Məhkəmə qərarları › İş №1(101)-1281/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1281/2024

04.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1281/2024 04.04.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim: Kərimova Mahirə Nəzər qızının sədrliyi ilə, Hakimlər: Məmmədov Fəxri Afiq oğlu və X2 ibarət tərkibdə, Abbasov Fəxrəddin Səlahəddin oğlunun katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1969-cu il tarixdə Ağdaş şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, ailəli, himayəsində azyaşlı uşağı olan, orta təhsilli, fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olmuş, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Abşeron rayonu, Qobu qəsəbəsində nömrəsiz fərdi evdə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (qərarın təsviri əsaslandırıcı hissəsində – CM) 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda narkotik vasitə olan heroini və külli miqdarda psixotrop maddə olan metamfetamini əldə edib üzərində saxlamış və daşımışdır. Belə ki, o, xx.xx.2023-cü il tarixdə istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq satış məqsədi olmadan 01 ədəd şəffaf sellofanın içərisində 01 ədəd ağ rəngli sellofana bükülmüş təmiz çəkisi 4,357 qram külli miqdarda qəhvəyi rəngli toz şəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini və 01 ədəd şəffaf sellofana bükülmüş təmiz çəkisi 4,710 qram külli miqdarda ağ rəngli kristallardan ibarət kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini əldə edib əynində olan mavi rəngli cins şalvarın sağ yan cibinə qoyaraq üzərində saxlayıb özü ilə Bakı şəhəri, Nəsimi rayonu ərazisinə daşımış, xx.xx.2023-cü il tarixdə, saat 18:10-da ünvan 3 ünvanının qarşısında olan zaman Yasamal RPİ-nin 29-cu polis şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq Yasamal RPİ-nin 29-cu polis şöbəsinə gətirilmiş və polis şöbəsində üzərində keçirilən şəxsi axtarış zamanı əynində olan mavi rəngli cins şalvarın sağ yan cibindən həmin 01 ədəd şəffaf sellofanın içərisində olan 01 ədəd ağ rəngli sellofana bükülmüş 4,357 qram çəkidə külli miqdarda narkotik vasitə olan heroin və 01 ədəd şəffaf sellofana bükülmüş 4,710 qram çəkidə külli miqdarda psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs CM-in 234.4.3-cü maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə, saat təxminən 13:15 radələrində polis əməkdaşları ona yaxınlaşıb avtomobillə adam vurduğunu bildirib Yasamal RPİ 29-cu PŞ-ə gətirmişlər. Saxlanılanıldığı yerdə 4 ədəd müşahidə kamerası və öz avtomobilində olan müşahidə kamerası var. Yasamal RPİ 29-cu PŞ-də İran İslam Respublikası ilə əlaqəli olduğu bildirilmişdir. O, cavabında 6 ildir İran İslam Respublikasına getmədiyini və sadəcə 2 dəfə ziyarət üçün getdiyini bildirmişdir. Yasamal RPİ 29-cu PŞ-də ona silahla, narkotik maddənin dövriyyəsi ilə və vətənə xainliklə bağlı üç işdən birini seçməyini, bunlar arasında narkotik maddələrin dövriyyəsi ilə bağlı olan işin daha yüngül olduğunu bildirmişlər. Polis əməkdaşlarından nə baş verdiyini soruşduqda, sifariş olduğunu bildirmişlər. Yasamal RPİ-nin 29-cu PŞ-də 2 saat onunla müzakirə edib 3 saat orada saxlamışlar. 6 nəfər polis əməkdaşı ilə evinə gedəcəklərini və evdən 2 kq narkotik maddə çıxaracaqları ilə hədələmişlər. Yasamal RPİ-nin 29-cu PŞ-də cibinə narkotik maddə qoyub ifadəsində nə deyəcəyini bildirmişlər. Bu əmələ görə sadəcə tənbeh veriləcəyini və 3 ay ərzində buraxılacağını bildirmişlər. Evdə azyaşlı övladları olduğundan məcbur qalıb polis əməkdaşlarının dedikləri ilə razılaşmışdır. O, ifadə verərkən və üzərindən narkotik maddəni çıxararkən video çəkiliş olmuşdur. O, saxlanıldıqdan 4-5 saat sonra çəkiliş olmuşdur. O, suallara cavab olaraq bildirmişdir ki, din xadimidir və bəzən sosial şəbəkələrdə dini paylaşımlar etdiyinə görə onu saxlamışlar. Ağdaş rayonunda baş axund vəzifəsində işləmiş və 2002-ci ildə həmin işdən ayrılmışdır. Sonuncu İsrail-Fələstin problemləri başlayan zaman o da ümumi paylaşımlar etmişdir. Polis əməkdaşlarının fiziki hər hansı təzyiqi olmamış, sadəcə hədə-qorxuya görə sonuncuların dedikləri ilə razılaşmışdır. Yasamal RPİ 29-cu PŞ-də 2 gün ərzində şəxsi işi yazılmış, 4 gün ərzində yekunlaşdırıb BİT-ə göndərilmişdir. Sonradan haqqında tərtib olunan sənədlərlə tanış olmuş və təəccüblənmişdir. Polis əməkdaşları onu saxlayan zaman yanında başqa kimsə olmamış, lakin avtomobilində kamera olmuşdur. Həmin kamera evdə maşınındadır. Saxlanılan zaman qeyd olunan görüntüləri silməyiblərsə avtomobildə qalmalıdır. Saxlanılan zaman avtomobilində olan pulunu da oğurlamışlar. Avtomobilini idarə edib Yasamal RPİ 29-cu PŞ-ə gətirən polis əməkdaşı pulunu oğurlamışlar. Saxlanıldıqdan sonra bu barədə yaxınlarına məlumat vermədiklərinə görə ailə üzvlərindən DİN-in 102 xidmətinə müraciət etmişlər. Ailəsinin saxlanıldığı vaxtdan 1 həftə sonra bu barədə məlumatları olmuşdur. Polis əməkdaşları onu saxlayan zaman üzərinə baxış və ya çəkiliş həyata keçirməmişlər. Polis əməkdaşları Yasamal RPİ-nin 29-cu PŞ-də metamfetamin və heroini cibinə qoyaraq hansı ifadələri verməli olduğunu bildirmişlər. Polis əməkdaşları ona «qeyd olunan narkotik maddələri tapdığını, bir gün özündə saxladığını və növbəti gün polis əməkdaşlarına təhvil verəsi olduğu» kimi ifadə verməli olduğunu bildirmişlər. Bu ifadəni verəndə və üzərinə baxış keçirilərkən çəkiliş həyata keçirilmişdir. Həmin çəkilişdə vəkil də iştirak etmiş və sonda onunla birlikdə vəkil də sənədləri imzalamışdır. Vəkildən soruşmağına baxmayaraq cibinə qoyulan narkotik maddənin adını deməmişdir. Cibinə qoyulan narkotik maddənin adını BİT-də bilmişdir. O, dindirmə protokolunu da imzalamışdır. BİT-ə gətirildikdən 2 gün sonra 3 ay sonra buraxılacağını bildirib müəyyən sənədlər imzalatdırmışlar. Barəsində olan bu hərəkətlərə görə müvafiq qurumlara müraciət etmiş və “məsələyə baxılır” kimi cavablar gəlmişdir. O, saxlanılıb Yasamal RPİ-nin 29-cu PŞ-ə gətirildikdən sonra polis əməkdaşlarına öz işi barədə ətraflı məlumat verməmiş, sadəcə usta olduğu barədə ifadə vermişdir. İbtidai istintaq zamanı verdiyi ifadə hamısı polis əməkdaşları tərəfindən edilmiş hədələrlə bağlıdır. Belə ki, polis əməkdaşları ya silahları götürməyi, ya da ki, yaşadığı evə gedib kilo ilə narkotik vasitə çıxartmaqla hədələmişlər, o da ailə üzvlərinin görməmələri, narahat olmamaları üçün polis əməkdaşlarının dedikləri ilə razılaşmışdır. O, məhkəmədən ailə vəziyyətinin, işinin nəzərə alınmasını xahiş edir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Məhkəmə qanunun sadalanan bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəylərini və digər sənədləri də iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilərək tədqiq olunmuş ifadəsində göstərmişdir ki, 25 oktyabr 2023-cü il tarixdə, səhər saatlarında yaşadığı Abşeron rayonu, Qobu qəsəbəsi ərazisində evinin yaxınlığından yerdən şəffaf sellofana bükülmüş bükülünü tapmış, həmin bükülünün içərisində nə olduğu onda maraq oyatdığı üçün həmin bükülünü sonradan baxmaq üçün əynində olan mavi rəngli cins şalvarın sağ yan cibinə qoymuşdur. Bundan sonra 26 oktyabr 2023-cü il tarixdə öz şəxsi işləri ilə əlaqədar idarə etdiyi "Reno Loqan" markalı, **- PK-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Nəsimi rayonu ərazisinə getmiş, 26 oktyabr 2023-cü il tarixdə, saat 18:10 radələrində o, ünvan 5 ünvanının qarşısında olan zaman iki nəfər pülki geyimli şəxs ona yaxınlaşaraq ona özlərini Yasamal RPİ-nin 29-cu PŞ-nin əməkdaşları kimi təqdim edib onlarla birlikdə 29-cı polis şöbəsinə getməyi təklif etmişlər. O, polis əməkdaşlarının təklifi ilə razılaşmış və onu idarə etdiyi avtomobillə birlikdə 29-cu PŞ-nə gətirmişlər. Polis şöbəsində olan zaman onun barəsində şübhəli şəxsi tutma haqqında qərar çıxarılmış va onu Bakı şəhər «Mərkəz» Vəkil Bürosunun vəkillərinin siyahısı təqdim olunmuşdur. O, vəkillərin siyahısı ilə tanış olduqdan sonra vəkil X7 hüquqlarının müdafiə etməsini istəmişdir. Bundan sonra vəkil K.Bağırov xidməti otağa dəvət olunmuş və ona vəkil kimi təqdim edilmişdir. Polis şöbəsinin inzibati binasında videoçəkiliş vasitəsi ilə onun üzərində şəxsi axtarış keçiriləcəyi bildirilmiş, üstündə şaxsi axtarış keçirilməzdən əvvəl polis əməkdaşları tərəfindən ona hüquq və vəzifələri izah edilmiş, həmçinin videoçəkiliş vasitəsi ilə üzərində axtarış keçirilməyə başlanmışdır. Şəxsi axtarış zamanı ona üzərində qanunazidd əşya va yaxud predmet olacağı təqdirdə, həmin əşyaları könüllü olaraq təqdim etmək təklif edilmişdir. O, da bundan sonra əynində olan mavi rəngli cins şalvarın sağ yan cibində saxladığı yerdən tapdığı şəffaf sellofana bükülmüş bükülünü təqdim etmişdir. Onun üstündə həmin vaxt başqa heç nə olmamışdır. Həmin bir ədəd bükülü polis əməkdaşları tərəfindən götürülmüş, həmin bükülüyə baxan zaman bükülü açılmış və bükülünün içərisində iki ədəd ayrı ayrılıqda biri şəffaf və digəri ağ rəngli sellofana bükülmüş iki ədəd ayrı-ayrı bükümlər olmuşdur. Həmin bükümlərdən şəffaf rəngli olanın içərisində ağ rəngli kristalşəkilli maddə, ağ rəngli olanın içərisində isə qəhvəyi rəngli maddə olmuşdur. Hər iki büküm orada olan şəxslərin iştirakı ilə zərfə qoyularaq qablaşdırmaqla, möhürlənmiş, bu barədə protokol tərtib edilmiş, həmin protokolla qablaşdırılmış zərfə onunla bərabər orada olan digər iştirakçılar da imza atmışdır.Törətdiyi əməldən çox peşmandır. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 2023-cü il oktyabr ayının əvvəlləri Təqsirləndirilən şəxs barəsində narkotik maddələrin qəbulu ilə bağlı məlumat daxil olmuşdur. 25 oktyabr 2023-cü il tarixdə Nəsimi rayonu, Ə.Salamzadə küçəsi 33 ünvanında Təqsirləndirilən şəxs yaxınlaşıb Polis şöbəsinə dəvət etmişlər. O da yanında olmaqla Təqsirləndirilən şəxs öz maşını ilə Yasamal RPİ 29-cu PŞə gəlmişlər. Yasamal RPİ 29-cu PŞ-də təhqiqatçının otağında Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmiş və sonuncu özü üzərində olan narkotik maddələri çıxarıb təqdim edərək həmin narkotik maddələri yerdən tapdığını bildirmişdir. O, verilmiş suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs üzərindən aşkarlanan narkotik maddə iki bükümdə, biri qəhvəyi rəngdə, digəri kristal formada olmuşdur. Saxlanılma tarixi ola bilsin yanlış demiş, 26 oktyabr 2023-cü il idi. Təqsirləndirilən şəxs ailəsi ilə təhdid edilməsi ilə bağlı verdiyi ifadə yanlışdır, şəxs özü vəkilin iştirakı ilə videoçəkiliş vasitəsilə ifadə vermişdir. Təqsirləndirilən şəxs avtomobilində kamera olduğu barədə məlumatı yoxdur. Təqsirləndirilən şəxs Yasamal RPİ-nin 29-cu PŞə gəldiyi avtomobil lizinqdə olduğundan bank əməkdaşları şöbənin həyətindən gəlib aparmışlar. Təqsirləndirilən şəxs saxlanılmasını Şahid1lə həyata keçirmişlər. Təqsirləndirilən şəxs hər hansı fiziki və ya psixi təzyiq olmamış və onların dəvəti ilə Yasamal RPİ-nin 29-cu PŞ-ə özü gəlmişdir. Təqsirləndirilən şəxs sosial şəbəkədə hər hansı paylaşıma görə saxlanılması ilə bağlı məlumatı yoxdur. Təqsirləndirilən şəxs Nəsimi rayonu, Ə.Salamzadə küçəsində saat 18-00-da saxlamışlar. Təqsirləndirilən şəxs öz avtomobilini özü idarə edərək Yasamal RPİ 29-cu PŞ-ə gəlmişdir. Təqsirləndirilən şəxs üzərinə baxış təhqiqatçı tərəfindən həyata keçirilmişdir. Təqsirləndirilən şəxs üzərində olan narkotik maddələri özü təhvil vermiş, sonuncunun barəsində məlumat narkotik maddələrin satışı ilə bağlı olmuşdur. Təqsirləndirilən şəxs saxlanılan zaman narkotik maddələri satmamış və sadəcə qeyd olunan ünvanda dayanmışdır. Təqsirləndirilən şəxs saxlanılmamışdan əvvəl iş yeri barədə məlumatları olmamış, sadəcə avtomobilinin qeydiyyat nişanı barədə məlumatları olmuşdur. Təqsirləndirilən şəxs Yasamal RPİ-nin 29cu PŞ-ə gətirildikdən sonra şəxsiyyətin müəyyənləşdirmişlər və usta işlədiyini bildirmişdir. Təqsirləndirilən şəxs üzərinə baxış keçirilməsi ilə bağlı protokol tərtib olunmuş və orada o da iştirak etmişdir. Təqsirləndirilən şəxs üzərinə baxış keçirilməsi ilə bağlı protokolu özü və vəkili də imzalamışdır. B.X3 müayinə olunması ilə bağlı hər hansı məlumatı yoxdur. Təqsirləndirilən şəxs saxlanılmamışdan 1 həftə əvvəl sonuncu barəsində məlumat daxil olmuşdur. Təqsirləndirilən şəxs saxlanılan zaman narkotik maddəni satması barədə dəlil olmamışdır, əgər satdığı şəxs olsa idi sonuncu ilə Təqsirləndirilən şəxs üzləşdirərdilər. Təqsirləndirilən şəxs öz avtomobilinin yanında dayandığı vaxt sonuncuya yaxınlaşmışlar. Təqsirləndirilən şəxs öz avtomobilində Yasamal RPİ 29-cu PŞ-ə gətirilmişdir. Təqsirləndirilən şəxs qarşı polis əməkdaşları tərəfindən hər hansı fiziki və ya psixi təsir olmamışdır. İbtidai istintaq dövründə verdiyi ifadəni təsdiq edir. Bundan başqa, qanunla müəyyən olunan qaydada məhkəmənin yeri və vaxtı barədə məlumatlandırılmasına baxmayaraq, məhkəmə baxışı zamanı iştirak etməmiş, məhkəməyədək icraat zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid1 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilərək tədqiq olunmuş ifadəsində göstərmişdir ki, Bakı şəhəri Yasamal rayonu ərazisində Təqsirləndirilən şəxs mütamadi olaraq qanunsuz narkotik vasitələrin əldə etməsi, saxlanması və qəbulu ilə məşğul olması barədə Yasamal rayon Polis İdarəsinin 29-cu PŞ-nə daxil olmuş əməliyyat məlumatını yoxlamaq və Təqsirləndirilən şəxs cinayət başında ifşa etmək məqsədi ilə 26 oktyabr 2023-cü il tarixdə, o və 29-cu PŞ-in baş əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 ibarət əməliyyat qrupu təşkil olunmuşdur. Keçirilmiş əməliyyat tədbirləri nəticəsində həmin gün saat 18:10 radələrində ünvan 3 ünvanının qarşısında Təqsirləndirilən şəxs yaxınlaşıb özlərini təqdim etmiş və sonuncunu Bakı şəhəri Yasamal RPİ-nin 29-cu Polis Şöbəsinə dəvət etmişlər. Həmin vaxtı Təqsirləndirilən şəxs onlarla razılaşaraq idarə etdiyi «Renault Loqan» markalı, **-PK-*** dövlət nömrə nişanlı avtomobilə birlikdə 29-cu Polis Şöbəsinə gəlmiş və şöbənin xidməti otaqlarının birində video çəkiliş vasitəsi ilə Təqsirləndirilən şəxs üstünə şəxsi axtarış aparılması ona bildirilmişdir. Şəxsi axtarış aparılmazdan əvvəl Təqsirləndirilən şəxs hüquq və vəzifələri, həmçinin vəkildən istifadə etmək hüququ izah edilərək vəkillərin siyahısı təqdim edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs təklif edilmişdir ki, üstündə hər hansı qeyri-qanuni və ya qanuni nə varsa, təqdim etsin. Təqsirləndirilən şəxs təklifə əsasən əynindəki mavi rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd şəffaf sellofan bükümü çıxarab könüllü təqdim etmiş, sonuncunun təqdim etdiyi sellofan büküm açıldıqda içərisində 01 ədəd ağ sellofana bükülmüş içərisində ağ rəngli kristall şəkilli psixotrop maddəyə oxşar maddə, digər ikinci bükümdə isə qəhvəyi rəngli narkotik vasitəyə oxşar kütlə olmasını aşkar olunmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş bükümlərin içərisində nə olduğunu bilmədiyini, yaşadığı binanının həyətindən taparaq üzərində saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 02 ədəd bükümdə olan qəhvəyi rəngli toz şəkilli narkotik vasitəyə oxşar maddə və ağ rəngli kristall şəkilli psixotrop maddəyə oxşar maddə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan bir ədəd kağız zərfdə qablaşdırılaraq DİN-in möhürü ilə möhürlənmiş, bu barədə müvafiq protokol tərtib edilmişdir. Həmin protokol iştirakçılara ucadan oxunmuş və düzgün tərtib edildiyinə görə imzalarla təsdiq edilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs qarşı heç bir təzyiq və təsir olunmamışdır. Bundan başqa Təqsirləndirilən şəxs idarə etdiyi «Renault Loqan» markalı, **-PK-*** dövlət nömrə nişanlı avtomobilə baxış keçirilmiş və baxış zamanı avtomobildən iş üzrə əhəmiyyət kəsb edən əşya, pridmet və ya narkotik vasitə aşkar olunmamışdır. Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması barədə dəfələrlə əməliyyat məlumatları daxil olmuşdur. Şahid qismində dindirilmiş Şahid2 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilərək tədqiq olunmuş ifadələrindən görünür ki, digər Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadələrini təkrarlayaraq, ibtidai istintaq zamanı eyni məzmunda ifadə vermişdir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli qərardan qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində CM-nin 234.4.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmışdır. (l cild i.v. 1) xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Yasamal rayonu və Nəsimi rayonu ərazilərində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olması barədə Yasamal RPİ-nin 29-cu PŞ-nə daxil olmuş məlumat əsasında sonuncunun müəyyən edilib ifşa edilməsi istiqamətində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi qərara alınmışdır. (l cild i.v. 5) xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə, saat 19:25-də CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Təqsirləndirilən şəxs azadlığının məhdudlaşdırıldığı vaxtdan, yəni xx.xx.2023-cü il tarixdə, saat 18:10-da tutulmuş hesab edilmişdir. (l cild i.v. 24) xx.xx.2023-cü il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan, xx.xx.2023-cü il tarixli protokoldan və ona əlavə edilmiş diskdən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə təqdim etməsi təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan mavi rəngli cins şalvarın sağ yan cibindən sellofana bükülmüş içərisində 01 ədəd şəffaf sellofana bükülmüş bükülü çıxardaraq təqdim etmişdir. Həmin bükümə baxan zaman içərisində 01 ədəd şəffaf sellofana bükülmüş kristal şəkilli maddələr olan və 01 ədəd ağ rəngli sellofana bükülmüş içərisində qəhvəyi rəngli maddələr olan iki ədəd ayrı-ayrı bükümlərin olduğu müəyyən edilmişdir. O, həmin bükümlərin içərisində olan maddələrin nə olduğunu bilmədiyini, həmin bükümləri xx.xx.2023-ci il tarixdə, səhər saatlarında yaşadığı binanın həyətindən tapdığını və üzərində daşıyaraq xx.xx.2023-cü il tarixdə, saat 18:10-da polis əməkdaşları tərəfindən Nəsimi rayonu, Ə.Salamzadə küçəsi 33 ünvanının qarşısında idarə etdiyi "Reno” loqan markalı **-PK-*** dövlət qeydiyyat nişanlı avtomobilində saxlandığını, narkotik maddələrin satışı ilə məşğul olmadığını, başqa heç bir yerdə narkotik tərkibli maddələr saxlamadığını bildirmişdir. Həmçinin, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılmış, lakin şəxsi axtarış zamanı cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və maddələr aşkar edilməmişdir. Bundan sonra şübhəli şəxsə avtomobilində hər hansı qadağan olunmuş əşya, predmet və yaxud dövriyyəsi qanunla qadağan olunmuş narkotik vasitələr olub-olmaması, varsa təqdim etməsi təklif edilmiş, şübhəli şəxs avtomobilində hər hansı qanunsuz əşya predmet olmadığını bildirmişdir. Bundan sonra şübhəli şəxsə avtomobilinə baxış keçirilməsi təklif edilmiş, şəxsi axtarış və götürmədə, müdafiəçi və şübhəli şəxsin iştirakı ilə idarə etdiyi, 29-cu PŞ-nin inzibati binasının həyətində olan “Reno” Loqan markalı ** PK *** dövlət qeydiyyat nişanlı avtomobilə videoçəkilişlə baxış keçirilmişdir. Baxış zamanı avtomobilin salonunda və yük yerində hər hansı qanunsuz əşya predmet aşkarlanmamışdır. (l cild i.v. 34-35, 54) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 3-16- 16/2-6/5753 saylı, xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Arayışlar üçün № 169” dairəvi möhür əksi və “... Şübhəli şəxs: Təqsirləndirilən şəxs –imza; üç imza, təhqiqatçı: A.Əlizadə-imza...” bir ədəd kağız zərfdə 01 (bir) ədəd bükümdə təmiz çəkisi - 4,357 qram olan qəhvəyi rəngli toz şəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə –heroindir, 01 ədəd bükümdə təmiz çəkisi - 4,710 qram olan ağ rəngli kristallardan idarət maddələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. (İ cild i.v. 42-46) Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-ci il tarixli, 5(004)-1164/2023 saylı qərarından görünür ki, Yasamal rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsinin baş əməliyyat müvəkkili Şahid2 tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli qərar qanuni hesab edilmişdir. (İ cild i.v. 50) xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. (İ cild i.v. 57-58) Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-ci il tarixli, 4(004)-845/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 04 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli xx.xx.2023-cü il tarixdən, saat 18:10-dan hesablanmışdır. (İ cild i.v. 84-86) Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin xx.xx.2023-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs sonuncu dəfə Ağdam Rayon Xalq Məhkəməsinin xx.xx.1993-cü il tarixli hökmü ilə CM-in (köhnə redaksiyası ilə) 185.1-ci maddəsi ilə təqsirli bilinərək 06 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.1998-ci il tarixdə CM-in 50-ci maddəsinə əsasən vaxtından əvvəl şərti azad edilmişdir. (İ cild i.v. 97-98) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi, X14 Ambulator X1 ekspert komissiyasının xx.xx.2023-cü il tarixli, 7587 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya və alkoqolizm xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniyadan və alkoqolizm xəstəliyindən əzab çəkmir. Narkomaniyadan və alkoqolizmdən məcburi müalicəyə ehtiyacı yoxdur. (İ cild i.v. 111-112) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X17 Ambulator Məhkəmə Psixiatrik Ekspertizasının xx.xx.2023-cü il tarixli, 3089 nömrəli rəyindən görünür ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs hal-hazırda hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur. Bunu cinayət işi materialları, anamnestik məlumatlar və hal-hazırda psixiatrik müayinənin nəticələri və.s. sübut edir. Belə ki, Təqsirləndirilən şəxs əvəllər psixiatrik müəssisələrə müraciət etməmiş, onda hərhansı psixi pozuntu əlamətləri təsvir olunmamış, həmçinin hazırki, müayinə zamanı psixi xəstəlik əlamətləri müəyyən edilməmişdir. Yoxlanılan şəxs X6 qeyd edilən cinayət hadisəsini törədərkən öz əməlini faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs halhazırda da öz hərəkətlərinin faktiki xarakterinin və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək, öz hərəktlərini ölçüb-biçib ona rəhbərlik etmək iqtidarındadır. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hal-hazırda hər hansı bir psixi xəstəlik müəyyən edilmir. Təqsirləndirilən şəxs hal-hazırda hər hansı bir psixi xəstəlik aşkar olunmur. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci və 22ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hazırki psixi vəziyyətinə görə özünə və ətrafındaklara qarşı təhlükəli deyil. (İ cild i.v. 113-115) xx.xx.2023-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, şəxsi axtarış və götürmə aparılmasına dair video görüntünü əks etdirən 01 ədəd CD disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarında saxlanılmış, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş təmiz çəkisi 4,357 qram narkotik vasitə heroin, təmiz çəkisi 4,710 qram psixotrop maddə metamfetamin maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatından qalıq qalmış 4,307 qram narkotik vasitə heroin, 4,660 qram psixotrop maddə metamfetamin saxlanılması üçün Yasamal RPİ-nin maddi sübutları saxlama kamerasına təhvil verilmişdir. (İ cild i.v. 120-131) Azemis elektron məhkəmə informasiya sistemindən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2008-ci il təvəllüdlü X8, xx.xx.2023-cü il təvəllüdlü X4, xx.xx.2012-ci il təvəllüdlü X5 adlı azyaşlı və yetkinlik yaşına çatmayan uşaqları vardır. Məhkəmə qeyd edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddəni əldə edib üzərində saxlamağa, daşımağa görə CM-in 234.4.3-cü maddəsi ilə ittiham elan edilmişdir. Lakin Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitə və psixotrop maddəni satış məqsədi ilə əldə etməsi barədə nəticəyə gələrkən ibtidai istintaq orqanının iş materiallarında olan istinad etdiyi sübutların hər hansı biri bu qənaəti təsdiq etmir. Məhkəmə istintaqı zamanı da Təqsirləndirilən şəxs üzərindən aşkar edilən külli miqdarda narkotik vasitə və psixotrop maddəni qanunsuz olaraq satış məqsədi ilə əldə etməsi, saxlaması və daşımasını təsdiq edən heç bir sübut müəyyən olunmadı. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitə və psixotrop maddəni məhz satış məqsədi ilə əldə etməsi və saxlaması ilə bağlı ittihamın əsaslandırılması üçün hər hansı mötəbər sübut təqdim edilməmişdir. Təqsirləndirilən şəxsin narkotik vasitə və psixotrop maddəni satmaq niyyətinin olub-olmaması ilə bağlı qənaətə gəlmək üçün vacib məqamlardan biri də onun hər hansı istehlakçı ilə əvvəlcədən razılıq əldə edibetməməsinin müəyyənləşdirilməsidir. Bu halla əlaqədar ibtidai istintaq orqanı tərəfindən hər hansı sübut belə əldə olunmamışdır. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışı müəyyənləşdirilmişdir. Belə ki, qeyd olunan Qanunun həmin maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Lakin məhkəmə baxışı zamanı araşdırılmış sübutlarda və bütövlükdə işin materiallarında Təqsirləndirilən şəxs tərəfindən ondan aşkar edilmiş psixotrop maddəni əvəzli və ya qazanc əldə etmək, yaxud sair şəxsi maraq məqsədi ilə satılmasına yönəlmiş hər hansı hərəkət edilməsini təsdiq edən heç bir sübut aşkar olunmadı. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx.xx.2011-ci il tarixli qərarının 9-cu bəndində tövsiyə edilir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Göründüyü kimi, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarında təqsirkarın narkotik vasitələri satmaq niyyətində olmasını müəyyən etmək üçün narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, onların hazırlanması üçün avadanlığın olması və s. halların da nəzərə alınması tövsiyə edilir. İş materiallarından göründüyü kimi istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi ilə bağlı hər hansı sübut müəyyən edilməmiş, qeyd edilmiş narkotik vasitə və psixotrop maddənin hazırlanması üçün avadanlığın olması da iş materialları ilə sübuta yetirilməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “CM-in 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. İbtidai araşdırma zamanı toplanmaqla mötəbər və obyektiv sübutlar əsasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq təmiz çəkisi 4,357 qram külli miqdarda narkotik vasitə olan heroini və təmiz çəkisi 4,710 qram külli miqdarda psixotrop maddə olan metamfetamini əldə edib üzərində saxlayaraq daşımışdır. Qeyd edilən hallar cinayət işinin mübahisəsiz hallarıdır. Lakin ibtidai araşdırma orqanı Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş külli miqdarda narkotik vasitə heroini və psixotrop maddə metamfetamini əldə edərkən, üzərində saxlayarkən və daşıyarkən məqsədinin və niyyətinin satış olmasını müəyyən etməmişlər. Halbuki, bu halların müəyyən edilməsi Təqsirləndirilən şəxs əməlinin tövsifində həlledici rol oynayır. Məhkəmə kollegiyası hesab edir ki, hər hansı şəxsin qanunsuz olaraq satış məqsədi ilə narkotik vasitə və psixotrop maddə əldə etməsi, qeyd edilən vasitə və maddələrin satışı ilə məşğul olması mütləq qaydada mötəbər sübutlarla (məsələn, tərəzi, “müştəri” ilə telefon danışıqları, sms yazışmaları, “şərti alıcı” ilə bağlı hərəkətlər və sair) təsdiq olunmalıdır. Lakin iş materiallarından da göründüyü kimi qeyd edilən hallar ibtidai istintaq orqanı tərəfindən müəyyən olunmamışdır. Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddəni satış məqsədi ilə əldə etməsinə dair fikir ibtidai istintaq orqanının mülahizəsidir. Yaranmış şübhələr isə toplanmış sübutların məcmusu nəzərə alınmaqla Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 351.3.4-cü maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Məhkəmə şahidlərin ifadələrini, şəxsi axtarış və götürmə aparılması haqqında protokolu, aşkar edilmiş narkotik vasitə və psixotrop maddənin növünün, çəkisinin müəyyən edilməsinə dair məhkəmə-kimyəvi ekspertizasının rəyini sübut növləri kimi qəbul edir və onları qiymətləndirərək qeyd edir ki, bu sübutlar təqsirləndirilən şəxsə elan edilmiş satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddə əldə etməsi, saxlaması və daşıması barədə ittihamı təsdiq etmir. Bununla bərabər, həmin sübutlar iş üzrə məhkəmə istintaqında tədqiq edilmiş digər sübutların məcmusu ilə birlikdə təqsirləndirilən şəxsin yalnız satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddəni əldə etmə, saxlama və daşıma cinayətini törətməsi ilə bağlı mötəbər və yekun nəticəyə gəlməyə imkan verir. Bu səbəbdən məhkəmə kollegiyası Təqsirləndirilən şəxs qeyd edilən çəkidə narkotik vasitə heroini və psixotrop maddə metamfetamini öz şəxsi istifadəsi üçün əldə etməsini daha ağlabatan və inandırıcı hesab etməklə yanaşı, onun üzərindən aşkar edilmiş narkotik vasitə və psixotrop maddəni satmaq məqsədi ilə deyil, öz şəxsi istifadəsi üçün qanunsuz olaraq əldə etmə, saxlama və daşıma kimi qiymətləndirir. “Barbera, Messege və Yabardo İspaniyaya qarşı” şikayətlə bağlı qərarında Avropa Məhkəməsi bildirmişdir ki, təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, məhkəmənin tərkibi öz vəzifələrini icra edərkən, təqsirləndirilən şəxsə istinad edilən cinayətin onun tərəfindən törədildiyi kimi qərəzli mövqedən çıxış etməməlidir və bunu sübut etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür, istənilən şübhə isə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin: 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Cinayət və Cinayət-Prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. 21.3-cü maddəsinə əsasən cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Təqsirləndirilən şəxsin özünü müdafiə xarakterli ifadələri müvafiq sübutlarla təkzib olunmadıqda və ya yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri başqa sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar təqsirləndirilən şəxsin xeyrinə həll edilir. 351.2 və 351.3.4-cü maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır, məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə həll edir. 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. 146.1-ci maddəsinin tələbinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilmiş ittiham daxilində baxılır və məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxmaq hüququna malikdir. Məhkəmə, Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü təqsirli bilməməsi, psixoloji təzyiqlərə məruz qaldığından ibtidai istintaq zamanı etirafedici ifadələr verməsi və s. ilə bağlı verdiyi ifadələrini onun müdafiə mövqeyinə söykənən şəxsi mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yayınmağa, məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək onun satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda psixotrop maddə metamfetamini əldə etməsini, saxlamasını və daşımasını sübuta yetirilmiş hesab edir. Təqsirləndirilən şəxs öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələri yuxarıda göstərilən sübutlarla - şahidlərin ifadələri, şəxsi axtarış və götürmə haqqında protokol, habelə iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları, cinayət işinin digər materialları ilə təkzib olunur. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı dindirilərkən verdiyi və məhkəmə istintaqında tədqiq edilmiş etirafedici ifadələri iş üzrə digər bütün sübutların məcmusu ilə təsdiq edildiyindən, məhkəmə iş üzrə yekun qərar qəbul edərkən həmin ifadələri də sübut kimi qəbul edir. Məhkəmə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, şahidlərin ifadələrini tədqiq edib Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs hazırkı cinayət işi üzrə olan əməli CM-in 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilməli və ona həmin maddə ilə cəza təyin edilməlidir. Odur ki, məhkəmə Təqsirləndirilən şəxs əməlini CM-in 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edir. Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs CM-in 234.1-1-ci maddəsində nəzərdə tutulmuş əməli qəsdən törətmişdir, həmin əməl başa çatmış cinayətdir, təsnifata görə ağır cinayətdir. Beləliklə, məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən CM-in 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, CM-in 234.1-1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarının 23-cü bəndində qeyd edilir ki, “Məhkəmələr nəzərə almalıdır ki, CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Deveyer Belçikaya qarşı» iş üzrə qərarında göstərmişdir ki, «ittiham» termininə formal cəhətdən deyil, məzmun cəhətdən anlayış verilməlidir və Məhkəmə ittihamın zahiri təzahürlərinin arxasında nəyin durduğunu nəzərdən keçirməli və ittihamın irəli sürülməsi prosedurunun reallıqlarını araşdırmalıdır. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə CM-in 59.1.4, 59.2-ci maddəsinə əsaslanmaqla təqsirləndirilən şəxsin himayəsində bir nəfər azyaşlı, iki nəfər yetkinlik yaşına çatmayan uşaqlarının olmasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. CM-nin 61-ci maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman CM-in 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 234.1-1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini, cəzanı yüngülləşdirən halı nəzərə alaraq Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə CM-in 234.1-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Məhkəmədə tədqiq edilmiş və işdə olan xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə, saat 19:25-də CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə şübhəli şəxs qismində tutulmuş, Təqsirləndirilən şəxs azadlığının məhdudlaşdırıldığı vaxtdan, yəni xx.xx.2023-cü il tarixdə, saat 18:10-da tutulmuş hesab edilmişdir, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-ci il tarixli, 4(004)-845/2023 saylı qərarı ilə barəsində 04 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli xx.xx.2023-cü il tarixdən, saat 18:10-dan hesablanmışdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanma müddətinin əvvəli onun azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanmalı və həbsdə saxlanması müddəti ona təyin olunacaq cəza müddətinə daxil edilməlidir. Belə ki, təqsirləndirilən Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. CM-in 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələrində cəzasını çəkməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs, ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı, CM-in 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə ekspertizası tədqiqatının dəyəri olan 92 manat Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə hesabına keçirilməlidir. Məhkəmə, CPM-in 132-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və Yasamal RPİ-nin maddi sübutları saxlama kamerasına təhvil verilmiş ekspertiza tədqiqatından qalıq qalmış 4,307 qram narkotik vasitə heroin, 4,660 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Həmçinin iş üzrə maddi sübut kimi tanınmış şəxsi axtarış və götürmə aparılmasına dair video görüntünü əks etdirən 01 ədəd CD disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində cinayət işinin materiallarında saxlanılmalıdır. Müdafiəçi Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqdim etdiyi hesabata əsasən o, məhkəmə iclaslarında iştirak edərək təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə ümumilikdə 39 saat vaxt sərf etmişdir. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqsirləndirilən şəxsin müdafiəçisi qismində məhkəmə iclaslarında iştirak edərək ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 39 saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərdiyi cəmi 39 saat hüquqi yardıma görə Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi üçün 234 manat məbləğində pul köçürülməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən CPM-in 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmaqla həbsdə saxlama müddəti ona təyin olunmuş cəza müddətinə daxil edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış və Yasamal RPİ-nin maddi sübutları saxlama kamerasına təhvil verilmiş ekspertiza tədqiqatından qalıq qalmış 4,307 qram narkotik vasitə heroin, 4,660 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış şəxsi axtarış və götürmə aparılmasına dair video görüntünü əks etdirən 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 92 (doxsan iki) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Cinayət işi üzrə xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 39 saat hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi üçün 234 (iki yüz otuz dörd) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu andan, Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən hakim Mahirə Kərimova Hakimlər: Fəxri Məmmədov Anar Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar