Məhkəmə qərarları › İş №1(101)-1300/2022

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1300/2022

29.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1300/2022 29.11.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Eldar Herov oğlunun sədrliyi ilə, hakimlər Hüseynov Cavid İbadulla oğlu və Əliyev Samir İmamverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclası katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı2, Təqsirləndirilən şəxs və müdafiəçi - Bakı şəhəri, 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxxxxx 1989-cu il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, Şamaxı rayon Məhkəməsinin 09 iyun 2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə qəti olaraq 2 il 5 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, Bakı şəhəri, Xətai rayon Məhkəməsinin 10 yanvar 2022-ci il tarixli qərarına əsasən "8 Noyabr - Zəfər günü münasibətilə amnistiya elan edilməsi haqqında" Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 5-ci hissəsinə əsasən cəzası 1 il azadlımış və 13 iyul 2021-ci il tarixdə qeydiyyata götürülmüş, üzərində 1 il 26 gün müddətə çəkilməmiş azadlığın məhdudlaşdırılması cəzası qalmış, ünvan 9-də qeydiyyatda olan, ünvan 10da yaşamış, 13 dekabr 2021-ci il tarixdə hazırkı iş üzrə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri, Nizami rayon Məhkəməsinin 15 dekabr 2021-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs məlum olmayan vaxtda və mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda - təmiz çəkisi 3,070 qram narkotik vasitə olan heroin əldə edib üzərində saxlamaqla daşımış, onun narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında Bakı şəhəri, Nizami rayon Polis idarəsi, 23-cü Polis bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində 13 dekabr 2021-ci il tarixdə saat 12:45 radələrində ünvan 1 ünvanında şübhəli şəxs qismində saxlanılaraq ünvan 2 ünvanda yerləşən Nizami RPİ, 23-cü Polis bölməsinin inzibati binasına gətirilmiş və orada üzərinə keçirilmiş şəxsi axtarış zaman əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən 1 ədəd bükümdə təmiz çəkisi 3,070 qram olan külli miqdarda qəhvəyi rəngli tozşəkiili maddə, kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bundan başqa, Təqsirləndirilən şəxs məlum olmayan vaxtda və mənbədən kustar üsulla kastet tipində hazırlanmış, vurucu-əzici xassəyə malik, soyuq silah hesab edilən 1 (bir) ədəd predmeti (beşbarmaq) qanunsuz olaraq əldə edib gəzdirməklə idarə etdiyi “Xəzər” markalı **-PF- *** dövlət qeydiyyat nişanlı avtomaşında saxlamış, Bakı şəhəri, Nizami RPİ, 23-cü Polis bölməsinin əməkdaşları tərəfindən 13 dekabr 2021-ci il tarixdə saat 22 radələrində ünvan 2 ünvanda yerləşən Nizami RPİ, 23-cü Polis bölməsinin inzibati binasının həyətində “Xəzər” markalı **-PF-*** dövlət qeydiyyat nişanlı avtomaşına keçirilmiş baxış zamanı sürücü tərəfdən maşının qapı hissəsindən həmin kustar üsulla kastet tipində hazırlanmış, vurucu-əzici xassəyə malik, soyuq silah hesab edilən 1 (bir) ədəd predmet (beşbarmaq) aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında dindirilən Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, 12 dekabr 2021-ci il tarixdə o, münasibətdə olduğu Şahid2 adlı qız ilə idarə etdiyi «Xəzər» markalı **-PF-*** nömrəli maşında olan zaman post-patrul xidmətinin əməkdaşları onu saxlamaq istəmiş, lakin o, maşını saxlamamış və qaçıb getmişdir. Sonrakı gün isə polis əməkdaşları gəlib onu qızın evindən tutub bölməyə aparmışlar. Həmin vaxt onun üzərində narkotik vasitə olmamışdır. Verilmiş sualları cavablandıran Təqsirləndirilən şəxs ittihamda yazılan narkotik vasitənin və beşbarmağın ona aidiyyəti olmadığını, lakin bölmədə videoçəkiliş zamanı narkotik vasitənin və beşbarmağın ona məxsus olduğunu etiraf etdiyini, bunu polis əməkdaşlarının təzyiqi altında etdiyini, özünün bir il yarım-iki il olar ki, narkotik vasitədən istifadə etdiyini, «kokos» kimi tanıdığı narkotik vasitə qəbul etdiyini, lakin Şahid2 heç vaxt narkotik vasitə vermədiyini və onunla birlikdə narkotikdən istifadə etmədiklərini, beşbarmağın maşından aşkar edildiyini, lakin onun həmin beşbarmağı əvvəllər idarə etdiyi maşında heç vaxt görmədiyini, bir gün əvvəl gecə vaxtı polis əməkdaşlarının ona «maşını saxla» əmri verdiklərini, lakin o, maşını saxlamadığını və sürüb getdiyini, bundan sonra polis əməkdaşlarının maşına atəş açdıqlarını, polislərin silahdan istifadə etmələri ilə bağlı dindirilmədiyini, narkotik vasitə aldığı şəxsə «sms» yazmadığını, saat 12-də evdən tutularaq aparıldığını, evdə tutulan zaman üzərinə baxış keçirildiyini, sonra bölmədə də üzərinə baxış keçirildiyini, lakin heç bir şey aşkar olunmadığını, videoçəkilişin gecə saat 2-də aparıldığını, maşına baxışın isə gecə saat 11-də keçirildiyini məhkəməyə bildirdi. İfadələri arasında ziddiyyətlər olduğundan Təqsirləndirilən şəxs ibtidai istintaqı zamanı verdiyi ifadələri məhkəmə iclasında elan və tədqiq edildi. O, 02 iyun 2022-ci il tarixli ifadəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4 və 234.4.3-cü maddələri ilə elan olunmuş ittihamlar üzrə özünü təqsirli bilməyərək üzərindən aşkar edilmiş narkotik vasitənin və maşınından aşkar edilmiş soyuq silahın ona məxsus olmadığını, bu barədə etirafedici ifadələri polis əməkdaşlarının təzyiqi ilə və döyülməsi nəticəsində verdiyini bildirmişdir. Lakin Təqsirləndirilən şəxs 15 dekabr 2021-ci il tarixdə verdiyi ifadəsində, həmçinin ilkin izahatında və şübhəli şəxs qismində verdiyi ifadəsində özünü Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, təxminən iki ildir narkotik vasitələrdən istifadə edir və üzərində olan narkotik vasitəni xx.xx.2021-ci il tarixdə Xətai rayonu ərazisində yaşadığı ünvanın yaxınlığında tapmış və şəxsi istifadəsi üçün üzərində saxlamışdır. xx.xx.2021-ci il tarixdə saat 01 radələrində idarə etdiyi **-PF-*** dövlət qeydiyyat nişanlı “Xəzər” markalı avtomobil ilə münasibətdə olduğu Fatimə Səbahi ilə birlikdə Bakı şəhəri, Nizami rayonu, “Babək” prospektində DİN-nin Daxili Qoşunlarının “N” saylı hərbi hissəsinin yaxınlığında üzü “maşın bazarı” istiqamətində avtomobildə oturmuşlar. Onlar orada olduqdan sonra yanlarından post-patrul maşını keçmiş və daha sonra geri qayıtdıqda, o, dərhal avtomobili sürüb oradan uzaqlaşmışdır. O, Bakı şəhəri, Nizami rayonu, Babək prospektindən geri qayıdıb dəqiq sağ tərəfə döndükdə post-patrul maşının arxasınca gəldiyini görmüş, belə olan halda isə o, təkrar olaraq geri dönüb qayıtmaq istədikdə polislər onun qarşısını kəsmişlər. Bir nəfər polis əməkdaşı piyada olaraq onun avtomobilinə yaxınlaşdıqda, o, dərhal sürüb oranı tərk etmişdir. O, həmin yeriı tərk etdikdən sonra evə qayıtmışdır. xx.xx.2021-ci il tarixdə saat 12 radələrində Fatimənin yaşadığı ünvan 5 ünvanın yaxınlığında Fatimə ilə birlikdə idarə etdiyi **-PF-*** dövlət qeydiyyat nişanlı “Xəzər” markalı avtomobildə olan zaman polis əməkdaşları onlara yaxınlaşmış və onları gecə saatlarında baş vermiş hadisə ilə əlaqədar Nizami RPİ-nin 23-cü PB-nə gətirmişlər. Nizami RPİ-nin 23-cü polis bölməsində olan zaman otaqların birində polis əməkdaşı ona hüquq və vəzifələrini izah etdikdən sonra polis əməkdaşlarının iştirakı ilə videoçəkiliş edərək üzərinə baxış keçirən zaman üzərindən hər hansı bir qanunsuz əşyaların olub-olmamasını soruşduqda, o, əynində olan qara rəngli şalvarın sol yan cibindən bir ədəd qara rəngli “Samsung A12”, bir ədəd qara rəngli “Samsung S3” markalı mobil telefonları və bir ədəd üzərində “attenti” yazılan elektron cihazı, şalvarının sağ yan cibindən isə şəffaf politilen bükümü və 45 (qırx beş) manat kağız əskinasdan ibarət nağd pulu masanın üzərinə qoyaraq təqdim etmişdir. Bundan əlavə idarə etdiyi **-PF-*** nömrə nişanlı “Xəzər” markalı avtomobilə onun iştirakı ilə baxış keçirilən zaman avtomobildən bir ədəd qara rəngli qatlanan bıçaq, bir ədəd mətbəx bıçağı və bir ədəd beşbarmaq aşkar olunmuşdur. İstintaq zamanı verilmiş suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, 2-3 gündən bir narkotik vasitələrdən istifadə etmiş, Şahid2 də narkotik qəbul etdiyini bilmiş, Fatiməyə narkotik vasitəni özü vermiş və bir yerdə narkotikdən istifadə etmişlər. Ona qarşı polislər tərəfindən heç bir zor tətbiq etmə olmamışdır, özünə məxsus olan narkotik vasitəni könüllü olaraq polis əməkdaşlarına təqdim etmişdir (cild 1, iş vərəqi 106-108, 250-253). Elan olunmuş ifadələrlə bağlı suallara cavabında Təqsirləndirilən şəxs həmin etirafedici ifadələri təsdiq etmədiyini, narkotikin özünə məxsus olmadığını, narkotiki polis əməkdaşlarının ona verib cibinə qoydurduqlarını, sonra da onların təklifi ilə cibindən çıxarıb stolun üstünə qoyduğunu və tapdığını bildirdiyini, bu cür deməyi polis işçilərinin ona öyrətdiyini, qeyd olunan ifadələri müstəntiqin təzyiqi ilə verdiyini bildirdi. Məhkəmə iclasında dindirilən Şahid2 ifadəsində bildirdi ki, 2021-ci ilin aprel-may aylarından Təqsirləndirilən şəxslə qeyri-rəsmi münasibətdə olmuşdur. 12 dekabr 2021-ci il tarixdə saat 01 radələrində Babək prospektində Daxili Qoşunlar hərbi hissəsinin yaxınlığında üzü «Maşın bazarı» istiqamətində avtomobildə olan zaman onlara post-patrul maşını yaxınlaşmış və bu zaman Anar dərhal avtomaşını sürərək oradan uzaqlaşmışdır. Daha sonra Babək prospektində onlar təkrar olaraq post-patrul maşını ilə üzbəüz gələrək onların avtomaşının qarşısını kəsmişlər. Bir nəfər polis əməkdaşı piyada olaraq onlara yaxınlaşan zaman Anar təkrar olaraq avtomobili sürərək hadisə yerindən uzaqlaşmış və onlar evə getmişlər. Səhəri gün 13 dekabr 2021-ci il tarixdə saat 12 radələrində yaşadığı Xətai rayonu, A.Qurban küçəsi, 25 ünvanın yaxınlığında Anar ilə birlikdə onun idarə etdiyi“Xəzər” markalı avtomobildə olan zaman polis əməkdaşları onlara yaxınlaşmış və onları gecə saatlarında baş vermiş hadisə ilə əlaqədar 23-cü Polis bölməsinə gətirmişlər. Polis bölməsində videoçəkilişlə onun üzərinə baxış keçirilmiş, qanunsuz heç nə aşkar edilməmişdir. Lakin o, hər gün narkotik vasitələrdən istifadə edir. Narkotik vasitəni ona Anar verir və onlar narkotiki birlikdə istifadə edirlər. Verilən suallara cavabında Şahid2 göstərdi ki, polis əməkdaşları maşını onların maşınının qabağında saxlasa da, Anar maşını sürüb oradan uzaqlaşmışdır. Onlar həmin gün evə səhər saat 9-10-da gəlmişlər. Çox keçməmiş polis əməkdaşları gəlib onları evdən tutub aparmışlar. Bölməyə polis işçiləri tərəfindən Anarla ayrı-ayrı maşınlarda aparılmışlar. Polis işçiləri tərəfindən bölmədə ona hər hansı zor tətbiq edilməmişdir. Anarla tanış olana qədər də o, narkotikdən istifadə etmiş, sonradan həmişə narkotiki Anarla birlikdə qəbul etmişdir. Narkotikləri həmişə Anar tapmış, lakin haradan və necə əldə etməsi barədə məlumatı olmamışdır. Anar tutulandan sonra narkotikdən istifadə etmir. Belə ki, sonradan anası onu müalicə etdirmişdir, hazırda tam sağalmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri, Nizami RPİ, 23-cü Polis bölməsinin cinayət axtarış üzrə baş əməliyyat müvvəkili Şahid3 ifadəsində bildirdi ki, 13 dekabr 2021-ci il tarixdə Nizami RPİ, Post-patrul xidmətinin əməkdaşları raportla müraciət edərək bildirmişlər ki, həmin gün gecə təxminən saat 01 radələrində 5 saylı patrul sektorunda xidmət apararkən “Babək” prospektində yerləşən “Şərq-Motors” avtoservisinin qarşısında “Xəzər” markalı **-PF-*** dövlət qeydiyyat nişanlı avtomaşını gördüklərini, həmin avtomaşında olan şəxslərin narkotik vasitələrin istifadəsində şübhəli olduqları üçün avtomaşına yaxınlaşmaq istəyən zaman avtomaşının sürücüsü və qabaq oturacaqda əyləşən qadının birlikdə narkotikdən istifadə etdiklərini görüb onları saxlamaq istədikdə sürücü maşını sürüb getmişdir. Bununla bağlı həmin avtomaşının, onun sürücüsü və yanında olan qadının əməliyyat yolu ilə müəyyən edilərək Nizami RPİ-nin 23-cü Polis bölməsinə gətirilməsi üçün tədbirlər başlamışdır. Onun və 23-cü Polis bölməsinin cinayət axtarış üzrə əməliyyat müvvəkili Şahid1 iştirakı ilə əməliyyat qrupu yaradılmışdır. Onlar 13 dekabr 2021-ci il tarixdə Xətai rayonu, A.Qurban 25 ünvanın qarşısında Təqsirləndirilən şəxs və Şahid2 saxlayaraq idarə etdikləri “Xəzər” markalı avtomaşınla birlikdə 23-cü Polis bölməsinə gətirmişlər. Bölmədə təhqiqatçı tərəfindən həmin şəxslərin üzərində şəxsi axtarış keçirilmişdir. Əvvəlcə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, ona üzərində qanunsuz əşyalar varsa, təqdim etməsi təklif olunmuşdur. Bu təklifdən sonra Təqsirləndirilən şəxs könüllü olaraq əynindəki şalvarın ciblərində olan bir ədəd şəffaf selofan bükümü, iki ədəd mobil telefonları, elektron cihazı və 45 manat təqdim etmişdir. Həmin bükümün içərisinə baxış keçirilərkən qəhvəyi rəngdə, spesefik iyə malik narkotik vasitə heroinə bənzər maddə aşkar edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərində axtarış aparılmış, lakin başqa əşyalar aşkar edilməmişdir. Qəhvəyi rəngdə olan narkotik vasitəyə oxşar maddə kağız zərfdə qablaşdırılaraq möhürlənmiş və iştirakçılar tərəfindən, o cümlədən Təqsirləndirilən şəxs tərəfindən imza edilmişdir. Bundan başqa 13 dekabr 2021-ci il tarixdə Təqsirləndirilən şəxs məxsus “Xəzər” markalı avtomaşına şəxsin özünün iştirakı ilə baxış keçirilmişdir. Bu zaman nəqliyyat vasitəsinin qabaq sağ tərəfində yerləşən saxlanc yerindən bir ədəd qara rəngli qatlanan bıçaq, arxa yük hissəsinin sol tərəfində bir ədəd mətbəx bıçağı və sürücü tərəfdən bir ədəd beşbarmaq aşkar edilərək götürülmüşdür. Həmin əşyalar da qablaşdırılaraq möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Daha sonra Anarla saxladığımız Şahid2 adlı qızın da şəxsi axtarış aparılmış, lakin onun üzərindən hər hansı qanunsuz əşya və predmet aşkar olunmamışdır. Keçirilmiş şəxsi axtarışlar və baxış barədə protokollar tərtib edilmiş, düzgün yazıldığına görə hamı tərəfindən imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri, Nizami RPİ, 23-cü Polis bölməsinin cinayət axtarış üzrə əməliyyat müvvəkili Şahid1 şübhəli şəxs Təqsirləndirilən şəxs müəyyən edilərək saxlanılması, onun üzərinə şəxsi axtarış və idarə etdiyi avtomaşına baxış keçirilməsində əməliyyat qrupunun üzvü kimi iştirak etdiyini bildirərək, Şahid3 məhkəmədə verdiyi ifadə ilə oxşar məzmunlu ifadə verdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri, Nizami RPİ, Post-patrul xidməti bölüyünün polis nəfəri Şahid5 ifadəsində bildirdi ki, 13 dekabr 2021-ci il tarixdə gecə saat 00:45 radələrində polis nəfərləri Şahid6 və Şahid4 ilə bir yerdə **-AP-*** dövlət qeydiyyat nişanlı patrul avtomobili ilə xidmətdə olan zaman “Babək” prospektində yerləşən Daxili Qoşunların Hərbi hissəsinin yaxınlığında qara rəngli “Xəzər” markalı, qabaq dövlət qeydiyyat nişanı olmayan bir avtomobilin dayandığını, içərisində iki nəfərin özlərini şübhəli apardıqlarını görmüşlər. Patrul avtomobilini onların maşınına doğru yaxınlaşdırmaq istəyərkən həmin avtomobilin sürücüsü işıqlarını yandırmadan yüksək sürətlə “Babək” prospekti ilə “Maşın bazarı” istiqamətində hərəkət edərək onlardan uzaqlaşmışdır. Az sonra həmin avtomobilin “Babək” prospekti ilə qarşı istiqamətdən geri qayıtdığını görmüşlər. O, həmin avtomobili kənardan təqib etmədən müşahidə etməyə başlamışdır. Sonradan həmin avtomobilin arxa dövlət qeydiyyat nişanının **-PF-*** olduğunu bilmişdir. Avtomobil “Babək” prospektində dalanların birinə daxil olub gözdən itmişdir. Həmin gün saat 01 radələrində ünvan 8 ünvanın qarşısından keçən zaman həmin avtomobilin dayandığını görmüşlər. Şahid6 ilə Şahid4 patrul avtomobilindən düşüb həmin avtomobilin sürücü tərəfdən qapısına yaxınlaşdıqda, qəflətən sürücü avtomobili işə salıb yerindən tərpətmək istədikdə Şahid6 sağ əli ilə sürücü tərəfdən qapının dəstəyindən tutub açmağa cəhd etmişdir. Lakin sürücü maşını hərəkətə gətirərək oradan uzaqlaşmışdır. Emin isə çətinliklə əlini qapının dəstəyindən ayıra bilmişdir. Bundan sonra baş vermiş hadisə ilə bağlı onlar dərhal Nizami RPİ-nin Növbətçi Hissəsinə məlumat vermişlər. O, baş vemiş hadisə ilə əlaqədar heç bir bədən xəsarəti almamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri, Nizami RPİ, Post-patrul xidməti bölüyünün polis nəfərləri Şahid6 və Şahid4 şahid qismində dindirilmiş Şahid5 məhkəmə iclasında verdiyi ifadə ilə oxşar məzmunlu ifadələr verdilər. Məhkəmə kollegiyası iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, iş materiallarında olan raportlara, əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi və əməliyyat qrupunun yaradılması haqqında qərarlara əsasən, 13 dekabr 2021-ci il tarixdə Nizami RPİ, Post-patrul xidmətinin əməkdaşları tərəfindən “Xəzər” markalı **-PF-*** dövlət nömrə nişanlı avtonəqliyyat vasitəsi sürücünün və içərisində olan qadın sərnişinin özlərini şübhəli aparmaları, onların birlikdə narkotik vasitədən istifadə etmələri şübhəsi ilə nəzarətə götürülmüş, əməkdaşlar maşına yaxınlaşıb onların şəxsiyyətini müəyyənləşdirmək istədikdə, sürücü maşını yüksək sürətlə hərəkətə gətirib hadisə yerindən uzaqlaşmış, bir müddət sonra həmin maşın təkrar qeyd olunan əraziyə yaxın yerdə müəyyən edildikdən sonra PPX-nin əməkdaşları yenidən maşını saxlamaq istədikdə sürücü polis əməkdaşlarının tələblərinə əməl etməyərək oranı tərk etmişdir. Bununla bağlı, PPX əməkdaşları tərəfindən bölmə rəhbərliyinə raportla müraciət edilmiş və avtomaşının, onun sürücüsünün və qadının müəyyən edilib saxlanılması, bölməyə gətirilib müvafiq əməliyyat tədbirlərinin keçirilməsi barədə əməliyyat qrupu yaradılmışdır (cild 1, iş vərəqi 3-8). İş materiallarına əlavə edilmiş 13 dekabr 2021-ci il tarixli şəxsi axtarış və götürmə haqqında protokola əsasən, həmin tarixdə Təqsirləndirilən şəxs üzərindən bir ədəd qara rəngli “Samsung A12”, bir ədəd qara rəngli “Samsung S3” markalı mobil telefonlar və bir ədəd üzərində “attenti” yazılan elektron cihaz, şalvarının sağ yan cibindən şəffaf politilen büküm və 45 (qırx beş) manat nağd pulu aşkar olunmuşdur. Həmin bükümün içərisinə baxış keçirilərkən qəhvəyi rəngdə, spesifik iyə malik olan narkotik vasitə heroinə oxşar maddə aşkar edilmişdir (cild 1, iş vərəqi 36- 37). İşə əlavə edilmiş 13 dekabr 2021-ci il tarixli nəqliyyat vasitəsinə axtarış və götürmə aparılması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs məxsus “Xəzər” markalı **- PF-*** dövlət nömrə nişanlı avtonəqliyyat vasitəsinin qabaq sağ tərəfində yerləşən saxlanc yerindən bir ədəd qara rəngli qatlanan bıçaq, arxa yük hissəsinin sol tərəfində bir ədəd mətbəx bıçağı və sürücü tərəfindən bir ədəd beşbarmaq aşkar olunaraq götürülmüşdür (cild 1, iş vərəqi 70- 71). İş materiallarında olan 31 may 2022-ci il tarixli diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, 13 dekabr 2021-ci il tarixdə Nizami RPl-nin 23-cü Polis bölməsinin inzibati binasında Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs heç bir etiraz bildirmədən könüllü olaraq qara rəngli şalvarının ciblərindən bir ədəd qara rəngli “Samsung A12”, bir ədəd qara rəngli “Samsung S3” markalı mobil telefonları və bir ədəd üzərində “attenti” yazılan elektron cihazı, şalvarının sağ yan cibindən şəffaf politilen bükümü və 45 (qırx beş) manat nağd pulu masanın üzərinə qoyur. Həmin bükümün içərisənə baxış keçirilərkən qəhvəyi rəngdə, spesifik iyə malik olan narkotik vasitəyə oxşar maddə aşkar edildi. Daha sonra polis bölməsinin əməliyyat müvəkkili, polis leytenantı Şahid1 köməyindən istifadə edilməklə Təqsirləndirilən şəxs üzərində axtarış aparılmış və sonuncunun üzərindən qanunla qadağan olunmuş hər hansı başqa əşya, maddə və ya predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 45 (qırx beş) manat pul vəsaiti cinayət təqibi üzrə əhəmiyyət kəsb etmədiyindən sahibinə qaytarılmışdır (cild 1, iş vərəqi 221). İşə əlavə edilmiş 31 may 2022-ci il tarixli diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, 13 dekabr 2021-ci il tarixdə Nizami RPİ-nin 23-cü Polis bölməsinin inzibati binasının həyətində saxlanılan Təqsirləndirilən şəxs məxsus “Xəzər” markalı **-PF-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinə baxış keçirilmiş, bu zaman nəqliyyat vasitəsinin qabaq sağ tərəfində yerləşən saxlanc yerindən bir ədəd qara rəngli qatlanan bıçaq, arxa yük hissəsinin sol tərəfində bir ədəd mətbəx bıçağı və sürücü tərəfindən bir ədəd beşbarmaq aşkar olunaraq götürülmüşdür. Həmin əşyalar kağız zərfə qablaşdırılaraq Azərbaycan Respublikası DİN-nin 163 saylı möhürü ilə möhürləndikdən sonra qablaşdırmanın üzərinə digər iştirakçılarla birlikdə Təqsirləndirilən şəxs də imza etməsi müəyyən olunur (cild 1, iş vərəqi 222). Məhkəmə kimyəvi ekspertizasının 14 dekabr 2022-ci il tarixli 6\5485 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Şübhəli şəxs: Təqsirləndirilən şəxs üzərindən aşkar olunan yazısı və imzalar olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 3,070 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazılanmış narkotik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxildir(cild 1, iş vərəqi 80-84). İbtidai istintaq orqanının 01 fevral 2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş ümumi təmiz çəksisi 3,070 qram heroin iş üzrə maddi sübut kimi tanınmış və tədqiqatdan sonra qalıq qalan 2,970 qram çəkidə narkotik vasitə heroin saxlanılması üçün Nizami RPİ-nin maddi sübutları saxlama kamerasına təhvil verilmişdir (cild 1, iş vərəqi 134). Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 28 dekabr 2021ci il tarixli 3\2075 nömrəli rəyindən görünür ki: - Tədqiqata təqdim edilmiş “1” rəqəmi ilə işarə olunmuş bıçaq zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan turist bıçağıdır, soyuq silah hesab edilmir. - Tədqiqata təqdim edilmiş “2” rəqəmi ilə işarə olunmuş bıçaq kustar üsulla hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan turist bıçağıdır, soyuq silah hesab edilmir. - Tədqiqata təqdim edilmiş bir ədəd predmet kustar üsulla kastet tipində hazırlanmış, vurucuəzici xassəyə malik olan soyuq silahdır (cild 1, iş vərəqi 162-166). İbtidai istintaq orqanının 31 may 2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs istifadəsində olan “Xəzər” markalı **-PF-*** dövlət qeydiyyat nişanlı avtomaşından aşkar edilərək götürülmüş 1 (bir) ədəd predmet kustar üsulla kastet tipində hazırlanmış vurucu-əzici xassəyə malik olan soyuq silah hesab edilən “beşbarmaq” maddi sübut kimi tanınaraq saxlanılması üçün Nizami RPİ-nin maddi sübutları saxlama kamerasına təhvil verilmişdir. Eyni zamanda, həmin avtomobildən aşkar olunaraq götürülmüş iki ədəd bıçaq turist bıçağı olduğundan və soyuq silah hesab edilmədiyi üçün maddi sübut kimi tanınmamış, lakin saxlanılması üçün Nizami RPİ-nin maddi sübutları saxlama kamerasına təhvil verilmişdir. Həmçinin Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmasını əks etdirən bir ədəd DVD disk və nəqliyyat vasitəsinə baxış keçirilməsini əks etdirən bir ədəd DVD disk sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir (cild 1, iş vərəqi 223-234). Məhkəmə narkoloji ekspertizasının 01 aprel 2022-ci il tarixli 1530 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulu edilməsi nəticəsində yaranan aslılıq sindiromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür (cild 1, iş vərəqi 216-217). Cinayət işində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Psixiatriya X2 Şəxsin 28 yanvar 2022-ci il tarixli 1032 nömrəli məktubundan görünür ki, xx.xx.1989-cu il təvəllüdlü, ünvan 9 ünvanda qeydiyyatda olan, ünvan 10da yaşayan Təqsirləndirilən şəxs arxiv məlumatlarına görə yuxarıda adı göstərilən xəstəxnada müalicədə olmamışdır (cild 1, iş vərəqi 142). İş materiallarına əlavə edilmiş 13 may 2022-ci il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Bakı şəhəri, Nizami rayon prokurorluğunda Təqsirləndirilən şəxs 13 dekabr 2022-ci il tarixdə şübhəli şəxs qismində saxlanılarkən Nizami RPİnin əməkdaşları tərəfindən döyülməsi və fiziki işgəncəyə məruz qalması barədə onun müraciəti əsasında araşdırılma aparılmış və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir (cild 1, iş vərəqi 206-209). Azərbaycan Respublikası DİN Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən alınmış 11 may 2022-ci il tarixli tələbnamədən, həmçinin Şamaxı rayon Məhkəməsinin 09 iyun 2021-ci il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs həmin hökmə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib, ona qəti olaraq 2 il 5 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir (cild 1, iş vərəqi 192-201). Həmçinin məhkəmənin sorğusu əsasında Bakı şəhər Probasiya idarəsindən alınmış 30 oktyabr 2022-ci il tarixli 21-1/3-18410/7 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs Şamaxı rayon Məhkəməsinin 09 iyun 2021-ci il tarixli hökmü ilə təyin edilmiş 2 il 5 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılmasına cəzası Bakı şəhəri, Xətai rayon Məhkəməsinin 10 yanvar 2022-ci il tarixli qərarına əsasən "8 Noyabr – Zəfər günü münasibətilə amnistiya elan edilməsi haqqında" Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 5-ci hissəsinə əsasən 1 il azadlımış və o, 13 iyul 2021-ci il tarixdə qeydiyyata götürülmüşdür. Təqsirləndirilən şəxs yenidən cinayət törətdiyi üçün Bakı şəhəri, Nizami rayon Məhkəməsinin 15 dekabr 2021-ci il tarixli qərarına əsasən barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 13 dekabr 2021-ci il tarixdən hesablanmışdır. Onun 1 il 26 gün çəkilməmiş azadlığın məhdudlaşdırılması cəzası qalmışdır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək, 13 dekabr 2021-ci il tarixdə polis əməkdaşları tərəfindən qızın evində olarkən tutulduğunu, həmin vaxt onun üzərində narkotik vasitə olmadığını, ittiham aktında yazılan narkotik vasitənin və beşbarmağın ona məxsus olmadığını, lakin polis işçilərinin təzyiqi ilə videoçəkiliş zamanı narkotik vasitənin və beşbarmağın ona məxsus olduğunu etiraf etdiyini, Şahid2 heç vaxt narkotik vasitə vermədiyini və onunla birlikdə narkotikdən istifadə etmədiklərini bildirərək öz müdafiəsi üçün dəlillər gətirdi. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» 24 dekabr 2021-ci il tarixli Qərarının 33-cü bəndində məhkəmələrə tövsiyyə edilir ki, hökmün təsviriəsaslandırıcı hissəsində təqsirləndirilən şəxsin ona verilən ittihama münasibəti öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 04 mart 2011-ci il 2 №-li qərarında məhkəmələrə tövsiyyə olunur ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsin məhkəmədə gətirdiyi həmin dəlillərlə bağlı qeyd etməyi lazım bilir ki, iş materiallarına görə Təqsirləndirilən şəxs polis əməkdaşlarının qanuni tələblərinə əməl etməyərək yayındığına və narkotik vasitələri əldə etmə, saxlama və daşıma cinayətlərində şübhəli bilindiyinə görə saxlanılmış, videoçəkiliş aparılmaqla üzərinə şəxsi axtarış keçirilərkən özü heç bir kənar təsir olmadan ittihamda qeyd olunmuş narkotik vasitəni polis əməkdaşlarına təqdim etmiş, həmin maddi sübutlar prosessual qaydada qablaşdırılaraq götürülmüşdür. O, ilkin izahatında, şübhəli şəxs kimi verdiyi ifadəsində və təqsirləndirilən şəxs qismində verdiyi ilkin ifadəsində özünün narkotik aludəçisi olduğunu, üzərindən aşkar olunmuş narkotik vasitənin özünə məxsus olduğunu, onu yerdən tapdığını, 2-3 gündən bir narkotik vasitələrdən istifadə etdiyini, Şahid2 də narkotik qəbul etdiyini bildiyini, Fatiməyə narkotik vasitəni özünün verdiyini və bir yerdə narkotikdən istifadə etdiklərini, ona qarşı polislər tərəfindən heç bir zor tətbiq etmə olmadığını, özünə məxsus olan narkotik vasitəni könüllü olaraq polis əməkdaşlarına təqdim etdiyini bildirmişdir. Bundan başqa, Təqsirləndirilən şəxslə yaxın münasibətdə olan Şahid2 ifadələrindən görünür ki, o, Təqsirləndirilən şəxslə tanış olduqdan sonra narkotik vasitələrdən istifadə etməyə davam etmiş, həmin narkotikləri həmişə Anar təşkil etmiş, istifadə etmək üçün ona da narkotik vasitələr vermiş və birlikdə həmişə narkotiklərdən istifadə etmişlər. Eləcə də, cinayət işinə əlavə olunmuş həbs qətimkan tədbirinin seçilməsi haqqında Nizami rayon məhkəməsinin qərarından görünür ki, məhkəmədə izahat verən Təqsirləndirilən şəxs narkotik vasitəyə görə özünü qismən təqsirli bildiyini bildirmişdir. Məhkəmənin hazırlıq iclasında Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi yazılı vəsatət verərək verib hüquqlarını müdafiə etdiyi Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə deyil, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin 28 iyun 2022-ci il tarixli hazırlıq iclasının qərarına əsasən vəsatət məhkəmə hazırlıq iclasının predmetinə aid olmayıb iş üzrə sübutların araşdırılması ilə bağlı olduğundan baxılmamış saxlanılmışdır. Lakin 02 avqust 2022-ci il tarixli məhkəmə iclasında Müdafiəçi hüquqlarını müdafiə etdiyi Təqsirləndirilən şəxs özünü təqsirli bilmədiyi üçün təqsirləndirilən şəxsin mənafeyindən çıxış edərək onun barəsində bəraət hökmü çıxarılmasını xahiş etmiş və bununla bağlı vəsatətdə müvafiq düzəliş etmişdir. Qeyd edilməlidir ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən fiziki təzyiqlərə məruz qalması barədə müraciəti əsasında Bakı şəhəri, Nizami rayon prokurorluğunda müvafiq araşdırma aparılmış və material üzrə fakt öz təsdiqini tapmadığından prokurorluğun 13 may 2022-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanılması rədd edilmişdir. Yuxarıda qeyd olunanları ümumiləşdirən məhkəmə kollegiyası təqsirləndirilən şəxsin məhkəmə iclasında ibtidai istintaq zamanı verdiyi ifadələrə münasibətdə ziddiyyətli ifadə verməsini, təzyiqlərə məruz qalması barədə məhkəmədə gətirdiyi dəlilləri işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymətləndirərək belə hesab edir ki, həmin dəlilər şəxsin məsuliyyətdən yaxa qurtarmaq üçün seçdiyi müdafiə taktikası kimi dəyərləndirilməli, digər sübutlarla öz təsdiqini tapdığına görə təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi etirafedici ifadələri iş üzrə obyektiv həqiqəti əks etdirən sübut kimi qəbul edilməlidir. Həmçinin Müdafiəçi təqsirləndirilən şəxs barəsində bəraət hökmünün çıxarılması barədə vəsatəti əsassız olduğundan təmin olunmamalıdır. Şərh olunanlara və Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin törətdiyi əməllər düzgün tövsif edilmişdir, həmin əməllər qəsdən törədilmiş, başa çatmış cinayətlərdir, təsnifatına görə böyük ictimai təhlükə törətməyən və ağır cinayətlər kateqoriyasına aiddir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.2-ci maddəsinə əsasən, qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza nəzərdə tutulmuş əməllər, yaxud qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi iki ildən artıq olmayan əməllər böyük ictimai təhlükə törətməyən cinayətlər hesab olunur. Həmin Məcəllənin 15.4-cü maddəsinin tələbinə görə, qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur. Azərbaycan Respublikası CM-nin 25.2-ci maddəsinə əsasən, şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, bu halda cinayət birbaşa qəsdlə törədilmiş hesab olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Həmin Məcəllənin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmədə Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən edilmədi. Beləliklə, məhkəmə kollegiyası, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və təkzibedilməz sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü və 228.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini qəsdən törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 59 və 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən, cinayətlərin məcmusuna ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Qeyd olunan müddəaya əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi hər maddə üzrə cəza təyin olunmalı, həmin cəzaları qismən toplama yolu ilə ona qəti azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Məhkəmədə müəyyən edildi ki, Təqsirləndirilən şəxs Şamaxı rayon Məhkəməsinin 09 iyun 2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək, qəti olaraq 2 il 5 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Bakı şəhəri, Xətai rayon Məhkəməsinin 10 yanvar 2022-ci il tarixli qərarına əsasən "8 Noyabr - Zəfər günü münasibətilə amnistiya elan edilməsi haqqında" Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 5-ci hissəsinə əsasən cəzası 1 il azadlımış və 13 iyul 2021-ci il tarixdə qeydiyyata götürülmüşdür. Təqsirləndirilən şəxs üzərində 1 il 26 gün çəkilməmiş azadlığın məhdudlaşdırılması cəzası qalmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4.4-cü maddəsinə əsasən, azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən, hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Həmin Məcəllənin 68.1.1-1-ci maddəsinin tələbinə görə, cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulur. Həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs Şamaxı rayon Məhkəməsinin 09 iyun 2021-ci il tarixli hökmü ilə təyin olunmuş və çəkilməmiş qalan 1 (bir) il 26 (iyirmi) gün azadlığın məhdudlaşdırılması cəzası Cinayət Məcəlləsinin 68 və 69-cu maddələrinin müddəaları nəzərə alınmaqla azadlıqdan məhrum etmə cəzası kimi müəyyən edilməli, Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən, yəni hökmlərin məcmusu qaydasında hazırkı hökmlə təyin edilmiş cəzaya qismən birləşdirilərək Təqsirləndirilən şəxs qəti cəza təyin olunmalıdır. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzası ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələbinə görə, qəsdən törədilmiş ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Təqsirləndirilən şəxs cəza çəkməsinin başlanğıcı 13 dekabr 2021-ci il tarixdən hesablanmalıdır. Belə ki, iş materiallarına əsasən Təqsirləndirilən şəxs həmin tarixdə Bakı şəhəri, Nizami rayon Polis idarəsi, 23-cü Polis bölməsi tərəfindən şübhəli şəxs qismində tutulmuş və həmin vaxtdan hal-hazıra qədər həbsdə saxlanılır. Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsində görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Qeyd olunan müddəaları nəzərə alan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs 13 dekabr 2021-ci il tarixdən hökm çıxarılanadək həbsdə olduğu bütün müddət onun cəza müddətinə daxil edilməlidir. Eyni zamanda, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə kollegiyası ambulator məcburi-narkoloji ekspertizasının 01 aprel 2022-ci il tarixli 1530 saylı rəyinni əsas tutaraq belə hesab edir ki, Təqsirləndirilən şəxs opioidlərin birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunduğundan və onun narkomaniyadan məcburi müalicəyə ehtiyacı ehtiyacı olduğundan, həmçinin məcburi müalicəyə əks göstərişi olmadığından, ona narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülməlidir. Azərbaycan Respublikası CPM-nin 132.1.4 və 132.1.6-cı maddələrinin tələblərinə əsasən, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməli, həmçinin maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Qeyd olunan müddəalara əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə Bakı şəhəri, Nizami RPİ-nin maddi sübutları saxlama kamerasına təhvil verilmiş maddi sübutlar - Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş təmiz çəkisi 3,070 qram olan narkotik vasitə olan heroinin ekspertiza tədqiqatından sonra qalıq qalan 2,970 qram hissəsi və Təqsirləndirilən şəxs istifadəsində olan "Xəzər" markalı **-PF-*** dövlət qeydiyyat nömrəli avtomobildən aşkar edilərək götürülmüş bir ədəd predmet kustar üsulla kastet tipində hazırlanmış vurucu-əzici xassəyə malik olan soyuq silah hesab edilən beşbarmaq və soyuq silah hesab edilməyən 2 ədəd turist bıçağı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, həmçinin Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmasını, nəqliyyat vasitəsinə baxış keçirilməsini əks etdirən videogörüntülərin olduğu iki ədəd DVD disk cinayət işində saxlanılmalıdır. Cinayət işi üzrə ibtidai araşdırma zamanı keçirilmiş ekspertiza tədqiqatları ümumilikdə 178 (yüz yetmiş səkkiz) manat dəyərində qiymətləndirilmişdir. Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 197.1.4-cü maddəsində ekspertə ödənilməli haqqlar məhkəmə məsrəflərinin bir növü kimi nəzərdə tutulmuşdur və həmin Məcəllənin 198.1-ci maddəsinə əsasən, həmin məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. Bu səbəbdən, məhkəmə məsrəfləri hesab edilən 178 (yüz yetmiş səkkiz) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə köçürülməlidir. İş üzrə mülki iddia verilməməsi, əmlak üzərinə həbs qoyulmaması və xüsusi müsadirə üçün təklif edilən əmlakın olmaması nəzərə alınmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344- 347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü və 228.4cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinib, Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə 5 (beş) il 6 (altı) ay müddətə, Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən, təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 5 (beş) il 9 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1 və 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs Şamaxı rayon Məhkəməsinin 09 iyun 2021-ci il tarixli hökmü ilə təyin olunmuş 2 il 5 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 1 (bir) il 26 (iyirmi altı) günü azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulmaqla 6 (altı) ay 13 (on üç) gün azadlıqdan məhrumetmə cəzası kimi müəyyən edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən, hazırkı hökm üzrə təyin olunmuş 5 (beş) il 9 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına Şamaxı rayon Məhkəməsinin 09 iyun 2021-ci il tarixli hökmü üzrə müəyyən edilmiş 6 (altı) ay 13 (on üç) gün azadlıqdan məhrum etmə cəzası qismən birləşdirilsin və Təqsirləndirilən şəxs qəti olaraq 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin olunmuş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 13 dekabr 2021-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. Cinayət işi üzrə Bakı şəhəri, Nizami RPİ-nin maddi sübutları saxlama kamerasına təhvil verilmiş maddi sübutların taleyi aşağıdakı qaydada həll edilsin: - Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş təmiz çəkisi 3,070 qram olan narkotik vasitə olan heroinin ekspertiza tədqiqatından sonra qalıq qalan 2,970 qram hissəsi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin; - Təqsirləndirilən şəxs istifadəsində olan "Xəzər" markalı **-PF-*** dövlət qeydiyyat nömrəli avtomobildən aşkar edilərək götürülmüş bir ədəd predmet, kustar üsulla kastet tipində hazırlanmış vurucu-əzici xassəyə malik olan soyuq silah hesab edilən beşbarmaq və soyuq silah hesab edilməyən 2 ədəd turist bıçağı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin; - Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmasını, həmçinin nəqliyyat vasitəsinə baxış keçirilməsini əks etdirən videogörüntülərin olduğu iki ədəd DVD disk cinayət işində saxlanılsın. Məhkəmə məsrəfləri hesab edilən 178 (yüz yetmiş səkkiz) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə köçürülsün. İş üzrə mülki iddia verilməməsi, əmlak üzərinə həbs qoyulmaması və xüsusi müsadirə üçün təklif edilən əmlakın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu vaxtdan, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən hakim Eldar İsmayılov Hakimlər Cavid Hüseynov Samir Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar