Məhkəmə qərarları › İş №1(101)-1294/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1294/2024

06.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1294/2024 06.03.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Məcidov Azad Əli Ağa oğlunun sədrliyi ilə, hakimlər Məmmədzadə Səbinə Adil qızı və Məmmədov Əli İrfan oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X8, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəməsində Dövlət İttihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 27 saylı Vəkil Bürosunun vəkili X5, Zərərçəkmiş şəxs iştirakları ilə xx xxxx 1977-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər Bakı Ağır Cinayətlər Məhkəməsinin 20 avqust 2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4, 128, 152, 221.3-cü maddələri ilə təqsirli bilinərək 07 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Prezidentinin 17 mart 2016-cı il tarixli 1903 nömrəli əfv sərəncamına əsasən cəzadan azad edilmiş, məhkumluğu ödənilmiş, ünvan 1 ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin qanunsuz hərəkətlərinin təsiri altında insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Belə ki, o, 29 avqust 2023-cü il tarixdə saat 23:20 radələrində Bakı şəhəri, Nizami rayonu Keşlə qəsəbəsi, P.Fərzəliyev 27B ünvanının yaxınlığında Zərərçəkmiş şəxs qanunsuz hərəkətlərinin təsiri altında sonuncunun ona həmin ünvanın qarşısında sürətlə avtomobil idarə etməsinə kobudcasına irad bildirməsi səbəbindən mübahisə edərək üzərində olan soyuq silah hesab edilməyən məişət təyinatlı mətbəx bıçağı ilə qəsdən Zərərçəkmiş şəxs qarın nahiyyəsindən bir dəfə vuraraq sonuncuya ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid mədənin deşilmiş-kəsilmiş, köndələn bağırsaq müsariqəsinin kəsilmiş yaraları ilə müşayiət olunan qarnın ön sol yan divarının qarın boşluğuna nüfuz edən 01 ədəd deşilmiş-kəsilmiş yarasından ibarət xəsarət yetirərək qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, özünü Azərbaycan Respublikası CM-nin 126.2.4-cü maddəsi ilə yox, Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə təqsirli bilir. 29 avqust 2023-cü il tarixdə, saat 00:00-01:00 arası o, “Opel” markalı, **-XU-*** dövlət qeydiyyat nişanlı avtomaşını Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi P.Fərzəliyev 27B ünvanının yaxınlığında saxlayaraq evinə gedirmiş. Qonşuluqda kira evdə yaşayan Zərərçəkmiş şəxs ona yaxınlaşaraq kobud formada maşınla burda keçənin o olub-olmadığımı soruşmuşdur. Cabar adlı şəxs qonşuluqda yaşasa da, o Cabarı yaxından tanımırmış. O, həmin şəxsin sualını təsdiqləyəndən sonra Zərərçəkmiş şəxs ona demişdir ki, bu cür sürətlə maşın sürmək olmaz. O, maşınını Cabarın evinin 100 metr qabağında saxlamışdır. Həmçinin küçə dar olduğundan həmin küçədə sürətlə maşın sürmək də qeyri-mümkün olmuşdur. O, Cabara bildirmişdir ki, o, sürətlə maşın sürməmişdir, həmçinin Cabar DYP işçisi deyildir ki, ona irad tutsun. O, Zərərçəkmiş şəxs dəfələrlə bildirmişdir ki, öz işi ilə məşğul olsun. O, görmüşdür ki, Zərərçəkmiş şəxs sərxoş vəziyyətdədir. O, özü də sərxoş vəziyyətdə imiş. O, Zərərçəkmiş şəxsla mübahisə etmiş, onlar bir-birlərinə yumruq atmışlar. Zərərçəkmiş şəxs ona nalayiq ifadələr işlədib, onu yerə yıxmışdır. O, əsəbləşib özünü müdafiə məqsədi ilə əynində olan şalvarının cibindən bıçağı çıxarıb Zərərçəkmiş şəxs bədəninin sol tərəfindən bir dəfə vurmuşdur. Sonra o, Polis Bölməsinə gedib könüllü təslim olmuşdur. O, zərərçəkmiş şəxslə barışmışdır və əməlindən peşmandır. Proses iştirkaçılarının suallarını cavablandıraraq Təqsirləndirilən şəxs bildirmişdir ki, o, zərçəkmiş şəxsi tanımadığından əvvəllər aralarında heç bir münaqişə olmamışdır. Heç kim hadisənin şahidi olmamışdır. Birinci Zərərçəkmiş şəxs ona yumruq atmış, Zərərçəkmiş şəxs ona qarşı işlətdiyi nalayiq sözləri eşidəndən sonra qonşular küçəyə çıxmışlar. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, ünvan 4 ünvanında kirayə evdə yaşayır. O, əvvəllər Təqsirləndirilən şəxs tanımamışdır. xx.xx.2023-cü il tarixdə, axşam saatlarında o, evin balkonunda oturarkən kiminsə çox sürətlə maşın idarə etdiyini eşitmişdir. O, aşağı düşmüş və maşını bərk sürən şəxsin qonşuluqda yaşayan Namiq adlı şəxs olduğunu görmüşdür. O, Namiqdən hansı səbəbdən maşını bərk sürətlə idarə etdiyini soruşanda Namiq bildirmişdir ki, tələsir və buna görə maşını sürətlə sürmüşdür. Sonra Namiqlə aralarında mübahisə yaranmışdır. Namiq onun yaxasından tutanda o, Namiqi, Namiq də onu itələmişdir. Lakin onlar əlbəyaxa olmamışlar və bir-birlərinə yumruq vurmamışlar. Onlar mübahisə edərkən küçədə heç kim olmamışdır. O yerə yıxılarkən bilmişdir ki, bıçaqlanmışdır. Təqsirləndirilən şəxs qardaşı onun müalicə xəclərini ödəyərək kömək etmişdir. O, Təqsirləndirilən şəxslə barışmış, onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Proses iştirakçılarının suallarını cavablandıraraq Zərərçəkmiş şəxs bildirmişdir ki, Namiq mütəmadi olaraq sürətlə maşını sürməmiş, ilk dəfə imiş ki, bu hal baş verirmiş. Namiqlə aralarında olan mübahisə 15-20 dəqiqə çəkmişdir. O içkili olmamışdır. Namiq maşını 60 km sürətlə sürmüşdür. Namiq maşını bərk sürməyinin səbəbinin tələsik olduğunu demişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs onun qonşularıdır. O, 29 avqust 2023-cü il tarixdə axşam saatlarında evdə olarkən qonşusu Cabarın həyat yoldaşı Nərminə xanım qapını döyüb həyat yoldaşı Zərərçəkmiş şəxs həyətdə kimləsə dalaşdığını demişdir və onları ayırmağını xahiş etmişdir. O, qapıdan çıxıb Cabargilə yaxınlaşmaq istəyəndə görmüşdür ki, Nərminə xanım özü həyat yoldaşını Namiqdən ayırıb evə gətirmişdir. O, Namiqə yaxınlaşıb onun yerə düşən siqaretini Namiqə verərək özünü ələ almasını, boş verməyini bildirmişdir. O, Namiqin əlində bıçaq görməmiş və yaxud Cabarla Namiqin birbirlərinə hansısa nalayiq ifadələr işlətdiklərini eşitməmişdir. Yəni o, hadisənin birbaşa şahidi olmamışdır. O, Namiqdən kənarlaşıb evə girəndən sonra Cabarın bıçaqlandığını öyrənmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, təqsirləndirilən şəxsi tanıyırmış. O, Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Pəhlivan Fərzəliyev küçəsində yaşayır və Təqsirləndirilən şəxs onun qonşusudur. 29 avqust 2023cü il tarixdə o, evdə yatarkən küçədə səs küy olduğunu eşitmişdir. O yuxudan durub çölə çıxmış və Namiqi görmüşdür. Həmin vaxt artıq hadisə baş verib bitmişdir. O, Namiqə irad bildirib Namiqi yola salmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o təqsirləndirilən şəxsi tanıyırmış. O, Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Pəhlivan Fərzəliyev küçəsində yaşayır və Təqsirləndirilən şəxs onun qonşusudur. 29 avqust 2023cü il tarixdə, yaşadığı ünvanda olarkən çöldən onu səslədiklərini eşidib çölə çıxmışdır. O, həyətə çıxan zaman qonşusu Zərərçəkmiş şəxs yerdə uzanaraq xəsarət aldığını görmüşdür. O, idarə etdiyi “Toyota Prius" markalı nəqliyyat vasitəsi ilə Cabarı xəstəxanaya aparmışdır. O, hadisə zamanı Təqsirləndirilən şəxs görməmiş, o, ümumiyyətlə hadisəni görməmişdir. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəylərini və digər sənədləri də sübut növü kimi qəbul edir. Belə ki, cinayət işinin 4-cü vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Nizami RPİ-nin 23-cü PB-nin məsul növbətçisi, polis kapitanı Dəyanət Piriyevin 30 avqust 2023-cü il tarixli raportundan görünür ki, xx.xx.2023-cü il tarixdə saat 00:25-də X6 tibb bacısı Rzayeva xx.xx.1996-cı il təvəllüdlü Zərərçəkmiş şəxs qarnının kəsilmiş və deşilmiş yarası ilə bağlı müraciət etməsi barədə məlumat vermişdir. Cinayət işinin 13-17-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 30 avqust 2023-cü il tarixli baxış keçirilməsi barədə protokoldan və protokola əlavə edilmiş fotocədvəldən görünür ki, hadisə yeri ünvan 5 ünvanıdır. Təqsirləndirilən şəxs iştirakı ilə hadisə yerinə baxış keçirilmişdir. Baxış zamanı fotoçəkiliş aparılmışdır. Cinayət işinin 38-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 30 avqust 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs təqdim etdiyi və hadisə zamanı istifadə etdiyi 01 ədəd bıçaq götürülmüşdür. Cinayət işinin 67-70-ci vərəqələrindədə olan və məhkəmədə tədqiq edilərək araşdırılmış şəxsin tanınması haqqında 31 avqust 2023-cü il tarixli protokoldan və protokola əlavə edilmiş fotocədvəlddən görünür ki, tanınmada iştirak edən şəxs X2 ona təqdim edilən şəxslərdən 2 nömrəsi ilə fərqləndirilmiş şəxsin onun həyat yoldaşı Cabarı vuran şəxs olduğunu bildirmişdir. Cinayət işinin 71-72-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış ifadənin yerində yoxlanması haqqında 31 avqust 2023-cü il tarixli protokoldan və protokola əlavə edilmiş fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs istintaq zamanı verdiyi ifadəni bir daha təsdiq edərək, xx.xx.2023-cü il tarixdə saat 00:10 radələrində Bakı şəhəri, Nizmai rayonu, Keşlə qəsəbəsi, P.Fərzəliyev 27B ünvanının yaxınlığında Zərərçəkmiş şəxs ilə aralarında baş vermiş münaqişə zamanı əynində olan şalvarının sol yan cibindən çıxardığı bıçaqla X3 qarın nahiyəsindən bir dəfə vurduğunu bildirmişdir. Cinayət işinin 132-134-cü vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X4” X9 08 sentyabr 2023-cü il tarixli, 853 nömrəli canlı şəxsin ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs hər iki əlin sıyrıqları olmuşdur. Qeyd olunan xəsarətlər bərk küt əşyanın təsirindən törədilmiş, qərarın təsviri hissəsində götərilən müddətdə, yəni xx.xx.2023-cü il tarixdə alınmaları mümkündür və ümumilikdə sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Xəsarətlərin lokalizasiyasına və xüsusiyyətlərinə əsasən demək olur ki, həmin xəsarətlərin şəxsin özü tərəfindən özünə yetirilməsi, eləcə də yıxılma nəticəsində alınmaları inkar olunur. Cinayət işinin 135-138-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X4” X9 11 noyabr 2023-cü il tarixli 1009 nömrəli canlı şəxsin ekspertizasının rəyindən görünür ki, vətəndaş Zərərçəkmiş şəxs bədən səthində aşkar olunmuş xəsarətlər mədənin deşilmiş-kəsilmiş, köndələn bağırsaq müsariqəsinin kəsilmiş yaraları müşayiət olunan qarnın ön sol yan divarının qarın boşluğuna nüfuz edən 01 ədəd deşilmiş-kəsilmiş yarası - şiş uca və iti kənara malik əşyanın (əşyaların), ola bilsin ki, bıçağın təsirindən törənə bilərdilər, qərarın təsviri hissəsində göstərilən şəraitdə və müddətdə, yəni xx.xx.2023-cü il tarixdə kənar şəxs tərəfindən vurulması nəticəsində alınmaları istisna olunmur, dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddirlər. Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədən səthində aşkar olunmuş xəsarətlərin lokalizasiya və xüsusiyyətlərini nəzərə alaraq demək olar ki, qeyd edilən xəsarətlərin özü tərəfindən özünə yetirilməsi və yıxılması nəticəsində yaranmaları inandırıcı deyildir. Cinayət işinin 140-145-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X4” X9 31 oktyabr 2023-cü il tarixli, 492/2023-MTKŞ nömrəli maddi sübutların ekspertizasının rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus köynəyin və maykanın (tərs üzünə geyindiyi halda) ön hissəsinin sol-aşağı nahiyəsində bir ədəd deşilmiş-kəsilmiş zədə aşkar edilmişdir. Bu zədə iti ucu, iti ülgücü və küpü olan yastı tiyə tipli deşici-kəsici alətin təsirindən əmələ gəlmişdir və bu zədənin ekspertizaya təqdim edilmiş bıçağın tiyəsi ilə və ya oxşar konstruktiv xüsusiyyətlərə malik digər alətlə törənməsi inkar olunmur. Bu zədəni törədən alətin daxil olma səviyyəsində eni 1,6 sm-ə qədər olmuşdur. Zərərçəkmiş şəxs məhkəmə-tibbi ekspertizasına dair rəy təqdim edilmədiyinə görə ona məxsus olan geyim əşyaları üzərindəki zədə ilə bədəni üzərindəki xəsarətin üst-üstə düşüb-düşməməsi haqqında suala cavab vermək mümkün olmamışdır. Ekspertizaya təqdim olunmuş bıçaq zavod üsulu ilə hazırlanmış məişət təyinatlı turist bıçağıdır və soyuq silah hesab edilmir. Bıçağın üzərində sonradan təyinatının dəyişdirilməsi üçün heç bir əlavə və dəyişiklik edilməmişdir. Cinayət işinin 151-154-cü vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X4” X9 23 oktyabr 2023-cü il tarixli, 679/2023-MTBŞ nömrəli madi sübutların ekspertizasının rəyindən görünür ki, Zərərçəkmiş şəxs ABO sistemi üzrə qan qrupu AB/İV. (şəxsiyyət vəsiqəsinin kserosurətinə əsasən) Ekspertizaya təqdim edilən Zərərçəkmiş şəxs məxsus köynək və qısaqol mayka üzərində olan maddə ləkələrində insan qanı ləkələri aşkar olunmuşdur. Ləkələrdə qanın qrup mənsubiyyəti ABO sistemi üzrə tədqiq olunduqda A,B antigenləri alınmışdır. Beləliklə, bu qan ləkələri AB/İV/ qruplu şəxsə, o cümlədəm, ABO sistemi üzrə Zərərçəkmiş şəxs məxsus ola bilər. Təqdim olunan bıçaq üzərində qan aşkar olunmamışdır. Cinayət işinin 165-168-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 05 dekabr 2023-cü il tarixli üzləşdirmədə dindirmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs arasında üzləşdirmə keçirilmiş, üzləşdirmə zamanı Zərərçəkmiş şəxs istintaq zamanı verdiyi ifadəsini bir daha təsdiq edərək, Təqsirləndirilən şəxs on bıçaqla xəsarət yetirdiyini bildirmişdir. Buna görə məhkəmə həmin üzləşdirmə protokolunu da sübut növü kimi qəbul edir. Cinayət işinin 173-184-cü vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Nizami RPİ-nin İŞ-nin baş müstəntiqi, polis mayoru Cəmil Məmmədovun toplanmış sübutların qiymətləndirilməsi haqqında 05 dekabr 2023-cü il tarixli qərarından görünür ki, Zərərçəkmiş şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati icraatın başlanması rədd edilmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144-145-ci maddələrini rəhbər tutaraq təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi məsələsini də həll etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs əməlini ibtidai istintaq orqanı Azərbaycan Respublikası CM-nin 126.2.4-cü maddəsi ilə tövsif edərkən haqlı olmamışdır. Belə ki, istintaq orqanı Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs qəsdən ağır dərəcəli bədən xəsarəti yetirməsi əməlini heç bir əsaslı səbəb olmadan xuliqanlıq niyyəti ilə törədilmiş əməl kimi, yəni CM-nin 126.2.4-cü maddəsi ilə tövsif etmişdir. Lakin cinayət işinin materiallarından görünür ki, baş vermiş cinayət hadisəsi Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs məhlədə maşın sürməsini irad bildirməsi, ona nalayiq ifadələr işlətməsi ilə bağlı, yəni zərərçəkmiş şəxsin qanunsuz hərəkətlərinin təsiri altında yaranmış mübahisə zamanı baş vermişdir. “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 dekabr 2002-ci il tarixli Qərarının 6-cı bəndinin mənasına görə xuliqanlıq niyyəti ilə sağlamlığa ağır zərər vurmanı mübahisə və dalaşma zəminində sağlamlığa ağır zərər vurmadan fərqləndirərkən dalaşma hadisəsinin təşəbbüskarının kim olmasını, təqsirkarın zərərçəkmişin sağlamlığına ağır zərər vurmaq məqsədi ilə qəsdən münaqişə yaradıb-yaratmamasını aydınlaşdırmaq lazımdır. Mübahisə və dalaşmanın zərərçəkmişin təşəbbüsü ilə başlanması, yaxud münaqişənin zərərçəkmişin hüquqazidd hərəkətləri səbəbindən baş verməsi təsdiq olunarsa, təqsirkar xuliqanlıq niyyətilə sağlamlığa ağır zərər vurma cinayətində təqsirli bilinə bilməz. “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 saylı 12 dekabr 2002-ci il tarixli qərarında göstərilən xuliqanlıq niyyəti ilə bağlı xüsusatlar eyni zamanda qəsdən sağlamlığa ağır zərər vurmaya da şamil edilməlidir. Məhkəmə iş üzrə toplanmış biri digərini tamamlayan mötəbər və mümkün sübutları müqayisəli şəkildə tədqiq edib araşdıraraq onlara məcmu şəkildə qiymət verməklə belə hesab edir ki, istintaq orqanı Təqsirləndirilən şəxs xuliqanlıq niyyətilə Zərərçəkmiş şəxs bıçaqla vuraraq sağlamlığına ağır zərər vurması nəticəsinə gələrkən iş üzrə toplanmış mötəbər sübutlara deyil, şübhə və ehtimallara əsaslanmışdır. Belə ki, məhkəmə iclasında dindirilərkən Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Namiq maşını 60 km/saat sürətlə sürürmüş, ilk dəfə imiş belə hal baş verirmiş, Namiqdən niyə sürətlə sürdüyünü soruşduqda, sonunçu tələsdiyi üçün elə sürdüyünü demişdir. Həmçinin, məhkəmə iclasında şahid qismində dindirilmiş şəxslər də hadisəni görmədiklərini, hadisə baş verib qurtardıqdan sonra məlumatı olduqlarını bildirmişlər. “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 dekabr 2002-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sağlamlığa ağır zərər vurma o vaxt xuliqanlıq niyyəti ilə yetirilmiş hesab edilə bilər ki, təqsirkar öz davranışı ilə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı qoymaqla cinayət törətmiş olsun. Göründüyü kimi hadisə vaxtı zərərçəkmiş şəxsin davranışı münaqişə və mübahisəyə gətirib çıxarmışdır. Azərbaycan Respublikası CPM-nin 21.2-ci maddəsində təqsirsizlik prezumsiyasının dörd ünsürü nəzərdə tutulmuşdur ki, həmin ünsürlərdən biri də şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilməməsi prinsipidir. Burada əsaslı şübhələr dedikdə şəxsin təqsirinin təsdiq edilməsində mühüm rol oynaya biləcək sübutların məzmunu, mənbəyi, işə aid olması ilə bağlı olan şübhələr, habelə müxtəlif sübutlar arasında olan elə ziddiyyət və anlaşılmazlıqlar başa düşülməlidir ki, onları heç bir prosessual vasitə ilə aradan qaldırmaq mümkün olmasın. İş üzrə toplanmış sübutlarda Təqsirləndirilən şəxs xuliqanlıq niyyətilə qəsdən sağlamlığa ağır zərər vurması öz təsdiqini tapmamışdır. Belə olan halda, aradan qaldırılması mümkün olmayan şübhələr Azərbaycan Respublikası Konstitusiyasının 63-cü və Azərbaycan Respublikası CPM-nin 21-ci maddələrinin tələblərinə əsasən Təqsirləndirilən şəxs xeyrinə həll edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin 2-ci hissəsində və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 21.2 maddəsində təsbit olunmuş təqsirsizlik prezumpsiyası prinsipinə əsasən şəxsin təqsirli olmasına əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Azərbaycan Respublikası CPM-nin 338.1.2-ci maddəsinin tələblərinə əsasən hökm çıxardıqda yalnız məhkəmə istintaqı zamanı baxılmış sübutlara istinad edilməlidir. Azərbaycan Respublikası CPM-nin 25.2-ci maddəsinə əsasən hakimlər cinayət prosesini həyata keçirən orqanların ibdtidai araşdırmada gəldikləri nəticələrlə bağlı deyillər. Azərbaycan Respublikası CPM-nin 145.3 maddəsinin tələbinə görə ittihamın sübut olunmasında yaranan şübhələri başqa sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Azərbaycan Respublikası CPM-nin 28.5 maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmuyu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası CPM-nin 349.5 və 349.5.1-ci maddələrinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda məhkəmənin hökmü əsaslı hesab edilir. “İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Hoanq Fransaya qarşı iş üzrə qərarda qeyd etmişdir ki, sübutlar diqqətlə qiymətləndirilmədən hüquqi fərziyyənin tətbiq edilməsi təqsirsizlik prezumpsiyasını böyük ehtimalla pozmuş olur. Barbara, Messege və Harbordo İspaniyaya qarşı işi üzrə qərarda da qeyd olunmuşdur ki, təqsirsizlik prezumpsiyası prinsipi digər məsələlərlə yanaşı tələb edir ki, öz vəzifəsini yerinə yetirərkən məhkəmə üzvləri təqsirləndirilən şəxsin ittiham edildiyi cinayəti həqiqətən törətməsinə dair qərəzli fikirdə olmasınlar, sübutetmə yükü ittiham tərəfinin üzərinə düşür və hər hansı şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Kondraşinanın Rusiya Federasiyasına qarşı işində Avropa İnsan Hüquqları Məhkəməsi qeyd etmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə riayət etməlidirlər. Hüququn aliliyinin əsas aspektlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o mübahisə edilməsin. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (Delcourt Belçikaya qarşı iş üzrə 17 yanvar 1970-ci il tarixli qərar, Piersack Belçikaya qarşı iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərar, X10rşı iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərar) qeyd edir ki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı qərarının 23-cü bəndində məhkəmələrə tövsiyyə edilir ki, CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası CPM-nin 318.1.-ci maddəsində göstərilmişdir ki, məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxslərə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 144-145-ci maddələrini rəhbər tutaraq iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamış, müqayisəli şəkildə təhlil etmiş, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə qiymətləndirməklə belə hesab edir ki, Təqsirləndirilən şəxs 29 avqust 2023-cü il tarixdə saat 23:20 radələrində ünvan 7 ünvanında Zərərçəkmiş şəxs qanunsuz hərəkətlərinin təsiri altında, zərərçəkmiş şəxsin ona nalayiq ifadələr işlətməsi səbəbindən üzərində olan soyuq silah hesab edilməyən məişət təyinatlı mətbəx bıçağı ilə Zərərçəkmiş şəxs qarın nahiyyəsindən bir dəfə vuraraq, sonuncuya ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid mədənin deşilmiş-kəsilmiş, köndələn bağırsaq müsariqəsinin kəsilmiş yaraları ilə müşayiət olunan qarnın ön sol yan divarının qarın boşluğuna nüfuz edən 01 ədəd deşilmiş-kəsilmiş yarasından ibarət xəsarət yetirərək qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəylərini və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 126.2.4-cü maddəsindən həmin Məcəllənin 126.1-ci maddəsinə tövsif olunmalı və, o, Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə təqsirli bilinib cəzalandırılmalıdır. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 41.2-ci maddəsində qeyd olunmuşdur ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs barəsində tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən onun törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işinin 120-121-ci vərəqələrində olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş 07 oktyabr 2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 20 avqust 2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4, 128, 152, 221.3-cü madələri ilə təqsirli bilinərək 07 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Prezidentinin 17 mart 2016-cı il tarixli 1903 nömrəli əfv sərəncamına əsasən cəzadan azad edilmişdir. Azərbaycan Respublikası CM-in 83.1-ci maddəsinə müvafiq olaraq cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. “Azərbaycan Respublikası CM-nin 83.2-ci maddəsinin şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 08 iyul 2008-ci il tarixli qərarında göstərilmişdir ki, CM-nin 83.1-ci maddəsindən göründüyü kimi məhkumluq cinayət törətməyə görə müəyyən cəza növünə məhkum edilmiş şəxs barəsində məhkəmənin ittiham hökmünün qanuni qüvvəyə mindiyi gündən başlanır və bütün cəzaçəkmə müddəti ərzində və cəzaçəkmə müddətindən sonrakı dövrdə qanunla müəyyən edilmiş müddətlər çərçivəsində davam edir. Azərbaycan Respublikası CM-nin 15.4-cü maddəsinə əsasən, bu Məcəllə ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur. Azərbaycan Respublikası CM-nin 83.3.4-cü maddəsinə görə, ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Azərbaycan Respublikası CM-nin 83.4-cü maddəsinə görə, məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Göründüyü kimi Təqsirləndirilən şəxs məhkumluğu ödənilmişdir. Cinayət işinin 155-157-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-X1” X9 14 oktyabr 2023-cü il tarixli 2872 saylı ambulator məhkəmə psixiatrik ekspertizasının rəyindən görünür ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Bunu cinayət işi materialları, anamnestik məlumatlar və halhazırkı psixiatrik müayinənin nəticələri və s. sübut edir. Belə ki, Təqsirləndirilən şəxs əvvəllər psixiatrik müəssisələrə müraciət etməmiş, onda hər hansı psixi pozuntu əlamətləri təsvir olunmamış, həmçinin hazırki müayinə zamanı psixi xəstəlik əlamətləri müəyyən edilməmişdir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs cinayəti törədən anda xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik müəyyən edilmir. Təqsirləndirilən şəxs qərarda qeyd edilən əməli törədərkən öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Resublikası CM-nin 21 və 22-ci madələrinin təsiri altına düşmür. Cinayət işinin 158-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Zərərçəkmiş şəxs notarial qaydada təsdiq edilmiş 05 dekabr 2023-cü il tarixli ərizəsindən görünür ki, sonuncu ərizə yazaraq, Təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı heç bir şikayəti olmadığını, gələcəkdə də şikayəti olmayacağını bildirmişdir. Məhkəmə iclasında iş üzrə Zərərçəkmiş şəxs 14 fevral 2024-cü il tarixli ərizə ilə müraciət edərək, Təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı şikayət və tələbinin olmadığını, müalicə xərclərinin təqsirləndirilən şəxsin ailə üzvləri tərəfindən ödənildiyini bildirmişdir. Həmçinin məhkəmə təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışını hərtərəfli araşdırıb buna qiymət verərək qeyd edir ki, Təqsirləndirilən şəxs və yaxın qohumları cinayətin törədilməsindən sonra Zərərçəkmiş şəxs müalicə xərclərini ödəmişdir. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə etməsini Azərbaycan Respublikası CM-nin 59.1.12-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran halları müəyyən etmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsində göstərilmişdir ki, bu Məcəllənin 59.1.8, 59.1.10 - 59.1.13-cu maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə belə hesab edir ki, təqsirləndirilən şəxsə yalnız azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrumetmə növündə ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Qeyd edilənlərlə yanaşı, məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsini əsaslı hesab edir. Təqsirləndirilən şəxs ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə təyin ediləcək azadlıqdan məhrumetmə cəzasının başlanğıcı müvafiq olaraq 30 avqust 2023-cü il tarixdən hesablanmalıdır. Belə ki, cinayət işinin 54-cü vərəqəsində olan 30 avqust 2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Həmçinin cinayət işinin 105-108-ci vərəqələrində olan Bakı şəhəri Nizami rayon məhkəməsinin 01 sentyabr 2023-cü tarixli, 4(007)-370/2023 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 30 avqust 2023-cü il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Nizami RPİ-nin maddi sübutları saxlama yerində saxlanılan 01 ədəd bıçaq, Zərərçəkmiş şəxs məxsus bir ədəd alt köynəyi məhv edilməlidir. İş üzrə məhkəmə xərci yoxdur. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99.1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin məcəllənin 99.1.1-ci maddəsində qeyd edilmişdir ki, xüsusi müsadirə cinayət hüquqi tədbiri aşağıda göstərilən əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır: məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla). Azərbaycan Respublikası CM-nin 99-3.1-ci maddəsinə əsasən müsadirə məsələsi həll olunarkən ilk növbədə cinayət nəticəsində əmlakın qanuni sahibinə vurulmuş ziyan ödənilməlidir. Təqsirləndirilən şəxs cinayət yolu ilə əldə etdiyi əmlakları müəyyən edilməmiş, istintaq zamanı ona məxsus hər hansı bir əmlak üzərinə həbs qoyulmamış, mülki iddia yoxdur. Buna əsasən məhkəmə hesab edir ki, ona xüsusi müsadirə tətbiq olunmamalıdır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003cü il tarixli və “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da, əsaslı hesab edir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 30 avqust 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tətbiq edilməsin. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Nizami RPİ-nin maddi sübutları saxlama yerində saxlanılan 01 ədəd bıçaq, Zərərçəkmiş şəxs məxsus bir ədəd alt köynəyi məhv edilsin. Hökmdən elan olunduğu vaxtdan, təqsirləndirilən şəxsə isə hökmün surətinin verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm çıxarıldıqdan 20 (iyirmi) gün sonra qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Azad Məcidov Hakimlər: Səbinə Məmmədzadə Əli Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar