Məhkəmə qərarları › İş №1(101)-1285/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1285/2024

23.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1285/2024 23.05.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim: Məmmədzadə Səbinə Adil qızının sədrliyi ilə, Hakimlər: Məmmədov Əli İrfan oğlu və Məcidov X3 ibarət tərkibdə, Qafarova-Məmmədova Turan Zakir qızının katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi: Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1988-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olub, həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İttiham aktına əsasən, Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, satış məqsədi olmadan qanunsuz olaraq, külli miqdarda narkotik vasitəni əldə edərək, saxlamış və daşımış, həmçinin satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddəni əldə edib üzərində saxlamaqla daşımışdır. Belə ki, istintaq orqanının gəldiyi nəticəyə görə, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan, külli miqdarda təmiz çəkisi 3,240 qram narkotik vasitə heroini qanunsuz olaraq əldə edib, üzərində saxlayaraq daşımış, Bakı şəhəri, Nizami RPİ-nin PPXB-nin əməkdaşları tərəfindən 14 avqust 2023cü il tarixdə saat 07:05 radələrində ünvan 2 ünvanının qarşısında şübhəli şəxs qismində saxlanılaraq, Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti, 118 ünvanında yerləşən Bakı şəhəri, Nizami RPİ-nin 23-cü PB-nə gətirilib orada üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən bir ədəd bükümdə, külli miqdarda təmiz çəkisi 3,240 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bundan başqa o, 19 sentyabr 2023-cü il tarixdə tanışı Şahid7 20 manat pul müqabilində satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, ümumi təmiz çəkisi 0,645 qram olan psixotrop maddə metamfetamini əldə edib üzərində saxlamaqla daşımış, həmin tarixdə saat 19 radələrində Bakı şəhəri, Nizami RPİ-nin 23-cü PB-nin əməkdaşları tərəfindən ünvan 5 ünvanının qarşısında şübhəli şəxs qismində saxlanılaraq, Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti, 118 ünvanında yerləşən Bakı şəhəri, Nizami RPİ-nin 23-cü Polis bölməsinə gətirilib orada üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən 1 (bir) ədəd sellofan bükümdə, təmiz çəkisi 0,645 qram ağ rəngli kristallik hissəciklərdən ibarət maddə, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Cinayət işinə məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1 və 234.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, dostu Daşqınla motosikletlə Keşlə qəsəbəsindən gələrkən PPX əməkdaşları onları saxlamış, üzərlərini yoxlamış, lakin heç nə aşkar etməmişlər. Onu PPX maşınında oturtduqdan sonra polis əməkdaşları geri gələrək, “bəs deyirdin heç nə yoxdur?” demişdir. Belə ki, polis əməkdaşları narkotik vasitə tapmışlar. Bundan sonra Keşlə qəsəbəsində yolun ortasında onları döyərək idarəyə gətirmişlər. İdarəyə gələndən sonra onu orda da döymüş, əvvəlcə onu yuxarı mərtəbəyə aparıb, sorğu-sual etmişlər, o da üzərlərində heç bir narkotik vasitənin olmadığını bildirmişdir. Onu aşağı mərtəbəyə düşürəndən sonra Daşqını yuxarı mərtəbəyə aparmışlar. Daha sonra Daşqının motosikletdən aşkar olunan narkotik vasitəni birlikdə yanacaq doldurma məntəqəsindən götürmələri ilə bağlı ifadə verdiyini bildirmişlər. O, əvvəlcə Daşqının dediklərini qəbul etməmiş, bundan sonra polis əməkdaşları onu yenidən döyməyə başlamış, o da məcbur qalıb Daşqının dediklərini təsdiqləmişdir. Onlar ifadələrini verdikdən sonra prokurorun yanına aparılmışlar, oradan isə azadlığa buraxılmışlar. Bir aydan sonra həmin polis əməkdaşları onu təkrar tutmuşlar. Belə ki, o, “Monte Carlo” restoranın qarşısı ilə yol gedən zaman polis əməkdaşları ona yaxınlaşıb onu əvvəl tutub tutmadıqlarını soruşmuşlar, o da tutulduğunu, lakin daha sonra buraxıldığını demişdir. Bundan sonra onu yenə də döyüb idarəyə aparıb həbs etmişlər. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona verilən suallara cavab olaraq bildirmişdir ki, o, tutulan zaman işləməmiş, boşanmışdır, bir uşağı var. Uşağı hazırda anasının himayəsindədir. O, tutulanadək atası və anası ilə birlikdə yaşamışdır. O, axırıncı dəfə iki il əvvəl işləmiş, onların ailəsinə atası baxmışdır. O, narkotik vasitələrdən hərdən 1 “çet” (0,1 qram) qəbul etmişdir. Gün ərzində bəzən iki dəfə, bəzən də bir dəfə narktik vasitə qəbul etmişdir. O, narkotik vasitəni adətən tanışlarından, pulu olanda almışdır. Pulu olmayanda narkotik vasitə almamışdır. Narkotiki adətən küçədə, bayırda, binaların bloklarında qəbul etmişdir. Narkotik vasitə aludəçisi olduğu üçün onun üzərində narkotik vasitə olması mümkündür. Daşqın onu Moskva prospektindən götürmüş, o, Daşqından onu evə aparmasını xahiş etmişdir. Gecə saat 12-1 radələrində, Keşlə qəsəbəsinin içi ilə hərəkətdə olan zaman Post Patrul Xidmətinin əməkdaşları maşından işarə vermiş, onlar dayanmış, polis əməkdaşları onların üzərini yoxlamış, lakin heç nə aşkar olunmamışdır. Onu polis maşınının arxa oturacağında əyləşdirib, motosikletin üzərindəki sifariş qutusunu yoxlamışlar, oradan da heç nə aşkar olunmamışdır. Onları əvvəlcə yolun ortasında döymüş, daha sonra isə gətirib bölmədə döymüşlər. Polis əməkdaşları onu döysə də, üzərində heç bir xəsarəti olmamışdır. Yalnız ayağında narkotik vasitələrin istifadəsi ilə əlaqədar yaranmış yaraları olmuşdur. PPX əməkdaları onun bədəninə vuran zaman ağrı olsa da, xəsarət qalmamışdır. Polis əməkdaşı motosikletdən büküm götürüb gətirmiş, motosiklet Daşqına məxsus olmuşdur. Daşqın döyülməyə dözə bilməmiş, ona görə deyib ki, guya narkotik vasitəni birlikdə gedib götürdüklərini demişdir. Birinci epizod üzrə onları həbs etməmişlər. İkinci epizod üzrə də onun üzərində heç bir narkotik vasitə olmamış, o, “Monte Carlo” şadlıq evinin qarşısından keçib, gəzmək üçün şəhərə gedən zaman onu yolda saxlamışlar. Polis əməkdaşının biri digərindən onu tanıyıb-tanımadığını soruşmuş, bir müddət əvvəl tutduqları şəxs olduğunu demişdir. Bundan sonra onu yenidən polis idarəsinə aparmışlar. Polis idarəsində yenidən video çəkiliş olmuş, o, həmin vaxt Elçinin adını çəkməmişdir. İkici epizod üzrə onu Niyaməddin adlı polis əməkdaşı tutmuş, Elçinin adını ona Niyaməddin demiş, onu döydükləri üçün məcbur qalıb Elçinin adını çəkmişdir. Niyaməddin narkotik vasitəni Elçindən aldığını deməsini tapşırmışdır. Onu yenə döymüşlər, lakin yenə də üzərində xəsarət qalmamışdır. O, döyülməsi ilə bağlı heç bir orqana şikayət etməmişdir. Təqsirləndirilən şəxs ona verilən suallara cavab olaraq həmçinin bildirmişdir ki, hər iki epizod üzrə şəxsi axtarış istintaq hərəkəti vəkilin iştirakı ilə keçirilmişdir. O, ibtidai istintaq zamanı ifadəsini oxumadan imzalamış, lakin bəzi sənədlərə imza etməmişdir. O, Elçin adlı şəxsi Keşlə qəsəbəsində yaşayan şəxs kimi tanımışdır. Təcridxanaya qəbul edilən zaman üzərində heç bir xəsarət olmamışdır. Məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilən Şahid5 ifadəsində bildirmişdir ki, o, Nizami RPİ-nin PPX-nin polis əməkdaşıdır. 2013-cü ilin avqust ayında saat 07:00 radələrində Keşlə qəsəbəsində Sabir küçəsində xidmətdə olduğu digər polis əməkdaşı ilə birlikdə 2 nəfər şəxsin narkotik vasitə istifadəçisinə oxşadaraq dərhal onlara yaxınlaşıb, onları saxlayaraq Nizami RPİ-nə 23-cü PB-yə dəvət etmişlər. Həmin şəxslər 23-cü PB-yə raportla təhvil verildikdən sonra yenidən əraziyə çıxaraq xidmətlərinə davam etmişlər. O və digər xidmət yoldaşı şəxsi axtarışda iştirak etməmişlər. Şahid5 ona verilən suallara cavab olaraq bildirmişdir ki, onlar təqsirləndirilən şəxsi saxlayanda səhərə yaxın olmuşdur. Onlar əsasən oğurluq hadisələri ilə bağlı vətəndaşları saxlayıb, şəxsiyyətini müəyyən edir və sorğu-sual edirlər, portalda barəsində axtarış olub-olmadığını müəyyənləşdirilər. Təqsirləndirilən şəxsi və onun yanındakı digər şəxsi də bu məqsədlə saxlamışlar, lakin onları saxladıqdan sonra həmin şəxslərin özlərində olmadıqlarını, vizual olaraq narkotik vasitə istifadəçisinə oxşadıqlarını müəyyən etmişlər. Onlar həmin şəxsləri saxlayarkən və bölməyə apararkən hər hansı bir müqavimət göstərməmişlər, hər iki şəxs narkotik vasitənin təsiri altında olmuşlar. Saxlanılan şəxslər özlərini şübhəli apardıqları üçün onlara yaxınlaşıb, sübh vaxtlarında orada nə iş gördüklərini soruşmuşlar. Belə ki, onlarda “Bolt” çatdırma qutusu olmuş, lakin həmin saatlarda çatdırma ilə məşğul olmaları məntiqli olmamışdır. Ona görə də həmin şəxslərin oğurluq və ya narkotik vasitə ilə məşğul olmalarından şübhələnmişlər. Həmçinin həmin şəxslər saxlanıldıqdan sonra müəyyən edilmişdir ki, onlar ümumiyyətlə həmin ərazidə yaşayan şəxslər deyillər. Onlarda əsaslı şübhə yarandığı üçün həmin şəxsləri sorğu-sual etmişlər və həmin şəxslərin narkotik vasitənin təsiri altında olmalarını müəyyən etmişlər. Buna görə də həmin şəxslərin araşdırılması üçün onları bölməyə təhvil vermişlər. Onlara şəxsi axtarış istintaq hərəkətlərində iştirak etmələri təklif olunmamışdır, onlar saxladıqları şəxsi bölməyə təhvil verdikdən sonra xidmət yerlərinə geri qayıtmışlar. Təqsirləndirilən şəxs və yanında olan digər şəxs onlara heç bir müqavimət göstərməmiş, həmçinin onlar tərəfindən həmin şəxslərə qarşı heç bir zor tətbiq edilməmişdir. Belə ki, bütün küçələrdə kameralar quraşdırılmış, ərazidə marketlər olmuş, onlar həmin şəxsləri bölməyə gətirəndə bölmənin əməkdaşları məsuliyyətin onların üzərində qalmaması üçün gətirilən şəxslərə vizual baxış keçirilir, əgər onlar hər hansı bir zor tətbiq etmiş olsaydılar raportda qeyd olunardı. Onlar həmin şəxləri sadəcə şübhələndikləri üçün bölməyə gətirmişlər. Saxlanılan şəxslər motosiklet idarə etməmiş, dayanmış vəziyyətdə olmuşlar. Onların şəxslərin üzərinə axtarış keçirmək səlahiyyətləri yoxdur, buna görə də onların hər hansı bir axtarış keçirmələri mümkün deyil. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 Şahid5 ifadəsinə uyğun məzmunda ifadə vermişdir. Məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilən Şahid1 ifadəsində göstərdi ki, 14 avqust 2023-cü il tarixdə PB-də xidmətdə olarkən PPX-nin əməkdaşları tərəfindən təqsirləndirilən şəxs bölməyə gətirilmiş, təhqiqatçı Rəşad Məmmədovun otağında Təqsirləndirilən şəxs barəsində şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində olan narkotik vasitəni könüllü şəkildə təqdim etmişdir. Şahid1 ona verilən suallara cavab olaraq bildirmişdir ki, ikinci dəfə Təqsirləndirilən şəxs 19 sentyabr 2023-cü il tarixdə xidməti ərazidə xidmət apararkən Kamran Əfkarlı küçəsində PB-nin əməliyyat müvəkkili Şahid2lə birlikdə saxlamışlar. Belə ki, onlar Təqsirləndirilən şəxs yaxınlaşıb, özlərini təqdim etmişlər, Təqsirləndirilən şəxs özünü yetəri qədər şübhəli apardığı üçün onu PB-yə dəvət etmişlər. Bölmədə Təqsirləndirilən şəxs üzərində baxış keçirilmiş, yenidən onun üzərindən narkotik vasitə aşkar olunmuşdur. Hər iki epizod zamanı şəxs heç bir müqavimət göstərməmiş və səmimi etiraflar etmişdir. Təqsirləndirilən şəxs ikinci epizod üzrə narkotik vasitəni Elçin adlı şəxsdən aldığını bildirmişdir. Təqsirləndirilən şəxsə qarşı heç bir zor tətbiq olunmamışdır. Onlar təqsirləndirilən şəxsə yaxınlaşan zaman onun narkotik vasitədən istifadə etməsi ilə sübhələndikləri üçün onu bölməyə dəvət etmişlər. Birinci epizod üzrə o, şəxsin tutulub bölməyə gətirilməsində iştirak etməmiş, lakin şəxsi axtarışda iştirak etmişdir. İkinci epizod üzrə isə Təqsirləndirilən şəxs saxlanmasında və gətirilməsində iştirak etmişdir. Belə ki, ikinci epizod üzrə K.Əsgərov küçəsində Şahid2lə birlikdə xidmət aparmış, həmin zaman Təqsirləndirilən şəxs tək olmuş və özünü şübhəli aparmış, ona görə də onlar Təqsirləndirilən şəxs yaxınlaşaraq özlərini təqdim etmiş və bölməyə dəvət etmişlər. PBdə təhqiqatçı Rəşad Vəliyevin otağında vəkilin iştirakı ilə Təqsirləndirilən şəxs üzərində baxış keçirilmiş və şəxs üzərində olan narkotik vasitəni təqdim etmişdir. Birinci epizodda o, şəxsi axtarışı videolentə almış, ondan başqa həmin istintaq hərəkətində Səməd Bədəlov da iştirak etmişdir. Məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilən Şahid3 ifadəsində göstərdi ki, o, hazırda Xətai RPİ-də 37-ci PŞ-nin təhqiqatçısıdır, lakin hadisə olan zaman Nizami RPİ-nin 23-cü PB-də əməliyyatçı vəzifəsində işləmişdir. 14 avqust 2023-cü ildə 23-cü PB-nin inzibati binasında xidmətdə olan zaman Nizami RPİ-nin PPX-nin bölüyün əməkdaşları tərəfindən ərazidə saxlanılmış şəxs şöbəyə gətirilmiş, bu zaman şöbədə həmin şəxsin Təqsirləndirilən şəxs olduğu müəyyən edilmişdir. Həmin inzibati binada videoçəkilişi özü aparmış, videoçəkiliş edən zaman həmin şəxsdən üzərində qanunla dövriyyəsi qadağan olunmuş hər hansı bir maddənin olub-olmaması soruşulmuş, Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sağ cibindən bir bükümü çıxardaraq özü könüllü surətdə təqdim etmiş, Suraxanı rayonu ərazisindən anket məlumatlarını bilmədiyi üzdən tanıdığı şəxsdən 60 manata aldığını bildirmişdir. Şahid3 ona verilən suallara cavab olaraq bildirmişdir ki, o, şəxsin saxlanılmasında və gətirilməsində iştirak etməmiş, şəxs PPX bölüyünün əməkdaşları tərəfindən saxlanılaraq çöbəyə gətirilmiş, o, şöbədə videoçəkilişi aparmış və şəxsi axtarışda iştirak etmişdir. PPX əməkdaşlarının ərazidə şəxsin üzərində şəxsi axtarış keçirmək səlahiyyəti yoxdur, buna görə də şəxs şöbəyə gətirilmiş və şöbədə üzərinə baxış keçirilən zaman üzərindən narkotik vasitə aşkar edilmişdir. O, şəxsin saxlanılmasında iştirak etməsə də, bölmə rəhbərinin tapşırığına əsasən şəxsi axtarışda iştirak etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid7 öz ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs yaşadığı məhəllədən tanımışdır. Polis əməkdaşları onu evdən tutub aparmış, narkotik vasitədən istifadə etdiyi üçün tutulduğunu bildirmişlər. Lakin onun Təqsirləndirilən şəxs saxlanması ilə bağlı heç bir əlaqəsi olmamış, bu işlə bağlı müstəntiqə məcbur qaldığı üçün ifadə vermişəm. Təqsirləndirilən şəxs özü dediyi kimi narkotik vasitəni ondan almış, o da Samirin sözünü təsdiq etmişdir. Şahid7 ona verilən suallara cavab olaraq bildirmişdir ki, onun barəsində məhkəmə hökmü çıxarılmış və Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hökmünə əsasən 3 il 6 ay azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. İbtidai istintaq zamanı məcburiyyətdən Təqsirləndirilən şəxs ifadəsini təsdiq etmiş, ona narkotik vasitə satdığını bildirmişdir. Barəsində baxılan cinayət işi üzrə məhkəmə iclasında da etirafedici ifadə vermişdir. Şahid7 məhkum olunmasına dair Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 01 mart 2024-cü il tarixli, 1(007)-163/24 nömrəli hökmü ilə müəyyən edilmişdir ki, o, məhkəmə iclasında Təqsirləndirilən şəxs narkotik vasitə satmadığını bildirsə də, pulsuz verdiyini qeyd etmişdir. Məhkəmənin hökmünə əsasən Şahid7 Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinərək məhkum edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə baxışı zamanı tədqiq olunan: - «Şəxsi axtarış və götürmə aparılması haqqında» 14 avqust 2023-cü il tarixli protokoldan görünür ki, Bakı şəhəri, Nizami RPİ-nin 23-cü PB-nin inzibati binasında Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə təqdim etməsi təklif olunduqdan, sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən 1 (bir) ədəd bükülünü təqdim etmiş, həmin bükülü barədə Təqsirləndirilən şəxs soruşduqda narkotik maddə olmasını, Bakı şəhəri, Suraxanı rayonu ərazisindən üzdən tanıdığı, lakin anket məlumatlarını bilmədiyi şəxsə 60 manat verib, özü istifadə etmək məqsədi ilə alıb üzərində saxlayaraq daşımasını bildirmiş, sonra onun üzərinə baxış keçirilmiş və qanunla dövriyyəsi qadağan olunmuş heç bir maddə, əşya və predmet aşkar olunmamış, aşkar olunmuş kütlə zərfə qoyularaq, qablaşdırılmış və imzalarla təsdiq olunmuşdur. (cild İ, i/v: 115-116) - «Video görüntülərə baxış keçirilməsi haqqında» 14 avqust 2023-cü tarixli protokoldan görünür ki, xx.xx.2023-cü il tarixdə şəxsi axtarış və götürülmə aparılan zaman həmin prosesin video görüntülərinin əks olunduğu 1 (bir) ədəd DVD diskə baxış keçirilmiş və Təqsirləndirilən şəxs üzərinə baxış keçirilən zaman əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən 1 (bir) ədəd bükülünü təqdim etməsi, həmin bükülü barədə Təqsirləndirilən şəxs soruşduqda narkotik maddə olmasını, Bakı şəhəri, Suraxanı rayonu ərazisindən üzdən tanıdığı, lakin anket məlumatlarını bilmədiyi şəxsə 60 manat verib, özü istifadə etmək məqsədi ilə alıb üzərində saxlayaraq daşımasını bildirməsi, sonra onun üzərinə baxış keçirilməsi və qanunla dövriyyəsi qadağan olunmuş heç bir maddə, əşya və predmet aşkar olunmaması, aşkar olunmuş kütlənin zərfə qoyularaq, qablaşdırılması və imzalarla təsdiq olunması müəyyən edilmişdir. (cild İ, i/v: 152) Cinayət işinin materiallarına əlavə edilmiş DVD disk məhkəmə iclasında nümayiş etdirilməklə tədqiq edilmiş və müəyyən edilmişdir ki, həmin diskə yüklənmiş videogörüntülər məhkəmə baxışı zamanı tədqiq olunan «şəxsi axtarış və götürmə aparılması haqqında» və «Video görüntülərə baxış keçirilməsi haqqında» 14 avqust 2023-cü tarixli protokolların məzmunu ilə eynilik təşkil edir. - «Şəxsi axtarış və götürmə aparılması haqqında» 19 sentyabr 2023-cü il tarixli protokoldan görünür ki, Bakı şəhəri, Nizami RPİ-nin 23-cü PB-nin inzibati binasında Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə təqdim etməsi təklif olunduqdan, sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən siqaretin sellofan kəsiyinə bükülmüş bükülünü təqdim etmiş, həmin bükülü barədə Təqsirləndirilən şəxs soruşduqda narkotik vasitə olmasını, 19 sentyabr 2023-cü il tarixdə Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi ərazisindən adını «Elçin» kimi bildiyi şəxsə 20 manat verib, özü istifadə etmək məqsədi ilə alıb üzərində saxlayaraq daşımasını bildirmiş, sonra onun üzərinə baxış keçirilmiş və qanunla dövriyyəsi qadağan olunmuş heç bir maddə, əşya və predmet aşkar olunmamış, aşkar olunmuş kütlə zərfə qoyularaq, qablaşdırılmış və imzalarla təsdiq olunmuşdur. (cild İ, i/v: 24-25) - «Diskə baxış keçirilməsi haqqında» 21 sentyabr 2023-cü tarixli protokoldan görünür ki, xx.xx.2023-cü il tarixdə şəxsi axtarış və götürülmə aparılan zaman qeydə alınmış video görüntülərin qeydə alındığı 1 (bir) ədəd DVD diskə baxış keçirilmiş və Təqsirləndirilən şəxs üzərinə baxış keçirilən zaman əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən siqaretin sellofan kəsiyinə bükülmüş bükülünü təqdim etməsi, həmin bükülü barədə B.O.Cəfərovdan soruşduqda «patı» kimi adlanan maddə olmasını, 19 sentyabr 2023-cü il tarixdə Bakı Şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi ərazisindən adını «Elçin» kimi bildiyi şəxsə 20 manat verib, özü istifadə etmək məqsədi ilə alıb üzərində saxlayaraq daşımasını bildirməsi, sonra onun üzərinə baxış keçirilməsi və qanunla dövriyyəsi qadağan olunmuş heç bir maddə, əşya və predmet aşkar olunmaması, aşkar olunmuş kütlə zərfə qoyularaq, qablaşdırılması və imzalarla təsdiq olunması müəyyən edilmişdir. (cild İ, i/v: 219) Cinayət işinin materiallarına əlavə edilmiş DVD disk məhkəmə iclasında nümayiş etdirilməklə tədqiq edilmiş və müəyyən edilmişdir ki, həmin diskə yüklənmiş videogörüntülər məhkəmə baxışı zamanı tədqiq olunan «şəxsi axtarış və götürmə aparılması haqqında» 19 sentyabr 2023-cü il tarixli və «Video görüntülərə baxış keçirilməsi haqqında» 21 sentyabr 2023-cü tarixli protokolların məzmunu ilə eynilik təşkil edir. - Məhkəmə-kimyəvi ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 3-16-16/2-6/4946 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «...Təqsirləndirilən şəxs (imza)...» sözləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0,645 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetamin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr»in siyahısına (Siyahı İ) daxildir. (cild İ, i/v: 32-36) - Məhkəmə-kimyəvi ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 3-16-16/1-6/4362 №-li rəydən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «...Təqsirləndirilən şəxs (imza)...» sözləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 3,240 qram olan tünd-qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir və üzərində «...D.Qədirli (imza)...» sözləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 4,002 qram olan narkotik vasitə heroindən xarici əlamətlərinə və kimyəvi komponent tərkiblərinə görə fərqlidirlər. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanun ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»in siyahısına (Siyahı İ) daxildir. (cild İ, i/v: 128-133) - Məhkəmə-kimyəvi ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 3-16-16/2-6/6079 №-li rəydən görünür ki, tədqiqata təqdim edilmiş üzərində Azərbaycan Respublikası ƏN-nin MEM-in «Tədqiqat obyekti № 67»-li ştamp əksi olan paketdə Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş metamfetamin, üzərində Azərbaycan Respublikası ƏN-nin MEM-in «Tədqiqat obyekti № 67»-li ştamp əksi olan paketdəki Şahid7 aşkar edilmiş metamfetaminlə xarici amətlərinə və kimyəvi komponent tərkibinə görə eynidir. (cild İİ, i/v: 99-102) - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X2 Şəxsin Ambulator məcburi-narkoloji tibbi yoxlama üzrə xx.xx.2023-cü il tarixli 5518 №-li rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (cild İ, i/v: 217-218) İstintaq orqanının «maddi sübutun tanınması haqqında» 19 noyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılması prosesinin videogörüntülərini özündə əks etdirən iki ədəd DVD formatlı disk, həmçinin onun üzərindən aşkar edilərək götürülmüş ümumi təmiz çəkisi 3,240 qram təşkil edən narkotik vasitə heroin və 0,645 qram psixotrop maddə metamfetamin maddi sübut qismində tanınmış, DVD disklər cinayət işinin materiallarına əlavə edilmiş, narkotik vasitə heroinin ekspertiza tədqiqatından sonra qalıq qalan 3,190 qram hissəsi və psixotrop maddə metamfetaminin 0,595 qram hissəsi saxlanılması üçün Nizami RPİ-nin maddi sübutların saxlama kamerasına təhvil verilmişdir. (cild İİ, i/v: 67-69) Məhkəmə kollegiyası, məhkəmə baxışına təqdim edilmiş sübutları məhkəmə iclasında hərtərəfli, tam və obyektiv tədqiq edib, sübutlar toplusuna məcmu halında qiymət verərək, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə əldə edib saxlamaqla daşıması, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi, habelə satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda heroin narkotik vasitəsi əldə etməsi, saxlaması və daşıması, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməllərini törətməsi məhkəmədə təkzibedilməz və mötəbər sübutlarla təsdiq edildiyindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 234.1-1-ci maddələri ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə əvvəlcə təqsirləndirilən şəxsin onun üzərində heç bir narkotik vasitənin olmaması, qeyd olunan maddənin polis əməkdaşları tərəfindən onun cibinə qoyulması, polis əməkdaşlarının ona fiziki zor tətbiq etməsi vasitəsi ilə ona məxsus olmasını bildirməsinə nail olmaları ilə bağlı məhkəmə iclasında verdiyi ifadələrə münasibət bildirməklə qeyd edir ki, təqsirləndirilən şəxsin ifadəsində bildirdiyi xüsusatlar məhkəmə iclasında araşdırılaraq öz təsdiqini tapmadığından həmin ifadələr təqsirləndirilən şəxsin özünü müdafiə məqsədi ilə uydurduğu ifadələr kimi qiymətləndirilmədir. Belə ki, məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb üzərinə videomüşahidə altında şəxsi axtarış keçirilmiş, axtarış zamanı onun üzərindən ümumi təmiz çəkisi 3,240 qram olan narkotik vasitə heroin, daha sonra isə 0,645 qram psixotrop maddə mütamfetamin aşkar edilərək götürülmüş, hər iki istintaq hərəkəti üzrə aşkar edilmiş bükümlər qanunvericiliyə uyğun şəkildə qablaşdırılaraq müvafiq olaraq ekspertizaya göndərilmiş və ekspertiza rəyinə əsasən tədqiqata təqdim olunmuş zərflərdəki predmetlərin tərkibi və ümumi təmiz çəkisi müəyyən edilmişdir. Bundan əlavə təqsirləndirilən şəxs ibtidai istintaq zamanı polis əməkdaşları tərəfindən qanunsuzluğa yol verilməsi ilə bağlı heç bir orqana şikayət ünvanlamamış, məhkəmə baxışında səsləndirdiyi məsələləri mübahisələndirməmiş, əksinə ibtidai istintaq zamanı verdiyi ifadəsində üzərindən aşkar olunmuş maddələrin ona məxsus olduğunu bildirmiş, əldə etdiyi mənbə barədə məlumat vermiş və həmin şəxs də cinayət məsuliyyətinə cəlb edilmişdir. Həmçinin əldə edilmiş ekspertiza rəyi ilə də Elçin adlı şəxslə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitələrin eyni tərkibli olmaları müəyyən edilmişdir. Bundan başqa məhkəmə-narkoloji ekspertizasının 28 avqust 2023-cü il tarixli 5518 nömrəli ekspert rəyindən də görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrə qarşı abstinensiya əlamətləri və patoloji meyl formalaşıb, onda narkotik vasitələrin qəbulundan psixi və fiziki asılılıq vardır. Həmin rəylə həmçinin müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs götürülmüş sidik nümunəsində MOP (+), OPİ (+), AMP (+) aşkar olunmuş və Təqsirləndirilən şəxs tədqiqat aparılarkən ekspertlərə 5-6 ildir ki, narkotik vasitə heroindən, 1 il yarımdır ki, psixotrop maddə metamfetamindən inyeksiya yolu ilə istifadə etdiyini, narkotik vasitələri əvvəllər inyeksiya yolu ilə yuxarı ətraf venalarına, son zamanlar isə əsasən dərialtına vurduğunu etiraf etmişdir. Həmçinin məhkəmə təqsirləndirilən şəxsin polis əməkdaşları tərəfindən döyülməsi ilə bağlı ifadəsinə əsasən sorğu ilə təqsirləndirilən şəxsin saxlanıldığı istintaq təcridxanasına sorğu ilə müraciət edilmiş və onun adına açılmış şəxsi iş və tibbi kitabça əldə edilərək məhkəmə iclasında bilavasitə tədqiq edilmişdir. Tədbqiq edilmiş tibbi kitabça əsasında müəyyən edilmişdir ki, Cəfərov X1 Xidmətin 3 saylı istintaq Təcridxanasına daxil olan zaman həbs olunmamışdan əvvəl zədəd almadığını bildirmiş, bədəni üzərində köhnə çapıq toxuma, baldırında isə postinyeksiya xoraları aşkar olunmuşdur. Təqsirləndirilən şəxs şikayətinin olmadığını bildirmişdir. Həmçinin Nizami RPİ-nin MSY-də 20 sentyabr 2023-cü il tarixdə tərtib edilmiş aktdan görünür ki, Təqsirləndirilən şəxs üzərində müxtəlif səpgidə yaralar aşkar olunmuş, məhkəmə iclasında ona verilən suala cavab olaraq təqsirləndriilən şəxs həmin yaraların narkotik vasitələrdən istifadə etməsi ilə əlaqədar yarandığını bildirmiş və həmin yaraların polis əməkdaşlarının onu döyməski ilə əlaqədar olmadığını bildirmişdir. Buna görə də məhkəmə, qeyd olunan hissədə də təqsirləndirilən şəxsin ifadəsini həqiqətə uyğun hesab etmir. Bununla belə, məhkəmə hesab edir ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1 və 234.1-1-ci maddəsi ilə təqsiri tam sübuta yetirimişdir. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıya» əsasən heroin narkotik vasitəsinin və metamfetamin psixotrop maddəsinin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla aşağı həddi 2 qram müəyyən edilmişdir. Məhkəmə baxışı zamanı isə müəyyən edildi ki, Təqsirləndirilən şəxs üzərindən 14 avqust 2023-cü il tarixdə bir bükümdə aşkar edilərək götürülmüş narkotik vasitə heroinin miqdarı 3,240 qram, 19 sentyabr 2023-cü il tarixdə aşkar edilərək götürülmüş bir bükümdə psixotrop maddə metamfetaminin ümumi təmiz çəkisi isə 0,645 qram olmaqla «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahı»ya əsasən birinci halda külli miqdar, ikinci halda isə şəxsi istehlak miqdarından artıq miqdarda təşkil edir. Azərbaycan Respublikası CPM-nin 145.1-ci maddəsinin tələblərinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Həmin Məcəllənin 145.2-ci maddəsinə əsasən …. hakimlər qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Ən nəhayət, həmin Məcəllənin 145.3-cü maddəsinin tələblərinə görə isə ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Məhkəmə Təqsirləndirilən şəxs əməlinin tövsifi məsələsinə hüquqi qiymət verərək belə nəticəyə gəlmişdir ki, Təqsirləndirilən şəxs əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 234.1 və 234.1-1-ci maddələri ilə düzgün tövsif olunmuş, onun barəsində ittiham hökmü çıxarılmaqla sonuncu Azərbaycan Respublikası CM-nin 234.1 və 234.1-1-ci maddələri ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı sərbəst ifadəsində ondan aşkar edilib götürülmüş narkotik vasitənin və psixotrop maddə ona aid olmaması, o, saxlanılarkən üzərində narkotik vasitə olmaması barədə göstərdiklərini onun cinayət məsuliyyətindən və cəzadan azad oluna bilmək üçün seçmiş olduğu müdafiə taktikası kimi qiymətləndirir. Belə ki, təqsirləndirilən şəxsin özünün müdafiəsi üçün gətirdiyi dəlillər məhkəmə baxışı zamanı araşdırılan mötəbər və təkzibedilməz sübutlarla inkar olunur. Məhkəmədə Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar və onu cinayət məsuliyyətindən və cəzadan azad etmə üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CPM-nin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə cəza təyin edərkən, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsirini nəzərə alır. Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-in BƏSİİnin əməliyyat arayışından görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə olan cinayət işi xx.xx.2023-cü il tarixdə məhkəməyə göndərilmişdir. Məhkəmənin sorğusu ilə əldə edilmiş Nəsimi rayon Məhkəməsinin 12 dekabr 2023cü il tarixli, 1(006)-323/2023 nömrəli hökmdən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Eyni zamanda Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin şərh edilməsinə dair 22 fevral 2012-ci il tarixli qərarında göstərilmişdir ki, Cinayət Məcəlləsinin 17.1-ci maddəsinə əsasən, bu Məcəllənin müxtəlif maddələri ilə nəzərdə tutulmuş iki və ya daha çox cinayətin törədilməsi, həmin cinayətləri törətmiş şəxs onlardan heç birinə görə məhkum olunmamışdırsa və ya qanunla müəyyən edilmiş əsaslar üzrə cinayət məsuliyyətindən azad edilməmişdirsə, habelə bu cinayətlərdən heç birinə görə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçməmişdirsə, cinayətlərin məcmusunu yaradır. Həmin Məcəllənin 66.1-ci maddəsinə müvafiq olaraq cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. Bununla yanaşı, qanunverici cəzasını tam çəkmədən Cinayət Məcəlləsinin 18.1-ci maddəsi baxımından residiv etmiş məhkumun yüksək təhlükəli olmasını, eləcə də əvvəlki iş üzrə təyin edilmiş cəzanın onun tərəfindən yeni cinayət törədilməsinin qarşısını almağa kifayət etməməsini nəzərə alaraq, sözügedən şəxsə cəzanın artıq hökmlərin məcmusu üzrə təyin edilməsini müəyyən etmişdir. Bununla bağlı, Cinayət Məcəlləsinin 67.1-ci maddəsi nəzərdə tutur ki, hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Cinayət qanunvericiliyinin qeyd olunan normalarından belə aydın olur ki, cinayətlərin məcmusu üzrə cəza ilkin mühakimədən əvvəl törədilmiş cinayətlərə, hökmlərin məcmusu üzrə cəza isə qanuni qüvvəyə minmiş hökmlə məhkum edilmiş şəxs tərəfindən yeni cinayət törədilməsi hallarına tətbiq edilir. Göründüyü kimi, qanunverici məcmu halında cəzanın təyin edilməsində fərqləndirməni cinayətlərin törədilməsi zamanı ilə əlaqələndirmişdir. Bu mənada, müraciətdən görünür ki, təcrübədə çətinliklər yaradan məqam birinci cinayət işi üzrə ittiham hökmünün elan edildiyi vaxtdan onun qanuni qüvvəyə mindiyi anadək olan dövrdə törədilən cinayətə görə şəxsə cəzanın hökmlərin, yaxud da cinayətlərin məcmusu üzrə təyin edilməsindən ibarətdir. Beləliklə məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən hazırki hökm üzrə təyin olunacaq cəzaya Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə təyin olunmuş 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası birləşdirilməklə təqsirləndirilən şəxsə qəti cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran, 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəza məsələsini müzakirə edib belə nəticəyə gəlir ki, sosial ədalətin bərpası və təqsirləndirilən şəxsin islah olunması, təqsirləndirilən şəxsin özü və başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısının alınması məqsədi ilə ona Azərbaycan Respublikası CM-nin 234.1-ci və 234.1- 1-ci maddəsinin sanksiyası daxilində, şəxsiyyətinə uyğun müəyyən müddətə azadlıqdan məhrum etmə növündə ədalətli cəza təyin olunmalıdır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə təqsirlilik və cəza məsələsi ilə yanaşı, həm də belə nəticəyə gəlir ki, işdə olan ambulator məcburi-narkoloji yoxlama üzrə 28 avqust 2023-cü il tarixli, 5518 nömrəli rəy əsas götürülməli, narkoloji müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan aslılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunması və onun narkomaniyadan məcburi müalicəyə ehtiyacının olması nəzərə alınmalı və barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi-xarakterli məcburi tədbirlər tətbiq edilməli, həmçinin tibbi rəyin tövsiyələrinə uyğun olaraq o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə, eyni zamanda təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının çəkilməsi üçün Təqsirləndirilən şəxs barəsində cəzaçəkmə müəssisəsinin növünü müəyyən edərkən, törədilən cinayətin ağır cinayətlər kateqoriyasına aid olmasını nəzərə alaraq, onun təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsini qanuna uyğun hesab edir. Belə ki, Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər təyin olunan azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidirlər. Bundan başqa, məhkəmə kollegiyası təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının çəkilməsinin əvvəli ilə əlaqədar məsələni müzakirə edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli 14 avqust 2023cü il tarixdən hesablanmalıdır. Belə ki, məhkəmə baxışı zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs 14 avqust 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Nizami rayon Məhkəməsinin 15 avqust 2023-cü il tarixli qərarı ilə onun barəsində 04 dörd ay müddətində «ev dustaqlığı» qətimkan tədbiri seçilmiş, daha sonra 19 sentyabr 2023-cü il tarixdə yenidən sübhəli şəxs qismində tutulmuş və Bakı şəhəri Nizami rayon Məhkəməsinin 21 sentyabr 2023-cü il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmişdir. Həmçinin məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs 14 avqust 2023-cü il tarixdən başlayaraq həbsdə və ev dustaqlığında saxlanıldığı bütün müddət ona təyin olunmalı olan cəza müddətinə daxil edilməlidir. Azərbaycan Respublikası CPM-nin 90 və 90.1.2-ci maddələrinin tələbinə görə cinayət törətməkdə şübhələnildiyinə görə tutulmuş şəxs şübhəli şəxs hesab edilir. Həmin Məcəllənin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan hesablanır. Həmin Məcəllənin 158.2 və 158.2.1, 158.2.2-ci maddəsinin tələbinə görə isə təqsirləndirilən şəxsin tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Məhkəmə təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbirinə münasibət bildirib qeyd edir ki, təqsirləndirilən şəxsə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin ediləcəyindən onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə, Azərbaycan Respublikası CPM-in 346.1.19-cu maddəsinin tələbləri baxımından iş üzrə maddi sübutlara dair məsələni həll edərkən belə nəticəyə gəlir ki, iş üzrə maddi sübutların taleyi hökm qanuni qüvvəyə mindikdən sonra aşağıdakı qaydada həll edilməlidir: Bakı şəhəri Nizami RPİ-nin maddi sübutların saxlama kamerasında saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq çəkisi 3,190 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə heroin və qalıq çəkisi 0,595 qram təşkil edən kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. İş üzrə sübut növü kimi qiymətləndirilmiş Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə prosesini əks etdirən videogörüntülərin yükləndiyi iki ədəd DVD formatlı disk cinayət işinin materiallarında saxlanılmalıdır. Eyni zamanda məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, iş üzrə maddi sübutların tədqiqi üçün çəkilmiş 162 (yüz altmış iki) manat məbləğində ekspertiza xərci var və həmin məbləğ Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197-ci maddəsinə əsasən məhkəmə məsrəfləri hesab olunur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsidir. Odur ki, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyərini təşkil edən 162 (yüz altmış iki) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. «Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında» 2012-ci il 7 mart tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsi əsasında, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahiblərinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Azərbaycan Respublikasının CPM-nin 132.0.1-ci maddəsinə uyğun olaraq, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş əmlakı müəyyən edilmədiyindən onun barəsində xüsusi müsadirə tətbiq olunmamalıdır. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 27 yanvar 2010-cu il tarixdə edilmiş dəyişikliklərə əsasən məhkəmədə Təqsirləndirilən şəxs göstərdiyi hüquqi yardıma görə dövlət büdcəsinin vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 300 (üç yüz) manat məbləğində pul ödənilməlidir. İş üzrə qanunla müəyyən olunan qaydada mülki iddia verilməmişdir, əmlak üzərinə həbs qoyulmamışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 345-347, 349, 351- 354, 356, 381, 384.1 maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 234.1-1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək, ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə 1 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplanmaq yolu ilə ona qəti olaraq 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən hazırki hökm üzrə təyin olunmuş cəzaya Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə təyin olunmuş 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası qismən birləşdirilməklə Təqsirləndirilən şəxs qəti olaraq 05 (beş) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmənin əvvəli 14 avqust 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilsin. O, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübutlar – Nizami RPİ-nin maddi sübutların saxlama kamerasında saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq çəkisi 3,190 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə heroin və qalıq çəkisi 0,595 qram təşkil edən kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin, 02 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfləri – 162 (yüz altmış iki) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. Məhkəmədə Təqsirləndirilən şəxs göstərdiyi hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 300 (üç yüz) manat məbləğində pul ödənilsin. Hökmdən elan olunduğu vaxtdan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən Səbinə Məmmədzadə Hakimlər Azad Məcidov Əli Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar