Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1300/2024 24.07.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hacıyev Siyavuş Həbib oğlu (sədrlik edən), Əliyeva Aytən Heydər qızı və Quliyev Vüqar Elbrus oğlundan ibarət tərkibdə məhkəmə iclasının katibi X4, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - «De Fendo» Vəkil Bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakı ilə xx xxxxxxxx 1994-cü il tarixdə Cəlilabad şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, işləməyən, məhkum olunmayan, ali təhsilli, ünvan 1 ünvanda qeydiyyatda olan, ünvan 2an, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs şəxsiyyəti məlum olmayan şəxs(lər) ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında məlum olmayan tarixdə və mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələr hesab olunan 980,998 qram tiryək, 2020,0 qram olan qurudulmuş marixuana, habelə eyni məqsədlə külli miqdarda narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddələr, tərkibində təsiredici maddəsinin ümumi miqdarı külli miqdar hesab olunan 6,9 qram təşkil edən preqabalin və təsiredici maddəsinin ümumi miqdarı külli miqdar hesab olunan 15,525 qram təşkil edən tramadol əldə edib, narkotik vasitə tiryəkin bir hissəsini və güclü təsir edən maddələri götürüb üzərində saxlayaraq daşımış, tiryəkin qalan hissəsini və qurudulmuş marixuananı isə başqa vaxt gəlib götürmək məqsədilə Qaradağ rayonu, Ələt qəsəbəsində yol kənarında gizlətməkə saxlamış, xx.xx.2023-cü il tarixdə saat 17:30 radələrində Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhəri, Qaradağ rayonu ərazisindən keçən, Bakı-Astara-İran sərhədi yolunun 47-ci kilometrində yerləşən BDYPİ-nin 719 saylı stasionar postunun yaxınlığında saxlanılaraq, postun inzibati binasına gətirilib saat 18:40da üzərində videoçəkiliş aparılmaqla şəxsi axtarış və götürülmə aparılarkən əynində olan qara rəngli şalvarının sol yan cibindən bir ədəd bükümdə saxladığı təmiz çəkisi 20,998 qram olan tünd qəhvəyi rəngli qətranabənzər, spesifik iyə malik, kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən tiryək, həmin şalvarın sağ yan cibindən üzərində «LYRİVER 150 mg Pregabaline» əmtəə göstəriciləri olan konvalyutların içərisində ümumilikdə 46 ədəd ağ rəngli dərman kapsullardan ibarət tərkibində təsiredici maddəsinin ümumi miqdarı külli miqdar hesab olunan 6,9 qram təşkil edən narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddə preqabalin, üzərində "Tymol -X 225 mg Tramadol HCİ” əmtəə göstəriciləri olan konvalyutların içərisində ümumilikdə 69 ədəd üzərində 225 yazı əlavəli ağ rəngli dairəvi formalı həblərdən ibarət tərkibində təsiredici maddəsinin ümumi miqdarı külli miqdar hesab olunan 15,525 qram təşkil edən narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddə tramadol aşkar edilmiş, bundan sonra həmin gün saat 21:00 radələrində Qaradağ rayonu Ələt qəsəbəsində yerləşən “SOCAR” yanacaq doldurma məntəqəsinin yaxınlığında yol kənarına özünün iştirakı ilə baxış keçirilərkən ağacın altında gizlətdiyi bir ədəd bükümdə təmiz çəkisi 960 qram tünd qəhvəyi rəngli qətranabənzər, spesifik iyə malik, kustar üsulla hazırlanmış, külli miqdarda narkotik vasitə hesab edilən tiryək, hər bir bükümdə təmiz çəkiləri 1010,0 qram, 1010,0 qram olmaqla cəmi iki bükümdə eyni tərkibli ümumi təmiz çəkisi 2020,0 qram olan bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək protokollarla götürülmüşdür. Məhkəmə zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, sosial şəbəkədə tanış olduğu İran İslam Respublikasının vətəndaşı “Qardaş” adlı, tanımadığı, adını bilmədiyi şəxsdən şəxsi istifadə məqsədilə “qara” adlandırdığı narkotik vasitə tiryək və “dərman” adlandırdığı narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddə tramadol istəmiş, “qardaş” adlı şəxs isə Qaradağda, ünvanını atacağı yerdə, həmin mallardan olduğunu, istədiyi qədər götürə biləcəyini, xoşuna gələcəyi təqdirdə ödəniş edə biləcəyini bildirmiş,bundan sonra ona ünvanı göndərmişdir. 16 sentyabr 2023-cü il tarixində dostu ilə Qaradağda qalan qohumugilə dəyib-qayıtmaq adı ilə birgə Qaradağa getmək üçün “Bolt” mobil tətbiqi vasitəsilə taksi sifariş vermişdir. Ünvana yaxınlaşdıqda görmüşdür ki, həmin yerdə külli miqdarda narkotik vasitələr - “nəşə” adlandırdığı narkotik vasitə marixuana, “qara” adlandırdığı narkotik vasitə tiryək və “dərman” adlandırdığı narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddə tramadol var. Şəxsi istifadəsi üçün lazımi miqdarda - pinqvin sellofanın içindəki “qara”dan bir hissəsini dişləyərək götürüb sol cibinə qoymuş, həmçinin 10 ədəd konvalyutun içərisində ümumilikdə 69 ədəd “dərman” götürmüşdür. Ona ancaq 20 qram “qara” və “dərman” aid olmuş, qalan maddələr isə ona aid olmamışdır. Heç vaxt “nəşə” istifadə etməmiş, preqabalin istəməmiş və işlətməmişdir, o vaxta qədər hamısını eyni bilmişdir. Sonra gəldiyi taksi ilə geri qayıdarkən Qaradağ postunun yaxınlığında saxlanılmış, posta aparılmış, aparılana qədər maşında üzərində baxış keçirilmiş, üstündəki mallar ələ keçirilmiş, zorakı üsullarla ondan başqa malların yerini öyrənmək istəmişlər, postda ondan qalan maddələrin harada olduğu soruşulmuş, o isə onda ancaq üzərindəki maddələr olduğunu bildirmişdir. Bundan sonra ona zor tətbiq etməsələr də, qalan maddələri evinə aparıb evindən çıxaracaqlarını, qardaşını da onunla tutacaqları ilə hədələmişlər, o da məcbur qalıb maddələrin qalanını da boynuna götürmüşdür. Sonra ünvan atılan yerdə digər malları göstərmək üçün bölmədən hadisə yerinə aparılmış, orada malları haradan götürdüyünü göstərmişdir. Azərbaycan Respublikası CPM-in 327.1.3-cü maddəsinə əsasən, təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduqda (belə halda təqsirləndirilən şəxsin ifadələrinin elan edilməsi yalnız onun sərbəst ifadə verməsindən və verilmiş suallara cavab verməsindən sonra mümkündür) təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı, davam edən məhkəmə baxışı zamanı əvvəllər keçirilmiş məhkəmə iclasında və ya cari məhkəmə iclasında verdiyi ifadələr və həmin ifadələrin audio yazısı, video və ya kino çəkilişi elan edilə və ya göstərilə bilər. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi və məhkəmə baxşı zamanı elan olunaraq tədqiq olunmuş ifadəsində Azərbaycan Respublikası CM-in 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək göstərmişdir ki, tanımadığı şəxslərdən narkotik və s. əldə edib müxtəlif üsullarla qəbul edir. Həmçinin tələbatını ödəmək üçün ünvanlara çatdırıb əvəzində payını alıb qəbul edirmiş. Tutulmamışdan iki gün öncə sosial şəbəkədə İran İslam Respublikasının vətəndaşı “Qardaş” adlı şəxs ilə tanış olduğunu, həmin şəxsin tapşırığı ilə dediyi yerlərdən narkotik vasitə və sair güclü təsir edən dərman preparatlarını götürüb təyinatı üzrə ünvanlara çatdırdıqdan sonra, gördüyü işə görə onada narkotik və sair payı veriləcəyi şərti ilə razılaşmışdırlar. Vaxtilə narkotik vasitə istifadə etmiş, lakin son zamanlar tərgitməyə çalışdığı üçün istifadə etməmişdir. İranlıdan isə narkotik maddə əvəzinə pul istəyəcəkdi. xx.xx.2023-cü il tarixində özünü ona İran İslam Respublikasının vətəndaşı “Qardaş” kimi təqdim edən şəxs Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsində məkanı təyin edilmiş yer bildirilərək orada olan narkotik vasitələri güclü təsir edən dərman preparatlarını götürüb təyinatı üzrə ünvanlara çatdırılması tapşırığına əsasən, həmin günü günorta saatlarında yaşadığı ünvandan “Bolt” tətbiqi vasitəsi ilə Ələt qəsəbəsinə taksi sifariş vermişdir. Yol yoldaşı kimi Xətai rayonunda yaşayan dostu X2 da özü ilə aparmışdır. Lakin sonuncuya hansı məqsədlə Ələt qəsəbəsinə getməsini bildirməmişdir. Belə ki, Ələt qəsəbəsində SOCAR YDM-nin yaxınlığında yol kənarına getmişdirlər. Tanışı Rəhmana və taksi sürücüsünə onu gözlədiklərini, bir azdan yaxınlaşacağını bildirmişdir. Yol kənarında torpaq və ağaclıq sahəyə gedib əvvəlcədən məkanı ona deyilmiş bir ağacın altında torbada narkotik vasitənin həcminin çox olmasını görüb, tiryəkin üzərindən qismən qoparıb əynində olan şalvarın sol cibinə, konvalyutların içərisində olan Tramadol və Preqabalin həblərini əynində olan şalvarın sağ cibinə qoyub gizlətmişdir ki, Ramin və Rəhman bilməsin, yerdə qalanını sonra gəlib əldə edəcəyini fikirləşmişdir. Geri qayıdaraq maşına əyləşib, taksi sürücüsünə geri - şəhərə qayıtmasını bildirmişdir. 16 sentyabr 2023-cü il tarixində, saat 17:30-da Bakı şəhəri, Qaradağ rayonu ərazisindən keçən Bakı-Astara-İran sərhədi yolunun 47-ci km-də yerləşən BDYPİ-nin 719 saylı stasionar postun yaxınlığında internetdə “Bolt” tətbiqi ilə sifariş verdiyi taksi sürücüsü - heç nədən xəbəri olmayan Şahid4 idarə etdiyi “KİA Rio” markalı **-HU-*** dövlət qeydiyyat nişanlı avtomobilin yanında olarkən 3 nəfər mülki geyimli şəxs yaxınlaşaraq, özlərini ona polis əməkdaşı kimi təqdim edərək onun külli miqdarda narkotik vasitələri, psixotrop maddələri və narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddələrin dövriyyəsində şübhəli olduğunu bildirilərək, xidməti vəsiqələrini göstərərək, barəsində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərarla tanış edib, onu BDYPİ-nin 719 saylı stasionar postun inzibati binasına gətirmişdirlər, taksi Şahid4 və həmin zaman heçnədən xəbəri olmayan yol yoldaşı kimi onunla olan dostu X2 da stasionar posta dəvət etmişdirlər, avtomobil isə postun həyətinə yerləşdirilmişdir. O burada dəvət olunmuş müdafiəçi – X1 iştirakı ilə şübhəli şəxs qismində tutulmuşdur. Ona hüquq və vəzifələri elan olunmuş və buna dair bildiriş təqdim edilmişdir. Bundan sonra xidməti otaqların birində üzərinə şəxsi axtarış aparılmağa başlanmışdır. Şəxsi axtarış zamanı ona üzərində qanunla qadağan olunmuş əşya varsa, təqdim etmək təklif olunmuşdur. O, əynində olan qara rəngli şalvarın sol yan cibindən tiryəki, həmin şalvarın sağ yan cibindən 69 (altmış doqquz) ədəd tramadol həblərini və 46 (qırx altı) ədəd preqabalin həblərini təqdim edərək masanın üzərinə qoymuşdur. Sonra üzərinə şəxsi axtarış keçirilmiş və əynində olan həmin şalvarın arxa sağ cibindən 1 (bir) ədəd içərisində ***-***-**-** və ***-***-**-** simkart nömrələri olan “Redmi” markalı mobil telefon və 2 (iki) ədəd üzərilərində 5402 6919 5232 7574 və 5103 0714 3502 3458 nömrələri olan plastik bank kartları aşkar edilərək götürülmüşdür. Daha sonra şəxsi axtarış zamanı üzərindən əlavə olaraq qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet aşkar edilməmişdir. Daha sonra təqdim etdiyi tiryək elektron tərəzidə çəkilmiş və çəkisinin 21 (iyirmi bir) qram olduğu təsbit edilmişdir. Sonra aşkar olunmuş həmin kütlələr içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmış, DİN-in 7 saylı möhürü ilə möhürlənmiş, üzəri özü, müdafiəçisi və polislər tərəfindən imzalanmışdır. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün l(bir) ədəd "Redmi” markalı mobil telefon və 2 (iki) ədəd bank kartı bu barədə ona izah verildikdən sonra götürülmüşdür. Ona verilən suallara cavab olaraq üzərindən aşkar olunmuş kütlələrin özünə məxsus olduğunu, həmin kütlələri internetdə tanıdığı İran İslam Respublikası vətəndaşı olan adını bilmədiyi, "qardaş" kimi müraciət etdiyi şəxsin vasitəsi ilə Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsində əvvəlcədən məkanı təyin edilmiş yerdən sonuncunun göstərişi ilə deyiləcək ünvanlara qoymaq məqsədi ilə əldə etdiyini, adı çəkilən şəxsin göstərişi ilə narkotik vasitələri müəyyən ünvanlara qoymağına görə həmin şəxsin ona istifadəsi üçün narkotik vasitə verəcəyini, həmçinin Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsində yol kənarında üzərindən götürdüyü qalan narkotik maddəni gizlətdiyini, həmin narkotik maddəni təqdim edə biləcəyini, polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etirazının olmadığını bildirmişdir. Təhqiqatçı onlara Şahid4 idarə etdiyi avtomobilə baxış keçirilməsi zərurəti yarandığını bildirərək avtomobilə baxışın keçirilməsi üçün inzibati binadan çıxmışdırlar. O, avtomobilə baxış keçirilməsinə etirazının olmadığını bildirmişdir. Avtomobilə baxış zamanı qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet aşkar edilməmişdir. Şahid4 və Rəhman Səfərəliyev üzərində və ya hardasa qanunla qadağan olunmuş kütlə gizlətməyindən məlumatları olmamışdır. Onlar yenidən stasionar postun inzibatı binasına qayıtmış və tərtib edilmiş protokolu imza etdikdən sonra inzibati binadan çıxaraq kütləni gizlətdiyi yerə, yəni Ələt qəsəbəsində SOCAR YDM-nin yaxınlığında yol kənarına getmişdirlər. Orada ona saxladığı kütlələri təqdim etməyi təklif olunmuşdur. Bu təklifdən sonra o, yol kənarında ağacın altından l (bir) ədəd bağlamada tiryəki, 2 (iki) ədəd bağlamada qurudulmuş marixuananı təqdim etmişdir. Sonra həmin kütlələr elektron tərəzidə çəkilmişdir. Tiryəkin çəkisi l (bir) kq 5 (beş) qram, qurudulmuş marixuananın çəkisi ümumilikdə çəkisi 2 (iki) kq 75 (yetmiş beş) qram olmuşdur. Sonra aşkar olunmuş həmin kütlələr içərisi boş olan torbaya qoyularaq qablaşdırılmış, DİN-in 7 saylı möhürü ilə möhürlənmişdir. Üzəri tərəflərindən imzalanmışdır (1-ci cild, iş vərəqi 211-213). Məhkəmə zamanı şahid qismində dindirilmiş X3 ifadəsində göstərmişdir ki, Ceyhunla 6-7 aydır dostdurlar. Ceyhuna şəxsi istifadəsi üçün 4-5 qram mal lazım idi. Ona görə də birlikdə Həzi Aslanov metrosu tərəfdə Ələtə taksi sifariş vermişdirlər. O, yorğun olmuş, maşının içində yuxulamışdır. Ceyhun düşüb dərmanı götürmüşdür, bundan sonra o oyanmışdır. Ceyhun daha çox 4 qram, “kakos” adlandırdığı narkotik vasitə götürdüyündən həmin maddədən götürdüyünü güman etmişdir. Sonra qayıdarkən Qaradağ postu yaxınlığında polislər tərəfindən saxlanmışdır. Posta gedərkən polislər Ceyhuna: “Sən lazım deyilsən, bizə anbar lazımdır”,- demişdirlər, Ceyhun isə hər hansı anbardan xəbərdar olmadığını bildirmiş, sadəcə narkotik vasitəni əldə etdiyi yeri göstərmişdir. Posta gedərkən maşında onu yumruq-şillə ilə vurmuş - fiziki təzyiq göstərmişdirlər, başqa hədəqorxu olmamışdır. Şahid X3 ibtidai istintaq zamanı verdiyi ifadəsində də oxşar məzmunlu ifadə vermişdir (1-ci cild, iş vərəqi 74-76). Məhkəmə zamanı şahid qismində dindirilmiş DİN-in BNMİ-nin əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərmişdir ki, Şahid1 daxil olmuş məlumat əsasında Şahid3, Şahid1 və onun daxil olduğu əməliyyat qrupu yaradılmışdır. Daxil olmuş məlumat əsasında Təqsirləndirilən şəxs Qaradağ rayonunda maşında adını dəqiq saxlanmışdır. Təqsirləndirilən şəxs saxlanarkən maşında Ramin adlı sürücü və xatırlamadığı Rəhman adlı şəxs olmuşdur. Sonra Qaradağ postu kimi tanınan Bakı-Astara-İran sərhədi yolunun 47-ci kilometrində yerləşən BDYPİ-nin 719 saylı stasionar postun inzibati binasına aparılmış və orada tutularaq üzərinə şəxsi baxış keçirilmişdir. Şəxsi baxış zamanı üzərində narkotik vasitə tiryək, 69 ədəd narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddə tramadol və preqabalin aşkar edilmişdir. Tiryək tərəzidə çəkilərək 21 qram olduğu müəyyən edilmişdir. Təqsirləndirilən şəxs onlara narkotiki “qardaş” kimi adlandırdığı İİR vətəndaşından aldığını, qabaqcadan aralarında təyin olunmuş yerdən götürdüyünü, hələ bir qisminin də həmin yerdə saxladığını bildirmişdir. Həmin yerə getmiş, orada tiryək və marixuana aşkar etmişdirlər. Tərəzidə çəkilərək, birinin 1 kq, digərinin isə 2 kq-dan bir az artıq çəkidə olduğu təsbit edilmişdir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş və ifadəsi elan olunaraq tədqiq edilmiş Şahid3 və Şahid1 Şahid2 ifadəsinə və işin faktiki hallarına uyğun ifadə vermişdir. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də ittiham və müdafiə tərəfinin təqdim etdikləri sübut növləri kimi mötəbərliyi və mümkünlüyü üzrə qiymətləndirilməklə tədqiq edir. Belə ki, şübhəli şəxsin tutulması haqqında 16 sentyabr 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur (1-ci cild, iş vərəqi 21-22). Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 18 sentyabr 2023-cü il tarixli 4(002)- 208/2023 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs oğlu barəsində 4 (dörd) ay həddində həbs qətimkan tədbiri seçilmişdir (1-ci cild, iş vərəqi 100-101). 16 sentyabr 2023-cü il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan görünür ki, ona üzərində qanunla qadağan olunmuş əşya varsa, onları təqdim etmək təklif olunmuşdur. O, əynində olan qara rəngli şalvarın sol yan cibindən tiryəki, həmin şalvarın sağ yan cibindən 69 (altmış doqquz) ədəd tramadol həblərini və 46(qırx altı) ədəd preqabalin həblərini təqdim edərək masanın üzərinə qoymuşdur. Sonra üzərinə şəxsi axtarış keçirilmiş və əynində olan həmin şalvarın arxa sağ cibindən 1 (bir) ədəd içərisində (055) ***-**-** və (050) ***-**-** simkart nömrələri olan “Redmi” markalı mobil telefon və 2 (iki) ədəd üzərilərində 5402 6919 5232 7574 və 5103 0714 3502 3458 nömrələri olan plastik bank kartları aşkar edilərək götürülmüşdür. Daha sonra şəxsi axtarış zamanı üzərindən əlavə olaraq qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet aşkar edilməmişdir. Daha sonra təqdim edilmiş tiryək elektron tərəzidə çəkilmiş, çəkisi 21 (iyirmi bir) qram olmuşdur (1-ci cild, iş vərəqi 30-32). 16 sentyabr 2023-cü il tarixli axtarış və götürmə aparılması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs qanunla qadağan olunmuş kütlələri gizlətdiyi Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsində yerləşən SOCAR YDM-nin yaxınlığında baxış zamanı Təqsirləndirilən şəxs sözü gedən yerdə olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş və yaxud iş üzrə sübut əhəmiyyətinə malik digər əşya və sənədləri təqdim edilməsi təklif edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs yol kənarında yerləşən ağacın altından l (bir) ədəd bağlamada tiryəki, 2(iki) ədəd bağlamada qurudulmuş marixuananı təqdim etmişdir. Sonra həmin kütlələr elektron tərəzidə çəkilmişdir. Tiryəkin çəkisi l(bir) kq 5(beş) qram, qurudulmuş marixuananın ümumilikdə çəkisi 2 (iki) kq 75 (yetmiş beş) qram olmuşdur (1-ci cild, iş vərəqi 41-43). Məhkəmə fiziki-kimyəvi ekspertizası üzrə 17 sentyabr 2023-cü il tarixli 3-16-16/2- 6/4912 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində "Azərbaycan Respublikası DİN Zərflər üçün 7“ dairəvi möhür əksi və "...Təqsirləndirilən şəxs təqdim etdiyi kütlələr; şübhəli şəxs: Təqsirləndirilən şəxs–imza, Müdafıəçi: R. Allahverdiyev–imza, Təhqiqatçı; Y.Vahabov–imza” yazı əlavəsi qeyd edilmiş bir ədəd kağız zərfdə 01 (bir) ədəd bükümdə təmiz çəkisi - 20,998 qram olan tünd qəhvəyi rəngli qətranabənzər, spesifik iyə malik maddə kustar üsulla hazırlanmış narkotik vasitə tiryəkdir; üzərində «LYRİVER 150 mg Pregabaline» əmtəə göstəriciləri olan konvalyutlarm içərisində ümumilikdə 46 ədəd ağ rəngli kapsullar- preqabalin tərkibli dərman preparatıdır və 46 ədəd kapsulda preqabalin təsiredici maddəsinin ümumi miqdarı 6,9 qramdır; üzərində «Tymol -X 225 mg Tra mad ol HCT» əmtəə göstəriciləri olan konvalyutların içərisində ümumilikdə 69 ədəd üzərində 225 yazı əlavəli ağ rəngli dairəvi formalı həblər - tramadol tərkibli dərman preparatıdır, təsiredici maddəsi tramadol hidroxloridin ümumi miqdarı -15,525 qramdır; "Azərbaycan Respublikası DİN Zərflər üçün 7“ dairəvi möhür əksi və "...Təqsirləndirilən şəxs təqdim etdiyi kütlələr; şübhəli şəxs: Təqsirləndirilən şəxs–imza, Müdafıəçi: R. Allahverdiyev–imza, Təhqiqatçı; Y.Vahabov–imza” yazı əlavəsi qeyd edilmiş bir ədəd polietilen bağlamada 01 ədəd bükümdə təmiz çəkisi 960 qram olan tünd qəhvəyi rəngli qətranabənzər, spesifik iyə malik maddə kustar üsulla hazırlanmış narkotik vasitə tiryəkdir (1-ci cild, iş vərəqi 56-60). Məhkəmə-bioloji ekspertizasının 17 sentyabr 2023-cü il tarixli 3-16-16/2-6/4912 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində tədqiqata təqdim edilmiş ağ kağız üzərində "...Təqsirləndirilən şəxs gizlətdiyi yerdən təqdim etdiyi kütlələr" mətnli yazılar və imzalar olan 01 (bir) ədəd üzəri skotçla bağlanmış qara rəngli polietilen torbadakı 2 (iki) ədəd üzərləri skotçla bağlanmış sellofan bağlamalarda ayrı-ayrılıqda təmiz çəkiləri 1010,0 qram; 1010,0 qram bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanalardır; Təqdim olunmuş marixuanaların ümumi təmiz 2020,0 qramdır (1-ci cild, iş vərəqi 64-66). Məhkəmə-tibb ekspertizasının 20 sentyabr 2023-cü il tarixli 699 saylı ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs üzündəki sıyrıqlar onun tutulmasından 2 (iki) gün öncə, yəni 14 sentyabr 2023-cü il tarixində evində mətbəx mebelində əşya götürərkən sifət nahiyəsinə qab-qacaq düşərkən xəsarət alması nəticəsində yaranmışdır (1-ci cild, iş vərəqi 166-168). Məhkəmə-narkoloji ekspertizasının 7 oktyabr 2023-cü il tarixli 6353 saylı ekspert rəyindən görünür ki. Təqsirləndirilən şəxs OPİOİDLƏRİN və Kaımabinoidlərdən istifadə etmə halları olub. Lakin, hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür (1-ci cild, iş vərəqi 169-170). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya idarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs oğlu əvvəllər məhkum olunmamışdır (1-ci cild, iş vərəqi 172-173). Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələblərinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə Təqsirləndirilən şəxs narkotik vasitələri yalnız öz şəxsi istifadəsi üçün əldə etdiyi, polis əməkdaşları tərəfindən saxlanılarkən döyülməsi, narkotik vasitəsini satış məqsədilə əldə etməməsi barədə məhkəmə zamanı verdiyi ifadəsinə tənqidi yanaşır və hesab edir ki, onun bu ifadəsi işin faktiki hallarına uyğun deyildir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Van de Hark Niderlanda qarşı işində məhkəmə 51(b)-ci bəndində qeyd etmişdir ki, ədalətli məhkəmə araşdırması hüququ tələb edir ki, məhkəmə çıxardığı qərarları əsaslandırsın. Belə ki, Bakı İstintaq Təcridxanasından daxil olmuş 22 aprel 2024-cü il tarixli məktubdan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs bədənində heç bir xəsarət aşkar edilməmişdir. Təqsirləndirilən şəxs DİN-in BCMİ-nin əməkdaşları tərəfindən saxlanılarkən fiziki zorakılığa və digər qanunsuz hərəkətlərə məruz qalması barədə Azərbaycan Respublikası Baş Prokurorluğu tərəfindən araşdırma aparılmış, qeyd olunan xüsusatların təsdiq olunmamasına istinad olunmaqla toplanmış material üzrə Azərbaycan Respublikası Baş Prokurorluğu tərəfindən 30 may 2024-cü il tarixdə Azərbaycan Respublikası CPM-in 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Həm ibtidai istinaq, həm də məhkəmə zamanı Təqsirləndirilən şəxs özünü satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddələri əldə edib saxlayaraq daşımaqda təqsirli bilməmiş, narkotik vasitələri satış məqsədi ilə deyil, şəxsi istifadəsi üçün əldə etdiyini bildirmişdir. Lakin ibtidai istintaq zamanı verdiyi ifadələrin birində həm İİR vətəndaşı “qardaş” adlandırıldığı şəxslə narkotik maddə və sair pay verilməsi şərtilə dediyi yerlərdən narkotik vasitə və sair güclü təsir edən dərman preparatlarını götürüb təyinatı üzrə ünvanlara çatdırmağa razılaşdığını, vaxtilə narkotik vasitə istifadə etdiyini, lakin son zamanlar tərgitməyə çalışdığı üçün istifadə etmədiyini, iranlıdan isə narkotik maddə əvəzinə pul istədiyini etiraf etmişdir (1-ci cild, iş vərəqi 213). Yuxarıda göstərilənlərə əsasən müdafiə tərəfinin Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olmaması, saxlanılarkən polis bölməsində olarkən döyülməsini, verilmiş ittiham üzrə onun təqsirsiz olması barədə göstərdiyi xüsusatlar məhkəmə zamanı öz təsdiqini tapmamışdır. Beləliklə məhkəmə, cinayət işinin yuxarıda qeyd edilən tədqiq edilmiş materiallarını müqayisəli qaydada təhlil edərkən, 16 sentyabr 2023-cü il tarixində Təqsirləndirilən şəxs Bakı şəhəri, Qaradağ rayonu ərazisindən keçən Bakı-Astara-İran sərhədi yolunun 47-ci km-də yerləşən BDYPİ-nin 719 saylı stasionar postun yaxınlığında saxlanılması, videoçəkilişlə aparılan şəxsi axatrış zamanı üzərindən təmiz çəkisi 21 qram tiryək, həmin şalvarın sağ yan cibindən 69 (altmış doqquz) ədəd tramadol həbləri və 46 (qırx altı) ədəd preqabalin həblərinin, o cümlədən hadisə yerinə baxış və götürmə zamanı l (bir) ədəd bağlamada çəkisi 1 (bir) kq 5 (beş) qram tiryəki, 2 (iki) ədəd bağlamada çəkisi 2 (iki) kq 75 (yetmiş beş) qram qurudulmuş marixuananın aşkar edilməsini və həmin narkotik vasitələri və narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddələri qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə əldə etməsini işin faktiki hallarına və elan edilmiş ittihama uyğun hesab edir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs şəxsiyyəti məlum olmayan şəxs(lər) ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında məlum olmayan tarixdə və mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələr hesab olunan 980,998 qram tiryək, 2020,0 qram olan qurudulmuş marixuana, habelə eyni məqsədlə külli miqdarda narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddələr, tərkibində təsiredici maddəsinin ümumi miqdarı külli miqdar hesab olunan 6,9 qram təşkil edən preqabalin və təsiredici maddəsinin ümumi miqdarı külli miqdar hesab olunan 15,525 qram təşkil edən tramadolu əldə etməsi, saxlaması və daşıması işin materialları ilə sübut olunmuşdur. Beləliklə, məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutların məcmusuna əsasən, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. Onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması – miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəktələrdir. Qanunun bu tələbinə görə, satış dedikdə yalnız qeyd olunan 3 əsas amil əvəzli, qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılması nəzərdə tutulmuşdur. Bu isə o deməkdir ki, şəxsin narkotik vasitələri satış məqsədilə əldə edib gəzdirməsi haqda nəticəyə gəlmək üçün sadalanan 3 məqsəddən heç olmasa birinin mövcud olması (əvəzli, qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılması) sübut edilməlidir. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyul 2024-cü il tarixli 8 nömrəli Qərarının 8-ci bəndində qeyd edilir ki, Qanunun həmin maddəsində “digər şəxsi maraq” dedikdə, şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, qeyri-əmlak xarakterli mənfəət əldə etmə və yaxud şəxsi narkotik vasitələrin, psixotrop maddələrin yayılmasına yönələn qanunsuz əməllər törətməyə sövq edən sair maraq başa düşülür. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci tarixli № 961-İİQ №-li Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarına (1-ci siyahı narkotik vasitələr, 2-ci siyahı psixotrop maddələr)» əsasən narkotik vasitə heroinin külli miqdarının aşağı həddi 2 qram, marixuananın qurudulmuş halda külli miqdarının aşağı həddi 500 qram, narkotik maddə tiryəkin külli miqdarının aşağı həddi 50 qram, narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddə tramadolun külli miqdarı 6 qram, narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddə preqabalinin külli miqdarı isə 5 qram olaraq müəyyən edilmişdir; Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş qurudulmuş narkotik vasitə marixuananın çəkisi 2020,0 qram, narkotik vasitə tiryək 980,998 qram, narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddələr tramadol və preqabalin isə müvafiq olaraq 15,525 qram və 6,9 qram təşkil edir. Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMin 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayətlərin obyektiv cəhətini təşkil edən hərəkətlərin icra edilməsi başlanana qədər “qardaş” adlandırdığı İİR vətəndaşı ilə qabaqcadan əlbir olaraq - ona narkotik maddə və sair pay verilməsi müqabilində narkotik vasitələri bir yerdən başqa yerə daşımaq barədə razılıq əldə edərək, satış məqsədi ilə - narkotik əvəzinə həmin şəxsdən pul almaq niyyəti ilə külli miqdarda narkotik vasitə və narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddələri əldə etmiş, saxlamış və daşımışdır. Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyasında beş ildən on iki ilədək, 240.3.2-ci maddənin sanksiyasında isə dörd ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Cinayətlərin təsnifatına görə Azərbaycan Respublikası CM-in 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ağır cinayətlər kateqoriyasına daxildir. Belə ki, Azərbaycan Respublikası CM-in 15.4-cü maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur. Məhkəmə kollegiyası Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları o cümlədən şəxsiyyətini səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1–ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal müəyyən edilməmişdir. Həmin Məcəllənin 61.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı qərarının 45-ci bəndinin tövsiyyəsinə görə, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. Azərbaycan Respublikası CM-in 8 və 9-cu maddələrinə görə, cinayət törətmiş şəxsə tətbiq edilən cəza ədalət və humanizm prinsiplərinə əsaslanaraq, hər bir halda zərər çəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Azərbaycan Respublikası CM-in 60.1-ci maddəsinə əsasən həmin Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Təqsirləndirilən şəxs münasibətdə Cinayət Məcəlləsinin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrində nəzərdə tutulmuş cəzanı yüngülləşdirən halların müəyyən edilməməsi, onun barəsində Cinayət Məcəlləsinin 60-cı maddəsinin tətbiqini istisna edir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsində birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanmalıdır. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı Qərarının 56-cı bəndində göstərilir ki, təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə cəzası təyin edilərkən hökmün nəticəvi hissəsində cəza çəkmə müddətinin hansı qaydada hesablandığı heç bir şübhə doğurmamalıdır. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli, 5 saylı Qərarının 15-ci bəndində göstərilir ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə, şəxsin həbsdə saxlanılma müddəti müəyyən edilərkən, onun şübhəli şəxs (təqsirləndirilən şəxs) kimi tutulduğu andan barəsində hökm çıxarılanadək həbsdə saxlanıldığı müddət nəzərə alınır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkməsinin başlanğıcı tutulduğu 16 sentyabr 2023-cü il tarixindən hesablanmalıdır. Beləliklə, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən, şəxsiyyətini, törətdiyi ağır cinayətlər kateqoriyasına aid edilən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmamasını və işin digər hallarını nəzərə alaraq, törətdiyi cinayəti nəzərdə tutan Azərbaycan Respublikası CM-in 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələrinin sanksiyasında müəyyən edilmiş həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona qəti cəza təyin edilməsini, həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən azadlıqdan məhrumetmə cəzasının çəkilməsi üçün ümumi rejimli cəzaçəkmə müəssisəsinin müəyyən edilməsini, cəza çəkməsinin başlanğıcının tutulduğu 16 sentyabr 2023-cü il tarixindən hesablanmasını cəzanın məqsədlərinə uyğun hesab edir. Məhkəmə kolegiyası Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 62 və 70-ci maddələrini tətbiqinə heç bir əsas görmür. Məhkəmə hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilməmişdir. Azərbaycan Respublikasının CPM-in 132.0.1-ci maddəsinə əsasən, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli 2 №-li qərarının 30cu bəndinə əsasən Narkotik vasitələr, psixotrop maddələr və onların prekursorlar, güclü təsir edən və zəhərli maddələr üzrə cinayət işlərində maddi sübutların məsələsi həll edilərkən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 6 oktyabr 2005-ci il tarixli 181 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq müsadirə edilmiş narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının məhv edilməsi Qaydası” və “Qanunsuz dövriyyədən Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq müsadirə edilmiş, lakin dərman preparatları şəklində olduğuna və tibbi məqsədlərlə istifadə oluna biləcəyinə görə məhv edilməsi mədsədə uyğun olmayan narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi üçün təhvil verilməsi Qaydası”na uyğun olaraq məhkəmələr onların məhv edilməsini və ya tibb məqsədləri üçün istifadəyə yararlı olan narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə verilməsini hökmdə mütləq göstərməli və bu işlər üzrə hökmlərin icrası haqqında sənədlərin işə əlavə olunması təmin edilməlidir. Məhkəmə-kimyəvi və məhkəmə-bioloji ekspertizaları üzrə 17 sentyabr 2024-cü il tarixli ekspert rəylərinə əsasən, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş 980,998 qram qram narkotik vasitə olan tiryək və 2020,0 qram qurudulmuş marixuana kustar üsulla hazırlanmışdır. Qeyd olunanlara əsasən hökm qüvvəyə mindikdən sonra iş üzrə maddi sübutlar - Bakı şəhəri Qaradağ RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmiş ekspertiza tədqiqatından sonra qalıq qalan üzərində «LYRİVER 150 mg Pregalabine» əmtəə göstəriciləri olan konvalyutların içərisində 42 ədəd Preqabalin həbləri və üzərində «Tymolx 225 mg Taramadol HCİ» əmtəə göstəriciləri olan konvalyutların içərisində 63 ədəd tramadol həbləri Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə təhvil verilməli, 980,798 qram narkotik vasitə tiryək və 2019,8 qram narkotik vasitə qurudulmuş marixuana məhv edilməli, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və gütürmə keçrilən zaman çəkilmiş video görüntünün köçürüldüyü 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının CPM-in 346.1.2 və 353.4.10-cü maddələrinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsidir. Məhkəmə hesab edir ki, iş üzrə məhkəmə məsrəfləri - məhkəmə-kimyəvi ekspertiza üzrə tədqiqatının dəyəri 164 (yüz almış dörd) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddianın və cinayət işi üzrə müsadirə edilməli əmlakın olmaması nəzərə alınmalıdır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli sərəncamının, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarının, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa konvensiyası müddəalarının və “İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli qərarının izahları baxımından da əsaslı hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 65-ci maddəsinə əsasən məhkəmənin məhkum etdiyi hər bir şəxsin öz barəsində çıxarılmış hökmə qanunla nəzərdə tutulan qaydada yuxarı məhkəmədə yenidən baxılması, habelə özünün əfv edilməsi və cəzasının yüngülləşdirilməsi haqqında müraciət etmək hüququ vardır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 345-349, 351-353, 356, 358, 383-384-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 240.3.2-ci maddəsi ilə 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 16 sentyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökm qüvvəyə mindikdən sonra iş üzrə maddi sübutlar - Bakı şəhəri Qaradağ RPİnin maddi sübutların saxlanc yerinə təhvil verilmiş ekspertiza tədqiqatından sonra qalıq qalan üzərində «LYRİVER 150 mg Pregalabine» əmtəə göstəriciləri olan konvalyutların içərisində 42 ədəd Preqabalin həbləri və üzərində «Tymol-x 225 mg Taramadol HCİ» əmtəə göstəriciləri olan konvalyutların içərisində 63 ədəd tramadol həbləri Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə təhvil verilsin, 980,798 qram narkotik vasitə tiryək və 2019,8 qram narkotik vasitə qurudulmuş marixuana məhv edilsin, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və gütürmə keçrilən zaman çəkilmiş video görüntünün köçürüldüyü 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfləri - məhkəmə-kimyəvi ekspertiza üzrə tədqiqatının dəyəri 164 (yüz almış dörd) manat Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. İş üzrə mülki iddianın və cinayət işi üzrə müsadirə edilməli digər əmlakın olmaması nəzərə alınsın. Hökmdən Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə elan olunduğu, həbsdə saxlanılan Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Siyavuş Hacıyev hakimlər: Aytən Əliyeva Vüqar Quliyev
Məhkəmə qərarları › İş №1(101)-1300/2024
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1300/2024
24.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver