Məhkəmə qərarları › İş №1(101)-1289/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1289/2024

13.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1289/2024 13.05.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Namazov Fərid Arif oğlunun sədrliyi, hakimlər Quliyev Əhməd Qəhrəman oğlu və Hüseynov Telman Qulaməli oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X3, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi -Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi, zərərçəkmiş şəxsin hüquqi varisi X2, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1995-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində 2 azyaşlı uşağı olan, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 ünvanında yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında 6 nömrəli məhkəmə iclas zalında saat 15:20-də açıq məhkəmədə baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs tərəfindən sərxoş halda idarə etdiyi avtomobillə yol hərəkəti qaydalarının pozulması ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olmuşdur. Belə ki, Təqsirləndirilən şəxs 03 iyun 2023-cü il tarixdə saat 20:50 radələrində etibarnamə əsasında və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37ci maddəsinin 1-ci hissəsinin 8-ci bəndinin tələblərini pozaraq sərxoş halda idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan "xxxx" MMC-yə məxsus Hyundai İ30 minik markalı **-PL-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Bəşir Bünyatov küçəsi ilə Bakıxanov dəmiryolu stansiyası istiqamətində hərəkətdə olarkən həmin yolun Bəşir Bünyatov 17 ünvanının qarşısından keçən hissəsində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin “hərəkət üçün təhlükə yarandığını gördükdə nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməlidir” kimi tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda bu qaydalara əməl etməyərək hərəkətini davam etdirib yolu sağdan sola keçən piyada Zərərçəkmiş şəxs ehtiyatsızlıqdan avtomobilin sol qanad hissəsi ilə vurmuş və nəticədə Zərərçəkmiş şəxs sol tərəfli hemopnevmotoraks (sol döş boşluğuna sərbəst qan və hava yığılması), sol ağciyərin əzilmiş-cırılmış yaraları, sol tərəfli lll-İV-V-Vİ-Vll-Vlll-İX qabırğaların yerini dəyişən qapalı sınıqları, həmin səviyyədə plevranın zədələnməsi, döş qəfəsi, sol bud, sol diz və sol baldır nahiyələrinin qançırları ilə nəticələnən həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid bədən xəsarətləri almasına və almış olduğu bədən xəsarətlərindən 03 iyun 2023-cü il tarixdə saat 22:10 radələrində xəstəxanada ölməsinə səbəb olmuşdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, o, hadisənin baş verdiyi gündən bir gün əvvəl, yəni 02 iyun 2023-cü il tarixdə, gecə saatlarında yaşadığı evdə spirtli içki içmişdir. O, 03 iyun 2023-cü il tarixdə, axşam saatlarında etibarnamə əsasında idarə etdiyi “Hyundai i30” markalı, **-PL-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhərinin mərkəzindən Sabunçu rayonu Bakıxanov qəsəbəsi istiqamətində yaşadığı evə doğru hərəkətdə olarkən əks istiqamətdən gələn digər avtomobilə fikri yayındığından avtomobilinin qabaq tərəfi ilə bir nəfər şəxsi vurmuş, avtomobili saxlayaraq geri gəldikdə vurduğu şəxsin ətrafında insanların toplaşdığını görmüş, lakin hadisə yerindən qaçmamış, polis əməkdaşlarının gəlməsini gözləmişdir. Həmin şəxs avtomobil qəzası nəticəsində vəfat etmişdir. Əməlindən peşmandır. Məhkəmə iclasında verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs hadisə vaxtı idarə etdiyi həmin avtomobildə həmçinin Nadir, Məmməd və Fatimə adlı şəxslərin olduğunu, avtomobili saatda 60-70 km/saat sürətlə idarə etdiyini, hadisə zamanı havanın qaranlıq, yoldakı süni işıqlandırmanın zəif olduğunu, hadisə vaxtı əks istiqamətdən gələn “Mercedes” markalı avtomobildən hər hansı şəxsin düşüb-düşməməsini görmədiyini, hadisə baş verən yerdə piyada keçidinin olmadığını, həmin yerdən 200 metr məsafədə piyada keçidinin olduğunu, hadisədən sonra zərərçəkmiş şəxsin dəfn mərasimi və digər xərcləri üçün onun yaxın qohumlarına pul vəsaitini verdiyini, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışdığını, evli olduğunu, əri azadlıqdan məhrumetmə cəzası çəkdiyinə görə övladlarına baxdığını bildirdi. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X2 ifadəsində göstərdi ki, vəfat etmiş Zərərçəkmiş şəxs övladıdır. O, 03 iyun 2023-cü il tarixdə, axşam saatlarında ünvan 3 ünvanında olarkən, bibisi zəng edib atasının avtomobil qəzası nəticəsində xəsarət aldığına görə Sabunçu rayon Xəstəxanasına aparıldığını dediyindən, həmin xəstəxanaya getdikdə, həkimlər atası Zərərçəkmiş şəxs vəfat etdiyini söyləmişlər. O, hadisəni törədənin kim olduğunu soruşduqda həmin şəxsin polis orqanında olduğu deyilmişdir. Təqsirləndirilən şəxs atasının ölümündən sonra müvafiq xərcləri ödəmişdir. Təqsirləndirilən şəxs ilə barışmış, hazırda hər hansı iddiası, şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, hadisənin üstündən uzun müddət keçdiyindən baş verənlərin dəqiq tarixini və vaxtını xatırlamır. 2023-cü ilin yay aylarında əri Şahid2la birlikdə avtomobildə olarkən qohumu Zərərçəkmiş şəxs başqa bir avtomobil tərəfindən vurulmasının şahidi olmuşdur. Məhkəmə iclasında verilən suallara cavab olaraq Şahid3 yolun kənarında dayanan zaman H.Əliyev prospekti istiqamətindən gələn avtomobilin Zərərçəkmiş şəxs vurduğunu görmüş, onlar avtomobildən düşüb Zərərçəkmiş şəxs yanına getmişlər. Əri avtomobili idarə etmiş, özü isə arxa oturacaqda əyləşmiş, Zərərçəkmiş şəxs vuran avtomobili idarə edən şəxs xanım olmuş, onlar Zərərçəkmiş şəxs yanına getdikdə həmin xanım da orada olmuşdur. Hadisə vaxtı havanın işıqlı olduğunu, Zərərçəkmiş şəxs olduğu yerdə piyada keçidinin olub-olmadığını və hadisənin baş vermə vaxtını xatırlamadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, o, Təqsirləndirilən şəxs idarə etdiyi avtomobildə sürücünün yanındakı oturacaqda, Şahid1 və digər xanım isə arxa oturacaqda əyləşərək Bakıxanov qəsəbəsinə kirayə ev axtarmaq üçün getmişlər. Hadisədən xeyli müddət keçdiyindən dəqiq tarixi və vaxtı xatırlamır. Təqsirləndirilən şəxs idarə etdiyi avtomobil hərəkətdə olarkən əks istiqamətdə başqa avtomobil olmuş, qəfil yolun hərəkət hissəsinə bir nəfər çıxdığına görə Təqsirləndirilən şəxs idarə etdiyi avtomobili saxlaya bilməyib həmin şəxsi vurmuşdur. Məhkəmə iclasında verilən suallara cavab olaraq Şahid4 hadisənin yay aylarında baş verdiyini, havanın qaranlıq olduğunu, əvvəllər Təqsirləndirilən şəxs idarə etdiyi avtomobildə əyləşmədiyini, hadisə günü Təqsirləndirilən şəxs avtomobil idarə etməsinə mane olacaq heç bir narahatlığının hiss olunmadığını, Təqsirləndirilən şəxs yolun hərəkət hissəsinin üzərində olan şəxsi vurduqdan sonra avtomobili saxladığını, avtomobildə olan şəxslərlə birgə zərərçəkmiş şəxsin yanına getdiklərini, həmin vaxt zərərçəkmiş şəxsin yerdə uzanmış vəziyyətdə olduğunu gördüyünü, təcili tibbi yardım avtomobilini kimin çağırdığını, həmin gün Təqsirləndirilən şəxs spirtli içki qəbul edib-etmədiyini bilmədiyini, hadisə vaxtı havanın tam qaralmadığını bildirdi. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, 2023-cü ilin iyun ayında, axşam saatlarında Təqsirləndirilən şəxs idarə etdiyi “Hyundai” markalı avtomobildə başqa xanımla arxa oturacaqda, qabaq sağ oturacaqda isə Şahid4 əyləşmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs Bakı şəhəri, Sabunçu rayonu, H.Əliyev prospektindən Bakıxanov qəsəbəsi istiqamətində hərəkətdə olarkən avtomobili saxlaya bilməyib yolun hərəkət hissəsinə çıxan şəxsi vurmuş, daha sonra avtomobildən düşüb zərərçəkmiş şəxsin yanına getdikdə sonuncunun hadisə yerində uzanmış vəziyyətdə olduğunu görmüşdür. Məhkəmə iclasında verilən suallara cavab olaraq Şahid1 Təqsirləndirilən şəxs hadisədən əvvəlki gün görmədiyini, sonuncunun bir gün əvvəl spirtli içki içib-içmədiyini bilmədiyini bildirdi. İbtidai istintaq zamanı dindirilmiş, məhkəmədə ifadəsi elan olunmuş Şahid2 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun doğma oğludur. O, xx.xx.2023-cü il tarixdə saat 16:00 radələrində bacısı Vəzifənin yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, B.Bünyatov küçəsindəki evinə arvadı Şahid3 ilə birlikdə qonaq getmişlər. Qeyd etdiyi ünvandan həmin gün saat 20:00 radələrində B.Bünyatov yolunun kənarından idarə etdiyi “Mercedes-Benz” markalı **-CR-*** dövlət qeydiyyat nişanlı avtomobillə çıxmış, avtomobildə sərnişin kimi arxa oturacaqda arvadı Şahid3 əyləşmişdir. O, düz xətt nişanının qırıq xətt olan hissəsindən yolu əks istiqamətə keçmək üçün avtomobilini asta idarə edərək döndərən zaman Zərərçəkmiş şəxs yolu piyada qarşı tərəfə keçəndə anidən H.Əliyev prospekti istiqamətindən Bakıxanov qəsəbəsi istiqamətinə sürətlə gələn avtomobil qabaq hissəsi ilə sonuncunu vurmuş və Zərərçəkmiş şəxs havaya qalxıb yolun ortasında yerə çırpılmışdır. O, yolun kənarında avtomobilini saxlayıb tez avtomobildən özü və arvadı Şahid3 düşdükdə “Hyundai30” markalı avtomobili idarə edən şəxsin qadın sürücü olduğunu, həmin avtomobildən həmçinin iki nəfər kişi və bir nəfər qadın cinsindən olan şəxslərin düşdüyünü görmüşdür. Hadisə yerinə yol patrul xidməti və təcili tibbi yardım avtomobilləri gəldikdən sonra Zərərçəkmiş şəxs xəstəxanaya, qəzanı törətmiş avtomobili idarə edən Təqsirləndirilən şəxs isə polis idarəsinə aparılmışdır. Həmin yol-nəqliyyat hadisəsi baş verməzdən əvvəl o, əks istiqamətli yola dönmək üçün idarə etdiyi “Mercedes-Benz” markalı **-CR-*** dövlət qeydiyyat nişanlı avtomobillə çıxsa da, heç bir kənar avtomobilin hərəkətinə mane olmamış, Təqsirləndirilən şəxs idarə etdiyi “Hyundai 30” markalı avtomobillə mərhum Zərərçəkmiş şəxs yolun orta xəttinin yaxınlığında onun avtomobilinin bərabərinə çatmamış, təxminən 30 metr aralıda sol zolaqda vurmuş, yəni idarə etdiyi avtomobili ilə sonuncunun qarşısını kəsməmiş və heç bir qəza şəraiti yaratmamışdır. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspert rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli raportdan görünür ki, həmin tarixdə saat 20:59 radələrində B.Bünyatov küçəsində baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində xəsarət alanın olması qeyd edilmişdir. (Cild 1, iş vərəqə 3) xx.xx.2023-cü il tarixli “Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” protokoldan, protokola əlavə edilmiş foto cədvəl və sxemdən görünür ki, hadisə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Bəşir Bünyatov küçəsilə Bakıxanov dəmiryolu stansiyası istiqamətində həmin yolun Bəşir Bünyatov 17 ünvanının qarşısından keçən hissəsində baş vermişdir. Hadisə yerinə baxış yolun Bakıxanov dəmiryolu istiqamətinə dayandıqda aparılmışdır. Həmin yol asfalt örtüklü, hamar və quru, düz olmaqla nəqliyyat vasitələrinin hərəkəti üçün maneəsizdir. Hadisə baş verən yolda hərəkət iki istiqamətli olmaqla yolun tən ortasında əks istiqamətli yolları ayıran qoşa ağ xətt vardır. Ümumilikdə dörd zolaqlı yol olmaqla hər iki istiqamətində iki zolaqlı yol mövcuddur. Hər bir zolağın eni 3,80 metrdir, hərəkət hissəsinin ümumi eni 15,66 metrdir. Hadisə yerində tormoz izi yoxdur. Piyada asfalt yolun sağdan ikinci hərəkət zolağında yolun sağ kənarından sola doğru 6,60 metr məsafədə vurulmuşdur. Sürücü hərəkət istiqamətində yolu sağdan sola doğru keçmişdir. Hadisə nəqliyyat vasitələrinin maksimal sürətinin 60 km/saat məhdudlaşdırıldığı yol nişanının təsiri zonasında baş vermişdir. (Cild 1, iş vərəqə 4-14) Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş X7 İdarəsindən verilmiş BA047Y60 nömrəli sürücülük vəsiqəsinin kserosurətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2032-ci il tarixə qədər B1, B kateqoriyalı nəqliyyat vasitəsini idarə etmək hüququ olmuşdur. (Cild 1, iş vərəqə 15) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” X5 Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinəsinin xx.xx.2023-cü il tarixli, 1/1975 nömrəli protokolundan görünür ki, sürücü Təqsirləndirilən şəxs 0,868 %o yüngül dərəcəli alkoqol sərxoşluğu müəyyən olunmuşdur. (Cild 1, iş vərəqə 19) xx.xx.2023-cü il tarixli “Şübhəli şəxsin tutulması haqqında” qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsinə şübhə yarandığından, şübhəli şəxs qismində tutulmuşdur. (Cild 1, iş vərəqə 24, 33) xx.xx.2023-cü il tarixli “Şübhəli şəxsin barəsində qətimkan tədbirinin seçilməsi və müvəqqəti saxlama yerindən azad olunması haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməklə, o, saxlanıldığı Sabunçu Rayon Polis İdarəsinin Müvəqqəti saxlama yerindən azad edilmişdir. (Cild 1, iş vərəqə 42-43) xx.xx.2023-cü il tarixli “Şübhəli şəxs vəziyyətinə xitam verilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində vəziyyətinə xitam verilmişdir. (Cild 1, iş vərəqə 45) xx.xx.2023-cü il tarixli “Zərərçəkmiş şəxs qismində tanınma haqqında” qərardan görünür ki, həmin tarixdə Zərərçəkmiş şəxs qismində tanınmışdır. (Cild 1, iş vərəqə 46) xx.xx.2023-cü il tarixli “Zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınma haqqında” qərardan görünür ki, həmin tarixdə X2 zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınmışdır. (Cild 1, iş vərəqə 48-49) Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi Ekspertizası və Pataloji Anatomiya Birliyi” X5 Sabunçu rayon şöbəsinin xx.xx.2023-cü il tarixli, 153 nömrəli ekspert rəyindən görünür ki, mərhum Zərərçəkmiş şəxs meyitində sol tərəfli hemopnevmotoraks (sol döş boşluğuna sərbəst qan və hava yığılması), sol ağciyərin əzilmiş-cırılmış yaraları, sol tərəfli İİİ-İV-V-Vİ-Vll-Vİll-İX qabırğaların yerini dəyişən qapalı sınıqları, həmin səviyyədə plevranın zədələnməsi, döş qəfəsi, sol bud, sol diz və sol baldır nahiyələrinin qançırları aşkar edilmişdir. Xəsarətlər həyati olub Zərərçəkmiş şəxs xəstəxanaya daxil olmasından (xx.xx.2023-cü il, saat 21:20) az əvvəl bərk-küt əşya (əşyalar) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən xx.xx.2023-cü il tarixdə və şəraitdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı hərəkətdə olan avtomobilin qabarıq hissələrinin təsirindən törənə bilər və dərəcəsinə görə ümumilikdə canlı şəxslərdə sağlamlığa ağır zərərvurmanın əlamətlərinə malik olmaqla onun ölümü ilə birbaşa səbəbli əlaqəlidir. Mərhum Zərərçəkmiş şəxs ölümünə səbəb almış olduğu travma kompleksi nəticəsində inkişaf etmiş travmatik və hemorragik şok olmuşdur. Ölüm xx.xx.2023-cü il tarixdə, saat 22:10-da xəstəxanada baş vermişdir, bu da ilkin meyit əlamətlərinə əsasən öz təsdiqini tapır. Mərhum Zərərçəkmiş şəxs meyitindən götürülmüş qanda məhkəməkimya tədqiqatı nəticəsində metil, etil, propil, butil və amil spirtləri, barbitur turşusu törəmələri, alkoloidlər (həmçinin tiryək qrupu), fenotiazin, pirazalon, 1,4 benzodiazepin törəmələri və salisilatlar aşkar edilməmişdir. (Cild 1, iş vərəqə 60-64) Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2023-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (Cild 1, iş vərəqə 68) Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının xx.xx.2023-cü il tarixli, 8/3063 nömrəli ekspert rəyindən görünür ki, istintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən Hyundai İ30 markalı ** PL *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs piyadanın vurulması hadisəsi ilə əlaqədar hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobili sərxoş vəziyyətdə idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 8-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. İstintaq tərəfindən təqdim olunan məlumatlara əsasən yolu sağdan sola doğru keçən piyada ** CR *** dövlət qeydiyyat nişanlı avtomobil ilə vurulmadığından, Hyundai İ30 markalı, ** PL *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmadığından, yəni ** CR *** dövlət qeydiyyat nişanlı avtomobil mövcud yol-nəqliyyat hadisəsinin iştirakçısı olmadığından həmin avtomobilin sürücüsünün hərəkətlərinin tədqiqi yol-nəqliyyat hadisələri ekspertizası sahəsində xüsusi texniki bilik tələb etmir. (Cild 1, iş vərəqə 75-78) xx.xx.2023-cü il tarixli “DVD diskinə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, ünvan 5 ünvanında hadisənin baş verdiyi yerin yaxınlığında quraşdırılmış Daxili İşlər Nazirliyinin TŞ-9-023 saylı kamerasında əks olunan disk açıldıqda xx.xx.2023-cü il tarixdə saat 20:50 radələrində piyada Zərərçəkmiş şəxs adi yeriş addımları ilə yolu qarşı tərəfə keçən zaman qoşa xətt nişanlanma xəttinə çatmağa az qalmış sürücü Təqsirləndirilən şəxs idarə etdiyi “Hyundai İ30 minik” markalı ** PL *** dövlət qeydiyyat nişanlı avtomobilin sol qanad hissəsi ilə vurması və piyada havaya qalxaraq bir qədər aralıda yerə çırpılması, daha sonra ətrafa adamların yığışması, Yol Patrul Xidmətinin hadisə yerinə gəlməsini əks etdirən videogörüntülər vardır. Həmin hadisə baş verməmişdən əvvəl “Mersedes Benz” markalı **-CR-*** dövlət qeydiyyat nişanlı avtomobilin əks istiqamətli yola çıxaraq sağ kənarda avtomobili dayandırması müşahidə edilmişdir. (Cild 1, iş vərəqə 80-81) xx.xx.2023-cü il tarixli “Cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında” qərardan görünür ki, cinayət əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsinə tövsif edilmişdir. (Cild 1, iş vərəqə 82) Doğum haqqında şəhadətnamələrin kserosurətlərindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2012-ci il və xx.xx.2014-cü il təvəllüdlü 2 azyaşlı uşağı vardır. (Cİld 1, iş vərəqə 99-100) xx.xx.2023-cü il tarixli notarial qaydada təsdiq olunmuş ərizənin surətindən görünür ki, X1 Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti, iddiası və tələbi yoxdur. (Cild 1, iş vərəqə 101) Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş X7 İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-13-16/2-17/035/23 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə (xx.xx.2032-ci il tarixədək etibarlı olan) BA 047760 nömrəli “B1,B” kateqoriyalı sürücülük vəsiqəsi verilmiş və onun sürücülük hüququnun məhdudlaşdırılması ilə bağlı hər hansı məlumat qeydə alınmamışdır. (Cild 1, iş vərəqə 102) xx.xx.2023-cü il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi qərara alınmış, iş üzrə yolnəqliyyat hadisəsinin görüntülərinin olduğu 01 ədəd disk maddi sübut kimi tanınmış, sürücü Şahid2 barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsi üçün həmin xüsusatlara dair materiallar aidiyyəti üzrə Sabunçu Rayon Polis İdarəsinin X7i Şöbəsinə göndərilmiş, Təqsirləndirilən şəxs, şahidlər və zərərçəkmiş şəxsin hüquqi varisinin ifadələri, hadisə yerinə baxış keçirilməsi haqqında protokol və həmin protokola əlavə edilmiş sxem və foto cədvəl, sərxoşluq hallarının bütün növlərinin təyini məqsədilə aparılan tibbi müayinə protokolu, diskə baxış keçirilməsi haqqında protokol, məhkəmə-tibbi, məhkəmə yolnəqliyyat hadisələri ekspertizasının rəyləri sübut növü kimi qiymətləndirilmişdir. (Cild 1, iş vərəqə 103-109) xx.xx.2023-cü il tarixli “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. (Cild 1, iş vərəqə 120-121) xx.xx.2023-cü il tarixli notarial qaydada təsdiq edilmiş ərizədən görünür ki, X2 Təqsirləndirilən şəxs ilə barışmışdır. Ona qarşı heç bir şikayəti, tələbi və iddiası yoxdur. Əməlin tövsifi və hüquqi məsələlər: Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsinə əsasən, həmin Məcəllənin 263.1-ci maddəsində göstərilən, yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması əməllərinin alkoqollu içkilərin qəbulu, narkotik vasitələrdən, psixotrop maddələrdən və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində sərxoş halda olan və ya nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən törədilməsi ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145.1-ci maddələrinin tələblərinə əsasən, sübutların toplanması ibtidai araşdırma və məhkəmə baxışı zamanı istintaq və digər prosessual hərəkətlərlə həyata keçirilir. Cinayət təqibi üzrə toplanmış həmin sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmçinin hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 3-cü maddəsinin tələbinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Həmin Məcəllənin təqsirə görə məsuliyyət prinsipini ehtiva edən 7-ci maddəsində isə qeyd edilir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 5 nömrəli, 15 noyabr 2013-cü il tarixli Qərarının 4-cü bəndində məhkəmələrə izah edilmişdir ki, Cinayət Məcəlləsinin 263 və 263-1-ci maddələrində nəzərdə tutulmuş cinayətlərin subyekti yalnız yol-nəqliyyat hadisəsinin törədildiyi anda 16 yaşına çatmış, anlaqlı vəziyyətdə olan və nəqliyyat vasitəsini idarə edən şəxs ola bilər. Nəqliyyat vasitəsini idarə etmək hüququna malik olan şəxs tərəfindən Cinayət Məcəlləsinin 263-cü maddəsində nəzərdə tutulmuş əməlləri törətməsi onun həmin maddə ilə, nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan və ya spirtli içkilərin qəbulu, narkotik vasitələrdən, psixotrop maddələrdən və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində sərxoş halda olan şəxsin eyni əməlləri törətməsi isə həmin Məcəllənin 263-1-ci maddəsi ilə cinayət məsuliyyətinə səbəb olur. Şəxsin nəqliyyat vasitəsini alkoqollu içkilərin qəbulu, narkotik vasitələrdən, psixotrop maddələrdən və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində sərxoş halda idarə edibetməməsi ekspert rəyi, şəxsin sərxoşluğunun müəyyən edilməsi haqqında müayinə aktı ilə müəyyən edilir. Sözügedən Plenum qərarının 21-ci bəndinə görə, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasında təqsirləndirilən şəxslərə cəza təyin edilərkən məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilibödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yol-nəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yolnəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. “Yol hərəkəti haqqında” 3 iyul 1998-ci il tarixli Azərbaycan Respublikası Qanunun 37ci maddəsinin 8-ci hissəsində göstərilmişdir ki, mexaniki nəqliyyat vasitəsinin sürücüsü hərəkət təhlükəsizliyi üçün qorxu törədən alkoqol, narkotik vasitələr, psixotrop maddələr və ya güclü təsir göstərən digər maddələrin istifadə edilməsi nəticəsində, diqqəti və çevikliyi azaldan dərman vasitələrinin təsiri altında, xəstə və əzgin, yorğun vəziyyətdə nəqliyyat vasitəsini idarə etməməli, habelə nəqliyyat vasitəsini idarə etmək ixtiyarını bu cür vəziyyətdə olan və ya eyni kateqoriyalı (altkateqoriyalı) nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxsə verməməlidir. Həmin qanunun 50-ci maddəsinin 1-ci hissəsində göstərilmişdir ki, Sürücü hərəkətin intensivliyini, nəqliyyat vasitəsinin, yükün xüsusiyyətlərini və vəziyyətini, yol və meteoroloji şərati, xüsusən hərəkət istiqamətində görmə şəraitini nəzərə almaqla, nəqliyyat vasitəsini müəyyən olunmuş sürət məhdudiyyətindən çox olmayan sürətlə sürməlidir. Sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməlidir. “Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaları”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə təsdiq edilmiş “Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi” qaydalarının 2.4-cü bəndinə əsasən, xüsusi texniki vasitə qanda alkoqolun konsentrasiyasının 0,3 promilli və daha artıq olmasını və yaxud narkotik vasitələrin, psixotrop və digər güclü təsir edən maddələrin qəbulunu göstərdiyi halda şəxsin sərxoşluq vəziyyətində olduğu hesab edilir. Beləliklə, məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını, habelə məhkəmə istintaqında tədqiq edilmiş sübutlar məcmusunun həcminin sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan verdiyini qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs ehtiyatsızlıqdan Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Başa çatmış, təsnifatına görə ağır cinayətdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə təqsirli bilinərək qanunla müəyyən edilmiş qaydada cəzalandırılmalı, barəsində həmin maddənin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Odur ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə təqsirli bilinərək cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzasını yüngülləşdirən halların olmasını, cəzasını ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. İşin hallarından görünür ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin hüquqi varisi X2 ilə barışmış və zərərçəkmiş şəxsin hüquqi varisi ibtidai istintaq və məhkəmə baxışı zamanı notarial qaydada təqsirləndirilən şəxslə barışmasına və hər hansı şikayətinin olmamasına dair iradə ifadəsini bildirməklə müvafiq ərizələri təqdim etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsini rəhbər tutaraq, həmin Məcəllənin 59.1.12-59.1.13-cü maddələrinə əsasən, təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsin yaxın qohumu olan hüquqi varisi ilə barışmasını, zərərçəkmiş şəxsin yaxın qohumu olan hüquqi varisinin təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmamasını, təqsirləndirilən şəxsin ilk dəfə cinayət törətməsini, himayəsində iki azyaşlı uşağının olmasını, səmimi peşmanlığını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır, Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran halların olmadığını qeyd edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 60-cı maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Göründüyü kimi, Təqsirləndirilən şəxs münasibətdə Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hal olmadığından, ona cəza həmin Məcəllənin 60-cı maddəsinin qaydaları əsasında təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsinin sanksiyasında 05 ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 05 ildən 08 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin xarakterini təhlil edərək belə nəticəyə gəlir ki, o, təqsirli bilindiyi cinayət əməlini qəsdən deyil, ehtiyatsızlıqdan törətmişdir. Yəni, onun təqsirli bilindiyi cinayət əməlini törətmək kimi məqsədi və niyyəti olmamışdır. Cinayət hüququ nəzəriyyəsinə görə ehtiyatsızlıqdan törədilən cinayətlər xarakterinə, mahiyyətinə və nəticələrinə görə qəsdən törədilən cinayətlərdən kəskin şəkildə fərqlənirlər. Qəsdən törədilən cinayətlər əvvəlcədən planlaşdırılır, hazırlıq tədbirləri həyata keçirilir, təqsirkar cinayət nəticəsində baş verə biləcək bütün nəticələri əvvəlcədən görür və arzu edir. Ehtiyatsızlıqdan törədilən cinayətlər isə təqsirkarın bu və ya digər şəkildə yol verdiyi səhlənkarlığı, diqqətsizliyi, səriştəsizliyi və sair səbəblərin ucbatından baş verir. Bu səbəbdən də məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə cəza təyini zamanı cinayət hüququ nəzəriyyəsində öz əksini tapmış cəzanın fərdiləşdirilməsi prinsipinə və Azərbaycan Respublikasının Cinayət Məcəlləsində nəzərdə tutulmuş ədalət prinsipinə ciddi şəkildə əməl olunmalıdır. Eyni zamanda, cəza təyini ilə bağlı məhkəmə onu da xüsusilə qeyd edir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsi avtomobillə vursa da, həmin hadisədən sonra özünü nümunəvi insan kimi aparmış, yəni hadisə yerindən qaçmamış, zərərçəkmiş şəxsin yaxın qohumu olan hüquqi varisi ilə barışmış, nəticədə zərərçəkmiş şəxsin yaxın qohumu olan hüquqi varisi təqsirləndirilən şəxsdən razı qaldıqlarını bildirərək ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Qeyd edilən hallar hazırkı iş üzrə əhəmiyyət kəsb edən halları təşkil edir və bu səbəbdən də cəza təyini zamanı onların nəzərə alınmaması ədalətsizliyə səbəb ola bilər. Qeyd edilənləri məcmu halda nəzərə alaraq, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş aşağı həddə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Yalnız bu cəza vasitəsi ilə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət Məcəlləsinin 41.2-ci maddəsində cəzanın məqsədi açıqlanaraq göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Göstərilən maddənin məzmunundan göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur. Bunlar: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınmasıdır. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. Sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş, bununla sosial balans pozulmuş və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri məntəqə tipli cəzaçəkmə müəssisələri müəyyən edilir. Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın əvvəli onun müvafiq səlahiyyətli məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı gündən hesablanmalıdır. Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.2.1 və 158.2.2-ci maddələrinə əsasən tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə daxildir. Cinayət-Prosessual Məcəlləsinin 158.6-ci maddəsinə əsasən, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə azadlığı faktiki olaraq məhdudlaşdırılmaqla Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuş, xx.xx.2023-cü il tarixdə azad edilərək barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək 03 (üç) gün müddətə şübhəli şəxs qismində tutularaq saxlanılmışdır. Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Ona görə də, məhkəmə hesab edir ki, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək tutulduğu 03 (üç) gün müddət bir günə bir gün hesabı ilə cəmi 03 (üç) gün azadlıqdan məhrumetmə cəzasına bərabər tutulmalı və təyin edilmiş cəzadan çıxılaraq üzərində qəti cəza saxlanılmalıdır. Bundan başqa, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsinin sanksiyasında əsas cəza ilə yanaşı əlavə cəza kimi müəyyən müddətə nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum etmə məcburi hal kimi nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs müəyyən müddətə nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum etmə cəzası əlavə cəza kimi təyin edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 45.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növü bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmuş hallarda, cinayətin xarakteri, təqsirkar şəxsin şəxsiyyəti və cinayətin digər halları nəzərə alınmaqla, bir ildən beş ilədək müddətə təyin edilə bilər. Həmin Məcəllənin 45.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növünün intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. Məhkəmə nəzərə alır ki, hazırkı cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli əmlakı müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü və 198.1-ci maddələrinə əsasən məhkəmə hesab edir ki, ibtidai istintaq zamanı keçirilmiş məhkəmə ekspertizaları ilə əlaqədar 85 (səksən beş) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə nəzərə alır ki, hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli əmlakı müəyyən edilməmişdir. İş üzrə maddi sübut olan yol-nəqliyyat hadisəsinin videogörüntüsünü özündə əks etdirən 01 ədəd CD formatlı disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia verilməmişdir. Göstərilənlərə əsasən və Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 03 (üç) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək tutulduğu 03 (üç) gün müddət bir günə bir gün hesabı ilə cəmi 03 (üç) gün azadlıqdan məhrumetmə cəzasına bərabər tutulsun və təyin edilmiş cəzadan çıxılaraq 04 (dörd) il 11 (on bir) ay 27 (iyirmi) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli onun cəza çəkəcəyi müəssisədə qeydiyyata alındığı vaxtdan hesablansın. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs əlavə cəza kimi təyin edilmiş 03 (üç) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzası ona təyin edilmiş əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə hökmdə müəyyən edilmiş 03 (üç) il müddətə şamil edilsin. İş üzrə maddi sübut olan yol-nəqliyyat hadisəsinin videogörüntüsünü özündə əks etdirən 01 ədəd CD formatlı disk cinayət işinin materiallarında saxlanılsın. İbtidai istintaq zamanı aparılmış məhkəmə ekspertizası ilə əlaqədar 85 (səksən beş) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. Hökmdən onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim Fərid Namazov Hakimlər Əhməd Quliyev Telman Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar