Məhkəmə qərarları › İş №1(101)-1281/2025

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1281/2025

19.11.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1281/2025 19.11.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Eldar Herov oğlunun sədrliyi ilə, hakimlər Məmmədzadə Səbinə Adil qızı və Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə, məhkəmə iclası katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin böyük prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, müdafiəçilər – Bakı şəhəri, "KREDO" Vəkil Bürosunun vəkili Müdafiəçi1 və Bakı şəhəri, 2 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakı ilə, xx xxx 1991-ci ildə Bakı şəhərində doğulmuş (FİN: xxxxxxx), Azərbaycan Respublikası vətəndaşı, evli, himayəsində bir azyaşlı uşağı olan, orta təhsilli, işləməyən, Bakı şəhəri, Sabunçu Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixdə hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1, 69.3-cü maddəsi ilə təqsirli bilinib, 2 il 9 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, cəzasının 3 ay 29 günü çəkilməmiş qalan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, 21 dekabr 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri, Xəzər Rayon Məhkəməsinin həmin tarixli qərarına əsasən barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs məlum olmayan mənbədən və naməlum vaxtda satış məqsədi olmadan qanunsuz olaraq təmiz çəkisi 9,756 qram olan kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə heroini əldə edib 1 ədəd yapışqanlı selofana bükülmüş halda özündə saxlamaqla sifarişlə çağırdığı cinayətdən xəbərsiz Şahid1 idarə etdiyi «Toyota» markalı, ** BQ *** dövlət qeydiyyat nişanlı taksi avtomobilində sərnişin kimi əyləşməklə 21 dekabr 2024-cü il tarixdə Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Əli İsazadə küçəsində yerləşən bazarın qarşısına kimi daşımış, həmin gün orada saat 01:45 radələrində sürücü Şahid1 avtomobili dayandırdığı vaxt Təqsirləndirilən şəxs Bakı şəhəri, Xəzər rayon Polis İdarəsi Post-Patrul Xidməti Bölüyünün əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli şəxs kimi saxlanılaraq Xəzər rayon Polis İdarəsi, 3-cü Polis Şöbəsinin inzibati binasına gətirilmiş, həmin gün orada saat 03:15-də 3-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs üzərinə videoçəkiliş aparılmaqla müdafiəçinin iştirakı ilə baxış keçirilən zaman əynindəki qara rəngli gödəkcənin sağ yan cibindən satış məqsədi ilə əldə etdiyi təmiz çəkisi 9,756 qram olan kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə heroin 1 ədəd yapışqanlı selofana bükülmüş halda aşkar edilərək Təqsirləndirilən şəxs götürülmüşdür. İbtidai istintaq orqanı tərəfindən isə Təqsirləndirilən şəxs həmin əməli satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə etmə, daşıma və saxlama kimi qiymətləndirilmiş, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham verilmişdir. Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittiham üzrə məhkəmə baxışına təqdim edilmiş bütün sübutlar məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırıldı, bu zaman təqsirləndirilən şəxsin ondan aşkar olunmuş narkotik vasitəni məhz satış məqsədi ilə əldə etməsi, saxlaması və daşıması öz təsdiqini tapmadı. Belə ki, məhkəmə iclasında dindirilmiş Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, polis işçiləri tərəfindən saxlanılarkən onun üzərində narkotik vasitə heroin olmuş və özü etiraf edərək üstündə narkotik vasitə olduğunu polis işçilərinə etiraf etmişdir. Lakin üzərində olan heroini o, satış məqsədi ilə əldə etməmişdir. Həmin narkotiki o, öz istifadəsi üçün almışdır. Verilən sualları cavablandıran Təqsirləndirilən şəxs istintaq zamanı da verdiyi ifadəsində satış niyyətinin olmadığını və öz istifadəsi üçün aldığını dediyini, həmin narkotik vasitəni 400 manata aldığını, həmin narkotik vasitədən heç kimə satmadığını və pay kimi vermədiyini, təxminən 1 ay-ay yarım müddətə həmin narkotikdən istifadə etməyi nəzərdə tutduğunu, özünün əvvəllər də narkotik vasitədən istifadə etməyə görə məhkum olunduğunu, tutulduqdan sonra polis əməkdaşlarının onu maşına mindirib polis şöbəsinə apardıqlarını, ona vəkil təqdim olunduğunu və həmin vəkili gecə şöbəyə gətirildikdən sonra gördüyünü, ona qarşı hər hansı fiziki və ya psixoloji təzyiqlər göstərilmədiyini bildirdi. Məhkəmə iclasında zərurət yarandığından təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq edildi. Həmin ifadəsində Təqsirləndirilən şəxs göstərmişdir ki, onda təxminən son üç il ərzində narkotik vasitələrə və psixotrop maddələrə qarşı asılılıq yaranmışdır. 2024-cü ilin 20 dekabr tarixində səhər saat 09:00 radələrində sosial şəbəkə olan “İnstagram” üzərindən əvvəllər tanımadığı bir şəxsə yazmışdır. Bu şəxs həmin platformada özünü “Baba” ləqəbi ilə təqdim etmişdir. “Baba” adlı bu şəxs özünü İran vətəndaşı kimi tanıtmış və narkotik vasitələr təklif etdiyini açıq şəkildə bildirmişdir. O, narkotik vasitələrin müxtəlif növlərini əldə etmə imkanının olduğunu demiş və qiymətləri barədə məlumat vermişdir. Həmin şəxs ona 10 qram heroin adlı narkotik vasitəni 400 manata sata biləcəyini demişdir. O da, şəxsi istifadəsi üçün narkotik vasitə almağa razılaşmışdır. Razılaşma əsasında Baba ona ödəniş üçün xatırlamadığı M10 hesabı göndərmiş, həmin gün saat təxminən 19:00 radələrində həmin hesaba 280 manat pul göndərmişdir. Bu ödəniş ilkin ödəniş olmuş və onlar aralarında razılaşmışlar ki, maddəni əldə etdikdən sonra qalan 220 manatı da göndərəcəkdir. Həmin ödənişi etdikdən qısa müddət sonra “Baba” ona Ramana qəsəbəsində yerləşən bir ünvanı yazmışdır. Baba ona demişdir ki, maddə zibil qutularının yaxınlığında gizlədilmiş və oradan götürə bilər. 21 dekabr 2024-cü il tarixdə gecə saat təxminən 00:30 radələrində Binə qəsəbəsindən çıxaraq “Bolt” vasitəsilə taksi sifariş etmiş, taksi ilə Ramana qəsəbəsindəki həmin ünvana yollanmışdır. Taksi sürücüsünün bu işdən heç bir xəbəri olmamış və ona yalnız ünvan vermiş, nə məqsədlə getdiyini bildirməmişdir. Həmin ünvana çatdıqdan sonra göstərilən zibil qutularının yaxınlığında “Baba”nın bildirdiyi yerdə heroini tapıb götürmüş və eyni taksi ilə yaşadığı evə qayıtmışdır. Bazarın qarşısında taksi sürücüsü su almaq üçün maşını saxlamış, həmin vaxt polis əməkdaşları yaxınlaşaraq onunla birlikdə taksidə olan sürücünü də yoxlamışlar. Sorğu-sual zamanı bildirmişdir ki, üzərində narkotik vasitə vardır və buna görə də onları polis şöbəsinə aparmışlar. Polis şöbəsinə gətirildikdən sonra ona qarşı heç bir təzyiq və zorakılıq olmamışdır. Şöbədə ona vəkil təqdim edilmiş, sonra üzərinə şəxsi axtarış keçirilmişdir. Bu zaman ona üzərində olan qanunsuz əşyaları təqdim etmək təklif olunmuşdur. Təklifdən sonra o, əynindəki qara rəngli gödəkcənin sağ yan cibindən bir ədəd yapışqan selofana bükülmüş üzərində 10T yazısı olan bükümü təqdim etmiş və içərisində “kokos” kimi tanıdığı heroin olduğunu, həmin narkotiki 21 dekabr 2024cü il tarixdə “instaqram” sosial şəbəkə vasitəsilə tanıdığı İran vətəndaşı olan Baba adlı şəxslə danışaraq 400 manata aldığını və məkan vasitəsilə Ramanqa qəsəbəsindən götürdüyünü, həmin narkotiki şəxsi istifadəsi üçün əldə etdiyini bildirmişdir. Həmin narkotik vasitə olan büküm kağız zərfə qablaşdırılaraq möhürlənmişdir. Şəxsi axtarış zamanı ona məxsus “Redmi” markalı mobil telefon, həmçinin sağ ayağında olan azadlığın məhdudlaşdırılması cihazı da aşkar edilmişdir. Sonra protokol tərtib olunmuş, iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişir. O, saxlanılarkən və polis bölməsində olduğum zaman heç bir fiziki və ya psixoloji təzyiqlə qarşılaşmamışdır (cild 1, iş vərəqi 89-91, 148-150). Elan olunmuş ifadə ilə bağlı sualları cavablandıran Təqsirləndirilən şəxs dindirmə protokolundakı imzaların və sonda yazılmış qeydlərin ona məxsus olduğunu və həmin ifadəni təsdiq etdiyini bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri, Xəzər rayon Polis idarəsi, Post-patrul xidməti bölüyünün polis nəfəri Şahid2 ifadəsində göstərdi ki, 21 dekabr 2024cü ildə Binə qəsəbəsində xidmətdə olarkən «Toyota» markalı maşına yaxınlaşıb maşının sürücüsü ilə birlikdə adını sonradan bildikləri Təqsirləndirilən şəxs özünü şübhəli apardığını görüb şöbəyə getməsini təklif etmişlər. Şöbədə təhqiqatçı tərəfindən videoçəkiliş aparılmaqla vəkilin və polis əməkdaşları kimi onların iştirakı ilə Fəridin üzərinə şəxsi axtarış keçirilmişdir. Həmin vaxt onun əynindəki qara rəngli gödəkcənin sağ yan cibindən bir ədəd yapışqan selofana bükülmüş 10 qram çəkidə narkotik vasitə heroin aşkar olunmuşdur. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs narkotik vasitəni sosial şəbəkə vasitəsi ilə tanış olduğu Baba adlı İran vətəndaşından 400 manat müqabilində öz şəxsi istifadəsi üçün aldığını, həmin narkotik vasitəni Ramana qəsəbəsindən Babanın ona göndərdiyi məkan yerindən istifadə etməkl götürdüyünü bildirmişdir. Şəxs saxlanılarkən və polis şöbəsində olarkən ona qarşı heç bir təsir və ya təzyiq olunmamışdır. Fəridin özünü şübhəli aparması, yəni polis işçisi kimi onları görəndə uzaqlaşaraq yayınmağa cəhd etməsi onlarda şübhə yaratdığından şəxsi saxlamışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri, Xəzər rayon Polis idarəsi, Post-patrul xidməti bölüyünün polis nəfərləri Şahid3 və Şahid4 21 dekabr 2024-cü il tarixdə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlanılması, Xəzər RPİ, 3-cü Polis şöbəsinə gətirilərək üzərinə şəxsi axtarış keçirilərkən külli miqdarda narkotik vasitə heroinin aşkar edilərək götürülməsi zamanı iştirak etdiyini bildirərək, həmkarı Şahid2 məhkəmədəki ifadəsi ilə oxşar məzmunlu ifadə verdilər. Məhkəmə iclasında Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunarkən, onun taksi fəaliyyəti ilə məşğul olduğu, 21 dekabr 2024-cü ii tarixdə saat 00:30 radələrində Binə qəsəbəsində olan zaman “Bolt” taksi xidmətindən ona sifariş yönləndirildiyi, müştərini Binə qəsəbəsindən götürərək Ramana qəsəbəsinə apardığı, Ramana qəsəbəsində həmin müştərinin avtomobildən düşərək harasa getdiyi və bir qədər sonra qayıtdığı, daha sonra onu əvvəl götürdüyü ünvana gətirdiyi, saat 01:45 radələrində Binə qəsəbəsində bazarın qarşısında olan zaman su almaq məqsədilə avtomobili saxladığı, həmin vaxt polis əməkdaşlarının avtomobilə yaxınlaşaraq onları polis şöbəsinə dəvət etdikləri, polis şöbəsində avtomobilində olan Təqsirləndirilən şəxs adlı şəxsin üzərində narkotik vasitə olduğunu dediyi, həmin tarixdə onun özünün də üzərinə baxış keçirildiyi, lakin hər hansı qanunsuz əşya aşkar edilmədiyi, Təqsirləndirilən şəxs Ramana qəsəbəsinə hansı məqsədlə getməsini və oradan nə götürməsini bilmədiyini qeyd etməsi müəyyən olundu (cild 1, iş vərəqi 116-117). Məhkəmə kollegiyası iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri də sübut növləri kimi qəbul edir. Cinayət işinə əlavə olunmuş 21 dekabr 2024-cü il tarixli şəxsi axtarış, baxış və götürmə aparılması haqqında protokoldan, həmçinin həmin protokola əlavə olunmuş 1 ədəd DVD formatlı diskə baxış protokolundan görünür ki, həmin tarixdə Xəzər RPİ, Post- Patrul Xidmətinin polis nəfərləri Şahid3, Şahid4 və Şahid2, şübhəli şəxs Təqsirləndirilən şəxs və Bakı şəhəri, 8 saylı Vəkil Bürosunun vəkili X2 iştirakı ilə videoçəkiliş aparılmaqla 3-cü Polis şöbəsinin inzibati binasında Xəzər RPİ, PPXB-nün əməkdaşları tərəfindən saat 01:45-də Xəzər rayonu, Binə qəsəbəsi, Ə.İsazadə küçəsində saxlanılaraq 3-cü Polis Şöbəsinə gətirilmiş Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsində nəzərdə tutulmuş hüquq və vəzifələri izah edilmiş, üzərində qanunla dövriyyəsi qadağan edilmiş əşyaları təqdim etməsi təklif olunmuşdur. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki qara rəngli gödəkcənin sağ yan cibindən 1 ədəd yapışqan selofana bükülmüş, üzərində 10T yazısı olan bükümdə “kokos” olduğunu bildirərək təqdim etmiş, həmin maddəni 21 dekabr 2024-cü il tarixdə “instaqram” sosial vasitəsilə tanıdığı İran vətəndaşı Baba adlı şəxslə danışaraq 400 manata aldığını, məkan vasitəsilə Ramana qəsəbəsinə gedərək götürdüyünü, həmin narkotik vasitəni şəxsi istifadə məqsədi ilə üzərində saxlayıb gəzdirdiyini bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 1 ədəd bükümdə olan heroinə bənzər kütlə sübut əhəmiyyətinə malik olduğundan təhqiqatçı Elvin Hacıyev tərəfindən bir ədəd kağız zərfə qablaşdırılmaqla Daxili İşlər Nazirliyinin “Zərflər üçün 244” saylı möhürü ilə möhürlənərək götürülmüşdür. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs qara rəngli «Redmi” markalı mobil telefon və sağ ayağında olan azadlığın məhdudlaşdırılması cihazı aşkar edilmişdir. Şəxsi axtarış görüntüləri 1 ədəd diskə köçürülərək protokola əlavə edilmişdir. Tərtib edilmiş protokol iştirakçılara ucadan oxunmuş və iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişidr. Şübhəli şəxs Təqsirləndirilən şəxs barəsində şəxsi axtanş saat 03:25-də başa çatmışdır (cild 1, iş vərəqi 25-26). Məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2024-cü il tarixli 6/5533 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Arayışlar üçün № 244” dairəvi möhür əksi olan “Təqsirləndirilən şəxs” soyadlar və imzalar qeyd edilmiş bir ədəd zərfin içərisində bir ədəd bükümdə təmiz çəkisi 9,756 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxildir (cild 1, iş vərəqi 62-66). İbtidai istintaq orqanının 14 aprel 2025-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş bir ədəd zərfdə olan 1 (bir) ədəd bükümdə təmiz çəkisi 9,756 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin maddi sübut kimi tanınmış, ekspertiza tədqiqatından sonra qalıq qalan 9,706 qram çəkidə heroin məhkəmənin müvafiq qərarına qədər saxlanılması üçün Xəzər RPİ-nin maddi sübutları saxlama otağına təhvil verilmişdir (cild 1, iş vərəqi 182-194). Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2025-ci il tarixli 1954 nömrəli rəyinə əsasən, Təqsirləndirilən şəxs kannabinoidlərin, opioidlərin və psixostımulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır (cild 1, iş vərəqi 157-158). Kompleks ambulator məhkəmə-psixiatrik və məhkəmə-psixoloji ekspertizasının xx.xx.2025-ci il tarixli 1064 nömrəli rəyindən görünür ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs qeyd olunan cinayət törədilən anda xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik müəyyən edilmir. Yoxlnılan şəxs Təqsirləndirilən şəxs qeyd olunan cinayət törədilən anda öz hərəkətlərini ölçüb-biçmək və onları düzgün qavrayıb təsvir edə bilmək iqtidarında olmuşdur. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəlik aşkar olunmur. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs göstərilən cinayəti törədən anda öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəlik aşkar olunmur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür, qeyd olunan cinayət törədilən anda əqli inkişafında ruhi xəstəliklə bağlı olmayan gerilik əlamətləri olmamışdır. Təqsirləndirilən şəxs əqli inkişafında hal-hazırda gerilik əlamətləri aşkar edilmir, onun idrak prosesləri, dünyagörüşü, intellektual imkanları normaya uyğun olmaqla, adaptivlik, ünsiyyətcillik, özünəməxsus mövqeyə və prinsipə malik olmaq və s. kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Onda özündən uydurmağa və başqalarının təsiri altında hərəkət etməyə meyllilik aşkar edilmədi. Təqsirləndirilən şəxs hazırda ifadə vermək qabiliyyətinə və baş verənləri düzgün qayrayıb təsvir edə bilmək imkanına malikdir. Təqsirləndirilən şəxs cinayət törədən zaman fizioloji affekt vəziyyətində olmamışdır (cild 1, iş vərəqi 161-163). Elektron Məhkəmə portalından əldə olunmuş çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində 2018-ci il təvəllüdlü Əsman adlı bir azyaşlı uşağı vardır. Azərbaycan Respublikası DİN Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş xx.xx.2025-ci il tarixli tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri, Sabunçu rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 2 il 9 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir (cild 1, iş vərəqi 174-181). Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhər Probasiya idarəsinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Bakı şəhəri, Sabunçu rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 2 il 9 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə qeydiyyata alınmışdır. Məhkum Təqsirləndirilən şəxs hazırkı iş üzrə şübhəli şəxs qismində tutulduğu xx.xx.2024-cü il tarixə cəzasının 2 il 5 ay 27 gün hissəsini çəkmiş, çəkilməmiş qalan cəza müddəti 3 ay 29 gün təşkil edir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bildi. Yəni o, üzərindən aşkar olunmuş narkotik vasitənin növünü və çəkisini mübahisələndirmədi, polis işçiləri tərəfindən saxlanılarkən onun üzərində narkotik vasitə heroin olduğunu və özü üstündə narkotik vasitə olduğunu polis işçilərinə etiraf etdiyini, ona qarşı hər hansı fiziki və ya psixoloji təzyiqlər göstərilmədiyini, üzərində olan heroini satış məqsədi ilə deyil, öz istifadəsi üçün 400 manata aldığını, həmin narkotik vasitədən heç kimə satmadığını və pay kimi vermədiyini, təxminən 1 ay-ay yarım müddətə həmin narkotikdən istifadə etməyi nəzərdə tutduğunu bildirdi. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» 24 dekabr 2021-ci il tarixli Qərarının 33-cü bəndində məhkəmələrə tövsiyyə edilir ki, hökmün təsviri-əsaslandırıcı hissəsində təqsirləndirilən şəxsin ona verilən ittihama münasibəti öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Məhkəmə kollegiyası yuxarıda sadalanan və məhkəmədə tədqiq edilmiş bütün sübutları məcmu halında təhlil edərək belə hesab edir ki, Təqsirləndirilən şəxs külli miqdarda, yəni təmiz çəkisi 9,756 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini satış məqsədi ilə qanunsuz olaraq əldə etməsi, saxlaması və daşıması ilə bağlı verilmiş ittiham məhkəmə iclasında sübuta yetirilmədi. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli 8 №-li Qərarında məhkəmələrə edilən tövsiyyələrə əsasən CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Ali Məhkəmə Plenumunun yuxarıda adı çəkilən qərarının təfsirinə əsasən, şəxsə CM-nin 234.4.3-cü maddəsi ilə ittiham verilərkən narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Baxılan cinayət işi üzrə isə ittiham tərəfi bu cür halların mövcudluğunu müəyyən edib məhkəməyə təqdim etməmişdir. İstintaq zamanı cinayət işi üzrə Təqsirləndirilən şəxs istifadəsində olmuş 070 303-49- 81 saylı mobil telefon nömrələri ilə ötürülən məlumatlarla əlaqədar "xxxx" MMC-dən alınmış 1 ədəd CD diskə, həmçinin şəxsi axtarış zamanı üzərindən aşkar edilmiş 1 ədəd «Redmi» markalı mobil telefona baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı və ya pay verilməsinə dair hər hansı mesaj və ya zənglər, həmçinin səs yazıları, fotoşəkillər və ya videogörüntülər aşkar edilməmişdir. Göründüyü kimi, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham irəli sürülməsinə baxmayaraq, nə ibtidai istintaq dövründə, nə də məhkəmə baxışı zamanı onun narkotik vasitələrin satışı ilə məşğul olması ilə əlaqədar hər hansı sübut müəyyən olunmamışdır. Məhkəmə hesab edir ki, hər hansı şəxsin qanunsuz olaraq satış məqsədi ilə narkotik vasitələri əldə etməsi, qeyd edilən vasitələrin satışı ilə məşğul olması mütləq qaydada mötəbər sübutlarla (məsələn, tərəzi, “müştəri” ilə telefon danışıqları, sms yazışmaları, “müştərilərin” narkotik vasitələrlə bağlı sifarişləri, “şərti alıcı” ilə bağlı hərəkətlər və sair) təsdiq olunmalıdır. İş materiallarının tədqiqi zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs ondan aşkar edilərək götürülmüş narkotik vasitəni satmaq üçün alıcı axtarması, onunla sonradan sövdələşərək həmin heroini ona satacağı barədə hər hansı sübut mövcud olmamış və bütün bunlar ehtimal xarakteri daşımışdır. Bundan başqa, narkotik vasitələrin satışı müqabilində Təqsirləndirilən şəxs kimdənsə və hər hansı məbləğdə pul vəsaiti alması, yaxud hansısa gəlir əldə etməsi də məhkəmədə araşdırılmış sübutlarla müəyyən edilmir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin İ-İİİ hissələrinə əsasən hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsizliyini sübuta yetirməyə borclu deyildir. Cinayət mühakimə icratının eyni prinsipini nəzərdə tutan CPMnin 21.1-21.3-cü maddələrində göstərilmişdir ki, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə qanuni qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinə görə, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə, öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Göründüyü kimi, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs külli miqdarda, yəni təmiz çəkisi 9,756 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini satış məqsədi ilə qanunsuz olaraq əldə etməsi, saxlaması və daşımasına dair hər hansı birbaşa və ya yanakı sübut əldə edə bilməmiş, məhkəmədə də bu hal öz təsdiqini tapmamışdır. Buna baxmayaraq, ibtidai istintaq orqanı tərəfindən heç bir əsas və sübut olmadan, yalnız fərziyyə və mülahizələrə əsaslanaraq Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham verilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayətprosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Həmin Məcəllənin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilmiş ittiham daxilində baxılır və məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxmaq hüququna malikdir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı qərarının 23-cü bəndində məhkəmələrə tövsiyyə edilir ki, CPM-nin 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Təqsirin sübuta yetirilmiş hesab edilməsi haqqında nəticəni isə CPM-nin 351.3-cü maddəsi məhkəmənin bu Məcəllənin 346.1.1-346.1.6-cı maddələrində göstərilən (cinayət hadisəsinin sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin törətdiyi əməldə cinayət tərkibinin olmasının sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin cinayətin törədilməsinə aidiyyətinin sübuta yetirilib-yetirilməməsi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyinin sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin əməlinin ittihamda CM-nin müvafiq maddəsi əsasında ona istinad edilən cinayətin əlamətlərinə uyğun olub-olmaması kimi) məsələlərə təsdiqedici cavab verməsi, habelə CPM-in 351.3.1-351.3.4-cü maddələrində təsbit edilən tələblərin hər biri nəzərə alındığı, yəni təqsirsizlik prezumpsiyası rəhbər tutulduğu, CPM-də nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihama baxıldığı və bu prosessual qaydalara riayət edilməklə nəticələr əldə edildiyi, o cümlədən məhkəmənin qənaəti məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslandığı, təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilinməyən şübhələr onun xeyrinə şərh edildiyi vəziyyətdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gələ bilməsi ilə şərtləndirmişdir. Odur ki, şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticənin əsaslandırılmış məhkəmə qənaəti kimi çıxış etməsi üçün hökmdə aparılmış təhlildən və bununla əlaqədar məhkəmənin gətirdiyi dəlillərdən onun CPM-in 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə əsaslandırılmış şəkildə təsdiqedici cavab verdiyi və məhz CPM-in 351.3.1- 351.3.4-cü maddələrində təsbit edilən tələblərə əməl olunduğu şəraitdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gəldiyi aydın görünməlidir.Beləliklə, məhkəmə kollegiyası iş üzrə tədqiq olunmuş mötəbər və təkzibedilməz sübutlara əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə verilmiş ittiham məhkəmə iclasında öz təsdiqini tapmadığından, lakin onun hərəkətlərində Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsinin cinayət tərkibi olduğundan, şəxsin əməli Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilməlidir. Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş əməl qəsdən törədilmiş, başa çatmış cinayətdir, təsnifatına görə ağır cinayətlər kateqoriyasına aiddir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.4-cü maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur. Həmin Məcəllənin 25.2-ci maddəsinə əsasən şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, bu halda cinayət birbaşa qəsdlə törədilmiş hesab olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmədə Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən edilmədi. Beləliklə, məhkəmə kollegiyası, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və təkzibedilməz sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini qəsdən törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən himayəsində azyaşlı uşağının olmasını Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən, cinayətlərin təkrar törədilməsi onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alınmalıdır. Məhkəmədə müəyyən edildi ki, Təqsirləndirilən şəxs Bakı şəhəri, Sabunçu rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 2 il 9 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Məhkum Təqsirləndirilən şəxs hazırkı iş üzrə şübhəli şəxs qismində tutulduğu xx.xx.2024-cü il tarixə ozvby cəzasının 2 il 5 ay 27 gün hissəsini çəkmiş, çəkilməmiş qalan cəza müddəti 3 ay 29 gün təşkil edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4.4-cü maddəsinin tələbinə görə, azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Qeyd olunan müddəaya əsasən məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs hazırkı cinayət əməlini törədənə qədər məhkumluğu olsa da, həmin məhkumluq residiv yaratmır. Lakin ona təyin olunmuş və çəkilməmiş cəza cinayət qanunvericiliyinin müddəalarına əsasən azadlıqdan məhrum etmə cəzası kimi müəyyən edilməli, hazırkı hökmlə təyin olunacaq cəzaya həmin cəzanı qismən birləşdirmə yolu ilə qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinin tələbinə görə, hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Həmin Məcəllənin 68.1.1-1-ci maddəsinə əsasən, cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulur. Cinayət qanunvericiliyinin qeyd olunan müddəalarını nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs Bakı şəhəri, Sabunçu rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən təyin olunmuş və çəkilməmiş qalan 3 ay 29 gün azadlığın məhdudlaşdırılması cəzası 1 (bir) ay 29 (iyirmi doqquz) gün azadlıqdan məhrum etmə cəzası kimi müəyyən edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən, hazırkı hökmlə təyin olunmuş azadlıqdan məhrum etmə cəzası ilə Sabunçu rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü üzrə müəyyən edilmiş azadlıqdan məhrum etmə cəzasını qismən birləşdirmə yolu ilə Təqsirləndirilən şəxs qəti cəza təyin olunmalıdır. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzası ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-cü maddəsinin tələbinə görə, qəsdən törədilmiş ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Məhkəmədə müəyyən edildi ki, Təqsirləndirilən şəxs hazırkı cinayət işi üzrə 21 dekabr 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri, Sabunçu rayon Məhkəməsinin həmin tarixli qərarına əsasən barəsində həbs qətimkan tədbiri seçilmiş və qeyd olunan vaxtdan hal-hazıra qədər həbsdə saxlanılır. Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsində görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə kollegiyası yuxarıda qeyd olunan müddəaları nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat və məhkəmə baxışı zamanı həbsdə saxlanıldığı bütün müddət ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasına daxil edilməli, təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 21 dekabr 2024-cü il tarixdən hesablanmalıdır. Eyni zamanda, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə kollegiyası məhkəmə-narkoloji ekspertizasının xx.xx.2025-ci il tarixli 1954 nömrəli rəyini əsas tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs kannabinoidlərin, opioidlərin və psixostımulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunduğundan və narkomaniyadan məcburi müalicəyə ehtiyacı olduğundan, Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən onun barəsində narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 132.1.4 və 132.1.6-cı maddələrinin tələblərinə əsasən, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməli, həmçinin maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Qeyd olunan müddəalara əsasən məhkəmə kollegiyası hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübutlar – Bakı şəhəri, Xəzər RPİ-nin saxlanc yerinə təhvil verilməklə Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq qalan 9,706 qram çəkidə narkotik vasitə heroin məhv edilməli, Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış, baxış və götürmə keçirilməsi videogörüntülərinin yükləndiyi 1 ədəd DVD formatlı disk cinayət işinin materiallarında saxlanılmalıdır. Cinayət işi üzrə keçirilmiş ekspertiza tədqiqatı 65 (altmış beş) manat dəyərində qiymətləndirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü maddəsində ekspertə ödənilməli haqqlar məhkəmə məsrəflərinin bir növü kimi nəzərdə tutulmuşdur və həmin Məcəllənin 198.1-ci maddəsinə əsasən, həmin məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. Bu səbəbdən, məhkəmə məsrəfləri hesab edilən 65 (altmış beş) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə köçürülməlidir. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Cinayət işində olan orderdən və ittiham aktına əlavə edilmiş arayışdan görünür ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs hüquqlarını dövlət büdcəsinin vəsaiti hesabına vəkil X4 müdafiə etmiş, bununla bağlı istintaq orqanı tərəfindən ona 120 (yüz iyirmi) manat müdafiə xərcləri hesablanmışdır. Odur ki, vəkil Bəhruz Səfərova ödənilməli olan 120 (yüz iyirmi) manat məbləğində pul vəsaiti Bakı şəhəri, 8 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia verilməməsi, əmlak üzərinə həbs qoyulmaması və xüsusi müsadirə üçün təklif edilən əmlakın olmaması nəzərə alınmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib, 4 (dörd) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən, Bakı şəhəri, Sabunçu rayon Məhkəməsinin 28 aprel 2022-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin olunmuş və çəkilməmiş qalan 3 ay 29 gün azadlığın məhdudlaşdırılması cəzası azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulmaqla 1 (bir) ay 29 (iyirmi doqquz) gün azadlıqdan məhrum etmə cəzası kimi müəyyən edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən, hazırkı hökmlə təyin olunmuş 4 (dörd) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına Bakı şəhəri, Sabunçu rayon Məhkəməsinin 28 aprel 2022-ci il tarixli hökmü üzrə müəyyən edilmiş 1 (bir) ay 29 (iyirmi doqquz) gün azadlıqdan məhrum etmə cəzasını qismən birləşdirmə yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 4 (dörd) il 7 (yeddi) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin olunsun. Təqsirləndirilən şəxs təyin olunmuş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Məhkəməyədək icraat və məhkəmə baxışı zamanı həbsdə saxlanıldığı bütün müddət cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 21 dekabr 2024-cü il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. İş üzrə maddi sübut - Bakı şəhəri, Xəzər RPİ-nin saxlanc yerinə təhvil verilməklə Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq qalan 9,706 qram çəkidə narkotik vasitə heroin məhv edilsin. Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış, baxış və götürmə videogörüntülərinin yükləndiyi 1 ədəd DVD formatlı disk cinayət işində saxlanılsın. İş üzrə məhkəmə məsrəfləri hesab edilən: - 65 (altmış beş) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə köçürülsün; - ibtidai istintaq zamanı dövlət büdcəsinin vəsaiti hesabına Təqsirləndirilən şəxs müdafiəsini həyata keçirmiş vəkil X3 ödənilməli 120 (yüz iyirmi) manat pul vəsaiti Bakı şəhəri, 8 saylı Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə mülki iddia verilməməsi, əmlak üzərinə həbs qoyulmaması və xüsusi müsadirə üçün təklif edilən əmlakın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu vaxtdan, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən hakim Eldar İsmayılov Hakimlər Səbinə Məmmədzadə, Səbuhi Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar