Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1280/2022 06.07.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Qəniyev Faiq Əsəd oğlunun sədrliyi ilə, hakimlər Mahmudov İlham Ağa oğlu və Əkbərov Məhəmməd Hüseyn oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkili X2 iştirakı ilə, xx xxxx 1987-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda qeydiyyatda olan və faktiki həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda narkotik vasitəni əldə etmiş, daşımış və saxlamışdır. Belə ki, o, istintaqa məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda - ümumi təmiz çəkisi 3,165 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə etmiş və özündə saxlayaraq daşımış, 16 fevral 2022-ci il tarixdə saat 20 radələrində Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində yaşadığı ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evinin qarşısında saxlanılaraq 12-ci Polis Şöbəsinə aparılmış, orada üzərində şəxsi axtarış keçirilərkən əynindəki qara rəngli gödəkçənin sağ yan cibindən altı ədəd bükümdə ayrı-ayrılıqda çəkiləri 0,593 qram, 0,559 qram, 0,711 qram, 0,474 qram, 0,213 qram, 0,615 qram olmaqla ümumi təmiz çəkisi külli miqdar - 3,165 qram təşkil edən narkotik vasitə heroin və səthində heroin izləri olan bir ədəd qara rəngli elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittiham üzrə qismən təqsirli bilərək göstərdi ki, tutulmazdan təxminən bir il əvvəldən başlayaraq heroin istifadə etməyə başlamışdır. Heroini mütəmadi olaraq sosial şəbəkə vasitəsilə tanış olduğu, heç vaxt görüşmədiyi iranlıdan onun göndərdiyi karta pul yükləməklə almışdır. Tutulmazdan təxminən dörd gün əvvəl axşam saatlarında yenə həmin iranlı ilə mobil telefonla əlaqə saxlamış və ondan heroin istəmişdir. İranlı ona tanımadığı şəxsə məxsus bank kartının nömrəsini göndərmiş, o da həmin karta 150 manat pul yükləmişdir. Bundan sonra iranlı Bakı şəhərində hava limanı istiqamətində yolun kənarına 10 qram çəkidə heroin qoyduracağını bildirmişdir. Razılaşdıqları vaxtda taksi ilə həmin ünvana gedərək, ona göndərilmiş şəkilə əsasən yolun kənarından bir ədəd bükümdəki heroini götürüb yaşadığı evə qayıtmışdır. Həmin heroinin bir hissəsini yaşadığı evdə müxtəlif bükümlərə ayırmışdır. 16 fevral 2022-ci il tarixdə təxminən saat 20 radələrində yaşadığı evin qarşısında dayanarkən iki nəfər mülki geyimli şəxslər ona yaxınlaşaraq özlərini polis əməkdaşı kimi təqdim etmiş və üzərində şəxsiyyətini təsdiq edən sənədinin olub-olmamasını soruşmuşlar. Polislərə üzərində şəxsiyyətini təsdiq edən heç bir sənədinin olmadığını bildirmiş və ad-soyadını demişdir. Bundan sonra polislər onu Sabunçu rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinə aparmışlar. Orada təhqiqatçı tərəfindən tutulması barədə sənədləşmə aparılmış, vəkil çağırılmış, üstündə şəxsi axtarış keçirilmişdir. Üstündən bir bükümdə, yaşadığı evdən isə üç bükümdə narkotik vasitə aşkar edilmişdir, amma elektron tərəzi olmamışdır. Polislər tərəfindən ona qarşı hər hansı təsir, təzyiq edilməmişdir. O, narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Əməlindən çox peşmandır. Məhkəmədən bütün bu halların, həmçinin himayəsində azyaşlı uşaqlarının olmasının nəzərə alınaraq barəsində ədalətli qərar qəbul edilməsini, istifadəçi kimi məhkum olunmasını xahiş edir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilərək tədqiq olunmuş ifadələrində göstərmişdir ki, təxminən bir ildir ki, narkotik vasitə olan heroindən istifadə edir. Həmçinin, 2 aya yaxındır ki, narkotik vasitə olan heroini müxtəlif şəxslərə satır. Özünün istifadə etdiyi və satdığı narkotik vasitə heroini mütəmadi olaraq tanımadığı İran İslam Respublikasının vətəndaşından alır. O, tutulmazdan təxminən dörd gün əvvəl İran İslam Respublikasının vətəndaşı ilə mobil telefon əlaqəsi yaratmış və ondan özünün istifadə etməsi, həmçinin satması üçün narkotik vasitə heroin istəmişdir. Həmin heroinin bir hissəsini yaşadığı evdə özündə olan elektron tərəzidən istifadə etməklə müxtəlif bükümlərə ayırmışdır. Həmin gündən sonra narkotik vasitə heroinin 1 qramı 30 manat olmaqla tanımadığı şəxslərə satmış, bir hissəsini özü istifadə etmişdir. 16 fevral 2022-ci il tarixdə qalan narkotik vasitə heroini 6 ədəd bükümdə tərəzi ilə birlikdə götürüb evdən çıxmış, üzərində götürdüyü narkotik vasitə heroini istəyən olsa satacağını düşünmüşdür. Həmin gün saat 20:00 radələrində yaşadığı evin qarşısında dayanan zaman iki nəfər mülki geyimdə olan tanımadığı şəxslər ona yaxınlaşaraq özlərini polis əməkdaşı kimi təqdim etmişlər və onu Sabunçu rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinə dəvət etmişlər. Polis şöbəsində təhqiqatçı tərəfindən şübhəli şəxs kimi tutulmuş, ona müdafiəçi təyin edilmiş və üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Bundan sonra üzərinə şəxsi axtarış keçirilmiş və o, əynində olan qara rəngli gödəkçənin sağ yan cibində olan 6 ədəd bükümdə narkotik vasitə heroini və 1 ədəd elektron tərəzini, həmin gödəkçənin sol yan cibindən isə özünə məxsus 1 ədəd “KGTEL” markalı mobil telefonu könüllü olaraq təqdim etmişdir (cild 1, iş vərəqə 66-69). Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli ilə bağlı qismən etirafını, iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Məhkəmədə şahid qismində dindirilmiş Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinin əməliyyat müvəkkili Şahid1 göstərdi ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə və psixotrop maddə əldə etməsi, üzərində saxlayaraq daşıması və satması barədə qərəzsiz mənbədən daxil olmuş əməliyyat məlumatı əsasında əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsi barədə qərar qəbul edilmiş, həmin qərar əsasında əməliyyat qrupu yaradılmış, əməliyyat qrupu onun özündən və Sabunçu rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinin əməliyyat müvəkkili Şahid2 ibarət olmuşdur. 16 fevral 2022-ci il tarixdə saat 20 radələrində Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvanının qarşısında sonuncuya yaxınlaşaraq özlərini polis əməkdaşı kimi təqdim etmişlər və Təqsirləndirilən şəxslə bir qədər söhbət etdikdən sonra ona narkotik vasitəni əldə edərək üzərində saxlaması, daşıması və satması barədə məlumat daxil olduğunu bildirmişlər. Bundan sonra təhqiqatçı ilə telefon əlaqəsi saxlayıb bir nəfər şübhəli şəxsin bölməyə gətirilməsi ehtimalının olmasını, vaxt itkisinə yol verməmək üçün bu barədə növbətçi vəkillə əlaqə saxlayıb məlumat verməsini bildirmişlər. Daha sonra Təqsirləndirilən şəxs 12-ci Polis Şöbəsinə dəvət etmişlər və sonuncu etiraz etməyərək onlarla birlikdə getmişdir. Şöbədə təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulması barədə qərar qəbul edilmiş və onun hüquqlarının müdafiə edilməsi üçün 7 saylı Vəkil Bürosundan vəkil dəvət edilmişdir. Ayrılmış vəkil Təqsirləndirilən şəxs təqdim olunmuş, ona hüquq və vəzifələri izah edilmişdir. Bundan sonra videoçəkiliş aparılmaqla təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə keçirilməsinə başlanılmışdır. Şəxsi axtarış və götürmənin başlanması anında Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edilmiş, ona paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs könüllü olaraq əynindəki qara rəngli gödəkçənin sağ yan cibindən altı ədəd sellofan bükümləri, bir ədəd elektron tərəzini, gödəkçəsinin sol yan cibindən mobil telefonu çıxarıb stolun üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs həmin bükümlərin içərisində “kakos”, yəni narkotik vasitə heroin olduğunu, həmin heroini İran İslam Respublikasının vətəndaşının dediyi bank kartına 150 manat pul köçürməklə, hava limanına gedən yolun kənarından götürdüyünü, onun bir qismini artıq satdığını, üstündəkiləri isə satış və istifadə üçün saxladığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş altı ədəd büküm və bir ədəd elektron tərəzi qablaşdırılmış, bu barədə protokol tərtib olunmuş, iştirakçılara ucadan oxunmuş, digər iştirakçılarla birlikdə həmin protokolu və qablaşdırılmış bükülünün üzərini imzalamışdır. Təqsirləndirilən şəxs saxlanılarkən, üzərinə şəxsi axtarış və götürmə keçirilərkən ona qarşı hər hansı qanunsuz təsir edilməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinin digər əməkdaşı Şahid2 Şahid1 ifadəsi ilə oxşar məzmunlu ifadə verərək onun göstərdiyi halları təsdiq etdi. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspert rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Şəxsi axtarış və götürmə aparılması haqqında 16 fevral 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs paltarında, əşyalarında və bədənində qanunla dövriyyəsi qadağan edilmiş narkotik vasitə, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyalar və ya sənədlər varsa könüllü təqdim etməsi təklif edilmiş, bundan sonra Təqsirləndirilən şəxs əynindəki qara rəngli gödəkçənin sağ yan cibindən bir ədəd qara rəngli elektron tərəzi, altı ədəd bükümdə olan kütlələri, sol yan cibindən bir ədəd qara rəngli mobil telefonu çıxarıb təqdim etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs bükümlərdəki kütlələrin “kakos” olduğunu, təxminən 4 gün əvvəl İran İslam Respublikası vətəndaşının kartına 150 manat köçürməklə hava limanına gedən yolun kənarından götürdüyünü, bir qismini satdığını, digər qismini isə satış və istifadə üçün üzərində saxladığını, tərəzini isə narkotik vasitələri çəkmək üçün istifadə etdiyini bildirmişdir. Şəxsi axtarış və götürmə zamanı videoçəkiliş aparılmış və müvafiq disk protokola əlavə edilmişdir (cild 1, iş vərəqə 31-34, 97). Məhkəmə-kimyəvi ekspertizasının 17 fevral 2022-ci il tarixli 6/982 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “ Vət. Təqsirləndirilən şəxs....” sözləri olan zərfdəki altı ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,593 qram, 0,559 qram, 0,711 qram, 0,474 qram, 0,213 qram, 0,615 qram olmaqla ümumi təmiz çəkisi 3,165 qram qəhvəyi rəngli maddələr kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə heroindir. Bir ədəd elektron tərəzinin səthində heroin izləri vardır. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in Siyahısına (Siyahı İ) daxildir. Ekspert tədqiqatından sonra heroinin qalıq çəkisi 3,065 qram təşkil etmişdir (cild 1, iş vərəqə 39-45). Ambulator məcburi-narkoloji tibbi yoxlamanın 07 iyun 2022-ci il tarixli 3061 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin, hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur (cild 1, iş vərəqə 151-152). Ambulator məhkəmə psixiatrik ekspertizasının 07 iyun 2022-ci il tarixli 1454 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur, hal-hazırda öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs barəsində aparılan istintaq hərəkətlərinin mahiyyətini dərk etmək və onlara uyğun istintaq hərəkətlərində iştirak etmək iqtidarına malikdir, törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs anlaqlı hesab olunmalıdır, onun əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür (cild 1, iş vərəqə 153-154). Baxış keçirilməsi haqqında 24 may 2022-ci il tarixli protokoldan görünür ki, 24 yanvar 2021-ci il tarixdən 15 fevral 2022-ci il tarixə qədər olan müddət ərzində Təqsirləndirilən şəxs adına olan ***-***-**-** saylı mobil nömrə ilə ayrı-ayrı nömrələr arasında müxtəlif sms yazışmaları aparılmışdır. Həmin yazışmalar nəzərdən keçirilərkən ***-***-**-** saylı mobil nömrəyə müxtəlif nömrələrdən başqa məzmunlu sms-lərlə yanaşı, “X7 X5 Tez Bazar Xala X6”, “Seni gozleyirem hardasan ? Seher 7 de eliyenem olurem 10 man. Var”, “15 man eleyersen 2-innen”, “Qram götüre qapiya 4o verem”, “Daş verim sənə.eridrk.gəl burada. 1 dənə bütün verdə mənə.32 yə ağ”, “15 manat yari verdə evdəyəm brat həll elədə beşdik daç varınsa”, “Salamatsan 20 vercəm sənə.5 dik daş.0.9 torpağ verdə qərdeşüvə”, “50 manat vercəm sənə 10 vermişəm 2 qram torpağ ver bidənə yerdə elə”, “Saat altida getmisəna 2 saat yarımdir yerivi di gəlim 2 qram verdə qapi”, “Qədeş.necəsən.vəziyyət.pisti. mən.bağdayam.hara. gəlim.pulda.var”, “Qaqaş səni göDirəma 20 vercəm sənə bularida 10.yari kola. 15 dik daşver”, “Rauf salam necəsən? Qaqaş maaşımız keçib kartlm zaloqdu sene beşdiy kontur atdım beşdə nəğd verim beş onnan beş bunnan verdə qardaşuva ölürəm”, “20 man var, Torpaq daw var?”, "Qaqaş gələn de mencun yarı daş düzələr? 25beşe qaqaw sabah günorta vərəm da gecə vaxtı evdən pul ala bilməyəcəm mawi almışam eve vərəm evdən indi desəm pul gecə vaxtı sora narahat olacaq mama sabah günorta işdən gəlim görsey lap deyərəm gəlib səhər evdən alarsan pulu”, “Qardasimsan bitke ver cekim vezyetim pisdi ne olar.”, “Qaqaş 20 liy düzəlt də Qaqawim”, “Berkem varindi ? Bir 5 İk ver ne olar agriyiram”, “Qaqas 15 man duzeldi qaqasiva dasi pay atarsan?”, “Rauf burdayam qaqas torpaqda verde ograsdi axsam 6 da saba 15 sende”, “Gor ne direm 15 azərbaycan manati varimdi mene qonsu olkenin torpaqinnan dasinnan lazimdi”, “Rauf 20 verim das 5 yari kola saxlatma taksideyem”, “Qaəaş belə niye eliyirsə lomkaday pis”, “Rauf bu olmadida lomkadayamemən zəng elə bu nomreye”, “Qaqas salam Elidi Rauf basva donum veziyyetim pisdi 30manat pulum var bir sey tap mene”, “Acda taksideyem 40 manaverem 30 man 1 yari kola ver 10das” və sair məzmunda sms-lər göndərilməsi, qəbul edilməsi müəyyən edilmişdir. Göründüyü kimi, bu sms mətnlərinin məzmunları müxtəlif növ narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsini, o cümlədən satışını birbaşa özündə əks etdirir. 15 yanvar 2021-ci il tarixdən 14 fevral 2022-ci il tarixə qədər olan müddət ərzində Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrə ilə müxtəlif nömrələr arasında olan sms mətnləri nəzərdən keçirilərkən, sair mətnlərlə yanaşı ***-***- **-** saylı mobil nömrədən “Qaqas salam təma lazim olsa 28 duzelir 2 sinen var naxadi uxadi", “Qaqaş yarıya əl çatır odaki 20 manat məndə pull azdi”, “Sen çalış yarının pulunu düzəlt mən gedib alaram başımızı duzəldek”, “Ay insan görürsən soxmusam danışa bilmirəm içime ..sen gel kola var”, “Torpaq daw var”, “Ay qaqas var idide balaca das vallah menden birden ikiden aldatmaq gormiusan”, “Got got hereket edircsena, mala gore qardaş deyenlerden cixdiki senin bu mesqjim ayıb olsun sene ehh sene guvendiyim daglar senede qqar yaqarmış”, “Mene koko saxlayan telefonu sondurub” və sair məzmunlu yazışmalar aparılmışdır. Bu sms mətnlərinin məzmunları da Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olmasını birbaşa təsdiq edən dəlillərdir (cild 1, iş vərəqə 144- 147). Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti başçısının Balaxanı qəsəbəsi İnzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 18 fevral 2022-ci il tarixli 472 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində 06 avqust 2011-ci il və 30 may 2013-cü il təvəllüdlü iki azyaşlı uşaqları vardır (cild 1, iş vərəqə 85). Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti başçısının Balaxanı qəsəbəsi İnzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 21 fevral 2022-ci il tarixli 15 nömrəli xasiyyətnamədə Təqsirləndirilən şəxs ilə bağlı hər hansı şikayətin daxil olmadığı göstərilmişdir (cild 1, iş vərəqə 86). Təqsirləndirilən şəxs narkotik vasitəni əldə etdiyi mənbə ilə bağlı ibtidai istintaq orqanının 10 iyun 2022-ci il tarixli qərarı ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi ayrıca icraata ayrılmışdır (cild 1, iş vərəqə 171-172). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin məlumatından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 1, iş vərəqə 92). Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir, həmin əməl qəsdən törədilmişdir, başa çatmış cinayətdir, təsnifata görə ağır cinayətdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli qərarının izah və tələblərini də rəhbər tutur. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanuna əsasən, həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli 2 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir.Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Qeyd olunan Plenum qərarının 14-cü bəndinin 2-ci abzasına əsasən, bir neçə növ narkotik vasitənin və ya psixotrop maddənin satış məqsədi ilə əldə edilməsi, saxlanılması, hazırlanması, istehsal edilməsi, emal edilməsi, daşınması və göndərilməsi müəyyən edildikdə, külli miqdar tövsifedici əlamətin olub-olmaması məsələsi həll edilərkən hər bir növ narkotik vasitənin miqdarı əsas götürülməli, hər hansı bir növ narkotikin miqdarı yuxarıda qeyd edilən siyahılarda külli miqdar kimi göstərilmiş miqdarı təşkil etdikdə əməl Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilməli, aşkar olunmuş narkotik vasitələrin və psixotrop maddələrin heç biri külli miqdar təşkil etmədikdə isə əməl (satış məqsədi ilə həmin maddələrin əldə edilməsi, saxlanılması və sair) Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə tövsif edilməlidir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş müvafiq siyahıya əsasən təmiz halda 2 qramdan artıq çəkidə narkotik vasitə heroin külli miqdar təşkil edir. Məhkəmə, Təqsirləndirilən şəxs narkotik vasitənin satışı ilə məşğul olmamasına, habelə narkotik vasitələrin həm də evdən aşkar olunması, üstündə tərəzinin olmaması barədə məhkəmədə verdiyi ifadəsini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmağa, məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək ittiham olunduğu cinayət əməlini törətməsini sübuta yetirilmiş hesab edir. Onun öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələri yuxarıda göstərilən sübutlarla cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları, o cümlədən özünün narkotik vasitənin satışı ilə məşğul olmasını birbaşa özündə əks etdirən sms yazışmalarının məzmunları ilə tam təkzib olunur. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ilə bağlı ibtidai istintaq zamanı dindirilərkən verdiyi və məhkəmə istintaqında tədqiq edilmiş ifadəsi iş üzrə digər bütün sübutların məcmusu ilə təsdiq edildiyindən, məhkəmə iş üzrə yekun qərar qəbul edərkən həmin ifadəni də sübut kimi qəbul edir. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cəza təyin edərkən məhkəmə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.4cü maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşaqlarının olmasını, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən özünü qismən təqsirli bilərək səmimi peşman olmasını, əvvəllər məhkum olunmamasını onun cəzasını yüngülləşdirən hallar qismində nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 158-ci maddəsində də birbaşa göstərilir ki, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir (maddə 158.6). Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 16 fevral 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 18 fevral 2022-ci il tarixli qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəlinin 16 fevral 2022-ci il tarixdən hesablanması qərara alınmışdır (cild 1, iş vərəqə 19, 76-78). Ona görə də, məhkəmə göstərilənləri nəzərə almaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 16 fevral 2022-ci il tarixdən hesablanmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə edilmiş hallar istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Həmin Məcəllənin 132.1.7-ci maddəsinə əsasən dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinə əsasən, maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Həmin məcəllənin 135.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə əhəmiyyət kəsb edə bilən məlumatları hərf, rəqəm, qrafika və digər işarə formasında özündə əks etdirən kağız, elektron və ya digər daşıyıcılar sənəd hesab olunur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olub Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin maddi sübutların saxlanma yerinə təhvil verilmiş, ekspert tədqiqatından sonra qalıq çəkisi 3,065 qram təşkil edən heroin və bir ədəd elektron tərəzi məhv edilməli, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinin görüntülərini özündə əks etdirən 01 ədəd ədəd disk, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən təqdim olunmuş 01 ədəd ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsidir. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 81 (səksən bir) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilməlidir (cild 1, iş vərəqə 37,182). Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün məhkəmənin qərarı ilə onun hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. Başqa sözlə, Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi məhkəmə mərhələsində Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkili X3 tərəfindən həyata keçirilmişdir. Cinayət-Prosessual Məcəllənin 193.2-ci və 193.4cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” xx.xx.2001-ci il tarixli, 31 nömrəli qərarına əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. Odur ki, həmin hesabla məhkəmə mərhələsində göstərilmiş 30 iş saatı həcmində hüquqi yardımla bağlı X2 vəkil işlədiyi Bakı şəhəri 15 saylı Vəkil Bürosunun hesabına 180 (bir yüz səksən) manat məbləğində pul köçürülməlidir. Məhkəmə gəldiyi nəticələri “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” xx.xx.2006-cı il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2011-ci il tarixli, “Məhkəmə hökmü haqqında” xx.xx.2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 16 fevral 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İş üzrə maddi sübutlar: - Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin maddi sübutların saxlanma yerinə təhvil verilmiş, ekspert tədqiqatından sonra qalıq çəkisi 3,065 qram təşkil edən heroin və bir ədəd elektron tərəzi məhv edilsin; - Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinin görüntülərini özündə əks etdirən 01 ədəd disk, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən təqdim olunmuş 01 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs 81 (səksən bir) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilsin. Məhkəmə mərhələsində göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına Bakı şəhəri 15 saylı Vəkil Bürosunun hesabına vəkil X3 üçün 180 (bir yüz səksən) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-1280/2022
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1280/2022
06.07.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver