Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1284/2021 11.11.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Eldar Herov oğlunun sədrliyi ilə, hakimlər Hüseynov Cavid İbadulla oğlu və Əliyev Samir İmamverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclası katibləri X1 və X3, dövlət ittihamçıları - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin prokurorları, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı1, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı2 və ədliyyə müşaviri X5, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və müdafiəçi - Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxx 1977-ci ildə Bərdə şəhərində doğulmuş, subay, orta təhsilli, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan və Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, yeni massiv, nömrəsiz evdə yaşamış, 02 mart 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri, Sabunçu rayon Məhkəməsinin 03 mart 2021ci il tarixli qərarına əsasən barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 13 oktyabr 2020-ci il tarixdə saat 06 radələrində tamah niyyəti ilə X4 məxsus ünvan 3 ünvanında yerləşən evə qapını vintaçan ilə açıb qanunsuz daxil olaraq, evin qonaq otağında olan şkafdan 10 manat dəyərində 6 metr uzunluqda pərdəni, 16 manat dəyərində çaydanı, 25 manat dəyərində"GRQ-AL" markalı çaydanı, hər birinin qiyməti 8 manat olmaqla, ümumilikdə 112 manat dəyərində 14 ədəd yorğan üzünü, 15 manat dəyərində 125x165 ölçüdə süfrəni, 10 manat dəyərində odeyalı, həmçinin qonaq otağında olan çarpayının altından Türkiyə istehsalı 200 manat dəyərində "Sahra" markalı 250x400 sm ölçüdə xalçanı, Türkiyə istehsalı 120 manat dəyərində "Sahra" markalı 200x300 sm ölçüdə xalçanı, Türkiyə istehsalı 120 manat dəyərində "Leon" markalı 200x300 ölçüdə xalçanı, 25 manat dəyərində üzərində «Welt» yazısı olan elektrik qızdırıcısını, 20 manat dəyərində "PERSİK" markalı odeyalı, hər birinin dəyəri 1 manat olmaqla, ümumilikdə 57 manat dəyərində əlli yeddi ədəd stol dəsmalını, hər birinin dəyəri 80 manat olmaqla, ümumilikdə 160 manat dəyərində iki ədəd mis qazanı, hər birinin dəyəri 7 manat olmaqla, ümumilikdə 49 manat dəyərində yeddi ədəd yastıq üzünü, hər birinin dəyəri 20 manat olmaqla, ümumilikdə 40 manat dəyərində iki ədəd mələfəni, 50 manat dəyərində mis sinini gizli talayaraq, zərərçəkmiş şəxs Gülnür Bağırovaya ümumilikdə 1029 (min iyirmi doqquz) manat miqdarında maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs məlum olmayan vaxtda, naməlum mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda, yəni 1510,218 qram narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla daşımış, 02 mart 2021-ci il tarixdə saat 14 radələrində Sabunçu rayon Polis idarəsi 15-ci Polis bölməsinin əməkdaşları tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində yerləşən "İL" marketin qarşısında saxlanılaraq, Sabunçu RPİ-nin 15-ci Polis bölməsinə gətirildikdən sonra orada üzərində keçirilmiş şəxsi axtarış nəticəsində əynində olan qara rəngli şalvarın sağ yan cibindən şəxsi istehlak miqdarında artıq miqdarda, yəni bir ədəd şəffaf selofan bükümdə təmiz çəkisi 0,218 qram olan açıq qəhvəyi rəngli kustar üsulla hazırlanmış tozşəkilli narkotik vasitə-heroin, tədbirlərin davamı olaraq yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, yeni massiv, nömrəsiz evə baxış nəticəsində yataq otağındakı çarpayının altından bir ədəd qara rəngli selofan bükümdə üzərindən aşkar edilmiş maddə ilə kimyəvi komponent tərkibinə və xarici əlamətlərinə görə eyni olan külli miqdarda, yəni təmiz çəkisi 1510 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində bildirdi ki, 13 oktyabr 2020-ci il tarixdə saat 06 radələrində həmin vaxt yaşadığı bina ilə qonşuluqda yerləşən ünvan 3-da yaşayış olmadığını bilmiş, özü ilə vintaçan götürərək oğurluq etmək məqsədilə həmin ünvana getmişdir. Evin qapısında olan qıfılın asıldığı dəmir tutacaqları vintaçan ilə boşaldaraq qapını açmış və mənzilə daxil olmuşdur. Mənzildə qonaq otağında olan şkafdan pərdə, çaydan, yorğan üzləri, süfrə, odeyal və qonaq otağında olan yatağın altından xalçalar, elektrik qızdırıcısı, odeyal, stol dəsmalları, iki ədəd mis qazan, yastıq üzləri, iki ədəd mələfə və mis sinini götürüb blokun qarşısına yığmışdır. Bundan sonra yaxınlıqda olan tanımadığı "VAZ 2106" markalı taksini çağıraraq oğurladığı malları tanışı Aqilin evinə aparmaq üçün həmin avtomobilə yığmışdır. Belə ki, bir neçə gün əvvəl yalandan tanışı Aqilə Tərtər şəhərində yaşadığını, müharibə ilə əlaqədar Bərdə şəhərinə köçəcəyini deyərək, ev əşyalarını onun evinə gətirib yığmağı xahiş etmişdir. Əslində məqsədi oğurlayacağı əşyaları müvəqqəti onun evinə yığmaq olmuşdur. Aqil də onun yalanına inanıb əşyaların ona məxsus olmasını zənn edərək buna razılıq vermişdir. Aqilin evinin qarşısına çatdıqda avtomobildən düşüb əşyaları yerləşdirmək üçün darvazanı döyərkən bir nəfər hərbi formada şəxsin arxasınca qışqıraraq gəlməsini görmüşdür. Bu zaman ifşa olunduğunu bilib əşyaları orada qoyub qaçmışdır. Sonradan həmin əşyaların aqibəti barədə maraqlanmamışdır. Təqsirləndirilən şəxs ifadəsində həmçinin göstərdi ki, 2021-ci il fevral ayının əvvəllərində Pirşağı qəsəbəsində dəniz kənarı çimərlikdə olan zaman tullantılar olan yerin yaxınlığından içi dolu qara rəngli selofan torba tapmış və onun içinə baxmışdır. İyləyən zaman torbanın içərisindəki maddədən tiryək qoxusu gəldiyi üçün narkotik vasitə olduğunu bilmişdir. Həmin narkotiklər olan selofan torbanı yaşadığı evə aparmışdır. Gündəlik istifadəsi üçün tapdığı narkotik vasitənin az qismini selofana büküb üzərində gəzdirmiş və ehtiyac olduqda istifadə etmişdir. 02 mart 2021-ci il tarixdə saat 14 radələrində Kürdəxanı qəsəbəsində yerləşən İL marketin qarşısında olan zaman 2 nəfər mülki geyimli şəxs ona yaxınlaşıb polis əməkdaşları olduqlarını bildirmiş və onu 15-ci Polis bölməsinə dəvət etmişlər. O, etiraz etməyərək polis əməkdaşları ilə birlikdə bölməyə getmişdir. Polis bölməsində ona narkotik vasitə saxlamaqda şübhəli olduğunu bildirmişlər və videoçəkiliş yolu ilə üzərinə baxış keçirilmişdir. Bu zaman o, əynində olan qara rəngli şalvarın sağ yan cibinə qoyduğu şəffaf selofana bükülmüş "kokos" adlandırdığı narkotik vasitə heroini çıxarıb təqdim etmiş və sorğu zamanı narkotik vasitənin qalan qismini yaşadığı evdə saxladığını bildirmişdir. Bundan sonra yaşadığı evə də videoçəkilişlə baxış keçirilmiş, baxış zamanı yaşadığı evdə çarpayının altında gizlətdiyi içərisində narkotik vasitə heroin olan qara selofan bükümü təqdim etmişdir. Bu barədə protokol tərtib edilmiş və protokolu imza edərək təsdiq etmişdir. Məhkəmə iclasında zərərçəkmiş qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, o, Bərdə rayonu, Divanlı kəndində yaşasa da, onun ünvan 3 ünvanında da evi vardır. Həmin evdə yaşamır, lakin evin bütün əşyaları vardır. Axırıncı dəfə 2020-ci ilin sentyabr ayının əvvəllərində həmin evdə olub təmizlik işləri aparmışdır. 13 oktyabr 2020-ci il tarixdə saat 10 radələrində polis əməkdaşları ona zəng edərək evindən oğurluq olmasını bildirmişdir. Bundan sonra o, həmin evə gəlmiş və evdən əşyalarının oğurlandığını aşkar etmişdir. Evin qonaq otağında olan şkafdan 6 metr uzunluqda pərdə, 2 ədəd çaydan, 14 ədəd yorğan üzü, 20 manat dəyəri 125x165 ölçüdə stol üstü, dəyəri 20 manat olan odeyalı və qonaq otağında olan yatağın altından isə Türkiyə istehsalı dəyəri 150 manat olan "Sahra" markalı 250x400 sm ölçüdə xalça, Türkiyə istehsalı dəyəri 150 manat olan "Sahra" markalı 200x300 sm ölçüdə xalça, Türkiyə istehsalı 300 manat dəyərində "Leon" markalı 200x300 ölçüdə xalça, 50 manat dəyərində 01 ədəd elektrik qızdırıcı, dəyəri 50 manat olan "PERSİK" markalı yorğan üstü, birinin dəyəri 4 manat olan 57 ədəd stol dəsmalı, birinin dəyəri 80 manat olan 2 ədəd mis qazan, birinin dəyəri 4 manat olan 7 ədəd yastıq üzləri, birinin dəyəri 20 manat olan 2 ədəd mərəfə, 50 manat dəyərində mis materialdan sini oğurlandığını aşkar etmişdir. Oğurluq hadisəsi nəticəsində ona 1411 manat maddi ziyan dəymişdir. Sonradan həmin əşyaların hamısı ona qaytarılmışdır, ona görə də təqsirləndirilən şəxsə qarşı iddia tələbi və şikayəti yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, ustalıq edərək pul qazanır. Axırıncı dəfə ünvan 4 ünvanında yerləşən evdə usta işləmişdir. 12 oktyabr 2020-ci il tarixdə usta işlədiyi 5-ci mərtəbəyə qalxarkən bir nəfər tanımadığı şəxsi görmüş, onda həmin şəxsin binadan oğurluq etməsi şübhəsi yaranmışdır. Bu səbəbdən binadan oğurluq edilib-edilməyəcəyini bilmək üçün gecəni orada qalmışdır. Səhər saat 06 radələrində evə getmək üçün binadan çıxmış, giriş qapısında 3 ədəd xalça, 2 ədəd bağlama, bir ədəd yekə qazan olduğunu görmüşdür. Sonra yenidən təmir işi gördüyü evə qalxmış və pəncərədən baxdıqda həmin əşyaların taksiyə yığılmasını görmüşdür. Oğurluq hadisəsinin baş verməsindən şübhələnib aşağı düşmüş, lakin bu zaman taksinin getdiyini görmüşdür. Tanımadığı digər bir taksiyə əyləşib həmin taksinin arxasınca getmiş, izlədiyi taksi Sənaye küçəsində saxlamışdır. Getdiyi taksidən düşüb həmin avtomobilə yaxınlaşmış, ev əşyalarını avtomobildən düşürtmək istəyən tanımadığı şəxsə yaxınlaşıb əşyaların oğurluq olmasını və geri qaytarmasını demişdir. Bu zaman tanımadığı şəxs oradan qaçmışdır. Adını sonradan bildiyi taksi sürücüsü Şahid2 onun yanına gəlmiş və onlar birlikdə polis şöbəsinə gəlmişlər. Polis şöbəsində o, Müqabillə birlikdə əşyaları polisə təhvil vermişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, "VAZ 2107" markalı ** BU *** dövlət nömrə qeydiyyta nişanlı avtomobili var və həmin avtomobillə taksi fəaliyyəti göstərir. 13 oktyabr 2020-ci il tarixdə saat 06 radələrində 8 saylı məktəbin yaxınlığında dayanarkən tanımadığı şəxs avtomobilə əyləşib, başqa bir avtomobildə əşyalarının qaldığını və həmin avtomobili tapmaq lazım olduğunu bildirmişdir. O, avtomobili Heydər Əliyev prospekti ilə sürməyə başlamışdır. Həmin vaxt "VAZ 2106" markalı avtomobili görən adını sonradan bildiyi Müqabil həmin avtomobili saxlamatmağını demişdir. O, həmin avtomobilin arxasınca öz maşınını sürmüş, "VAZ 2106" markalı avtomobilə işıq ilə siqnal verərək saxlamasını istəmişdir. Lakin həmin avtomobil saxlamamışdır. Bundan sonra o, "Lider" adlı marketin qarşısında Dilqəmi düşürmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs uşaqlıqdan tanıyır, onunla dostluq münasibəti olmuşdur. Nofəl Tərtər şəhərinə köçərək orada yaşamağa başlamış, 27 sentyabr 2020-ci il tarixdə 2-ci Qarabağ müharibəsi başladıqda Nofəl onun qonşuluğunda olan atasının evinə gəlib-getmişdir. 12 oktybar 2020-ci il yaşadığı evin darvazasının qarşısında oturarkən Nofəl ondan yaşadığı ərazidə kirayə ev olub-olmamasını və Tərtər şəhərindən müvəqqəti Bərdə şəhərinə köçmək istədiyini demişdir. O, kirayə ev olub-olmamasını bilmədiyini bildirmişdir. Bir müddət sonra Nofəl ev tapdığını demişdir. 13 oktyabr 2020-ci il tarixdə səhər saatlarında yaşadığı evdə yatarkən qapının döyülməsini eşitmişdir. Bu zaman qapının ağzında "VAZ 2106" markalı 41 BE223 dövlət qeydiyyat nişanlı avtomobili idarə edən adının sonradan Müqabil olmasını bildiyi şəxs ona bir nəfərin onu çağırmasını, bu zaman isə arxadan gələn şəxsi gördükdən sonra qaçmasını demişdir. Müqabil ona polis şöbəsinə getməsini bildirmişdir. Müqabilin avtomobilin üzərində yorğan-döşək və digər ev əşyaları olmuşdur. Müharibə şəraiti olduğundan və ətrafdakı bütün avtomobillər qaçqın vəziyyətində olduğundan heç nədən şübhələnməmişdir. Təxminən 30 dəqiqə sonra Nofəl ona zəng edərək gələn taksinin harada olmasını, arxasından hərbçi gəldiyindən qorxub qaçmasını, taksinin nə etməsini soruşmuşdur. O, avtomobilin şöbəyə getməsini dedikdə, Nofəl cavab olaraq özünün də polis şöbəsinə getdiyini demişdir. Bundan sonra o, Nofəllə əlaqə saxlaya bilməmişdir. Bir müddət sonra yaşadığı evə polis əməkdaşları gəldikdə, baş verən hadisəni danışmışdır. Nofəl Hüseynovun oğurluq etməsindən onun xəbəri olmamışdır. O, bu barədə evinə polis əməkdaşları gəldikdən sonra bilmişdir. Hansı səbəbə Nofəlin onun yaşadığı evə gəlməsini bilməmiş, həm də Nofələ əvvəlcədən kömək edəcəyinə söz verməmişdir. Məhkəmə iclasında Şahid2 ibtidai istintaq zxamanı verdiyi ifadəsi elan və tədqiq olundu. Həmin ifadəsində Şahid2 göstərmişdir ki, "VAZ 2106" markalı ** BE *** nömrəli avtomobili vardır və həmin avtomobillə taksi fəaliyyəti ilə məşğul olur. 13 oktyabr 2020-ci il tarixdə saat 06 radələrində Bərdə şəhərində yerləşən "Çinqozun" dairəsi deyilən yerdə dayanarkən bir nəfər tanımadığı şəxs ona yaxınlaşıb, Tərtər rayonundan olmasını, Bərdə şəhəri, H.Əliyev prospektində yerləşən evdə əşyaları olmasını və onların Sənayə küçəsinə aparmaq lazım olduğunu demişdir. O, həmin şəxslə razılaşmış, birlikdə H.Əliyev prospekti, bina 115 ünvanına getmişlər. Binanın qarşısında avtomobili saxlamış, həmin tanımadığı şəxs 3 ədəd xalçanı, bir ədəd qazanı, bir ədəd elektrik qızdırıcısını, 2 ədəd böyük bağlamanı maşınına qoymuşdur. Bundan sonra o, maşını sürüb Sənaye küçəsinə yollanmışlar. Sənayə küçəsində tanımadığı şəxs avtomobili saxlatmış, həmin vaxt adını sonradan bildiyi Şahid1 yaxınlaşıb avtomobildə olan əşyaların oğurluq olmasını demişdir. Bu zaman maşınında olan tanımadığı şəxs qaçmışdır. O isə, əşyalarla birlikdə Dilqəmi də avtomobilinə əyləşdirib polis şöbəsinə gəlmişdir. Həmin əşyaların oğurluq olmasından onun xəbəri olmamışdır (cild 1, iş vərəqi 157-160). Cinayət işində olan 15 fevral 2021-ci il tarixli protokoldan görünür ki, fotoşəkillər əsasında tanınma keçirilərkən, Şahid4 4 ədəd fotoşəkillərin arasında Təqsirləndirilən şəxs Cəlal oğlunun fotoşəklini tanıyaraq, həmin şəxsin ifadəsində adını çəkdiyi Təqsirləndirilən şəxs olduğunu bildirmişdir (cild 1, iş vərəq 172-174). Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri, Sabunçu RPİ 15-ci Polis bölməsinin əməliyyat müvəkkili Şahid6 ifadəsində göstərdi ki, 02 mart 2021-ci il tarixdə ona Təqsirləndirilən şəxs Cəlal oğlu adlı şəxsin qanunsuz olaraq narkotik vasitələr əldə etməsi, saxlaması və gəzdirməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatın yoxlanılması üçün müvafiq qərar qəbul edilərək əməliyyat qrupu təşkil edilmiş, bölmənin əməliyyat müvəkkili Şahid5 da qrupun üzvü olmuşdur. Keçirilmiş tədbirlər nəticəsində 02 mart 2021-ci il tarixdə təxminən saat 14:30 radələrində Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində yerləşən İL marketin qarşısında xarici əlamətlərinə görə Təqsirləndirilən şəxs bənzəyən şəxsi müəyyən edərək ona yaxınlaşmışlar. Özlərini təqdim edərək həmin şəxsə polis əməkdaşı olmalarını bildirmişlər. Sorğu zamanı şəxsin həqiqətən də xx.xx.1977-ci il tarixdə Bərdə şəhərində anadan olmuş Təqsirləndirilən şəxs Cəlal oğlu olması müəyyən edilmişdir. Bundan sonra onlar həmin şəxsi 15-ci Polis bölməsinə gətirmişlər. Bölmədə təhqiqatçı tərəfindən videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmişdir. Bu zaman Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sağ yan cibindən şəffaf selofanda olan narkotik vasitəyə bənzəyən qəhvəyi rəngli tozşəkilli maddəni çəxarıb təqdim etmiş, həmin bükümlərdə narkotik vasitə heroin olmasını, Sabunçu rayonu, Pirşağı qəsəbəsində yerləşən dənizkənarı çimərlikdən tapdığını bildirmiş, həmçinin Təqsirləndirilən şəxs narkotik vasitənin qalan hissəsini yaşadığı evdə saxladığını demişdir. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı Kürdəxanı qəsəbəsi, yeni massiv, nömrəsiz evə baxış keçirilmiş və evdə çarpayının altına qoyduğu içərisində narkotik vasitə olan qara selofan bükümü təqdim etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri, Sabunçu RPİ 15-ci Polis bölməsinin əməliyyat müvəkkili Şahid5 Təqsirləndirilən şəxs müəyyən edilərək saxlanılması və üzərində şəxsi axtarış, həmçinin yaşadığı evə baxış keçrilməsində əməliyyat qrupunun üzvü kimi iştirak etdiyini bildirərək, həmkarı Şahid6 ifadəsi ilə oxar məzmunlu ifadə verdi. Məhkəmə kollegiyası iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri də sübut növləri kimi qəbul edir. İş materiallarına əlavə edilmiş 13 oktyabr 2020-ci il tarixli baxış protokolundan görünür ki, həmin tarixdə **-BE-*** dövlət qeydiyyat nişanlı VAZ 2106 markalı avtomobilə baxış nəticəsində 6 metr uzunluqda pərdə, çaydan, " GRQ-AL " markalı çaydan, 14 ədəd yorğan üzü, 125x165 ölçüdə stolüstü süfrə, odeyal, Türkiyə istehsalı "Sahra" markalı 250x400 sm ölçüdə xalça, Türkiyə istehsalı "Sahra" markalı 200x300 sm ölçüdə xalça, Türkiyə istehsalı "Leon" markalı 200x300 ölçüdə xalça, 1 ədəd elektrik qızdırıcı, "PERSİK" markalı yorğan üstü, 57 ədəd stol dəsmalı, 2 ədəd mis qazan, 7 ədəd yastıq üzləri, 2 ədəd mələfə və mis materialdan sini aşkar edilərək götürülmüşdür (cild 1, iş vərəqi 115-118). Məhkəmə-əmtəəşünaslıq ekspertizasının 25 noyabr 2020-ci ıl tarixli 9\4640 nömrəli rəyinə əsasən, 11 adda malların orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 618,00 manat müəyyən edilmişdir. Yəni 6 metr uzunluqda pərdə 10 manat, ağ rəngli çaydan 16 manat, "GRQ-AL" markalı çaydan 25 manat, yorğan üzünün hər birinin dəyəri 8 manat, Türkiyə istehsalı "Sahra" markalı 250x400 sm ölçüdə xalça 200 manat, Türkiyə istehsalı "Sahra" markalı 200x300 sm ölçüdə xalça 120 manat, Türkiyə istehsalı "Leon" markalı 200x300 ölçüdə xalça 120 manat, üzərində «Welt» yazısı olan elektrik qızdırıcısı 25 manat, "PERSİK" markalı odeyal 20 manat, əlli yeddi ədəd stol dəsmalının hər birinin 1 manat, yeddi ədəd yastıq üzünün hər birinin dəyəri 7 manat qiymətləndirilmişdir. Digər 5 adda mal, yəni 125x165 ölçüdə süfrə, odeyal, iki ədəd mis qazan, iki ədəd mələfə, mis sini haqqında kifayət qədər məlumat (markası, ölçüsü, istehsal yeri və s.) olmadığından qiymətləndirmə aparmaq mümkün olmamışdır (cild 1, iş vərəqi 135-139). İbtidai istintaq orqanının 05 yanvar 2021-ci il tarixli qərarına əsasən, götürülmüş 6 metr uzunluqda pərdə, 1 çaydan, 1 ədəd " GRQ-AL" markalı çaydan, 14 ədəd yorğan üzü, 1 ədəd 125x165 ölçüdə stolüstü süfrə, 1 ədəd odeyal, 1 ədəd "Sahra" markalı 250x400 sm ölçüdə xalça, 1 ədəd Türkiyə istehsalı "Sahra" markalı 200x300 sm ölçüdə xalça, 1 ədəd Türkiyə istehsah "Leon" markalı 200x300 ölçüdə xalça, 1 ədəd elektrik qızdırıcısı, 1 ədəd "Persik" markalı yorğan üstü, 57 ədəd stol dəsmalı, 2 ədəd mis qazan, 7 ədəd yastıq üzləri, 2 ədəd mələfə, 1 ədəd mis materialdan sini cinayət işı üzrə maddi sübut kimi tanınmış və saxlanılması üçün zərərçəkmiş şəxsə təhvil verilmişdir (cild 1, iş vərəqi 149-151). Cinayət işinə əlavə olunmuş 02 mart 2021-ci il tarixli şəxsi axtarış və götürmə protokolundan görünür ki, həmin tarixdə Bakı şəhəri, Sabunçu RPİ 15-ci Polis bölməsinin inzibati binasında videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmiş, bu zaman Nofəl Hüseynovun əynindəki qara rəngli şalvarın sağ yan cibindən şəffaf selofanda olan narkotik vasitəyə bənzəyən qəhvəyi rəngli tozşəkilli maddə aşkar edilmişdir (cild 1, iş vərəqi 33-34). İş materiallarında olan 02 mart 2021-ci il tarixli baxış protokoluna əsasən, həmin tarixdə Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, yeni massiv, nömrəsiz evə videoçəkiliş aparılmaqla baxış keçirilmiş, bu zaman çarpayının altından içərisində narkotik vasitəyə bənzər maddə olan qara selofan büküm, həmçinin elektron tərəzi aşkar edilmişdir (cild 1, iş vərəqi 38-39). Cinayət işində olan 24 yanvar 2021-ci il tarixli baxış protokoluna əsasən, Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarışın və yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, yeni massiv, nömrəsiz evə keçirilmiş baxışın videogörüntülərini əks etdirən DVD disklərə baxış keçirilmiş və həmin disklər maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmişdir (cild 1, iş vərəqi 228-229). Məhkəmə-kimyəvi ekspertizasının 6/860 saylı 03 mart 2021-ci il tarixli rəyindən görünür ki. tədqiqata təqdim edilmiş üzərində: "vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş maddi sübut" yazısı olan zərfdəki 1(bir) ədəd bükümdə təmiz çəkisi 0,218 qram açıq qəhvəyi rəngli tozşəkili maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Tədqiqata təqdim edilmiş, üzərində; "saxlanılan şəxs: vət. Təqsirləndirilən şəxs" yazısı olan zərfdəki 1 (bir) ədəd bağlamada təmiz çəkisi 1510 qram açıq qəhvəyi rəngli tozşəkili maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Tədqiqata təqdim edilmiş vət. Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evdən aşkar edilərək götürülmüş heroinin ümumi təmiz çəkisi 1510,218 qramdır (1 kq 510,218 qr) və həmin heroinlər kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eynidirlər (cild 1, iş vərəqi 44-48). İbtidai istintaq orqanının 01 aprel 2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evdən aşkar edilərək götürülmüş təmiz çəkisi 1510,218 qram olan narkotik vasitə heroin maddi sübut kimi tanınmış və tədqiqatdan sonrakı qalıq qalan 1509,968 qr heroin Sabunçu RPİ-nin maddi sübutların saxlanılması kamerasına təhvil verilmişdir (cild 1, iş vərəqi 91, 93). Məhkəmə-narkoloji ekspertizasının 26 aprel 2021-ci il tarixli 1237 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar edilir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cild 1, iş vərəqi 251-252). Cinayət işinə əlavə edilmiş 03 may 2021-ci il tarixli baxış protokolundan görünür ki, "xxxx" MMCdən 22.04.2021-ci il tarixli məktubla daxil olmuş 1 ədəd CD diskdə olan və Təqsirləndirilən şəxs istifadəsində olmuş 050 330-49-89 nöirəli mobil telefonla aparılmış danışıqlara dair məlumatlara baxış keçirilmiş, müəyyən edilmişdir ki, diskdə olan məlumatlar "8070.zip" adlı qovluqda toplanmışdır. Həmin qovluğun içərisində "503304989 sms.txt", "**********89.txt", "abuneciler.xls" adlı fayllar vardır. "503304989 sms.txt" adlı faylı açıldı və iş üzrə əhəmiyyət kəsb edən aşağıdakı məzmunda mesajlar müəyyən edilmişdir: o 14/01/2021,22:57:10,**********04,**********89,Barter edek pati var temiz super patidi dobrudu kola ver deyiwek ? 5 deyqiya yigacam he yox de o 14/01/2021,22:58:32,**********04,**********89,Telfonumu satdim bu gun evezinde pati verdiler mene cola lazimdi imkan varsa barter edek o 25/02/2021,14:43:01,**********04,**********89,Salam urey teze cins waivar verim sene biraz cola biraz pati ver tep tezedi geyinilmiyib he yox de gozduyurem o 26/02/2021,16:29:12,**********04,**********89,Senin taniwin coxduda satarsan kimese 30 manat mene pati cola ver heresinen yarim cet o 26/02/2021,23:40:40,**********04,**********89,lib cixdim eve agrdan olurem o masaj aparatini getirim biraz pati biraz koku ver cixim lomkadan tirxat edirem uje birde sene pulsuz zeng etmiyecem o 26/02/2021,23:40:40,**********04,**********89,lib cixdim eve agrdan olurem o masaj aparatini getirim biraz pati biraz koku ver cixim lomkadan tirxat edirem uje birde sene pulsuz zeng etmiyecem o 02/03/2021,11:22:03,**********04,**********89, 7 manat var pati kola duzelirse gelim getmiyim yaşamala he yox yigiram 5 deyqiya (cild 1, iş vərəqi 233). İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış 16.03.2021ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Zaqatala Rayon Məhkəməsinin 09.03.2016-ci il tarixli hökmü ilə CM-nin 29,234.1, 234.1-ci maddələri ilə 2 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və 04.08.2016-ci il tarixdə Amnistiya aktına əsasən cəzadan azad edilmişdir (cild 1, iş vərəqi 88-89). Göründüyü kimi, cinayət qanunvericiliyinin müddəalarına əsasən Təqsirləndirilən şəxs hazırda məhkumluğu olmayan şəxs hesab edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 04 mart 2011-ci il 2 №-li qərarının 9-cu bəndində məhkəmələrə tövsiyyə olunur ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Şərh olunanlara və Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl düzgün tövsif edilmişdir, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayətdir, təsnifatına görə ağır cinayətlər kateqoriyasına aiddir. Belə ki, Cinayət Məcəlləsinin 15.4-cü maddəsinə əsasən, qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur. Həmin Məcəllənin 25.2-ci maddəsinə əsasən, şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, bu halda cinayət birbaşa qəsdlə törədilmiş hesab olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmədə Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə kollegiyası, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və təkzibedilməz sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini qəsdən törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar müəyyən edilmədi. Azərbaycan Respublikası CM-nin 61.1.11-ci maddəsinə əsasən, Nofəl Hüseynov tərəfindən oğurluq cinayətinin hərbi vəziyyət şəraitində törədilməsini məhkəmə təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzası ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələbinə görə, qəsdən törədilmiş ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli 02 mart 2021-ci il tarixdən hesablanmalıdır. Belə ki, iş materiallarına əsasən Təqsirləndirilən şəxs həmin tarixdə Bakı şəhəri, Sabunçu RPİ 15-ci Polis bölməsinin əməkdaşları tərəfindən şübhəli şəxs qismində tutulmuşdur. Həmçinin məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs 02 mart 2021-ci il tarixdən başlayaraq həbsdə saxlanıldığı bütün müddət ona təyin olunacaq cəza müddətinə daxil edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsində görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Eyni zamanda, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə kollegiyası məhkəmə-narkoloji ekspertizasının 26 aprel 2021-ci il tarixli 1237 nömrəli rəyini əsas tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar edildiyindən və məcburi muailicəyə ehtiyacı olduğundan, Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən onun barəsində narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülməlidir. Azərbaycan Respublikası CPM-nin 132.1.4 və 132.1.6-cı maddələrinin tələblərinə əsasən, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməli, həmçinin maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Qeyd olunan müddəalara əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə maddi sübutlar - Bakı şəhəri, Sabunçu RPİ-nin maddi sübutların saxlanılması kamerasına təhvil verilmiş Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evdən aşkar edilərək götürülmüş təmiz çəkisi 1510,218 qram olan narkotik vasitə heroinin tədqiqatdan sonra qalıq qalan 1509,968 qram heroin və 1 ədəd kiçik tərəzi məhv edilməli, şəxsi axtarışın və mənzilə baxışın videogörüntülərini əks etdirən 2 ədəd DVD disklər və +**********89 nömrəsi üzrə "xxxx" MMC-dən 22.04.2021-ci il tarixli məktubla göndərilmiş 1 ədəd CD disk iş materiallarında saxlanılmalıdır. Cinayət işi üzrə ibtidai araşdırma zamanı keçirilmiş ekspertiza tədqiqatı 164 (yüz altmış dörd) manat dəyərində qiymətləndirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü maddəsində ekspertə ödənilməli haqqlar məhkəmə məsrəflərinin bir növü kimi nəzərdə tutulmuşdur və həmin Məcəllənin 198.1-ci maddəsinə əsasən, həmin məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. Bu səbəbdən, məhkəmə məsrəfləri hesab edilən 164 (yüz altmış dörd) manat ekspertiza xərci X2 tutularaq dövlət büdcəsinə köçürülməlidir. İş üzrə mülki iddia verilməməsi və əmlak üzərinə həbs qoyulmaması nəzərə alınmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344- 347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinib, Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə 3 (üç) il müddətə, Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə 9 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən, təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin olunmuş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 02 mart 2021-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. İş üzrə maddi sübutlar: - Bakı şəhəri, Sabunçu rayon Polis idarəsinin maddi sübutların saxlanılması kamerasına təhvil verilmiş Təqsirləndirilən şəxs götürülmüş təmiz çəkisi 1510,218 qram olan narkotik vasitə heroinin tədqiqatdan sonra qalıq qalan 1509,968 qram heroin və bir ədəd kiçik tərəzi məhv edilsin. - Təqsirləndirilən şəxs üzərində keçirilmiş şəxsi axtarış və götürmənin, yaşadığı evə baxışın videogörüntülərini əks etdirən iki ədəd DVD disk, həmçinin +**********89 nömrəsi üzrə "xxxx" MMCdən 22.04.2021-ci il tarixli məktubla göndərilmiş 1 ədəd CD disk cinayət işində saxlanılsın. - ünvan 3 ünvanından oğurlanmış 6 metr uzunluqda pərdənin, çaydanın, "GRQ-AL" markalı çaydanın, 14 ədəd yorğan üzünün, süfrənin, odeyalın, Türkiyə istehsalı "Sahra" markalı 250x400 sm ölçüdə xalçanın, Türkiyə istehsalı "Sahra” markalı 200x300 sm ölçüdə xalçanın, Türkiyə istehsalı "Leon" markalı 200x300 ölçüdə xalçanın, üzərində «Welt» yazısı olan elektrik qızdırıcısının, "PERSİK" markalı odeyalın, əlli yeddi ədəd stol dəsmalının, iki ədəd mis qazanın, yeddi ədəd yastıq üzünün, iki ədəd mələfənin, mis sininin ibtidai istintaq zamanı zərərçəkmiş X4 qaytarılması nəzərə alınmaqla onun sərəncamına verilsin. Məhkəmə məsrəfləri hesab edilən 164 (yüz altmış dörd) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə köçürülsün. İş üzrə mülki iddia verilməməsi və əmlak üzərinə həbs qoyulmaması nəzərə alınsın. Hökmdən elan olunduğu vaxtdan, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən hakim Eldar İsmayılov Hakimlər Cavid Hüseynov Samir Əliyev Əsli ilə düzdür Hakim Eldar İsmayılov
Məhkəmə qərarları › İş №1(101)-1284/2021
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1284/2021
11.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver