Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1287/2025 21.06.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi X5 (sədrlik edən), hakimlər İmanova Nigar Arzu qızı və X3 ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü «Qanunçuluq» Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, 05 avqust 1994-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, fərdi əmək fəaliyyəti ilə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Bakı şəhəri, Sabunçu rayonu, Albalılıq bağ massivi, nömrəsiz fərdi evdə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ:
1. Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddəni əldə etmiş, saxlamış və daşımışdır.
İşin faktiki halları
2. Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda təmiz çəkisi 12,468 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin əldə edib ədəd ayrı-ayrı bükümlərdə qablaşdırmaqla üzərində saxlayıb Bakı şəhəri, Sabunçu rayonu, Albalılıq bağ massivi ərazisinə daşımış, bu barədə əldə edilmiş məlumat əsasında Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı 31 yanvar 2025-ci il tarixdə saat 11:30-da Bakı şəhəri, Sabunçu rayonu, Albalılıq bağ massivi, nömrəsiz fərdi evin yaxınlığında saxlanılaraq Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gətirilib həmin gün saat 13:14-dən etibarən üzərində şəxsi axtarış həyata keçirilərkən əynindəki göy rəngli cins şalvarının sağ yan cibindən iki ədəd sellofan bükümdə xarici əlamətlərinə və kimyəvi komponent tərkiblərinə görə eynilik təşkil edən ayrı-ayrılıqda təmiz çəkiləri 5,794 qram və 6,674 qram olmaqla ümumilikdə külli miqdarda təmiz çəkisi 12,468 qram psixotrop maddə metamfetamin aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən şəxsin təqsirli olmasına dəlalət edən və məhkəmə iclasında tədqiq edilmiş sübutlar:
3. Məhkəmə iclasında şahid qismində dindirilmiş Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkili polis mayoru Şahid ifadəsində göstərmişdir ki, 31 yanvar 2025-ci il tarixdə Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş, məlumat əsasında əməliyyat qrupu yaradılmış, Albalılıq bağ massivi ərazisində Təqsirləndirilən şəxs yaxınlaşaraq özlərini təqdim etmiş və sonuncunu baş idarəyə dəvət etmişlər. Baş idarədə müdafiəçinin iştirakı ilə şəxsin üzərinə baxış keçirilmiş, üzərində 2 büküm metamfetamin aşkar olunmuşdur. Sorğu-sual zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin narkotik vasitəni “Tik-Tok” sosial şəbəkəsində tanımadığı şəxsdən 50 manata almışdır.
4. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq şahid, Təqsirləndirilən şəxs qarşı hər hansı fiziki və ya psixi təzyiq göstərmədiyini, məlumatın ona daxil olduğunu, məlumat narkotik vasitənin daşınması və dövriyyəsi ilə bağlı olduğunu, narkotk vasitələrin satışı ilə bağlı məlumat verilmədiyini bildirmişdir. Təqsirləndirilən şəxsi saat 11:00-12:00 arası Albalılıq yaşayış massivi ərazisində saxladıqlarını, şəxsin saxlanması və baş idarəyə aparılması arasında təxminən 40 dəqiqə və ya 1 saat vaxt olduğunu, təqsirləndirilən şəxs saxlanılan zaman yanında heç bir şəxsin olmadığını bildirmişdir. Əlverişli yol və hava şəraiti olmadığına görə şəxsin üzərini həmin ərazidə yoxlamaq mümkün olmadığına görə baş idarəyə dəvət olunmuşdur. Təqsirləndirilən şəxs üzərinə müdafiəçinin iştirakı ilə baxış keçirilmiş, əməliyyat tədbirində ondan başqa 2 nəfər də iştirak etmişdir. Elvin saxlanılarkən özünü normal aparmış, heç bir təzyiq göstərməmişdir. Video çəkilişdə Elvin narkotik vasitələrin ona məxsus olduğunu etiraf etmişdir. İstintaq dövründə verdiyi ifadəni təsdiq edir.
5. “Cinayət işinin başlanması və icraata qəbul edilməsi” haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ********* saylı cinayət işi başlanılmışdır. (cild 1, iş vərəqə 1-2);
6. “Şəxsi axtarış və götürmə aparılması haqqında” 31 yanvar 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Təhqiqat şöbəsinin baş təhqiqatçısı Natiq Əzimov tərəfindən tərtib edilmiş «şəxsi axtarış və götürmə aparılması haqqında» 31 yanvar 2025-ci il tarixli protokola və protokola əlavə edilmiş şəxsi axtarış hərəkətlərinin qeydə alındığı bir ədəd DVD-R diskdəki videogörüntüyə baxış keçirilərkən müəyyən edilmişdir ki, həmin gün saat 13:14-dən etibarən Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin inzibati binasında müdafiəçinin iştirakı ilə videoçəkilişlə həyata keçirilən şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynindəki göy rəngli cins şalvarının sağ yan cibindən iki ədəd bükümdə psixotrop maddə metamfetaminə bənzər maddələr aşkar olunaraq götürülmüşdür. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərində aşkar edilmiş 02 bükümdə olan psixotrop maddə metamfetaminə oxşar maddələri 03 ay bundan əvvəl “Tiktok” sosial şəbəkəsi vasitəsilə tanış olduğu İran İslam Respublikasında yaşayan şəxsdən bu gün, yəni xx.xx.2025-ci il tarixdə həmin şəxsə 50 manat göndərərək şəxsi istifadə məqsədilə aldığını, onunla bundan əvvəl də bir neçə dəfə əlaqə saxladığını bildirmişdir. (cild 01; i.v.28-30);
7. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 31 yanvar 2025-ci il tarixli 6/427 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində «Şübhəli şəxs Təqsirləndirilən şəxs aşkar edilmiş 02 büküm metamfetaminə oxşar maddə» yazılar və İmzalar olan bir ədəd zərfdəki iki ədəd sellofan bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 5,794 qram və 6,674 qram, ümumi təmiz çəkisi 12,468 qram ağ rəngli, kristalşəkilli maddə psixotrop maddə metamfetamindir. Hər iki bükümdəki metamfetaminlər öz aralarında xarici əlamətlərinə və kimyəvi kompoent tərkiblərinə görə eynilik təşkil edirlər. Aparılmış ekspertiza tədqiqatının dəyəri 89 (səksən doqquz) manatdır. (cild 01; i.v.45-48);
8. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 02 fevral 2025-ci il tarixli, 4(005)-110/2025 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilərkən məhkəmədə verdiyi ifadəsində sözügedən maddənin üzərində aşkar olunduğunu, hazırda əməlindən peşman olduğunu bilmişdir (cild 01; i.v.28-30);
9. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X9 X7 X4 24 fevral 2025ci il tarixli 1072 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmamışdır, narkomaniya xəstəliyindən əziyyət çəkmir, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur.(cild 01; i.v.133-136);
10. Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixli ərizəsindən görünür ki, o, müdafiəçisinin iştirakı ilə verdiyi ifadəsini təsdiq edərək heç bir cinayət əməli törətmədiyini, üzərindən aşkarlandığı bildirilən psixotrop maddənin ona məxsus olmadığını, həmin bükümlərin polis əməkdaşları tərəfindən üzərinə qoyulduğunu bildirmişdir. Bununla belə hazırki mərhələdə həmin polis əməkdaşları ilə üzləşmək istəmədiyini, həmin əməkdaşlarla bağlı zəruri müdafiə addımlarını məhkəmə zamanı atacağını bildirmişdir. (cild 01, i/v 144);
11. “Mobil telefonla ötürülən məlumatlara baxış keçirilməsi haqqında” 15 Mart 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs isifadəsində olmuş ***-***-**-** saylı telefon nömrəsindən xx.xx.2024-cü il tarixdən -xx.xx.2025-ci il tarixədək daxil olan və çıxan zənglər, qəbul olunan və göndərilən SMS-lərə baxış keçirilmiş , lakin iş üçün əhəmiyyət kəsb edən hər hansı bir əlaqə və ya SMS yazışmaları aşkarlanmamışdır.(cild 01; i.v.151);
12. “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 11 aprel 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qarşı polis əməkdaşları tərəfindən işgəncələrə və digər qanunsuzluğa yol verilmədiyi müəyyən olunduğu üçün material üzrə CPM-nin 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. (c.1,i/v 153-154);
13. Ambulator məhkəmə-psixiatrik ekspertizası keçirilməsinə dair Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psxiatrik Ekspertiza Mərkəzi” Publik hüquqi şəxsi tərəfindən verilmiş 07 aprel 2025-ci il tarixli, 1031 saylı rəydən görünür ki, Təqsirləndirilən şəxs xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Bunu cinayət işi materialları, anamnestik məlumatlar və hal-hazırki psixiatrik müayinənin nəticələri və s. sübut edir. Belə ki, Təqsirləndirilən şəxs əvvəllər psixiatrik müəssisələrə müraciət etməmiş, onda hər hansı psixi pozuntu əlamətləri təsvir olunmamış, həmçinin hazırki müayinə zamanı psixi xəstəlik əlamətləri müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və ya sair psixi xəstəlik müəyyən edilmir. Təqsirləndirilən şəxs xasiyyətin psixopatik cizgiləri aşkar olunur. Təqsirləndirilən şəxs ona ittiham olunan cinayət əməlini törədən zaman xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik müəyyən edilmir. Təqsirləndirilən şəxs qeyd edilən əməli törətdiyi zaman öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlər tədbiq edilməsinə ehtiyyac yoxdur. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəlik aşkar edilmir.(c.1, i/v 156-159);
14. “Sübutların qiymətləndirilməsi haqqında” 25 aprel 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilmiş məhkəmə-kimyəvi ekspertiza tədqiqatından sonra bir ədəd kağız paketdə qablaşdırılmış halda tədqiqatdan sonrakı ümumi qalıq çəkisi 12,268 qram olan metamfetamin maddi sübut kimi tanınmış, saxlanması üçün Azərbaycan Respublikasının DİN-in BMCMİ-nin Maddi sübutların saxlanılma yerinə təhvil verilməsi qərara alınmışdır (cild 01; i.v.160-167).
Təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürdüyü dəlillər aşağıdakılardır:
15. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, tutulduğu gün evdən çıxdığı vaxt həyətdə olarkən BMCMİ-nin polis əməkdaşları onu saxlamışlar. Onun yanında dostu olmuşdur. Dostu ilə işləri olmadığına görə onu buraxmışlar, onu isə BMCMİ-yə gətirmişlər. Polis əməkdaşları ona təzyiq göstərmişlər, o isə ittiham olunan narkotik vasitənin ona məxsus olmasını boynuna almamışdır. Sonradan polis əməkdaşları video görüntü ilə evinin qarşısında ona yığaraq, əgər qəbul etməsə evinə narkotik vasitə atmaqla onu hədələmişlər. Evində bir dəfə çəkiliş olmuş, həmin görüntüdə heç nə çıxmamışdır. Özü dindardır, bir neçə il əvvəl “Bilgəh hadisələri”də narkotikə qarşı mübarizə aparanlardan biri də o, olmuşdur. Onu bu səbəbdən tutduqlarını düşünür. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq təqsirləndirilən şəxs ailəli olmadığını, istintaq düvründə 3-4 dəfə ifadə verdiyini, sonuncu dəfə müqaviləli vəkilinin iştirakı ilə verdiyi ifadəsini təsdiq etdiyini, müstəntiqin Bakı istintaq təcridxanasında da onun ifadəsini aldığını bildirmişdir. Hadisədən əvvəl qonşuları, hüquq mühafizə orqanlarının əməkdaşları ilə və ya başqa şəxslərlə münaqişəsinin olmadığını bildirmişdir. Polis əməkdaşlarının onu saat 10:00dan sonra tutuqlarını, tutularkən 5 və ya 6 nəfər polis əməkdaşının 2 maşınla gəldiklərini, getdiyi maşında polis əməkdaşlarının birinin sağında, digərinin isə solunda, 2 nəfərin də qabaqda oturduğunu, saxlanıldığı ərazinin boş ərazi, köhnə stansiyanın yanı olduğunu, yaxınlıqlarında başqa şəxslərin olmadığını, lakin bir qədər aralıda dayanacaqda adamların olduğunu bildirmişdir. Nərimanov Rayon Məhkəməsində guya 50 manata 12 qr “patı” götürdüyünü demiş, o, təyziq altında olduğu üçün müqaviləli vəkili olana qədər elə ifadələr vermişdir.
Hüquqi məsələlər:
Azərbaycan Respublikası Cinayət Məcəlləsi:
16. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
17. Həmin Məcəllənin 234.1-1-ci maddəsinə əsasən bu Məcəllənin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməllər külli miqdarda törədildikdə üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
18. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Psixotrop maddələr» adlı İİ siyahısına əsasən təmiz çəkisi 0,15 qram olan metamfetamin şəxsi istehlak miqdarından artıq miqdar, 02 qram olduqda külli miqdar, 400 qram olduqda xüsusilə külli miqdar hesab olunur.
19. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə psixotrop maddələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli qərarının 9-cu bəndində göstərilmişdir ki, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə psixotrop maddələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin psixotrop maddələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın psixotrop maddələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və psixotrop maddələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, psixotrop maddənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır.
Cəza təyini zamanı nəzərə alınmalı olan hallar:
20. “Şübhəli şəxsin tutulması haqqında” 31 yanvar 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 31 yanvar 2025-ci il tarixdə, saat 11:30-dan tutulmuş hesab edilmişdir (cild 01; i.v.25);
21. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 02 fevral 2025-ci il tarixli, 4(005)-110/2025 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 31 yanvar 2025-ci il tarixdən hesablanmaqla 04 ay müddətə həbs qətimkan tədbiri seçilmişdir (cild 01; i.v.28-30);
22. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə məlumat yoxdur (cild 01; i.v.152).
Azərbaycan Respublikası Cinayət Məcəlləsinin:
23. 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır;
24. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir;
25. 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələrində çəkirlər.
26. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir.
27. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.
28. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır.
29. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir.
30. Məhkəmə kollegiyası qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir.
31. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutaraq, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. Məhkəmənin hüquqi dəyərləndirməsi:
32. Məhkəmə kollegiyası, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs AR CM-nin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi iş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutlarla öz təsdiqini tapmadığından Təqsirləndirilən şəxs əməli AR CM-nin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilməklə ona həmin maddənin sanksiyası daxilində ədalətli cəza təyin edilməlidir.
33. Məhkəmə kollegiyası istintaq orqanının təqsirləndirilən şəxsə AR CM-nin 234.4.3-cü maddəsi ilə ittiham irəli sürərkən istinad etdiyi sübutların ayrı-ayrılıqda tədqiq edilməsini, həmin sübutlara şəxsə qeyd olunan maddə ilə ittiham irəli sürülməsi üçün kifayət etməsi baxımından qiymət verilməsini zəruri hesab edir və aşağıdakıları qeyd edir: - İlk növbədə xx.xx.2025-ci il tarixli “Əməliyyat tədbirinin keçirilməsi barədə” qərara münasibətdə məhkəmə qeyd edir ki, şəxs barəsində narkotik vasitələrin dövriyyəsi ilə əlaqədar əməliyyat məlumatının daxil olması hələ özü-özlüyündə həmin məlumatın birmənalı şəkildə doğru olmasına qənaətinə gəlmək üçün əsas olmamaqla yalnız bu halı təsdiq edən sübutların müəyyən edildiyi və daxil olmuş məlumatın həqiqiliyi təsdiq edildiyi halda şəxsi narkotik vasitə və ya psixotrop maddələrin dövriyyəsi ilə əlaqədar ittihamın verilməsi ilə nəticələnə bilər. Hazırki halda isə cinayət işinin materiallarında olan sübutların məcmusu ilə Təqsirləndirilən şəxs narkotik vasitə və ya psixotrop maddələrin satışı məşğul olması öz təsdiqini tapmadığından sadəcə daxil olmuş əməliyyat məlumatına istinad olunaraq şəxsə ağır maddə ilə ittihamın irəli sürülməsi yolverilməzdir. - Təqsirləndirilən şəxsin üzərindən aşkar edilmiş psixotrop maddələrin miqdarına, yəni külli miqdar təşkil etməsinə münasibətdə isə məhkəmə qeyd edir ki, psixotrop maddənin külli miqdar təşkil etməsi həmin psixotrop maddənin satışına və ya həmin maddənin satış məqsədi ilə əldə edilməsinə dəlalət edən digər hər hansı sübutun olmadığı təqdirdə özü-özlüyündə həmin psixotrop maddənin məhz satış məqsədi ilə əldə edilərək saxlanılmasının göstəricisi kimi qiymətləndirilə bilməz.
34. Məhkəmə kollegiyası qeyd edir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddənin miqdarının külli miqdarda olması onun həmin maddəni satış məqsədi ilə əldə etməsinə dəlalət etməməklə öz şəxsi istifadəsi üçün də həmin miqdarda psixotrop maddəni (12,268 qram olan metamfetamin) əldə edərək saxlaması mümkündür.
35. Göstərilən bu hallar onu deməyə əsas verir ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs psixotrop maddəni satış məqsədi ilə əldə edib saxlamasına dair nəticəyə gələrkən həmin vaxt qüvvədə olmuş Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixitrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 4 mart 2011-ci il tarixli, 2 nömrəli qərarında ifadə olunmuş Ali Məhkəmənin Plenumunun hüquqi mövqeyini nəzərindən qaçırmışdır.
36. Belə ki, həmin Plenum qərarının 9-cu bəndinin 2-ci abzasında göstərilmişdir ki, təqsirkar şəxsin narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır.
37. Göründüyü kimi, Plenum qərarında narkotik vasitənin miqdarının və yaxud nə cür qablaşdırılmasının ayrıca olaraq deyil, “başqa sübutlarla yanaşı” nəzərə alınması tövsiyyə olunur. Qeyd edilən izaha görə aşkar edilmiş narkotik vasitənin və ya psixotrop maddənin miqdarı həmin maddənin məhz satış üçün əldə edilib saxlanılmasına dair nəticəni əvvəlcədən müəyyən edən, satış məqsədinin mövcudluğunu sübuta yetirmək vəzifəsini ittiham tərəfinin üzərindən qaldıran hallar kimi şərh edilə bilməz.
38. Plenum qərarının izahı ilə müqayisə etməklə hazırki işin hallarına baxdıqda görünür ki, Təqsirləndirilən şəxs götürülmüş psixotrop maddənin külli miqdar təşkil etməsi müəyyən edilsə də, Təqsirləndirilən şəxs digər istehlakçılarla razılıq əldə etməsi, məhz özünün satış üçün psixotrop maddələri xırda bükümlərə qablaşdırması (şəxsin üzərindən 2 büküm metamfetamin aşkarlansa da onların hər birinin ayrı ayrılıqda çəkiləri sözügedən bükülülərin xırda bükümlər olmasını istisna edir), psixotrop maddələrin hazırlanması, çəkilməsi üçün avadanlığın olması kimi hallar müəyyən edilməmişdir.
39. Göründüyü kimi ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs CM-in 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsi ilə bağlı ittihamın irəli sürülməsinə baxmayaraq, nə ibtidai istintaq dövründə, nə də ki, məhkəmə istintaqı zamanı onun narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olması, həmin vasitələrin satışı ilə bağlı kiminləsə danışıq aparması və bu barədə sövdələşməsi, “müştərilərdən” narkotik vasitələrlə və ya psixotrop maddələrlə bağlı sifarişlər alması və həmin sifarişləri icra etməsi, “müştəri” çevrəsinə malik olması ilə əlaqədar hər hansı bir sübut əldə edilməmişdir.
40. Məhkəmə kollegiyası hesab edir ki, hər hansı şəxsin qanunsuz olaraq satış məqsədi ilə narkotik vasitə və ya psixotrop maddələri əldə etməsi, qeyd edilən vasitə və maddələrin satışı ilə məşğul olması mütləq qaydada mötəbər sübutlarla (məsələn, “müştəri” ilə telefon danışıqları, sms yazışmaları, “müştərilərin” psixotrop maddələrlə bağlı sifarişləri, “şərti alıcı” ilə bağlı hərəkətlər və sair) təsdiq olunmalıdır.
41. Bununla yanaşı, məhkəmə istintaqı zamanı tədqiq edilmiş təqsirləndirilən şəxsin istifadəsində olmuş mobil nömrəyə daxil olan və həmin nömrədən göndərilmiş SMS-lər məhkəmənin qərarına əsasən "xxxx" MMC-dən əldə edilmiş və həmin yazışmaların iş üçün əhəmiyyət kəsb edəm hər hansı bir əlaqə və ya SMS yazışmaları olmamışdır.
42. Məhkəmə kollegiyası qeyd edir ki, şəxsin üzərindən külli miqdarda psixotrop maddələrin aşkar olunması olması faktı yuxarıda sadalanan digər mühüm halların müəyyən edilmədiyi halda, yalnız öz-özlüyündə həmin şəxsin psixotrop maddələrin satışı ilə məşğul olmasını, eləcə də onun həmin vasitələri satış məqsədi ilə əldə etməsini təsdiq edən hal kimi qiymətləndirilə bilməz.
43. Həmçinin, məhkəmə istintaqı zamanı dindirilmiş şahidin də (polis əməkdaşı) Təqsirləndirilən şəxs narkotik vasitələrin satış məqsədi ilə əldə edilməsi, saxlanılması və daşınmasında təqsirli bilinməsi üçün əsas ola biləcək hər hansı tutarlı sübuta dayanan məlumat verməmişlər. Onlar müstəsna olaraq Təqsirləndirilən şəxs üzərindən yuxarıda qeyd olunan psixotrop maddələrin aşkar edilib götürülməsi faktını təsdiq etmişlər.
44. Həmin şahid ifadəsinə münasibətdə məhkəmə həmin şahidin əməliyyat məlumatı əsasında polis əməkdaşlarının əməliyyat tədbiri keçirərək təqsirləndirilən şəxsi saxladıqlarını, təqsirləndirilən şəxsin hər hansı şəxsə narkotik vasitə satmasının şahidi olmamaqla satış niyyəti ilə əldə etməsinə dair hər hansı fakta istinad etmədiklərini, sadəcə təqsirləndirilən şəxsin üzərindən iki bükümdə psixotrop maddənin aşkar edilməsinə və həqiqiliyi sübuta yetirilməyən narkotik vasitələrin dövriyyəsi ilə bağlı daxil olmuş əməliyyat məlumatına əsaslanaraq ifadə verdiyini nəzərə alaraq həmin şahid ifadəsinin şəxsə AR CM-nin 234.4.3-cü maddəsi ilə ittiham irəli sürülməsi üçün yetərli olmaması qənaətindədir.
45. Göründüyü kimi, ibtidai araşdırma orqanı Təqsirləndirilən şəxs əməlinin tövsifində həlledici rol oynamasına baxmayaraq Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş metamfetamini əldə edərkən, üzərində saxlayarkən və daşıyarkən məqsədinin və niyyətinin nədən ibarət olmasının müəyyən etməmiş və sadəcə heç bir sübuta dayanmayan ehtimallar əsasında ona AR CM-nin 234.4.3-cü maddəsi ilə ittiham elan edilməsini məqbul hesab etmiş, ittiham aktında nəinki çoxsaylı sübutlara, psixotrop maddələrin satılmasını və ya satış məqsədi ilə əldə edilməsini təsdiq edən hər hansı bir sübuta istinad etməmiş, sadəcə təqsirləndirilən şəxsin üzərindən aşkar edilmiş psixotrop maddələrin miqdarına istinad etməklə kifayətlənmişdir.
46. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir.
47. Konstitusiya Məhkəməsinin Plenumunun “CM-in 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir.
48. Göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası Təqsirləndirilən şəxs qeyd edilən psixotrop maddələri öz şəxsi istifadəsi üçün əldə etməsini daha ağlabatan və inandırıcı hesab etməklə onun üzərindən aşkar edilmiş psixotrop maddələri satmaq məqsədi ilə deyil, öz şəxsi istifadəsi üçün qanunsuz olaraq əldə etmə, saxlama və daşıma kimi qiymətləndirir.
49. Məhkəmə kollegiyası yuxarıda sadalananları hazırkı iş üzrə tətbiq edərək hesab edir ki, ibtidai istintaq orqanının gəldiyi nəticələr işin faktiki hallarına uyğun olmadığından Təqsirləndirilən şəxs CM-in 234.4.3-cü maddəsi ilə ittiham olunduğu əməli CM-in 234.1-1-ci maddəsi ilə tövsif edilməlidir.
50. Məhkəmə iclasında təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittihamda təqsirli bilməyərək üzərində psixotrop maddələrin olmadığını, ümumiyyətlə heç vaxt narkotik vasitə və ya psixotrop maddə istifadə etmədiyini və satmadığını, polis bölməsində psixotrop maddələrin ona məxsus olması ilə sənədləşmə aparılmasına baxmayaraq belə bir halın olmadığını bildirsə də, məhkəmə onun psixotrop maddələrin satışı ilə məşğul olmasını təsdiq edən sübutların olmaması ilə razılaşsa da, onun üzərində ümumiyyətlə psixotrop maddələrin olmamasına dair ifadəsini özünümüdafiə xarakterli və işin həqiqi halları ilə uzlaşmayan ifadə kimi qiymətləndirir.
51. Belə ki, yuxarıda sadalanan “şəxsi axtarış və götürmə” protokolunda göstərilən xüsusatlar, məhkəmə iclasında və ibtidai istintaq zamanı dindirilmiş şahid ifadəsi, ibtidai istintaq zamanı dindirilmiş şahidlərinin ifadələri ilə təqsirləndirilən şəxsin ifadələrində səmimi olmaması açıqaşkar görünməkdədir.
52. Məhkəmə iclasında təqsirləndirilən şəxs tutulduğu gün evdən çıxdığı vaxt həyətdə olarkən BMCMİ-nin polis əməkdaşlarının onu saxladıqlarını, polis əməkdaşları tərəfindən təzyiq edilərək video görüntü ilə evinin qarşısından ona yığaraq hazırki əməli əgər qəbul etməsə evinə narkotik vasitə atmaqla onu hədələdiklərini bildirsə də, məhkəmə iclasında əməliyyat müvəkkili polis mayoru Şahid təqsirləndirilən şəxsi əməliyyat məlumatı əsasında Bakı şəhəri, Albalılıq bağ massivi ərazisində saxladıqlarını və BMCMİ-nə apardıqlarını, təqsirləndirilən şəxsə hər hansı bir təziq təsir göstərilmədiyini qeyd edərək təqsirləndirilən şəxsin saxlanılma şəraiti ilə bağlı biri digəri ilə uzlaşan ifadələr vermişlər.
53. Müdafiə tərəfin dəlil qismində təqsirləndirilən şəxsin dini baxışlarına görə tutularaq hazırki maddə ilə ittiham olunmasını irəli sürmüşdür ki, məhkəmə təqsirləndirilən şəxsin evində axtarış nəticəsində əldə edilmiş materiallar əsasında onun barəsində AR CM-nin müvafiq maddəsi ilə cinayət işinin başlanmasının mümkün olduğu halda narkotik vasitələrə aidiyyəti olmayan şəxsə qarşı narkotik vasitələrlə əlaqədar cinayətə dair ittiham irəli sürülməsində heç bir məntiq görmür və müdafiə tərəfin həmin dəlilini də əsassız hesab edir.
54. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, ekspert rəylərinin, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə tam əhatə olunduğundan o, həmin maddə ilə təqsirli bilinməlidir.
55. Qeyd edilən AR CM-nin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulan əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona həmin maddə ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir.
56. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini (CM-59.2) onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir.
57. Təqsirləndirilən şəxs ağırlaşdıran ağırlaşdıran hallar müəyyən edilməmişdir.
58. Beləliklə, məhkəmə kollegiyasının gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzasını yüngülləşdirən hal, cəzasını ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.), onun cəmiyyətdən tam təcrid edilmədən islah olunmasının və cəzanın digər məqsədlərinə nail olunmasının mümkün olmaması nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, cəzaçəkmə müddətinin başlanğıcı ibtidai istintaq zamanı tutulduğu tarixdən hesablanmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı, iş üzrə maddi sübut psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir.
59. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər.
60. Məhkəmə kollegiyası, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirli bilinməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur.
61. İş üzrə mülki iddia yoxdur.
62. Məhkəmə kollegiyasının gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir.
63. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.3, 40.2, 73, 197-198, 344-347, 349, 351-353, 356-358 və 385-ci maddələrini rəhbər tutaraq,
HÖKM ETDİ:
Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulan əməli törətməkdə təqsirli bilinərək, ona 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin əvvəli 31 yanvar 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut – Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddı sübutların saxlancına verilmiş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 12,268 qram metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut- 02 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza xərci 89 (səksən doqquz) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, AZ34CTRE**********002088501, X2, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41, NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 hesaba keçirilsin. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün təqdim edildiyi) andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Sədrlik edən hakim Kamil Əliyev
Hakimlər Nigar İmanova
Vüqar Seyidov