Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1288/2024 31.07.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ saat 14:25 Hakim Qəniyev Faiq Əsəd oğlunun sədrliyi ilə, hakimlər Ağalarov Mahmud Muradxan oğlu və Əliyev Samir İmamverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibləri X3 və X2, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, 08 yanvar 1965-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olmuş, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, ünvan 1 ünvanında qeydiyyatda olan və faktiki ünvan 2 ünvanında yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci və 237.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs qanunsuz olaraq satış məqsədi olmadan narkotik vasitə olan qurudulmuş marixuananı əldə etmiş, saxlamış və daşımış, həmçinin qanunsuz olaraq tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkilərini külli miqdarda kultivasiya (əkmiş və yetişdirmiş) etmişdir. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən qanunsuz əldə etdiyi toxumlardan yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Muşalan bağ massivi 341 ünvanında yerləşən nömrəsiz fərdi yaşayış evin həyətyanı sahəsində qanunsuz olaraq əkilib-becərilməsi qadağan edilmiş narkotik tərkibli çətənə (kannabis) bitkisini əkib-becərərək aqrotexniki qaydada qulluq göstərib yetişdirməklə kultivasiya etmiş, həmin bitkilərin hissələrini yığıb qurutmaqla, satış məqsədi olmadan qanunsuz olaraq təmiz çəkisi 7,326 qram narkotik vasitə qurudulmuş marixuananı əldə edərək, üzərində saxlamaqla ünvan 4 ünvana qədər daşımış, 29 iyun 2023-cu il tarixdə saat 22:25-də Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin 14-cü Polis Bölməsinin əməkdaşları tərəfindən Sabunçu rayonu, Maştağa qəsəbəsi, Muşalan bağ massivi, 341 saylı bağ evinin qarşısında şübhəli şəxs qismində saxlanılaraq 14-cü Polis Bölməsinə aparılmış, orada üzərinə şəxsi axtarış keçirilərkən əynindəki qara rəngli şalvarının sağ yan cibindən 01 ədəd şəffaf rəngli sellofan bükülüdə təmiz çəkisi 7,326 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüş, 30 iyun 2023-cü il tarixdə saat 01:30-da yaşadığı Sabunçu rayonu, Maştağa qəsəbəsi, Muşalan bağ massivi 341 ünvanında yerləşən nömrəsiz fərdi yaşayış evin həyətyanı sahəsinə axtarış zamanı üzərindən aşkar edilmiş narkotik vasitə olan qurudulmuş marixuana ilə tərkibində olan kannabinoidli komponentlərə görə eynilik təşkil edən, külli miqdarda - ümumi sayı 39 ədəd, yaş vəziyyətdə olan bitki nümunəsi əkilibbecirilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləri aşkar olunaraq götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittiham üzrə qismən - Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi üzrə təqsirli, Cinayət Məcəlləsinin 234.1-ci maddəsi üzrə özünü təqsirli bilməyərək göstərdi ki, onun üzərində hər hansı narkotik vasitə olmamışdır. O, marixuananın tumlarını becərmiş, 25-30 tum olmuş, onları tanımadığı adam vermişdir. O, xəstəliyi ilə əlaqədar tumları həyətə atmış, amma qulluq etməmiş və baxmamışdır. Sadəcə həmin tumlar özü göyərmişdir. Təxminən 15 sm uzunluğunda 30 kol olmuşdur. 29 iyun 2023-cü il tarixdə saat təxminən 22:25 radələrində yaşadığı evin yaxınlığında olan zaman iki nəfər mülki geyimli şəxslər ona yaxınlaşıb özlərini polis əməkdaşı kimi təqdim etmiş və xidməti vəsiqələrini göstərib ondan şəxsiyyətini təsdiq edən sənəd istəmişlər. O, sənədinin olmadığını desə də, onu Polis Bölməsinə aparmışlar. Orada döyülmüş, dişini sındırmışlar, kürəyində və qolunda zədə olmuşdur. Onun cibində narkotik vasitə olmamışdır. Cibinə necə qoyublarsa, özü də hiss etməmişdir. İttiham aktında küçədə tutulduğu yazılmış, lakin o, həyətdə tutulmuşdur. Onlar birbaşa həyətə gəlmişlər. O, 29 iyun tarixində tutulmuşdur. Onun evinə gələn əməkdaşlar bitkilərin yerini dəqiq bilmişlər, çünki birbaşa əkilənlərin üstünə gəlmişlər. O, narkotik istifadəçisi deyil. Təqsirləndirilən şəxs məhkəmədə ona ünvanlanmış sualları cavablandırarkən bildirdi ki, onun iştirakı ilə, videoçəkiliş aparılmaqla bitkilərin sayılmasını, protokolu özünün də imzaladığını təsdiq edir. O, marixuana istifadəçisi deyil. Tanışı ona dərmanı olmayanda istifadə etməyi üçün vermişdir. O, yazıb-oxuya bilmir. Ona görə istintaqda nə yazılıb bilmir, ona sadəcə qol çəkməyini deyiblər. Kolların ancaq yarpaqları çıxmışdı. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi, məhkəmədə elan olunaraq tədqiq olunmuş ifadəsində özünü təqsirli bilərək göstərmişdir ki, uzun müddətdir ki, narkotik vasitə olan marixuana çəkir, başında və bədənində sinir ağrıları olduğundan nəşə çəkməyə başlamışdır. Mütəmadi olaraq nəşə çəkdiyi üçün həyətində nəşə toxumu əkməyi düşünmüşdür. Lakin, toxum əldə etmək üçün hər hansı şəxs tanımamışdır. Təxminən 2023-cü ilin aprel ayında Sabunçu qəsəbəsində yerləşən bazarın yanına getmiş, bazarda olan zaman təsadüfən bir şəxslə söhbət əsnasında ağrıları olduğunu, bunun üçün tez tez nəşə çəkdiyini bildirmişdir. Həmin şəxsə onda da sinir ağırları olduğunu, ağrılarını hiss etməmək üçün arabir nəşə çəkdiyini bildirmiş və ondan həyətində əkmək üçün nəşə toxumu tapmasını xahiş etmişdir. Həmin şəxs onun üçün nəşə toxumu tapa biləcəyini bildirib ertəsi gün onunla eyni yerdə görüşməyi təklif etmişdir. Ertəsi gün Sabunçu bazarında görüşmüşlər. Həmin şəxs ona təxminən 6-7 ədəd nəşə toxumu vermişdir. Bundan sonra həmin toxumları əkmək qərarına gəlmişdir. Təxminən 2023-cü ilin ortalarında həmin toxumları ailə üzvlərinin görə bilməyəcəyi bir yerdə əkməyə qərar vermişdir. Həmin toxumları evinin sol yan hissəsində əkmişdir ki, heç kim görməsin. Həmin toxumları əkdikdən sonra onlara xüsusi qulluq göstərməyə başlamışdır. Belə ki, həmin əkdiyi toxumlardan yetişən bitkilərə mütəmadi olaraq su vermiş, diblərini təmizləmiş, həmçinin bitkidən çıxan yarpaqları qurudub siqaretə doldurub çəkmişdir. 29 iyun 2023-cü il tarixdə saat təxminən 22:25 radələrində yaşadığı evin yaxınlığında olan zaman iki nəfər mülki geyimdə şəxslər ona yaxınlaşaraq özlərini polis əməkdaşı kimi təqdim etmişlər və xidməti vəsiqələrini təqdim edərək ondan şəxsiyyətini təsdiq edən sənəd istəmişlər. Üzərində heç bir sənəd olmadığından və ifşa olunmağından qorxaraq onlardan yayınmağa çalışmış, lakin, onun üzərində narkotik vasitə olmasında şübhəli olduğunu bildirib üzərində şəxsi axtarış aparılması məqsədilə onu Sabunçu rayon Polis İdarəsinin 14-cü Polis Şöbəsinə dəvət etmişlər. Polis əməkdaşlarına etiraz etmədən onlarla birlikdə 14-cü Polis Şöbəsinə getmişdir. Polis şöbəsində inzibati otaqların birində təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutularaq hüquqları və vəzifələri ona izah edilmiş, həmçinin hüquqlarını müdafiə etmək üçün dövlət hesabına müdafiəçi ilə təmin olunmaq hüququnun da olması ona bildirilmişdir. Bundan sonra hüquqlarını müdafiə etməkdən ötrü müdafiəçi dəvət edilərək ona təqdim edilmişdir. Müdafiəçisinin iştirakı olmadan üzərinə şəxsi axtarış aparılması barədə ərizə ilə müraciət etmişdir. Bundan sonra üzərinə müdafiəçinin iştirakı olmadan videoçəkiliş aparılmaqla şəxsi axtarış keçirilmişdir. Polis Bölməsinə gətirilərək üzərinə şəxsi axtarış aparılana kimi olan müddət ərzində polis əməkdaşları tərəfindən müşahidə altında saxlanılmışdır. Şəxsi axtarış aparılmazdan əvvəl təhqiqatçı tərəfindən üzərində dövriyyəsi qadağan edilmiş hər hansı maddə, əşya və ya predmet olduğu halda təqdim etməyi təklif edilmişdir. O da əynindəki qara rəngli şalvarın sağ yan cibindən 01 ədəd şəffaf sellofana bükülmüş bükümü çıxarıb təqdim edərək masanın üzərinə qoymuşdur. Həmin bükümdə narkotik maddə olan marixuana olduğunu və özü istifadə etmək üçün əvvəlcədən yaşadığı evin həyətində əkib becərdiyini, qurudaraq şəxsi istifadə üçün üzərində saxladığını bildirmişdir. Həmin büküm təhqiqatçı tərəfindən açılaraq içərisinə baxış keçirilmişdir. Üzərindən aşkar edilən marixuana bir ədəd içərisi boş olan ağ rəngli zərfə qablaşdırılmış və möhürlənərək götürülmüşdür. Bundan sonra, polis əməkdaşları onun icazəsi ilə yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Muşaian bağları, 341 ünvanında yerləşən fərdi yaşayış evinin həyətində axtarış və götürmə aparmışlar. Axtarış aparmazdan əvvəl təhqiqatçı onu bu barədə qərarla tanış etmiş və ona vəkilinin iştirakı olmadan axtarış keçirilməsinə etirazı olub-olmaması soruşulmuşdur. Müdafiəçisinin iştirakı olmadan yaşadığı evin həyətinə və mənzilinə axtarış aparılması barədə ərizə ilə müraciət etmişdir. Axtarış zamanı aqronom mütəxəssisə qarşı heç bir etirazının olmamasını bildirmişdir. Bundan sonra yaşadığı evin həyətində axtarış keçirilmişdir. Evin sol yan hissəsində əkib becərdiyi 39 ədəd çətənə bitkilərini təqdim etmişdir. Təhqiqatçı tərəfindən həmin çətənə bitkiləri götürülərək qablaşdırılmışdır. Təhqiqatçının suallarına cavab olaraq həmin bitkilərin çətənə bitkiləri olduğunu, şəxsi istifadəsi üçün həyətində əkib becərdiyini bildirmişdir. Həmin çətənə toxumlarını 2023-cü ilin aprel ayında Sabunçu qəsəbəsində yerləşən bazarın yaxınlığında tanımadığı şəxsdən əldə etmiş, həmin toxumları bir müddət sonra həyətində əkmiş, əkdikdən sonra həmin toxumlara xüsusi qulluq edib onları yetişdirmişdir. Toxumları əldə etdiyi şəxsi tanımır və onunla heç bir əlaqəsi olmamışdır. Nəşə toxumunu ilk dəfə əkmiş və həmin toxumları əkməkdə məqsədi yetişəndən sonra qurudub özü istifadə etmək olmuşdur. Bu işlə ilk dəfə olaraq məşğul olmuş və ona heç kim köməklik göstərməmişdir. Özü çətənə bitkilərini əkmə və yetişdirmə, həmçinin qurudulması qaydalarını bilmişdir. Ailə üzvlərinin və başqa heç kimin həmin çətənə bitkilərini əkib becərməyindən xəbəri olmamışdır. Ruhi-əsəb xəstəliyi vardır. Polis əməkdaşları tərəfindən saxlanılan zaman və ondan sonrakı müddət ərzində ona heç bir təzyiq göstərilməmişdir. Narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmamışdır (cild 1, iş vərəqə 67-70). Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli ilə bağlı hazırkı halda qismən etirafını iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Məhkəmədə şahid qismində dindirilmiş Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin 14-cü Polis Bölməsinin əməliyyat müvəkkili Şahid1 bildirdi ki, 29 iyun 2023-cü il tarixində Sabunçu rayonu, Maştağa qəsəbəsi, Muşalan bağları 341 ünvanının qarşısında küçədə xidmətdə olarkən bir nəfər özünü şübhəli apardığı üçün həmin şəxsə yaxınlaşmışlar. Həmin şəxs sorğu-sual zamanı verilən suallara qeyri-adekvat cavab verdiyi və qaçaraq yayınmaq istədiyi üçün tərəflərindən şübhəli bilinərək Sabunçu rayon Polis İdarəsinin 14cü Polis Bölməsinə aparılmışdır. Polis Bölməsində həmin şəxsin Təqsirləndirilən şəxs olduğu müəyyənləşdirilmişdir. Təqsirləndirilən şəxs üzərində axtarış və götürmə keçirilərkən əynindəki şalvarın sağ yan cibindən sonradan istintaqa məlum olan bir büküm narkotik vasitə olan marixuana aşkar olunmuşdur. Rəhim Rzaquliyev bükümün ona məxsus olduğunu və yaşadığı evin həyətyanı sahəsində də bir neçə dənə çətənə bitkisini şəxsi istifadəsi üçün əkdiyini etiraf etmişdir. Aşkar olunmuş narkotik vasitə qablaşdırılıb möhürlənmişdir. 30 iyun 2023-cü il tarixdə Təqsirləndirilən şəxs, mütəxəssis aqronumun da iştirakı ilə evin həyətyanı sahəsinə baxış keçirilmiş və müxtəlif hündürlükdə çətənə kolları aşkar edilmişdir. Sonra şəxsi axtarışın, baxışın və götürülmənin aparılması barədə protokol tərtib edilərək iştirakçılar tərəfindən protokol imzalanmışdır. Məhkəmədə şahid qismində dindirilmiş Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin 14-cü Polis Bölməsinin digər əməkdaşı Şahid2 Şahid1 ifadəsi ilə oxşar məzmunlu ifadə verərək onun göstərdiyi halları təsdiq etdi. Məhkəmədə əlavə şahid qismində dindirilmiş X5 göstərdi ki, hal-hazırda kimyəvi təmizləmə ustası işləyir. “Qurban bayramı” günündə onlara belə bir hadisə baş verdiyini xəbər vermişlər. Onlar da gedib baxanda polislər tərəfindən az miqdarda nəsə tapıldığını görmüşlər. Sonra Rəhimi götürüb aparmışlar. O, toyla bağlı rayona getmiş, rayondan qayıtdıqdan sonra Rəhimin içəridən çıxacağını demişlər. Onlar Rəhimi götürməyə gedəndə onun çiyninin və qolunun əzildiyini görmüşlər. Rəhimdən həkimə getməyə ehtiyac olub- olmamasını soruşmuş, Rəhim ehtiyac olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs 3 gün polisdə saxlamışlar. Onun avtomobili olduğu və qonşuluqda yaşadığı üçün Rəhimə yemək aparmış, onun arxasınca getmişdir. O, Rəhimin narkotik vasitə istifadə etdiyini bilməmişdir, ancaq xəstə olduğunu bilmişdir. Rəhim tutulandan sonra onda kol olduğunu bilmişdir. Rəhimin cibində narkotik vasitə olmadığına əmindir, sadəcə həyətində çətənə kolu olmuşdur. Məhkəmədə əlavə şahid qismində dindirilmiş X1 göstərdi ki, Təqsirləndirilən şəxs rəsmi olaraq onun həyat yoldaşıdır, amma əsəb problemləri ilə bağlı Rəhim bir müddətdir ki, oğlu ilə birgə ayrı evdə yaşayır. Polislər Rəhimi aparanda ona zəng etmişlər, o da Rəhimin yaşadığı evə getmişdir. Sonra polislər Rəhimi aparmışlar, Rəhim Bölmədə qalmışdır. Rəhim evə qayıdanda onun kürəyində qançır olmuş, ağzı şişmiş, dişini sındırmışlar. Bununla bağlı heç bir orqana şikayət etməmişdir, çünki işin bağlandığını zənn etmişdir. O, Rəhimdən xəsarətləri barədə soruşduqda bunların Polis Bölməsində edildiyini bildirmişdir. Rəhim dəfələrlə Məştağada psixiatriya xəstəxanasında yatmışdır və onlar Rəhimi nəzarətdə saxlamışlar. Rəhim bəzən özünə də xəsarət yetirmiş, özünün başınabaşına vurmuşdur. Təqsirləndirilən şəxs dərman almağa pulu olmayanda hərdən əkdiyindən çəkmişdir. O, bir dəfə həyətdə kol olduğunu görmüş, amma qulluq edilmədiyinə görə fikir veməmişdir. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspert rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Şəxsi axtarış və götürmə aparılması haqqında 30 iyun 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs əynindəki qara rəngli şalvarın sağ yan cibindən 01 ədəd şəffaf sellofan bükümü təqdim etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin bükümdəki ot kütləsinin narkotik vasitə olan marixuana olduğunu, şəxsi istifadəsi üçün əvvəlcədən yaşadığı evin həyətində əkib-becərdiyini və qurudaraq üzərində saxladığını bildirmişdir. Şəxsi axtarış və götürmə zamanı videoçəkiliş aparılmış və müvafiq disk protokola əlavə edilmişdir (cild 1, iş vərəqə 23-24, 92). Axtarış və götürmə aparılması haqqında 30 iyun 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı mənzildə olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı mənzildə olan həyətyanı sahəyə baxış zamanı evin sol yan hissəsində ümumi sayı 39 ədəd çətənə bitkilərinə bənzəl kol aşkar edilərək götürülmüşdür. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin bitkilərin çətənə bitkisi olduğunu və öz istifadəsi üçün həyətində əkib becərdiyini bildirmişdir. Həmin istintaq hərəkəti zamanı videoçəkiliş aparılmış və müvafiq disk protokola əlavə edilmişdir (cild 1, iş vərəqə 34-35, 93). 30 iyun 2023-cü il tarixli mütəxəssis rəyindən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Muşalan bağ massivi 341 ünvanında nömrəsiz fərdi yaşayış evinin yuxarı sağ tərəfində, yarı tikili, üstü açıq otağın içində torpaqda və bir neçə plastik dibçəklərdə əkini qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkilərinin əkilib becərilməsi ilə məşğul olmuşdur. Çətənə bitkilərinə aqrotexniki qulluq işləri göstərilmiş, suvarılmış, dibləri kultivasiya edilmiş və digər aqrotexniki işlər görülmüşdür. Çətənə bitkiləri tam inkişaf fazasında olmaqla sayılaraq 39 ədəd olduğu müəyyən olunmuşdur. Çətənə bitkilərinin 4 ədədi şitil fazasında (15 sm) olmuşdur. Aşkar olunan çətənə bitkiləri polis əməkdaşlarının iştirakı ilə kökü ilə birlikdə torpaqdan çıxarılmış və qablaşdırılmışdır (cild 1, iş vərəqə 36). Məhkəmə-bioloji ekspertizasının 30 iyun 2023-cü il tarixli 7/944 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Saxlanılan şəxs Təqsirləndirilən şəxs...” sözləri yazılmış zərfdə bir ədəd şəffaf sellofan bükülüdə təmiz çəkisi 7,326 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş ağ kağız üzərində “Saxlanılan şəxs Təqsirləndirilən şəxs...” sözləri yazılmış iki ədəd sintetik torbada ümumi sayı 39 ədəd, yaş vəziyyətdə olan bitki nümunəsi əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir. Çətənə (kannabis) bitkisində olan və həmin növ bitkidən hazırlanan marixuanada kannabinoidli komponentlər eynidir. Təqdim olunmuş aqronomun rəyinə əsasən tədqiq edilən çətənə (kannabis) bitkilərinə aqrotexniki qaydada qulluq göstərilmişdir. Ekspert tədqiqatından sonra marixuananın qalıq çəkisi 7,276 qram təşkil etmişdir (cild 1, iş vərəqə 42-46). Ambulator məcburi-narkoloji tibbi yoxlamanın 28 oktyabr 2023-cü il tarixli 7054 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabinoidlərin qəbulu nəticəsində yaranan aslılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır (cild 1, iş vərəqə 133-134). Ambulator məhkəmə-psixiatrik ekspertizasının 28 oktyabr 2023-cü il tarixli 3012 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs “Şəxsiyyətin emosional-davamsız tip pozuntusu” müəyyən edilir. Rəhim Rizaqulıyevdə müəyyən edilən şəxsiyyət pozuntusu o dərəcədə ifadə olunmamışdır ki, o, cinayət əməlini törədən zaman öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmasın. Təqsirləndirilən şəxs qeyd edilən əməli törədən zaman öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 21-ci və 22ci maddələrinin təsiri altına düşmür (cild 1, iş vərəqə 138-139). Məhkəmə-xətşünaslıq ekspertizasının 06 iyun 2024-cü il tarixli 4/815 nömrəli rəyindən görünür ki, eksertizaya təqdim edilmiş 1(101)-1288/2024 saylı cinayət işinin materiallarında olan cinayət işinin materiallarında olan Sabunçu rayon Polis İdarəsinin 14cü Polis Şöbəsinin rəisi Süleyman Abbasova ünvanlanmış xx.xx.2023-cü il tarixli ərizənin sonundakı imza qrafasının qarşısındakı imza (cild 1, iş vərəqə 6), vəkilin şübhəli şəxsə təqdim edilməsi haqqında xx.xx.2023-cü il tarixli protokoldakı “şübhəli şəxs” qrafasının qarşısındakı imza (cild 1, iş vərəqə 10),şübhəli şəxsin tutulması haqqında xx.xx.2023-cü il tarixli qərar və protokolda “şübhəli şəxs” qrafasının qarşısındakı imzalar (cild 1, iş vərəqə 11,12),şübhəli şəxsin hüquq və vəzifələri haqqında bildirişdəki, etiraz elə bilən şəxslər barədə məlumatların şübhəli şəxsə bildirilməsi barədə xx.xx.2023-cü il tarixli protokoldakı “şübhəli şəxs” qrafasının qarşısındakı imzalar (cild 1, iş vərəqə 16,18,19,20), şəxsi axtarış və götürmə aparılması haqqında xx.xx.2023-cü il tarixli qərarda “şübhəli şəxs” qrafasının qarşısındakı imza (cild 1, iş vərəqə 21), Sabunçu rayon Polis İdarəsinin 14-cü Polis Şöbəsinin rəisi Süleyman Abbasova ünvanlanmış xx.xx.2023-cü il tarixli ərizələrin sonundakı imza qrafasının qarşısındakı imzalar (cild 1, iş vərəqə 22,26), şəxsi axtarış və götürmə aparılması haqqında xx.xx.2023-cü il tarixli protokoldakı səhifənin yuxarı hissəsində “Təqsirləndirilən şəxs” yazısından əvvəl çəkilmiş imza və “şübhəli şəxs” qrafasının qarşısındakı imza (cild 1, iş vərəqə 23-24), təqsirləndirilən şəxsə hüquq və vəzifələrinin izah edilməsi barədə xx.xx.2023-cü il tarixli bildirişdəki “təqsirləndirilən şəxs” qrafasının qarşısındakı imza (cild 1, iş vərəqə 60), təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbiri seçilməsi ilə əlaqədar məhkəməyə təqdim edilən materiallarla tanış olması barədə xx.xx.2023-cü il tarixli protokoldakı “təqsirləndirilən şəxs” qrafasının qarşısındakı imza (cild 1, iş vərəqə 79), təqsirləndirilən şəxsə cinayət təqibi üzrə etiraz etmək hüququnun izah edilməsi haqqında xx.xx.2023-cü il tarixli protokoldakı “təqsirləndirilən şəxs” qrafasının qarşısındakı imza (cild 1, iş vərəqə 135), ibtidai istintaqın qurtarması barədə təqsirləndirilən şəxsə məlumat vermə haqqında xx.xx.2023-cü il tarixli protokoldakı “təqsirləndirilən şəxs” qrafasının qarşısındakı imza (cild 1, iş vərəqə 155), təqsirləndirilən şəxsi və müdafiəçini cinayət işinin materialları ilə tanış etmə haqqında xx.xx.2023-cü il tarixli protokoldakı “təqsirləndirilən şəxs” qrafasının qarşısındakı imzalar Təqsirləndirilən şəxs tərəfindən icra olunmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Psixiatriya Xəstəxanasının 26 oktyabr 2023-cü il tarixli 14057 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə yuxarıda göstərilən xəstəxanaya “şəxsiyyətin emosional-davamsız tip pozuntusu, impulsivtip, tez-tez baş verən dekompensasiyalar, özünü kəsmələrlə” diaqnozu ilə gündüz stasionarı şöbəsinə yarım-stasionar müalicəyə qəbul olunmuşdur (cild 1, iş vərəqə 113). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin məlumatından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 1, iş vərəqə 110-111). Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməllər ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir, həmin əməllər qəsdən törədilmişdir, başa çatmış cinayətlərdir. Təsnifata görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan əməl az ağır, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 237.2.3cü maddəsində nəzərdə tutulan əməl isə ağır cinayətdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2024-cü tarixli qərarının izah və tələblərini də rəhbər tutur. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanuna əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Qeyd olunan Qanununun 1-ci maddəsində göstərilmişdir ki, narkotik xassəli bitkilərin qanunsuz kultivasiyası - Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik xassəli bitkilərin əkilməsi, becərilməsi və ya yetişdirilməsidir. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz hazırlanması həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla istehlaka yarayan və ya yaramayan narkotik vasitələrin və psixotrop maddələrin bilavasitə hazırlanmasına, yəni narkotik vasitələrin və psixotrop maddələrin istehsalına, emalına, saflaşdırılmasına və ya bir narkotik vasitənin, yaxud psixotrop maddənin digər narkotik vasitəyə və ya psixotrop maddəyə çevrilməsi yolu ilə narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, yaxud onların təsirinin gücləndirilməsinə, narkotik xassəli bitkilərin hasil edilməsinə və narkotik vasitələrin və psixotrop maddələrin alınmasına yönəldilmiş hər hansı digər hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2024-cü il tarixli qərarının 21-ci bəndində göstərilmişdir ki, CM-in 237-ci maddəsində işlədilən tərkibində narkotik maddələr olan bitkilərin qanunsuz kultivasiyası anlayışının izahı Qanunun 1.0.6-cı maddəsində verilmişdir. CM-in 237.1-ci maddəsində nəzərdə tutulan cinayətin predmeti xeyli miqdarda əkilməsi və yetişdirilməsi qadağan edilən, tərkibində narkotik maddələr olan bitkilər və ya onların hissələridir. Belə bitkilərin siyahısı, xeyli, külli və ya xüsusilə külli miqdarı (habelə hissələrinin xeyli, külli və ya xüsusilə külli miqdarı) 961-İİQ nömrəli Qanun ilə (İİİ siyahı) müəyyən edilmişdir. Əkmə dedikdə, qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkilərin toxumunu və ya şitillərini hər hansı torpaq sahəsində əkmə başa düşülməlidir. Bu zaman cinayət həmin bitkilərin yetişdirilməsi üçün nəzərdə tutulan torpaq sahələrinə toxum və ya şitilin əkildiyi andan onların yetişdirilməsindən və sonrakı inkişafından asılı olmayaraq başa çatmış sayılır. Yetişdirmə dedikdə, tərkibində narkotik maddələr olan bitkilərin əkildiyi və ya təbii şəkildə bitdiyi torpaq sahələrinə və burada böyüyən bitkilərə qulluq etmə başa düşülməlidir. Tərkibində narkotik maddələr olan bitkilərin yetişdirilməsi cinayəti qulluq etmənin başlandığı andan başa çatmış hesab olunur. Nəzərə alınmalıdır ki, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 2013-cü il 25 fevral tarixli Qərarı ilə müəyyən edilən hüquqi mövqeyə əsasən CM-in 237.1-ci maddəsində nəzərdə tutulan çətənə (kannabis), xaşxaş növlərinin və ya tərkibində narkotik maddələr olan digər bitkilərin kultivasiyası yabanı şəkildə bitən və tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) toplanmasını ehtiva etmir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234-cü maddəsinin həmin Məcəllənin 237-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 2021-ci il 6 iyul tarixli Qərarı ilə müəyyən edilən hüquqi mövqeyə əsasən, toplanılan narkotik tərkibli bitkilərdən və ya onların hissələrindən satış məqsədi olmadan xeyli miqdardan artıq miqdarda və yaxud satış məqsədilə istənilən miqdarda narkotik vasitənin hazırlanması və bundan sonra onun saxlanılması, daşınması, göndərilməsi, emal edilməsi, yaxud satılması kimi cinayət əməlləri CM-in 17.1-ci maddəsinin tələblərinə müvafiq olaraq həmin Məcəllənin 234 və 237-ci maddələri ilə tövsif edilməlidir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş müvafiq siyahıya əsasən təmiz halda 500 qramdan artıq çəkidə marixuana və 16 ədəddən artıq çətənə bitkisi küli miqdar təşkil edir. Təqsirləndirilən şəxs qurudulmuş marixuananın ona heç bir aidiyyatının olmamasına, əkdiyi narkotik tərkibli bitkilərin isə onun tanımadığı şəxsdən aldığı toxumları həyətyanı sahəsində əkməsi ilə qulluq edilmədən yetişdiyini bildirsə də, verdiyi digər ifadə ilə onda baş verən tez-tez sinir ağrılarının və tutmaların qarşısını almaq üçün dərman almağa pulunun olmadığını və bu səbəbdən də ağrılarının kəsməsi üçün narkotik tərkibli çətənə əkmək qərarına gəldiyini bildirmiş və bu məqsədlə də təsadüfi tanış olduğu, adını bilmədiyi şəxsdən aldığı çətənə toxumlarını şəxsi istifadəsi üçün həyətyanı sahəsində əkdiyini etiraf etmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs ifadəsinin onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmağa, məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək onun qanunsuz olaraq tərkibində narkotik maddələr olan çətənə bitkilərini külli miqdarda əkməsini, yetişdirməsini və onları (onların hissələrini) toplamaqla kuiltivasiya etməsini, həmçinin satış məqsədi olmadan narkotik vasitə olan qurudulmuş marixuananı əldə etməsi, saxlaması və daşımasını sübuta yetirilmiş hesab edir. Təqsirləndirilən şəxs öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələri yuxarıda göstərilən sübutlarla - şahidlərin ifadələri, ekspert rəyi, habelə iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları, cinayət işinin digər materialları ilə təkzib olunur. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ilə bağlı, yəni 01 ədəd şəffaf rəngli sellofan bükülüdə təmiz çəkisi 7,326 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana və 39 ədəd, yaş vəziyyətdə olan əkilibbecirilməsi qadağan olunmuş külli miqdarda narkotik tərkibli çətənə (kannabis) bitkilərini kultivasiya (əkmiş və yetişdirmiş) etməsi ilə bağlı ibtidai istintaq zamanı dindirilərkən verdiyi və məhkəmə istintaqında tədqiq edilmiş etiraf ifadələri iş üzrə digər bütün sübutların məcmusu ilə təsdiq edildiyindən, məhkəmə iş üzrə yekun qərar qəbul edərkən həmin ifadələri sübut kimi qəbul edir. Təqsirləndirilən şəxs saxlanarkən polis əməkdaşları tərəfindən fiziki təzyiqlərə məruz qalması və xəsarətlər alması ilə əlaqədar ifadəsi isə yalnız özünün bildirdiklərindən ibarətdir. Yaxın qohumu – həyat yoldaşı və dostunun bununla bağlı dolayı ifadələrini isə məhkəmə inandırıcı hesab etmir. Belə ki, hər iki əlavə şahid maraqlı tərəfə aiddir, bildirdikləri öz yaxınları olan təqsirləndirilən şəxsin bu və ya digər şəkildə cinayət məsuliyyətindən yayınmasına xidmət edə biləcək subyektiv düşüncə və maraqlarına söykənir. Təqsirləndirilən şəxsə qarşı qanunazidd davranış göstərilməsi, ona işgəncə verilməsi barədə məhkəmə araşdırması zamanı hər hansı mötəbər dəlil əldə olunmadı. Məhkəmə bu qənaətə gələrkən həm də onu nəzərdə saxlayır ki, məhkəmə istintaqının gedişində təqsirləndirilən şəxs və müdafiəçisi ibtidai araşdırma mərhələsində tərtib edilmiş çoxsaylı sənədlərə, o cümlədən dindirmə protokollarına ümumiyyətlə Təqsirləndirilən şəxs imza etmədiyini, cinayət işinin materiallarında olan çoxsaylı imzaların onun tərəfindən icra edilmədiyini israrla bildirmiş, bu səbəbdən də müdafiəçinin vəsatəti təmin olunaraq məhkəmə xətşünaslıq ekspertizası təyin olunmuşdur. Məhkəmə-xətşünaslıq ekspertizasının 06 iyun 2024-cü il tarixli 4/815 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, müdafiə tərəfinin mübahisələndirdiyi bütün imzalar əslində elə Təqsirləndirilən şəxs tərəfindən icra olunmuşdur. Beləliklə, məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci və 237.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməsi sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci və 237.2.3-cü maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Həmçinin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cəza təyin edərkən məhkəmə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilərək səmimi peşman olmasını, əvvəllər məhkum olunmamasını, ailə vəziyyətini onun cəzasını yüngülləşdirən hallar qismində nəzərə alır. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri seçilməli və həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 158-ci maddəsində də birbaşa göstərilir ki, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir (maddə 158.6). Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 29 iyun 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, ibtidai istintaq orqanının 01 iyul 2023-cü il tarixli qərarı ilə onun barəsində polis nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir (cild 1, iş vərəqə 12, 83-85). Ona görə də məhkəmə göstərilənləri də nəzərə almaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs tutulduğu 2 gün ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının müddətindən çıxılmalı, cəzanın çəkilməsi müddətinin başlanğıcı hazırkı hökmün elan edildiyi 31 iyul 2024-cü il tarixdən hesablanmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə edilmiş hallar istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Həmin Məcəllənin 132.1.7-ci maddəsinə əsasən dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinə əsasən, maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Həmin məcəllənin 135.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə əhəmiyyət kəsb edə bilən məlumatları hərf, rəqəm, qrafika və digər işarə formasında özündə əks etdirən kağız, elektron və ya digər daşıyıcılar sənəd hesab olunur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olub Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin saxlama kamerasına təhvil verilmiş, ekspert tədqiqatından sonra qalıq çəkisi qalmış 7,276 qram narkotik vasitə olan qurudulmuş marixuana və ümumi sayı 39 (otuz doqquz) ədəd, yaş vəziyyətdə narkotik tərkibli çətənə (kannabis) bitkiləri məhv edilməli, Təqsirləndirilən şəxs yaşadığı evə baxış və üzərinə şəxsi axtarış keçirilməsinin görüntülərini özündə əks etdirən 02 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsidir. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 89 (səksən doqquz) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün məhkəmənin qərarı ilə onun hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. Başqa sözlə, Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi məhkəmə zamanı Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi oğlu tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” xx.xx.2001ci il tarixli 31 nömrəli qərarına əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. Odur ki, həmin hesabla, məhkəmə mərhələsində göstərilmiş 60 iş saatı həcmində hüquqi yardımla bağlı Müdafiəçi oğlunun vəkil işlədiyi Bakı şəhəri 19 saylı Vəkil Bürosunun hesabına 360 (üç yüz altmış) manat məbləğində pul köçürülməlidir. Məhkəmə gəldiyi nəticələri “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” xx.xx.2006-cı il tarixli, “Məhkəmə hökmü haqqında” xx.xx.2021-ci il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2024-cü il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-cü və 237.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin, ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 1 (bir) il müddətinə azadlıqdan məhrumetmə cəzası, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 3 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı tutulduğu 2 (iki) gün təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının müddətindən çıxılaraq onun üzərində 3 (üç) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 31 iyul 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində ibtidai istintaq zamanı seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək barəsində həbs qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalından həbs edilsin, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına yerləşdirilsin. Həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilsin. İş üzrə maddi sübutlar: - Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin saxlama kamerasına təhvil verilmiş, ekspert tədqiqatından sonra qalıq çəkisi qalmış 7,276 qram narkotik vasitə olan qurudulmuş marixuana və ümumi sayı 39 (otuz doqquz) ədəd narkotik tərkibli çətənə (kannabis) bitkiləri məhv edilsin; - Təqsirləndirilən şəxs yaşadığı evə baxış və üzərinə şəxsi axtarış keçirilməsinin görüntülərini özündə əks etdirən 02 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs 89 (səksən doqquz) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilsin. Məhkəmə mərhələsində göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına Bakı şəhəri 19 saylı Vəkil Bürosunun hesabına vəkil Müdafiəçi üçün 360 (üç yüz altmış) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Faiq Qəniyev Hakimlər: Mahmud Ağalarov Samir Əliyev
Məhkəmə qərarları › İş №1(101)-1288/2024
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1288/2024
31.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver