Məhkəmə qərarları › İş №1(101)-1299/2022

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1299/2022

24.08.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1299/2022 24.08.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Əliyev Samir İmamverdi oğlu (sədrlik edən), Hüseynov Cavid İbadulla oğlu və Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə Məhkəmə iclas katibi: Bayramlı Ləman Bünyad qızının katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxslər: Zərərçəkmiş şəxs1, Təqsirləndirilən şəxs müdafiəçisi: Bakı şəhəri 28 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxx 1993-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmuş, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, R.Məmmədhüseynov küçəsi, 20 saylı evdə qeydiyyatda olan, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Binə Atçılıq yeni yaşayış massivində yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.2.4 və 221.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs 13 fevral 2022-ci ildə saat 19 radələrində Bakı şəhəri Xəzər rayonu, Binə qəsəbəsi, Binə Atçılıq yeni yaşayış massivində yaşadığı evin qarşısında ictimai qaydanı kobud surətdə pozan cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması və ya belə zorun tətbiq edilməsi hədəsi ilə müşayiət olunan hərəkətlər edərək, qonşusu Zərərçəkmiş şəxs1 ilə məişət münasibətləri zəminində mübahisə edib dalaşmış, səs-küyə hadisə yerinə gəlmiş Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs yaxınlaşıb sonuncunun qanunsuz hərəkətlərinin qarşısım alaraq onu kənara çəkmiş, bu zaman Təqsirləndirilən şəxs bundan yayınıb üzərində gəzdirdiyi istintaqa məlum olmayan bıçağı cibindən çıxardıb silah qismində nümayiş etdirməklə ictimai qaydanın pozulmasının qarşısını alan zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 müqavimət göstərmiş, daha sonra, heç bir əsaslı səbəb olmadan silah qismində istifadə etdiyi həmin bıçaqla zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 qarın nahiyyəsinə qəsdən bir dəfə vuraraq ona qaraciyərin, böyük piyliyin və on ikibarmaq bağırsağın zədələnməsi ilə müşayiət olunan qarnın ön divarının qarın boşluğuna (daxilə) nüfuz edən 1 ədəd deşilmişkəsilmiş yarasından ibarət həyat üçün təhlükəli olan xuliqanhq niyyəti ilə qəsdən sağlamlığa ağır zərər vurmuş, habelə silah qismində istifadə edilən əşyadan istifadə etməklə qərəzli hərəkətlər, yəni xuliqanhq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək, ifadəsində göstərmişdir ki, Şahəddin onun qonşusudur. O, hər dəfə qonşusunun həyətindən drel səsi gələndə ona öz iradını bildirirmiş, 3 ay imiş ki, cəzaçəkmə müəssisəsindən çıxıbmış. 13 fevral 2022-ci ildə həyətində olan ağacları budayıb iş görürmüş. Qonşuluğunda yaşayan Zahidin yük avtomobili var imiş və ondan xahiş etmişdir ki, zibilləri gəlib aparsın. Şahəddinlə qapıları arasında 5-6 metr məsafə varmış. Həmin günü saat 20 radələrində Zahidlə birlikdə küçələrinə gəlmişlər. Evin qarşısında Şadəddini görmüş, Şahəddin onu görüb öz-özünə «bu nədi yığıblar, mən maşını həyətə necə salacam» deyib deyinməyə başlamışdır. O, evinin qarşısına çatan kimi Şahəddin ona yaxınlaşıb «bu zibilləri sən tökmüsən?» deyə ondan soruşmuşdur. O da zibilləri tökdüyünü etiraf edib artıq yük maşını çağırdığını və zibilləri aparıb atacağını demişdir. Şahəddin avtomobilini həyətə sala bilmədiyini söyləmişdir. O, Şahəddinə «bir az səbirli ol yığıb aparacağam» demişdir. Şahəddin deyinməyə davam etmişdir. O, Şahəddinə “nə deyirsən sən?! Birinci dəfə deyil sən belə deyinirsən mənim üçün. Bu küçənin ağasısan bəlkə?!” söyləmişdir. Şahəddin onun əlindən tutub onu kənara çəkmişdir. Həmin səs-küyə həyətində işləyən İskəndər gəlib çıxmışdır və o onları aralamağa çalışmışdır, o şalvarının arxa cibində olan bıçağı çıxardıb Şahəddini bıçaqlamışdır. Hadisə baş verən gün həyətində ağacları budamaq üçün həmin bıçaqdan istifadə etmişdir. Şahəddin əvvəllər də onunla mübahisə etmişdir və gedib 3-4 nəfəri toplayıb üzərinə gəlmişdir. Onu öldürmək niyyəti olmamışdır. Xuliqanlıq etməmiş, İskəndər zərərçəkmiş şəxs deyil, ona heç nə etməmişdir. Etdiyi əməldən peşmandır. Məhkəmə iş materiallarını araşdıb, işdə olan sübutlara qiymət verərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4 və 221.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əmələrlini törətməkdə təqsirlidir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, o Binə qəsəbəsi, Binə atçılıq Yeni Yaşayış massivində yaşayır. Rahib də ünvanda az müddətdə yaşasa da, onun qardaşını və digər ailə üzvlərini tanıyır. Rahibi çox yaxşı tanımır, onunla yalnız görəndə salam-sağolları olur, hadisə baş verən günə qədər Rahiblə hər hansı mübahisələri olmamışdır. Hadisə baş verən gün onun həyətinin qarşısına zibil yığılıbmış. Zibilin həmin yerdə olması ona evinə daxil olmağa mane olurmuş. Bu barədə öz iradını Rahibə bildirmiş və ona zibillərin evinə daxil olmağı üçün mane yaratdığını bildirmişdir. Bunun nəticəsində onunla aralarında mübahisə yaranmışdır. Rahib “Zibildir də, yığmışam” demiş və bu formada danışmağa davam etmişdir. Rahib ona kəllə atmış, o da onu itələmişdir. Rahib onu bıçaqlamışdır. Yaxınlıqda olan şəxslər onları aralamışdır. Rahibin qardaşı onu xəstəxanaya aparmışdır. Rahibə öz iradını bildirəndə Rahib ona «yaxşı eləmişəm yığmışam», «sən bilirsən mən kiməm səni sınıq-sınıq edərəm» kimi ifadələr işlətmişdir. Haqsız yerə vurulsa da, Rahibə qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, Rahib onun qonşusdur. O yaşadığı qəsəbədə həyətlərdə fəhləlik etmişdir. 2022-ci ilin fevral ayının əvvəlində Rahib onu öz həyətində divarlara mala çəkməyə dəvət etmişdir. 13 fevral 2022-ci ildə axşam saat 17-18 radələrində Rahibin həyətinə mala çəkməyə getmişdir. Saat 19-20 radələrində həyətdə işləyərkən, küçədə mübahisə səsləri eşidib bayıra çıxdıqda görmüşdür ki, qonşuluqda yaşayan Şahəddin Rahiblə mübahisə edir. O, Rahiblə Şahəddini aralamağa çalışmışdır. Rahib cibindən qara rəngli balaca knopkalı bıçaq çıxardıb bıçağı açmış və Şahəddini bıçaqlamışdır. Rahibə qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs1 onun qardaşıdır, təxminən on il əvvəl Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi, Binə atçılıq yeni yaşayış massivinə köçüb orada anası və qardaşı ilə yaşayır. Təxminən bir il əvvəl isə Xətai rayonuna köçmüşdür. Qardaşı və anası isə Binə atçılıq yeni yaşayış massivində olan evdə qalır. Onlarla qonşuluqda Cavid və Rahib qardaşları yaşayırmışlar. Rahib çox vaxtı cəza çəkmə müəssisələrində olduğundan onunla heç bir münasibəti olmamışdır. Cavidlə normal qonşu münasibətləri saxlamışdır. 13 fevral 2022-ci ildə saat 20 radələrində öz evində olduğu zaman qardaşı Şahəddin ona zəng edib bildirmişdir ki, xəstəxanadadır. O, dərhal qardaşının yanına getmişdir. Şahəddini əməliyyat etmişlər. Xəstəxanada ona məlum olmuşdur kı, qonşu Rahib Şahəddini bıçaqla vurub. Qardaşı ayıldıqdan sonra ondan nə baş verdiyini soruşmuş və Şahəddin bildirmişdir ki, qonşu Rahib qapının yanına zibil yığdığına görə Şahəddin Rahibə öz iradını bildirib, Rahib də üstündə gəzdirdiyi bıçaqla onun qarnına vurub. O hadisənin necə baş verdiyini görməmişdir. Məhkəmə iş üzrə sübutlara qiymət verərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4 və 221.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli olması sübuta yetirilir və onun törətmiş olduğu cinayət əməlləri istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4 və 221.3-cü maddələri ilə tövsif edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs özünü əməlində xuliqanlıq olmaması barədə verdiyi ifadəsi ilə məhkəmə iclasında şahid qismində dindirilmiş şəxslərin biri birinə, habelə işin faktiki hallarına uyğun olan ifadələri ilə, eyni zamanda iş materiallarında olan sübütlarla təkzib olunduğundan məhkəmə təqsirləndirilən şəxsin ifadəsinə tənqidi yanaşaraq, inandırıcı saymır və onun ifadəsini özünü müdafiə edilməsi kimi qiymətləndirir. Cinayət işində olan 09 mart 2022-ci il tarixli tutma haqqında protokoldan müəyyən olunur ki, həmin tarixdə Təqsirləndirilən şəxs cinayət törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işində olan məhkəmə-tibbi ekspertizasının 19 mart 2022-ci il tarixli 296 saylı rəyindən görünür ki, müayinə zamanı Zərərçəkmiş şəxs1 aşkar edilmiş xəsarətlər qaraciyərin, böyük piyliyin və on ikibarmaq bağırsağın zədələnməsi ilə müşayiət olunan qarnın ön divarının qarın boşluğuna (daxilə) nüfuz edən 1 ədəd deşilmiş-kəsilmiş yarası deşici-kəsici təsirə malik əşya (alət(ola bilsin bıçaq)) təsirindən törənmişdir, törənmə müddəti 13 fevral 2022-ci il tarixə uyğun gələ bilər, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vurmaya aiddir. Cinayət işində olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2011-ci ildə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1,177.2.2,177.2.3, 181.2.1,181.2.2,181.2.5., 66.3., 67.1 ci maddələri ilə 09 il azadlıqdan məhrum etmə və 500 manat cərimə cəzasına, 06 may 2021-ci ildə isə Bakı şəhəri Xəzər Rayonu Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, 01 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 05 noyabr 2021-ci il tarixli «Amnistiya» qərarının 2.4 bəndinə əsasən cəzadan azad edilmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.2.2-ci maddəsinə əsasən gəsdən ağır cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən ağır cinayətin törədilməsi cinayətin təhlükəli residivini yaradır. Həmin məcəllənin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün ciddi rejimli cəzaçəkmə müəssisələrində müəyyən edilir. Həmin məcəllənin 65.2-ci maddəsinə əsasən təhlükəli residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin üçdə ikisindən az ola bilməz. Həmin məcəllənin 83.3.4-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə məhkum edilmiş şəxs cəzanı çəkib qurtardığı gündın altı il keçdikdə məhkumluğu olmayan hesab edilir. Göründüyü kimi Təqsirləndirilən şəxs əməli cinayətin təhlükəli residivini yaradır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, onun şəxsiyyətini, törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəliliyini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin məcələnnin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin məcəllənin ümumi hissələrinin müddəaları nəzərə alınmaqla, xüsusi hissəsinin müvafiq maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cinayətin məqsədi və motivini, təqsirkarın cinayətin törədilməsində rolunu nəzərə alıb hesab edir ki, barəsində təqsirli bilindiyi cinayət qanununun hər bir normasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə ilə əlaqədar cəza seçilməli və cəzasını tutulduğu vaxtdan, yəni 09 mart 2022-ci il tarixdən hesablanmaqla, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən peşman olmasını, zərərçəkmiş şəxslərin ona qarşı şikayət və tələbinin olmamasını cəzanı yüngülləşdirən hallar kimi, cinayətlərin təhlükəli residivi isə cəzanı ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə nəzərə alır ki, “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” xx.xx.2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin məcəllənin 99-1.1-ci maddəsi isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. İş üzrə məhkəmə məsrəfləri yoxdur, maddi sübut və mülki iddia verilməmişdir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4 və 221.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərinin törədilməsində təqsirli bilinib Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə 8 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə 4 (dörd) müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 9 (doqquz) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin əvvəli 09 mart 2022-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Bakı Ağır Cinayətlər məhkəməsinin hakimləri: Samir Əliyev (sədrlik edən) Cavid Hüseynov Səbuhi Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar