Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1298/2023 24.07.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Hüseynov Cavid İbadulla oğlunun sədrliyi, hakimlər İsmayılov Eldar Herov oğlu və Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə, Ağalı Amil Əlabbas oğlunun katibliyi, dövlət ittihamçıları - Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin Bakı Ağır Cinayətlər Məhkəməsi üzrə prokurorları, ədliyyə müşavirləri Dövlət ittihamçısı1, Dövlət ittihamçısı2, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı3, zərər çəkmiş şəxs – Zərərçəkmiş şəxs, müdafiəçilər - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri, Abşeron Rayon Vəkil Bürosunun vəkilləri Müdafiəçi1 və Müdafiəçi2 iştirakları ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında 25 iyul 1973-cü il tarixdə Masallı rayonunun Ərkivan kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evlihimayəsində 1 nəfər azyaşlı uşağı olan, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, Masallı rayonu, Ərkivan kəndində qeydiyyatda olan və Bakı şəhəri, ünvan 1 ünvanında yaşamış, 07 fevral 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 09 fevral 2023-cü il tarixdə barəsində “həbs” qətimkan tədbiri seçilmiş, faktiki həbsdə olan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.3.2 və 32.4, 312.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, tamah niyyəti ilə etibardan suiistifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədi ilə tanışı Zərərçəkmiş şəxs ilə danışıqlar apararaq ona məxsus ünvan 2 ünvanında yerləşən 12 sot torpaq sahəsinə çıxarış almaq məsələsini DƏDRX-in əməkdaşları və “Ramiz” adlı vəzifəli şəxsə onun tərəfindən bilə-bilə qanunsuz hərəkətlər etməyə görə rüşvət verməyə təhrik edərək onun vasitəsilə həll edəcəyini vahid niyyətlə əhatə olunan qəsdlə vəd edərək 2022ci ilin avqust ayının əvvəllərində sonuncuya məxsus özgənin əmlakı olan 50.000 AZN məbləğində pulu Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 13a ünvanında yerləşən “X6”ndə ofisdə, 2022-ci ilin avqust ayının sonlarında 50.000 AZN məbləğində pulu sonuncunun dostu Şahid2 vasitəsilə Bakı şəhəri, Xətai rayonu ərazisində yerləşən “Bakı Əyləncə Mərkəzi”nin yanında, 2022-ci ilin sentyabr ayının əvvəllərində 160.000 AZN məbləğində pulu isə Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 13a ünvanda yerləşən “X6”ndə ofisdə almış, daha sonra həmin puldan 16.000 AZN pulu sonuncuya geri qaytarmaqla, ümumilikdə 244.000 AZN məbləğində pulu ələ keçirməklə əmlak sahibinə maddi ziyan vurmaqla dələduzluq etmişdir, yəni qeyd olunan hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.3.2 və 32.4, 312.2-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmişdir. Təqsirləndirilən şəxs münasibətdə Azərbaycan Respublikası CM-nin 178.3.2 və 32.4, 312.2-ci maddələri ilə irəli sürülmüş ittiham üzrə məhkəmə baxışına təqdim edilmiş sübutlar məhkəmə iclasında hərtərəfli, tam və obyektiv araşdırılmış, onun etibardan suiistifadə etmə və aldatma yolu ilə zərər çəkmiş şəxsin külli miqdarda əmlakını ələ keçirmədə ehtiva olunan Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulan dələduzluq cinayətini törətməkdə təqsirliliyi araşdırılan mötəbər və təkzibolunmaz sübutlarla öz təsdiqini tapsa da, onun Azərbaycan Respublikası CM-nin 32.4,312.2-ci maddəsi ilə nəzərdə tutulan vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar qeyrilərinin xeyrinə edəcəyi bilə-bilə qanunsuz hərəkətə görə özü vasitəsilə birbaşa yolla maddi nemətin vahid niyyətlə rüşvət qismində verilməsinə qeyrilərini təhrik etmə cinayətini törətməkdə təqsirliliyi təsdiq olunmamışdır. Belə ki, cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona qarşı Azərbaycan Respublikası CM-nin 178.3.2 və 32.4, 312.2-ci maddələri ilə elan edilmiş ittihamla özünü təqsirli bilsə də, ifadəsində göstərdi ki, o, zərərçəkmiş şəxslə tanış olmuş, ittihamda göstərilən məbləğin 200.000 manatını sonuncudan Xırdalan ərazisində evlər tikib satmaq məqsədilə borc almış, qalan 44.000 manatını isə zərər çəkmiş Zərərçəkmiş şəxs ünvan 2 ünvanında yerləşən torpaq sahəsinə çıxarış almaq məqsədilə almış, işlər alınmadıqda isə hələ məhkəməyədək icraat mərhələsində aldığı bütün pulları sahibinə qaytarmışdır. Təqsirləndirilən şəxs məhkəməyədək icraat mərhələsində vermiş olduğu ifadələri elan edilməklə tədqiq edilmiş və müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat mərhələsində daha səmimi olmuş, özünü tam təqsirli bilərək işin halları ilə bağlı etirafedici ifadələr verib göstərmişdir ki, o, əvvəllər “Asfarm” şirkətində ekspeditor vəzifəsində işləmiş, lakin 2020-ci ildə şirkətdə olan ixtisarla əlaqədar olaraq işdən çıxarılmış və bundan sonra heç bir yerdə işləməmişdir. 2022-ci ilin avqust ayında Anar adlı tanışı onunla söhbətində Zərərçəkmiş şəxs adlı bir tanışının torpaq sahəsi olduğunu, sonuncunun həmin torpaq sahəsinə çıxarış almaq istədiyini bildirmişdir. O, Anara onu Ağa ilə danışdırmasını demiş, çalışıb həmin torpaq sahəsini sənələşdirmək üçün bir yol tapacağını bildirmişdir. Belə də olmuş, Ağa onun 055 858-45-45 mobil nömrəsinə zəng etmiş və görüşüb söhbət etməyi təklif etmişdir. Ağa ilə ilk dəfə onun Xətai rayonu, Xocalı parkı yaxınlığında olan “X6”ndə yerləşən ofisində tanış olmsuşdur. Ağa ona ünvan 2 ünvanında yerləşən torpaq sahəsinə çıxarış almaq lazım olduğunu demiş, o da bu işi həll edə biləcəyini bildirmişdir. O, işi həll etməsi üçün ilkin olaraq beh məbləği istəmiş, Ağa ona 50.000 manat nağd pul vermişdir. Bundan sonra 2022-ci ilin sentyabr ayının sonlarında Ağa ona əlavə olaraq həmin ofisində daha 50.000 manat pul vermişdir. Bundan bir müddət sonra, yəni, 2022-ci ilin snetyabr ayında Ağa öz ofisində ona daha 160.000 manat pul vermişdir. Bununla da Ağa ona torpağa çıxarış alması üçün cəmi 260.000 manat pul vermişdir. Bundan sonra o, işi həll etmək üçün müxtəlif vasitələrə baş vurmağa çalışsa da, məsələni həll edə bilməmişdir. Təqsirləndirilən şəxs ifadəsinin davamında göstərdi ki, o, Ağadan aldığı 260.000 manatın 160.000 manatını tanımadığı yerdə, dəqiq xatırlamadığı vaxtda itirmiş, Ağanın onda 100.000 manat pulu qalmışdır. Onun məqsədi Ağadan aldığı pullarla həqiqətən sonuncuya məxsus torpağa çıxarış almaq olmuşdur. O, həmin işi həll edəcəyi təqdirdə, həmin puldan 20.000-30.000 manat pul onun özünə qazanc qalacaqmış. O, cinpyət işinin ibtidai istintaqı zamanı da hər şeyi olduğu kimi etiraf etmiş, Ağa ilə danışıqları zamanı işi “Ramiz” adlı şəxs vasutəsilə həll edəcəyinə dair heç bir söz vermədiyini, ümumiyyətlə işin həlli üçün heç bir şəxsin adını hallandırmamış, kimisə rüşvət verməyə məcbur etməmişdir. Hazırda Ağaya verəcəyi pulların hamısını qaytarmış, Ağaya heç bir borcu qalmamışdır. Tutduğu əməldən səmimi peşiman olmuşdur (iş vərəqə: 68-71, 85-87). Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs sərbəst ifadəsində giriş olaraq ittihamda göstərilən, ona vurulmuş 260.000 manat maddi zərərin 200.000 manatını Təqsirləndirilən şəxs borc olaraq verdiyini, Elçini uşaqlıqdan tanıdığını, onunla birlikdə güləşdiklərini, 200.000 manatı ona dost kimi verdiyini göstərsə də, məhkəməyədək icraat mərhələsində vermiş olduğu ifadəsi tədqiq olunduqda ibtidai istintaq zamanı verdiyi ifadənin daha doğru olduğunu, həmin ifadəsini təssiq etdiyini bildirib göstərdi ki, 2021-ci ildə ünvan 2 ünvanında yerləşən 12 sot torpaq sahəsini alqı-satqı müqaviləsi əsasında X4 adlı şəxsdən almış, torpaq özəl olmasa da, torpaq sahəsində mövcud olan tikililərin çıxarışı olmuşdur. O, həmin torpaq sahəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq niyyətində olmuş və ilk öncə torpaq sahəsinə çıxarış əldə etmək qərarına gəlmişdir. Odur ki, belə işləri görə biləcək adam axtarmışdır. Dostlarla bu barədə söhbət edən zaman uşaqlıqdan tanıdığı Şahid2 ona torpaq sahələrinə çıxarışların alınmasında kifayət qədər təcrübəsi olan Təqsirləndirilən şəxs belə işlərdə ona köməklik edə biləcəyini demişdir. O, Anardan onu Elçinlə tanış etməsini xahiş etmişdir. 2022-ci ilin avqust ayının əvvəllərində Anarın vasitəsilə Elçinlə Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 13a ünvanında yerləşən “X6”ndə icarə əsasında işlədiyi ofisdə görüşüb tanış olmuşdur. Həmin vaxt Elçinlə bərabər onun Rövşən adlı dostu da gəlmişdir. Onlar bir qədər tanışlıqdan sonra torpaq barəsində söhbət etdikdə Elçin Əmlak Məsələləri Dövlət Xidmətində yüksək vəzifələrdə çalışan məmur tanışları olduğunu və həmin torpaq sahəsinə çıxarışın alınmasında ona lazımi köməklik edəcəyini bildirmişdir. Elçin görəcəyi işə görə onun ümumilikdə 850,000 manat xərcinin çıxacağını bildirmiş, ilkin olaraq işə başlamaq üçün ondan 50,000 manat pul istəmişdir. Elçinin dediyinə görə ondan istədiyi külli miqdarda pulu Əmlak Məsələləri Dövlət Xidmətində işləyən məmurlara verməklə məsələni həll edəcəkdir. Hətta Elçin onun yanında öz mobil telefonu ilə kimlərləsə danışmış, Əmlak Məsələləri Dövlət Xidmətində işləyən məmur tanışları ilə torpaqla bağlı söhbətlər etdiyini bildirmiş, onu inandırmağa çalışmışdır. Elçinin dediyinə görə o, Əmlak Məsələləri Dövlət Xidmətində işləyən məmur tanışı və Nərimanov rayonunda yerləşən Dövlət torpaqlarının özəlləşdirilməsi idarəsinin rəis müavini vəzifəsində işləyən “Ramiz” adlı məmurun vasitəsilə torpağın özəlləşdirilməsi məsələsini həll edəcəkdir. Elçinin şərtləri onu qane etdiyindən o, Elçinin ilkin olaraq istədiyi 50,000 manat pulu dostu Anarın və Elçinin yanında gələn Rövşənin iştirakı ilə Elçinə vermişdir. Həmçinin, torpağa aid alqısatqı müqaviləsinin və torpaq ərazisində olan tikililərə aid çıxarışların kserosurətlərini də Elçinə vermişdir. Elçin sənədləri və pulu ondan aldıqdan sonra 45 gün müddətində torpağa çıxarış alacağına vəd vermişdir. Danışıqlarına əsasən yerdə qalan pulları hissə-hissə Elçinə verəcəyinə razılaşmışlar. İlk görüşdən təxminən 15 gün sonra Elçin özünə məxsus ***-***-**-** saylı mobil nömrəsi ilə onun 050- ***-**-** saylı mobil nömrəsi ilə əlaqə saxlayıb yenidən ondan 50,000 manat pul istəmişdir. O, 50,000 manat pulu Anara vermiş və həmin pulu Xətai rayonu ərazisində Elçinə verməyi tapşırmışdır. Daha sonra o, Elçinlə əlaqə saxladıqda Elçin 50,000 manat pulu Anardan aldığını təsdiq etmişdir. Beləliklə, onun Elçinə verdiyi pul ümumilikdə 100,000 manat olmuşdur. Zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs ifadəsinin davamında göstərdi ki, axırıncı görüşdən təxminən 15 gün sonra Elçin yenidən onunla əlaqə saxlayıb işlərin yolunda getdiyini bildirib ondan yenidən 160,000 manat pul istəmişdir. O, 160,000 manat pulu Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 13a ünvanında yerləşən “X6”ndə olan ofisdə işçisi Şahid1 yanında Elçinə vermişdir. Elçin şəxsən özü pulu sayıb ondan təhvil almış və işlərin artıq yekunlaşmaq üzrə olduğunu bildirmişdir. Elçin danışdıqları ümumi məbləğin qalan hissəsini isə sənəd hazır olduqdan sonra Əmlak Məsələləri Dövlət Xidmətinə yaxınlaşıb orada işləyən Ramiz adlı əməkdaşa verəcəyini və torpağa aid çıxarışı alacağını bildirmişdir. Ümumilikdə onun Elçinə ödədiyi məbləğ 260,000 manat olmuşdur. Elçin hər dəfə ondan pul aldıqda, aldığı pulları tam şəkildə Əmlak Məsələləri Dövlət Xidmətində işləyən məmurlara verdiyini demiş, lakin həmin şəxsin kimliyi barədə məlumat vermirmişdir. Elçinin vəd verdiyi vaxt tamam olduqda o, Əmlak Məsələləri Dövlət Xidmətinə yaxınlaşıb torpağın sənədi ilə maraqlanmış, torpaq sahəsinə aid heç bir sənəd mövcud olmadlığı ona məlum olmuşdur. O, Elçinə zəng vurub bu barədə bildirdikdə Elçin müxtəlif bəhanələr gətirməyə başlamış və həmin vaxt Elçinin onu aldadaraq pulunu ələ keçirdiyini başa düşmüşdür. Bundan sonra Elçinlə problemlər yaranmağa başlamış və o, Elçinə verdiyi pulları geri tələb etməyə başlamışdır. Elçin əvvəl olduğu kimi yenədə pulların Əmlak Məsələləri Dövlət Xidmətində işləyən kimlərdəsə olduğunu və həmin şəxslərdən alıb ona qaytaracağına söz vermişdir. Zərərçəkmiş şəxs ifadəsinin davamında göstərdi ki, 13 oktyabr 2022-ci il tarixdə o, Elçinə zəng vurub ofisə dəvət etmiş, onunla pulları nə vaxt qaytaracağı barədə söhbət etmək istəmişdir. Elçin ofisə gəldikdən sonra ondan pulları geri qaytarması üçün vaxt istəmiş, o, etiraz etməmiş, lakin ondan bu barədə yazılı iltizam istəmişdir. Odur ki, işçisi Şahid1 və Elçinlə ümumi tanışı olan Şahid4 Oktay oğlunun iştirakı ilə aralarında öhdəlik sözləşməsi bağlanmış və həmin kağızda Elçin l ay ərzində 260,000 manat pulu qaytaracağına öhdəlik götürmüşdür. Lakin həmin müddətdə Elçin aldığı pulları qaytarmamış, əksinə müxtəlif tanışlarının vasitəsilə ona zənglər etdirərək pulları qaytarmasında ona müəyyən vaxt verməsini və ondan şikayət etməməsini xahiş etmişdir. 3-4 ay ərzində Elçinlə telefonla əlaqə saxlayıb pulları xoşluqla geri almağa cəhd etsə də, istəyinə nail ola bilməmiş və Elçinin pulları geri qaytarmaq fikri olmadığını başa düşmüşdür. Odur ki, şikayət etmək qərarına gəlmişdir. Zərərçəkmiş şəxs ifadəsinin yekununda göstərdi ki, ibtidai istintaq mərhələsində ona dəymiş zərər tam ödənilmiş və onun Təqsirləndirilən şəxs qarqşı heç bir şikayəti və tələbi qalmamışdır. Məhkəmədəki ifadəsinin əvvəlində ona vurulan maddi zərərin 200.000 manatının Təqsirləndirilən şəxs borc olaraq verməsini göstərməkdə məqsədi Elçinə kömək etmək niyyətinin olması olmuşdur. Bununla bağlı rayon prokurorluğuna ərizə ilə mraciət edib Təqsirləndirilən şəxs bağışladığını bildirmişdir. Bundan başqa, iş üzrə işi üzrə şahid qismində dindirilən Şahid1 ifadəsində göstərmişdir ki, 2022-ci ilin aprel ayından “Professional Kulinarlar Cəmiyyəti” İctimai Birliyinin sədr müavini vəzifəsində işləmiş, həmin İBirliyin sədri Zərərçəkmiş şəxs olmuşdur. O, uzun müddət Ağa ilə dostluq etmiş, Ağanın gördüyü bütün işlərdən demək olar ki, onun xəbəri olmuşdur. Ağa 2021-ci ildə ünvan 2 ünvanında yerləşən 12 sot torpaq sahəsini alqı-satqı müqaviləsi əsasında X4 adlı şəxsdən almışdır. Torpaq özəl olmasa da, torpaq sahəsində mövcud olan tikililərin çıxarışı olmuşdur. Həmin torpaq sahəsində Ağa sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq, torpaq sahəsinə çıxarış istəmişdir. Ağa həmin işlərin görülməsini həyata keçirən adam axtarmışdır. Tanışları Şahid2 bu işdə kifayət qədər təcrübəsi olan Təqsirləndirilən şəxs adlı birini məsləhət görmüş, sonuncunun bu işlərdə Ağaya köməklik edə biləcəyini demişdir. Anar Ağanın xahişi ilə onu Elçinlə tanış etmişdir. Ağanın deməçsinə görə Elçin ona Əmlak Məsələləri Dövlət Xidmətində yüksək vəzifələrdə çalışan məmur tanışları olduğunu demiş və həmin torpaq sahəsinə çıxarışın alınmasında Ağaya lazımi köməklik edəcəyinə söz vermişdir. Bu işin müqabilində Elçin Ağanın ümumilikdə 850,000 manat xərcinin çıxacağını bildirmiş və ilkin olaraq işə başlamaq üçün ondan 50,000 manat pul istəmişdir. Elçinin dediyinə görə Ağadan istədiyi külli miqdarda pulu Əmlak Məsələləri Dövlət Xidmətində işləyən məmurlara verməklə məsələni həll edəcəkdir. X8 yanında Əmlak Məsələləri Dövlət Xidmətində işləyən məmur tanışlarına zəng vurub torpaqla bağlı söhbətlər edərək Ağanı inandırmağa çalışmışdır. Ağa Elçinin istədiyi 50,000 manat pulu Anarın və Elçinin yanında onun tanışı Rövşənin iştirakı ilə Elçinə vermişdir. Ağa torpağa aid alqı-satqı müqaviləsini və torpaq ərazisində olan tikililərə aid çıxarışların kserosurətlərini də Elçinə vermişdir. Elçin sənədləri və pulu aldıqdan sonra qısa müddət ərzində torpağa çıxarış alacağına vəd vermişdir. Danışığa əsasən Ağa qalan pulları hissə-hissə Elçinə verəcəyini bildirmişdir. Bütün bu qeyd etdiklərini ona Ağa danışmışdır. Bundan sonra bildiyinə görə Ağa Anarın vasitəsi ilə Elçinə 50,000 manat, 2022-ci ilin avqust ayının sonlarında isə Elçinə 160,000 manat pul vermişdir. X3 ödədiyi məbləğ 260,000 manat olmuşdur. Şahid1 ifadəsinin davamında göstərdi ki, o, bir neçə dəfə Ağa ilə Elçin arasında olan söhbətlərdə iştirak etmiş, Elçin hər dəfə Ağaya vəd vermişdir ki, tam arxayın olsun, torpağın sənədin Ağaya təhvil verəcəkdir. Elçin Ağadan aldığı pulu tam şəkildə Əmlak Məsələləri Dövlət Xidmətində işləyən məmurlara verdiyini bildirmiş, lakin həmin şəxsin kimliyi barədə onlara məlumat verməmişdir. Elçinin dediyi vaxt tamam olduqda Ağa Əmlak Məsələləri Dövlət Xidmətinə yaxınlaşıb torpağın sənədi ilə maraqlanmış, torpaq sahəsinə aid heç bir sənəd mövcud olmadlığı ona məlum olmuşdur. Bundan sonra Ağa Elçinə verdiyi pulları geri tələb etməyə başlamış, lakin Elçin əvvəl olduğu kimi yenə də pulların Əmlak Məsələləri Dövlət Xidmətində işləyən kimlərdəsə olduğunu və həmin şəxslərdən alıb qaytaracağını bildirirmiş. Elçin pulları qaytarmağa vaxt istədiyindən Ağa etiraz etməmiş, lakin onun və ümumi tanışlarının olan Şahid4 Oktay oğlunun iştirakı ilə Ağa ilə Elçinin arasında öhdəlik sözləşməsi bağlanmış və həmin kağızda Elçin bir ay ərzində 260,000 manat pulu qaytaracağına öhdəlik götürmüşdür. Lakin Elçin həmin müddətdə pulları qaytarmadığından Ağa şikayət etmək qərarına gəlmişdir. Aldığı məlumata görə Elçin Ağaya olan borcunu ödəmişdir. İş üzrə məhkəmə baxışı zamanı şahid qismində dindirilən Şahid2, Şahid3 və Şahid4 məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs və Şahid1 ilə oxşar məzmunda ifadələr verib sonuncuların ifadələrində göstərdikləri xüsusatları bir daha təsdiq etmişlər. Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə məhkəməyədək icraat mərhələsində şahid qismində dindirilmiş Şahid5 ifadəsi elan edilməklə tədqiq olunmuşdur. Şahid5 tədqiq olunan həmin ifadəsində göstərmişdir ki, Masallı rayonunda doğulmuşdur, 2005-ci il tarixdə Təqsirləndirilən şəxs ilə ailə həyatı qurmuşdur. Birgə nikahlarından 3 övladları vardır. Böyük oğlunun 16 yaşı, ortancıl oğlunun 15 yaşı, kiçik oğlunun isə 3 yaşı vardır. Elçinlə birlikdə əvvəllər Masallı rayonunda yaşamışdırlar. Lakin 2017-ci il tarixdə Bakı şəhərinə köçərək burada yaşamağa başlamışdırlar. Elçin uzun illər Masallı rayonunda aptekçilik və əczaçılıq işləri ilə məşğul olmuşdur. Həmin ərəfələr qazancı normal olmuşdur. Bakı şəhərinə köçdükdən sonra Elçinin işləri bir qədər düz gətirməmiş və əvvəlki kimi işləyə bilməmişdir. Tutulana qədər son 1 il idi ki, Elçin ümumiyyətlə işləməmişdir. Elçinin Ağa adlı şəxslə tanışlığı və əlaqələrinin olması barədə onda heç bir məlumat olmadığını bildirmişdir. Ümumiyyətlə Elçin xarakter olaraq heç vaxt işləri barədə evdə danışmamışdır. xx.xx.2023-cü il tarixdə qəfildən Elçinin polis tərəfindən tutularaq prokurorluğa aparıldığını və barəsində həbs seçildiyini eşitmişdirlər. Bu ana qədər ümumiyyətlə heç nədən xəbərlari olmamışdır. Maraqlandıqda məlum olmuşdur ki, Elçin Ağa adlı bir nəfərdən hansısa işi görmək üçün 244.000 manat pul alıb, lakin işi həll edə bilməyib və pulu da Ağaya qaytarmayıb. Bu səbəbdən də onu tutmuşdurlar. Şahid5 tədqiq olunan həmin ifadəsində daha sonra göstərmişdir ki, Elçin həmin pulu alıb 1 qəpiyini də evə xərcləməmişdir. Hətta öz hazırda yaşadıqları ev də kreditdədir. Elçinin heç evlərinin kreditinin də ödənişini etmədiyini, avtomobilinin belə olmadığını demişdir. Yəni Elçinin həmin pulu evə xərcləmədiyini və ya evə gətirmədiyini demişdir. O, Elçinin həmin pulu hara xərcləməsinin özünə də maraqlı olduğunu demişdir. Bu barədə onda məlumat olmadığını demişdir. Telefonla 1-2 dəfə Elçinlə danışdıqlarını, onda da ona bir nəfərdən pul alıb qaytara bilmədiyi üçün tutulduğunu dediyini bildirmişdir (iş vərəqə: 125-127). Bundan başqa, iş üzrə Zərərçəkmiş şəxs məhkəməyədək icraat mərhələsində təqdim etdiyi elektron yaddaş daşıyıcısında olan səs yazıları və videogörüntülərə Təqsirləndirilən şəxs iştirakı ilə baxış keçirilmiş və sonuncu həmin fayllardakı səslərin, yazışmaların və görüntülərin özünə və zərər çəkmiş AğaAşurova məxsus olduğunu təsdiq etmişdir. Qeyd olunan həmin səs yazıları və yazışmalarla Təqsirləndirilən şəxs tərəfindən zərər çəkmiş şəxsi rüşvət verməyə təhrik etməklə etibardan sui-istifadə edib aldadaraq özgəyə məxsus pulu ələ keçirib dələduzluq etməsi təsdiq olunur. Məhkəmə baxışı zamanı tədqiq edilmiş səs yazıları yüklənmiş 01 ədəd elektron yaddaş daşıyıcı iş üzrə maddi sübut kimi tanınmış və iş materiallarına əlavə edilmişdir (iş vərəqə: 111-112). Beləliklə, məhkəmə tam, hərtərəfli və obyektiv araşdırma aparıb, tədqiq olunan sübutlar toplusuna məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə zərər çəkmiş şəxsin külli miqdarda əmlakını ələ keçirmədə ehtiva olunan Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulan dələduzluq cinayətini törətməkdə təqsirliliyi araşdırılan mötəbər və təkzibolunmaz sübutlarla təsdiqini tapdığından onun cinayət əməli bu hissədə ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə düzgün ixtisaslaşdırılmışdır. Lakin məhkəmə baxışı nəticəsində Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 32.4,312.2-ci maddəsi ilə nəzərdə tutulan vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar qeyrilərinin xeyrinə edəcəyi bilə-bilə qanunsuz hərəkətə görə özü vasitəsilə birbaşa yolla maddi nemətin vahid niyyətlə rüşvət qismində verilməsinə qeyrilərini təhrik etmə cinayətini törətməkdə təqsirliliyi təsdiq olunmamışdır. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlmişdir ki, Təqsirləndirilən şəxs cinayət əməli məhkəmə tərəfindən Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə tövsif edilməli, Təqsirləndirilən şəxs həmin maddə ilə təqsirli bilinərək cəzalandırılmalı, lakin Azərbaycan Respublikası CM-nin 32.4, 312.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsiri sübuta yetirilmədiyindən ona bəraət verilməlidir. Belə ki, "Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli Qərarının 1ci bəndində qeyd olunur ki, Cinayət Məcəlləsinin İX bölməsinin iyirmi üçüncü fəslində nəzərdə tutulmuş başqa talama cinayətlərindən fərqli olaraq dələduzluq cinayəti aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında könüllü surətdə verir. Törədilmiş əməl o halda Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirməsinə, yaxud da əmlak hüquqlarının əldə etməsinə yönəlmiş olsun. Həmin qərarın 5-ci bəndində məhkəmələrə tövsiyə olunur ki, şəxs əmlakı (əmlaka olan hüququ) əldə edərək onların verilməsinin şərtləri ilə bağlı öhdəlikləri yerinə yetirmək niyyətində olmadıqda və nəticədə zərər çəkmiş şəxsə maddi zərər vurulduqda, onun əməli o halda dələduzluq kimi qiymətləndirilir ki, təqsirkarın özgə əmlakının talanmasına və ya əmlaka olan hüquqa yiyələnməsinə yönəlmiş niyyəti həmin əmlakı və ya əmlaka olan hüququ əldə edənədək yaranmış olsun. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli Qərarından irəli gələn və yuxarıda qeyd olunan tövsiyyələr, müəyyən olunduğu kimi, Azərbaycan Respublikası CM-nin 178.4-cü maddəsində ehtiva olunan əlamətlər Təqsirləndirilən şəxs cinayət əməlində əhatə olunur. Azərbaycan Respublikası CM-nin 7.1-ci maddəsinin tələbinə görə yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri (burada: Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi) müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmədə təqsirləndirilən şəxs Asəf Ağazadənin əməlinin cinayət olmasını aradan qaldıran hallar, onu Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə cinayət məsuliyyətindən və cəzadan azad etmə üçün əsaslar müəyyən edilməmişdir. Cinayət işinə məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs ifadələrində təqsirsizliyi ilə bağlı bu və ya sair formada gətirdiyi dəlilləri onun cinayət məsuliyyətindən və cəzadan yaxa qurtarmaq məqsədilə seçmiş olduğu müdafiə taktikası kimi qiymətləndirir. Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası CM-nin 32.4,312.2-ci maddəsi ilə irəli sürülmüş ittihamın təsdiq olunmamasına gəldikdə isə məhkəmə belə nəticəyə gəlir ki, aşağıdakı əsaslara görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 32.4,312.2-ci maddəsi ilə nəzərdə tutulan cinayətin törədilməsində təqsirli bilinə bilməz. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəmənin Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 2015-ci il 11 iyun tarixli Qərarının 36-cı bəndində göstərilmişdir ki, şəxs, o cümlədən müvafiq səlahiyyətləri olmayan vəzifəli şəxs rüşvətxorluqda vasitəçilik etmək adı altında hər hansı hərəkətin (hərəkətsizliyin) edilməsinə görə səlahiyyətli vəzifəli şəxsə vermək adı ilə digər şəxsi rüşvət verməyə təhrik etdikdə və vədinə əməl etmək niyyətində olmayaraq pul və ya sair nemətləri ondan alıb ələ keçirdikdə onun əməli həm dələduzluq (Cinayət Məcəlləsinin 178ci maddəsi), həm də rüşvət verməyə təhrik etmə (Cinayət Məcəlləsinin 32.4, 312-ci maddələri) kimi qiymətləndirilir. Məhkəmə baxışı zamanı isə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs cinayət hadisəsinin baş verdiyi mərhələdə heç bir yerdə işləməmiş, onun Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reestri Xidməti və ya onun struktur bölmələri heç bir, o cümlədən həmin Xidmətdə və ya onun struktur bölmələrində daşınmaz əmlakın qeydiyyata alınması, çıxarış verilməsi məsələləri ilə əlaqəsi olmamış, ona bu sahələrdə qanunla müəyyən olunan vəzifə və ya səlahiyyətlər verilməmişdir. Müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs faktiki zərər görmüş şəxsə məxsus əmlakı əldə edərək onların verilməsinin şərtləri ilə bağlı, yəni Daşınmaz Əmlakın Dövlət Reestri Xidməti və ya onun qurumlarında daşınmaz əmlakın qeydiyyata alınıb həmin əmlaka dair çıxarışlar verilməsi üçün qeyri-müəyyən vəzifəli şəxsə rüşvət verməklə daşınmaz əmlaka dair çıxarış verilməsi barədə götürdüyü öhdəlikləri yerinə yetirmək niyyətində olmamış və nəticədə cinayət işində adı keçən zərər çəkmiş şəxsə faktiki maddi zərər vurulmuşdur. Həmçinin müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs özgə əmlakının talanmasına və ya əmlaka olan hüquqa yiyələnməsinə yönəlmiş niyyəti həmin əmlakı və ya əmlaka olan hüququ əldə edənədək yaranmışdır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reestri Xidməti və ya onun struktur bölmələri ilə istər faktiki və istərsə də dolayısı ilə hər hansı bir bağlılığının olması, Xidmətin istər aşağı kateqoriyalı və istərsə də vəzifəli şəxsləri ilə yaxından və ya uzuqdan münasibətlərinin olması, baxılan iş üzrə törənmiş cinayət hadisəsinə hər hansı aidiyyətlərinin olması müəyyənləşdirilməmişdir. Məhkəmə “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1, 178-ci maddələrinin və 312-ci maddəsinin qeyd hissəsinin əlaqəli şəkildə şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 14 iyul 2022-ci il tarixli Qərarına istinadən qeyd edir ki, hüquq ədəbiyyatında belə fikir ifadə olunur ki, yalançı vasitəçinin hərəkətləri rüşvət verməyə təhrik kimi qiymətləndirilə bilməz, çünki yalançı vasitəçinin niyyəti bütün digər iştirakçılarla birgə bir cinayət əməlini törətməyə (rüşvət verməyə) deyil, digər şəxslərin əmlakını ələ keçirməyə şərait yaratmağa yönəlmişdir. Rüşvət verməyə təhrik kimi görünən hərəkətlər əslində dələduzluğun üsuludur. Bundan əlavə, yalançı vasitəçi rüşvət verənlə rüşvət alan arasında korrupsiya razılaşmasının əldə olunmasına çalışmır, ona görə də onun əməli korrupsiya cinayətinin obyektinə zərər vura, yəni dövlət orqanlarını nüfuzdan sala bilməz. Yalançı vasitəçinin niyyəti dövlət qulluğunun mənafeyinə deyil, müstəsna olaraq əmlak münasibətlərinə zərər vurmağa yönəlmişdir. Azərbaycan Respublikası CPM-nin 42.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirliliyinin sübuta yetirilməməsi (maddə 42.1.4.) əsasları ilə bəraət hökmü çıxarılır. Lakin məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası CM-nin 32.4,312.2-ci maddəsi üzrə irəli sürülmüş ittiham təsdiq olunmadığından məhkəmə çıxışları mərhələsində dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin Bakı Ağır Cinayətlər Məhkəməsi üzrə prokuroru Dövlət ittihamçısı3 Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.4,312.2-ci maddəsi üzrə irəli sürülmüş ittihamdan, həmin ittihamın məhkəmə baxışı zamanı təsdiq edilməməsi əsası ilə imtina etmiş və Təqsirləndirilən şəxs barəsində CM-nin 32.4,312.2-ci maddəsi ilə olan ittihamın ümumi ittihamdan xaric olunmasını və cinayət təqibinə xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə baxılan iş üzrə təqdim olunan sübutları tam, obyektiv və hərtərəfli araşdıraraq belə nəticəyə gəlmişdir ki, dövlət ittihamçısının ittihamdan imtinası əsaslı olduğundan təmin olunmalıdır. Azərbaycan Respublikası CPM-nin 314.2-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı dövlət ittihamçısı qanunun tələblərini və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanan öz daxili inamını rəhbər tutur. Məhkəməyədək icraat zamanı təqsirləndirilən şəxsə elan edilmiş ittiham məhkəmə baxışı zamanı təsdiq edilmədikdə, o, həmin ittihamdan imtina etməyə haqlıdır. Məhkəmə baxışı zamanı dövlət ittihamçısının və xüsusi ittihamçının ittihamın müdafiəsindən imtina etdikləri halda (yekun məhkəmə qərarının çıxarılması üçün məhkəmənin müşavirə otağına getməsindən əvvəl) məhkəmə bu Məcəllənin 43.1-ci maddəsinin müddəalarına əsasən cinayət təqibinə xitam verməlidir. Həmin Məcəllənin 43.1 və 43.1.1-ci maddələrinə əsasən dövlət ittihamçısı və xüsusi ittihamçı cinayət təqibindən imtina etdikdə məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsirini nəzərə alır. İşdə olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin əməliyyat-sorğu arayışlarından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir (50-51). Cinayət işinə məhkəmə baxışı zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs cinayət əməli nəticəsində Zərərçəkmiş şəxs faktiki yetirilmiş maddi zərər tam şəkildə ödənilmiş, cinayətin zərərli nəticələri aradan qaldırılmış, zərər çəkmiş şəxslə Təqsirləndirilən şəxs arasında barışıq əldə edilmişdir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs müvafiq ərizəsini məhkəməyə təqdim edib, ona vurulmuş maddi zərərin tam ödənildiyini bildirmiş və Təqsirləndirilən şəxs qarşı şikayət və tələblərinin olmadığını qeyd etmişdir. Bundan başqa, məhkəmə baxışı zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2007-ci il və xx.xx.2008-ci il tiəvəllüdlü iki nəfər yetkinlik yaşına çatmayan və xx.xx.2018-ci il təvəllüdlü bir nəfər azyaşlı uşağı vardır. Daha sonra Masallı Rayon İcra Hakimiyyəti Başçısının Ərkivan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş xasiyyətnamə ilə müəyyən edildi ki, Təqsirləndirilən şəxs bmüsbət xarakterizə olunur. Qeyd olunanlara əsasən məhkəmə Təqsirləndirilən şəxs ilə zərər çəkmiş şəxs arasında barışıq əldə olunmasını Azərbaycan Respublikası CM-nin 59.1.12-ci maddəsinə, cinayət nəticəsində dəymiş ziyanın tam ödənilməsini və aradan qaldırılmasını həmin Məcəllənin 59.1.13-cü maddəsinə, Təqsirləndirilən şəxs himayəsində bir nəfər azyaşlı uşağının olmasını həmin Məcəllənin 59.1.4-cu maddəsinə, onun himayəsində iki nəfər yetkinlik yaşına çatmayan məktəbli uşaqlarının olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar qismində nəzərə alır. Belə ki, Azərbaycan Respublikası CM-nin Azərbaycan Respublikası CM-nin 59.1.4cü maddəsinə əsasən cinayəti törətmiş şəxsin himayəsində azyaşlı uşağın olması, həmin Məcəllənin 59.1.12-ci maddəsinə əsasən təqsirləndirilən şəxslə zərər çəkmiş şəxslər arasında barışıq əldə olunması və həmin Məcəllənin 59.1.13-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanın tam ödənilməsi və aradan qaldırılması cəzanı yüngülləşdirən hal olaraq nəzərə alınır. Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinin tələbləri baxımından cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə baxışı nəticəsində Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs cəza təyini məsələsini müzakirə edib belə nəticəyə gəlir ki, onun qəsdən ağır (burada: Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi) cinayət törətməsi nəzərə alınmalı, sosial ədalətin bərpası, onun islah olunması, həm təqsirləndirilən şəxsin özü və həm də başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısının alınması məqsədi ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsinin sanksiyası daxilində, şəxsiyyətinə uyğun azadlıqdan məhnum etmə növündə ədalətli cəza təyin olunmalıdır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə, həmçinin qeyd edir ki, Azərbaycan Respublikası CM-nin 60.1-ci maddəsinə əsasən Bu Məcəllənin 59.1.8, 59.1.10 - 59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Lakin məhkəmə kollegiyası Təqsirləndirilən şəxs haqqında olan yüngülləşdirici halları nəzərə alaraq, onun cəza çəkmədən də islah oluna biləcəyinin mümkünlüyünü qeyd edir və barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq olunmaqla, həmin Məcəllənin 70.3-cü maddəsində göstərilən hədlər daxilində sınaq müddəti təyin olunaraq şərti məhkum edilməsini məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası CM-nin 70.1-ci maddəsinə görə islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Həmin Məcəllənin 70.3-cü maddəsinə əsasən şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Sınaq müddəti altı aydan beş ilədək müddətə müəyyən edilir. Təyin ediləcək azadlıqdan məhrum etmə cəzası şərti olaraq tətbiq edilərkən Azərbaycan Respublikası CM-nin 70.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə, həmçinin vəzifə qoyulmalı, həmin Məcəllənin 70.6-cı maddəsinə əsasən isə onun üzərində nəzarət müvafiq dövlət orqanlarına, bu halda onun daimi yaşadığı yer üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı Şəhər Probasiya İdarəsinə həvalə olunmalıdır. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “30” aprel 2021-ci il tarixli qərarının 2-ci bəndində nəzərdə tutulan “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2003-cü il 25 iyun tarixli, 4 nömrəli qərarında dəyişiklik edilmiş və həmin dəyişikliyə əsasən məhkəmələrə tövsiyə edilmişdir ki, cəza şərti olaraq tətbiq edilərkən nəzərə alınmalıdır ki, Cinayət Məcəlləsinin 70.1-ci maddəsi məhz təyin edilmiş cəzanın şərti olaraq tətbiq edilməsini təsbit etdiyindən, təqsirləndirilən şəxsin hökm çıxarılanadək həbsdə, ev dustaqlığında olduğu müddətlər təyin edilən cəza müddətinə hesablanmamalı və qərar çəkilməli olan deyil, təyin olunmuş cəzanın şərti olaraq tətbiq edildiyini əks etdirməlidir.” Məhkəmə baxışı zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat mərhələsində xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarına əsasən əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmaqla Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və o, məhkəmə hökmü çıxarılanadək fasiləsiz olaraq həbsdə saxlanılmışdır. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 158.6-cı maddəsinin tələbləri (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində həbsdə və ya ev dustaqlığında saxlanılan müddətin cəza müddətinə daxil edilməsi) tətbiq edilməməlidir. Həmçinin, məhkəmə kollegiyası təqsirləndirilən şəxsə təyin olunan azadlıqdan məhrum etmə cəzasının əvvəli ilə əlaqədar məsələni müzakirə edib belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin barəsində şərti məhkum etmə tətbiq edildiyindən qanunun bu müddəası istisna təşkil edəcəkdir. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində məhkəməyədək icraat zamanı seçilmiş və məhkəmənin hazırlıq iclasının müvafiq qərarına əsasən dəyişdirilmədən saxlanılmış “həbs” qətimkan tədbiri ilə bağlı məsələni müzakirə edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində tətbiq olunacaq şərti məhkum etmə ilə əlaqədar onun barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilib “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ilə əvəz olunmalı, Təqsirləndirilən şəxs dərhal məhkəmə iclas zalından həbsdən azad olunmalı və seçilən “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə baxışı zamanı Azərbaycan Respublikası CPM-in 346.1.19-cu maddəsinin tələbləri baxımından iş üzrə maddi sübutlara dair məsələ həll olunarkən məhkəmə belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut olaraq tanınmış səs yazısı və “WhatsApp” yazışmalarının şəkilləri yazılmış 01 ədəd elektron yaddaş daşıyıcı cinayət işinin materiallarında saxlanılmalıdır. Qeyd olunanlardan başqa, iş üzrə qanunla müəyyən edilmiş qaydada mülki iddia verilməməsi, əmlak üzərinə həbs qoyulmaması və məhkəmə məsrəflərinin olmaması nəzərə alınmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 314.2, 345-347, 349, 351-354, 356, 381, 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib Cinayət Məcəlləsinin 46.2-ci maddəsi tətbiq edilməklə 1 (bir) il müddətinə dövlət orqanlarında, yerli özünüidarə orqanlarında, dövlət və bələdiyyə müəssisə, idarə və təşkilatlarında təşkilatisərəncamverici və ya inzibati-təsərrüfat funksiyalarını yerinə yetirmə hüququndan məhrum edilməklə 5 (beş) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin Bakı Ağır Cinayətlər Məhkəməsi üzrə prokuroru Dövlət ittihamçısı3 Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.4,312.2-ci maddəsi üzrə irəli sürülmüş ittihamdan imtinası təmin edilsin. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 32.4,312.2-ci maddəsi ilə olan cinayət təqibinə xitam verilsin və o, Cinayət Məcəlləsinin 32.4,312.2-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təyin edilən cəza şərti olaraq tətbiq edilsin və ona 2 (iki) il sınaq müddəti müəyyən olunsun. Sınaq müddətinin əvvəli hökmün qanuni qüvvəyə mindiyi tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilib “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ilə əvəz olunsun və Təqsirləndirilən şəxs dərhal məhkəmə iclas zalından həbsdən azad olunsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs üzərinə onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs davranışı üzərində nəzarət onun yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı Şəhər Probasiya İdarəsinə həvalə olunsun. İş üzrə maddi sübutlar - səs yazısı və “WhatsApp” yazışmalarının şəkilləri yazılmış 01 ədəd elektron yaddaş daşıyıcı cinayət işinin materiallarında saxlanılsın. İş üzrə qanunla müəyyən edilmiş qaydada mülki iddia verilməməsi, əmlak üzərinə həbs qoyulmaması və məhkəmə məsrəflərinin olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu vaxtdan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-1298/2023
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1298/2023
24.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver