Məhkəmə qərarları › İş №1(101)-1299/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1299/2021

14.07.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1299/2021 14.07.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Məcidov Azad Əli Ağa oğlunun sədrliyi, hakimlər Ağayev Zeynal Qurban oğlu və Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X4, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəməsində Dövlət İttihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri 14 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxxx 1987-ci il tarixdə Cəlilabad rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, natamam orta təhsilli, işləməyən, əvvəllər Cəlilabad Rayon Məhkəməsinin 20 aprel 2018-ci il tarixli, 1(073)-11/2018 saylı hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 1 il 24 gün müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 21 fevral 2019cu ildə cəzasının sonu ilə azad edilmiş, məhkumluğu ödənilmiş, Cəlilabad rayonu, Məşədvəlli kəndində qeydiyyatda olmaqla, həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı istintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən e t d i: Təqsirləndirilən şəxs satış məqsədi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz olaraq külli miqdarda narkotik vasitəni və psixotrop maddəni əldə edərək saxlayaıb daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan İran İslam Respublikası vətəndaşı olan “Milad” adlı şəxslə cinayət əlaqəsinə girib qabaqcadan əlbir olan bir qrup şəxs halında naməlum mənbədən satış məqsədilə qanunsuz olaraq külli miqdarda, yəni 203,005 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə - heroini və külli miqdarda, yəni 98.212 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamini əldə etmiş, saxlamış və daşımış, 31.03.2021-ci il tarixdə saat 00:10 radələrində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Bakı şəhəri, Nərimanov rayonu, X13 küçəsi 84 ünvanının yaxınlığında saxlanılaraq Bakı şəhəri Nərimanov RPİ-nin 17-ci PŞ-nin inzibati binasına gətirilmiş, Şöbədə üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan qara rəngli qış gödəkçəsinin sağ yan cibindən 1 ədəd elektron tərəzi, 1 ədəd polietilen bükümdə 203,005 qram çəkidə külli miqdarda heroin və gödəkçənin sol yan cibindən 1 ədəd polietilen bükümdə 98.212 qram çəkidə külli miqdarda psixotrop maddə-metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Cəlilabad rayonu Füzuli küçəsi 52-də valideynləri ilə birlikdə yaşamışdır. Hadisədən təxminən 1 ay əvvəl isə Bakı şəhərində müxtəlif evlərdə günə 3 manat ödəməklə yaşamışdır. O, “İnstagram” vasitəsi ilə İran İslam Respublikasının vətəndaşı “Milad” adlı şəxslə tanış olmuşdur. Onun tam anket məlumatlarını bilmir.Təxminən 26 mart 2021-ci il tarixdə “Milad” adlı şəxslə “İnstagram” vasitəsi ilə danışarkən o özü narkotik vasitə təklif etmişdir. Sonra isə “Milad” ona narkotik vasitə və metamfetamin göndərdiyini, həmin narkotik vasitə və psixotrop maddəni götürməyini və onun deyəcəyi yerlərə qoyacağını bildirmişdir. O, razılaşmış və Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsi ərazisində “Milad” ın dediyi yerdən narkotik vasitə və psixotrop maddəni götürmüşdür. Həmin narkotik vasitəni və psixotrop maddəni üzərində saxlamışdır. Buna görə “Milad” adlı şəxs ona 600 manat pul vermişdir. Milad ona həmin pulu siqaret qutusunun içərisinə qoymuş və onu götürməyini bildirmişdir. O da Lökbatan qəsəbəsinə gedərək “Milad”ın dediyi yerdən pulu götürmüşdür. «Milad» ona bildirmişdir ki, həmin narkotik vasitəni və psixotrop maddəni çatdıracağı yeri ona deyəcək. O da «Miladın» deyəcəyi vaxtı gözləmişdir. Lakin 31 mart 2021 -ci il tarixdə saat təxminən 00:10 radələrində Bakı şəhəri, Nərimanov rayonu, X13 küçəsi 84 saylı ünvanının yaxınlığında piyada hərəkət edərkən 3 nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq özlərini polis əməkdaşı təqdim edərək narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu bildirib onu Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsinə dəvət etmişlər. O, etiraz etməyib onlarla birlikdə Polis Şöbəsinə gəlmişdir. Polis şöbəsində üzərində axtarış keçirilmişdir. Axtarış keçirilməmşdən əvvəl ona üzərində qanunla qadağan olan hər hansı əşya olub-olmaması soruşulmuşdur. O, əynində olan gödəkcənin cibindən 1 ədəd elektron tərəzini, 1 ədəd sellofan bükümdə narkotik vasitə heroini, digər cibindən isə psixotrop maddə olan metamfetamini təqdim etmişdir. Həmçinin üzərindən şəxsiyyət vəsiqəsi, bir ədəd “Samsung Galaxy A5” markalı mobil telefonu, 10 manat pulu, siqaret və alışqan aşkar edilmişdir. Üzərindən aşkar olunmuş narkotik vasitə və elektron tərəzi zərfə qoyularaq qablaşdırılmışdır. Sorğu zamanı o, narkotik vasitəni İran İslam Respublikasının vətəndaşı olan “Milad” adlı şəxs vasitəsilə əldə etdiyini bildirmişdir. Etdiyi əmələ görə peşman olmuşdur. Proses iştirakçılarının suallarını cavablandıraraq Təqsirləndirilən şəxs bildirmişdir ki, o, Milad adlı şəxslə görüntülü danışırmışlar. Həmin narkotik vasitəni götürəndən sonra o, həmin narkotik vasitəni Miladın deyəcəyi yerlərə qoymalı imiş. Hansı yerə qoyacağını Milad ona deməli imiş. Onun narkotik vasitə satmaq məqsədi olmamışdır. O, ona görə özünü təqsirli bilir ki, Miladın tapşırığını yerinə yetirməyə razı olmuşdur. O, narkotik vasitədən istifadə etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili işləyir. Təqsirləndirilən şəxs Bakı şəhəri Nərimanov rayonu ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi, satışı ilə məşğul olması barədə Baş Narkotiklərlə Mübarizə İdarəsinə əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş əməliyyat məlumatı ilə bağlı dərhal əməliyyat tədbirinin həyata keçirilməsi üçün 30 mart 2021-ci il tarixdə Baş İdarənin rəisinə raportla məruzə etmişdir. Bundan sonra əməliyyat tədbirinin həyata keçirilməsinə dair qərar qəbul edilərək əməliyyat tədbirini həyata keçirməyə başlamışlar. Qabaqcadan hazırlanmış əməliyyat tədbirində Baş İdarənin əməkdaşları Şahid3 və Şahid2 da iştirak etmişlər. Onlar birlikdə 31 mart 2021-ci il tarixdə, saat 00:10 radələrində Bakı şəhəri, Nərimanov rayonu, X13 küçəsi 84 saylı ünvanda Təqsirləndirilən şəxs həmin ünvana gələcəyindən qeyd olunan ünvana gedərək orada gözləmə mövqeyi seçmişlər. Həmin gün saat 00:10 dəqiqədə Təqsirləndirilən şəxs həmin ünvanda piyada hərəkət ədən zaman Namiqə yaxınlaşıb özlərini təqdim edib, narkotik vasitənin qanunsuz dövriyyəsi ilə məğul olması barədə məlumat olduğunu bildirmiş və Namiqi Nərimanov RPİ-nin 17-ci PŞnə dəvət etmişlər. Təqsirləndirilən şəxs etiraz bildirmədən onlarla birlikdə 17-ci Polis Şöbəsinin yerləşdiyi inzibati binaya gəlmişdir. Təqsirləndirilən şəxs vəkil təqdim olunmuşdur. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılacağı bildirilmiş və Namiqə üzərində hər hansı bir qanunsuz əşya olduğu halda təqdim etməsi təklif olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan gödəkcəsinin sağ yan cibindən 01 ədəd bükümü, bir ədəd elektron tərəzini, həmin gödəkçənin sol yan cibindən bir ədəd digər bükümü, “Samsung” markalı mobil telefonu, 10 manat pulu, bir ədəd alışqanı, şəxsiyyət vəsiqəsini və “Bakı kart” kartını çıxardıb, təqdim edərək üzərində başqa heç bir əşya və ya predmet olmadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılmış və üzərindən qanunla qadağan olunmuş hər hansı əşya, predmet və ya maddə aşkar olunmamışdır. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi sellofan bükümə baxış zamanı içərisində açıq qəhvəyi rəngli, kəskin iyli, narkotik vasitə olan “heroin”ə bənzər və digər bükümdə isə ağ rəngli, kristal şəkilli psixotrop maddəyə oxşar kütlə aşkar edilmiş və həmin kütlənin təxmini çəkisinin müəyyən edilməsi məqsədilə elekron tərəzi ilə çəkilmişdir. Həmin narkotik vasitəyə bənzər heroinin təxmini çəkisinin 207 qram və psixotrop maddə olan metamfetaminin çəkisi təxmini 102 qram olması müəyyən edilmişdir. Həmin maddələr elektron tərəzi ilə birlikdə zərfə qoyularaq qablaşdırılmış və möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi sellofan bükümlərdə olan maddənin narkotik tərkibli maddə heroin və psixotrop maddə metamfetamin olduğunu, həmin maddəni İran İslam Respublikasının vətəndaşı kimi tanıdığı “Milad” adlı şəxsin göndərdiyini, həmin maddələri Bakı şəhəri, Qaradağ rayonu ərazisindən əldə etdiyini bildirmişdir. Həmçinin həmin vaxt videoçəkiliş aparılaraq disk iş materialına əlavə edilmişdir. Təqsirləndirilən şəxs Polis Bölməsinə dəvət olunarkən o, etiraz etməmiş və heç bir müqavimət göstərməmişdir. Təqsirləndirilən şəxsə qarşı hər hansı bir təsir və təzyiq olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları Şahid2 və Şahid3 eyni məzmunlu ifadələr verərək Şahid1 dediklərini bir daha təsdiq etmişlər. Məhkəmə təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, cinayət işində olan protokolları, ekspert rəylərini və digər sənədləri də sübut növü kimi qəbul edir. Belə ki, cinayət işinin 4-cü vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin x.m.i.ü baş əməliyyat müvəkkili, polis kapitanı Şahid1 30 mart 2021-ci il tarixli raportundan görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edərək Bakı şəhəri, Nərimanov rayonu ərazisində dövriyyəsi ilə məşğul olması barədə qərəzsiz mənbədən məlumat daxil olmuşdur. Cinayət işinin 5-6-cı vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 30 mart 2021-ci il tarixli əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edərək Bakı şəhəri, Nərimanov rayonu ərazisində dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumatın yoxlanılması üçün əməliyyat axtarış tədbirlərinin keçirilməsi və əməliyyat qrupunun yaradılması qərara alınmışdır. Cinayət işinin 31-33-cü vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 31 mart 2021-ci il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan görünür ki, şəxsi axtarış və götürmə başlamamışdan Təqsirləndirilən şəxs üzərində dövriyyəsi qanunla qadağan olunmuş maddələr və əşyalar varsa könüllü olaraq təqdim etməsi təklif edilmiş, Təqsirləndirilən şəxs bundan sonra əynində olan qara rəngli qış gödəkçəsinin sağ yan cibindən 01 (bir) ədəd bükümdə, açıq qəhvəyi rəngli, spesifik qoxuya malik, narkotik vasitə heroinə bənzər kütləni, bir ədəd elektron tərəzini, həmin gödəkçənin sol yan cibindən bir ədəd bükümdə ağ rəngli kristalik şəkilli, psixotrop maddə metamfetaminə bənzər kütləni təqdim etmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış və şəxsi axtarış zamanı əynində olan tünd göy rəngli cins şalvarının sağ yan cibindən bir ədəd “Samsung” markalı mobil telefon, Təqsirləndirilən şəxs məxsus şəxsiyyət vəsiqəsi, 10 AZN pul, Bakı kart və bir ədəd alışqan aşkar olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs məxsus 10 manat pul, Bakı kart və alışqan özünə qaytarılmış, iş üzrə əhəmiyyət kəsb etdiyi üçün 1 (bir) ədəd “Samsung” markalı mobil telefon və şəxsiyyət vəsiqəsi götürülmüşdür. Daha sonra aşkar edilmiş bükümlər zərfə qoyularaq qablaşdırılıb, möhürlənmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi bükümlərdə olan maddələri İran İslam Respublikasının vətəndaşı kimi tanıdığı “Milad” adlı şəxsin göndərdiyini bildirərək, onun deyəcəyi ünvanlara çatdırmaq üçün Qaradağ rayonu ərazisindən əldə etdiyini bildirmişdir. Şəxsi axtarış və götürmə zamanı videoçəkiliş aparılmışdır. Cinayət işinin 41-46-cı vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 31 mart 2021-ci il tarixli, 6/1257 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “...Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən..." sözləri yazılmış paketdəki bir ədəd bükümdə təmiz çəkisi 203,005 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, bir ədəd bükümdə təmiz çəkisi 98.212 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddəmetamfetamindir. Bir ədəd elektron tərəzinin səthində narkotik vasitə heroinə məxsus izlər vardır. İz mikrohissəcikləri cüzi miqdarda olduğu üçün onların çəkisini müəyyən etmək mümkün olmamışdır. İz mikrohissəcikləri ilə maddə nümunələrinin müqayisəli tədqiqatı aparılmadığından bu barədə qoyulmuş sual cavablandırılmamışdır. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələri” –in siyahısına (Siyahı İ) daxildir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr” –in siyahısına (Siyahı İ) daxildir. Cinayət işinin 75-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 01 aprel 2021-ci il tarixli DVD-R diskin baxışının aparılması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılması zamanı qeydə alınmış videogörüntünü özündə əks etdirən DVD-R diskə keçirilmiş baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs əgər üzərində dövriyyəsi qanunla qadağan olunmuş maddələr və əşyalar varsa könüllü təqdim etməsi təklif edilmiş, Təqsirləndirilən şəxs bundan sonra əynində olan qara rəngli qış gödəkçəsinin sağ yan cibindən 01 (bir) ədəd bükümdə, açıq qəhvəyi rəngli, narkotik vasitə heroinə bənzər kütləni, bir ədəd elektron tərəzini, həmin gödəkçənin sol yan cibindən bir ədəd bükümdə ağ rəngli kristalik şəkilli, psixotrop maddə metamfetaminə bənzər kütləni təqdim etmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərindən əynində olan tünd göy rəngli cins şalvarının sağ yan cibindən bir ədəd mobil telefon, şəxsiyyət vəsiqəsi, 10 AZN pul, Bakı kart və bir ədəd alışqan aşkar olunmuşdur. Bundan sonra həmin 10 manat pul, Bakı kart və alışqan Təqsirləndirilən şəxs qaytarılmış, 1 (bir) ədəd mobil telefon və şəxsiyyət vəsiqəsi götürülmüşdür. Daha sonra aşkar edilmiş bükümlər zərfə qoyularaq qablaşdırılıb, möhürlənmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi bükümlərdə olan maddələri İran İslam Respublikasının vətəndaşı kimi tanıdığı “Milad” adlı şəxsin göndərdiyini bildirərək, onun deyəcəyi ünvanlara çatdırmaq üçün Qaradağ rayonu ərazisindən əldə etdiyini bildirmişdir. Cinayət işinin 76-cı vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 01 aprel 2021-ci il tarixli mobil telefonun baxışının aparılması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş “Samsung” markalı mobil telefon aparatına baxış keçirilmiş, baxış zamanı mobil telefonun üzərində +**********48 saylı sim kart aşkar edilmiş, baxış zamanı iş üçün əhəmiyyət kəsb edən hər hansı məlumat müəyyən edilməmişdir. Cinayət işinin 97-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 02 aprel 2021-ci il tarixli əməliyyat-axtarış tədbirinin aparılması barədə qərarın qanuniliyinin yoxlanılmasına dair qərarından görünür ki, Əməliyyat-axtarış tədbirinin aparılması barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili, polis kapitanı Şahid1 tərəfindən qəbul edilmiş və həmin İdarənin rəisi, polis polkovniki İslam Hümbətov tərəfindən təsdiq edilmiş 30.03.2021-ci il tarixli qərar qanunauyğun hesab edilmişdir. Cinayət işinin 115-116-cı vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası DİN Baş İnformasiya-Kommunikasiya İdarəsinin 16 aprel 2021-ci il tarixli, 020-4561-1221 saylı məktubla daxil olmuş sərhədkeçmə məlumatından görünür ki, Təqsirləndirilən şəxs 30.08.2019-cu ildə və 02.09.2019-cu ildə Gürcüstan istiqamətində Respublika sərhədlərini keçmişdir. Cinayət işinin 120-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 24 aprel 2021-ci il tarixli CD diskin baxışının aparılması protokolundan görünür ki, “xxxx” MMC-dən götürülmüş 1 ədəd diskə baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı nömrəyə 15 mart 2021-ci il tarixdən 31 mart 2021-ci il tarixədək olan müddət ərzində daxil olan və çıxan telefon zəngləri, mesajlar və anten dairələri məlumatlarına baxış keçirilmiş və baxış zamanı iş üçün əhəmiyyət kəsb edən hər hansı məlumat müəyyən edilməmişdir. Cinayət işinin 121-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 24 aprel 2021-ci il tarixli bank məlumatlarının çıxarışlarının baxışının aparılması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs adına olan bir ədəd “xxxx” ASC-yə məxsus bank kart məlumatlarına baxış keçirilmiş və baxış zamanı iş üçün əhəmiyyət kəsb edən hər hansı məlumat müəyyən edilməmişdir. Cinayət işinin 146-cı vərəqəsində olan 07 may 2021-ci il tarixli qəbzdən görünür ki, X1 İsayevə məxsus “Samsung” markalı mobil telefonu təhvil almışdır. Cinayət işinin 147-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Bakı şəhəri Nərimanov RPİ-nin 17-ci Polis Şöbəsindən daxil olmuş 17 may 2021-ci il tarixli, ***-**** nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə və psixotrop maddəni əldə etdiyi mənbəni, narkotik vasitə və psixotrop maddəni kimlərə satmasını müəyyən etmək mümkün olmamışdır. Cinayət işinin 154-166-cı vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Nərimanov RPİ-nin İŞ-nin müstəntiqi, polis mayoru X2 8 iyun 2021-ci il tarixli sübutların qiymətləndirilməsi, maddi sübut kimi tanınma və başqa cinayət işinin ayrılması haqqında qərarından görünür ki, İran İslam Respublikası vətəndaşı Milad adlı şəxs barəsində ********* nömrəli cinayət işinin materiallarından Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri cinayət işi icraata ayrılmışdır. Məhkəmə iclasında dindirilərkən Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilərək göstərmişdir ki, o, narkotik vasitəni özü istifadə etmək üçün əldə etmiş, satmaq məqsədi olmamışdır. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs bu barədə verdiyi inkar edən ifadələrini işin həmin hallarla bağlı məhkəmədə araşdırılmış sübutlarla müqayisəli təhlil edib, onun həmin ifadələrinin həqiqətə uyğun olmayan və təqsirləndirilən şəxsin güman etdiyi cəzasını yüngülləşdirməyə cəhdi kimi qiymətləndirir. Təqsirləndirilən şəxs bu cür ifadələr verməklə ona qarşı irəli sürülmüş ittihamlar üzrə özünü qismən təqsirli bildiyi halda, həmin ittihamı təkzib edəcək, tutarlı və mötəbər dəlilər göstərməmişdir. Məhkəmə, şahidlərin ifadələrini, ekspert rəylərini, istintaq hərəkəti protokollarını və əsaslılığı heç bir şübhə doğurmayan digər sübut əhəmiyyətli sənədləri ayrı-ayrılıqda tədqiq edərək belə nəticəyə gəlir ki, bütün bu sübutlar bir-biri ilə vəhdət təşkil edib uyğunlaşaraq verilmiş ittihama uyğun cinayət hadisəsinin ardıcıllığının və vahid mexanizminin tam şəkildə gerçək və məntiqə uyğun təsvirini formalaşdırmışdır. Beləliklə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, şahidlərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəylərini və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə cinayət əməlini törətməsində təqsirli olması kifayət qədər sübuta yetirildi. Məhkəmə təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif olunmuş, o, həmin maddələrdə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməli və cəzalandırılmalıdır. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 28.06.2005-ci il tarixli və «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında» 28.06.2005-ci il tarixli qanunlarının tələbləri baxımından da əsaslı hesab edir. Belə ki, «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında» 28.06.2005-ci il tarixli qanuna əsasən “heroin”in 0,15 qramı şəxsi istehlak miqdarından artıq, 2 qramından artıq miqdarda isə külli miqdar hesab edilir. «Metamfetaminin» 0,15 qramı şəxsi istehlak miqdarından artıq, 2 qramından artıq miqdarda isə külli miqdar hesab edilir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 28.06.2005-ci il tarixli Qanununun tələblərinə və izahına əsasən isə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi hesab edilir. (mad 1.0.9): məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyinə olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (mad 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasiətələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (mad 1.0.8) hesab edilir. Bundan əlavə, həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər-narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respulikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli Qərarının 9-cu bəndində göstərilmişdir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən, başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitəni çəkib xırda bağlamalara bükməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində qeyd olunmuşdur ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs barəsində tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən onun törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işinin 123-124-cü vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş 07 aprel 2021ci il tarixli tələbnamədən və cinayət işinin 125-129-cu vərəqələrində olan Cəlilabad Rayon Məhkəməsinin 20 aprel 2018-ci il tarixli, 1(073)-11/2018 saylı hökmünün təsdiq edilmiş kserosurətindən görünür ki, İsayev X3 Rayon Məhkəməsinin 20 aprel 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 1 il 24 gün müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 21 fevral 2019-cu ildə cəzasının sonu ilə azad edilmişdir. Azərbaycan Respublikası CM-in 83.1-ci maddəsinə müvafiq olaraq cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. “Azərbaycan Respublikası CM-nin 83.2-ci maddəsinin şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 08 iyul 2008-ci il tarixli qərarında göstərilmişdir ki, CM-nin 83.1-ci maddəsindən göründüyü kimi məhkumluq cinayət törətməyə görə müəyyən cəza növünə məhkum edilmiş şəxs barəsində məhkəmənin ittiham hökmünün qanuni qüvvəyə mindiyi gündən başlanır və bütün cəzaçəkmə müddəti ərzində və cəzaçəkmə müddətindən sonrakı dövrdə qanunla müəyyən edilmiş müddətlər çərçivəsində davam edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Göründüyü kimi, Təqsirləndirilən şəxs məhkumluğu ödənilmişdir. Cinayət işinin 130-131-ci vərəqələrində olan Cəlilabad RİHB-nın Cəlilabad şəhər İƏDÜ Nümayəndəliyindən daxil olmuş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ailə tərkibinə atası X5 və anası X8 daxildirlər. Yaşadığı yer üzrə müsbət səciyyələndirilir. Cinayət işinin 150-151-ci vərəqələrində olan və məhkəmədə tədqiq olunaraq araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi publik hüquqi şəxsinin 20 may 2021-ci il tarixli, 1544 nömrəli ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs TİRYƏK alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində asılılıq sindromu (NARKOMANİYA xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 148-149-cu vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X7 Hüquqi Şəxsinin ambulator məhkəmə psixiatrik ekspertizasının 16 aprel 2021-ci il tarixli, 802 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Cinayət işi materiallarından və hal-hazırki psixiatrik müayinənin nəticələrindən görünür ki, Təqsirləndirilən şəxs öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarına malik olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində ANLAQLİ hesab edilməlidir. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə hər hansı psixi xəstəlikdən əziyyət çəkməmişdir. Onun əməli Azərbaycan Respublikası CM-nin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə ehtiyac yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs müsbət səciyyələndirilməsini Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Həmçinin məhkəmə Təqsirləndirilən şəxs narkomaniya xəstəliyi aşkar olunduğu və narkomaniyadan məcburi müalicəyə ehtiyacları olmasını nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikası CM-nin 93-1-ci maddəsinə əsasən onun barəsində narkomaniyadan məcburi müalicə tədbirləri tətbiq edilməsini və ərazi narkoloji dispanserində qeydiyyata alınmasını məqsədəmüvafiq hesab edir. Məhkəmə belə hesab edir ki, təqsirləndirilən şəxsə yalnız azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən, qəsdən törədilmiş ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Qeyd edilənlərlə yanaşı, məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsini əsaslı hesab edir. Belə ki, Təqsirləndirilən şəxs ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı müvafiq olaraq 31 mart 2021-ci il tarixdən hesablanmalıdır. Belə ki, cinayət işinin 22-ci vərəqəsində olan şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 31 mart 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Həmçinin cinayət işinin 84-88-ci vərəqələrində olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 01 aprel 2021-ci il tarixli, 4(005)-322/2021 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 31 mart 2021-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. İş üzrə maddi sübut kimi tanınmış və Nərimanov Rayon Polis İdarəsinin saxlanc yerində saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış 202.955 qram narkotik vasitə heroin və 98,162 qram psixotrop maddə olan metamfetamin və 01 ədəd elektron tərəzi məhv edilməli, şəxsi axtarış və götürmə aparılmasını özündə əks etdirən 01 ədəd DVD-R disk, “xxxx” MMC-dən götürülmüş 01 ədəd diskin cinayət işinin materiallarına əlavə edilib saxlanılması nəzərə alınmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsində qeyd edilmişdir ki, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla), həmçinin şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın mülki-hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsi xüsusi müsadirə olunmalı və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsinə yönəldilməli, qalan hissəsi dövlətin nəfinə keçirilməlidir (zərər çəkmiş şəxs məlum olmadıqda isə tam həcmdə d,övlətin nəfinə keçirilməlidir); terrorçuluğun, qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların, mütəşəkkil dəstələrin və ya cinayətkar birliklərin (cinayətkar təşkilatların) maliyyələşdirilməsi üçün nəzərdə tutulan və ya istifadə olunan əmlak xüsusi müsadirə olunmalı və dövlət nəfinə keçirilməlidir; mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır; maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir; dəyəri olmayan digər əşyalar məhv edilməlidir. İş üzrə ekspertiza xərci olan 81,82 (səksən bir manat səksən iki qəpik) Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həl etməlidir. Həmin məcəllənin 99-1.1-ci maddəsində qeyd edilmişdir ki, xüsusi müsadirə cinayət hüquqi tədbiri aşağıda göstərilən əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır: məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla). Azərbaycan Respublikası CM-nin 99-3.1-ci maddəsinə əsasən müsadirə məsələsi həll olunarkən ilk növbədə cinayət nəticəsində əmlakın qanuni sahibinə vurulmuş ziyan ödənilməlidir. Təqsirləndirilən şəxs məxsus hər hansı bir əmlak üzərinə həbs qoyulmamış, cinayət yolu ilə əldə edilmiş əmlak müəyyən edilməmiş, iş üzrə mülki iddia yoxdur. Buna əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs qarşı xüsusi müsadirə tətbiq olunmamalıdır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25.06.2003-cü il tarixli və “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04.03.2011-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 09 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 31 mart 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə tədbirləri tətbiq edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tətbiq edilməsin. İş üzrə maddi sübut kimi tanınmış və Nərimanov Rayon Polis İdarəsinin saxlanc yerində saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış 202.955 qram narkotik vasitə heroin və 98,162 qram psixotrop maddə olan metamfetamin və 01 ədəd elektron tərəzi məhv edilsin Şəxsi axtarış və götürmə aparılmasını özündə əks etdirən 01 ədəd DVD-R disk, “xxxx” MMC-dən götürülmüş 01 ədəd diskin cinayət işinin materiallarına əlavə edilib saxlanılması nəzərə alınsın. İş üzrə ekspertiza xərci olan 81,82 (səksən bir manat səksən iki qəpik) Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu vaxtdan, təqsirləndirilən şəxsə isə hökmün surətinin verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm çıxarıldıqdan 20 (iyirmi) gün sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar