Məhkəmə qərarları › İş №1(101)-1287/2022

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1287/2022

21.07.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1287/2022 21.07.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hüseynov Səbuhi Sabir oğlu (sədrlik edən), Məcidov X14 və Ağayev Zeynal Qurban oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X6, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Əsgər oğlunun iştirakı ilə, xx xxxxxx 1979-cu il tarixdə Ermənistan Respublikasında anadan olmuş, subay, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olmuş, məhkumluğu olmayan, Saatlı rayonu, Şirinbəy kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 2-ci mədən, korpus 84, nömrəsiz fərdi evdə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə edib daşıyaraq üzərində saxlamışdır. Belə ki, o, 12 fevral 2022-ci il tarixdə saat 11 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi kəndində istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda 2 ədəd bükümdə ümumilikdə 5,050 qram çəkidə narkotik vasitə olan heroini əldə edib daşıyaraq üzərində saxlamış, həmin tarixdə saat 17:20-də Bakı şəhəri Binəqədi RPİ-nin CAŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində ünvan 1 ünvanda yerləşən yaşayış binasının qarşısında saxlanılaraq ünvan 2 ünvanda yerləşən Binəqədi RPİ-nə gətirilərək üzərinə keçirilmiş axtarış zamanı əynindəki göy-qara rəngli gödəkcənin sol bayır cibindən 1 ədəd “Rotmans” markalı siqaret qutusunun içərisində qablaşdırılmış halda ümumilikdə 2 ədəd şəffaf rəngli sellofan bükülü olmaqla ayrı-ayrılıqda təmiz çəkiləri 4,590 qram və 0,460 qram, ümumi təmiz çəkisi 5,050 qram olan qəhvəyi rəngli tozşəkilli maddələrdən ibarət külli miqdarda kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, tutulmazdan bir müddət əvvəl sosial şəbəkədə bir neçə şəxsin narkotik vasitələrdən istifadəni təbliğ etdiyini görüb sosial şəbəkə vasitəsilə həmin şəxslərə etdiklərinin yanlış olduğunu bildirmiş və ünvanlarına nalayiq ifadələr işlətmişdir. Bu hadisənin baş verməsindən sonra 12 fevral 2022-ci il tarixdə polis əməkdaşları üçün çalışan “Yaşar” adlı şəxs hazırda xatırlamadığı mobil nömrə ilə ona zəng etmiş və Xırdalan şəhəri, Heydər Əliyev prospektində yerləşən “AAAF Park” yaşayış kompleksinin yanında görüşməyi təklif etmişdir. Yaşarla razılaşıb həmin ünvana yollanmış, çatdıqda isə orada polis əməkdaşlarının olduğunu görmüşdür. Həmin polis əməkdaşları narkotik vasitə və psixotrop maddələrin saxlanmasında və satışında şübhəli olduğunu bildirib onu Binəqədi RPİ-nə gətirmişlər. İdarədə otaqların birində üzərində şəxsi axtarış keçirilmiş və 0,5 qram narkotik vasitə heroin aşkar olunmuşdur. Lakin polis əməkdaşları sosial şəbəkədə narkotik vasitələrin istifadəsi və satışına qarşı çıxdığı və müxtəlif şəxslərin ünvanına nalayiq ifadələr işlətdiyindən onunla qərəzli olduqları üçün ona əlavə bükümlər verib həmin narkotik vasitə bükümlərinin özünə məxsus olmasını bildirməyini demişlər. O da polis əməkdaşlarının dediyi ilə razılaşmış və videoçəkiliş zamanı bükümlərin ona məxsus olduğunu bildirmişdir. Narkotik vasitənin heroin növündən istifadə etmiş və onu həmişə tanımadığı müxtəlif şəxslərdən almışdır. Polis əməkdaşlarının onu əsas tutma səbəbi sosial şəbəkədə narkotik vasitə satanlara qarşı çıxması və həmin şəxslərin ünvanına nalayiq ifadələr işlətməsi olmuşdur. Narkotik vasitə istifadə etdiyim üçün 3 dəfə dispanserdə müalicə olunmuşdur. Tutulmazdan 7 ay əvvəl narkotik vasitənin isifadəsini azaltmışdır. Tutulanadək istifadəsində 2 mobil nömrə olmuşdur. Mobil nömrəsinə yazılan sms mətnlərinin məzmununu xatırlamır. Mobi mömrəsinə narkotik vasitə istənilməsi məzmununda sms yazılsa belə heç kimə narkotik vasitə satmamış və verməmişdir. Heç vaxt narkotik vasitənin satışı ilə məşğul olmamışdır. Üzərində olan 0,5 qram narkotik vasitəni öz şəxsi istifadəsi üçün əldə etmişdir. Üzərində şəxsi axtarış keçirilən zaman videoçəkilişdən istifadə olunmuşdur. Tutulanadək müxtəlif tikinti yerlərində fəhlə işləmiş, gündəlik qazancı təxminən 10-15 manat olmuşdur. Narkotik vasitə istifadəçisi olsa da, gənclərə narkotik vasitə satan və bu işi təbliğ edən şəxslərə mane olmağa çalışmışdır. İbtidai istintaq zamanı yazılan ifadələrə oxumadan imza etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsini iş materiallarına uyğun olmayan, özünü müdafiə məqsədilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirərək təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadəsini mötəbər hesab etmir. Məhkəmədə ifadələri elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı ifadələrində göstərmişdir ki, 12 fevral 2022-ci il tarixdə saat 17 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Gülüstan küçəsində yolun hərəkət hissəsinin kənarında piyada hərəkətdə olarkən 2 nəfər tanımadığı şəxslər ona yaxınlaşaraq özlərini polis əməkdaşı kimi təqdim etmiş, xidməti vəsiqələrini göstərdikdən sonra sonuncuların polis əməkdaşları olduqlarını öyrənmişdir. Polis əməkdaşları ona bildirmişlər ki, narkotik vasitə və psixotrop maddələrin saxlanmasında və satışında şübhəlidir və üzərinə baxış keçirmək istəyirlər. Buna görə də onu Binəqədi RPİ-nə dəvət etmişlər və orada ona müdafiəçi təyin olunmuşdur. Lakin müdafiəçinin iştirakı olmadan üzərinə şəxsi axtarış keçirilməsinə etiraz etməmişdir. Bundan sonra polis əməkdaşları tərəfindən ona üzərində olan qeyri-qanuni əşyaları könüllü təqdim etməsi təklif olunmuş, daha sonra videoçəkilişlə üzərinə baxış keçirilmişdir. Baxış zamanı üzərində qeyri-qanuni əşyanın olub-olmadığı soruşulduqda o, əynində olan qara rəngli idman şalvarının sağ cibindən özünə məxsus 1 ədəd qara rəngli “Nokia” və 1 ədəd qara rəngli “Redmi Xiaomi 6” markalı mobil telefonları, əynində olan göy-qara rəngli gödəkcənin sol çöl cibindən içərisində cəmi 106 manat məbləğində kağız əskinazları, 1 ədəd Fərid Məliklinin adına olan “Kapital Banka”a məxsus plastik kart, 1 ədəd “Omid” mağazalar şəbəkəsinə məxsus bonus kartı, 3 ədəd siqaretin gümüşü rəngli kağız falqaları olan 1 ədəd qara rəngli pul kisəsini və içərisində 2 ədəd şəffaf rəngli sellofan bükümlər olan 1 ədəd qara rəngli “Rothmans” markalı siqaret qutusunu çıxarıb masanın üzərinə qoymuşdur. Sonra ona üzərində hər hansı bir qanunla qadağan olunmuş əşya aşkar olunmamışdır. Daha sonra onun əynində olan göy-qara rəngli gödəkcənin sol bayır cibindən çıxardığı 1 ədəd qara rəngli “Rothmans” markalı siqaret qutusu açıldıqda içərisində 2 ədəd şəffaf rəngli sellofan kəsiklərinə bükülmüş bükümün olması müəyyən edilmişdir. Polis əməkdaşları ondan həmin bükümlərin içərisində olan maddələrin nə olmasını soruşduqda o həmin bükümlərin içərisində olan maddələrin “kakos” kimi tanıdığı narkotik vasitə olmasını və həmin 2 ədəd bükümləri bu gün, yəni 12 fevral 2022-ci il tarixdə saat 11 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi kəndində tanımadığı və anket məlumatlarını bilmədiyi şəxsdən ümumilikdə 50 manat nağd pul müqabilində şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Pul kisəsi içərisində olan cəmi 106 manatla birlikdə ona qaytarılmışdır. Bundan sonra 2 ədəd şəffaf rəngli sellofan kəsiklərində olan bükümlər 1 ədəd zərfə qoyularaq qablaşdırılmış, bu barədə protokol tərtib olunmuş, zərf və tərtib edilmiş protokol bütün iştirakçılar tərəfindən imzalanmışdır (cild 1, iş vərəqə 53-55 və 72-74). Həmin ifadələrin məzmunundan görünür ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı törətdiyi cinayət əməlini qismən etiraf etmiş və işin faktiki hallarına uyğun ifadələr vermişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələri iş materiallarına və işin faktiki hallarına uyğun olduğundan, obyektiv həqiqəti əks etdirdiyindən məhkəmə onun ibtidai istintaq zamanı verdiyi etirafedici ifadələrini mötəbər hesab edir. Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə tam təqsirli olması ibtidai istintaq zamanı qismən etirafedici ifadələri ilə yanaşı aşağıdakı sübutlarla da öz təsdiqini tapmışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 12 fevral 2022-ci il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 2-ci mədən, korpus 84, fərdi nömrəsiz evdə müvəqqəti yaşayan Ceyhun adlı şəxsin cinayət əməlinin digər təhqiqat üsulları ilə ifşa edilməsi mümkün olmadığından həmin şəxsin cinayət başında yaxalanmasının təmin edilməsindən ötrü “Əməliyyat-axtarış fəaliyyəti” haqqında Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq əməliyyat tədbirinin keçirilməsi zərurəti nəzərə alınaraq 12 fevral 2022-ci il tarixli qərar qəbul edilməklə Binəqədi RPİ-nin rəisi, polis polkovniki Musa Musayev tərəfindən həmin tarixdə təsdiq edilmiş əməliyyat qrupunun tərkibi müəyyən edilmişdir. Binəqədi RPİ-nin NMİnin baş əməliyyat müvəkkili, polis kapitanı X4 və o həmin qrupa daxil edilmişlər. Birlikdə 12 fevral 2022-ci il tarixdə saat 17:20 radələrində ünvan 1 ünvanda olarkən “Ceyhun” adlı şəxsin zahiri əlamətlərinə oxşar şəxsi görüb ona yaxınlaşmış və özlərini təqdim edib polis əməkdaşı olduqlarını bildirmişlər. Həmin şəxsin Təqsirləndirilən şəxs olduğunu müəyyən etdikdən sonra Təqsirləndirilən şəxs üzərində narkotik vasitə və psixotrop maddələr gəzdirməsi, satması və istifadə etməsində şübhəli olduğunu deyərək sonuncunu saxlayıb RPİ-nə aparmışlar. Bu barədə Binəqədi RPİ-də raport tərtib edərək göstəriş əsasında Təqsirləndirilən şəxs Binəqədi RPİ-nin TŞ-nin baş təhqiqatçısı polis mayoru İlkin Almazova təhvil vermişlər. Sonra baş təhqiqatçı tərəfindən bütün iştirakçıların hüquqları izah edilməklə saxlanılan şəxs Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Təqsirləndirilən şəxs təklif edilmişdir ki, üzərində hər hansı bir qeyri-qanuni əşya varsa təqdim etsin. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli idman şalvarının sağ cibindən özünə məxsus 1 ədəd qara rəngli “Nokia” və 1 ədəd qara rəngli “Redmi Xiaomi 6” markalı mobil telefonları, əynində olan göy-qara rəngli gödəkcənin sol çöl cibindən içərisində cəmi 106 manat pulu, 1 ədəd Fərid Məliklinin adına olan “Kapital Banka”a məxsus plastik kart, 1 ədəd “Omid” mağazalar şəbəkəsinə məxsus bonus kartı, 3 ədəd siqaretin gümüşü rəngli kağız falqaları olan 1 ədəd qara rəngli pul kisəsini və içərisində 2 ədəd şəffaf rəngli sellofan bükümlər olan 1 ədəd qara rəngli “Rothmans” markalı siqaret qutusunu çıxarıb masanın üzərinə qoymuşdur. Bundan başqa Təqsirləndirilən şəxs üzərindən qanunla qadağan olunmuş əşya aşkar olunmamışdır. Daha sonra əynində olan göy-qara rəngli gödəkcənin sol bayır cibindən çıxardığı 1 ədəd qara rəngli “Rothmans” markalı siqaret qutusu açıldıqda içərisində 2 ədəd şəffaf rəngli sellofan kəsiklərinə bükülmüş bükümlərin olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs həmin bükümlərin içərisində olan maddələrin nə olmasını soruşduqda o həmin bükümlərin içərisində olan maddələrin “kakos” kimi tanıdığı narkotik vasitə olan heroin olmasını və həmin 2 ədəd bükümləri tutulduğu gün, 12 fevral 2022-ci il tarixdə saat 11 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi kəndində tanımadığı və anket məlumatlarını bilmədiyi şəxsdən ümumilikdə 50 manat nağd pul müqabilində şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Pul kisəsi içərisində olan cəmi 106 manatla birlikdə Təqsirləndirilən şəxs qaytarılmışdır. Sonra aşkar edilmiş bükümlər boş zərfə qoyularaq qablaşdırılmış, zərfin üzəri iştirakçılar tərəfindən, o cümlədən saxlanılan şəxs Təqsirləndirilən şəxs tərəfindən imzalanmışdır. Daha sonra şəxsi axtarışın aparılması barədə protokol tərtib edilərək bütün iştirakçılar tərəfindən imzalanmışdır. Şifahi sorğu zamanı təqsirləndirilən şəxs üzərindən aşkar olunan narkotik vasitəni tutulduğu gün aldığını bildirmişdir. Təqsirləndirilən şəxs 2 nəfər yaxınlaşmışlar. Təqsirləndirilən şəxs tutulan zaman onlara müqavimət göstərməmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunan bükümləri şəxsi istifadəsi üçün əldə etdiyini bildirmişdir. Təqsirləndirilən şəxsə qarşı heç bir fiziki və psixi təsir göstərilməmişdir. Şəxsi axtarış zamanı videoçəkilişdən istifadə edilmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş X4 Şahid1 ifadəsinə uyğun oxşar məzmunlu ifadə vermişdir. Cinayət işinin materiallarında olan “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, 12 fevral 2022-ci il tarixdə saat 17:20 radələrində Təqsirləndirilən şəxs ünvan 1 ünvanda saxlanılaraq üzərinə şəxsi axtarış keçirilməsindən ötrü Binəqədi RPİ-nin inzibati binasına aparılmış, orada videoçəkiliş vasitəsi ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılmamışdan öncə üzərində qeyri-qanuni əşyalar və ya maddələr varsa, təqdim etməsi təklif olunmuş, Təqsirləndirilən şəxs əynində olan qara rəngli idman şalvarının sağ cibindən özünə məxsus 1 ədəd qara rəngli “Nokia” və 1 ədəd qara rəngli “Redmi Xiaomi 6” markalı mobil telefonları, əynində olan göy-qara rəngli gödəkcənin sol çöl cibindən içərisində cəmi 106 manat məbləğində kağız əskinazları, 1 ədəd Fərid Məliklinin adına olan “Kapital Banka”a məxsus plastik kart, 1 ədəd “Omid” mağazalar şəbəkəsinə məxsus bonus kartı, 3 ədəd siqaretin gümüşü rəngli kağız falqaları olan 1 ədəd qara rəngli pul kisəsini və içərisində 2 ədəd şəffaf rəngli sellofan bükümlər olan 1 ədəd qara rəngli “Rothmans” markalı siqaret qutusunu çıxarıb masanın üzərinə qoymuşdur. Sonra onun üzərindən hər hansı bir qanunla qadağan olunmuş əşya aşkar olunmamışdır. Daha sonra əynində olan göy-qara rəngli gödəkcənin sol bayır cibindən çıxardığı 1 ədəd qara rəngli “Rothmans” markalı siqaret qutusu açıldıqda içərisində 2 ədəd şəffaf rəngli sellofan kəsiklərinə bükülmüş bükümlərin olması müəyyən edilmişdir. Polis əməkdaşların ondan həmin bükümlərin içərisində olan maddələrin nə olmasını soruşduqda o, həmin bükümlərin içərisində olan maddələrin “kakos” kimi deyilən tanıdığı narkotik vasitə olan heroin olmasını və həmin 2 ədəd bükümləri bu gün, yəni 12 fevral 2022-ci il tarixdə saat 11 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi kəndində tanımadığı və anket məlumatlarını bilmədiyi şəxsdən ümumilikdə 50 manat nağd pul müqabilində şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Pul kisəsi içərisində olan cəmi 106 manatla birlikdə ona qaytarılmışdır. Bunların ardınca Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş bükümlər müvafiq ekspertizadan keçirilməsi üçün olduğu kimi bükülərək boş zərfə qoyulmuş və qablaşdırılaraq möhürlənmişdir. Sonra tərtib edilmiş protokol ucadan oxunmuş, protokolun doğruluğu iştirakçılar tərəfindən imzalanmışdır (cild 1, iş vərəqə 35-37). Cinayət işinin materiallarında olan “DVD-R disk üzrə videoyazı məlumatlarına baxış keçirilməsi barədə” protokoldan görünür ki, DVD diskdə 1 ədəd videofayl vardır. Həmin videofaylda olan videogörüntü 12 fevral 2022-ci il tarixdə lentə alınmağa başlanmışdır. Həmin videogörüntüdə ümumilikdə qapalı məkan olmaqla, xidməti iş otağı, içərisində masalar, stullar və kompüter dəsti, şəxslər müşahidə olunur. Videogörüntü başladıqda özünü Binəqədi RPİ-nin Tş-nin baş təhqiqatçısı polis mayoru ilkin Almazov kimi təqdim edən şəxsin iştirakçıları təqdim edib Binəqədi RPİ-nin CAşnin əməliyyat müvəkkili, polis kapitanı Şahid1 və həmin RPİ-nin NMİ-nin baş əməliyyat müvəkkili, polis kapitanı X2 olduqlarını bildirmişdir. Sonra otaqda olan Təqsirləndirilən şəxs ayağa durması və üzərində qanunla dövriyyəsi qadağan əşyalar varsa, onlara təqdim etməsini təklif etmişdir. Bu zaman Təqsirləndirilən şəxs əynində olan qara rəngli idman şalvarının sağ cibindən özünə məxsus 1 ədəd qara rəngli “Nokia” və 1 ədəd qara rəngli “Redmi Xiaomi 6” markalı mobil telefonları, əynində olan göy-qara rəngli gödəkcənin sol çöl cibindən içərisində cəmi 106 manat məbləğində kağız əskinasları, 1 ədəd Fərid Məliklinin adına olan “Kapital Banka”a məxsus plastik kart, 1 ədəd “Omid” mağazalar şəbəkəsinə məxsus bonus kartı, 3 ədəd siqaretin gümüşü rəngli kağız falqaları olan 1 ədəd qara rəngli pul kisəsini və içərisində 2 ədəd şəffaf rəngli sellofan bükümlər olan 1 ədəd qara rəngli “Rothmans” markalı siqaret qutusunu çıxarıb masanın üzərinə qoymuşdur. Sonra onun üzərindən hər hansı bir qanunla qadağan olunmuş əşya aşkar olunmamışdır. Daha sonra əynində olan göy-qara rəngli gödəkcənin sol bayır cibindən çıxardığı 1 ədəd qara rəngli “Rothmans” markalı siqaret qutusu açıldıqda içərisində 2 ədəd şəffaf rəngli sellofan kəsiklərinə bükülmüş bükümlərin olması müəyyən edilmişdir. Polis əməkdaşların ondan həmin bükümlərin içərisində olan maddələrin nə olmasını soruşduqda o, həmin bükümlərin içərisində olan maddələrin el arasında “kakos” kimi deyilən narkotik vasitə olan heroin olmasını və həmin 2 ədəd bükümləri bu gün, yəni 12 fevral 2022-ci il tarixdə saat 11 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi kəndində tanımadığı və anket məlumatlarını bilmədiyi şəxsdən ümumilikdə 50 manat nağd pul müqabilində şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Pul kisəsi içərisində olan cəmi 106 manatla birlikdə ona qaytarılmışdır. Bundan sonra bükümlər olduğu kimi bağlanılaraq baş təhqiqatçı tərəfindən boş zərfə qoyularaq qablaşdırılmış və möhürlənmiş, sonda zərfin üstü ardıcıllıqla iştirakçılar tərəfindən imzalandıqdan sonra götürülmüşdür. Videogörüntü həmin anda başa çatmışdır (cild 1, iş vərəqə 111). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Məhkəmə-Kimyəvi Ekspertizasının 13 fevral 2022-ci il tarixli 6/898 saylı rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində “...Şübhəli şəxs X3 üzərindən...” sözləri olan zərfdəki 2 ədəd bükümdə ayn-ayrılıqda təmiz çəkiləri 4,590 qram, 0,460 qram, ümumi təmiz çəkisi 5,050 qram olan qəhvəyi rəngli maddələr kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir (Qeyd: heroinin ümumi təmiz çəkisi 5,050 qram, tədqiqata sərf olundu 0,1 qram, qalıq 4,950 qram, cild 1, iş vərəqə 42-46). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X11 7 may 2022-ci il tarixli 1143 saylı rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs həmçinin törətdiyi əməl dövründə hər hansı bir psixi xəstəliyin və psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmamışdır. Həmin dövrdə Təqsirləndirilən şəxs öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur (cild 1, iş vərəqə 139-140). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X12 Şəxsi Ambulator X1 21 may 2022-ci il tarixli 2682 saylı rəyində göstərilir ki, müayinə zamanı Təqsirləndirilən şəxs psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunmuşdur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülmüşdür (cild 1, iş vərəqə 141-142). Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilərək ona narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi üzrə narkoloji dispanserində qeydiyyata alınmalıdır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış zamanı aşkar edilərək götürülmüş ümumi təmiz çəkisi 5,050 qram (qalıq 4,950 qram) narkotik vasitə olan heroin maddi sübut kimi tanınaraq saxlanılması üçün Bakı şəhəri Binəqədi RPİ-nin saxlanc yerinə təhvil verilmiş, 12 fevral 2022-ci il tarixdə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılmasına dair videogörüntüləri özündə əks etdirən 1 ədəd DVD disk, "xxxx" MMC-dən əldə olunmuş məlumatları əks etdirən ümumilikdə 2 ədəd disk iş üzrə maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir (cild 1, iş vərəqə 170-181). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Fizuli-Qubadlı Hərbi Məhkəməsinin 13 noyabr 2002-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 334.1-ci maddəsi ilə təqsirli bilinib 4 (dörd) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilərək barəsində 2 (iki) il sınaq müddəti tətbiq olunmuşdur (cild 1, iş vərəqə 91-93). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.1-ci maddəsinin tələbinə əsasən şərti məhkum edilmiş şəxslər barəsində məhkumluq sınaq müddəti başa çatdıqda, çəkilməmiş əlavə cəzası olduğu hallarda isə həmçinin əlavə cəza icra olunub qurtardıqda ödənilmiş hesab edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.1-ci maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs məhkumluğu ödənilmişdir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. O həmin cinayət əməlini törətməkdə təqsirlidir, onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs həmin maddə ilə təqsirli bilinərək qanunla müəyyən edilmiş qaydada cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59 və 61-ci maddələrində nəzərdə tutulan cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Cinayət işinin materiallarında olan “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 12 fevral 2022-ci il tarixdə tutulmuşdur (cild 1, iş vərəqə 23-24). Cinayət işinin materiallarında olan Bakı şəhəri Binəqədi rayon məhkəməsinin 14 fevral 2022ci il tarixli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 12 fevral 2022-ci il tarixdən hesablanmışdır (cild 1, iş vərəqə 85- 89). Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.4-cü maddəsinin tələbinə əsasən “ağır” cinayətlər təsnifatına aiddir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslərin cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi nəzərdə tutulmuşdur. Bu normaların tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə hesablanmaqla cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu 12 fevral 2022-ci il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməməlidir. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri - 81 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən dövlət nəfinə xüsusi müsadirə olunmalı əmlak müəyyən edilmədiyindən təqsirləndirilən şəxsə xüsusi müsadirə tətbiq edilməməlidir. İş üzrə maddi sübutlar: -Bakı şəhəri Binəqədi RPİ-nin maddi sübutların saxlanılması kamerasında saxlanılan Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış zamanı aşkar edilərək götürülmüş tədqiqatdan sonra qalıq çəkisi 4,950 qram olan narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli; -12 fevral 2022-ci il tarixdə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılmasına dair videogörüntüləri özündə əks etdirən 1 ədəd DVD disk, "xxxx" MMC-dən əldə olunmuş məlumatları əks etdirən ümumilikdə 2 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193, 197, 198, 344-349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcı 12 fevral 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri – 81 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübutlar: -Bakı şəhəri Binəqədi RPİ-nin maddi sübutların saxlanılması kamerasında saxlanılan Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış zamanı aşkar edilərək götürülmüş tədqiqatdan sonra qalıq çəkisi 4,950 qram olan narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin; -12 fevral 2022-ci il tarixdə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılmasına dair videogörüntüləri özündə əks etdirən 1 ədəd DVD disk, "xxxx" MMC-dən əldə olunmuş məlumatları əks etdirən ümumilikdə 2 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilərək ona narkomaniyadan məcburi müalicə təyin edilsin və ərazi üzrə narkoloji dispanserində qeydiyyata alınsın. Hökm elan olunduğu andan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar