Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1295/2024 21.02.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Quliyev Vüqar Elbrus oğlu (sədrlik edən), Hacıyev Siyavuş Həbib oğlu və X4 ibarət tərkibdə, məhkəmə iclas katibi – X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 17 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxxxxx 1986-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində bir azyaşlı uşağı olan, orta təhsilli, işləməyən, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)- 170/2022 saylı, 5 aprel 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib həmin Məcəllənin 67.1-ci maddəsinə əsasən qəti olaraq 2 (iki) il 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, məhkumluğu ödənilməmiş və üzərindən götürülməmiş, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Ramin Qasımov küçəsi, ev 3, mənzil 6 üvanında yaşayan, barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə 21 fevral 2024-cü il tarixdə, saat 11:10-da Bakı Ağır Cinayətlər Məhkəməsinin inzibati binasının 1 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq,məhkəmə m ü ə y y ə n e t d i:
1. Təqsirləndirilən şəxs məlum olmayan tarixdə qeyrisindən satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda 4,285 qram çəkidə narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla daşımış, 24 avqust 2023-cü il tarixdə, saat 15:00 radələrində Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Zülkadayev küçəsində Bakı şəhəri, Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq həmin polis şöbəsinə gətirilmiş, üzərində aparılmış şəxsi axtarış zamanı əynində olan qara rəngli idman şalvarının sol yan cibindən bir ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş, təmiz çəkisi 4,285 qram olan külli miqdarda narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. İşin halları və dəlilləri:
2. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək məhkəməyədək icraat zamanı verdiyi ifadələri ilə əsasən eyni məzmunlu ifadə verərək göstərdi ki, 24 avqust 2023-cü il tarixdə Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Zülkadayev küçəsində olarkən iki nəfər polis əməkdaşı ona yaxınlaşaraq özlərini təqdim edərək üzərində qanunsuz olaraq narkotik vasitələri gəzdirməkdə şübhəli olduğunu bildirib onlarla birlikdə Bakı şəhəri, Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis Şöbəsinə (bundan sonra mətndə - Xəzər RPİ-nin 1-ci PŞ) getməli olduğunu söyləmişlər. Bu zaman özü onlara üzərində şəxsi istifadəsi üçün əldə etdiyi narkotik vasitənin olduğunu bildirmişdir. Daha sonra polis əməkdaşları ilə birlikdə Xəzər RPİ-nin 1-ci PŞ-nə getmişdir. Xəzər RPİnin 1-ci PŞ-nə gətirildikdən sonra üzərinə şəxsi axtarış keçiriləcəyi barədə məlumat vermişlər. Daha sonra xidməti otaqlardan birində video çəkilişlə üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış keçirilməzdən əvvəl ona hüquq və vəzifələri izah edilmiş, daha sonra üzərində dövriyyəsi qanunla qadağan edilmiş hər hansı bir əşya və ya predmetin olub-olmaması soruşulmuş, əgər üzərində belə bir əşya varsa təqdim etməsi təklif edilmişdir. Bundan sonra əynində olan qara rəngli idman şalvarının sol yan cibindən bir ədəd siqaretin gümüşü kağızında olan bükümü masanın üzərinə qoymuşdur. Həmin büküm açıldıqdan sonra içərisinə baxış keçirilmişdir. Həmin kütləni haradan və nə vaxt aldığı ondan soruşulmuş, o isə həmin kütlənin narkotik vasitə olan heroin olduğunu, həmin bükümləri 24 avqust 2023-cü il tarixdə Mərdəkan qəsəbəsində yaşayan dayısı oğlu Tərlan adlı şəxsdən aldığını bildirmişdir. O, narkotik vasitəni şəxsi istifadəsi üçün alaraq üzərində gəzdirmişdir. Üzərindən aşkar edilmiş bükümlər götürülərək zərfə qoyulmuş, üzəri möhürlənmiş, axtarış və götürmədə iştirak edən polis əməkdaşları və müdafiəçi tərəfindən, habelə onun tərəfindən imzalanaraq qablaşdırılmışdır. Bütün proses video çəkiliş vasitəsilə qeydə alınmışdır.
3. Verilmiş suallara cavab olaraq Təqsirləndirilən şəxs ifadəsinə əlavə edərək göstərdi ki, o, 24 avqust 2023-cü il tarixdə, təxminən saat 15 radələrində ağrıdığı üçün narkotik vasitə qəbul etmək məqsədi ilə dayısı oğlu Şahid4 yaşadığı evə getmiş, orada sonuncu ilə birlikdə narkotik vasitə qəbul etmiş, daha sonra Şahid4 yaşadığı evdən çıxıb təxminən 200 metr küçə ilə velosipedlə hərəkət edərkən iki nəfər polis əməkdaşının onun arxasınca gəldiklərini görmüş, polislərin Şahid4 yaşadığı evin giriş qapısının yaxınlığında onu gözlədiklərini başa düşərək idarə etdiyi velosipedi tullayıb qaçmaq istəmiş, lakin polis əməkdaşları onu saxlayıb idarə etdikləri avtomobilə əyləşdirib 1-ci Polis Şöbəsinə gətirərək üzərində videoçəkilişlə şəxsi axtarış keçirmiş, axtarış zamanı üzərində ittihamda göstərilən miqdarda narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Qohumu Tərlandan əldə etdiyi narkotik vasitə üçün sonuncuya hər hansı məbləğdə pul verməmişdir. Avtomobillə polis şöbəsinə gətirilərkən Elxan adlı polis əməkdaşı onlardan qaçmaq istəməsini irad bildirərək ona bir neçə dəfə sillə vurmuşdur. Həmin sillələrin təsirindən dişlərindən biri qırılmışdır. Ona qarşı fiziki təzyiq edilməsi və pis rəftar göstərilməsi ilə bağlı hər hansı dövlət və sair quruma şikayət etməmişdir. Lakin istintaq təcridxanasına daxil olarkən orada tibbi müayinədən keçmişdir. O, dayısı oğlu Tərlangildən çıxarkən narkotik vasitə qəbul etmiş, təxminən 4 qramdan bir az artıq miqdarda narkotik vasitə heroini isə öz şəxsi istifadəsi üçün Tərlandan götürərək üzərində saxlamışdır. Belə ki, fəhlə işləmək üçün bir həftə müddətinə rayona getməyi planlaşdırmış və orada olarkən özünün gündəlik tələbatına uyğun miqdarda bu məqsədlə narkotik vasitə heroini əldə edərək üzərində saxlamışdır. İfadəsinin sonunda Təqsirləndirilən şəxs ailədə ondan başqa qazanc gətirən şəxsin olmadığını və himayəsində bir azyaşlı uşağının olmasını bildirərək məhkəmədən ona ədalətli cəza təyin edilməsini xahiş etdi.
4. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı 26 avqust 2023-cü il tarixli ifadəsi video çəkilişdən istifadə edilməklə aparılmış və bir ədəd DVD disk iş materiallarına əlavə edilmişdir (Cild 1, iş vərəqi (bundan sonra mətndə - i.v.) 105-107;).
5. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir.
6. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələrin də mümkünlüyü və mötəbərliyi üzrə yoxlanılmasından sonra sübut növü kimi qəbul edilməsi məsələsinə qiymət verilməsini zəruri hesab edir.
7. Məhkəmədə şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Xəzər RPİ-nin 1-ci PŞ-nin cinayət axtarışı üzrə əməliyyat müvəkkili, polis kapitanı Şahid2 məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə əsasən eyni məzmunlu ifadə verərək göstərdi ki, 24 avqust 2023-cü il tarixdə Bakı şəhərində xx xxxxxx 1986-cı ildə anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında Təqsirləndirilən şəxs narkotik vasitələri istifadə etməsi və üzərində gəzdirməsi barədə əməliyyat məlumatı daxil olmuş, məlumatla bağlı rəhbərliyə raportla müraciət edilmiş və həmin şəxsin ətrafında əməliyyat-axtarış tədbirləri keçirilməsi barədə qərar qəbul olunmuşdur. Həmin qərar əsasında 24 avqust 2023-cü il tarixdə, saat 15:00 radələrində Təqsirləndirilən şəxs xarici əlamətlərinə uyğun şəxsə Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Zülkadayev küçəsində yaxınlaşıb narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu və üzərində şəxsi axtarış keçirilməsi üçün şöbəyə dəvət etmişlər. Təqsirləndirilən şəxs hər hansı etiraz etməmiş və onlarla birlikdə 1-ci PŞ-nə getmişdir. Orada təhqiqatçı tərəfindən müdafiəçi dəvət edilmiş, hüquq və vəzifələri izah olunduqdan sonra Təqsirləndirilən şəxs üzərində videoçəkiliş ilə şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Təqsirləndirilən şəxs heç bir etirazının olmadığını bildirmişdir. Şəxsi axtarış zamanı əvvəlcə Təqsirləndirilən şəxs üzərində narkotik vasitə və ya digər qanunsuz maddə varsa təqdim etməsi təklif edilmiş, sonuncu əynində olan qara rəngli idman şalvarının sol yan cibindən bir ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş maddəni təqdim edib narkotik vasitə heroin olduğunu, həmin maddəni 24 avqust 2023-cü il tarixdə səhər saatlarında Mərdəkan qəsəbəsində yaşayan dayısı oğlu Tərlandan şəxsi istifadəsi üçün pay olaraq aldığını bildirmişdir. Həmin büküm açıldıqda narkotik vasitə heroinə bənzər maddə aşkar olunmuşdur. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş bir ədəd büküm zərfə qoyularaq möhürlənmiş, zərfin üzəri imzalarla təsdiq edilmiş, bu barədə protokol tərtib olunmuş və iştirakçılar tərəfindən imzalarla təsdiq olunmuşdur.
8. Şahid qismində dindirilmiş Şahid2 ifadəsinə davam edərək göstərdi ki, daha sonra Təqsirləndirilən şəxs verdiyi məlumata əsasən Şahid4lə bağlı təxirəsalınmaz əməliyyataxtarış tədbirləri keçirilərək Təqsirləndirilən şəxs dayısı oğlu Şahid4 yaşadığı ünvan 2 ünvanında yerləşən evinə gedilmiş və sonuncunun razılığı ilə evində axtarış keçirilmiş, həmçinin Şahid4 üzərinə polis şöbəsində şəxsi axtarış keçirilmiş, sonuncunun üzərində və evində axtarış zamanı ümumilikdə külli miqdarda narkotik vasitə və psixotrop maddələr aşkar edilərək götürülmüşdür. Şahid4 üzərindən və evindən aşkar edilmiş narkotik vasitə heroini və psixotrop maddə metamfetamini təxminən 15 gün əvvəl İran İslam Respublikası vətəndaşından şəxsi istifadəsi üçün aldığını, həmin günü heroindən təxminən 5 qramını şəxsi istifadə üçün bibisi oğlu Təqsirləndirilən şəxs pay olaraq verdiyini bildirmişdir.
9. Şahid qismində dindirilmiş Şahid2 ifadəsinə əlavə edərək göstərdi ki, ilkin əməliyyat məlumatı ona daxil olmuş, məlumat Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi, yəni narkotik vasitələri qanunsuz olaraq əldə edərək üzərində saxlaması və daşıması barədə olmuş, sonuncu tutulduqdan sonra verdiyi məlumat əsasında təxirəsalnmaz əməliyyat-axtarış tədbirləri keçirilərək Şahid4 ifşa edilmişdir. Təqsirləndirilən şəxs nə özü, nə də əməliyyat qrupunun üzvü Tərlan Nəsirov tərəfindən hər hansı fiziki, psixi və sair təsir və ya təzyiq edilməmiş, pis rəftara məruz qalmamışdır.
10. Məhkəmədə şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Xəzər RPİ-nin 1-ci PŞ-nin polis sahə inspektoru, polis kapitanı Şahid3 məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə eyni məzmunlu, Şahid2 ilə əsasən oxşar məzmunlu ifadə verərək sonuncunun ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək əlavə olaraq göstərdi ki, Təqsirləndirilən şəxs saxlanıldığı ərazi onun sahə inspektoru kimi xidmət etdiyi inzibati ərazi olmuş, Təqsirləndirilən şəxs özü başqa ərazidə yaşasa da, dayısı oğlu Şahid4 onun xidməti ərazisində yaşamışdır. Təqsirləndirilən şəxs saxlanılarkən sonuncu küçə ilə hərəkətdə olmuş, əli ilə velosipedi saxlayaraq aparmış, lakin həmin velosipedi idarə etməmişdir. Təqsirləndirilən şəxs nə özü, nə də əməliyyat qrupunun rəhbəri Şahid2 tərəfindən hər hansı fiziki, psixi və sair təsir və ya təzyiq edilməmiş, pis rəftara məruz qalmamışdır.
11. Məhkəmədə şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Xəzər RPİ-nin 1-ci PŞ-nin cinayət axtarışı üzrə əməliyyat müvəkkili, polis baş leytenantı X9 məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə eyni məzmunlu, Şahid2 ilə əsasən oxşar məzmunlu ifadə verərək sonuncunun ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək əlavə olaraq göstərdi ki, Təqsirləndirilən şəxs saxlanılmasında və üzərində şəxsi axtarış keçirilməsində iştirak etməmiş, sonuncu saxlanıldıqdan sonra verdiyi məlumat əsasında Şahid4 yaşadığı evdə keçirilmiş axtarış və götürmə, habelə sonradan sonuncunun üzərində keçirilmiş şəxsi axtarış zamanı iştirak etmişdir. Təqsirləndirilən şəxs nə özü, nə də hər hansı polis əməkdaşları tərəfindən hər hansı fiziki, psixi və sair təsir və ya təzyiq edilməsi, pis rəftara məruz qalması halı olmamış və bu barədə başqa hər hansı məlumatı yoxdur.
12. Məhkəməyədək icraat zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş və barəsində ********* nömrəli cinayət işi üzrə ayrıca icraatda cinayət təqibi davam etdirilən Şahid4 hazırkı cinayət işi üzrə verdiyi ifadələri tərəflərin vəsatəti əsasında elan edilərək tədqiq edilmiş, Şahid4 ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə elan olunmuş ittihamla özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, əvvəllər dəfələrlə məhkumluq həyatı yaşamışdır. Uzun illərdir narkotik vasitənin “kakos” kimi bildiyi heroin növündən və şüşədən istifadə edir. İstifadə etdiyi həmin maddəni tanımadığı şəxslərdən müxtəlif yerlərdən alır. Belə ki, 23 avqust 2023-cü il tarixdə, səhər saatlarında Bakı şəhəri, Suraxanı qəsəbəsində tanımadığı İran İslam Respublikası vətəndaşı kimi özünü təqdim edən şəxslə görüşmüş və ondan nisyə təxminən 100 qrama yaxın “şüşə”, yəni psixotrop maddə metamfetamin, təxminən 10 qramdan çox “kokos”, yəni narkotik vasitə olan heroin almışdır. İran islam Respublikası vətəndaşı olan tanımadığı şəxsə həmin narkotik vasitələrin pulunu sonra verəcəyini demişdir. Əvvəllər bir neçə dəfə ondan nisyə narkotik vasitələr aldığı üçün onunla razılaşmışdır. Həmin günü qohumu olan Təqsirləndirilən şəxs öz istifadəsi üçün ondan narkotik vasitə istədiyindən Rəşada təxminən 5 qram heroini qohum olaraq pay vermişdir. Qalan narkotikləri isə yaşadığı evdə çarpayının üzərindəki döşəyin altında gizlətmişdir. Şəxsi istifadə üçün həmin narkotiklərdən bir hissəsini özü ilə götürmüşdür. 24 avqust 2023-cü il tarixdə yaşadığı ünvan 3 ünvanının qarşısında olarkən polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim etmişlər və üzərində və evində narkotik vasitələrin olmasından şübhələndiklərini bildirmişlər. O çarəsiz qalaraq evində və üzərində narkotik vasitələrin olduğunu etiraf etmişdir. Sonra hadisə yerinə müstəntiq çağırmışlar və müstəntiq tərəfindən yaşadığı evdə öz razılığı ilə axtarış keçirilmişdir. Axtarış zamanı könüllü olaraq çarpayını göstərərək narkotik vasitənin döşəyin altında olduğunu bildirmiş və yataq otağından həmin iki ədəd sellofan torbada heroin və bir ədəd sellofan torbada metamfetamini götürmüşlər. Həmin heroin və metamfetamin qablaşdırılaraq üzəri möhürlənmişdir. Sonra Xəzər RPİ-nə getmişlər və orada ona müdafiəçi təqdim olunaraq videoçəkiliş ilə üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı əynində olan tünd göy rəngli cins şalvarının sağ yan cibindən bir ədəd şəffaf sellofan bükülünü çıxararaq təqdim etmişdir. Həmin bükülü açıldıqda iki ədəd büküm aşkar olunmuşdur. Bir ədəd bükülünün içərisində “kokos”, digərində isə “şüşə” aşkar olunmuşdur. O, həmin maddələri evində olan narkotik vasitələrin bir hissəsi olduğunu, istifadə etmək üçün götürdüyünü bildirmişdir. Həmin metamfetamin və heroinin olduğu şəffaf sellofan bükümlər qablaşdırılaraq üzəri möhürlənmiş və həmin zərfdə və tərtib olunmuş protokolda imza etmişdir (Cild 1, i.v. 71-72; 92-93;118-121;)
13. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi şübhə altına qoyulmayan sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş:
14. “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” qərardan görünür ki, 24 avqust 2023-cü il tarixdə keçirilmiş şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı Şahid4 külli miqdarda narkotik vasitə heroin və psixotrop maddə metamfetamini əldə edərək yaşadığı ünvan 4 ünvanına daşıyaraq saxlaması, əldə etdiyi həmin narkotik vasitə heroindən 4,285 qram hissəsini qohumu Təqsirləndirilən şəxs pay olaraq verməsi, Şahid4 üzərindən və yaşadığı evdən, habelə Təqsirləndirilən şəxs üzərindən külli miqdarda narkotik vasitə və psixotrop maddə aşkar edilməsi faktına görə Bakı şəhəri, Xəzər Rayon Polis İdarəsinin İstintaq şöbəsinin müstəntiqi, polis kapitanı X14 tərəfindən 25 avqust 2023-cü il tarixdə, saat 13:50-də Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanılaraq icrata qəbul edilərək istintaqı aparılmışdır (cild 1, i.v.1).
15. “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” 24 avqust 2023-cü il tarixli qərardan və bu barədə müvafiq materiallardan görünür ki, Xəzər RPİ-nin 1-ci PŞ-nin əməliyyat müvəkkili, polis kapitanı Şahid2 tərəfindən Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatı əsasında Təqsirləndirilən şəxs ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri keçirilməsi qərara alınmış, həmin qərar Xəzər RPİ-nin 1-ci PŞ-nin rəisi vəzifəsini müvəqqəti icra edən, polis mayoru Nicat Məmmədov tərəfindən təsdiq edilərək Şahid2 rəhbərliyi ilə həmin şöbənin sahə inspektoru, polis kapitanı Şahid3 ibarət əməliyyat qrupu təşkil edilmişdir (Cild 1, i.v. 4-10).
16. Bakı Şəhəri, Xəzər Rayon Məhkəməsinin 1 sentyabr 2023-cü tarixli qərarından görünür ki, Xəzər RPİ-nin 1-ci PŞ-nin cinayət axtarışı üzrə əməliyyat müvəkkili, polis kapitanı Şahid2 tərəfindən qəbul edilmiş və Xəzər RPİ-nin 1-ci PŞ-nin rəisi vəzifəsini müvəqqəti icra edən, polis mayoru Nicat Məmmədov tərəfindən təsdiq edilmiş 24 avqust 2023-cü il tarixli “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” qərar və bu barədə təqdim edilmiş sənədlər natamam olması əsası ilə geri qaytarılmışdır(Cild 2).
17. “Cinayəti törətməkdə şübhəli olan şəxsi tutma haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs Xəzər RPİ-nin 1-ci PŞ-nin təhqiqatçısı, polis baş leytenantı X15 tərəfindən müdafiəçi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri, 8 saylı Vəkil Bürosunun üzvü X8 iştirakı ilə 24 avqust 2023-cü il tarixdə, saat 16:00-da Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (Cild 1, i.v. 21).
18. “Şəxsi axtarış və götürmə aparılması haqqında” 24 avqust 2023-cü il tarixli protokoldan görünür ki, qeyd edilən tarixdə qəbul edilməklə Təqsirləndirilən şəxs müdafiəçisi X8 iştirakı ilə elan edilmiş müvafiq qərar əsasında həmin gün, saat 16:05-dən 16:20-dək Xəzər RPİ-nin 1-ci PŞ-nin təhqiqatçısı, polis baş leytenantı X15 tərəfindən həmin şöbənin cinayət axtarışı üzrə əməliyyat müvəkkili, polis kapitanı Şahid2, sahə inspektoru, polis kapitanı Şahid3 və müdafiəçi İbad Mürvətovun iştirakı ilə Bakı şəhəri, Xəzər RPİ-nin 1-ci PŞ-nin inzibati binasında xidməti iş otaqlarından birində Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilmişdir. Protokoldan görünür ki, Təqsirləndirilən şəxs şəxsiyyəti müəyyən olunmuş, ona hüquq və vəzifələri ətraflı şəkildə izah edilməklə istintaq hərəkətinin mahiyyəti izah edilmiş, daha sonra Təqsirləndirilən şəxs üzərində olan hər hansı bir qanunla qadağan olunan əşyaları təqdim etməsi təklif olunmuşdur. O, əynində olan qara rəngli idman şalvarının sol yan cibində olan 1 (bir) ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş bükümü təqdim edərək masanın üzərinə qoymuşdur. Təqdim edilmiş bükümə baxış keçirilərkən bükümün içərisində qəhvəyi rəngli, toz şəkilli, spesifik iyə malik maddə aşkar edilmiş, həmin maddənin Təqsirləndirilən şəxs məxsus olub-olmaması sual edildikdə isə o, aşkar olunmuş maddənin ona məxsus olduğunu qeyd edərək həmin kütlənin narkotik vasitə heroin olduğunu, 24 avqust 2023-cü il tarixdə Mərdəkan qəsəbəsində yaşayan dayısı oğlu Tərlan adlı şəxsdən aldığını bildirmişdir. Bundan sonra şübhəli şəxs Təqsirləndirilən şəxs üstündə, paltarlarında, paltarlarının ciblərində və bədənində ola biləcək əşyaları təqdim etməsi təklif olunmuş, sonuncu isə üzərində hər hansı başqa qanunla qadağan edilmiş əşya və ya digər predmetlərin olmadığını bildirmiş, əməliyyat müvəkkili Şahid2 tərəfindən yoxlama aparılmış, lakin başqa hər hansı qanunsuz əşya və ya predmet aşkar edilməmişdir. Daha sonra 1 (bir) ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş büküm zərfdə qablaşdırılaraq möhürlənmiş, üzəri istintaq hərəkətinin iştirakçıları tərəfindən imzalanmışdır. Bundan sonra video çəkiliş hər bir iştirakçıya nümayiş etdirilib protokol tərtib edilməsi üçün dayandırılmışdır. İstintaq hərəkəti zamanı “Canon” markalı video kameradan istifadə edilməklə videoçəkiliş aparılması və videoçəkilişin əks olunduğu məlumat daşıyıcısının protokala əlavə edilməsi qeyd edilmişdir. Şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı şübhəli şəxs və digər iştirakçılar tərəfindən heç bir şikayət və ya vəsatət daxil olmamışdır. Tərtib olunmuş protokol ucadan oxunaraq düzgünlüyü imzalarla təsdiq edilmişdir (Cild 1, i.v. “29-31).
19. “Şəxsi axtarış və götürmə aparılması haqqında” 24 avqust 2023-cü il tarixli protokolda əks olunan istintaq hərəkətləri videoçəkilişlə aparılmış və bununla bağlı bir ədəd “DVD” formatlı disk istintaq materiallarına əlavə edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilən bir ədəd müddəti 6 dəqiqə 20 saniyə olan həmin videogörüntünün əks olunduğu bir ədəd diskdəki videogörüntüyə müstəntiq R.R.İsmayılov tərəfindən müdafiəçi və təqsirləndirilən şəxsin iştirakı ilə baxış keçirilməsinə dair müvafiq olaraq 10 noyabr 2023-cü il tarixli protokolla, eləcə də həmin diskdəki videogörüntüyə məhkəmədə təqsirləndirilən şəxsin və digər proses iştirakçılarının iştirakı ilə baxılarkən müəyyən edildi ki, təqsirləndirilən şəxsin üzərində keçirilmiş şəxsi axtarış və götürmə istintaq hərəkəti aparılması zamanı protokolda qeyd olunan hallar və aşkar olunmuş dəlillər tam olaraq videogörüntülərdə öz əksini tapmışdır. Video görüntülərdən R.M.Abdullayevin xarici görkəminin və geyiminin səliqəli olması, ona ətraflı olaraq hüquq və vəzifələrinin izah edilməsi, sərbəst olmaqla suallara rahat şəkildə cavab verməsi müşahidə edilməklə onun hər hansı fiziki, psixi və sair təsirə məruz qalması müəyyən edilməmişdir. Eyni zamanda video görüntülərdən müdafiəçi İbad Mürvətovun fəal olmaqla hüquqlarını müdafiə etdiyi şəxs R.M.Abdullayevdən üzərindən aşkar edilmiş predmetin ona məxsus olub-olmaması, polis əməkdaşları tərəfindən hər hansı fiziki, psixi və sair təsir və ya təzyiqə, habelə pis rəftara məruz qalıb-qalmamasını aydınlaşdırmağa çalışması, R.M.Abdullayevin isə müdafiəçinin suallarına cavab olaraq üzərində aşkar edilmiş predmetlərin özünə məxsus olması, ona qarşı hər hansı qanunsuz halın baş verməməsini bildirməsi müəyyən edilir (cild 1, i.v.160).
20. Məhkəmə fiziki-kimyəvi (materialların məhkəmə) ekspertizasının 3-16-16/6/4543 saylı, 25 avqust 2023-cü il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №157” dairəvi möhür əksləri, “....(imza) Allahverdiyev ...” sözləri yazılmış və imzalar zərfdəki 1 (bir) ədəd bükümdə təmiz çəkisi 4,285 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxildir. Heroinin təmiz çəkisi – 4,285 qram, tədqiqata sərf edildi - 0,050 qram, qalıq - 4,235 qramdır. Aparılmış tədqiqatın dəyəri 81 (səksən bir) manatdır (Cild 1, i.v 36-40).
21. “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” 26 avqust 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulmuş ittiham müdafiəçisi İbad Mürvətovun iştirakı ilə elan edilməklə ittihamın mahiyyəti, hüquq və vəzifələri izah edilmişdir (Cild 1, i.v.96-97).
22. Bakı şəhəri, Xəzər Rayon Məhkəməsinin 26 avqust 2023-cü il tarixli, 4(006)- 419/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində əvvəli 24 avqust 2023-cü il tarixdən hesablanmaqla 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Həmin qərarın təsviri hissəsində göstərilmişdir ki, “Məhkəmə iclasında iştirak edən təqsirləndirilən şəxs ona istinad edilən cinayət əməlini qəbul edərək daimi yaşayış yerinin olmasını və istintaqdan qaçıb gizlənməklə onun gedişatına mane olmaq niyyətində olmadığını, himayəsində azyaşlı uşağının olmasını qeyd edərək barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina edilməsini məhkəmədən xahiş etmişdir.” (Cild 1, 128-131;).
23. Ambulator komisyon məcburi məhkəmə-narkoloji ekspertizasının 25 oktyabr 2023cü il tarixli, 6993 saylı rəyində göstərilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostilmulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür (Cild 1, i.v 150-151).
24. Bakı şəhəri, Xəzər Rayon Məhkəməsinin 10 oktyabr 2023-cü il tarixli, 4(006)- 484/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı növündə qətimkan tədbiri ilə əvəz edilmişdir. Həmin qərarın təsviri-əsaslandırıcı hissəsində göstərilmişdir ki, “Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs hər iki valideyni vəfat etmişdir. Himayəsində azyaşlı uşağı vardır. Ailədə yeganə işləyən şəxsdir və ailəsinin bütün maddi ehtiyacları onun tərəfindən qarşılanır. Daimi yaşayış yeri vardır. Həmçinin qeyd edilməlidir ki, Təqsirləndirilən şəxs Xəzər RPİ-nin İŞ-də istintaq olunan cinayət işinin araşdırılması ilə bağlı istintaq orqanına məlumat verməklə könüllü yardım etmişdir. Nəticədə istintaq orqanı tərəfindən cinayətin predmeti olan külli miqdarda narkotik vasitənin mənbəyinin aşkar edilərək həmin mənbənin ifşa edilməsi həyata keçirilmişdir.” (Cild 1, 153-157;).
25. “Cinayət işinin icraata qəbul olunması barədə” 4 dekabr 2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi Xəzər RPİ-nin İŞ-nin müstəntiqi, polis kapitanı Orxan Hüseynzadə tərəfindən icraata götürülərək istintaqı davam etdirilmişdir (Cild 1, 181;).
26. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ tərəfindən verilmiş məhkumluğun yoxlanılmasına dair tələbnamənin 4 sentyabr 2023-cü il tarixli cavabından, müvafiq hökm və qərarlardan görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri, Xəzər Rayon Məhkəməsinin 22 aprel 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən 1 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 5 aprel 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən qəti olaraq 2 (iki) il 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri, Xəzər Rayon Məhkəməsinin 7 sentyabr 2022-ci il tarixli qərarı ilə 4 (dörd) ay 15 (on beş) gün vaxtından əvvəl şərti azad edilmiş, həmin cinayət əməlinə görə məhkumluğu ödənilməmiş və üzərindən götürülməmişdir (Cild 1, i.v. 200-201; Cild 2;).
27. “Sübutların qiymətləndirilməsi haqqında” 15 dekabr 2023-cü il tarixli qərara əsasən Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş təmiz çəkisi 4,285 qram narkotik vasitə heroin iş üzrə sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi tanınmış, ekspertiza tədqiqatından sonra qalıq qalmış 4,235 qram məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təyinatı məsələsi həll edilənədək saxlanılması üçün Bakı şəhəri, Xəzər Rayon Polis İdarəsinin maddi sübutları saxlama otağına təhvil verilmişdir. Eyni zamanda həmin qərarla şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı çəkilmiş videogörüntünün əlavə edildiyi bir ədəd disk maddi sübut qismində tanınmaqla iş materiallarına əlavə edilməsi və Şahid4 barəsində cinayət işi materiallarından Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə cinayət işinin ayrıca icraatda ayrılması qərara alınmışdır (Cild 1, i.v. 202-207;).
28. “Cinayət işi materiallarından digər cinayət işinin ayrılması və icraata qəbul olunması haqqında” 15 dekabr 2023-cü il tarixli qərardan görünür ki, Şahid4 barəsində cinayət işi materiallarından Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi ayrılaraq müstəntiq Orxan Hüseynzadə tərəfindən icraatına qəbul edilərək istintaqı davam etdirilir(Cild 1, i.v. 208-209;).
29. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi üzrə müstəntiq O.Ş.Hüseynzadə tərəfindən 20 dekabr 2023-cü il tarixdə tərtib edilmiş ittiham aktından görünür ki, həmin ittiham aktı 25 dekabr 2023-cü il tarixdə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən təsdiq edilərək baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayət Məhkəməsinə göndərilmişdir (Cild 1, i.v.213-221).
30. Sorğu əsasında Təqsirləndirilən şəxs adına 3 X5 tərtib olunmuş tibbi kitabça əldə edilərək baxış keçirilib surəti çıxarılmaqla iş materiallarına əlavə edilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs adına 3 X5 tərtib olunmuş tibbi kitabçada bədəni üzərində hər hansı xəsarətin aşkar olunmaması, təqsirləndirilən şəxsin hər hansı şikayətinin olmaması qeyd edilmişdir (Cild 2,)
31. “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” Xəzər rayon prokurorluğunun böyük müstəntiqi, İİ dərəcəli hüquqşunas X10 tərəfindən qəbul edilmiş 16 fevral 2024-cü il tarixli qərardan görünür ki, Bakı Ağır Cinayət Məhkəməsindən daxil olmuş məlumat əsasında Təqsirləndirilən şəxs Xəzər RPİ-nin əməkdaşları tərəfindən döyülməsi ilə bağlı göstərdiyi xüsusatlar üzrə toplanmış materialda polis əməkdaşlarının əməlində cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmişdir (Cild 2,).
32. “AZEMİS” elektron məhkəmə sistemindən əldə edilmiş məlumatlardan aydın olur ki, Təqsirləndirilən şəxs ailə tərkibi 20 iyun 1989-cu il təvəllüdlü arvadı X3, 21 may 2018-ci il təvəllüdlü qızı Nərgiz Allahverdiyeva, 20 avqust 1959-cu il təvəllüdlü atası X6 və 13 fevral 1962-ci il təvəllüdlü anası X2 ibarətdir (Cild 2).
Əməlin tövsifi və digər hüquqi məsələlər:
33. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra mətndə - CMin) 3-cü maddəsinin tələbinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.
34. Həmin Məcəllənin təqsirə görə məsuliyyət prinsipini ehtiva edən 7-ci maddəsində isə qeyd edilir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər.
35. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” 22 iyun 2015-ci il tarixli qərarına görə, cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də, onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmiş əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir.
36. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM-in) 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı, cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. CPM-in 349.5-ci maddəsinə əsasən məhkəmə hökmünün əsaslı olması üçün məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olmalıdır. Qeyd olunan cinayət mühakimə icraatının prinsiplərinə, sübutetməyə dair cinayət-prosessual normalara, məhkəmə aktının əsaslılığına dair meyarla birlikdə götürməklə baxdıqda aydın olur ki, həmin müddəalar tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliliyi üzrə lazımınca qiymətləndirilmiş işə aid olan və bir-biri ilə uzlaşan sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, məhkəmə cinayət-prosessual qanunun 28-ci maddəsi ilə ehtiva olunan vəzifələrini yerinə yetirmiş ola, onun qəbul etdiyi qərar isə (o cümlədən, şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli olması barədə nəticə) əsaslı sayıla bilər.
37. Həmçinin Azərbaycan Respublikası Konstitusiya məhkəməsinin Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir.
38. CM-in 234.1-ci maddəsi satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə və daşımaya görə cinayət məsuliyyətini müəyyən edir. Həmin maddənin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə növündə cəza nəzərdə tutulmuşdur.
39. CM-in 234.1-1-ci maddəsinə əsasən həmin Məcəllənin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməllər külli miqdarda törədildikdə üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
40. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş Siyahıların İ siyahısının 5-ci bəndində şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün narkotik vasitə heroinin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla aşağı həddi isə 2 qram müəyyən edilmişdir.
41. Məhkəmə, Təqsirləndirilən şəxs saxlanılarkən polis əməkdaşları tərəfindən fiziki təzyiqə və pis rəftara məruz qalması ilə bağlı ifadəsində göstərdiyi xüsusatları və gətirdiyi dəlilləri onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi ağır cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək, onun ittiham olunduğu cinayət əməlini törətməsini tam sübuta yetirilmiş hesab edir.
42. Məhkəmə xüsusi vurğulamaqla qeyd edir ki, Təqsirləndirilən şəxs saxlanılarkən polis əməkdaşları tərəfindən fiziki təzyiqlərə və pis rəftara məruz qalması ilə bağlı göstərdiyi hallar onun məhz ağır cinayət əməlinə görə cinayət məsuliyyətinə cəlb olunmaqdan və cəzalanmaqdan yayınmaq məqsədi daşımasını bir daha təsdiq edir. Halbuki məhkəməyədək icraat zamanı müdafiəçisinin iştirakı ilə verdiyi ifadələrində, o cümlədən hökmün 4-cü bəndində qeyd edilən videoçəkilişlə verdiyi ifadəsində, üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilərkən (bax hökmün 18-19-cu bəndləri), habelə barəsində məhkəmə nəzarəti qaydasında qətimkan tədbiri seçilərkən və dəyişdirilərkən (bax hökmün 22 və 24-cü bəndləri) ona istinad edilən əməli səmimi etiraf etməklə törətdiyi əməldən peşman olmasını bildirmiş və hər hansı şəxs tərəfindən, o cümlədən polis əməkdaşları tərəfindən hər hansı pis rəftara məruz qalmadığını vurğulamışdır. Eyni zamanda, hökmün 30-cu bəndində də göstərildiyi kimi təqsirləndirilən şəxs istintaq təcridxanasına daxil olarkən ətraflı tibbi müayinədən keçirilmiş, adına tibbi kitabça açılmış və orada aparılmış qeydlərdən də Təqsirləndirilən şəxs həbs olunmazdan əvvəl hər hansı zədə və ya bədən xəsarəti alması müəyyən edilməmişdir. Belə olan halda, məhkəmə Təqsirləndirilən şəxs pis rəftara məruz qalması ilə bağlı ifadəsində göstərdiklərinə tənqidi yanaşaraq onlar iş materialları ilə təsdiq edilmədiyindən rədd edir.
43. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli 15 №-li qərarının 24-cü bəndində göstərilmişdir ki, CPM-in 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bildiyi üçün, irəli sürülmüş ittiham üzrə təqsirləndirilən şəxs barəsində ittiham hökmü də yalnız bu şərtə əməl olunmaqla çıxarıla bilər. Həmin qərarın 26-cı bəndində göstərilmişdir ki, CPM-in 125.8-ci maddəsinin Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Avropa Məhkəməsinin “Cənnətov Azərbaycana qarşı” işi (Jannatov v. Azerbaijan, № 32132/07, 31 iyul 2014-cü il, § 58) üzrə qərarında qeyd olunmuşdur ki, “...pis rəftar iddiaları müvafiq dəlillərlə dəstəklənməlidir. Dəlilləri qiymətləndirərkən Məhkəmə “əsaslı şübhədən kənar” sübut standartı tətbiq edir. Belə sübut kifayət qədər güclü, aydın və uyğun gələn nəticələrin və ya təkzib olunmayan oxşar fakt prezumpsiyalarının birgə mövcudluğundan irəli gələ bilər.”. Avropa Məhkəməsinin “Məmmədov və digərləri Azərbaycana qarşı” işi (Mammadov and Others v. Azerbaijan, № 35423/07, 21 fevral 2019-cu il, § 112) üzrə qərarında verilən təfsirə görə, bu qəbildən olan iddiaların əsas sübut etmə vasitəsini zorakılığın görünən nəticəsini əks edən tibbi sənədlər təşkil edir. Bununla belə, müstəsna hallarda iddia olunanların həqiqətə uyğun olub-olmadığını müəyyən etmək üçün şikayət edənin hadisə ilə bağlı təfərrüatlı ifadələrinin əsas götürülməsi mümkündür.
44. Halbuki, Təqsirləndirilən şəxs ona qarşı fiziki zorakılıq tətbiq edilməsi barədə məhkəmədə ifadəsində göstərdiklərini məhkəməyədək icraat zamanı ümumiyyətlə qaldırmamış, onun saxlanılarkən və bundan sonra hər hansı xəsarətinin olması və ya ona qarşı hər hansı fiziki, psixi və sair zorakılıq tətbiq edilməsinə dair hər hansı mötəbər sübut müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı sonradan barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilməsini, onun sərbəst olaraq barəsində hər hansı qanunsuzluq baş verdiyi halda müvafiq dövlət orqanlarına və sair qurumlara müraciət etmək imkanının olmasına baxmayaraq, belə halların olması müəyyən edilməmişdir. Eyni zamanda, Təqsirləndirilən şəxs məhkəmə iclasında qeyd etdiyi həmin hallar məhkəmə kollegiyası tərəfindən cinayət xarakterli məlumat kimi qəbul edilməklə əlavə olaraq yoxlanılması məqsədi ilə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora bu barədə məlumat göndərilmiş, hökmün 31-ci bəndində qeyd edilmiş qərardan da göründüyü kimi həmin hallar öz təsdiqini tapmamışdır.
45. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun tələblərini rəhbər tutaraq, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 4 mart 2011-ci il tarixli və “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli Qərarlarının müddəalarını da nəzərə alır.
46. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununa əsasən, həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir.
47. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 4 mart 2011-ci il tarixli 2 №-li qərarının 3-cü bəndində göstərilmişdir ki, şəxsin CM-in 234-240-cı maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsi və təqsirli bilinməsi məsələsi həll edilərkən maddələrin narkotik vasitə, psixotrop maddə, prekursor, güclü təsir edən və ya zəhərli maddə olduğunun, onların tibb məqsədləri üçün istifadəyə yararlı olub-olmamasını, bitkilərin narkotik xassəli bitkilər olmasının aydınlaşdırılması üçün xüsusi biliklər tələb edildiyindən həmin məsələlər üzrə müvafiq ekspertizanın keçirilməsi zəruridir. Maddənin məhz narkotik vasitə və ya yuxarıda göstərilən hər hansı maddə olması, onun miqdarı, bitkinin isə narkotik xassəli olması dəqiq müəyyən edilmədikdə (bu barədə ekspert rəyi olmadıqda) şəxs bunlar barədə yalnız ehtimallar əsasında yuxarıda göstərilən maddələrlə cinayət məsuliyyətinə cəlb oluna bilməz.
48. Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayət olmaqla, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilir.
49. CPM-in 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır.
50. CPM-in 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır.
51. Məhkəmə Təqsirləndirilən şəxs öz müdafiəsi üçün gətirdiyi dəlilləri əsassız hesab edərək belə nəticəyə gəlir ki, bu dəlillər yuxarıda göstərilən sübutlarla, yəni cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları ilə tam təkzib olunur.
52. Qeyd edilənlərə əsasən, məhkəmə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini tədqiq edib CPM-in 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq CM-in 234.1-1ci maddəsi ilə tövsif edilmiş və o, həmin maddə ilə təqsirli bilinərək cəzalanmalıdır.
53. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına və məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs hərəkətlərində CM-in 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin tərkibi vardır. Onun tərəfindən həmin cinayətin törədilməsi məhkəmə istintaqında tədqiq olunmuş dəlillərlə tam sübuta yetirilir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Buna görə də Təqsirləndirilən şəxs CM-in 234.1-1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır.
Cəzanın təyin edilməsi və digər həll edilən məsələlər:
54. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən CM-in 8.1-ci, 41.2-ci və 58.3-cü maddələrini rəhbər tutur, habelə “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” və “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarlarındakı müddəaları nəzərə alır.
55. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır.
56. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən CM-in 58.3-cü maddəsinə əsasən, onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır.
57. CM-in 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır.
58. CM-in 83-cü maddəsinin tələbinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur.
59. Məhkəmə CM-in 59.1.4-cü maddəsinin tələbinə əsasən himayəsində bir azyaşlı uşağının olmasını, habelə CM-in 59.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin özünü təqsirli bildiyi əmələ münasibətdə törətdiyi cinayət əməlini səmimi etiraf edərək üzərindən aşkar edilmiş narkotik vasitə heroinin mənbəyi barədə dəqiq məlumat verməklə digər şəxsin ağır cinayət əməlinin ifşa edilməsinə səbəb olmasını, barəsində seçilmiş qətimkan tədbirinin şərtlərinə riayət etməklə məhkəmə icraatı dövründə davranışını və ailəsində yeganə qazanc gətirən şəxs olmasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır.
60. Məhkəmə CM-in 61.1.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin əməlində cinayətlərin residivinin olmasını onun cəzasını ağırlaşdıran hal kimi müəyyən edir (bax hökmün 26-cı bəndi). Həmin Məcəllənin 65.1 və 65.2-ci maddələrinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz.
61. Qeyd edilənlərə əsasən, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 234.1-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş məhz azadlıqdan məhrum etmə növündə cəzanın orta həddə təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər.
62. Məhkəmə həmçinin təqsirləndirilən şəxsin cəzaçəkmə müəssisəsinin növünün də müəyyən edilməsinin zəruriliyini qeyd edir.
63. CM-in 15-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməl ağır cinayətlər kimi təsnif edilmişdir.
64. CM-in 56.1.3-cü maddəsinin tələbinə görə azadlıqdan məhrum etmə növündə cəza cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir.
65. Belə ki, hazırkı cinayət işi üzrə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs az ağır cinayət əməlinə görə təqsirli bilinib cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını çəkib qurtarmış, lakin məhkumluğu ödənilməmişdir (bax hökmün 26-cı bəndi).
66. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 158-ci maddəsində də, birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanmalıdır. Təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə onun tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət daxildir (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir (maddə 158.6).
67. İş materiallarından görünür ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs 24 avqust 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri, Xəzər Rayon Məhkəməsinin 26 avqust 2023-cü il tarixli qərarı ilə onun barəsində 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli tutulduğu 24 avqust 2023-cü il tarixdən hesablanmış, həmin məhkəmənin 10 oktyabr 2023-cü il tarixli qərarı ilə onun barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmişdir. Bakı şəhəri, Xəzər Rayon Məhkəməsinin 22 dekabr 2023-cü il tarixli qərarı Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbirinin müddəti 13 yanvar 2023-cü il tarixədək uzadılmışdır. Məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır (Cild 1, i.v. 21; 128-131; 154- 157; 226-229;)
68. Məhkəmə, CPM-in 353.4.8-ci maddəsinə əsasən, ibtidai həbs müddətinin CM-in 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə (həmçinin CPM-in 158.2-ci maddəsinə əsasən ev dustaqlığında saxlama müddətinə) bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 24 avqust 2023-cü il tarixdən hesablanmalıdır.
69. Məhkəmə hökmün 23-cü bəndində qeyd edilən ekspertiza rəyini və təqsirləndirilən şəxsə narkomaniyadan məcburi müalicənin təyin edilməsini istisna edən halların olmadığını nəzərə alaraq hesab edir ki, CM-in 92.1.2 və 93-1-ci maddələrinin tələblərinə əsasən, Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə məqsədi ilə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməli və o, ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınmalıdır.
70. Məhkəmə, CPM-in 99-1.2-ci maddəsinə əsasən, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edir.
71. Belə ki, CM-in 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur.
72. Qeyd edilənlərə əsasən, məhkəmə qeyd edir ki, hazırkı cinayət işi üzrə xüsusi müsadirə edilməli əmlak müəyyən edilməmişdir.
73. Məhkəmə, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar CPM-in 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut olub Bakı şəhəri, Xəzər RPİ-nin maddi sübutların saxlanc yerində saxlanılan, tədqiqatlardan sonra qalıq çəkisi 4,235 qram olan narkotik vasitə heroin məhv edilməli, iş materiallarında olan şəxsi axtarış və götürmə istintaq hərəkətinin keçirilməsi zamanı aparılmış videoçəkilişin əks olunduğu 1 (bir) ədəd disk və təqsirləndirilən şəxs qismində dindirmə zamanı aparılmış videoçəkilişin əks olunduğu 1 (bir) ədəd disk hazırkı cinayət işinin materiallarında saxlanılmalıdır.
74. CPM-ə əsasən, məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır.
75. Məhkəmə hesab edir ki, CPM-in 198.1-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs 81 (səksən bir) manat məbləğində məhkəmə məsrəflərinə aid olan ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir.
76. İş üzrə mülki iddia verilməmiş və üzərinə həbs qoyulmuş əmlak yoxdur.
77. CPM-in 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır.
78. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 4 mart 2011-ci il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli qərarlarının müəddəaları baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir.
79. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəza çəkməsinin əvvəli 24 avqust 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri ləğv edilsin, onun barəsində həbs qətimkan tədbiri seçilsin, o, məhkəmə iclas zalından dərhal həbsə alınsın və Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Bu hissədə hökmün icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına həvalə olunsun. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə məqsədi ilə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və o, ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınsın. İş üzrə maddi sübut olub Bakı şəhəri, Xəzər Rayon Polis İdarəsində saxlanılan 4,235 qram narkotik vasitə heroin məhv edilsin, 2 (iki) ədəd diskin hazırkı cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. Təqsirləndirilən şəxs 81 (səksən bir) manat məbləğində məhkəmə məsrəfi olan ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu, hökmün surətinin Təqsirləndirilən şəxs isə verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.