Məhkəmə qərarları › İş №1(101)-1283/2025

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1283/2025

12.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1283/2025 12.06.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Məhkəmənin hakimləri X2 (sədrlik edən), X3 və Ələkbərli Roman Nəriman oğlundan ibarət tərkibdə, Bəşirli Pərvanə Böyükağa qızının katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi “Universal” Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1971-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkum olunmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, Bakı İstintaq Təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra-Azərbaycan Respublikası CM-nin) 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ:

1. Təqsirləndirilən şəxs dərəcəsinə görə həyat üçün təhlükəli olan xəsarət yetirməklə zərərçəkmiş şəxsin sağlamlığına qəsdən ağır zərər vurma əməlini törətmişdir.

İşin faktiki halları:

2. Təqsirləndirilən şəxs xx.xx.2025-ci ildə, saat 17:00 radələrində Bakı şəhəri, Xətai rayonu, ünvan 2 ünvanındakı mənzilin qonaq otağında tanışı Zərərçəkmiş şəxs ilə yemək yeyib spirtli içki qəbul edərkən sərxoş halda sonuncu onun ünvanına nalayiq ifadələr işlətmiş və onlar arasında mübahisə yaranmışdır. Baş vermiş mübahisə zamanı Təqsirləndirilən şəxs stulun üzərindən götürdüyü, tiyəsinin uzunluğu 155 mm, uzunluğu 110 mm, tünd qəhvəyi rəngli, plastikə oxşar materialdan dəstəyi olan, kustar üsulla hazırlanmış, məişət təyinatlı, soyuq silah hesab edilməyən mətbəx bıçağı ilə bir dəfə Zərərçəkmiş şəxs döş nahiyəsinə vurmuş, nəticədə ona döş qəfəsi nahiyəsinin sol yarısının ön səthindən daxilə-döş boşluğuna nüfuz edən və sol tərəfli pnevmohemotoraks ilə müşayiət olunan bir ədəd deşilmiş-kəsilmiş yara, dərəcəsinə görə həyat üçün təhlükəli olan xəsarət yetirməklə qəsdən sağlamlığına ağır zərər vurmuşdur. Təqsirləndirilən şəxsə qarşı ittiham tərəfinin təqdim etdiyi sübutlar aşağıdakılardan ibarətdir:

3. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Şahid uzun müddətdir tanımış, sonuncu tək yaşadığından sonuncu arabir onun yanına gedib-gəlirmiş, bu müddətdə də qardaşı Təqsirləndirilən şəxs ilə tanış olmuşdur. Onlar tez-tez Şahid evində yığışıb yeyib-içmiş, münasibətləri yaxşı olmuşdur. xx.xx.2025-ci ildə təxminən saat 16:00 radələrində Şahid baş çəkmək üçün evinə gedəndə qapını Təqsirləndirilən şəxs açmış, yemək yediklərini bildirərək onu süfrəyə dəvət etmişdir, o da təklifi qəbul edərək, evə keçib Şahidlə görüşüb yemək yeməyə başlamışdır. Yemək masasının üstündə 1,7 litrlik şüşədə araq olmuş, həmin arağı içərkən, təxminən saat 17:00 radələrində içkili olduğu üçün Təqsirləndirilən şəxs söyməyə başlamış və bu səbəbdən aralarında mübahisə yaranmışdır. Həmin vaxt Təqsirləndirilən şəxs stulun üstündəki tünd rəngli dəstəyi olan mətbəx bıçağını götürüb onun sol tərəfindən, çiyninin aşağı hissəsindən, yuxarıdan aşağıya doğru zərbə endirmişdir. Zərbədən sonra çiynini tutaraq gödəkçəsini geyinib gedərkən Təqsirləndirilən şəxs ona heç yerə getməməsini, özünün onu xəstəxanaya aparacağını bildirmişdir. O, həmin sözə məhəl qoymayaraq çıxıb getmiş, yolda “Gədəbəy” kafesinin yuxarısında təcili tibbi yardıma zəng etmiş, öz yerini izah edib yolun kənarında əyləşmiş, təcili yardım maşının gəlməsini gözləmişdir. Təxminən 20 dəqiqədən sonra təcili yardım maşını gəlib onu Sabunçu rayonunda yerləşən 3 saylı xəstəxanaya aparmış, orada onu dərhal əməliyyat etmişlər. Bundan başqa məhkəmə iclasında verilmiş suallara cavab olaraq Zərərçəkmiş şəxs bildirmişdir ki, hadisə zamanı içkili olmuş, Təqsirləndirilən şəxs nalayiq sözlər demiş, sonuncu bu sözlərin təsiri ilə bıçağı götürməklə ona zərər yetirmişdir. O, hətta Təqsirləndirilən şəxs bıçağı götürəndə ona “qaldırmısan, vur” deyə də bildirmişdir. O, xəstəxanada cəmi 3-4 gün yatmışdır, hazırda isə heç bir şikayəti yoxdur, təqsirləndirilən şəxsə azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəzanın verilməsini xahiş edir.

4. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, təxminən 10 ilə yaxındır ki, qeydiyyatda olduğu Bakı şəhəri Xətai rayonu, ünvan 3 ünvanında tək yaşayır. Qardaşı Təqsirləndirilən şəxs arabir onun yanına gəlib qalmış, özü heç yerdə işləmədiyindən, qardaşı ona maddi köməklik etmişdir. Zərərçəkmiş şəxs uzun müddətdir tanımış, onunla daim yaxşı münasibətləri olmuş, sonuncu da tez-tez onun evinə gəlib-getmişdir. xx.xx.2025-ci ildə, saat 15:00 radələrində qardaşı Təqsirləndirilən şəxs araq, pendir və sair məhsullar alaraq onlara gəlmiş, birlikdə yemək hazırlayıb süfrə arxasında oturaraq nahar etməyə başlamışdırlar. Bir qədər araq içəndən sonra, dostu Zərərçəkmiş şəxs də gəlmiş və onlar sonuncunu süfrəyə dəvət edib birlikdə yeyib-içmişdirlər. Təxminən saat 17:00 radələrində Zərərçəkmiş şəxs sərxoş vəziyyətdə Təqsirləndirilən şəxs ağır söyüşlərlə təhqir etməyə başlamış, Zərərçəkmiş şəxs sakitləşdirməyə çalışsa da, sonuncu sərxoş olduğundan sakitləşməmiş və Təqsirləndirilən şəxs söyməyə davam etmişdir. O, daha sonra hamama getmiş, qayıdanda Zərərçəkmiş şəxs ona getdiyini demişdir. Nə olduğunu soruşduqda isə Təqsirləndirilən şəxs onun danışığını bilmədiyini qeyd etmişdir. Axşam saatlarında evdə oturduqları zaman polis əməkdaşları evə gələrək baş vermiş hadisə barədə soruşmuş, qardaşı hadisə barədə polis əməkdaşlarına məlumat vermişdir. Bundan başqa məhkəmə iclasında verilmiş suallara cavab olaraq Şahid bildirmişdir ki, hadisədən qısa müddət sonra Zərərçəkmiş şəxs görmüşdür. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs vurmasını isə görməmiş, həmin müddətdə o, hamamda olmuşdur. İstintaqda verdiyi ifadəyə qolu o özünün çəkdiyini, lakin çətinliklə oxuya bildiyi bildirmiş və hazırda məhkəmə verdiyi ifadəni də təsdiq etmişdir.

5. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X1” PHŞnin canlı şəxsin ekspertizasının xx.xx.2025-ci il tarixli, 119 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində müəyyən edilmiş xəsarət-döş qəfəsi nahiyəsinin sol yarısının ön səthindən daxilə-döş boşluğuna nüfuz edən və sol tərəfli pnevmohemotoarks ilə müşayiət olunan bir ədəd deşilmiş-kəsilmiş yara deşicikəsici əşyanın təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən və xəstəlik tarixində qeyd olunan xx.xx.2025-ci il tarixdə və şəraitdə, yəni kənar şəxs tərəfindən deşici-kəsici əşya ola bilsin ki, bıçaqla yetirilə bilərdi və dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərərvurmaya aiddir. Zərərçəkmiş şəxs bədənində müəyyən edilmiş xəsarətin xarakterinə vəlokalizasiyasına görə həmin xəsarətin şəxsin özü-özünə yetirilməsi, eləcə də öz boyu hündürlüyündən yıxılması inandırıcı deyil. Zərərçəkmiş şəxs almış olduğu xəsarət cərrahi işləndiyindən, hansı növ alətlə (predmetlə) yetirilməyə xarakterik olub-olmamasının dəqiq təyini istintaq yolu ilə, eləcə də hadisə vaxtı əynində olan paltarların, əşyanın və ya predmetin (bıçağın) tibbi kriminalistik müayinəsi kömək edə bilər (i/v 104-106).

6. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X1” PHŞnin xx.xx.2025-ci il tarixli, 32/MTKŞ-2025 saylı ekspert rəyindən və fotocədvəldən görünür ki, Zərərçəkmiş şəxs məxsus uzunqol koftanın ön səthinin sol yarısında bir ədəd deşilmiş-kəsilmiş zədə var. Bu zədə ülgücü və küpü olan yastı tiyə tipli deşicikəsici alətin təsirindən törənmişdir. Zərərçəkmiş şəxs məxsus qolsuz maykanın üzərində zədə aşkar edilməmişdir. Zərərçəkmiş şəxs məxsus uzunqol koftanın üzərində olan deşilmiş-kəsilmiş zədənin, ekspertizaya təqdim edilmiş bıçağın tiyəsinin təsirindən, yaxud oxşar konstruktiv xüsusiyyətə malik digər alətin tiyəsinin təsirindən törənməsinin mümkünlüyü inkar olunmur. Zərərçəkmiş şəxs məxsus uzunqol koftanın üzərində olan deşilmiş-kəsilmiş zədə, qərarın təsviri hissəsində göstərilən şəraitdə yetirilə bilər. Təqdim edilmiş bıçaq kustar üsulu ilə hazırlanmış məişət təyinatlı mətbəx bıçağıdır və soyuq silah hesab edilmir. Bıçağın üzərində hər hansı bir əlavə və dəyişiklik edilməmişdir (i/v 107-111).

7. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X1” PHŞnin xx.xx.2025-ci il tarixli, 57/2025-MTBŞ saylı ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs şəxsiyyəti təsdiq edən sənədlər üzrə axtarış vərəqəsinin kserosurətində onun qan qrupunun “İİİ-PLUS” olması barəsində qeyd vardır. Bu qeydə əsasən qan qruplarının mövcud təsnifatına əsasən onun ABO sistemi üzrə qan qrupunun B (İİİ) olmasını söyləmək olar. Məhkəmə bioloji ekspertizaya təqdim olunmuş 01 ədəd bıçaq, Zərərçəkmiş şəxs məxsus pulover, mayka üzərində olan ləkələrdə insan qanı aşkar olundu. Bu qan ləkələrinin ABO sistemi üzrə qrupu tədqiq edildikdə yalnız “B” antingeni alındı. Beləliklə, bu qan ləkələri ABO sistemi üzrə B (İİİ) qruplu şəxsə (şəxslərə), həmçinin də eyni qan qruplu Zərərçəkmiş şəxs məxsus ola bilər (i/v 112-116).

8. 12.04.2025-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, 01 ədəd bıçaq, 01 ədəd uzunqol kofta və 01 ədəd qolsuz mayka maddi sübut kimi tanınmış və saxlanılması üçün Xətai RPİ-nin maddi sübutları saxlama yerinə təhvil verilmişdir (i/v 117-121).

9. xx.xx.2025-ci il tarixli baxış keçirilməsi haqqında protokoldan və fotoşəkillərdən görünür ki, hadisə yeri Bakı şəhəri Xətai rayonu, ünvan 3 ünvanında yerləşir və hadisə həmin mənzildə baş vermişdir. Ev həyət evidir, evin həyət qapısı yaşıl rəngli, tək laylı dəmir qapıdır, həmin qapıdan həyətə daxil olduqda həyət şkafı və mənzilin ağ rəngli dəmir qapısı aşkar olunur. Mənzilin giriş qapısının sol tərəfində pəncərə vardır. Qapıdan içəri keçdikdə dəhlizin sağ tərəfində yataq, sol tərəfində isə soyuducu, şkaf və televizor aşkar olunur. Dəhlizin sağ tərəf küncündə kiçik mətbəz giriş qapısı aşkar olunur. Giriş qapısı ilə üzbəüz qonaq otağı aşkar olunur. Otağın sağ tərəfində divan, kreslo, sol tərəfində isə qaz peçi var. Sol tərəf küncdə üzərində yemək qalığı olan tava, 2 ədəd stul və televizor aşkar olunur. Otağın yuxarısında 2 ədəd kiçik nəfəslik var. Qonaq otağından yataq otağına keçid aşkar olunur. Yataq otağından dəhlizə pəncərə vardır. Mənzil ümumilikdə dağınıq vəziyyətdədir. Hadisə yerinin müayinəsi zamanı ekspert kriminalist tərəfindən 10 ədəd əl-barmaq izləri aşkar olunaraq götürülmüşdür. Hadisə yerinin müayinəsi süni işıq şəraitində keçirilmişdir (i/v 3-8).

10. Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədilə aparılan tibbi müayinə haqqında xx.xx.2025-ci il tarixli, 2/4977 nömrəli protokoldan görünür ki, Təqsirləndirilən şəxs hadisə zamanı orta dərəcədə sərxoş olmuşdur (i/v 13).

11. xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur (i/v 24).

12. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 4(011)-49/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində xx.xx.2025-ci ildən hesablanmaqla 01 (bir) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir (i/v 61-63).

13. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 4(011)-84/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində tətbiq edilmiş qətimkan tədbirinin müddəti 03 (üç) ay olmaqla, ümumilikdə 4 (dörd) ay, yəni xx.xx.2025-ci il tarixinədək uzadılmışdır ( i/v 99-102).

14. xx.xx.2025-ci il tarixli ifadənin yerində yoxlanılması haqqında protokoldan və fotoşəkillərdən görünür ki, təqsirləndirən şəxs Təqsirləndirilən şəxs ifadəsində göstərilən xüsusatları hadisə yerində əyani şəkildə bir daha təsdiq etmişdir (i/v 35-38).

15. Şirvan şəhər İcra Hakimiyyəti Başçısının 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində nümayəndəliyə heç bir yazılı və ya şifahi şikayət daxil olmamışdır (i/v 76).

Təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürdüyü sübutlar aşağıdakılardır:

16. Təqsirləndirilən şəxs məhkəmə baxışında Azərbaycan Respublikasının CM-in 126.1-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2025-ci il yanvar ayının əvvəllərində Şirvan şəhərindən Bakıya gələrək, qardaşları və bacısıgildə qalmışdır. xx.xx.2025-ci ildə saat 15-16 raddələrində yüngül bazarlıq edib 1.7 litr qrafinkada araq alaraq qardaşı Şahid yaşadığı Xətai rayonu, ünvan 3 ünvanına gəlmiş və onlar görüşdükdən sonra yemək yeməyə oturmuşdurlar. Bir az sonra isə qardaşının dostu Zərərçəkmiş şəxs də gəlib onlarla birlikdə oturmuş, araq içərək yemək yeməyə dəvam etmişlər. Təxminən saat 17:00 radələrində Zərərçəkmiş şəxs içkili vəziyyətdə heç bir səbəb olmadan onu söymüş, Şahid bir neçə dəfə ona irad bildirsə də, Zərərçəkmiş şəxs söyüşlərinə davam etmişdir. O da sonuncunun içkili vəziyyətdə olmasını nəzərə alaraq sakitləşdirməyə çalışmış, lakin ona və qardaşına məhəl qoymayaraq onu ağır söyüşlərlə təhqir etməyə davam etmişdir. Zərərçəkmiş şəxs ağır söyüşlərinə dözməyib stulun üstündəki tünd rəngli dəstəyi olan bıçağı götürüb sonuncunun çiynindən yuxarıdan aşağıya doğru bir zərbə vurmuşdur. Bu zərbədən sonra Zərərçəkmiş şəxs ayağa qalxaraq onları söyə-söyə qaçaraq çıxıb getmişdir. Həmin vaxt bıçaq stolun üstündə olduğuna görə əsəbiləşib onu vurmuşdur, əgər bıçaq orada olmasaydı onu vurmazdı. Zərərçəkmiş şəxs vurandan sonra ona kömək etməyi təklif etsə də, o çıxıb getmişdir. Axşam saat 22:00 radələrində evdə oturduqları zaman polis əməkdaşları gələrək baş vermiş hadisə baradə soruşmuş, hadisəni olduğu kimi polis əməkdaşlarına danışmışdır. O, həmçinin bildirmişdir ki, mübahisə zamanı özü və qardaşı isə xəsarət almışdır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs verilmiş suallara cavab olaraq bildirmişdir ki, Zərərçəkmiş şəxs onu dəvamlı olaraq təhqir etdiyi üçün və onun da içkili vəziyyətdə olması səbəbindən əvvəlkini vurmuşdur. O, sonuncuya ağır deyil az ağır xəsarət yetirmişdir. Hazırda zərərçəkmiş şəxslə aralarında barışıq əldə edilmişdir, sonuncu ondan şikayətçi deyil. Daha sonra ona yüngül cəzanın verilməsini və ədalətli məhkəmə qərarının qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

HÜQUQİ MƏSƏLƏLƏR:

Azərbaycan Respublikasının Cinayət Məcəlləsi:

17. Maddə 126.1. Qəsdən sağlamlığa ağır zərər vurma, yəni insan həyatı üçün təhlükəli olan və ya görmə, eşitmə, nitq qabiliyyətinin və ya hər hansı bir orqanın, yaxud bu orqanın funksiyasının itirilməsinə, psixi pozuntuya və ya sağlamlığın başqa cür pozulmasına, əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmamaqla uzun müddətə itirilməsi ilə və ya təqsirkar üçün aşkar surətdə zərərçəkmiş şəxsin peşəkar əmək qabiliyyətinin tam itirilməsi ilə əlaqədar olan və ya hamiləliyin pozulmasına, şəxsin narkomanlıqla və ya toksikomanlıqla xəstələnməsinə səbəb olan, yaxud sifətin silinməz dərəcədə eybəcərləşdirilməsində ifadə olunan zərər vurma üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

18. Maddə 8.1. Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.

19. Maddə 58.3. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsiri nəzərə alınır.

20. Maddə 41.1. Cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. 21.Maddə 41.2. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 22.Maddə 56.1.2. Qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələri müəyyən edilir.

23. Maddə 99-1.2. Məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər.

Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi:

24. Maddə 44.1. Məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır.

25. Maddə 124. İstintaq və məhkəmə hərəkətlərinin protokollarını, iş üzrə keçirilmiş ekspertiza rəylərini, maddi sübutlar və digər sənədləri sübut növləri kimi qəbul edilir. 26.Maddə 145. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. 27.Maddə 125.8. Cinayət-Prosessual Məcəllənin tələblərinə riayət olunmaqla sübutlar əldə edildikdə, onların qəbul olunmasının yolverilməzliyinin əsaslandırılması mübahisə edən tərəfin üzərinə düşür. 28.Maddə 158.2. Təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı, həmçinin ev dustaqlığında saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir.

29. Maddə 158.6. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir.

30. Maddə 132. Məhkəmə yekun qərar çıxararkən maddi sübutlar barədə məsələni həll etməlidir. 31.Maddə 193.2. Şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2025-ci il tarixli, 141 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 11 manat miqdarında əmək haqqı ödənilməlidir). 32.Maddə 198.1. Bu Məcəllənin 197.1.1, 197.1.2, 197.1.4, 197.1.5-1 – 197.1.9cu maddələrində sadalanan məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər.

Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarı:

33. Məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır.

Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli Qərarı:

34. Qərarın 1-ci bəndi. Məhkəmə hökmü ədalətli məhkəmə araşdırması nəticəsində cinayət-prosessual normalara, o cümlədən hökmün prosessual formasına və məzmununa dair tələblərə əməl olunmaqla, cinayət-hüquqi normalar düzgün tətbiq edilməklə çıxarıldıqda və məhkəmənin gəldiyi nəticələri aydın və mötəbər şəkildə əks etdirdikdə ədalətli məhkəmə aktı kimi səciyyələndirilə bilər.

AVROPA MƏHKƏMƏSİNİN PRESİDENT HÜQUQU:

35. B.Yusifavanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikası cinayət prosesual qanunvericiliyi müəyyən edir (Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin 1.1-ci maddəsi). Hər hansı məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız Cinayət Prosesual Məcəlləsində (bundan sonra - CPM) göstərilən məsələlər hakim tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. CPM-nin həmin məsələlərin dairəsini müəyyənləşdirən 346.1-ci maddəsinə görə müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olub-olmamasıdır. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericirik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət prosesual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, CPM-nin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə ictintaqında tətqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (CPM-nin 349.3., 349.4., 349.5-ci maddələri).

Məhkəmənin hüquqi dəyərləndirməsi:

36. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün, zərərçəkmiş şəxsin və şahidin məhkəmə iclasında verdiyi ifadələri, hadisə yerinə baxış protokolu, ifadənin yerində yoxlanılması protokolu, fotoşəkillər, ekspert rəyləri və digər iş materialları ilə onun zərərçəkmiş şəxsin sağlamlığına dərəcəsinə görə həyat üçün təhlükəli olan ağır zərər vurulmasına səbəb olan xəsarət yetirmə cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının CM-in 126.1-ci maddəsi ilə tövsif edilməli və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur (hökmün 26-cı bəndi).

37. Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət qanunun müvafiq normasının sanksiyasında Azərbaycan Respublikasının CM-in 126.1-ci maddəsinə əsasən üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur (hökmün 17-ci bəndi).

38. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır.

39. Azərbaycan Respublikasının CM-in 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində verilmiş müsbət xasiyyətnaməni, zərərçəkmiş şəxslə barışmasını, ona azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəzanın verilməsini xahiş etməsini cəzanı yüngülləşdirici hallar kimi nəzərə alır.

40. Həmin Məcəllənin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır.

41. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2025-ci ildə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (i/v 89).

42. Məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü qismən təqsirli bilərək zərərçəkmiş şəxsin sağlamlığına ağır deyil, az ağır zərər vurduğunu bildirsə də, cinayət işi materiallarında olan Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X1” PHŞ-nin canlı şəxsin ekspertizasının xx.xx.2025-ci il tarixli, 119 saylı rəyindən görünür ki, zərərçəkmiş şəxs tərəfindən Zərərçəkmiş şəxs sağlamlığına, yəni döş qəfəsi nahiyəsinin sol yarısının ön səthindən daxilə-döş boşluğuna nüfuz edən və sol tərəfli pnevmohemotoarks ilə müşayiət olunan xəsarət yetirilmişdir. Həmin xəsarət də dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərərvurmaya aiddir.(i/v 104-106). Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2014-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Ağır, az ağır və yüngül xəsarət növlərinin Siyahısı”nın 1.2.13-cü bəndindən də görünür ki, döş qəfəsinin plevra və ürək kisəsi boşluqlarına, divararalığına keçən yaraları (daxili üzvlərin zədələnib-zədələnməməsindən asılı olmayaraq) həyat üçün təhlükəli olan ağır xəsarətlərə aiddir. Bundan başqa məhkəmə iclasında müdafiə tərəfindən müvafiq ekspert rəyinin mötəbərliyini şübhə altına alacaq hər hansı mötəbər sübut təqdim edilməmişdir.

43. Məhkəmə, yuxarıda şərh edilənləri, eləcə də təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, yüngülləşdirici halları, yəni barəsində verilmiş müsbət xasiyyətnaməni, zərərçəkmiş şəxsin ona qarşı şikayətinin olmamasını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının hüdudları daxilində cəza təyin edilməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədlərinə nail olmaq olar.

44. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-in 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir (hökmün 22-ci bəndi).

45. İşdə olan tutma protokolu və Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 4(006)-49/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin başlanğıcı xx.xx.2025-ci ildən hesablanmalıdır (hökmün 11 və 12-ci bəndləri).

46. İş üzrə maddi sübut kimi tanınmış, Bakı şəhəri Xətai RPİ-də saxlanılan 01 ədəd bıçaq, Zərərçəkmiş şəxs məxsus 01 ədəd uzunqol kofta və 01 ədəd qolsuz mayka hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir (hökmün 30-cu bəndi).

47. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş “Universal” Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir (hökmün 31-cı bəndi).

48. İş üzrə mülki iddia yoxdur və xüsusi müsadirə olunmalı əmlak müəyyən edilməmişdir (hökmün 23 və 32-ci bəndləri).

49. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir.

50. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 356, 358, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə

HÖKMETDİ:

Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirli bilinərək 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 28 yanvar 2025-ci il tarixdən hesablansın. İş üzrə maddi sübut kimi tanınmış, Bakı şəhəri Xətai RPİ-də saxlanılan 01 ədəd bıçaq, Zərərçəkmiş şəxs məxsus 01 ədəd uzunqol kofta və 01 ədəd qolsuz mayka hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə “Universal” Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 9 saata görə 99 (doxsan) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından “Universal” Vəkil Bürosunun hesablaşma hesabına köçürülsün. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən məhkum onu aldığı andan və elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apelyasiya şikayəti və ya protesti verilmədiyi halda, məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Hakim (sədrlik edən): Azər Tağıyev Elnur Nuriyev Roman Ələkbərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar