Məhkəmə qərarları › İş №1(101)-1288/2023

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1288/2023

30.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1288/2023 30.10.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Əsgərova-X3 (sədrlik edən), Sadıxov Rasim Əkrəm oğlu və Kərimov Novruz Ağakərim oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1 və X2, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi – Azərbaycan Respublikasının Vəkillər Kollegiyası, 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1985-ci ildə Naxçıvan Muxtar Respublikasında anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum edilmiş və məhkumluğu ödənilməyən, ünvan 1 ünvanında qeydiyatda olmaqla ünvan 2vanında yaşayan, barəsində Bakı şəhəri Xətai rayon Məhkəməsinin 13 dekabr 2022-ci il tarixli qərarı ilə ev dustaqlığı qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1 və 228.4-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs qanunsuz olaraq soyuq silahı əldə edərək gəzdirmə və insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurma cinayət əməllərini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs 16 oktyabr 2022-ci il tarixdə saat 18:30 radələrində Bakı şəhəri, Xətai rayonu, NZS qəsəbəsi, Sovxoz küçəsi 4 saylı binanın qarşısında tanışı Zərərçəkmiş şəxs hadisədən bir neçə gün əvvəl almış olduğu 40 manat borc pulu qaytarmamasına görə aralarında yaranmış şəxsi münasibətlər zəminində mübahisə zamanı sonuncunun onu əli ilə itələməsi səbəbindən qanunsuz olaraq əldə edib üzərində gəzdirdiyi zavod üsulu ilə hazırlanmış ümumi təyinatlı qatlanan tipli soyuq silah hesab edilən ov bıçağı ilə Zərərçəkmiş şəxs döş qəfəsinin sol yan nahiyəsindən bir dəfə vurub ona döş qəfəsinin sol yan səthinin İX qabırğanı sındıraraq plevra boşluğuna, oradan isə periton boşluğuna nüfuz edən deşilmiş-kəsilmiş yarası və mədənin zədələnməsi ilə müşayiət olunan insan həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid xəsarətlər yetirərək qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə verdiyi ifadəsini təsdiq edərək bildirmişdir ki, zərərçəkmiş şəxslə aralarında mövcud olan borc münasibətləri zəminində baş vermiş münaqişə zamanı özünü müdafiə məqsədilə əldə edib gəzdirdiyi bıçaqla sonuncuya xəsarət yetirmişdir. Əslində zərərçəkmiş şəxsi vurmaq niyyəti olmamışdır. Əməlindən peşmançılıq hissi keçirir, zərərçəkmiş şəxslə barışıq əldə etmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli ilə bağlı qismən etirafedici ifadələri, iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından zərərçəkmiş şəxsin, şahidin ifadələrini də iş üzrə sübut növü kimi qəbul edir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadə verərək göstərmişdir ki, hadisə mübahisə nəticəsində baş vemiş, Orxana verdiyi borc məbləğini geri almaq istəyərkən təqsirləndirilən şəxs tərəfindən ona bıçaqla xəsarət yetirilmişdir. Orxanı pulu vermədiyi üçün təhqir etməmiş, yüngülvari mübahisə etmişdirlər. Orxan ona 30 manatdan çox pul qaytarmalı olmuş, mübahisəni ilk olaraq təqsirləndirilən şəxs başlamışdır. O, Orxana təhqiramiz ifadələr səsləndirməmişdir. Orxan onu bir dəfə vurduqdan sonra uzaqlaşmış, Orxanın bıçağı atıb-atmadığını isə bilməmişdir. O, hadisə yerindən biraz kənarlaşdıqdan sonra Orxanın onu bıçaqla vurduğunu anlamışdır. Dostları onun qarşısına çıxdıqdan sonra maşınla hadisə yerindən uzaqlaşmışdırlar. Bu hadisə baş verdikdən sonra onunla barışıq əldə olunmuşdur. Təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadə verərək göstərmişdir ki, o kafedən çıxarkən Məhəmməd yaralı halda ona tərəf gəlmiş, Məhəmmədi maşına oturdaraq təcili tibbi yardıma çatdırmışdır. Hadisə zamanı Məhəmməd özündə olmadığı üçün ondan hadisə barəsində heç nə soruşmamışdır. Məhəmmədə bir bıçaq zərbəsi vurulmuş, Məhəmməd sonradan hadisə barəsində ona nəsə deməmişdir. Onu sadəcə yaralı halda görmüşdür. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 ifadə verərək göstərmişdir ki, təqsirləndirilən şəxsi tanımır. Zərərçəkmiş şəxs Məhəmmədi isə uşaqlıqdan tanıyır. Məhəmməd ayaq üstə, yaralı vəziyyətdə onlara doğru gəlmiş, onlardan kömək istəmiş, o, Məhəmmədi yaralı halda Şahid2 və Şahid3la birlikdə təcili tibbi yardıma çatdırmışdır. Məhəmməd yaralı vəziyyətdə olduğundan hadisə ilə bağlı onlara hər hansı məlumat verməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadə verərək bildirmişdir ki, Təqsirləndirilən şəxs ilk dəfədir ki, görür, zərərçəkmiş şəxs Məhəmmədi isə yaşadığı məhəllədən tanıyır. Hadisə baş verən günü öz avtomobili ilə hərəkətdə olan zaman zərərçəkmiş şəxs Məhəmmədi Xətai rayonu “NZS” qəsəbəsi ərazisində yaralı vəziyyətdə görmüşdür. Məhəmmədin üzəri qan, paltarında isə kəsik yeri olmuşdur. Bədənində isə bir bıçaq xəsarəti müşaiyət edilmişdir. Dərhal Məhəmmədi idarə etdiyi avtomobillə “Modern Hospital”a çatdırmış, lakin həmin xəstəxana Məhəmmədi qəbul etmədiyi üçün sonuncunu Sabunçu xəstəxanasına aparmışdır. Hadisənin törədilmə anını görməmiş, Məhəmməd isə onu kimin vurduğu barədə məlumat verməmişdir. 16 oktyabr 2022-ci il tarixli raportdan görünür ki, 3 saylı Sabunçu Xəstəxanasında tibb bacısı X4 tərəfindən daxil olmuş məlumatda bildirilmişdir ki, NZS qəsəbəsi, Yavər Səfərov küçəsi 32 ünvanında yaşayan 1996-ci il təvəllüdlü Zərərçəkmiş şəxs öz yaşadığı ünvanın yaxınlığında bıçaqlanmaqla sol döş qəfəsindən xəsarət almışdır (cild 1, iş vərəqə 4). 17 oktyabr 2022-ci il tarixli “Tibbi ərazi bölmələrinin idarəetmə birliyi” publik hüquqi şəxsinin X9 publik hüquqi şəxsi tərəfindən daxil olmuş məktubdan görünür ki, xəstə Zərərçəkmiş şəxs cərrahi profilli qəbul şöbəsinin Reanimasiya və anesteziologiya şöbəsinə 16 oktyabr 2022-ci il tarixdə, saat 19:20-də “Döş qəfəsinin sol yarısının yan səthinin daxilə nüfuz edən kəsilmiş-deşilmiş yarası, diafraqmanın yaralanması, İX qabırğanın sınığı.” diaqnozu ilə stasionar müalicəyə qəbul edilmişdir (cild 1, iş vərəqə 10). 19 oktyabr 2022-ci il tarixli “İfadənin yerində yoxlanılması” haqqında protokoldan və ona əlavə edilmiş foto-şəkillərdən görünür ki, Zərərçəkmiş şəxs baş vermiş hadisə barədə zərərçəkmiş şəxs qismində verdiyi ifadəsində göstərdiyi xüsusatları hadisənin baş verdiyi ünvan 4 ünvanında təkrar edərək bir daha təsdiq etmişdir (cild 1, iş vərəqə 24-26). 19 oktyabr 2022-ci il tarixli “Təqdim olunan əşyanın götürülməsi və baxış keçirilməsi haqqında” protokol və ona əlavə edilmiş foto-şəkillərdən görünür ki, Zərərçəkmiş şəxs 16 oktyabr 2022-ci il tarixdə tibb müəssisəsinə müraciət edən zaman əynində olan geyim əşyası, qısaqol köynək götürülmüş, köynəyin sol tərəfində bir ədəd zədə və həmin zədənin ətrafında insan qanına bənzər maddə ləkələri və digər ləkələr mövcud olmuşdur (cild 1, iş vərəqə 29-32). 17 noyabr 2022-ci il tarixli “Könüllü təqdim olunan əşyanın götürülməsi və baxış keçirilməsi” haqqında protokoldan və ona əlavə edilmiş foto-şəkillərdən görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 20:00 radələrində 1 ədəd açılıb-bağlanan bıçaq təqdim edərək bildirmişdir ki, həmin bıçaq ilə 16 oktyabr 2022-ci il tarixdə Zərərçəkmiş şəxs vuraraq ona xəsarət yetirmişdir. Həmin bıçaq qara rəngli dəmir materialdan hazırlanmış bağlı vəziyyətdə uzunluğu 130 mm, eni 35 mm, açıq vəziyyətdə ümumi uzunluğu 226 mm, tiyəsinin uzunluğu 90 mm, eni 30 mm, qalınlığı 2 mm, tutacağının uzunluğu 130 mm təşkil etmişdir. Üzərində “Browning” sözü yazılmış, tutacaq hissədə “DA316” nömrəsinin olması müəyyən olunmuşdur (cild 1, iş vərəqə 44-46). 28 dekabr 2022-ci il tarixli məhkəmə tibbi-kriminalitik ekspertizasının rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus köynəyin arxa səthində solda bir ədəd deşilmiş-kəsilmiş zədə aşkar olunmuşdur. Bu zədə küpü, ülgücü və iti ucu olan yastı tiyə tipli deşici-kəsici alətin təsirindən törənmişdir. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus köynəyin arxa səthində solda olan deşilmiş-kəsilmiş zədənin ekspertizaya təqdim edilmiş bıçağın tiyəsinin təsirindən, yaxud oxşar konstruktiv xüsusiyyətə malik digər deşici-kəsici alətin tiyəsinin onun bədən səthində olan xəsarət nahiyyəsinə təsirindən törənməsinin mümkünlüyü inkar olunmur. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus köynəyin arxa səthində solda olan deşilmiş-kəsilmiş zədə onun bədənində döş qəfəsinin sol yan səthinin İX qabırğanı sındıraraq plevra boşluğuna, oradan isə periton boşluğuna nüfuz edərək mədənin zədəsi ilə müşayiət olunmuş deşilmiş-kəsilmiş yarası ilə nisbi olaraq üst-üstə düşür. Təqdim olunmuş bıçaq zavod üsulu ilə hazırlanmış, ümumi təyinatlı qatlanan tipli ov bıçaqlarına uyğun gəlir və kəsici-deşici xassəyə malik soyuq silahdır. Təqdim olunmuş bıçağın üzərində sonradan hər hansı bir əlavə və dəyişiklik edilməmişdir (cild 1, iş vərəqə 151-153). 29 dekabr 2022-ci il tarixli məhkəmə tibbi-bioloji ekspertizasının rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus uzunqol kofta üzərində olan ləkələrdə insan qanı aşkar olunmuşdur (cild 1, iş vərəqə 154-157). 29 oktyabr 2022-ci il tarixli məhkəmə-tibbi ekspertizasının rəyində göstərilir ki, Zərərçəkmiş şəxs döş qəfəsinin sol yan səthinin İX qabırğanı sındıraraq plevra boşluğuna, oradan isə periton boşluğuna nüfuz edərək mədənin zədələnməsi ilə müşayiət olunmuş deşilmiş-kəsilmiş yarası aşkar olunmuşdur. Xəsarət deşici-kəsici əşya (alət) təsirindən törənmişdir, törənmə müddəti qərarda göstərilmiş 16 oktyabr 2022-ci il tarixdə və şəraitdə, yəni bıçaqla vurulma nəticəsində əmələ gələ bilərdi və dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aiddir (cild 1, iş vərəqə 173-175). Cinayət işinə əlavə edilmiş Zərərçəkmiş şəxs tərəfindən ibtidai istintaq dövründə və məhkəmə iclasında təqdim edilmiş ərizələrdən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmışdır və ona qarşı heç bir şikayət və tələbi yoxdur (cild 1, iş vərəqə 203). 17 aprel 2022-ci il tarixli “Sübutların qiymətləndirilməsi və cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs baş vermiş cinayət hadisəsi zamanı istifadə etdiyi zavod üsulu ilə hazırlanmış ümumi təyinatlı qatlanan tipli soyuq silah hesab edilən ov bıçağı, hadisə zamanı Zərərçəkmiş şəxs üzərində olan köynək öz əlamətlərinə və xüsusiyyətlərinə görə sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi tanınmış və saxlanılması üçün Bakı şəhəri Səbail rayon Polis İdarəsinin maddi sübutların saxlama kamerasına təhvil verilmişdir (cild 1, iş vərəqə 211-219). Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə, təqsirləndirilən şəxsin etirafedici ifadələrini şahid və zərərçəkmiş şəxsin həm istintaqda, həm məhkəmədə verdiyi ifadələri, hadisə yerinə baxış protokollarını,ekspertiza rəyləri, habelə iş üzrə toplanmış və yuxarıda sadalanmış digər sübut növləri ilə birgə müqayisə etməklə qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci və 228.4-cü maddələri ilə tövsif edilmişdir. Həmin əməllər qəsdən törədilmişdir, başa çatmış cinayətlərdir, təsnifata görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət ağır cinayət, həmin Məcəllənin 228.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət isə böyük ictimai təhlükə törətməyən cinayətdir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci və 228.4-cü maddələrinin sanksiyası həddində Cinayət Məcəlləsinin 66.3-cü maddəsinin tələbləri nəzərə alınmaqla azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cəza təyin edərkən məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışmasını, sonuncunun ona qarşı şikayət və tələbinin olmamasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə əsasən, əməlindən peşmançılıq hissi keçirməklə etirafedici ifadələr verməsini həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hal kimi nəzərə alır və qiymətləndirir. Cinayət işi materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 25 aprel 2013-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirli bilinərək 3 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, həbsdə saxlanılma müddəti ona təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti olaraq saxlanılmış 2 (iki) il 4 (dörd) ay 15 (on beş) gün müddətinə azadlıqdan məhrum etmə cəzası şərti tətbiq edilərək barəsində 2 ay sınaq müddəti təyin olunmuşdur. Bakı şəhəri Nizami rayon məhkəməsinin 27 oktyabr 2014-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 322.1-ci maddəsi ilə təqsirli bilinmiş, barəsində 6 ay müddətinə azadlıqdan mərumetmə cəzası təyin edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 71.4 və 71.5-ci maddələrinə əsasən Bakı Ağır Cinayətlər Məhkəməsinin 25 aprel 2013-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin olunmuş şərti məhkum etmə ləğv edilmiş və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1 və 67.4-cü maddəsinə əsasən həmin hökmlə təyin olunmuş cəzaya Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə təyin olunmuş cəza 2 (iki) il 4 (dörd) ay 15 (on beş) gün müddətinə azadlıqdan məhrum etmə cəzası birləşdirilərək, onun üzərində qəti olaraq 2 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 4 mart 2014-cü il tarixdən 06 mart 2014-cü il tarixədək 02 gün həbsdə saxlanılması nəzərə alınmaqla həbsə saxlamanın bir gününün azadlıqdan məhrumetmənin bir gününə hesablayaraq üzərində 02 (iki) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılmışdır (cild 1, iş vərəqə 184-187). Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 6 saylı Məntəqə tipli Cəzaçəkmə Müəssisəsindən daxil olmuş məktubdan görünür ki, Təqsirləndirilən şəxs 23 aprel 2017-ci il tarixdə cəza müddətinin sona çatması ilə əlaqədar azadlığa buraxılmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.2.2-ci maddəsinə əsasən qəsdən ağır cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxsin yenidən qəsdən ağır cinayət törətməsi cinayətlərin təhlükəli residivini yaradır, həmin Məcəllənin 18.4.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətlər cinayətlərin residivinin müəyyən edilməsi zamanı nəzərə alınmır. Cinayət Məcəlləsinin 83.3.4-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslərin məhkumluğu onlar cəzasını çəkib qurtardıqları gündən altı il keçdikdə ödənilmiş hesab edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.2 və 83-cü maddələrinin şərh edilməsi haqqında” 22 dekabr 2010-cu il tarixli qərarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.2-ci maddəsində nəzərdə tutulmuş cəzalar toplandıqda məhkumluğun ödənilmə müddətinin axımı cinayətlərin və ya hökmlərin məcmusu üzrə təyin edilmiş qəti cəzanın çəkilib qurtarması və ya cəzadan azad edilməsi anından başlayır. Təqsirləndirilən şəxs barəsində çıxarılmış Bakı şəhəri Nizami rayon məhkəməsinin 27 oktyabr 2014-cü il tarixli hökmü ilə təyin edilmiş cəzaya Bakı Ağır Cinayətlər Məhkəməsinin 25 aprel 2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təyin edilmiş cəza birləşdirildiyindən və o, həmin hökmlə təyin olumuş qəti cəzadan 23 aprel 2017-ci tarixindən azad edildiyindən və məhkumluğu ödənilməsi üçün nəzərdə tutulmuş 6 il müddət keçməmiş yenidən qəsdən ağır cinayət (Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi) törətdiyindən əməlində cinayətlərin təhlükəli residivi mövcud olur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi əməllərdən biri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə nəzərdə tutulmaqla ağır cinayət, digəri həmin Məcəllənin 228.4-cü maddəsinə nəzərdə tutulmaqla böyük ictimai təhlükə törətməyən cinayət olduğundan Cinayət Məcəlləsinin 126.1-ci maddəsinə münasibətdə təqsirləndirilən şəxsin əməlində cinayətlərin residivi halını həmin Məcəllənin 61.1-ci maddəsinə əsasən ağırlaşdırıcı hal kimi nəzərə alır və qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən təhlükəli residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin üçdə ikisindən az ola bilməz. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs onun zərərçəkmiş şəxslə barışması, sonuncunun ona qarşı şikayət və tələbinin olmaması, əməlindən peşmançılıq hissi keçirməklə etirafedici ifadələr verməsi kimi barəsində olan yüngülləşdirici hallar nəzərə alınmaqla Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə həmin maddənin, habelə Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə həmin Məcəllənin 65.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla müvafiq maddənin sanksiyası çərçivəsində azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri ləğv edilməli, barəsində həbs qətimkan tədbiri seçilməli, o dərhal məhkəmə iclas zalından həbs edilməli, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən cinayətlərin residivi zamanı, əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkən şəxslər cəzasını ciddi rejimli cəza çəkmə müəssisələrində çəkməlidirlər. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir (maddə 158.6). Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 17 noyabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş (Cild 1, iş vərəqə 56-57), Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 19 noyabr 2022-ci il tarixli qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəlinin 17 noyabr 2022-ci il tarixdən hesablanması qərara alınmışdır (cild 1, iş vərəqə 99-104). Bakı şəhər Xətai rayon Məhkəməsinin 13 dekabr 2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmişdir. Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 158.2.3-cü və 158-cü maddələrinə əsasən təqsirləndirilən şəxsin ev dustaqlığında saxlanıldığı müddət həbsdə saxlama müddətinə, həbsdə saxlama müddəti isə həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən ona təyin edilmiş cəza müddətinə daxil edilir. Ona görə də, məhkəmə göstərilənləri nəzərə almaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 17 noyabr 2022-ci il tarixdən hesablanmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı iş üzrə dövlət nəfinə alınmalı əmlak müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən, şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Göstərilənlərə əsasən, məhkəmə belə nəticəyə gəlir ki, cinayət işi üzrə maddi sübut olub, Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin maddi sübutları saxlama kamerasına təhvil verilmiş Təqsirləndirilən şəxs baş vermiş cinayət hadisəsi zamanı istifadə etdiyi zavod üsulu ilə hazırlanmış ümumi təyinatlı qatlanan tipli soyuq silah hesab edilən ov bıçağı, hadisə zamanı Zərərçəkmiş şəxs üzərində olan köynək məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsidir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün məhkəmə zamanı onun hüquqlarını dövlət büdcəsi vəsaiti hesabına 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmişdir. Cinayət-Prosessual Məcəllənin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” xx.xx.2001-ci il tarixli, 31 nömrəli qərarına əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. Odur ki, həmin hesabla məhkəmə mərhələsində 48 (qırx səkkiz) iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına Müdafiəçi işlədiyi Bakı şəhəri 12 saylı Vəkil Bürosunun hesabına 288 (iki yüz səksən səkkiz) manat məbləğində pul köçürülməlidir. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” xx.xx.2006-cı il tarixli, “Məhkəmə hökmü haqqında” xx.xx.2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1 və 228.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə 5 (beş) il 4 (dörd) ay müddətinə azadlıqdan məhrum etmə cəzası, Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təyin edilmiş 5 (beş) il 4 (dörd) ay müddətinə azadlıqdan məhrum etmə cəzası, həmin Məcəllənin 228.4cü maddəsi ilə təyin olunmuş 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanmaqla Təqsirləndirilən şəxs üzərində qəti olaraq 5 (beş) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxsin ev dustaqlığında saxlanıldığı müddət həbsdə saxlama müddətinə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ibtidai həbsdə saxlama müddəti ona təyin edilmiş cəza müddətinə daxil ediləklə Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 17 noyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri ləğv edilsin, onun barəsində həbs qətimkan tədbiri seçilsin, o dərhal məhkəmə iclas zalından həbs edilsin, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İş üzrə maddi sübut olan və saxlanılması üçün Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin maddi sübutları saxlama kamerasına təhvil verilmiş Təqsirləndirilən şəxs baş vermiş cinayət hadisəsi zamanı istifadə etdiyi zavod üsulu ilə hazırlanmış ümumi təyinatlı qatlanan tipli soyuq silah hesab edilən ov bıçağı, hadisə zamanı Zərərçəkmiş şəxs üzərində olan köynək məhv edilsin. Məhkəmə mərhələsində göstərilmiş 48 (qırx səkkiz) iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına Müdafiəçi işlədiyi 12 saylı Vəkil Bürosunun hesabına 288 (iki yüz səksən səkkiz ) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu andan, Təqsirləndirilən şəxs isə hökmün surəti ona təqdim edildiyi gündən 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: (sədrlik edən) Leyla Əsgərova-Məmmədova Rasim Sadıxov Novruz Kərimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar