Məhkəmə qərarları › İş №1(101)-1300/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Qərar — İş №1(101)-1300/2021

26.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(101)-1300/2021 26.10.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Sadıxov Rasim Əkrəm oğlu (sədrlik edən), Kərimov Novruz Ağakərim oğlu və Paşayev Azər İslah oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisi X3, müdafiəçi “FİDES” Vəkil Bürosunun vəkili Müdafiəçi, anlaqsız vəziyyətdə cinayət törətmiş şəxsin qanuni nümayəndəsi Qanuni nümayəndə iştirakı ilə xx xxxxxx 1978-ci ildə Laçın rayonu, Qorçu kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olmuş, əvvəllər məhkum olunmamış, Laçın rayonu, Qorçu kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, Südçülük sovxozu, nömrəsiz fərdi yaşayış evində yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, 1 nömrəli Respublika Psixiatriya Xəstəxanasında yerləşdrilmiş və hazırda da orada saxlanılan, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.2 və 120.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini anlaqsız vəziyyətdə törətmiş Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinə dair iş üzrə icraat materiallarına açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs əziyyət çəkdiyi “Şizofreniya paranoid forma” xəstəliyin təsiri altında, anlaqsız vəziyyətdə, yəni öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmadan, 11 fevral 2021-ci il tarixdə, saat 15 radələrində Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, X. Aslanov küçəsində 1-ci Qarabağ müharibəsi şəhidləri adına salınmış abidənin tozunu silən, əvvəlcədən şəxsi tanışlığı olmayan Zərərçəkmiş şəxs Alı oğluna etirazını bildirərək, sonuncunun əksinə abidəni çirkləndirib, şəhidlərin ruhuna hörmətsizlik etdiyini bildirməsindən sonra Zərərçəkmiş şəxs ona məhəl qoymayaraq, “get işinlə məşğul ol” ifadəsini işlətməsini cüzi səbəb kimi bəhanə edərək, öz üstünlüyünü nümayiş etdirmək məqsədi ilə öz davranışı ilə cəmiyyətdə hamı tərəfindən qəbul edilmiş davranış qaydalarına və əxlaq normalarına açıq etinasızlıq göstərməklə xuliqanlıq niyyəti ilə Zərərçəkmiş şəxs qəsdən öldürmək qərarına gələrək, sonuncu ilə əlbəyaxa olduqdan sonra, həmin ərazidə satdığı göyərti məhsullarını təmizləmək üçün gündəlik istifadə etdiyi məişət təyinatlı mətbəx bıçağını çantasından götürməklə cinayətkar niyyətini həyata keçirmək üçün müstəsna dərəcədə qəddarlıq və rəhimsizlik nümayiş etdirib, Zərərçəkmiş şəxs bıçaqla həyat üçün təhlükəli olan sağlamlığa ağır dərəcəli zərər vurmaya aid kəskin qanitirmə ilə müşayiət olunan boyunun dairəvi tam kəsilərək başın bədəndən ayrılması, boyunun əzələ toxumalarının, boyunun arteriya və venalarının, traxeya, qida borusunun, İİİ boyun fəqərəsinin bağ aparatının tam dairəvi kəsilmiş yarası, dalağın, nazik bağırsağın və bağırsaq müsariqəsinin zədələnməsi, kəskin qanitirmə ilə müşayiət olunan qarının sol yan divarının yuxarı üçdə birinin daxilə-qarın boşluğuna nüfuz edən 1 ədəd deşilmiş-kəsilmiş yarası, canlı şəxslərdə ayrı-ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olduqlarına görə sağlamlığa yüngül dərəcəli zərərvurmaya, ümumilikdə isə sağlamlığın uzun müddətə pozulmasına səbəb olduqlarına görə sağlamlığa az ağır dərəcəli zərərvurmaya aid boyunun arxa səthinin aşağı üçdə birində 2 ədəd, boyunun sağ yan səthinin aşağı üçdə birində - sağ körpücüküstü nahiyəyə yaxın 1 ədəd, sağ çiyin nahiyəsinin 1 ədəd, döş qəfəsinin sol yan səthinin aşağı üçdə birinin 1 ədəd, sol bazunun orta üçdə birinin arxa səthinin 1 ədəd, sağ bazunun yuxarı üçdə birinin bayır səthinin 1 ədəd, sol kürəküstü nahiyənin 2 ədəd, sol kürək nahiyəsinin 2 ədəd, sağ kürək nahiyəsinin 2 ədəd, bel nahiyəsinin onurğa üzərində 1 ədəd daxilə (döş boşluğuna) nüfuz etməyən (cəmi 14 ədəd) deşilmiş-kəsilmiş yaraları kimi xəsarətlər yetirib, xuliqanlıqniyyəti və xüsusi amansızlıqla Zərərçəkmiş şəxs qəsdən öldürmüş, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmişdir. Məhkəmə baxışında Təqsirləndirilən şəxs barəsində təqdim edilmiş sübutlar aşağıdakı qaydada tam, hərtərəfli və obyektiv araşdırıldı və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.2 və 120.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən anlaqsız vəziyyətdə törədilməsi tam təsdiq olundu. Belə ki, məhkəmə iclasında ibtidai istintaq zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ifadələri elan edilərək müəyyən olunmuşdur ki, o, subaydır, göyərti satmaqla məşğul olur. Hərbi xidmətdən qayıtdıqdan sonra mərhum atası Məhəmməd onu psixiatrik xəstəxanaya yerləşdirmiş, şizofreniya xəstəliyindən əziyyət çəkirmişdir. Həmin vaxtdan mütəmadi olaraq 1 saylı Respublika Psixiatriya xəstəxanasında stasionar müalicədə olmuşdur. Sonuncu dəfə 2021-ci ilin, yaz aylarında qardaşı Qanuni nümayəndə onu yenə psixiatrik xəstəxanaya yerləşdirmiş və yay aylarına qədər orada qalmışdır. Xəstəxanada olduğu müddət ərzində yanına heç kim gəlmirdi, ona görə də qohumları ilə münasibəti yoxdur. Xəstəxanada müxtəlif şöbələrdə müalicə almış, ancaq müalicə həkimin adını xatırlamır. Sonuncu dəfə xəstəxanadan çıxdıqdan sonra bir neçə dəfə özünü pis hiss edən zaman xəstəxanaya gedib, orada qalmaq istəsə də onu qəbul etməmişlər. Eyni zamanda 26 saylı BŞX-nın Ruhi-əsəb Kabinetində də qeydiyyatda idi. 11 fevral 2021-ci il tarixdə, səhər saatlarından başlayaraq Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində yerləşən evinin yaxınlığında, "xxxx" mağazasının qarşısında göyərti satırdı. Durduğu yerin yanında isə şəhidlər üçün bulaq salınıb. Üzdən tanıdığı, ancaq adını bilmədiyi, bir neçə dəfə həmin ərazidə gördüyü kişi cinsli şəxs oraya gələrək şəhidlərin abidəsini təmizləmək adı ilə çirkləndirməyə başlamış, yəni əksinə olaraq palçıq edirdi. O da bunu görəndə əsəbləşmiş, çünki bu hərəkətləri şəhidlərin xatirəsinə hörmətsizlik kimi qəbul etmişdir. Bundan əvvəl də həmin şəxs eyni hərəkəti etmiş və o hər dəfə o şəxsə iradını bildirmişdir. Bu dəfə gəlib eyni hərəkəti etdikdə, o, həmin şəxsə oradan uzaqlaşmağını demişdir. Həmin şəxs qarşılığında yaxşı etdiyini və heç bir yerə getməyəcəyini bildirmişdir. Bundan sonra aralarında sözlə mübahisə başlamışdır. O, həmin şəxsə çıxıb getməyini desə də, sonuncu getməmişdir. O, əsəbiləşib həmin şəxsin bel-omba nahiyəsinə bir-iki təpik zərbəsi vurmuş, çünki artıq çox əsəbiləşmiş, nə etdiyini bilməmişdirş. Həmin şəxs oradan uzaqlaşmağa başlayarkən isə onun arxasınca getmiş, sonra öz yerinə qayıdıb, göyərti təmizləyən zaman istifadə etdiyi bıçağı götürüb, yenə onun dalınca qaçıb, çatdıqdan sonra əlbəyaxa olmuşlar. Həmin şəxsə bıçaqla xəsarət yetirdikdən sonra. sonuncu yerə yıxılmış. yerə yıxıldıqdan sonra onun bədən nahiyəsinə bir neçə dəfə də bıçaqla xəsarət yetirmişdir. Həmin şəxs arxası üstə yerə yıxılmışdır. Dəqiq neçə bıçaq zərbəsi vurduğunu xatırlamır, ancaq həmin şəxs bir az tərpənirmiş, yəni ölməmişdir. Həm də hirsi soyumadığından, əlində olan bıçaq ilə həmin şəxsin başını boyun nahiyəsindən kəsib kənara atmışdır. Bu hadisəni törədən zaman özünü idarə edə bilməmiş, artıq polis bölməsində olarkən özünə gəlmişdir. Etdiyi hərəkəti həmin vaxt dərk etməyə başlamış və səhv hərəkət etdiyini başa düşmüşdür. Bölmədə olarkən öldürdüyü şəxsin adının Canpolad olduğunu eşitmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.2 və 120.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini anlaqsız vəziyyətdə törətmiş Təqsirləndirilən şəxs qanuni nümayəndəsi qismində dindirilmiş Qanuni nümayəndə ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun doğma qardaşıdır. Mərhum Zərərçəkmiş şəxs isə tanımamışdır. Qardaşı Heydər uzun illərdir ki, psixi xəstədir, hər il psixiatrik xəstəxanalarda stasionar müalicə almış, vəziyyəti yaxşılaşdığı halda evə buraxılırdı. X10 1999-cu ildə dünyasını dəyişmiş və həmin vaxtdan Heydərdə psixi pozuntular başlamış, analarının ölümü Heydərə çox pis təsir etmişdir. Bundan sonra Heydər hərbi xidmətə getmiş və qayıtdıqdan sonra vəziyyəti daha da pisləşmişdir. Psixi vəziyyəti pisləşəndə Heydəri idarə etmək mümkün deyildi, evdə olan bütün əşyaları dağıdır, evdə sındırılması mümkün olan hər şeyi sındırırdı. Heydərə həkimlər tərəfindən “şizofreniya paranoid forma” diaqnozu qoyulmuşdur. 2005-ci ildə Heydər Nazxanım adlı qadınla rəsmi olaraq ailə həyatı qurmuş və həmin evlilikdən iki uşaqları dünyaya gəlmiş: oğlu İbrahim 9-cu sinfidə, qızı Ayşən isə 8-ci sinifdə oxuyur. Evləndikdən sonra Heydər öz ailəsi ilə Binə qəsəbəsində yaşamağa başlamışdır. Həmin evi Heydərə o tikmiş, özü isə ailəsi və atası Məhəmməd ilə birlikdə başqa evdə yaşayırdı. Evli olduğu müddət ərzində də Heydərin psixi pozuntuları kəskinləşir, bu səbəbdən onu dəfələrlə psixiatrik xəstəxanaya yerləşdirirmişlər. 2015-ci ildə atası Məhəmməd dünyasını dəyişmiş, ondan sonra Heydərə o nəzarət edirdi. 2016cı ildə Heydər və Nazxanım rəsmi olaraq ayrılmışlar, səbəb də qardaşının psixi problemləri olmuşdur. Heydər psixiatrik xəstəxanaya müalicə olunması üçün getməkdən imtina etdiyi üçün onunla yola getmirdi, digər tərəfdən vəziyyəti yaxşılaşanda o, mülayim olurdu. O, ümumiyyətlə Heydərin xəstəxanadan çıxmasını istəmirdi, lakin Heydərin vəziyyəti yaxşılaşanda həkimlər onu evə buraxırdılar. 2020-ci ilin iyun ayında Heydərin vəziyyəti yenə kəskinləşmiş və o, məcbur qalıb Xəzər RPİ-nin 3-cü PB-nə məlumat vermiş və polislərin köməyi ilə çətinliklə Heydəri psixiatrik xəstəxanaya yerləşdirmişlər. Heydər iki ay müalicə almış və avqust ayında xəstəxanadan buraxılmışdır. Adətən Heydər yeməyini onlarda yeyib, yatmağa öz evinə gedirdi. Həmin vaxt Heydərin vəziyyəti normal olmuş, özünü sakit aparırdı. Ondan sonra vəziyyəti tam kəskinləşməmiş, lakin pandemiya ilə əlaqədar Heydəri xəstəxanaya yerləşdirə bilməmişlər. Heydər həmin ərəfədə yaşadığı evin yaxınlığındakı mağazanın böyründə göyərti satırdı. Hadisə günü, yəni 11.02.2021-ci il tarixdə də o, göyərti satışı ilə məşğul olmuşdur. Həmin gün günorta saatlarında tanışı Şahid1 ona zəng vuraraq, Heydərin adam öldürdüyünü demişdir. O, dərhal DİN-nin “102 xidməti”nə məlumat vermiş və birbaşa Xəzər rayon prokurorluğuna gəlmişdir. Heydər artıq tutulmuşdur, Heydərin öldürdüyü adamı isə o tanımamışdır. O, hadisənin qardaşının psixi vəziyyətinin kəskinləşməsi nəticəsində baş verdiyini düşünür. Hal-hazırda qardaşı psixiatrik xəstəxanadadır, məhkəmədən qardaşının müalicəsi ilə bağlı qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X4 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs tanımır, mərhum Zərərçəkmiş şəxs isə onun əri olmuşdur. Onlar Binə qəsəbəsində yaşayır, Canpolad fəhləlik edərək ailəsini dolandırırdı. Xasiyyətcə Canpolad çox sakit, mülayim insan olmuş, heç kimlə ədavəti, düşmənçiliyi olmamışdır. 11.02.2021-ci il tarixdə, günorta saatlarında polis əməkdaşları ona zəng vuraraq, ərinin halının pisləşdiyini və Binə qəsəbəsinə gəlməyini demişlər. O, yolda olarkən isə polis əməkdaşları yenə zəng vurub, Canpoladın qətlə yetirildiyini bildirmişlər. O, birbaşa polis bölməsinə, oradan isə MTE və PAB-nin Xəzər rayon şöbəsinə gedərək, ərinin meyitini təhvil almışdır. Hadisənin baş vermə səbəbi barədə məlumatı yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs tanımır, mərhum Zərərçəkmiş şəxs isə onun qardaşı olmuşdur. O, qardaşı Canpoladla birlikdə Binə qəsəbəsində inşa etdikləri evdə yaşayırdılar. Canpolad fəhləlik edərək ailəsini dolandırırdı. Xasiyyətcə Canpolad çox sakit, mülayim insan olmuş, heç kimlə ədavəti, düşmənçiliyi olmamışdır. 11.02.2021-ci il tarixdə, günorta saatlarında polis əməkdaşları ona zəng vuraraq Canpoladın halının pisləşdiyini və Binə qəsəbəsinə gəlməyini demişlər. O, yolda olarkən isə yenə zəng vurub, Canpoladın qətlə yetirildiyini bildirmişlər. O, birbaşa polis bölməsinə, oradan isə MTE və PAB-nin Xəzər rayon şöbəsinə getmiş və qardaşının meyitini təhvil almışdır. Hadisənin baş vermə səbəbi barədə məlumatı olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs məhəllə sakini kimi tanıyır. Özü Binə qəsəbəsində mağaza işlədir, Təqsirləndirilən şəxs isə mağazanın yanında göyərti satırdı. Heydərin uzun illərdir psixi xəstə olmasını bilir. Heydər əvvəllər evli olmuş, lakin səhhətindəki problemləri ilə bağlı ailəsi dağılmışdır. Heydər ilin müəyyən vaxtını psixi xəstəxanada stasionar müalicədə keçirir, vəziyyəti yaxşılaşanda evinə buraxılırdı. Mərhum Zərərçəkmiş şəxs da qəsəbədə dəmir tullantıları yığıb satışı ilə məşğul olan şəxs kimi tanımışdır. Canpolad ondan bir az aralı məsafədə ailəsi ilə birlikdə yaşayırdı. Onun işlətdiyi mağazanın yanında şəhidlər üçün kiçik abidə var, Canpolad da hər dəfə oradan keçəndə abidəni silib, təmizləyirdi. 11.02.2021-ci il tarixdə səhərdən o, mağazada alver etmiş,, yanında da, azyaşlı bacısı uşağı olmuşdur. Mağazanın fasadı şüşəli olduğu üçün Canpoladın saat 15 radələrində yenə abidəni silməsini görmüş, bu zaman Heydərin Canpoladla mübahisə etməsini görmüş, lakin nə danışdıqlarını tam eşitməmişdir. Sonra görmüşdür ki, Heydərlə Canpolad əlbəyaxa olmuşlar. Heydər Canpolada şillə və təpik zərbələri vurmuş, hər iksi yerə yıxılmışlar. Dəfələrlə qarın nahiyəsindən əməliyyat keçirdiyindən dalaşanları aralaya bilməmiş, yanında olan bacısı uşağı qorxduğu üçün onu götürüb evə aparan zaman Heydər ilə Canpolad artıq biri-birindən aralaşmış, Canpolad yolu ilə getdiyi zaman sözlə mübahisə etmələri davam etmiş, Heydər Canpolada “rədd ol” demişdir. Uşağı evə qoyub, qayıdan zaman isə Heydərin əlləri qan içində, bıçaq da əlində göyərti satdığı yerə qayıtdığını görmüşdür. Lakin Canpoladı görməmişdir. X8 nə isə etdiyini başa düşmüşdür. Həmin vaxt ətrafa insanlar toplaşmış və qısa müddət sonra polis əməkdaşları gəlmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs bacısı Ulduz xanıma görə tanıyır. Belə ki, o, Heydərin bacısı Ulduz xanımın həyətində hamamın təmirini edirdi. Elə oradan da Heydəri tanıyırdı. Heydər bacısının evinin yaxınlığında yaşayırdı və Heydərin psixi xəstə olduğunu eşitmişdir. 11.02.2021-ci il tarixdə, saat 15 radələrində o, nahardan iş yerinə qayıdarkən "xxxx" mağazasının yanında Heydərin göyərtini satdığını görmüşdür. Ona yaxınlaşaraq abu-havanı və göyərtini neçəyə satdığını soruşmuş, Heydər ona gülə-gülə 20, 30 və 50 qəpiyə satdığını demişdir. Təxminən 1-2 dəqiqə zarafatlaşmışlar və o, təmir etdiyi evə keçmişdir. Təxminən 15-20 dəqiqədən sonra çöldə səs-küy eşitmiş və çölə çıxanda Heydərin bir nəfər şəxslə mübahisə etdiyini görmüşdür. Heydərin mübahisə etdiyi şəxsin adının Canpolad olduğunu sonradan bilmişdir. Canpoladın biriki dəfə "xxxx"in yanında şəhidlərin abidəsini sildiyini görmüşdür. Həmin kişini sakit və heç kimlə ədavəti olmayan bir insan kimi tanıyırdı. O, Heydər ilə Canpoladın mübahisəsinə məhəl qoymayaraq təmir işləri gördüyü evin həyətinə keçmişdir. Təxminən 5-6 dəqiqədən sonra Heydərlə Canpoladın mübahisəsinin səs-küyünün daha da artmasını eşidib, çölə çıxmış, Heydərin əlində bıçaq ilə sakitcə ərazidən uzaqlaşdığını, Canpoladın isə yerdə tərpənmədən uzandığını görmüşdür. O, Heydərdən heç nə soruşmayıb, Canpoladın yanına yaxınlaşdıqda sonuncunun başının tamamilə bədənindən ayrı yerdə olduğunu, ətrafın isə qana bulaşdığını görmüşdür. Sonra qonşuluqda yaşayan Elşən adlı şəxsdən mələfə verməsini xahiş etmişdir ki, mərhumun üstünü örtsün, Elşən də evindən bir mələfə gətirdikdən sonra Canpoladın meyidini örtmüşdür. Bir müddət sonra hadisə yerinə prokurorluq və polis əməkdaşları gəlmişlər. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, məhkəmədə elan edilib araşdırılmış 11.02.2021-ci il tarixli qərardan müəyyən olunur ki, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, X.Aslanov küçəsində Zərərçəkmiş şəxs Alı oğlunun başının bədənindən ayrılmış halda meyitinin aşkar edilməsi barədə rayon prokurorluğuna məlumat daxil olmuşdur. Məhkəmədə elan edilib araşdırılmış “hadisə yeri və meyitə baxış keçirilməsi haqqında” 11.02.2021-cı il tarixli protokoldan müəyyən olunur ki, hadisə yeri Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, X.Aslanov küçəsidir. Küçənin bir hissəsi asfalt, digər hissəsi ilə torpaq örtüklüdür. Ətrafda hasarlanmış həyətyanı sahələrdə tikililəri görmək mümkündür. Hadisə baş vermiş ərazidə "xxxx" MMC-nə aid mağaza yerləşir. Hasarın kənarında torpaq örtüyünün üzərində arxası üstə uzanmış vəziyyətdə, üzəri və paltarları qana bənzər ləkələrə bulaşmış, başı gövdəsindən ayrılmış və baş nahiyəsi gövdənin yanına atılmış kişi cinsli meyit olduğu aşkar edilmiş və həmin şəxsin Zərərçəkmiş şəxs Alı oğlu olduğu müəyyən edilmişdir. Baxış zamanı hadisə yerindən torpaq üzərindən ayrı-ayrı bükümlərdə beş ədəd qana bənzər maddə, beş ədəd DNT çöpündə qana bənzər maddələr, həmçinin, Zərərçəkmiş şəxs hadisə vaxtı əynində olmuş paltarlar qablaşdırılaraq götürülmüşdür. Məhkəmədə elan edilib araşdırılmış 11.02.2021-cı il tarixli “cinayət törətməkdə şübhəli şəxsin tutulması haqqında” protokoldan müəyyən olunur ki, həmin tarixdə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. Məhkəmədə elan edilib araşdırılmış Bakı şəhəri Xəzər rayon məhkəməsinin 12.02.2021-cı il tarixli qərarından müəyyən olunur ki, Təqsirləndirilən şəxs barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-tibbi ekspertizasının 18.03.2021-ci il tarixli, 22 nömrəli rəyindən müəyyən olunur ki, mərhum C.A. Məmmədovun meyitində aşkar edilmiş xəsarətlər: həyatla bir araya sığmayan xəsarət; kəskin qanitirmə ilə müşayiət olunan boyunun dairəvi tam kəsilərək başın bədəndən ayrılması, boyunun əzələ toxumalarının, boyunun arteriya və venalarının, traxeya, qida borusunun, İİİ boyun fəqərəsinin bağ aparatının tam dairəvi kəsilmiş yarası; dalağın, nazik bağırsağın və bağırsaq müsariqəsinin zədələnməsi, kəskin qanitirmə ilə müşayiət olunan qarının sol yan divarının yuxarı üçdə birinin daxilə-qarın boşluğuna nüfuz edən 1 ədəd deşilmiş-kəsilmiş yarası; boyunun arxa səthinin aşağı üçdə birində (2 ədəd); boyunun sağ yan səthinin aşağı üçdə birində - sağ körpücüküstü nahiyəyə yaxın (1 ədəd); sağ çiyin nahiyəsinin (1 ədəd); döş qəfəsinin sol yan səthinin aşağı üçdə birinin (1 ədəd); sol bazunun orta üçdə birinin arxa səthinin (1 ədəd); sağ bazunun yuxarı üçdə birinin bayır səthinin (1 ədəd); sol kürəküstü nahiyənin (2 ədəd); sol kürək nahiyəsinin (2 ədəd); sağ kürək nahiyəsinin (2 ədəd); bel nahiyəsinin onurğa üzərində (1 ədəd) daxilə nüfuz etməyən (cəmi 14 ədəd) deşilmiş-kəsilmiş yaraları. Qeyd olunan həyatla bir araya sığmayan xəsarət; kəskin qanitirmə ilə müşayiət olunan boyunun dairəvi tam kəsilərək başın bədəndən ayrılması və bədənin çoxsaylı deşilmiş-kəsilmiş yaraları deşici-kəsici alətin (ola bilsin bıçağın) deşicikəsici təsirindən törənmişlər, həyatidirlər, törənmə müddətləri onun meyitinin meyitxanada məhkəmə-tibb müayinəsindən əvvəl olmaqla qərarda göstərilən 11.02.2021-ci il tarixə uyğun gəlirlər. Mərhum C.A. Məmmədovun meyitində aşkar olunmuş xəsarətlərdən – həyatla bir araya sığmayan xəsarət; kəskin qanitirmə ilə müşayiət olunan boyunun dairəvi tam kəsilərək başın bədəndən ayrılması, boyunun əzələ toxumalarının, boyunun arteriya və venalarının, traxeya, qida borusunun, İİİ boyun fəqərəsinin bağ aparatının tam kəsilməsi həyat üçün təhlükəli olan sağlamlığı ağır dərəcəli zərərvurmanın əlamətinə malikdir və baş vermiş ölümlə birbaşa səbəbli əlaqəlidirlər. Qarının sol yan divarının yuxarı üçdə birinin qarın boşluğuna (daxilə) nüfuz edən dalağın, nazik bağırsağın və bağırsaq müsariqəsinin zədələnməsi, kəskin qanitirmə ilə müşayiət olunan 1 ədəd deşilmiş-kəsilmiş yarası həyat üçün təhlükəli olan sağlamlığa ağır dərəcəli zərərvurmanın əlamətinə malikdir və baş vermiş ölümlə birbaşa səbəbli əlaqəlidirlər. Yara kanalının istiqaməti öndən arxaya, soldan az sağa, yuxarıdan az aşağıya doğrudur, yara kanalının uzunluğu təxminən 7-8 sm-dir. Boyunun arxa səthinin aşağı üçdə birində (2 ədəd); boyunun sağ yan səthinin aşağı üçdə birində - sağ körpücüküstü nahiyəyə yaxın (1 ədəd); sağ çiyin nahiyəsinin (1 ədəd); döş qəfəsinin sol yan səthinin aşağı üçdə birinin (1 ədəd); sol bazunun orta üçdə birinin arxa səthinin (1 ədəd); sağ bazunun yuxarı üçdə birinin bayır səthinin (1 ədəd); sol kürəküstü nahiyənin (2 ədəd); sol kürək nahiyəsinin (2 ədəd); sağ kürək nahiyəsinin (2 ədəd); bel nahiyəsinin onurğa üzərində (1 ədəd) daxilə (döş boşluğuna) nüfuz etməyən (cəmi 14 ədəd) deşilmiş-kəsilmiş yaraları həyatidirlər, ölümlə səbəbli əlaqələri yoxdur, canlı şəxslərdə ayrı-ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olduqlarına görə sağlamlığa yüngül dərəcəli xəsarətlərin zərərvurma əlamətlərinə; ümumilikdə isə sağlamlığın uzun müddətə pozulmasına səbəb olduqlarına görə bunlar sağlamlığa az ağır dərəcəli zərərvurma əlamətlərinə malikdirlər, həyatidirlər, ölümlə səbəbli əlaqəli yoxdur. Mərhum C.A. Məmmədovun ölümünə səbəb həyatla bir araya sığmayan xəsarət-kəskin qanitirmə ilə müşayiət olunan boyunun dairəvi tam kəsilərək başın bədəndən ayrılması olmuşdur. Meyit əlamətlərinin inkişaf dərəcəsinə əsasən demək olar ki, ölüm mərhum C.A. Məmmədovun meyitinin meyitxanada müayinəsindən 2-4 saat əvvəl baş vermişdir. Mərhum C.A. Məmmədovun meyitinin bədənində olan kəsilmiş və deşilmiş-kəsilmiş yaralardan başqa digər xəsarət aşkar edilməmişdir (qançır, sıyrıq və əzilmiş yara). Mərhum C.A. Məmmədovun meyitinin bədənində qeyd olunan kəsilmiş və deşilmiş-kəsilmiş yaralar ekspertizaya təqdim olunmuş bıçaqla, eləcə də o tipli digər bıçaqlarla yetirilə bilərdi. Xəsarətlər yetirilərkən mərhum C.A. Məmmədovun bədənin müxtəlif duruş vəziyyətlərində (yarı oturaq, yarı uzanıqlı və s. ola bilərdi). Hadisə vaxtı mərhum C.A. Məmmədovun əynində olmuş paltarlardakı zədələrlə bədənində aşkar olmuş xəsarətlər uyğunluq təşkil edir. Mərhum C.A. Məmmədovun meyitinin bədənində olan kəsilmiş və deşilmiş-kəsilmiş yaralar qısa bir müddət ərzində yetirildiyindən onların ardıcıllığını təyin etmək mümkün deyildir. Hadisə haqqında olan məlumatlara, xəsarətlərin xarakterinə və lokalizasiyasına əsasən demək olar ki, mərhum C.A. Məmmədovun bədənində aşkar olunan xəsarətlər kənar şəxs tərəfindən yetirilmişdir. Mərhum C.A. Məmmədovun meyitinin müayinəsi zamanı arxa keçəcək nahiyəsindən qeyri-təbii yolla cinsi əlaqədə olmanın əlamətləri (sfinktorun boşalması, şüavari büküşlərin hamarlaşması və selikli qişanın zədələnməsi) aşkar edilməmişdir.Mərhum C.A. Məmmədovun meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində etil spirti, narkotik maddələr, güclü təsiredicilər aşkar edilməmişdir. Mərhum C.A. Məmmədovun xarici və daxili müayinəsində onun hər-hansı bir xəstəlikdən əziyyət çəkməsi əlamətləri aşkar edilmədi. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-tibbi ekspertizasının 13.02.2021-ci il tarixli, 140 saylı rəyindən müəyyən olunur ki, H.M. İbrahimovun bədənində aşkar edilmiş xəsarət-sol əlin əzilmiş yarası küt əşya (ola bilsin qoluna keçirilmiş qandal) təsirindən törənmiş, törənmə müddəti onun məhkəmə-tibb müayinəsindən 1 gün əvvəl olmaqla, qərarda göstərilən 11.02.2021-ci il tarixə uyğun gələ bilər və sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül dərəcəli zərərvurmaya aiddir. Hadisə haqqında məlumatlara, qeyd olunan xəsarətlərin xarakterinə və lokalizasiyasına əsasən demək olar ki, H.M. İbrahimovun bədənində qeyd olunan xəsarətin qollarına vurulmuş qandalın təsirindən törənməsi istisna olunmur. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə tibbi-biolloji və məhkəmə-kriminalistik ekspertizasının 15.04.2021-ci il tarixli, 166/2021-MTKŞ saylı rəyindən müəyyən olunur ki, ekspertizaya təqdim edilmiş mərhum Zərərçəkmiş şəxs məxsus jiletin daxili sağ səthində bir ədəd, jiletin daxili orta nahiyəsində on bir ədəd, köynəyin ön sol yaxalığında bir ədəd, köynəyin arxa nahiyəsində on səkkiz ədəd, köynəyin sol qolun arxa dörd ədəd, sviterin ön sol nahiyəsində bir ədəd, sviterin ön sağ yuxarı nahiyəsində iki ədəd, sviterin boyun hissəsinin ön orta altı ədəd, sviterin arxa sol nahiyəsində bir ədəd, sviterin arxa orta nahiyəsində on üç ədəd, sviterin arxa sağ yuxarı nahiyəsində bir ədəd, sviterin boyun nahiyəsinin arxa səthində on ədəd, sviterin sol qolun arxa hissəsində dörd ədəd, idman gödəkçənin ön sol yaxalağının manjeti üzərində bir ədəd, idman gödəkçənin arxa hissəsində on ədəd, idman gödəkçənin sol qolunun arxa hissəsində dörd ədəd, idman gödəkçəsininkapüşonun ön sol nahiyəsində on bir ədəd, alt köynəyin ön sol nahiyəsində bir ədəd, alt köynəyin ön sağ yuxarı nahiyəsində bir ədəd, alt köynəyin ön sol yuxarı səthində on iki, alt köynəyin sol qolun arxa səthində iki ədəd, alt köynəyin ön sol yuxarı səthində on iki, alt köynəyin sol qolun arxa səthində iki ədəd, alt köynəyin arxa sol nahiyəsində bir ədəd, alt köynəyin arxa orta nahiyəsində on ədəd, idman şalvarının arxa sağ nahiyəsində bir ədəd, idman şalvarının arxa sol yuxarı səthində bir ədəd dəlib-keçən zədələr aşkar olundu. Bu zədələr deşilmiş-kəsilmiş zədələrdi, ülgücü və küpü olan yastı tiyə tipli deşici-kəsici alətin (alətlərin), o cümlədən ekpsertizaya təqdim edilmiş bıçağın tiyəsinin təsirindən və ya ona oxşar konstruktiv xüsusiyyətə malik digər bıçağın (bıçaqların) tiyəsinin təsirindən əmələ gəlməsi istisna olunmur. Ekspertizaya təqdim edilmiş mərhum Zərərçəkmiş şəxs məxsus şalvar, tuman və bir cüt corab üzərində əhəmiyyət kəsb edən hər hansı bir zədə aşkar olunmadı. Ekspertizaya təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus gödəkçənin sol qolunun aşağı hissəsində bir ədəd deşilmiş-kəsilmiş və gödəkmçənin sol qolun daxili səthində aşkar edilmiş bir ədəd dəlib-keçməyən zədələr aşkar olundu. Bu zədələr, ülgücü və küpü olan tiyə deşici-kəsici alətin təsirindən törənmişlər. Ekspertizaya təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus gödəkçənin sol qolun daxili səthində bir ədəd və köynəyin ön sağ nahiyəsində aşkar edilmiş bir ədəd cırılma zədələri, gödəkçə və köynəyin müvafiq nahiyəsinin hər hansı bir səthə ilişib dartılması əmələ gəlmişlər. Ekspertizaya təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus sviter və şalvar üzərində əhəmiyyət kəsb edən hər hansı bir zədə aşkar olunmadı. Ekspertizaya təqdim edilmiş bıçaq zavod üsulu ilə hazırlanmış məişət təyinatlı mətbəx bıçağıdır və soyuq silah hesab edilmir. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə tibbi-bioloji ekspertizasının 16.04.2021-ci il tarixli, 181/2021-MTBŞ saylı rəyindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs AB0 sistemi üzrə qan qrupu: A(İİ)-dir. Mərhum Zərərçəkmiş şəxs Alı oğlunun AB0 sistemi üzrə qan qrupu: B alfa (H) /İİİ/-dür. Ekspertizaya təqdim edilmiş beş ədəd çubuqlu pambıq topası, Zərərçəkmiş şəxs məxsus uzunqol jaket, uzunqol köynək, gödəkçə, şalvar (kəmər ilə), idman tipli gödəkçə, uzunqol köynək (alt paltarı), iki ədəd idman tipli şalvarlar üzərində qan ləkələri aşkar edildi. Bu ləkələrdə qanın qrup göstəricisi AB0 sistemi üzrə tədqiq olunduqda B və H antigenləri alındı. Bu qan ləkələri B-alfa (H) /İİİ/ qruplu şəxsə, o cümlədən mərhum Zərərçəkmiş şəxs məxsus ola bilər. Ekspertizaya təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus uzunqol sviter, uzunqol kofta, gödəkçə üzərində insan qanı ləkələri aşkar edildi. Bu ləkələrdə qanın qrup göstəricisi AB0 sistemi üzrə tədqiq olunduqda A və H antigenləri alındı. Bu qan ləkələri A-beta (H) /İİ/ qruplu şəxsə, o cümlədən Təqsirləndirilən şəxs məxsus ola bilər (əgər onun qanında müşayiətçi H antigeni vardırsa). Ekspertizaya təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus şalvar (kəmər ilə) üzərində zəif intensivliyində olan insan qanı ləkəsi aşkar edildi. Bu ləkədə qanın qrup göstəricisi AB0 sistemi üzrə təyin olunduqda, qrup antigenləri və aqqlyutininləri alınmadığı üçün onun qrup mənsubiyyətini təyin etmək mümkün olmadı. Ekspertizaya təqdim edilmiş maddi sübutlarda olan qan ləkələrdə insan dərisinin buynuzlaşmış üst qatı hüceyrələri aşkar olundu. Başqa toxumaların yararlı hüceyrə elementləri aşkar olunmadığı üçün hüceyrələrin cinsini və regionallığı təyin etmək mümkün olmadı. Ekspertizaya təqdim edilmiş bıçaq üzərində olan ləkələrdə qan aşkar olunmadı. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus iki ədəd tuman, bir cüt corab üzərində qana şübhəli ləkə aşkar olunmadı. Məhkəmədə elan edilib araşdırılmış kompleks stasionar məhkəmə-psixiatriya və məhkəmə-psixoloji ekspertizasının 15.03.2021-ci il tarixli, 30 saylı rəyindən müəyyən olunur ki, məhkəmə-psixiatriya ekspertizası üzrə: yoxlanılan şəxs Təqsirləndirilən şəxs “Paranoid şizofreniya” kimi xroniki xəstəlikdən əziyyət çəkir. Təqsirləndirilən şəxs ona ittiham olunan cinayət əməlini törədərkən keçirdiyi “Paranoid şizofreniya” kimi xroniki psixi xəstəlik nəticəsində öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmamışdır. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21.1-ci maddəsinin təsiri altına düşür. Təqsirləndirilən şəxs təqsirləndirildiyi cinayət əməlini törədərkən patoloji affekt vəziyyətində olmamışdır. Təqsirləndirilən şəxs hal-hazırki psixi durumu onunla istintaq hərəkətlərinin aparılmasına imkan vermir. Belə ki, həmin şəxs cinayət hadisəsini və iş üçün əhəmiyyət kəsb edən halları, etdiyi hərəkətləri düzgün qavramaq və təsvir etmək, hərəkətlərinin məsuliyyətini dərk etmək, onlara cavab vermək və rəhbərlik etmək. həmçinin öz prosessual hüquq və vəzifələrini şəxsən həyata keçirmək və onları lazımi səviyyədə yerinə yetirmək, digər məhkəmə-istintaq hərəkətlərində iştirak etmək qabiliyyətinə malik deyildir. Məhkəmə-psixoloji ekspertizası üzrə: Təqsirləndirilən şəxs onda müəyyən edilmiş psixi pozuntuya xarakterik olan hövsələsizlik, qıcığa qarşı həssaslıq, tez özündən çıxmaq, emosional reaksiyalara meyillilik, özünə qarşı hörmət tələb etmək, impulsivlik, aqressiv davranışlara meyillilik kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs psixoloji vəziyyəti psixi xəstəliklə şərtləşdiyindən, belə qənaətə gəlmək mümkündür ki, baş vermiş hadisə zamanı o şüur və davranışlarına mühüm təsir göstərən psixi-emosional halda olmuş, öz hərəkətlərini idarə etmək iqtidarında olmamışdır. Hadisə zamanı Təqsirləndirilən şəxs psixi-emosional sferasındaaqressivlik, impulsivlik halı yaranmışdır. Onun hazırki emosional vəziyyətində qeyrisabitlik, gərginlik, hirslilik kimi hallar müəyyən edildi. Bu nəticəyə gəlinir ki, baş vermiş hadisə zamanı və ondan sonra H.M. İbrahimovun psixi-emosinoal vəziyyəti onda müəyyən edilmiş “Paranoid şizofreniya” psixi xəstəliyi ilə şərtləşmişdir. Təqsirləndirilən şəxs ekstremal psixi vəziyyətin yaranması onun əziyyət çəkdiyi psixi xəstəliyin kəskinləşməsi ilə əlaqədar olmuşdur. Təqsirləndirilən şəxs ona ittiham olunan cinayət hadisəsini törədən zaman fizioloji affekt vəziyyətində olmamışdır. Məhkəmədə elan edilib araşdırılmış təkrar stasionar məhkəmə-psixiatriya ekspertizasının 20.05.2021-ci il tarixli, 59 saylı rəyindən müəyyən olunur ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs “Paranoid şizofreniya” formasında xroniki prosessual psixi patalogiyadan əziyyət çəkir. Təqsirləndirilən şəxs təqsirləndirildiyi cinayət əməlini törədərkən düçar olduğu “Paranoid şizofreniya” kimi xroniki psixi xəstəliyin kəskinləşməsi nəticəsində öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmamışdır. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21.1-ci maddəsinin təsiri altına düşür. Təqsirləndirilən şəxs ona ittiham olunan cinayət əməlini törədərkən keçirdiyi “Paranoid şizofreniya” kimi xroniki psixi xəstəlik nəticəsində öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmadığındantəqsirləndirildiyi cinayət əməli barəsində anlaqsız hesab edilməlidir. Təqsirləndirilən şəxs hal-hazırda anlaqlı olubolmamasınıcavablandırmaq mümkün deyildir. (H.M. İbrahimovun hazırda anlaqlı olub-olmaması məsələsini həll etmək olmaz). Çünki “anlaqlılıq” və “anlaqsızlıq” terminləri yalnız cinayət hadisəsinin törədildiyi dövrə münasibətdə işlədilə bilər. Hər hansı cinayət əməlini törətməkdə təqsirləndirilən şəxsin hazırda anlaqlı olub-olmaması sualı qeyri-səhih olduğundan həmin suala cavab vermək ümumən mümkün deyildir. yalnız onu qeyd edə bilər ki, H.M. İbrahimovun mübtəla olduğu “Paranoid şizofreniya” formasında xroniki psixi patologiya çərçivəsində təzahür edən əlamətlər hal-hazırda davam edir. Həmin psixi xəstəlik nəticəsində H.N. İbrahimov hazırda öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, habelə onları idarə etmək iqtidarında deyildir. Təqsirləndirilən şəxs hazırki psixi durumuna görə onun stasionar şəraitdə məcburi müalicəyə ehtiyacının yarandığı müəyyənləşir. H.M. İbrahimova qarşı Azərbaycan Respublikası CM-nin 95.0.4-cü maddəsinə əsasən ixtisaslaşdırılmış psixiatriya stasionarında intensiv müşahidə altında məcburi müalicə şəklində tibb xarakterli məcburi tədbirin tətbiq edilməsi məsləhət görülür. Təqsirləndirilən şəxs hal-hazırki psixi durumu onunla istintaq hərəkətlərinin aparılmasına imkan vermir. Belə ki, həmin şəxs cinayət hadisəsini və iş üçün əhəmiyyət kəsb edən halları, etdiyi hərəkətləri düzgün qavramaq və təsvir etmək, hərəkətlərinin məsuliyyətini dərk etmək, onlara cavab vermək və rəhbərlik etmək. həmçinin öz prosessual hüquq və vəzifələrini şəxsən həyata keçirmək və onları lazımi səviyyədə yerinə yetirmək, digər məhkəmə-istintaq hərəkətlərində iştirak etmək qabiliyyətinə malik deyildir. Dövlət ittihamçısının vəsatətinə əsasən Təqsirləndirilən şəxs barəsində məhkəmənin 17 avqust 2021-ci il tarixli qərarı ilə təkrar komisyon stasionar məhkəmə-psixiatrik ekspertizası təyin edilmiş, təkrar komisyon stasionar məhkəmə-psixiatrik ekspertizasının 04.10.2021-ci il tarixli, 124 saylı rəyindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21.1-ci maddəsinin təsiri altına düşür, CM-nin 95.0.4-cü maddəsinə əsasən ixtisaslaşdırılmış psixiatriya stasionarında intensiv müşahidə altında məcburi müalicə şəklində tibb xarakterli məcburi tədbirin tətbiq edilməsi məsləhət görülür. Məhkəmədə elan edilib araşdırılmış 1 nömrəli Respublika Psixiatriya Xəstəxanasının 688 sayl, 12.02.2021-ci il tarixli məktubndan müəyyən olunur ki, Təqsirləndirilən şəxs 05.02.2008- 02.09.2008-ci il, 22.08.2009-20.02.2010-cu il, 23.09.2010-30.10.2010-cu il, 18.11.2011- 17.02.2012-ci il, 02.11.2012-21.02.2013-cü il, 17.03.2013-15.05.2013-cü il, 27.10.2013- 24.01.2014-cü il, 07.02.2014-18.04.2014-cü il, 15.06.2014-01.09.2014-cü il, 22.12.2014- 18.01.2015-ci il, 21.07.2015-01.10.2015-ci il, 02.02.2016-16.02.2016, 04.04.2016-13.05.2016cı il, 27.03.2019-22.05.2019-cu il, 08.04.2020-02.05.2020-ci il tarixlərdə «Şizofreniya paranoid forma» diaqnozu ilə qeyd olunan xəstəxanada stasionar müalicədə olub. Sonuncu dəfə 10.06.2020-ci il tarixdə xəstəxanaya stasionar müalicəyə qəbul olunub və psixi vəziyyəti stabilləşdiyi üçün 06.08.2020-ci il tarixdə xəstəxanadan evə yazılıb. Məhkəmədə elan edilib araşdırılmış “DVD diskə baxış keçirilməmi haqqında” 22.02.2021ci il tarixli protokoldan müəyyən olunur ki, "xxxx" MMC-nin təhlükəsizlik kameralarında olan görüntülərdən müəyyən olunur ki, Təqsirləndirilən şəxs marketin yanında oturaraq göyərti satdığı görünür. Təxminən 4 dəqiqə sonra Zərərçəkmiş şəxs araba ilə həmin əraziyə gəlir və şəhidlər üçün tikilmiş abidəni silməyə başlayır. Görüntülərin 19-cu dəqiqəsindən başlayaraq Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin üzərinə hücum edərək, ona təpik və yumruq zərbələri vurduğu və hər ikisinin görüntülərdən itdiyi müəyyən edilmişdir. Təxminən 2 dəqiqə sonra Təqsirləndirilən şəxs göyərti satdığı yerə qayıdıb və yenə görüntüdən kənara gedir. Daha 1 dəqiqə sonra təqsirləndirilən şəxs qayıdaraq çantasından bıçaq götürüb, qaçaraq görüntülərdən yox olur. Görüntülərin 23-cü dəqiqəsində Təqsirləndirilən şəxs əlində bıçaqla abidənin qarşısına gəlib, orada dayanır, abidənin qarşısında axan su ilə bıçağı yuyub, silir. Görüntülərin 31-ci dəqiqəsində isə Təqsirləndirilən şəxs göyərtiləri qoyduğu taxtı, stulunu və çantasını götürərək, hadisə yerindən uzaqlaşdığı aşkar edilmişdir. Məhkəmədə elan edilib araşdırılmış Təqsirləndirilən şəxs məhkumluğuna dair sorğudan müəyyən olunur ki, o əvvəllər məhkum olunmamışdır. Məhkəmədə elan edilib araşdırılmış Bakı şəhəri Xəzər rayon məhkəməsinin 26.04.2021ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs cinayət prosessual qaydada fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmişdir. Həmin məhkəmənin 27.04.2021-ci il tarixli ərarı ilə Təqsirləndirilən şəxs 3 saylı İstintaq təcridxanasından barəsində seçilmiş həbs qətimkan tədbiri təhlükəsizlik tədbiri qismində xüsusi tibb müəssisəsinə yerləşdirilməsi ilə əvəz olunmuşdur. Cinayət işi üzrə Təqsirləndirilən şəxs cinayət törətdikdə və hal-hazırda psixi xəstə olmaqla cəmiyyət üçün təhlükəli olaraq qalmaqda davam etdiyindən və məcburi müalicəyə ehtiyacı olduğundan barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi üzrə icraat başlanmışdır. Təqsirləndirilən şəxs öz pisixi vəziyyətinə görə iş üzrə icraatda iştirak edə bilmədiyindən 07 aprel 2021-ci il tarixdə qardaşı Qanuni nümayəndə oğlu onun qanuni nümayəndəsi kimi tanınmışdır. Azərbaycan Respublikası CM-nin 21.1-ci maddəsinə əsasən, ictimai təhlükəli əməli (hərəkət və ya hərəkətsizliyi) törətdiyi zaman anlaqsız vəziyyətdə olmuş, yəni xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik nəticəsində öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etməyən və ya onu idarə edə bilməyən şəxs cinayət məsuliyyətinə cəlb edilmir. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən, anlaqsız vəziyyətdə ictimai təhlükəli əməl (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs barəsində məhkəmə tərəfindən bu Məcəllə ilə nəzərdə tutulmuş tibbi xarakterli məcburi tədbirlər tətbiq edilir. Həmin Məcəllənin 93.1.1-ci maddəsinin tələbinə görə, bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş əməli (hərəkət və ya hərəkətsizliyi) anlaqsız vəziyyətdə törətmiş şəxslərə məhkəmə tərəfindən tibbi xarakterli məcburi tədbirlər tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 94-cü maddəsinə əsasən, tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi məqsədi bu Məcəllənin 93.1.1-93.1.4-cü maddələrində göstərilən şəxslərin müalicə olunması və ya psixi vəziyyətinin yaxşılaşdırılmasından, habelə həmin şəxslər tərəfindən yeni cinayət törədilməsinin qarşısının alınmasından ibarətdir. Həmin Məcəllənin 95.0.4-cü maddəsinə əsasən, məhkəmə tərəfindən təyin edilən tibbi xarakterli məcburi tədbirlərdən biri də ixtisaslaşdırılmış psixiatriya stasionarında intensiv müşahidə altında məcburi müalicədir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 468-ci maddəsinə əsasən, anlaqsız vəziyyətdə cinayət törətmiş şəxslər barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi üzrə icraat bu Məcəllənin 468-478-ci maddələri ilə nəzərdə tutulmuş xüsusiyyətlər nəzərə alınmaqla bu Məcəllənin ümumi qaydaları əsasında aparılır. Həmin Məcəllənin 477.3-cü maddəsinə əsasən, şəxs tərəfindən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin anlaqsız vəziyyətdə törədilməsini sübuta yetirilmiş hesab etdikdə, məhkəmə onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi və barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi barədə qərar çıxarır. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.2 və 120.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini anlaqsız vəziyyətdə törətməsini və onun məhkəmə baxışı zamanı da anlaqsız vəziyyətdə olmasını sübuta yetirilmiş hesab edərək belə nəticəyə gəlir ki, o, yuxarıda qeyd olunan maddələrlə cinayət məsuliyyətindən azad olunmalı, ekspertlərin rəyinə və həmçinin Azərbaycan Respublikası CMnin 95.0.4-cü maddəsinin tələblərinə uyğun olaraq, ona ixtisaslaşdırılmış psixiatriya stasionarlarında intensiv müşahidə altında məcburi müalicə növündə tibbi-xarakterli məcburi tədbir təyin olunmalıdır. Qərarın icrası Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 1 saylı Respublika Psixiatriya Xəstəxanasının rəhbərliyinə həvalə edilməli, Təqsirləndirilən şəxs barəsində seçilmiş təhlükəsizlik tədbiri qismində xüsusi tibb müəssisəsinə yerləşdirmə qərar qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. İş üzrə Bakı şəhəri Xəzər rayon prokurorluğunda saxlanılan Zərərçəkmiş şəxs məxsus, hadisə vaxtı əynində olmuş göy rəngli parça materialından olan, içi xovlu, öndən zəncirbəndlə bağlanan gödəkçə; qara-qəhvəyi rəngli içi xovlu qolsuz gödəkçə (jilet); qara rəngli qalın materialdan uzunqol köynək; qara rəngli naxışlı, uzunboğaz sviter; qara-göyümtül rəngli cins materialdan şalvar; şalvarın belində qara rəngli kəmər; tünd-göy rəngli idman tipli şalvar; açıqgöy rəngli idman şalvarı; boz rəngli tursik; qara rəngli bir cüt corab, Təqsirləndirilən şəxs hadisə vaxtı əynində olmuş bir ədəd qara rəngli şalvar, bir ədəd qara rəngli sviter, bir ədəd kurtka və bir ədəd qırmızımtıl rəngli gödəkçə, bir ədəd bıçaq, torpaq üzərindən ayrı-ayrı bükümlərdə götürülmüş beş ədəd qana bənzər maddə məhv edilməlidir. Anlaqsız vəziyyətdə cinayət törtmiş Təqsirləndirilən şəxs hüquqlarını ibtidai istintaq zamanı Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili X6 (c.2, i/v 123), məhkəmə iclaslarında məhkəmənin qərarına əsasən təyinatla “FİDES” Vəkil Bürosunda fəaliyyət göstərən vəkil Müdafiəçi müdafiə etmişlər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən belə halda hüquqi yardımın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» qərarına əsasən təqsirləndirilən şəxslərə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından müdafiəçi X6 üçün 240 AZE (iki yüz qırx manat) pul, Müdafiəçi üçün isə 360 AZN (üç yüz altmış manat) pul “FİDES” Vəkil Bürosunun nəfinə ödənilməlidir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-nin 468 və 477-ci maddələrinin, Azərbaycan Respublikası CM-nin 93.1.1, 93.2, 94, 95.0.2, 97.1-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə, qərara aldı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.2 və 120.2.4cü maddələrində nəzərdə tutulan cinayət əməlini anlaqsız vəziyyətdə törətdiyindən və hazırda anlaqsız vəziyyətdə olduğundan cinayət məsuliyyətindən və cəzadan azad edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 95.0.4-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs barəsində ixtisaslaşdırılmış psixiatriya stasionarında intensiv müşahidə altında məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin olunsun. Qərarın icrası Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 1 saylı Respublika Psixiatriya Xəstəxanasının rəhbərliyinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş təhlükəsizlik tədbiri qismində xüsusi tibb müəssisəsinə yerləşdirmə qərar qanuni qüvvəsini alanadək dəyişdirilməsin. İş üzrə maddi sübut olan Bakı şəhəri Xəzər rayon prokurorluğunda saxlanılan Zərərçəkmiş şəxs məxsus, hadisə vaxtı əynində olmuş göy rəngli parça materialından olan, içi xovlu, öndən zəncirbəndlə bağlanan gödəkçə; qara-qəhvəyi rəngli içi xovlu qolsuz gödəkçə (jilet); qara rəngli qalın materialdan uzunqol köynək; qara rəngli naxışlı, uzunboğaz sviter; qara-göyümtül rəngli cins materialdan şalvar; şalvarın belində qara rəngli kəmər; tünd-göy rəngli idman tipli şalvar; açıq-göy rəngli idman şalvarı; boz rəngli tursik; qara rəngli bir cüt corab, Təqsirləndirilən şəxs hadisə vaxtı əynində olmuş bir ədəd qara rəngli şalvar, bir ədəd qara rəngli sviter, bir ədəd kurtka və bir ədəd qırmızımtıl rəngli gödəkçə, bir ədəd bıçaq, torpaq üzərindən ayrı-ayrı bükümlərdə götürülmüş beş ədəd qana bənzər maddə məhv edilsin. İbtidai istintaq zamanı göstərdiyi hüquqi yardımla bağlı müdafiəçi X6 üçün 240 AZE (iki yüz qırx manat) pul Bakı şəhəri 8 saylı Vəkil Bürosunun, məhkəmə iclaslarında göstərdiyi hüquqi yardımla bağlı Müdafiəçi üçün 360 AZN (üç yüz altmış manat) pul “FİDES” Vəkil Bürosunun nəfinə ödənilsin. Qərardan 20 gün müddətinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən hakim: Rasim Sadıxov Hakimlər: Novruz Kərimov Azər Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar