Məhkəmə qərarları › İş №1(101)-1283/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1283/2024

27.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1283/2024 27.09.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Hüseynov Telman Qulaməli oğlu (sədrlik edən), Quliyev Əhməd Qəhrəman oğlu və Namazov Fərid Arif oğlundan ibarət tərkibdə məhkəmə iclasının katibləri X1 qızının, X5 və X6, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Azərbaycan-rus dillərinin tərcüməçiləri X7, X4 və X3, Təqsirləndirilən şəxs, müdafiəçi, Bakı şəhəri 5 saylı Vəkil bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, 04 avqust 1996-cı ildə Şəmkir rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş, işləməyən, Şəmkir rayonu, Şiştəpə kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda 11,951 qram çəkidə narkotik vasitə heroin əldə edib üzərində saxlamaqla ünvan 2 ünvanın qarşısına daşımış, bu barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs 01 sentyabr 2023-cü il tarixdə saat 12:30-da ünvan 2 ünvanın qarşısında saxlanılıb Baş İdarəyə gətirilərək üzərinə keçirilən şəxsi axtarış zamanı əynindəki şalvarın sol yan cibindən 01 ədəd bükümdə külli miqdarda 11,951 qram çəkidə narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilmədi və ifadəsində göstərdi ki, o, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin işçiləri tərəfindən tutulmuşdur. O, keçən dəfə tutulan zaman külli miqdarda, yəni 50 min ABŞ dolları məbləğində pul polis əməkdaşları tərəfindən onların evlərindən götürülmüşdür. Onun atası bu işlə bağlı şikayət etmiş və həmin işə görə bir neçə polis əməkdaşı tutulmuşdur. Daha sonra da cavab olaraq onu saxlamışlar. Onun üzərində narkotik vasitə olmamışdır. Onu polis idarəsində döymüşlər. Məhkəmədə verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə etmədiyini, ona polis idarəsində su verdiklərini, suyun içinə nə isə qatıldığını, ertəsi gün analizə getdiyini, ona fiziki işgəncə olunduğunu, onu döyən adamların üzlərini xatırlamadığını bildirdi. Məhkəmədə şahid qismində dindirilmiş Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barəsində 01 sentyabr 2023-cü il tarixdə əməliyyat məlumatı daxil olmuşdur. Əməliyyat qrupunun üzvləri - o, Şahid3 və Şahid2 birlikdə Bakı şəhəri, X15 küçəsi 28 ünvanına getmiş və Təqsirləndirilən şəxs Baş idarəyə gətirmişlər. Zaurun üzərinə baxış keçirərkən 1 ədəd telefon və bir büküm heroin adlanan narkotik vasitə aşkar edilmişdir. Məhkəmədə verilən suallara cavab olaraq şahid Həsənli X8 Zauru X15 küçəsində “Urfa” restoranı ilə üzbəüz yerdə saxladıqlarını, təqsirləndirilən şəxs saxlanarkən aşkar edilən narkotik vasitəni istifadə etdiyi üçün üzərində daşıdığını dediyini, üzərindəkiləri könüllü təqdim etdiyini, heç bir fiziki təzyiq göstərilmədiyini, dindirilmə zamanı verdiyi ifadələrdə ziddiyyət yaranmadığı üçün evinə baxış keçirilmədiyini, təqsirləndirilən şəxsin narkotik vasitənin satışı ilə deyil, ondan istifadə ilə məşğul olduğunun müəyyən edildiyini, Daxili İşlər Nazirliyinə Zaurun atasının müraciəti haqqında məlumatsız olduğunu bildirdi. Məhkəmədə şahid qismində dindirilmiş digər polis əməkdaşları Şahid2 və Şahid3 eyni məzmunlu ifadələr verərək, Şahid1 göstərdiklərini tam təsdiq etdilər. Məhkəmədə verilən suallara cavab olaraq şahidlər Şahid2 və Şahid3 təqsirləndirilən şəxsə qarşı heç bir fiziki və psixoloji təzyiq göstərilmədiyini bildirdilər. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, iş üzrə keçirilmiş ekspertiza rəylərini və digər sənədləri sübut növləri kimi qəbul edir. Belə ki, işdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş: - xx.xx.2023-cü il tarixli raportdan görünür ki, etimad doğuran, məlum, qərəzsiz mənbədən daxil olmuş məlumatda Zaur adlı şəxsin qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması, satış məqsədi ilə külli miqdarda narkotik vasitələr və psixotrop maddələr əldə edərək saxlaması və daşıması bildirilir. Müəyyən edilmişdir ki, Zaur adlı şəxs 04 avqust 1996-cı ildə Şəmkir rayonunda anadan olmuş, Şəmkir rayonu, Şiştəpə kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşayan Təqsirləndirilən şəxsdur (cild 1, iş vərəqi 4). - əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs ifşa olunması və yaxalanması istiqamətində əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi qərara alınmışdır (cild 1, iş vərəqi 5-6). - xx.xx.2023-cü il tarixli raportdan görünür ki, həmin tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması, satış məqsədi ilə külli miqdarda narkotik vasitələr və psixotrop maddələr əldə edərək saxlaması, daşıması və satılmasında şübhəli bilinən 04 avqust 1996-cı ildə Şəmkir rayonunda anadan olmuş, Şəmkir rayonu, Şiştəpə kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşayan Təqsirləndirilən şəxs olduğu yer müəyyən edilərək həmin günü saat 12:30-da ünvan 2 ünvanın qarşısında olduğu zaman saxlanılmış, saxlanılarkən yerində üstünə şəxsi axtarış aparılmasına şərait olmadığına görə müşayiət altında Baş İdarəyə gətirilmişdir (cild 1, iş vərəqi 9). - şəxsi axtarış və götürmə aparılması haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili, polis mayoru Şahid3 tərəfindən çəkiliş aparılacağı barədə məlumat verildikdən və şübhəli şəxs Təqsirləndirilən şəxs buna etiraz etmədiyini bildirdikdən sonra Təqsirləndirilən şəxs şəxsi axtarış və götürmə aparılması haqqında qərarla tanış edərək, ona paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarının sol yan cibindən 01 ədəd şəffaf sellofan bükülünü, bir ədəd “İphone” markalı mobil telefonu və sürücülük vəsiqəsini çıxardıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd şəffaf sellofan bükümə baxış keçirilərkən bükümün içərisində qəhvəyi rəngli, spesifik qoxuya malik narkotik vasitə heroinə bənzər maddə olması müşahidə edilmişdir. Şifahi sorğu zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs üstündən aşkar edilmiş heroinə oxşar maddəni təxminən 2 gün əvvəl yaşadığı ünvanın yaxınlığında olarkən yerdən tapmasını, özünün əvvəllər narkotik vasitə istifadə etdiyi üçün məhkumluğunun olmasını, tapdığı maddəni heç kimə satmaq, hədiyyə və ya pay vermək niyyətinin olmadığını, polisə təhvil verməlk üçün üstündə gəzdirdiyini, 2 gün ərzində bu barədə düşündüyünü bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üstündən aşkar olunmuş 01 ədəd şəffaf sellofan cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan bir ədəd kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Zərflər üçün” 6 saylı möhürü ilə möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs üstündən aşkar edilmiş “İphone” markalı mobil telefonu və sürücülük vəsiqəsi götürülmüşdür (cild 1, iş vərəqi 36-39). - məhkəmə fiziki-kimyəvi ekspertizasının xx.xx.2023-cü il tarixli, 3-16-16/2-6/4650 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün N6” dairəvi möhür əksi və “Təqsirləndirilən şəxs aşkar olunan maddə” yazı əlavəsi qeyd edilmiş bir ədəd kağız zərfdə 01 (bir) ədəd bükümdəki təmiz çəkisi 11,951 qram olan qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxildir. Aparılmış tədqiqatın dəyəri 92 (doxsan iki) manat təşkil edir (cild 1, iş vərəqi 53-56). - təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan ittiham elan edilmişdir (cild 1, iş vərəqi 69-70). - maddi sübut hesab etmə haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 11,951 qram çəkidə narkotik vasitə heroin iş üzrə maddi sübut kimi tanınmış, qalıq çəkisi 11,851 qram heroin saxlanmasından ötrü Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutları saxlama kamerasına təhvil verilmişdir (cild 1, iş vərəqi 113-114, 115). - Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkili Şahid1 tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” qərar qanuni hesab edilmişdir (cild 1, iş vərəqi 122-123). - mobil telefona baxış keçirlməsi haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilmiş “İphone” markalı mobil telefon aparatına baxış keçirilmiş, telefonda iş üzrə əhəmiyyət kəsb edən hər hansı bir məlumat aşkar edilməmişdir (cild 1, iş vərəqi 131). - cinayət işinin başlanmasının rədd edilməsi haqqında Nərimanov rayon prokurorluğunun xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən zorakılığa məruz qalması barədə məlumatla əlaqədar Bakı şəhəri Nərimanov rayon prokurorluğunda araşdırma aparılmış, yoxlama zamanı qeyd edilən məlumat öz təsdiqini tapmadığından cinayət işinin başlanması rədd edilmişdir (cild 1, iş vərəqi 158-160). - məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 5643 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və kannabinoidlərin birgə qəbulu nəticəsində yaranan aslılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cild 1, iş vərəqi 169-170). - məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli, 354/MEŞ saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədən səthində aşkar edilmiş xəsarət-sol dirsək oynağı nahiyəsinin sıyrığı bərk küt əşyanın təsirindən müayinədən 6-8 gün əvvəl əmələ gəlmişdir və sağlamlığa zərər vurmayan xəsarətlərə aid edildiklərindən dərəcələri təyin olunmur. Təqsirləndirilən şəxs bədən səthində aşkar edilmiş xəsarətin xarakterini və lokalizasiyasını nəzərə alsaq demək olar ki, həmin xəsarət müxtəlif şəraitlərdə törənə bildiyindən dəqiq olaraq hansı şəraitdə törənməsi istintaq yolu ilə aydınlaşa bilərdi (cild 1, iş vərəqi 173-174). - məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli, 3313/K saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs götürülmüş qan və sidik nümunələrinin tərkibində tiryək qrupuna aid olan morfin adlı alkoloidin sintetik analoqu olan heroin aşkar edildi. Barbitur turşusu törəmələri, kannabinoid(çətənə bitkisindən alman və təbii mənşəli narkotik vasitə hesab edilən), fenilalkilamin qrupuna aid olan amfetamin və metamfetamin, fenotiazin, pirazalon, 1,4 benzodiazepin törəmələri və salisilatlar aşkar edilmədi (cild 1, iş vərəqi 175-178). - baxış keçirlməsi haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə istintaqı aparılan cinayət işi üzrə "xxxx" MMC-dən daxil olmuş, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***- ***-**-** mobil nömrəsinə daxil olan və çıxan zənglərdən çıxarışlara dair məlumatları özündə əks etdirən bir ədəd CD diskə baxış keçirilən zaman həmin mobil nömrəsindən müxtəlif nömrələrlə telefon danışıqlarının aparılması müəyyən edilsə də, iş üzrə əhəmiyyət kəsb edən hər hansı məlumat aşkar edilməmişdir (cild 1, iş vərəqi 201). - ibtidai istintaq orqanının əməliyyat tapşırığına Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin xx.xx.2023-cü il tarixli cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs aşkar olunmuş külli miqdarda narkotik vasitənin satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olsa da, satış faktı öz təsdiqini tapmamış, onun əldə etdiyi narkotik vasitənin mənbəyini və tapşırıqda göstərilən digər istiqamətlərdə müsbət nəticə əldə etmək mümkün olmamışdır (cild 1, iş vərəqi 210). - sübutların qiymətləndirilməsi və əməlin tövsif edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlinin Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinə tövsif edilməsi qərara alınmış, üzərinə şəxsi axtarış və götürmə aparılmasını özündə əks etdirən 01 ədəd DVD disk maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir (cild 1, iş vərəqi 229-238). - təqsirləndirilən şəxsə yenidən ittiham elan etmə haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulan yeni ittiham elan edilmişdir (cild 1, iş vərəqi 240- 241). Məhkəmə belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən heroinin təmiz halda 0,15 qramı xeyli miqdar, 2 qramı külli miqdar, 800 qramı xüsusilə külli miqdar hesab olunur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Təqsirləndirilən şəxs saxlanılarkən üzərində narkotik vasitə olmaması, ümumiyyətlə narkotik vasitələrdən istifadə etməməsi, polislərin onu qisas məqsədilə tutmaları və saxlayarkən onu polislərin döymələri barədə məhkəmədə verdiyi ifadələrinə tənqidi yanaşır, bunu təqsirləndirilən şəxsin müdafiə mövqeyi kimi dəyərləndirir və hesab edir ki, belə ifadələr verməklə təqsirləndirlən şəxs məsuliyyətdən yayınmaq məqsədi güdür. Belə ki, polis idarəsində tutularkən Təqsirləndirilən şəxs müdafiə hüququ təmin edilərək müdafiəçi dəvət edilmiş, müdafiəçinin iştirakı ilə o tutulmuş, daha sonra müdafiəçinin iştirakı ilə və videoçəkilişdən istifadə edilməklə onun üzərinə şəxsi axtarış keçirilmiş və o, əynində olan göy rəngli cins şalvarın sol yan cibindən 01 ədəd şəffaf sellofan bükülünü çıxardıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd şəffaf sellofan bükümə baxış keçirilərkən bükümün içərisində qəhvəyi rəngli, spesifik qoxuya malik narkotik vasitə heroinə bənzər maddə olması müşahidə edilmişdir. Şifahi sorğu zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs üstündən aşkar edilmiş heroinə oxşar maddəni təxminən 2 gün əvvəl yaşadığı ünvanın yaxınlığında olarkən yerdən tapmasını, özünün əvvəllər narkotik vasitə istifadə etdiyi üçün məhkumluğunun olmasını, tapdığı maddəni heç kimə satmaq, hədiyyə və ya pay vermək niyyətinin olmadığını, polisə təhvil verməlk üçün üstündə gəzdirdiyini, 2 gün ərzində bu barədə düşündüyünü bildirmişdir. Şəxsi axtarışın nəticəsinə dair müvafiq protokol tərtib edilmiş və həmin protokol təqsirləndirilən şəxs, onun müdafiəçisi və digər iştirakçılar tərəfindən imzalanmaqla təsdiq edilmişdir. Təqsirləndirilən şəxs şübhəli və təqsirləndirilən şəxs qismində müdafiəçisinin iştirakı ilə ilkin ifadələr verərkən üzərindən aşkar edilmiş narkotikin özünə aid olduğunu etiraf etmiş, saxlanılan zaman polis əməkdaşları tərəfindən ona qarşı heç bir təzyiq tətbiq olunmadığını bildirmişdir. Lakin ibtidai istintaqın sonrakı mərhələsində və məhkəmədə təqsirləndirilən şəxs polislər tərəfindən döyülməsi ilə bağlı ifadələr vermişdir. Bundan başqa, iş materiallarından görünür ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs barəsində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsində həbs qətimkan tədbiri seçilməsi barədə vəsatət və təqdimata baxılarkən Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilmişdir. İbtidai istintaq zamanı keçirilmiş məhkəmə-tibbi ekspertizasının rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs sol dirsək oynağı nahiyəsinin arxa-bayır səthində 1,2x1sm ölçüdə üzəri açıq qəhvəyi rəngli qartmaqla örtülmüş sıyrıq vardır. Həmin xəsarət bərk küt əşyanın təsirindən müayinədən 6-8 gün əvvəl əmələ gəlmişdir və sağlamlığa zərər vurmayan xəsarətlərə aid edildiklərindən dərəcələri təyin olunmur. Həmin faktla bağlı Bakı şəhəri Nərimanov rayon prokurorluğunda araşdırma aparılmış, həmin araşdırma nəticəsində Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən zorakılığa məruz qalması barədə məlumat öz təsdiqini tapmadığından prokurorluğun xx.xx.2023-cü il tarixli qərarı ilə cinayət işinin başlanması rədd edilmişdir. Bundan başqa ibtidai istintaq zamanı keçirilmiş məhkəmə-tibbi ekspertizasının rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs götürülmüş qan və sidik nümunələrinin tərkibində tiryək qrupuna aid olan morfin adlı alkoloidin sintetik analoqu olan heroin aşkar edilmişdir. Keçirilmiş məhkəmə-narkoloji ekspertizasının rəyi ilə Təqsirləndirilən şəxs opioidlərin və kannabinoidlərin birgə qəbulu nəticəsində yaranan aslılıq sindromu (narkomaniya xəstəliyi) müəyyən edilmişdir. Yuxarıda şərh olunanlardan məhkəmə o nəticəyə gəlir ki, polis əməkdaşları tərəfindən döyülməsi, qisas məqsədilə saxlanılması, üzərində narkotik vasitə olmaması, narkotik vasitədən istifadə etməməsi barədə təqsirləndirilən şəxs tərəfindən məhkəmədə deyilənlər uydurmadan başqa bir şey deyil və məhkəmə həmin halları həqiqətə uyğun hal kimi qəbul edə bilməz. Beləliklə, məhkəmə, məhkəmə baxışında araşdırılaraq tədqiq edilmiş və yuxarıda sadalanan sübutlara müqayisəli şəkildə obyektiv hüquqi qiymət verərək və özünün daxili inamına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə edib saxlamaqla daşıması kifayət qədər sübuta yetirilir, o, təqsirlidir, əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Həmin Məcəllənin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsiri nəzərə alınır. İşdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə cəzadan vaxtından əvvəl şərti azad olunmuşdur. Ədliyyə Nazirliyinin Şəmkir rayon İcra və Probasiya şöbəsindən verilmiş xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı şöbənin icraatına xx.xx.2019-cu ildə daxil olmuş, məhkum Təqsirləndirilən şəxs cəzası xx.xx.2020-ci ildə başa çatdığından şöbənin qeydiyyatından çıxarılmışdır. Bakı şəhəri Nizami Rayon Məhkəməsindən verilmiş xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs barəsində hazırda həmin Məhkəmənin icraatında Azərbaycan Respublikası CM-nin 133.2.3, 133.2.6, 134, 221.3 və 234.1-ci maddələri ilə cinayət işinə baxılır və həmin iş üzrə yekun məhkəmə aktı çıxarılmamışdır (cild 1, iş vərəqi 132-134). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.1-ci maddəsinin tələbinə görə cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə onların məhkumluğu ödənilmiş hesab olunur. Həmin Məcəllənin 83.4-cü maddəsinə əsasən məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Göründüyü kimi, Təqsirləndirilən şəxs Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə ona təyin edilmiş cəzanı çəkib qurtardığı gündən iki il keçdiyindən qüvvədə olan cinayət qanunvericiliyinə görə, onun məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilmiş və o, məhkumluğu olmayan şəxs hesab edilməlidir. Beləliklə, Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar məhkəmədə müəyyən edilmədi. Müdafiə tərəfinin məhkəməyə təqdim etdiyi arayışdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2018-ci il tarixdən Respublika QİÇS-lə Mübarizə Mərkəzində İİV infeksiyası, İ klinik mərhələ diaqnozu ilə dispanser qeydiyyatdadır. Məhkəmə Təqsirləndirilən şəxs xəstə və cavan olmasını Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə, yuxarıda şərh edilənləri, eləcə də təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini və xarakterini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəza təyin edilməsinin ümumi əsaslarını, cəzasını yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmadığını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs yalnız cəmiyyətdən təcrid olunmaqla yenidən tərbiyə və islah oluna bilər, buna görə də ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədlərinə nail olmaq olar. Məhkəmə yuxarıda qeyd edilənləri nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası həddində cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs ittiham olunduğu Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinin sanksiyasında üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməl ağır cinayət kimi təsnif edilmişdir. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələbinə görə, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. İşdə olan tutma protokolundan və məhkəmə qərarından görünür ki, Təqsirləndirilən şəxs 01 sentyabr 2023-cü ildə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin qərarı ilə barəsində 02 sentyabr 2023-cü il tarixdə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 01 sentyabr 2023-cü il tarixdən hesablanmış və hökm çıxarılana kimi fasiləsiz olaraq həbsdə saxlanılmışdır (cild 1, iş vərəqi 23, 107-109, 125- 126, 223-225). Məhkəmə hesab edir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs cəza çəkməsinin başlanğıcı onun tutulduğu 01 sentyabr 2023-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə nəzərə alır ki, hazırkı cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli əmlakı müəyyən edilməmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutları saxlama kamerasında saxlanılan, ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq qalan 11,851 qram çəkidə narkotik vasitə heroin məhv edilməlidir. Digər maddi sübut - Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmənin videogörüntülərini özündə əks etdirən 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə, məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü və 198.1-ci maddələrinə əsasən məhkəmə hesab edir ki, ibtidai istintaq zamanı keçirilmiş məhkəmə ekspertizası ilə əlaqədar 92 (doxsan iki) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia verilməmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli 01 sentyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutları saxlama kamerasında saxlanılan, ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq qalan 11,851 qram çəkidə narkotik vasitə heroin məhv edilsin. Digər maddi sübut - Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmənin videogörüntülərini özündə əks etdirən 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. İbtidai istintaq zamanı aparılmış məhkəmə ekspertizası ilə əlaqədar 92 (doxsan iki) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. Hökmdən onun elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: (Sədrlik edən) Telman Hüseynov Əhməd Quliyev Fərid Namazov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar