Məhkəmə qərarları › İş №1(101)-1297/2022

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1297/2022

15.07.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1297/2022 15.07.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Qəniyev Faiq Əsəd oğlunun sədrliyi ilə, hakimlər Mahmudov İlham Ağa oğlu və Əkbərov Məhəmməd Hüseyn oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - Bakı şəhəri 26 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, 14 avqust 1986-cı ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, Xətai Rayon Məhkəməsinin 21 noyabr 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, məhkumluğu götürülmüş, ünvan 1 ünvanında qeydiyyatda olan, faktiki ünvan 2 yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1-ci və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddə və külli miqdarda narkotik vasitəni əldə edib şəxsiyyəti istintaqa İran İslam Respublikasının vətəndaşı Haşimi adı ilə məlum olan şəxslə narkotik vasitə və psixotrop maddələrin satışı ilə bağlı qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək 20 mart 2022-ci il tarixdə sonuncunun göstərdiyi ünvanda, yəni, Bakı şəhəri, Qaradağ rayonu ərazisində əvvəlcədən gizlədilmiş külli miqdarda 37,184 qram çəkidə narkotik vasitə olan heroini və külli miqdarda, 19,156 qram çəkidə psixotrop maddə olan metamfetamini qanunsuz olaraq əldə edib üzərində daşımaqla saxlamış, 22 mart 2022-ci il tarixdə saat 16:40 radələrində Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri zamanı ünvan 4 ünvanının yaxınlığında saxlanılaraq Xətai rayon Polis idarəsinin 37-ci Polis Şöbəsinə gətirilərək üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan ağ rəngli idman şalvarının sağ yan cibindən 01 ədəd sellofan bükümdə təmiz çəkisi 37.184 qram təşkil edən küllli miqdarda narkotik vasitə heroin, 01 ədəd sellofan bükümdə təmiz çəkisi 19.156 qram təşkil edən külli miqdarda psixotrop maddə metamfetamin və bir ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittiham üzrə qismən təqsirli bilərək göstərdi ki, o, təxminən 2 il olardı ki, narkotik vasitə olan heroini burnuna çəkmək yolu ilə istifadə etmişdir. Narkotik vasitələri tanımadığı şəxslərdən almışdır. Tutulmamışdan təxminən 20 gün əvvəl “İnstagram” sosial şəbəkəsi vasitəsilə İran vətəndaşı olduğunu bildiyi Haşim adlı şəxslə tanış olmuşdur. Haşimlə xoş münasibətləri yarandıqdan sonra ondan istifadə etməyi üçün heroin istəmiş, Haşim isə onun bank hesabına pul göndərəcəyi halda ona heroin sata biləcəyini bildirmişdir. O, da razılaşaraq “E manat” ödəniş terminalı vasitəsilə Haşimin xatırlamadığı bank hesabına ilkin olaraq 30 manat pul göndərmişdir. Bundan sonra Haşim ona narkotik vasitəni götürmək üçün “Sədərək” ticarət mərkəzinə getməsini, narkotik vasitəni “Sədərək dairəsi” deyilən yerdə gizlətdiyini bildirmişdir. O da Haşimin dediyi ünvana gedərək oradan təxminən 2 qram heroin götürmüş və onu özü istifadə etmişdir. Bu qayda ilə o, Haşimdən bir neçə dəfə narkotik vasitə almışdır. Haşimlə danışıqların birində o, sonuncuya üzərində pulunun olmadığını, lakin bədənində ağrılar olduğundan narkotik vasitəyə ehtiyacının olduğunu deyərək ona nakotik vasitə verməsini xahiş etmişdir. Haşimi isə narkotik vasitələri satmaqda ona köməklik göstərəcəyi təqdirdə əvəzində ona həm narkotik vasitə, həm də pul verəcəyini bildirmişdir. O, həm maddi sıxıntıları olduğu üçün, həm də narkotik vasitəyə ehtiyacı olduğundan Haşimlə razılaşnmışdır. Haşim ona bildirmişdir ki, hər narkotik vasitəni bildirdiyi ünvanlara çatdırmasına görə ona öz istifadəsi üçün göndərəcəyi narkotik vasitədən əlavə 100-150 manat da pul verəcəkdir. 20 mart 2022-ci il tarixdə Haşimi “WhatsApp” sosial şəbəkəsi vasitəsi ilə onun istifadəsində olan ***-***-**-** mobil nömrəsinə zəng edərək Qaradağ rayonunda xatırlamadığı ünvandan narkotik vasitəni götürməsini istəmiş və narkotik vasitə qoyulmuş yerin şəklini ona göndərmişdir. O, da həmin ünvana gedərək 2 ədəd şəffaf bağlamada olan narkotiki götürmüş və oradan uzaqlaşaraq yaşadığı ünvana getmişdir. O, Haşimdən həmin narkotiki hara aparmalı olduğunu soruşduqda, sonuncu narkotiki hələlik özündə saxlamasını, onları aparacağı yeri sonra deyəcəyini bildirmişdir. O da Haşimlə razılaşaraq həmin narkotiki üzərində saxlamışdır. Bağlamalara baxan zaman onların birinin içərisində heroin, digərinin içərisində isə metamfetamin olduğunu görmüşdür. 22 mart 2022-ci il tarixdə saat 16:40 dəqiqədə Mingəçevir küçəsində olan zaman iki nəfər mülki geyimli şəxs ona yaxınlaşmış və xidməti vəsiqələrini göstərərək özlərini Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları kimi təqdim etmişlər. Həmin şəxslər ona narkotik vasitə saxlamaqda, daşımaqda və satmaqda şübhəli olduğunu bildirərək onu yaxınlıqda olan 37-ci Polis Şöbəsinə dəvət etmişlər. Polis şöbəsində ona hüquq və vəzifələri izah olunmuş, hüquqlarının müdafiəsi üçün vəkil də dəvət olunmuşdur. Bundan sonra videoçəkilişdən istifadə edilməklə onun üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı ona üzərində qanunla qadağan olunmuş hər hansı əşya varsa təqdim etməsi təklif olunmuş, o da əynindəki idman şalvarının sağ yan cibindən iki ədəd şəffaf sellofana bükülmüş bükülünü çıxardıb təqdim etmişdir. Sorğu zamanı bükümlərdən birində heroin, digərində isə metamfetamin olduğunu, onları iki gün əvvəl İran vətəndaşı olan Haşimi adlı şəxsin sifarişi ilə Qaradağ rayonunda xatırlamadığı ərazidən götürdüyünü və Haşiminin tapşırığına əsəsən onun deyəcəyi yerə aparacağını bildirmişdir. Şəxsi axtarış zamanı onun üzərindən həmçinin özünə məxsus içərisində ***-***-**-** nömrəsi olan “Honor” markalı mobil telefon və bir ədəd elektron tərəzi aşkar olunaraq götürülmüşdür. Bundan sonra üzərindən aşkar olunmuş bükümlər zərf qoyularaq qablaşdırılmış və möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Daha sonra şəxsi axtarış keçirilməsi barədə protokol tərtib edilərək oxunmuş və iştirakçılar tərəfindən imzalarla təsdiq olunmuşdur. Məhkəmədən bütün bu halların, həmçinin himayəsində azyaşlı uşaqlarının olmasının nəzərə alınaraq barəsində ədalətli qərar qəbul edilməsini xahiş edir. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli ilə bağlı qismən etirafını, iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 göstərdi ki, o, Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvvəkkili vəzifəsində çalışır. 22 mart 2022-ci il tarixdə Xətai rayonu, NZS qəsəbəsində yaşayan Təqsirləndirilən şəxs narkotik vasitə satması, saxlaması və gəzdirməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatın yoxlanılması məqsədi ilə əməliyyat qrupu yaradılmış və Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili Şahid2 qrupa daxil edilmişdir. Bundan sonra Şahid2la birlikdə Təqsirləndirilən şəxs olması ehtimal edilən ünvan 8 ünvana yollanmışlar və həmin gün saat 16:40 radələrində Təqsirləndirilən şəxs bənzər şəxsi müəyyən edib saxlamışlar. Özlərini təqdim edib polis əməkdaşları olduqlarını demiş və həmin şəxsin Təqsirləndirilən şəxs olmasını dəqiqləşdirmişlər. Təqsirləndirilən şəxs narkotik vasitə satmaqda, saxlamaqda və daşımaqda şübhəli olmasını bildirmişlər və onu Xətai rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsinə dəvət etmişlər. Polis şöbəsində Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etmək üçün müdafiəçi dəvət olunmuş və onun üzərinə video çəkilişdən istifadə edilməklə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş hər hansı əşya və ya predmet varsa təqdim etməsi təklif olunmuş, o da əynindəki idman şalvarının sağ yan cibindən iki ədəd şəffaf rəngli bükümü, bir ədəd elektron tərəzini və bir ədəd mobil telefonu çıxarıb təqdim etmişdir. Həmin bükümlərin içərisinə baxdıqda onlardan birinin içərisindən tünd qəhvəyi rəngli heroinə bənzər maddə, digərinin içərisindən isə kristalşəkilli metamfetaminə bənzər maddə aşkar olunmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş heroin və metamfetamini satması üçün İran İslam Respublikası vətəndaşı Haşiminin ona göndərdiyini, 20 mart 2022-ci il tarixdə Haşiminin onunla əlaqə saxlayaraq Qaradağ rayonuna getməsini və orada əvvəlcədən yerə atılmış narkotik vasitəni götürərək üzərində saxlamasını, sonra isə onun dediyi vaxtda və dediyi yerə atmasını istədiyini, onun da narkotiki götürərək Haşiminin dediyi yerə atmaq üçün üzərində saxladığını, bunun müqabilində sonuncunun ona 100-150 manat pul verəcəyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş bükümlər qablaşdırılaraq götürülmüş, bu barədə protokol tərtib olunmuş və protokol iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 Şahid1 ifadəsi ilə oxşar məzmunlu ifadə verərək onun göstərdiyi halları təsdiq etdi. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspert rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Şəxsi axtarış və götürmə aparılması haqqında 22 mart 2022-ci il tarixli protokoldan və həmin prosessual hərəkətin keçirilməsinin videogörüntüsünün yazıldığı diskə baxış keçirilməsi haqqında 24 mart 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman sonuncunun əynində olan şalvarın sağ yan cibindən bir ədəd bükümdə açıq qəhvəyi rəngli, spesifik iyə malik, narkotik vasitə heroinə bənzər kütlə, bir ədəd bükümdə ağ rəngli, kristal şəkilli, psixotrop maddə olan metamfetaminə bənzər kütlə və bir ədəd elektron tərəzi aşkar olunaraq götürülmüşdür (cild 1, iş vərəqə 30-32, 66-67). Məhkəmə-kimyəvi ekspertizasının 23 mart 2022-ci il tarixli, 6/1623 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş....” yazısı və imzalar olan kağız paketdəki 1 (bir) ədəd bükümdə təmiz çəkisi 37,184 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, 1 (bir) ədəd bükümdə təmiz çəkisi 19,156 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir və bir ədəd gümüşü rəngli elektron tərəzinin üzərində heroin və metamfetamin izləri vardır. İz şəklində olduğu üçün heroinin və metamfetaminin təmiz çəkisini və bükümlərdəki heroinlə və metamfetaminlə eyni kimyəvi tərkibli olub-olmamasını müəyyən etmək mümkün deyildir. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş siyahılara əsasən, heroin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in, “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixoptrop maddələr”in İ siyahısına daxildirlər. Ekspert tədqiqatından sonra heroinin qalıq çəkisi 37,084 qram, metamfetaminin qalıq çəkisi 19,056 qram təşkil etmişdir (cild 1, iş vərəqə 38-43). Ambulator məcburi-narkoloji tibbi yoxlamanın 18 aprel 2022-ci il tarixli, 1893 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimlyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır (cild 1, iş vərəqə 131-132). Təqsirləndirilən şəxs məxsus 01 ədəd “Honor” markalı mobil telefon aparatına baxış keçirilməsi haqqında protokoldan görünür ki, “***-***-**-** saylı mobil nömrə ilə qeydiyyatdan keçilmiş “WhatsApp” proqramında bir sıra yazışmalar aşkar olunmuşdur. Həmin yazışmalara baxış keçirilən zaman “Haşim yetər” adı ilə qeyd edilmiş +**********55 saylı mobil nömrə ilə Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil nömrənin “WhatsApp” proqramında xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan müddət ərzində narkotik vasitələrin alqı-satqısı, narkotik vasitələrin tərəzi vasitəsilə çəkilmiş şəkilləri, narkotik vasitələrin müəyyən ünvanları qoyulması və ünvanlara qoyuduqdan sonra həmin ünvanların şəkilləri, həmin ünvanlardan narkotik vasitənin Təqsirləndirilən şəxs tərəfindən götürülərək Haşimi tərəfindən qeyd olunan ünvanlara qoyulması məzmununda səs yazılarının göndərilməsi aşkar edilmişdir. Həmçinin baxış zamanı Təqsirləndirilən şəxs istifadəsində olan “WhatsApp” proqramı vasitəsi ilə “Senan Opel” adı ilə qeyd edilmiş ***-***-**-** saylı mobil nömrə arasında narkotik vasitənin satılması və alınması məzmununda yazışmanın olması aşkar olunmuşdur. Eyni zamanda Təqsirləndirilən şəxs həmin mobil nömrəsi ilə “Abican” adı ilə qeyd edilmiş ***-***-**-** saylı mobil nömrə, “Elvin Qara” adı ilə qeyd edilmiş ***-***-**-** saylı mobil nömrə və “Heçinin dostu” adı ilə qeyd edilmiş ***-***-**-** saylı mobil nömrə arasında narkotik vasitələrin satılması və alınması məzmununda müxtəlif yazışmaların olması aşkar edilmişdir. Baxışda iştirak edən Təqsirləndirilən şəxs ***-***-**-** saylı mobil nömrənin ona məxsus olduğunu, +**********55 saylı mobil nömrənin isə “Haşim yetər” adı ilə qeyd edilmiş şəxsin narkotik vasitəni və psixotrop maddəni əldə etdiyi Haşim adlı İran İslam Respublikasının vətəndaşı olduğunu bildirmişdir (cild 1, iş vərəqə 81-88). İbtidai istintaq orqanının 06 iyun 2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitə heroini və psixotrop maddə metamfetamini əldə etdiyi mənbə barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1-ci və 234.4.3-cü maddələri ilə ********* nömrəli cinayət işi ayrıca icraata ayrılmışdır (cild 1, iş vərəqə 154- 155). Cinayət işinin materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 09 oktyabr 2008-ci il və 07 iyul 2012-ci il təvəllüdlü iki azyaşlı uşağı vardır (cild 1, iş vərəqə 174-175). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin məlumatından və müvafiq hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 21 noyabr 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuşdur. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 10 dekabr 2021-ci il tarixli qərarı ilə o, “8 noyabr-Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbayacan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 2.5-ci bəndinə əsasən cəzasının çəkilməmiş hissəsindən azad olunmuş və onun üzərindən məhkumluq götürülmüşdür (cild 1, iş vərəqə 108-120). Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir, həmin əməl qəsdən törədilmişdir, başa çatmış cinayətdir, təsnifata görə ağır cinayətdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli qərarının izah və tələblərini də rəhbər tutur. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanuna əsasən, həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli 2 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. X2 11-ci bəndində göstərilmişdir ki, qeyd olunan cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi bu cinayətdə birgə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birlikdə iştirak etməsi başa düşülməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci və 234.3-cü maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsinə yönəlmiş hərəkətlər edilənədək, cinayətin iştirakçıları arasında qabaqcadan əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün razılıq əldə edilməsi müəyyən edildikdə əməl qeyd olunan cinayətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi qiymətləndirilməlidir. Qeyd olunan Plenum qərarının 14-cü bəndinin 2-ci abzasına əsasən bir neçə növ narkotik vasitənin və ya psixotrop maddənin satış məqsədi ilə əldə edilməsi, saxlanılması, hazırlanması, istehsal edilməsi, emal edilməsi, daşınması və göndərilməsi müəyyən edildikdə, külli miqdar tövsifedici əlamətin olub-olmaması məsələsi həll edilərkən hər bir növ narkotik vasitənin miqdarı əsas götürülməli, hər hansı bir növ narkotikin miqdarı külli miqdar təşkil etdikdə əməl Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilməli, aşkar olunmuş narkotik vasitələrin və psixotrop maddələrin heç biri külli miqdar təşkil etmədikdə isə əməl (satış məqsədi ilə həmin maddələrin əldə edilməsi, saxlanılması və sair) Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə tövsif edilməlidir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş müvafiq siyahıya əsasən təmiz halda 2 qramdan artıq çəkidə narkotik vasitə heroin və təmiz halda 2 qramdan artıq çəkidə psixotrop maddə metamfetamin külli miqdar təşkil edir. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1-ci və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1-ci və 234.4.3-cü maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Həmçinin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cəza təyin edərkən məhkəmə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağının olmasını, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən özünü qismən təqsirli bilərək səmimi peşman olmasını onun cəzasını yüngülləşdirən hallar qismində nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 158-ci maddəsində də birbaşa göstərilir ki, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir (maddə 158.6). Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 22 mart 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 24 mart 2022-ci il tarixli qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəlinin 22 mart 2022-ci il tarixdən hesablanması qərara alınmışdır (cild 1, iş vərəqə 21, 77-80). Ona görə də, məhkəmə göstərilənləri nəzərə almaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 22 mart 2022ci il tarixdən hesablanmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.0.1-ci maddəsinə əsasən, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.0.5-ci maddəsinə əsasən, maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılır və ya maraqlı təşkilatlara və şəxslərə verilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 135.1-ci maddəsinə əsasən, cinayət təqibi üzrə əhəmiyyət kəsb edə bilən məlumatları hərf, rəqəm, qrafika və digər işarə formasında özündə əks etdirən elektron və digər daşıyıcılar da sənəd hesab olunur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olub Bakı şəhəri, Xətai rayon Polis İdarəsinin saxlanc anbarına təhvil verilmiş, ekspert tədqiqatından sonra qalıq çəkisi 19,056 qram təşkil edən metamfetamin, qalıq çəkisi 37,084 qram təşkil edən heroin və bir ədəd elektron tərəzi məhv edilməli, cinayət işinin materiallaına əlavə edilmiş Təqsirləndirilən şəxs məxsus bir ədəd “Honor” markalı mobil telefon onun ailə üzvlərinə qaytarılmalı, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi ilə bağlı videogörüntüləri özündə əks etdirən bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsidir. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 114 (yüz on dörd) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilməlidir (cild 1, iş vərəqə 46, 213). Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün məhkəmənin qərarı ilə onun hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. Başqa sözlə, Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi məhkəmə mərhələsində Bakı şəhəri 26 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmişdir. Cinayət-Prosessual Məcəllənin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» xx.xx.2001-ci il tarixli, 31 nömrəli qərarına əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. Odur ki, həmin hesabla məhkəmə mərhələsində göstərilmiş 40 iş saatı həcmində hüquqi yardımla bağlı Müdafiəçi vəkil işlədiyi 26 saylı Vəkil Bürosunun hesabına 240 (iki yüz qırx) manat məbləğində pul köçürülməlidir. Məhkəmə gəldiyi nəticələri “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” xx.xx.2006-cı il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2011-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1-ci və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin, ona 7 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 22 mart 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilsin. İş üzrə maddi sübutlar: - Bakı şəhəri Xətai rayon Polis İdarəsinin maddi sübutların saxlanma yerinə təhvil verilmiş, ekspert tədqiqatından sonra qalıq çəkisi 19,056 qram təşkil edən metamfetamin, qalıq çəkisi 37,084 qram təşkil edən heroin və bir ədəd elektron tərəzi məhv edilsin; - cinayət işinin materiallaına əlavə edilmiş Təqsirləndirilən şəxs məxsus bir ədəd “Honor” markalı mobil telefon onun ailə üzvlərinə qaytarılsın; - Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi ilə bağlı videogörüntüləri özündə əks etdirən bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs 114 (yüz on dörd) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilsin. Məhkəmə mərhələsində göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına 26 saylıVəkil Bürosunun hesabına vəkil Müdafiəçi üçün 240 (iki yüz on) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən, apelyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar