Məhkəmə qərarları › İş №1(101)-1292/2023

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1292/2023

05.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1292/2023 05.12.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hüseynov Səbuhi Sabir oğlu (sədrlik edən), X4 və İsmayılov Eldar Herov oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X5, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının 19 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxx 1997-ci ildə Lerik rayonu, Orand kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olmuş, Lerik rayonu, Lerik şəhəri, H.Aslanov küçəsi ev 112-də qeydiyyatda olmaqla faktiki olaraq Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsi, yeni sahədə yerləşən nömrəsiz fərdi evdə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i: İbtidai istintaq orqanı tərəfindən irəli sürülmüş ittihama əsasən Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq əldə etdiyi külli miqdarda narkotik vasitə olan heroini Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ondan gizli keçirərək üzərində saxlamaqla daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs sosial şəbəkə vasitəsilə tanış olduğu şəxsiyyəti istintaqla müəyyən edilməyən “Əhməd” adlı İran İslam Respublikasının vətəndaşı ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək ölkə ərazisində qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin satışını həyata keçirib qazanc əldə etmə barədə razılığa gəldikdən sonra sonuncunun satış məqsədilə İran İslam Respublikasından Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ondan gizli, qaçaqmalçılıq yolu ilə göndərdiyi və bu yolla qanunsuz əldə edəcəyi külli miqdarda narkotik vasitəni qazanc əldə etmək məqsədi ilə Azərbaycan Respublikası ərazisində satışını həyata keçirmək barədə ümumi razılığa gəlmiş, xx.xx.2023-cü il tarixdə bir qrup şəxs halında “Əhməd” adlı şəxsin İran İslam Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ondan gizli keçirib Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsində olan keçidin yaxınlığına qoyduğu ümumi təmiz çəkisi 5,030 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış heroini əldə edib üzərində saxlayaraq daşımış, 1.02.2023- cü il tarixdə saat 10:45-də Bakı şəhəri Xəzər RPİ-nin CAŞ-nin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində o, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs kimi Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsi, N.Məmmədov küçəsində fəaliyyət göstərən “Oba” adlı mağazanın yaxınlığında saxlanılaraq Xəzər RPİ-yə gətirilmiş və orada həmin tarixdə saat 12:30-da üzərində keçirilmiş şəxsi axtarış zamanı əynində olan qara rəngli gödəkcəsinin sağ cibindən 1 ədəd şəffaf rəngli sellofana bükülmüş 5,030 qram çəkidə qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 1 fevral 2023-cü il tarixdə səhər saatlarında ona zəng edərək demişlər ki, polis əməkdaşları oğurluq hadisəsi ilə bağlı onun işlədiyi “Oba” mağazasının videomüşahidə kameralarına baxmaq istəmişlər. O, istirahət günü olduğundan gəlməyəcəyini bildirsə də, sonra fikrini dəyişib işlədiyi mağazaya getməyi qərara almışdır. O, evinin yaxınlığında taksiyə əyləşib işlədiyi mağazaya gəlmişdir. Mağazaya gəldikdə işçilər polis əməkdaşlarının getdiyini, lakin geri qayıdacaqlarını bildirmişlər. O, mağazanın yanında yerləşən inşaat materialları dükanında polis əməkdaşlarını gözləyəcəyini bildirmişdir. O, inşaat materialları dükanında olarkən ağ “Renault” markalı avtomobil yaxınlaşmış və 4 nəfər mülki geyimli şəxs avtomobildən düşərək ondan anket məlumatlarımı soruşmuşlar. O, özünü təqdim etdikdən sonra həmin şəxslər onlarla Xəzər RPİ-nə getməli olduğunu bildirmişlər. O da onlarla Xəzər RPİ-nin inzibati binasında olarkən onu dövlətə xəyanət etməklə ittiham etməyə başlamışlar. Deyilənlərin həqiqət olmadığını bildirsə də, polis əməkdaşları ona ya Azərbaycan Respublikası Cinayət Məcəlləsinin dövlətə xəyanət etmə maddəsi ilə ittiham olunacağını, ya da külli miqdarda narkotik vasitə ilə ittiham olunacağını bildirmişlər. O, heç bir ittiham qəbul etməmişdir. Lakin ona psixoloji təsir göstərdiklərindən o, külli miqdarda narkotik vasitə ilə ittiham olunmağı qəbul etmişdir. Onu saat 10:00 radələrində Xəzər RPİnin inzibati binasına gətirsələr də, onun üzərinə saat 13:00 radələrində baxış keçirilmişdir. Onu Xəzər RPİ-dən Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gətirmişlər. Xəzər RPİ-nin inzibati ərazisində olarkən polis əməkdaşlarının yalnız birinin simasını xatırlamış, çünki həmin şəxsi bir neçə dəfə qəsəbədə olan məsciddə görmüşdür. Narkotik vasitələr onun dininə, əqidəsinə uyğun deyildir. İşlədiyi mağazada spirtli içkilərin satışını məhdudlaşdırmağa çalışmışdır. Şəxsi axtarışdan öncə narkotik vasitə polis əməkdaşları tərəfindən cibinə qoyulmuşdur. Əhməd adlı şəxsi tanımamışdır. Heç bir iran vətəndaşı ilə onun əlaqəsi olmamış, heç vaxt narkotik vasitələrdən istifadə etməmişdir. Onun üzərində heç bir zaman narkotik vasitə olmamışdır. Günün çox hissəsini işlədiyi mağazada işlədiyi üçün onun başqa əraziyə getməyə vaxtı olmamışdır. Şağan qəsəbəsində yerləşən keçidlə işlədiyi “Oba” mağazası arasında təxminən 300 metr məsafə vardır. “Oba” mağazasında mağaza müdiri vəzifəsində çalışmış və aylıq 900 manat məvacib almışdır. İşlə əlaqədar “Bakcell” mobil operatorundan, şəxsi işləri ilə əlaqədar ***-***-**-**-saylı mobil nömrədən istifadə etmişdir. Polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim etmədən onlarla getməyini bildirmişlər. İbtidai istintaq zamanı ona psixoloji təsir edərək üzünə 1 şillə vurmuşlar. İstintaq Təcridxanasına daxil olarkən bədənində xəsarət aşkar olunmamışdır. Məhkəmədə ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, narkotik maddə istifadəçisi deyil, sadəcə olaraq internet vasitəsi ilə İran İslam Respublikası vətəndaşı olan Əhməd adlı şəxslə tanış olmuşdur. “Oba” marketdə satıcı işlədiyi üçün qazancı az olur. Əhməd ona bildirmişdir ki, X6 narkotik vasitə olan heroini gizlin yolla Azərbaycana keçirəcək və bundan sonra həmin narkotik vasitəni Bakı şəhərində onun dediyi yerdən götürərək satacaq, bunun əvəzində isə həm Əhməd, həm də o qazanc əldə edəcək. Belə ki, 31 yanvar 2023-cü il tarixdə Əhmədlə internet vasitəsi ilə danışarkən Şağan keçidinin yanına narkotik vasitə qoyduğunu bildirmişdir. Əhmədin dediyi yerə gedərək 1 büküm narkotik vasitə heroini götürmüş və cibinə qoymuşdur. Həmin narkotik vasitəni satdıqdan sonra Əhmədə 100 manat pul verməli imiş. Lakin 1.02.2023-cü il tarixdə saat 11 radələrində Şağan qəsəbəsində yerləşən, işlədiyi “Oba” marketə gedərkən orada polis əməkdaşları tərəfindən saxlanılaraq polis idarəsinə gətirilmişdir. Polis idarəsində şəxsiyyəti müəyyən olunduqdan sonra müdafiəçi dəvət olunmuş və şübhəli şəxs qismində tutulduqdan sonra polis əməkdaşları videoçəkiliş aparılmaqla üzərinə baxış keçirilməsinin zəruri olmasını bildirmişlər. O da buna etiraz etməmişdir. Hüquq və vəzifələri izah olunmuş, sonra isə polis əməkdaşları xidməti otaqların birində müdafiəçinin iştirakı ilə videoçəkilişlə üzərinə baxış keçirmişdir. Baxış zamanı ona üzərində hər hansı bir qanunsuz maddə və ya əşya olub-olmaması barədə sual verilmişdir. O da əynində olan qara rəngli gödəkcənin sağ cibindəki bükülünü təqdim edərək həmin bükülünün içərisində narkotik maddə olduğunu bildirmişdir. Həmin maddənin ona məxsus olmasını, həmin maddəni X9 vətəndaşı olan Əhməd adlı şəxsdən aldığını bildirmişdir. Ondan aşkar edilmiş narkotik maddə polis əməkdaşları tərəfindən götürülərək iştirakçıların iştirakı ilə zərfə qoyularaq qablaşdırılmış, zərf 244 saylı möhürlə möhürlənmiş, bu barədə protokol tərtib edilmiş, tərtib edilmiş protokol və qablaşdırılmış zərf onun və iştirakçılar tərəfindən imzalanaraq tərkibinin ekspertiza vasitəsilə müəyyən ediləcəyi bildirilmişdir. Polis idarəsində olan zaman ona qarşı zor tətbiq edilməmişdir. Narkotik vasitə istifadə etmir, Əhmədlə birlikdə pul qazanmaq üçün narkotik vasitələrin satışını həyata keçirmək istəmişdir(cild 1, iş vərəqə 65-66). Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olmuşdur. 1 fevral 2023-cü il tarixdə raportla rəhbərliyə məruzə etdikdən və razılıq aldıqdan sonra ondan və Xəzər RPİ-nin əməliyyat müvəkkili Şahid2 ibarət əməliyyat qrupu yaradılmışdır. Həmin gün, yəni 1 fevral 2023-cü il tarixdə saat 10 radələrində Xəzər rayonu, Şağan qəsəbəsi, N.Məmmədov küçəsində yerləşən “Oba” adlı mağazanın yaxınlığına gələrək onun gəlməsini gözləmişlər. Təxminən 40 dəqiqə gözlədikdən sonra Təqsirləndirilən şəxs gəldiyini görüb ona yaxınlaşaraq özlərini təqdim edib narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirərək onu polis idarəsinə dəvət etmişlər. O da etiraz etməyərək onlarla birlikdə polis idarəsinə gəlmişdir. Xəzər RPİ-nin xidməti otaqlarının birində TŞ-nin baş təhqiqatçısı tərəfindən müdafiəçinin iştirakı ilə videoçəkilişlə şəxsi axtarış aparılmışdır. Əvvəlcədən Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunmuşdur. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş əşya və ya predmet varsa təqdim etməsi təklif olunmuşdur. Bu zaman Təqsirləndirilən şəxs əynindəki qara rəngli gödəkcəsinin sağ cibindən 1 ədəd şəffaf rəngli bükümü təqdim etmiş, içərisində narkotik vasitə olan heroin olduğunu deyərək İran İslam Respublikasının vətəndaşı Əhməd adlı şəxsdən 100 manat müqabilində aldığını bildirmişdir. Təqsirləndirilən şəxs həmin narkotik vasitəni şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Şağan qəsəbəsində, “Oba” adlı mağazanın yaxınlığında olan “1001” xırdavat mağazasına daxil olarkən onlar onu polis idarəsinə dəvət etmişlər. Əməliyyat qrupuna o və Kamran Qiyaslı daxil edilmiş, lakin zərurət yarandıqda digər şəxslərin əməliyat-axtarış tədbirinə cəlb edilməsi istisna olmamış, qrupa daxil olmayan şəxslərin protokolda qeyd edilməsinə onun üçün zərurət olmamışdır. Əməliyyat məlumatı ona daxil olmuşdur. Digər şəxsin əməliyat-axtarış tədbirinə cəlb edilməsi təqsirləndirilən şəxsin üzərindən aşkar edilən narkotik vasitənin ona məxsus olmasına şübhə yaratmamışdır. İkram saxlanılan gün həmin ərazidə oğurluq hadisəsi baş verdiyindən ərazinin sahə müvəkkili ərazidə olan “Oba” mağazasının müşahidə kameralarına baxmaq üçün həmin mağazaya daxil olmuş, lakin həmin hadisənin araşdırılan cinayət işi ilə heç bir bağlılığı olmamışdır. Digər şəxsin Təqsirləndirilən şəxs saxlanılması ilə əlaqədar əməliyat-axtarış tədbirinə əlavə şəxslərin cəlb edilib-edilməməsini analoji işlərin çoxluğu ilə əlaqədar xatırlamamışdır. İbtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmişdir. Təqsirləndirilən şəxsə qarşı heç bir fiziki və psixoloji təsir göstərilməmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilən Şahid2 Şahid1 ifadəsinə uyğun oxşar məzmunlu ifadə vermişdir. Cinayət işinin materiallarında olan “şəxsi axtarış, baxış və götürmə aparılması haqqında” 1 fevral 2023-cü il tarixli protokoldan görünür ki, 1 fevral 2023-cü il tarixdə saat 12:30-da Xəzər RPİ-nin CAŞ-nin rəisi, polis mayoru Şahid1 və CAŞ-nin əməliyyat müvəkkili polis baş leytenantı Şahid2, Bakı şəhəri, 8 saylı vəkil bürosunun vəkili X2 iştirakları, Xəzər RPİ-nin Təhqiqat Şöbəsinin baş təhqiqatçısı polis kapitanı X7 tərəfindən Təqsirləndirilən şəxs Xəzər polis idarəsinin xidməti otaqların birində şəxsi axtarış və götürmə keçirilməsi müşahidə olunur. Ona hüquq və vəzifələri izah edildikdən sonra, üzərində qanunla dövriyyəsi qadağan olunan əşya, predmet, narkotik vasitə olubolmaması, əgər varsa könüllü təqdim olunması ona təhqiqatçı tərəfindən təklif edilir. Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçəsinin sağ cibindən 1 ədəd şəffaf rəngli bükümü çıxarıb, içərisində narkotik vasitə olan heroin olduğunu, sosial şəbəkə vasitəsilə tanıdığı İran İslam Respublikasının vətəndaşı olan “Əhməd” adlı şəxsin qoyduğu Şağan qəsəbəsində olan keçidin yanından satmaq üçün götürdüyünü bildirir. Şəxsi axtarış zamanı aşkar edilmiş həmin büküm götürülərək, ekspertiza təyin edilməsi üçün qablaşdırılaraq möhürlənir (cild 1, iş vərəqə 33-35). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 2 fevral 2023-cü il tarixli, 6/625 nömrəli ekspert rəyi ilə müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində AR DİN “zərflər üçün N 56” dairəvi möhür əksi , “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş” sözləri və s. yazılar imzalar olan 1 ədəd zərfdəki 1 ədəd bükümdə təmiz çəkisi 5,030 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanun ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir(Siyahı İ) daxildir (Qeyd: heroinin ümumi təmiz çəkisi 5,030 qram, tədqiqata sərf edildi 0,1 qram, qalıq 4,930 qram, cild 1, iş vərəqə 40-43). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X13 Şəxsi Ambulator X1 14 aprel 2023-cü il tarixli 2171 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir, Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur (cild 1, iş vərəqə 108-109). İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə ittiham verilmişdir ki, o, qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq əldə etdiyi külli miqdarda narkotik vasitə olan heroini Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ondan gizli keçirərək üzərində saxlamaqla daşımışdır. Məhkəmə ilk öncə, iş materialları ilə Təqsirləndirilən şəxs əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsinin tərkib əlamətlərinin mövcudluğunun öz təsdiqini tapmadığı qənaətindədir. Belə ki, CM-nin 34.2-ci maddəsinə əsasən qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birgə iştirakı ilə törədilən cinayət qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş cinayət hesab olunur. Birgəlik cinayətdə iştirakçılığın obyektiv əlaməti kimi çıxış edir və iştirakçıların hər birinin onlar üçün ümumi (vahid) olan cinayətin törədilməsinə yönəlmiş hərəkətlərinin qarşılıqlı surətdə bir-birini tamamlamasını və şərtləndirməsini ehtiva edir. Cinayətin digər iştirakçılarının hərəkətləri obyektiv olaraq icraçı tərəfindən cinayətin törədilməsini, qoyulmuş cinayətkar məqsədə nail olunmasını asanlaşdırır və bu səbəbdən onun cinayət törətməsi üçün zəruri şərt (zəruri şəraiti yaradan hal) kimi çıxış edir. İştirakçılığın subyektiv əlamətləri isə odur ki, birincisi iştirakçılıq yalnız qəsdən törədilən cinayətlərdə mümkündür, ikincisi də cinayətin törədilməsində iştirak edən bütün şəxslər qəsdən hərəkət etməlidirlər. İştirakçılıqda təqsirin qəsd forması onu ehtiva edir ki, həm icraçı, həm də cinayətin digər iştirakçıları konkret cinayətin törədilməsi üçün birgə hərəkət etmələrini bilirlər, cinayəti səylərini birləşdirməklə törətdiklərini dərk edirlər, yəni bilə-bilə birgə hərəkət edirlər. CM-nin 32, 33 və 34-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 6 may 2022-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanununun tələbləri baxımından icraçıların əməllərinin həm Cinayət Məcəlləsinin 32-ci maddəsinə, həm də Məcəllənin Xüsusi hissəsinə əsasən “qabaqcadan əlbir olan bir qrup şəxs" əlaməti üzrə tövsif edilməsi istisna edilir. İştirakçılar qabaqcadan razılaşmaqla cinayətin obyektiv cəhətinin törədilməsində birgə icraçı kimi iştirak etdikləri təqdirdə, onların əməlləri qabaqcadan əlbir olan bir qrup şəxs əlamətini yaratdığından, Məcəllənin 32-ci maddəsinə istinad edilməsinə də ehtiyac yaranmır. Bu baxımdan Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, təşkilatçının, təhrikçinin və ya köməkçinin iştirakı ilə yalnız bir icraçı tərəfindən törədilən cinayət qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş cinayət sayıla bilməz. Adıçəkilən iştirakçıların cinayət əməlinin obyektiv cəhətini təşkil edən hərəkətlərin icrasında bilavasitə iştirak etmədiyi və ya onların əməllərində cinayətin obyektiv cəhətinin tərkib əlamətlərinin mövcud olmadığı halda, əməl qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş cinayət kimi qiymətləndirilməməlidir. Beləliklə, Cinayət Məcəlləsinin 34.2-ci maddəsi onu nəzərdə tutur ki, cinayətin “qabaqcadan əlbir olan bir qrup şəxs" tərəfindən törədilməsi üçün iki və daha çox şəxsin qabaqcadan razılaşmaqla cinayətin törədilməsində birgə icraçı kimi iştirak etməsi müəyyən edilməlidir. Cinayətin yalnız qabaqcadan cinayət əlaqəsinə girmiş iki və daha çox icraçı tərəfindən törədildiyi, təşkilatçı, təhrikçi, köməkçinin isə icraçıların törətdikləri cinayətdə iştirak etdiyi halda, onların əməlləri Məcəllənin 32.3, 32.4 və 32.5-ci maddələrinə istinad edilməklə, həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə cinayətin təşkilatçısının, təhrikçisinin və ya köməkçisinin əməli kimi tövsif edilməlidir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs başqa şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girməsi ilə bağlı ümumiyyətlə hər hansı bir sübut olmamış, bununla bağlı cinayət təqibi orqanı hər hansı sübut toplamamışdır. Həmçinin, məhkəmə istintaqı zamanı dindirilmiş şahidlərdən də (polis əməkdaşları) heç biri Təqsirləndirilən şəxs narkotik vasitənin satış məqsədi ilə əldə edilməsi, saxlanılması və daşınmasında təqsirli bilinməsi üçün əsas ola biləcək hər hansı tutarlı və sübuta dayanan məlumat verməmişlər. Onlar müstəsna olaraq Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan narkotik vasitənin aşkar edilib götürülməsi faktını təsdiq etmişlər. Göründüyü kimi ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş ağır cinayətin törədilməsi ilə bağlı ittihamın irəli sürülməsinə baxmayaraq ibtidai istintaq dövründə narkotik vasitələrin satışı ilə məşğul olması, narkotik vasitələrin satışı ilə bağlı kiminləsə danışıq aparması və bu barədə sövdələşməsi, “müştərilərdən” narkotik vasitələrlə bağlı sifarişlər alması və həmin sifarişləri icra etməsi, “müştəri” çevrəsinə malik olması ilə əlaqədar hər hansı bir sübut əldə edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, hər hansı şəxsin qanunsuz olaraq satış məqsədi ilə narkotik vasitə və psixotrop maddələri əldə etməsi, qeyd edilən vasitə və maddələrin satışı ilə məşğul olması mütləq qaydada mötəbər sübutlarla (məsələn, tərəzi, “müştəri” ilə telefon danışıqları, sms yazışmaları, “müştərilərin” narkotik vasitələrlə bağlı sifarişləri, “şərti alıcı” ilə bağlı hərəkətlər və sair) təsdiq olunmalıdır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs ondan aşkar edilərək götürülmüş narkotik vasitə olan heroini nə vaxtsa satmaq üçün alıcı axtaracağı, onunla sonradan sövdələşərək həmin narkotik vasitəni ona satacağı barədə hər hansı sübut olmamış və bunlar ehtimal xarakteri daşımışdır. Bundan başqa, satılacaq narkotik vasitənin müqabilində Təqsirləndirilən şəxs kimdənsə və hər hansı məbləğdə pul vəsaiti alması, yaxud hansısa gəlir əldə etməsi də toplanmış və araşdırılmış sübutlarla müəyyən edilmir, halbuki bu halların da sübuta yetirilib-yetirilməməsi təqsirləndirilən şəxsin əməlinin düzgün tövsif edilməsi üçün mühüm əhəmiyyət kəsb etmişdir. Təqsirsizlik prezumpsiyası təsbit edilmiş Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin İ-İİİ hissələrinə əsasən, hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsizliyini sübuta yetirməyə borclu deyildir. Cinayət mühakimə icratının eyni prinsipini nəzərdə tutan CPM-nin 21.1-21.3-cü maddələrində göstərilmişdir ki, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə qanuni qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Azərbaycan Respublikası Cinayət Prossesual Məcəlləsinin 144-cü maddəsinə görə, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir- biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Sübutların qiymətləndirilməsi tələbi təsbit edilmiş Azərbaycan Respublikası Cinayət Prossesual Məcəlləsinin 145-ci maddəsində müəyyən edilir ki, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Azərbaycan Respublikası Cinayət Prossesual Məcəlləsinin 146.1-ci maddəsinin tələblərindən görünür ki, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Məhkəmə həmçinin qeyd edir ki, şəxsin üzərindən 1 ədəd sellofanda külli miqdarda narkotik vasitə olan heroinin aşkarlanması faktı yuxarıda sadalanan digər mühüm halların aşkarlanmadığı halda, yalnız öz-özlüyündə həmin şəxsin narkotik vasitələrin satışı ilə məşğul olmasını, eləcə də onun həmin vasitələri satış məqsədi ilə əldə etməsini təsdiq etmir və edə də bilməz. Halbuki, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 4 mart 2011-ci il tarixli 2 saylı Qərarının 9-cu bəndində verilmiş izaha əsasən Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satışı məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs 1 ədəd şəffaf selofana bükülmüş külli miqdarda təmiz çəkisi 5,030 qram olan külli miqdarda narkotik vasitə heroini əldə etməsi, üzərində saxlaması və gəzdirməsi öz təsdiqini tapsa da, bu onun həmin narkotik vasitə məhz satış məqsədi ilə əldə etməsinə dəlalət etmir. Bu səbəbdən məhkəmə Təqsirləndirilən şəxs qeyd edilən çəkidə narkotik vasitə heroini öz şəxsi istifadəsi üçün əldə etməsini daha ağlabatan və inandırıcı hesab etməklə yanaşı, onun üzərindən aşkar edilmiş narkotik vasitəni satmaq məqsədi ilə deyil, öz şəxsi istifadəsi üçün qanunsuz olaraq əldə etmə, saxlama və daşıma kimi qiymətləndirir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli olması ibtidai istintaqı zamanı etirafedici ifadəsi ilə yanaşı, məhkəmə istintaqında cinayət işinin bütün materialları ilə birlikdə, hərtərəfli, tam və obyektiv tədqiq edilərək şahidlərin ifadələri, eləcə də işin bir-birini təsdiq edən digər halları ilə kifayət qədər sübuta yetirilmişdir. Məhkəmə çıxışları mərhələsində dövlət ittihamçısı öz çıxışında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə irəli sürülmüş ittihamdan bəraətverici əsasla (cinayət hadisəsi olmaması) imtina etmişdir. Dövlət ittihamçısı müraciətini onunla əsaslandırmışdır ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə ittiham irəli sürülsə də, qeyd edilən ittihamla bağlı cinayət hadisəsinin baş verməsi sübuta yetirilməmişdir. Bunlar eynilə xüsusi ittiham qaydasında şikayətlər üzrə materiallara baxılarkən xüsusi ittihamçının ittihamdan imtina etməsinə də aiddir. Xüsusi ittihamçının qanunda göstərilən əsasa istinad etmədən ittihamdan imtina etməsi cinayət təqibinə cinayət hadisəsinin olmaması kimi bəraətverici əsasla xitam verilməsi haqqında qərarın çıxarılması üçün əsas kimi nəzərdən keçirilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.1-ci maddəsinə əsasən cinayət hadisəsi olmadıqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Cinayət-Prosessual Məcəllənin 39.3-cü maddəsinə əsasən bu Məcəllənin 39.1.1, 39.1.2 və 39.2-ci maddələrində nəzərdə tutulmuş hallarda cinayət təqibi bəraətverici əsaslarla xitam verilmiş hesab olunur. Həmin Məcəllənin cinayət təqibinə xitam verilməsi qaydasından bəhs edən 41-ci maddəsinin 3-cü bəndində qeyd olunur ki, dövlət ittihamçısı məhkəmədə cinayət təqibini istisna edən halları aşkar edərsə, təqsirləndirilən şəxs barəsində cinayət təqibindən imtina edilməsini bildirməlidir. Həmin Məcəllənin 41.5-ci maddəsinə görə məhkəmə baxışı başlanandan sonra məhkəmə cinayət təqibini istisna edən bəraətverici əsasları aşkar edərsə, məhkəmə baxışını başa çatdırır və dövlət ittihamçısı, xüsusi ittihamçı cinayət təqibindən imtina etmədiyi hallarda bəraət hökmü çıxarır. Məhkəmə baxışı gedişində dövlət ittihamçısı və xüsusi ittihamçı cinayət təqibindən imtina etdikdə təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır (CPM-nin 43.1, 43.1.1-ci maddələri). Cinayət-Prosessual Məcəllənin 314.2-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı dövlət ittihamçısı qanunun tələblərini və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanan öz daxili inamını rəhbər tutur. Məhkəməyədək icraat zamanı təqsirləndirilən şəxsə elan edilmiş ittiham məhkəmə baxışı zamanı təsdiq edilmədikdə, o, həmin ittihamdan imtina etməyə haqlıdır. Məhkəmə baxışı zamanı dövlət ittihamçısının və xüsusi ittihamçının ittihamın müdafiəsindən imtina etdikləri halda (yekun məhkəmə qərarının çıxarılması üçün məhkəmənin müşavirə otağına getməsindən əvvəl) məhkəmə bu Məcəllənin 43.1-ci maddəsinin müddəalarına əsasən cinayət təqibinə xitam verilməlidir. Məhkəmə qeyd edilənləri məcmu halda nəzərə alaraq hesab edir ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə elan edilmiş ittihamdan məhkəmə baxışı zamanı imtina edən dövlət ittihamçısının mövqeyini Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 41.3-cü və 314.2-cü maddələrinin tələblərinə uyğun hesab edir və bu səbəbdən də belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə dövlət ittihamçısının Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə əlaqədar ittihamdan imtina etməsi (hissəvi imtina) nəzərə alınmalıdır. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Cinayət işinin materiallarında olan “sübutların qiymətləndirilməsi haqqında” 18 aprel 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar olunmuş və tədqiqatdan sonra qalıq çəkisi 4,930 qram olan narkotik vasitə heroin maddi sübut kimi tanınaraq Bakı şəhəri Xəzər rayon Polis İdarəsinin maddi sübutların saxlanılması kamerasına təhvil verilmiş, 1 ədəd CD disk isə maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir (cild 1, iş vərəqə 121-126). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 1, iş vərəqə 145). Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu və 61-ci maddələrində nəzərdə tutulan cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Cinayət işinin materiallarında olan “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 1 fevral 2023-cü il tarixdə tutulmuşdur (cild 1, iş vərəqə 22). Cinayət işinin materiallarında olan Bakı şəhəri Xəzər rayon məhkəməsinin 2 fevral 2023-cü il tarixli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 1 fevral 2023-cü il tarixdən hesablanmışdır (cild 1, iş vərəqə 74-78). Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.4-cü maddəsinin tələbinə əsasən “ağır” cinayətlər təsnifatına aiddir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslərin cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi nəzərdə tutulmuşdur. Bu normaların tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə hesablanmaqla cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu 1 fevral 2023-cü il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməməlidir. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri - 81 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən dövlət nəfinə xüsusi müsadirə olunmalı əmlak müəyyən edilmədiyindən təqsirləndirilən şəxsə xüsusi müsadirə tətbiq edilməməlidir. İş üzrə maddi sübutlar: -Bakı şəhəri Xəzər rayon Polis İdarəsinin maddi sübutların saxlanılması kamerasında saxlanılan Təqsirləndirilən şəxs aşkar olunmuş və tədqiqatdan sonra qalıq çəkisi 4,930 qram olan narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli; -1 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193, 197, 198, 344-349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə dövlət ittihamçısının ittihamdan imtina etməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu 1 fevral 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri - 81 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübutlar: -Bakı şəhəri Xəzər rayon Polis İdarəsinin maddi sübutların saxlanılması kamerasında saxlanılan Təqsirləndirilən şəxs aşkar olunmuş və tədqiqatdan sonra qalıq çəkisi 4,930 qram olan narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin; -1 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Hökm elan olunduğu andan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar