Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(101)-1285/2021 13.07.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Mahmudov İlham Ağa oğlu (sədrlik edən), Xankişiyev Mirzə Aslan oğlu və Qəniyev Faiq Əsəd oğlundan ibarət tərkibdə, Məhkəmə iclasının katibi Hüseynova Dürdanə Mahir qızının , Dövlət ittihamçısı - Azərbaycan Respublikası Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X1, Müdafiəçi – Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili X6 iştirakı ilə, xx xxxxxx 1987-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, deməsinə görə əvvəllər məhkumluğu olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, 04 mart 2021-ci il tarixdə barəsində 03 ay müddətinə “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq müəyyən etdi: İstintaq zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq 02 mart 2021-ci il tarixdə saat 10 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, E.Həsənov küçəsində yerləşən klubun həyətində istintaqa məlum olmayan mənbədən hər bükümünə 5 manat ödəməklə 4 ədəd qızılı-ağ rəngli kağız bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 1,017 qram, 0,514 qram, 0,514 qram və 0,461 qram olmaqla ümumi çəkisi 2,506 qram psixotrop maddə metamfetamini alaraq əldə edib üzərində saxlamaqla daşımış və 02 mart 2021-ci il tarixdə saat 10:45-də narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı daxil olmuş əməliyyat məlumatı əsasında Suraxanı RPİ-nin NMB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində ünvan 1 ünvanının qarşısında ünvan 2ən Suraxanı RPİ-nə gətirilərək üzərində şəxsi axtarış aparılan zaman, əynindəki göy rəngli şalvarının sağ yan cibindən 4 ədəd qızılı-ağ rəngli kağız bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 1,017 qram, 0,514 qram, 0,514 qram və 0,461 qram olmaqla ümumi çəkisi 2,506 qram, yəni külli miqdarda xarici görünüşlərinə və kimyəvi tərkib komponentlərinə görə eynilik təşkil edən ağ rəngli, kristalşəkilli maddələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Həmin cinayət işi 03 mart 2021-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə başlanılmış, 10 may 2021-ci il tarixdə Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsindən, həmin Məcəllənin 234.4.3-cü maddəsinə tövsif edilmişdir. İbtidai istintaq Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin İstintaq Şöbəsinin baş müstəntiqi, polis mayoru Aqil Qasımov tərəfindən yekunlaşdırılmışdır. Cinayət işi üzrə ittiham aktı 14 iyun 2021-ci il tarixdə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən təsdiq edilərək həmin gün baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilmiş və cinayət işi 17 iyun 2021-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Məhkəmənin hazırlıq iclasında dövlət ittihamçısı Azadəliyev Seyhun Cəbrayıl oğlu məhkəməyə vəsatət verərək Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin məhkəməyədək icraatı mərhələsində kobud qanun pozuntularına yol verildiyindən, bu pozuntuların aradan qaldırılması üçün cinayət işinin baxılmasına xitam verilməsi və cinayət işinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Suarxanı rayon prokurorluğuna qaytarılmasını, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbirinin qüvvəsində saxlanılmasını, cinayət işi üzrə məhkəməyədək icraat zamanı kobud qanun pozuntularına yol vermiş Suraxanı rayon Polis İdarəsinin müstəntiqi Aqil Qasımov barəsində xüsusi qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası dövlət ittihamçısını və təqsirləndirilən şəxsi dinləyərək, cinayət işinin materiallarını araşdıraraq bu qənaətə gəlir ki, aparılan istintaq gedişində ciddi cinayət-prosessual pozuntulara yol verilmiş, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin bir sıra tələbləri kobud şəkildə pozulmuşdur. Məhkəmədə cinayət işinin materialları araşdırılarkən iş materiallarına əlavə edilmiş şübhəli şəxs qismində verilmiş izahatla tanış olduğu zaman təqsirləndirilən şəxs tərəfindən yazılmış “İzahatı oxudum, əlavəm yoxdur, göstərilənlər düz yazılıb, doğruluğunu təsdiq edirəm” cümlələri təqsirləndirilən şəxsin özü tərəfindən yazılsa da o bunun müstəntiq tərəfindən məcburi şəkildə, diktə altında yazdırıldığını bildirdi. Cinayət işinə əlavə edilmiş, Suraxanı rayon Polis İdarəsinin müstəntiqi tərəfindən tərtib edilmiş “təqsirləndirilən şəxsi və cinayət işinin materialları ilə tanış etmək haqqında” 29 may 2021-ci il tarixli protokolda təqsirləndirilən şəxsin cinayət işinin bütün materialları ilə tanış olması öz əksini tapsa da buna əsaslanmaqla onun işin materialları ilə ibtidai istintaq zamanı tanış olması nətcəsinə gəlmək olmaz. Məhkəməyə təqdim edilmiş “əsas təhsil haqqında şəhadətnamə”nin surətindən görünür ki, təqsirləndirilən şəxs Bakı şəhəri Suraxanı rayonu 154 saylı orta məktəbi 2003-cü ildə ana dili rus dili olmaqla bitirmişdir. Bundan başqa Bakı şəhər Nərimanov rayon Məhkəməsinin Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2ci maddələri ilə 02 il 06 ay müddətinə məhkum edilməsi haqqında 02.05.2019-cu il tarixli hökmünə əsasən məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs öz hüquqlarını tərcüməçi vasitəsi ilə müdafiə etmişdir. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxs Suraxanı rayon 154 saylı rus təmayüllü tam orta məktəbdə rus sektorunda təhsil almış, latın qrafikalı Azərbaycan əlifbası ilə yazıb-oxumağı bacarsa da ana dilimizi mükəmməl bilmir, ibtidai istintaq zamanı rus-azərbaycan dillərini bilən tərcüməçinin xidmətindən istifadə etməmiş, azərbaycan dilini yaxşı başa düşmür. Hazırki cinayət işi ilə bağlı istintaq zamanı iş materialları ilə tanış olmaq üçün ona tərcüməçi verilməmişdir. Cinayət işinin materiallarında Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərarın surətinin, habelə hüquq və vəzifələrə dair yazılı bildirişin surətinin qanunda nəzərdə tutulmuş qaydada bildiyi dildə təqdim edilməsini təsdiq edən sübut müəyyən edilməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 21-ci maddəsində göstərilir ki, «Azərbaycan Respublikasının dövlət dili Azərbaycan dilidir. Azərbaycan Respublikası Azərbaycan dilinin inkişafını təmin edir. Azərbaycan Respublikası əhalinin danışdığı başqa dillərin sərbəst işlədilməsini və inkişafını təmin edir». Konstitusiyanın 60-cı maddəsinin İ hissəsi və 71-ci maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Konstitusiyanın 80-ci maddəsinin tələbinə əsasən konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 26.2-ci maddəsinə əsasən, cinayət prosesini həyata keçirən orqan cinayət mühakimə icraatının aparıldığı dili bilməyən cinayət prosesi iştirakçılarına öz ana dilindən istifadə etmək hüququnu izah etmək, ibtidai araşdırma və məhkəmə baxışı zamanı tərcüməçinin köməyindən pulsuz istifadə etmək, ibtidai araşdırma qurtardıqdan sonra cinayət işi və ya cinayət təqibi ilə bağlı digər materiallarla tam tanış olmaq, məhkəmədə ana dilində çıxış etmək, hüquqlarını təmin etməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 90.7 və 91.5-ci maddələrində tutulduğu və ya qətimkan tədbirinin seçilməsi haqqında qərar elan edildiyi andan şübhəli şəxsin, həmçinin təqsirləndirilən şəxsin ana dilində və ya bildiyi başqa dildə ifadə (izahat) vermək və tərcüməçinin köməyindən pulsuz istifadə etmək hüququ nəzərdə tutulur. Həmin Məcəllənin 91.5.1-ci maddəsinə əsasən, “nədə təqsirləndiyini bilmək (ittihamın məzmunu, verilmiş ittihamın faktiki tərəfi və hüquqi tövsifi)” təqsirləndirilən şəxsin hüququdur. Bu Məcəllənin 91.5.11 və 91.5.12-ci maddələrinə əsasən təqsirləndirilən şəxsin ana dilində və ya bildiyi başqa dildə ifadə (izahat) vermək, eləcə də tərcüməçinin köməyindən pulsuz istifadə etmək kimi hüquqları vardır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 292.4-cü maddəsinə görə cinayət prosesinin aparıldığı dili bilməyən təqsirləndirilən şəxsə və onun müdafiəçisinə ittiham aktının və ona əlavələrin təsdiq edilmiş və tərcüməçi tərəfindən imzalanmış tərcümələri, habelə həmin sənədlərin məhkəmə icraatının aparıldığı dildə yazılmış surətləri verilməlidir. «İnsan Hüquqlarının və X4 Haqqında» Avropa Konvensiyasının azadlıq və toxunulmazlıq hüququndan bəhs edən 5-ci maddəsinin 2-ci bəndinə əsasən, tutulmuş hər bir kəsə ona aydın olan dildə onun tutulmasının səbəbləri və ona qarşı irəli sürülən istənilən ittiham barədə dərhal məlumat verilir. Həmin Konvensiyanın ədalətli məhkəmə araşdırması hüququnu özündə əks etdirən 6-cı maddəsi üzrə təmin edilən minimal müdafiə hüquqları sırasında cinayət törətməkdə ittiham olunan hər kəsin ona qarşı irəli sürülmüş ittihamın «xarakteri və əsasları» haqqında onun başa düşdüyü dildə dərhal və ətraflı məlumatlandırılmaq və məhkəmədə istifadə olunan dili başa düşmürsə və ya bu dildə danışa bilmirsə, tərcüməçinin pulsuz köməyindən istifadə etməyi ehtiva edir. “Konvensiyanın” 6-cı maddəsi üzrə təmin edilən minimal müdafiə hüquqları sırasında şəxsin nədə ittiham olunduğunu bilməsi cinayət qanununda nəzərdə tutulan cinayəti törətməsi barədə elan edilən ittihamın xarakteri və məzmununun ona aydın olmasını ehtiva edir. Həmin maddənin 3-cü bəndinin a) yarımbəndinə əsasən Cinayət törətməkdə ittiham olunan hər kəs ən azı aşağıdakı hüquqlara malikdir: a) ona qarşı irəli sürülmüş ittihamın xarakteri və əsasları haqqında onun başa düşdüyü dildə dərhal və ətraflı məlumatlandırılmaq. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 303.3.2-ci maddəsinə əsasən, cinayət mühakimə icraatının aparıldığı dili bilməyən təqsirləndirilən şəxsin ana dilindən və ya tərcüməçinin köməyindən istifadə etmək hüququnun pozulması və həmin Məcəllənin 303.3.7-ci maddəsinə əsasən isə cinayət mühakimə icraatının aparıldığı dili bilməyən təqsirləndirilən şəxsə ana dilinə və ya bildiyi başqa dilə tərcümə olunmuş ittiham aktının surətinin verilməməsi kobud qanun pozuntusudur və bu qanun pozuntusuna yol verildikdə cinayət işi üzrə icraat materiallarının baxılmasına xitam verilməsi və işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul edilməlidir. Yuxarıda göstərilənlərə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin məhkəməyədək icraatı mərhələsində kobud qanun pozuntularına yol verildiyindən, bu pozuntuların aradan qaldırılması üçün cinayət işinin baxılmasına xitam verilməli və cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Suraxanı rayon prokurorluğuna qaytarılmalıdır. Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 26 və 96-cı maddələrinin şərh edilməsinə dair 15 iyul 2011-ci il tarixli qərarının 8-ci bəndində göstərilmişdir ki, Cinayət –Prosessual Məcəllənin müvafiq normalarının mənasına görə yazılı icraatın aparıldığı əlifbanı bilməyən şəxs deyil, dili bilməyən şəxs tərcüməçinin köməyindən istifadə etmək hüququ olan proses iştirakçısıdır. Həmin qərarın 13-cü bəndidə göstərilir ki, cinayət prosesinin həyata keçirilməsində dil xüsusi vasitələrdən biridir. Cinayət mühakimə icraatının aparıldığı dili bilmək şübhəli və ya təqsirləndirilən şəxs üçün öz mövqeyini və hüquqlarını müdafiə etmək imkanı yaradır. İcraatın aparıldığı rəsmi dili kifayət qədər yaxşı bilməmək isə müdafiə tərəfi üçün müəyyən qədər çətin şərait yaradır... Bundan başqa, cinayət qanununun müvafiq maddəsi üzrə ittihamın mahiyyətinin nədən ibarət olmasının aydın olmaması və ya dəqiq müəyyən edilməməsi təqsirləndirilən şəxsin “nədə ittiham olunduğunu”, “nədən müdafiə olunmalı olduğunu” bilməməsinə və İnsan hüquqları üzrə Avropa Məhkəməsinin formalaşdırdığı presedent üzrə belə olan halda müdafiə hüququnun pozulmasına səbəb olur. Qeyd olunanlara əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 234.4.3-cü maddəsi ilə təqsirlənməsinə cinayət işinin baxılmasına xitam verilməsi və prossesual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul edilməli, cinayət işi yenidən Suraxanı rayon prokurorluğuna göndərilməlidir. Azərbaycan Respublikası Cinayət Prossesual Məcəlləsinin 306.1 madəsinə əsasən məhkəmə hazırlıq iclasının nəticələrinə dair məhkəmə bu məcəllənin 300.1.1, 300.1.5 və 300.1.6 cı maddələrində nəzərdə tutulmuş qərarlar çıxartmaqla yanaşı, həmçinin məcəllənin 306.1.3-cü maddəsinə uyğun olaraq, təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirinin qüvvəsində saxlanılması, dəyişdirilməsi və ya ləğv edilməsi barədə məsələyə baxılmalıdır. Təqsirləndirilən şəxs barəsində ibtadi araşdırma zamanı həbs qətimkan tədbiri seçilmişdir. Buna görə də məhkəmə Azərbaycan Respublikası Cinayət Prossesual Məcəlləsinin 306.1.3-cü maddəsini nəzərə alıb hesab edir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri qüvvəsində saxlanılmalıdır. Qeyd olunanları nəzərə alaraq Azərbaycan Respublikası Cinayət Prossesual Məcəlləsinin 299-300 və 303, 306-cı maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin məhkəməyədək icraatı mərhələsində kobud qanun pozuntularına yol verildiyindən, bu pozuntuların aradan qaldırılması üçün cinayət işinin baxılmasına xitam verilsin və cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Suraxanı rayon prokurorluğuna qaytarılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri qüvvəsində saxlanılsın. Suraxanı rayon Polis İdarəsinin müstəntiqi Aqil Abbasov barəsində xususi qərar çıxarılsın. Qərarın surəti məlumat üçün 3 (üç) gün müddətində cinayət prosesinin bütün iştirakçılarına göndərilsin.
Məhkəmə qərarları › İş №1(101)-1285/2021
Bakı Ağır Cinayətlər Məhkəməsi Qərar — İş №1(101)-1285/2021
13.07.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver