Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1290/2022 21.10.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hacıyev Siyavuş Həbib oğlu (sədrlik edən), Salmanov Rahib Vaqif oğlu və Əkbərov Məhəmməd Hüseyn oğlundan ibarət tərkibdə məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, müdafiəçilər - Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 və fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi2 iştirakı ilə, xx xxxxxx 1990-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkum olunmuş və məhkumluğu ödənilməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensİar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs ittiham elan olunmuşdur ona görə ki, o, 20 fevral 2022-ci il tarixdə şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikası vətəndaşı kimi tanıdığı şəxsdən sonuncunun mobil telefon vasitəsilə nömrəsini göndərdiyi elektron kart hesabına pul köçürməklə satış məqsədi ilə külli miqdarda - ümumi çəkisi 8,235 qram narkotik vasitə heroini və ümumi çəkisi 0,598 qram psixotrop maddə metamfetamini qanunsuz olaraq şəxsiyyəti istintaqa məlum olmayan şəxs tərəfindən qabaqcadan qoyulması təşkil edilmiş, Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospektində yerləşən “Brand” Ticarət Mərkəzinin yaxınlığından götürüb əldə edərək daşıyıb üzərində saxlamış, 1 mart 2022-ci il tarixdə saat 00:30 radələrində Azərbaycan Respublikası Daxili İslər Nazirliyinin Əlahiddə X3 5-ci Polis Bölüyünün Bakı şəhəri, Nizami rayonu ərazisində xidmət aparan əməkdaşları tərəfindən ünvan 2 ünvanda yerləşən “OBA” marketin qarşısında şübhəli şəxs qismində saxlanılaraq Bakı şəhəri, Nizami RPİ-nin 24-cü Polis şöbəsinə gətirilmiş, orada üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynində olan göy rəngli gödəkçəsinin sol iç cibində olan 2 ədəd “LD” markalı siqaret qutusunun içərisindən üç ədəd bükümdə avrı-ayrılıqda təmiz çəkisi 0,280 qram, 0,251 qram, 7,704 qram, ümumi təmiz çəkisi 8,235 qram külli miqdarda qəhvəyi rəngli maddə küstar üsulla hazırlanmış narkotik vasitə heroin, iki ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,172 qram, 0,426 qram ümumi təmiz çəkisi 0,598 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və üzərində psixotrop maddə metamfetaminin izləri olan 3 ədəd kağız borucuq aşkar edilərək götürülmüşdür. Məhkəmə zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, narkotik aludəçisidir və narkotik vasitələri sosial şəbəkələrdə yazışdığı tanımadığı İran İslam Respublikasının vətəndaşlarından alıb istifadə etmişdir. 2022-ci ilin fevral ayının 20-də tanımadığı İran İslam Respublikasının vətəndaşı ilə sosial şəbəkə vasitəsi ilə yazışıb 150 manat pul göndərmiş və həmin şəxs Neftçilər metrosunun yaxınlığında yerləşən “Brand” marketin arxasına gedib narkotik və psixotrop vasitələri götürməsini bildirmişdir. Deyilən yerə gedib 5 bükümdə narkotik vasitələri götürüb boş “LD” siqaret qutusunun içərisinə yerləşdirib gödəkçəsinin iç cibinə qoymuşdur. Evdə ailə üzvlərinin ona nəzarət etməsi və heç yerə buraxmaması səbəbindən narkotik vasitələri istifadə edə bilməmişdir. 1 mart 2022-ci il tarixdə saat təxminən 00:20-də ailə üzvlərinin yatmağından istifadə edib bədənində olan ağrılar səbəbindən həmin narkotik vasitələrdən istifadə etmək məqsədilə evdən çıxmış və təxminən 10 dəqiqə sonra yaşadığı küçədə yerləşən “OBA” marketin yaxınlığında polis əməkdaşları tərəfindən saxlanılaraq Nizami RPİ-nin 24-cü Polis şöbəsinə aparılmışdır. Polis Şöbəsində xidməti otaqların birində vəkilin iştirakı ilə hüquqları izah edilmiş və videoçəkliş aparılmaqla üzərində axtarış və götürmə aparılmışdır. Axtarış və götürmə aparılmazdan əvvəl üzərində qanunsuz əşya və ya predimet olduğu təqdirdə könüllü təqdim etməsi təklif olunmuşdur. Bundan sonra, gödəkçəsinin sol iç cibindən içərisində narkotik vasitələr olan 2 ədəd “LD” markalı siqaret qutusunu könüllü təqdim etmişdir. Həmin maddələr zərfə qoyularaq möhürlənmiş və bu barədə tərtib olunmuş protokol onun və iştirakçılar tərəfindən imzalanmışdır. Heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmamış və törətdiyi cinayət əməlindən səmimi peşmandır. Azərbaycan Respublikasının CPM-in 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir; hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir; cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir; məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri iş üzrə sübut növləri kimi qəbul edir. Məhkəmə zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, DİNin Əlahiddə X3 5-ci Polis Bölüyünün polis nəfəri vəzifəsində, polis serjantı rütbəsində xidmət edir, 1 mart 2022-ci il tarixdə saat 00:30 radələrində iş yoldaşları Şahid2 və Şahid3la ünvan 3 ünvanda yerləşən «OBA» marketin qarşısında özünü şübhəli aparan və onları gördükdən sonra qaçmağa cəhd edən və saxlanılaraq şəxsiyyəti müəyyən edilən Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə etdiyini və üzərində özünün istifadəsi üçün narkotik vasitələr olduğunu bildirmişdir. Bundan sonra ərazi aidiyyəti üzrə Təqsirləndirilən şəxs Nizami RPİ-nin 24-cü Polis şöbəsinə aparılmış və xidməti otaqların birində üzərinə videoçəkiliş aparılmaqla şəxsi axtariş keçirilərkən, üzərində qanunsuz əşya və ya maddə olduğu təqdirdə təqdim etməsi təklif olunmuş, bundan sonra Təqsirləndirilən şəxs əynində olan goy rəngli gödəkçənin sol iç cibindən 2 ədəd “LD” siqaret qutularını təqdim etmiş və siqaret qutusunun içərisindən 5 büküm çıxarıb narkotik vasitələr olduğunu və təxminən 10 gün əvvəl “Online” vasitəsi ilə tanımadığı İran İslam Respublikasının vətəndaşından aldığını bildirmişdir. Digər siqaret qutusunda siqaret dənələrindən başqa boş siqaret dənələrini göstərib onlarla narkotik vasitələr qəbul eldiyini bildirmişdir. Həmin maddələr zərfə qoyularaq möhürlənmiş və bu barədə tərtib olunmuş protokol iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 və Şahid3 işin faktiki hallarına və Şahid1 ifadəsinə uyğun ifadə vermişdir. İşdə olan 1 mart 2022-ci il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs əynində olan göy rəngli gödəkçənin sol iç cibindən 2 ədəd “LD” siqaret qutularını 1 ədəd hesab kartını təqdim edir. Siqaret qutusunun içərisindən 5 bükümü çıxarıb onların narkotik vasitələr olduğunu, digər siqaret qutusunda siqaret dənələrindən başqa 5 ədəd boş siqaret dənələrini göstərib onlarla narkotik vasitələr qəbul etdiyini və həmin narkotik vasitələri təxminən 10 gün əvvəl “Online” vasitəsi ilə tanımadığı İran İslam Respublikasının vətəndaşından aldığını bildirmişdir (1-ci cild iş vərəqi 26-27). İşdə olan 01 mart 2022-ci il tarixli “videogörüntüyə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs əynində olan göy rəngli gödəkçənin sol iç cibindən 2 ədəd “LD” siqaret qutularını 1 ədəd hesab kartını təqdim edir. Siqaret qutusunun içərisindən 5 bükümü çıxarıb onların narkotik vasitələr olduğunu, digər siqaret qutusunda siqaret dənələrindən başqa 5 ədəd boş siqaret dənələrini göstərib onlarla narkotik vasitələr qəbul etdiyini və həmin narkotik vasitələri təxminən 10 gün əvvəl “Online” vasitəsi ilə tanımadığı İran İslam Respublikasının vətəndaşından aldığını bildirmişdir (1-ci cild iş vərəqi 42). İşdə olan məhkəmə-kimyəvi ekspertiza üzrə 1 mart 2022-ci il tarixli 6/1234 saylı ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs aşkar olunmuş üç ədəd bükümdə avrıayrılıqda təmiz çəkisi 0,280 qram, 0,251 qram, 7,704 qram, ümumi təmiz çəkisi 8,235 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Digər iki ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,172 qram, 0,426 qram ümumi təmiz çəkisi 0,598 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir (1-ci cild iş vərəqi 5-6). İşdə olan məhkəmə-narkoloji ekspertiza üzrə 15 mart 2022-ci il tarixli 1326 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin va Psixiostimlyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məlahət görülür (1-ci cild iş vərəqi 106-107). İşdə olan 7 iyun 2022-ci il tarixli toplanmış sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış va götürmə aparılmasını üzündə əks etdirən 1 ədəd «CD» disk, 0,235 qram narkotik vasitə heroin, 0,598 qram psixotrop maddə metamfetamin və üzərində psixotrop maddə metamfeiaminin izləri olan 3 ədəd kağız borucuq maddi sübut kimi tanınmış, 1 ədəd «CD» disk cinayət işinin materiallarına əlavə edilmiş, tədqiqatdan sonrakı qalıq çəkisi 8,115 qram narkotik vasitə heroin və 0,518 qram psixotrop maddə metamfetamin və üzərində psixotrop maddə metamfetaminin izləri olan 3 ədəd kağız borucuq maddi sübutların saxlanc kamerasına təhvil verilmişdir (1-ci cild iş vərəqi 108-111). İşdə olan Azərbaycan Respublikası DİN-in BƏSİİ tərəfindən verilmiş 15 mart 2022-ci il tarixli tələbnamədən və Bakı şəhəri Nizami rayon Məhkəməsinin 26 oktyabr 2021-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1ci maddəsi ilə təqsirli bilinərək CM-in 69.3-cü maddəsinə əsasən 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir (1-ci cild iş vərəqi 81-82, 93-98). İşdə olan 1 mart 2022-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 01 mart 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (1-ci cild iş vərəqi 6, 16). İşdə olan Nizami rayon məhkəməsinin 2 mart 2022-ci il tarixli qərarı görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir (1-ci cild iş vərəqi 50-51, 71-74). Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələblərinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş üç ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,280 qram, 0,251 qram, 7,704 qram, ümumi təmiz çəkisi 8,235 qram küstar üsulla hazırlanmış narkotik vasitə heroini və iki ədəd bükümdə ayrılıqda təmiz çəkisi 0,172 qram, 0,426 qram ümumi təmiz çəkisi 0,598 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini məhz satış məqsədi ilə əldə edib, saxlamasına və daşımasına dair istintaq orqanının gəldiyi nəticə ilə razılaşmır, iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs elan edilmiş Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsi təsdiq edilmədiyindən onun əməli həmin Məcəllənin 234.1-ci maddəsi ilə tövsif edilməlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsiri iş üzrə dindirilmiş şahidlərin ifadələri, ekspert rəyləri və iş üzrə toplanmış digər sənədlərlə tam təsdiq olunmuşdur. Belə ki, Təqsirləndirilən şəxs 8,235 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroini və 0,598 qram psixotrop maddə metamfetamini məhs satış məqsədilə əldə etməsini təsdiq edən mötəbər sübutlar istintaq orqanı tərəfindən toplanmamış və məhkəmə baxışı zamanı müəyyən edilməmişdir. Bu səbəbdən Təqsirləndirilən şəxs əməli satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi, saxlaması və daşıması cinayətini nəzərdə tutan Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsinə tövsif edilməlidir. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs verdiyi ifadəsini cinayət işinin digər materialları ilə birlikdə tədqiq edərək belə nəticəyə gəlir ki, onun 3 ədəd bükümdə 0,280 qram, 0,251 qram, 7,704 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroini və iki ədəd bükümdə 0,172 qram və 0,426 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini mənfəət əldə etmək məqsədi olmadan (əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi olmadan) əldə etməsi həmin narkotik vasitənin satılması kimi ehtiva edilməsinə əsas vermir. Belə ki, Belə ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışı ilə məşğul omlası barədə polis əməkdaşlarında məlumat olmamış, bu barədə təqsirləndirilən şəxsin barəsində əməliyyat məlumatı olması barədə raportla müraciət olunmamış, Təqsirləndirilən şəxs təsadüfən DİN-in ƏÇPA-nın 5-ci PB-nin əməkdaşları əməkdaşları tərəfindən saxlanılaraq üzərinə baxış keçirilmiş, Təqsirləndirilən şəxs üzərinə baxış keçirilərkən, həmçinin ibtidai istintaq zamanı verdiyi izahat və ifadələrində üzərindən aşkar edilmiş narkotik vasitəni satış məqsədi ilə əldə etməsi barədə bildirməmiş, narkotik vasitə istifadəçisi olması, üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə heroini və psixotrop maddə metamfetamini öz istifadəsi üçün əldə etdiyini, heç vaxt narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmadığını, narkomaniya xəstəliyindən əziyyət çəkməsini göstərmiş, üzərindən aşkar edilmiş narkotik vasitənin və psixotrop maddənin hazırlanması, bölünməsi, çəkisinin müəyən edilməsi və satışa hazırlanması üçün istifadə edilən hər hansı bir əşya, predmet (o cümlədən miqdarın ölçülüb bölünməsi üçün tərəzi) aşkar edilməmiş, cinayət işi üzrə keçirilmiş 15 mart 2022 il tarixli 1326 saylı ekspert rəyində Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorlarıq qəbulu əticəsində asılılıq sindromunun (narkomaniya xəstəliyi) aşkar olunduğu və narkomaniyadan məcburi müalicəyə ehtiyacı olduğu göstərilmiş, həmin tibbi yoxlamanın anamnezində Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması barədə etirafı göstərilməmiş, Tural Həsənli göstərmişir ki, 1 il 6 aydır ki, narkotik vasitə heroin və psixotrop maddə metamfetamini yandırıb tüstüsünü nəfəsinə çəkməklə istifadə edir, , arabir düşəndə narkotik vasitə qurudulmuş marixuanandan siqaretə doldurub çəkməklə istifadə edir, həmçinin güclü təsiredici dərman preparatı olan tramadol həblərindən daxilə qəbul etmə yolu ilə istifadə edib, narkotik vasitələrə və psixotrop maddələrə qarşı abstinensiya əlamətləri və patoloji meyl formalaşıb, narkotik vasitələrin qəbulundan psixi və fiziki asılılığı vardır; Təqsirləndirilən şəxs tərəfindən istifadəsində olan mobil telefon vasitəsi ilə narkotik vasitələrin alışı, satışı və istifadəsini təsdiq edən hər hansı bir danışıqların və SMS yazışmalarının aparılması müəyyən edilməmiş, məhkəmə zamanı dindirilən şahidlər tərəfindən Təqsirləndirilən şəxs üzərindən akşar edilmiş narkotik vasitənin və psixotrop maddənin satılması ilə bağlı heç bir ifadə verilməmiş, əksinə polis əməkdaşları Turan Təqsirləndirilən şəxs psixotrop maddələrin və narkotik vasitələrin satışı ilə məşğul olması barədə məlumatlarının olmaması, onun ətrafında aparılmış əməliyyat tədbirləri nəticəsində, o cümlədən Turan Təqsirləndirilən şəxs istifadə etdiyi SMS məlumatlarının yoxlanılması və digər əməliyyat və istintaq tədbirləri nəticəsində Turan Təqsirləndirilən şəxs narkotik və psixotrop vasitələrin satışı ilə məşgul olması təsdiqini tapmamış, bu barədə heç bir məlumat müəyyən olunmamışdır; aşkar edilmiş narkotik vasitə heroin cəmi 3 bükümdə olmaqla 8,235 qram, psixotrop maddə metamfetamin 2 bükümdə olmaqla 0,598 qram olmuş, istintaq orqanı tərəfindən və məhkəmə zamanı Təqsirləndirilən şəxs narkotik vasitələr və psixotrop maddələr almış şəxs yəni istehlakçı müəyyən edilməməmiş, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, hansı miqdarda psixotrop maddə və narkotik vasitə satması, hansı qiymətə satması müəyyən edilməmiş, onunla əlbir olaraq narkotik vasitələri satış məqsədi ilə ədə etmiş və satmış şəxslər də müəyyən edilməmiş, məhkəmə zamanı Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olmasını təsdiq edən hər hansı bir məlumat, sübut müəyyən edilməmişdir. Qeyd edilən hallar təqsirləndirilən şəxs Turan Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddəni satış məqsədi ilə əldə etdiyini təsdiq etmir. belə olan halda, məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxsndən aşkar olunub götürülmüş heroini və psixotrop maddəni satış məqsədilə əldə etməsi, saxlaması və daşıması sübuta yetirilmir, ona istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə verilmiş ittiham isə yalnız ehtimallara əsaslanmışdır. Bu səbəbdən təqsirləndirilən şəxs Turan Təqsirləndirilən şəxs əməli satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni və psixotrop maddəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi, saxlaması və daşıması cinayətini nəzərdə tutan Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinə tövsif edilməlidir. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş, yəni satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama və daşıma cinayət əməlini törətmişdir: belə ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istfiadəsi üçün şəxsi istehlak miqdarından artıq olan 3 ədəd bükümdə 0,280 qram, 0,251 qram, 7,704 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroini və iki ədəd bükümdə 0,172 qram və 0,426 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edərək saxlayaraq daşımış, 1 mart 2022-ci il tarixdə saat 00:30 radələrində Azərbaycan Respublikası Daxili İslər Nazirliyinin Əlahiddə X3 5-ci Polis Bölüyünün Bakı şəhəri, Nizami rayonu ərazisində xidmət aparan əməkdaşları tərəfindən ünvan 2 ünvanda yerləşən «OBA» marketin qarşısında şübhəli şəxs qismində saxlanılaraq Bakı şəhəri, Nizami RPİ-nin 24-cü Polis şöbəsinə gətirilmiş, orada üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynində olan göy rəngli gödəkçənin cibində olan 2 ədəd «LD» markalı siqaret qutusunun içərisindən üç ədəd bükümdə avrı-ayrılıqda təmiz çəkisi 0,280 qram, 0,251 qram, 7,704 qram, ümumi təmiz çəkisi 8,235 qram külli miqdarda qəhvəyi rəngli maddə küstar üsulla hazırlanmış narkotik vasitə heroin, iki ədəd bükümdə ayrılıqda təmiz çəkisi 0,172 qram, 0,426 qram ümumi təmiz çəkisi 0,598 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və üzərində psixotrop maddə metamfelaminin izləri olan 3 ədəd kağız borucuq aşkar edilərək götürülmüşdür. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması – miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəktələrdir. Qanunun bu tələbinə görə, satış dedikdə yalnız qeyd olunan 3 əsas amil əvəzli, qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılması nəzərdə tutulmuşdur. Bu isə o deməkdir ki, şəxsin narkotik vasitələri satış məqsədilə əldə edib gəzdirməsi haqda nəticəyə gəlmək üçün sadalanan 3 məqsəddən heç olmasa birinin mövcud olması (əvəzli, qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılması) sübut edilməlidir. Qərarda qeyd olunan 3 amildən heç biri hazırki cinayət işi ilə bağlı araşdırılan fakt üzrə müəyyən edilməsə də, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs narkotik vasitəni və psixotrop maddəni satış məqsədilə qanunsuz olaraq əldə edib üzərində saxlamasına dair ittiham elan edilmiş, həmin ittihamda narkotik vasitənin və psixotrop maddənin əvəzli verilməsinin, qazanc eldə etməyin, yaxud digər şəxsi marağın nədən ibarət olması qeyd edilməmiş və təsdiqini tapmamışdir. Bundan əlavə «Narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 nömrəli Qərarının 9-cu bəndində qeyd edilir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci tarixli № 961-İİQ №-li Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarına (1-ci və 2-ci siyahı, narkotik vasitələr və psixotrop maddələr)» əsasən, heroin narkotik vasitəsinin külli miqdarının aşağı həddi 2 qram müəyyən edilmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə heroinin ümumi təmiz çəkisi külli miqdar təşkil edən 8,235 qram və psixotrop maddənin ümumi təmiz çəkisi şəxsi istehlak miqdarından artıq miqdar təşkil edən 0,598 qram olmuş, qeyd edilən tövsiyyələrə və cinayət-prosessual qanunvericiliyinin tələblərinə əsaslanaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxsndən aşkar edilib götürülmüş külli miqdar hesab edilməsi üçün ən aşağı həddən çox heroinin və psixotrop maddənin yalnız miqdarı, onun narkotik vasitəni və psixotrop maddəni satış məqsədilə əldə edib gəzdirməsi barədə nəticəyə gəlmək üçün kifayət etmir və əsas vermir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymətin verilməsidir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin Qararda həmçinin nəzərə çatdırılmışdır ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-in əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. Bununla da məhkəmə toplanmış və tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinəyətin tərkibi vardır. Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsinin sanksiyasında üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Cinayətlərin təsnifatına görə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi az ağır cinayətlər kateqoriyasına daxildir. Belə ki, Azərbaycan Respublikası CM-in 15.3-cü maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər hesab olunur.http://eqanun.az/alpidata/code/data/0/c_c_11.htm Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olub-olmamasını, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alır. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59 və 61-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən etməmişdir. Azərbaycan Respublikası CM-in 60.1-ci maddəsinə əsasən həmin Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrində nəzərdə tutulmuş cəzasını yüngülləşdirən halların olmaması səbəbindən Cinayət Məcəlləsinin 60-cı maddəsinin tələblərinin tətbiq edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-in 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Belə ki, həmin Məcəllənin 8.1-ci maddəsinin tələbinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət - hüquqi xarakterli tədbirlər ədalətli, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı qərarının 45-ci bəndinin tövsiyyəsinə görə, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Məhkəmə kollegiyası işin hallarına əsasən, Azərbaycan Respublikası CM-in tələblərinə riayət etməklə, ədalət prinsipini və sosial ədalətin bərpasını, cəzanın məhkumun islah edilməsinə və təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaqla preventiv rol oynamasını və təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə kollegiyası xüsusilə vurğulayır ki, qanuni əsaslandırılmış və ədalətli cəzanın təyin edilməsi cinayətkarlıqla mübarizə aparılması və hüquq qaydalarının möhkəmləndirilməsi üçün vacib vasitə olmaqla, lazımi cəzalandırma tədbirini təmin edir. Məhkumun islah edilməsi - cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumun yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyillərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası CM-in 8 və 9-cü maddələrinə görə, cinayət törətmiş şəxsə tətbiq edilən cəza ədalət və humanizm prinsiplərinə əsaslanaraq, hər bir halda zərər çəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Təsadüfi deyil ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Məhkəmə kollegiyası istinad edilən qanunvericilik nomalarını rəhbər tutaraq qeyd edir ki, Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın növü və həddi müəyyən edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Qeyd etmək lazımdır ki, ədalətli cəzanın təyin edilməsi ilk növbədə cəzanın məqsədlərinə, yəni ədalətin bərpasına və məhkumun islah olunmasına nail olmaq sahəsində mühüm vasitədir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun” 04 mart 2011-ci il tarixli 2 №-li qərarında göstərilmişdir ki, bəşəriyyəti düşündürən, cəmiyyətin ciddi bəlasına çevrilən, insan cəmiyyətinin mənəvi və əxlaqi dəyərlərinə böyük zərbə vuran narkotiklərin qanunsuz dövriyyəsi və narkomanlıq ən ağrılı problemlərdən biridir; Azərbaycan Respublikası narkotiklərin qanunsuz dövriyəsinə qarşı mübarizəni tənzimləyən beynəlxalq hüquq normalarını tam, hərtərəfli və sistemli şəkildə əks etdirən Birləşmiş Millətlər Təşkilatının Konvensiyalarına, o cümlədən 1972-ci il protokolu ilə edilmiş düzəlişlərlə “Narkotik vasitələrə dair 1961-ci il Vahid Konvensiyasına”, “Psixotrop maddələr haqqında” 1971-ci il Konvensiyasına və “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” 1988-ci il Konvensiyasına qoşulmaqla bu cinayətlərə qarşı mübarizədə öz üzərinə mühüm vəzifələr götürmüşdür. Beləliklə, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən, şəxsiyyətini, törətdiyi az ağır cinayətlər kateqoriyasına aid edilən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, onun cəza çəkmədən islah olunmasını mümkün saymır və törətdiyi cinayəti nəzərdə tutan Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsinin sanksiyasında müəyyən edilmiş həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini cəza siyasətinin məqsədlərinə uyğun hesab edir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsində birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanmalıdır. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinin tələblərinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi plenumunun 30 mart 2006-cı il tarixli 5 saylı qərarının 15-ci bəndində göstərilir ki, «İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə, şəxsin həbsdə saxlanılma müddəti müəyyən edilərkən, onun şübhəli şəxs (təqsirləndirilən şəxs) kimi tutulduğu andan barəsində hökm çıxarılanadək həbsdə saxlanıldığı müddət nəzərə alınır». Məhkəmə Avropa Məhkəməsinin hüquqi mövqeyini və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsini əsas tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs həbs müddətinin başlanğıcı 01 mart 2022-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələri müəyyən edilir. Beləliklə, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən, şəxsiyyətini, törətdiyi az ağır cinayətlər kateqoriyasına aid edilən cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, işin digər hallarını nəzərə alaraq, törətdiyi cinayəti nəzərdə tutan Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsinin sanksiyasında müəyyən edilmiş həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini, Bakı şəhəri Nizami rayon Məhkəməsinin 26 oktyabr 2021-ci il tarixli hökmü ilə təyin edilmiş 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsini, həmin Məcəllənin 68.1.1-1-ci maddəsinin tələbinə əsasən hazırki hökm üzrə təyin olunan cəza ilə hökmlərin məcmusu üzrə qismən birləşdirilməklə Azərbaycan Respublikası CM-in 67.1-ci maddəsinin tələbinə əsasən qəti cəza təyin edilməsini və Cinayət Məcəllənin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməsinin müəyyən olunmasını cəzanın məqsədlərinə uyğun hesab edir. Belə ki, Azərbaycan Respublikası CM-in 67.1-ci maddəsinə əsasən, hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Həmin Məcəllənin 68.1.1-1-ci maddəsinə əsasən, cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulur. Məhkəmə kolegiyası Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 62 və 70-ci maddələrini tətbiqinə heç bir əsas görmür. Azərbaycan Respublikası CM-in 93.1.1-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs oğluna narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikasının CPM-in 132.0.1-ci maddəsinin tələbinə əsasən, iş üzrə maddi sübutlar - Bakı şəhəri Nizami rayon polis idarəsində saxlanılan 8,115 qram narkotik vasitə heroin və 0,518 qram psixotrop maddə metamfetamin və üzərində psixotrop maddə metamfetaminin izləri olan 3 ədəd kağız borucuq hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 1 ədəd «CD» disk cinayət işində saxlanılmalıdır. İş üzrə ekspertiza tədqiqatının dəyəri 65 (altmış beş) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Azərbaycan Respublikası CM-in 99-1.1-ci maddəsinin tələbinə əsasən, cinayət işi üzrə müsadirə olunmalı əmlak müəyyən edilməmişdir. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkminləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli sərəncamının, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarının, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa konvensiyası müddəalarının və “İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli qərarının izahları baxımından da əsaslı hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 65-ci maddəsinə əsasən məhkəmənin məhkum etdiyi hər bir şəxsin öz barəsində çıxarılmış hökmə qanunla nəzərdə tutulan qaydada yuxarı məhkəmədə yenidən baxılması, habelə özünün əfv edilməsi və cəzasının yüngülləşdirilməsi haqqında müraciət etmək hüququ vardır. Məhkəmə gəldiyi nəticələri “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa konvensiyası müddəalarının və “İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli qərarının izahları baxımından da əsaslı hesab edir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 345-349, 351-353, 356, 358, 383-384-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-in 67.1 və 68.1.1-1-ci maddələrinə əsasən Bakı şəhəri Nizami rayon Məhkəməsinin 26 oktyabr 2021-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 1 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsinin iki günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulmaqla 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası hazırki hökm üzrə təyin edilmiş cəza ilə birləşdirilməklə Təqsirləndirilən şəxs qəti olaraq 2 (iki) il 9 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 1 mart 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan müalicə məqsədilə tibbi xarakterli məcburi tədbirlər təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Hökm qüvvəyə mindikdən sonra iş üzrə maddi sübutlar - maddi sübutların saxlanc kamerasına təhvil verilmiş tədqiqatdan sonrakı qalıq çəkisi 8,115 qram olan narkotik vasitə heroin, 0,518 qram olan psixotrop maddə metamfetamin və üzərində psixotrop maddə metamfetaminin izləri olan 3 ədəd kağız borucuq məhv edilsin, 1 ədəd “CD” diski cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfləri - məhkəmə kimyəvi ekspertizalar üzrə tədqiqatının dəyəri cəmi 65 (altmış beş) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. İş üzrə mülki iddianın olmaması nəzərə alınsın. Hökmdən Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə elan olunduğu, həbsdə saxlanılan Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Siyavuş Hacıyev hakimlər: Rahib Salmanov Məhəmməd Əkbərov
Məhkəmə qərarları › İş №1(101)-1290/2022
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1290/2022
21.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver