Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 74.8-ci maddəsinə əsasən eyni səviyyəli birinci instansiya məhkəmələrinə aid olan iki və ya daha çox cinayətlər üzrə işə, həmin cinayət işinin məhkəməyədək icraatının başa çatdığı yer üzrə fəaliyyət göstərən məhkəmə tərəfindən baxılır. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinin tələbinə görə hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 300.1. və 300.1.4-cü maddəsinə əsasən müvafiq olaraq cinayət işinin məhkəmə aidiyyəti üzrə göndərilməsi hazırlıq iclasının keçirilməsi nəticəsində qəbul edilən qərarlardan biridir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 69,3., 74.1., 74.5., 75.1., 299.3., 299.3.1., 300.1. və 300.1.4-cü maddələrini rəhbər tutaraq məhkəmə, q ə r a r a a l d ı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi məhkəmə aidiyyəti üzrə Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar