Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1300/2025 09.10.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Əliyeva Aytən Heydər qızı (sədrlik edən), X3 və Quliyev Vüqar Elbrus oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi - X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, təqsirləndirilən şəxsin müdafiəçiləri - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 22 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 və Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri «Faiq Nağıyev və partnyorları» Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs iştirakları ilə xx xxxx 1997-ci il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi mədən 3, korpus 175 ünvanında yaşamış, barəsində “həbs” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə saat 11:00-da açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İttihamın mahiyyəti: 1.Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda psixotrop maddə metamfetamini əldə edib üzərində saxlamaqla daşımışdır. 2.Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda təmiz çəkisi 4,953 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edib üzərində saxlamaqla ünvan 3 ünvanın qarşısına daşımış, 20 yanvar 2025- cİ il tarixdə, saat 19:10 radələrində Nərimanov RPİ-nin 17-ci PŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində ünvan 3 ünvanı qarşısında saxlanılaraq üzərinə video çəkilişlə keçirilən şəxsi axtarış və götürmə zamanı əynində olan qara rəngli cins şalvarın sol yan cibindən saxladığı 01 ədəd şəffaf rəngli sellofan bükümdə külli miqdarda təmiz çəkisi 4,953 qram olan ağ rəngli, kristalşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Sübutların tədqiqi: 3.Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində bildirmişdir ki, əvəllər bir neçə dəfə İran vətəndaşından narkotik götürmüş və tutulmazdan bir həftə əvvəl həmin İran vətəndaşı ona yazaraq narkotik lazım olsa xəbər etməsini bildirmişdir. Tutulduğu gün həmin şəxsə yazaraq əlli manat pul göndərmiş və ona bir qram metamfetamin atmasını demişdir. İranlı onda bir qram yox, beş qram olduğunu demiş, o isə razılaşmayaraq kartına göndərdiyi 50 manat müqabilində metamfetamin atmasını bildirmişdir. Sonra İran vətəndaşı ilə razılaşaraq “Ulduz” metrosunun yanına getmiş, həmin yerə çatdıqdan sonra İran vətəndaşı ona məkan və şəkili yollamışdır. Təxminən saat 7-8 radələrində həmin yerə yaxınlaşıb narkotiki daşın arasından götürüb geriyə dönəndə 6-7 nəfər əməkdaş sağdan və soldan yaxınlaşaraq onu tutmuşlar. Polis əməkdaşları ondan nə üçün orada olduğunu soruşmuşlar, o da cavabında bir qram narkotik üçün 50 manat pul yolladığını və bu səbəbdən ora gəldiyini demişdir. Həmin vaxt polis əməkdaşları özlərində olan tərəziyə qoyub çəkdikdə 5 qram olmuş, o da bir qram üçün gəldiyini demiş, bu zaman polislər 1-5 qramın fərqi olmadığını bildirmişlər. Birinci dəfə onun başına belə bir hadisə gəlmiş və ona görə də polislər nə demişlərsə razılaşmışdır. O, 19-cu Polis Bölməsinin yaxınlığında saxlanılmış və çəkiliş həm yerində, həm də bölmədə aparılmışdır. Alış-veriş etdiyi adamdan başqa narkotik üçün gedəcəyini kimsə bilməmişdir. Narkotikin miqdarını vizual olaraq təyin edə bilmə imkanı olmamış, çünki narkotiki götürən kimi polislər gəlmişlər. O, iranlıdan təxminən ən son bir il əvvəl narkotik almış, həmin şəxsdən maksimum üç dəfə narkotik almış və pulu həmişə əvvəldən vermişdir. İran vətəndaşının indiyə kimi artıq miqdarda narkotik verməsi halı olmamışdır. Onun telefonunda beş qram yox, bir qrama razılıqları barədə heç bir yazışma olmamışdır. Onlar danışıqlarını “whatsapp” mobil tətbiqi üzərindən aparmışlar və yazışmalarını sildiyindən həmin yazışmalar telefonunda qalmamışdır. Saxlanıldıqdan sonra və bölmədə ona qarşı heç bir təzyiq olmamış, sadəcə olaraq bir qram üçün gəldiyini dedikdə ona psixoloji təzyiqlər olmuşdur. 4.Məhkəmə iclas zalında verdiyi ifadəsi ilə məhkəməyədək icraat zamanı verdiyi ifadəsi arasında ziddiyyətlər yarandığından Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 327.1.3-cü maddəsinə uyğun olaraq Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, göstərmişdir ki, ünvan 1 ünvanında qeydiyyatda olsa da, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi mədən 3, korpus 175 ünvanında ailə üzvləri ilə birlikdə yaşayır. Hazırda rəsmi olaraq heç bir yerdə işləmir. Təxminən iki ildir ki, mütəmadi olmasa da psixotrop maddə metamfetamindən istifadə edir. Psixotrop maddəni istifadə etməyə başlayanda sosial şəbəkələrdə İran İslam Respublikasının vətəndaşı kimi tanıdığı adını bilmədiyi şəxslə tanış olmuşdur. Həmin şəxs ona bildirmişdi ki, narkotik vasitə və psixotrop maddə lazım olan zaman ondan ala bilər. Buna görə də bir neçə dəfə həmin şəxsdən psixotrop maddə əldə edərək istifadə etmişdir. Mahiyyəti üzrə bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə həmin şəxslə “whatsapp” proqramı vasitəsi ilə əlaqə saxlayıb danışan zaman həmin şəxsdən istifadə etmək üçün psixotrop maddə metamfetamin satmasını istəmişdir. Bu zaman həmin şəxs ona bildirmişdir ki, onun üçün 5 qram psixotrop maddə metamfetamin verə biləcəyini, bunun üçün ondan 250 manat pul istəmişdir. O da həmin şəxsə ilkin olaraq təqdim etdiyi kart hesabına 50 manat pul göndərmiş və qalan pulu yaxın günlərdə göndərəcəyini demişdir. Həmin şəxs də razılaşaraq heç bir etiraz etməmiş və həmin şəxsin göndərdiyi kart hesabına 50 manat pul göndərib 200 manat borclu qalmışdır. Bundan sonra həmin şəxs “whatsapp” proqramı vasitəsi ilə ona psixotrop maddə metamfetaminin atıldığı ünvanın konumunu göndərmiş və həmin konum əsasında 20 yanvar 2025-ci il tarixdə saat 19:10 radələrində ünvan 3 ünvanının qarşına getmişdilər. Həmin vaxt o, psixoptrop maddəni atıldığı yerdən götürüb əynində olan qara rəngli cins şalvarın sol yan cibinə qoymuş və oradan uzaqlaşmaq istəyən zaman mülki geyimli şəxslər ona yaxınlaşaraq özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirib ondan özünü təqdim etməyini istəmişdilər. O da özünü polis əməkdaşlarına təqdim etmişdir. Həmin vaxt polis əməkdaşları ona narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu, buna görə də üzərində qanunla qadağan olunmuş əşya və ya maddə varsa könüllü təqdim etməyi bildirmişdilər. O, artıq çıxılmaz vəziyyətdə olduğunu görüb əynində olan qara rəngli cins şalvarın sol yan cibində saxladığı 01 ədəd şəffaf rəngli sellofan bükümü çıxarıb polis əməkdaşlarına təqdim etmişdir. Sorğu zamanı həmin bükümdə olan maddənin psixoptrop maddə metamfetamin olduğunu bildirmiş və həmin büküm elektron tərəzidə çəkilən zaman 5,1 qram olması müəyyən olunmuşdur. Sonra aşkar edilmiş psixotrop maddə metamfetamin qablaşdırılaraq möhürlənmiş və onlar imzaları ilə zərfin üzərini təsdiq etmişlər. Bundan sonra onun üzərinə şəxsi axtarış keçirilmiş və axtarış zamanı əynində olan qara rəngli cins şalvarın arxa sol cibindən 02 ədəd “Redmi” markalı mobil telefon, sağ cibindən içərisindən özünə məxsus şəxsiyyət vəsiqəsi, bank kartları və yol vərəqələri olan 01 ədəd pul qabı aşkar edilərək götürülmüşdür. Sonra polis əməkdaşları onu Nərimanov RPİ-nin 17-ci PŞ-nə dəvət etmişlər. O da heç bir etiraz etmədən onlarla birlikdə polis şöbəsinə getmişdir. Polis şöbəsində psixotrop maddə metamfetamini təqdim etməyi barədə protokol tərtib edilmişdir. Protokolun doğruluğunu imzaları ilə təsdiq etmişlər. Polis şöbəsində təhqiqatçı tərəfindən təqdim olunan əşyalara onun və polis əməkdaşlarının iştirakı ilə baxış keçirilərək götürülmüşdür. Bütün hərəkətlər protokollaşdırılmış və onlar imzaları ilə protokolun doğruluğunu təsdiq etmişlər. Bundan sonra ona hüquq və vəzifələri izah olunmuş, müdafiəçi təqdim olunmuş və şübhəli şəxs qismində tutulmuşdur. O, heç vaxt narkotik və psixotrop maddələrin satışı ilə məşğul olmamış, həmişə özü qəbul etmək üçün almışdır. Polis əməkdaşları tərəfindən üzərinə şəxsi axtarış keçirilən zaman ona qarşı hər hansı fiziki zor və sair təzyiqlər göstərilməmişdir. O, ***-***-**-** saylı mobil nömrədən istifadə edir (İ cild, səh. 79-81: 187-189). 5.Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, 2025-ci ilin yanvar ayında Nərimanov rayonu ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı keçirilmiş əməliyyat tədbirləri çərçivəsində vətəndaş Təqsirləndirilən şəxs axşam radələrində tərəflərindən saxlanılmış və bundan sonra könüllü surətdə üzərində olan narkotik vasitəni təqdim etmişdir. Sonra tərəflərindən şöbəyə dəvət edilmiş, orada üzərindən narkotik vasitə metamfetaminə bənzər maddə aşkar edilmiş və İran İslam Respublikası vətəndaşından onalyn üsulla əldə etdiyini bildirmişdir. Aşkar edilmiş maddə səhv etmirsə 5 qram olmuşdur. Keçirilmiş əməliyyat tədbirində üç nəfər iştirak etmişlər və əməliyyat qrupunun rəhbəri o olmuşdur. Şəxsin üzərinə baxış həm tutulduğu yerdə, həm də təhiqaqtçının otağında keçirilmişdir. Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı daxil olmuş əməliyat məlumatı ilə saxlanılmış və onlar saxlayarkən narkotik vasitə Təqsirləndirilən şəxs üzərində olmuşdur. Şəxsin satışla məşğul olması barədə onlarda heç bir məlumat olmamışdır. 6.Məhkəmə iclasında Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, göstərmişdir ki, Nərimanov rayon Polis İdarəsinin 17-ci PŞ axtarış üzrə baş əməliyyat müvəkkili işləyir, polis kapitanı xüsusi rütbəsindədir. 20 yanvar 2025-ci il tarixdə polis şöbəsinə ünvan 1 ünvanında qeydiyyatda olmaqla Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbəsi mədən 3, korpus 175 ünvanında yaşayan 1997-ci il təvəllüdlü Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə və psixotrop maddələrdən istifadə etməsi, üzərində saxlaması və dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olmuşdur. Ona görə də həmin tarixdə onun tərəfindən əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərar qəbul edilmiş və həmin qərar polis şöbəsinin rəisi, polis polkovnik leytenantı Ramil Cəbiyev tərəfindən təsdiqlənmişdir. Bundan sonra onun və Nərimanov rayon polis idarəsinin 17-ci PŞ-nin cinayət axtarış üzrə baş əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 və həmin şöbənin cinayət axtarış üzrə əməliyyat müvəkkili, polis baş leytenantı Şahid3 Əliniyaz oğlunun iştirakı ilə əməliyyat qrupu təşkil edilmişdir. Keçirilmiş tədbirlər nəticəsində Təqsirləndirilən şəxs 20 yanvar 2025-ci il tarixdə saat 19:10 radələrində ünvan 5 ünvanın qarşısında tərəflərindən saxlanılmışdır. Təqsirləndirilən şəxs barəsində əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərarla tanış etmişdilər. Daha sonra Təqsirləndirilən şəxs hüquq və vəzifələri, o cümlədən tutulan andan müdafiəçiyə malik olmaq hüququ izah olunmuşdur. Həmin şəxsin saxlanılan zaman paltarında, əşyalarında və ya bədənində narkotik vasitənin və ya psixotrop maddənin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və ya sənədlərin olmasını ehtimal etməyə kifayət qədər əsaslar olduğundan Təqsirləndirilən şəxs üzərini yoxlamağa başlamışdılar. Üstünü yoxlama və götürmə aparılmasından əvvəl Təqsirləndirilən şəxs paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarın sol yan cibində saxladığı bir ədəd şəffaf rəngli bükümü çıxarıb təqdim etmişdir. Daha sonra həmin büküm açılmış və içərisindən ağ rəngli kristal şəkilli kütlə aşkar olunmuşdur. Həmin zaman aşkar edilmiş içərisində həmin kütlənin olduğu bükümün elektron tərəzidə çəkisi 5,1 qram olması müəyyən olunmuşdur. Daha sonra aşkar edilmiş həmin büküm bir ədəd ağ rəngli zərfə qoyularaq qablaşdırılmış, zərf möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra Təqsirləndirilən şəxs üstü yoxlanılmış, yoxlama zamanı sonuncunun əynində olan qara rəngli cins şalvarın arxa sol cibindən iki ədəd “Redmi” markalı mobil telefon, şalvarın arxa sağ cibindən isə bir ədəd içərisində şəxsiyyət vəsiqəsi, bank kartları və yol vərəqələri olan pul qabı aşkar edilmişdir. Təqsirləndirilən şəxs üzərində aşkar edilmiş həmin əşyalar bir ədəd ağ rəngli zərfə qoyulmuşdur. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq, üzərindən aşkar olumuş narkotik vasitəni tanımadığı şəxsdən şəxsi istifadəsi üçün əldə etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs üstünün yoxlanılması ünvan 3 ünvanının qarşısında keçirilmişdir. Təqsirləndirilən şəxs üstünün yoxlanılması zamanı “İphone” markalı mobil telefonun videokamerası vasitəsi ilə Nərimanov RPİ-nin 17-ci PŞ-nin CA üzrə əməliyyat müvəkkili, polis baş leytenantı Şahid3 Əliniyaz oğlu tərəfindən video çəkiliş aparılmışdır. Protokolu yerində tərtib etmək üçün şərait olmaması səbəbindən Nərimanov RPİ-nin 17-ci PŞ-nin inzibati binasında tərtib edilmişdir. Protokol iştirakçılara ucadan oxunmuş, onlara protokola daxil edilməli olan qeydlər etmək hüququ və protokolu olduğu kimi və ya qeydlərlə birlikdə imzalamaq vəzifəsi izah olunmuşdur. İştirakçılar tərəfindən şikayət, təklif və protokola qeydlər daxil olmamışdır. Protokol düzgün tərtib edilmişdir, imzalarla təsdiq edilmiş, protokola 1(bir) ədəd disk əlavə olunmuşdur. Həmin disk, iki ədəd qablaşdırılmış zərf və Təqsirləndirilən şəxs PŞ-də təhqiqatçının otağına gətirilmişdir. Orada diskə, iki ədəd zərfə baxış keçirildikdən sonra Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuşdur. Təqsirləndirilən şəxs bildirdiyinə görə, əvvəllər heç kimə narkotik vasitə satmamışdır. Bununla bağlı da onlarda hər hansı əməliyyat məlumatı daxil olmamışdır. Ümidə qarşı polis əməkdaşları tərəfindən fiziki güc, zorakılıq tətbiq edilməmiş və psixoloji təsir göstərilməmişdir (İ cild, səh. 126-128). 7.Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 Əliniyaz oğlu ifadəsində bildirmişdir ki, 2025-ci ildə yanvar ayında onların əməkdaşlarına əməliyyat məlumatı daxil olmuş, keçirilmiş əməliyyat tədbirində üç nəfər iştirak etmişlər və qrupun rəhbəri Rüstəm Ruslanov olmuşdur. Məlumat əsasında axşam radələrində keçirilmiş əməliyyat tədbiri nəticəsində Təqsirləndirilən şəxs “Ulduz” metrosunun yaxınlığında saxlanılmış və üzərindən metamfetamin aşkar edilmişdir. Təqsirləndirilən şəxs aşkar edilmiş maddəni İran İslam Respublikası vətəndaşından öz istifadəsi üçün almışdır. 8.Məhkəmə iclasında Şahid3 Əliniyaz oğlunun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, Şahid1 ilə eyni məzmunlu ifadə vermişdir (İ cild, səh. 135-137). 9.Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 21 yanvar 2025-ci il tarixli 6/286 nömrəli ekspert rəyindən görünür kitədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bir ədəd büküm...” yazıları olan bir ədəd zərfin içərisində 1 (bir) ədəd bükümdə təmiz çəkisi 4,953 qram olan ağ rəngli, kristalşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. Metamfetamin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələri”-in siyahısına (Siyahı İ) daxildir (İ cild, səh. 43-47). 10.Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X11 Şəxsin Ambulator X2 barədə 14 fevral 2025-ci il tarixli, 874 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs Psixostimulyatorlann qəbulu nəticəsində asililiq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji tibbi müəssisəsində dispanser qeydiyyata alınması məsləhət görülür (İ cild, səh. 151-152). 11.Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X6-Hüquqi şəxsi ambulator məhkəmə-psixiatrik ekspertizasının 30 yanvar 2025-ci il tarixli, 256 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini ölçüb-biçmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur (İ cild, səh. 148-150). 12.«Əməliyyat axtarış tədbirinin keçirilməsinə və şübhəli şəxsin üstünün yoxlanılmasına dair» 20 yanvar 2025-ci il tarixli protokoldan və həmin istintaq hərəkətinin video-görüntülərinin özündə əks etdirən DVD diskdən görünür ki, Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarın sol yan cibində saxladığı bir ədəd şəffaf rəngli bükümü çıxarıb təqdim etmişdir. Daha sonra həmin büküm açılmış və içərisindən ağ rəngli kristal şəkilli kütlə aşkar olunmuşdur. Aşkar edilmiş içərisində həmin kütlənin olduğu bükümün elektron tərəzidə çəkisinin 5,1 qram olması müəyyən olunmuşdur. Daha sonra aşkar edilmiş həmin büküm bir ədəd ağ rəngli zərfə qoyularaq qablaşdırılmış və zərf möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra Təqsirləndirilən şəxs üstü yoxlanılmış, yoxlama zamanı sonuncunun əynində olan qara rəngli cins şalvarın arxa sol cibindən iki ədəd “Redmi” markalı mobil telefon, şalvarın arxa sağ cibindən isə bir ədəd içərisində şəxsiyyət vəsiqəsi, bank kartları və yol vərəqələri olan pul cüzdanı aşkar edilmişdir. Təqsirləndirilən şəxs üzərində aşkar edilmiş həmin əşyalar bir ədəd ağ rəngli zərfə qoyulmuşdur. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq, üzərindən aşkar olumuş narkotik vasitəni tanımadığı şəxsdən şəxsi istifadəsi üçün əldə etdiyini bildirmişdir (İ cild, səh. 12-13). 13.«Cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında» 29 aprel 2025-ci il tarixli qərardan görünür ki, 20 yanvar 2025-ci il tarixdə Təqsirləndirilən şəxs üzərinə baxış keçirilərkən ffötiirülmiis 1 ədəd bükümdə ümumi təmiz çəkisi 4.953 qram psixotrop metamfetamin, ekspertiza keçirildikdən sonra qalıq qalmış 4,903 qram psixotrop maddə metamfetamin iş üzrə maddi sübut qismində tanınaraq saxlanılmasından ötrü Nərimanov Rayon Polis İdarəsinin maddi sübutların saxlanma otağına təhvil verilmişdir. Təqsirləndirilən şəxs üzərinə baxış keçirilərkən Nərimanov RPİ-nin 17-ci PŞ-nin əməkdaşları tərəfindən 20 yanvar 2025-ci il tarixdə çəkilmiş 1 (bir) ədəd disk, eyni zamanda Nərimanov RPİ-nin 17-ci PŞ-nin təhqiqatçısı, Fazil Osmanov tərəfindən “təqdim olunan əşyaya baxış keçirilməsi və götürülməsi haqqında” protokola əlavə edilmiş 1 ədəd disk, DİN-in BİKİ-dən daxil olmuş 01 ədəd disk maddi sübut kimi tanınmış və cinayət işi materiallarına əlavə olunması nəzərə alınmışdır. "xxxx" MMC-dən 27 fevral 2025-ci il tarixli 3951 saylı məktubla alınmış 1 ədəd disk maddi sübut kimi tanınmış, cinayət işi materiallarına əlavə olunması nəzərə alınmışdır. Bir ədəd içərisində Təqsirləndirilən şəxs məxsus bank kartları və yol vərəqəsi olan pul qabının, bundan başqa iki ədəd “Redmi” markalı mobil telefonun anasına qaytarılması nəzərə alınmışdır (İ cild, səh. 159-169). 14.«Şübhəli şəxsin tutulması haqqında» protokoldan görünür ki, 20 yanvar 2025-ci il tarixli Təqsirləndirilən şəxs 20 yanvar 2025-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (İ cild, səh. 34). 15.Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 22 yanvar 2025-ci il tarixli, 4(005)- 72/2025 nömrəli qərarına əsasən Təqsirləndirilən şəxs barəsində əvvəli 20 yanvar 2025-ci il tarixdən hesablamaqla 04 (dörd) ay müddətinə “həbs" növündə qətimkan tədbiri seçilmişdir (İ cild, səh. 93-97). 16.Azərbaycan Respublikası Daxili İşlər Nazirliyininin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (İ cild, səh. 125). Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: 17.Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124.1 və 125.1-ci maddələrinin tələblərinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur və məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. 18.Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. 19.Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. 20.Məhkəmə yuxarıda sadalanan qanunvericilik normalarının tələbinə uyğun olaraq iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəylərini, iş üzrə digər sənədləri sübut növü kimi qəbul edib və məhkəmə iclasında tam, hərtərəfli, obyektiv araşdırılmış sübutlara mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə birgə hüquqi qiymət verib, həmin sübutlara əsaslanaraq, iş üçün mühüm əhəmiyyət kəsb edən bütün halları aydınlaşdırmaqla belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət tərkibi vardır. 21.Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 2011-ci il 17 mart tarixli Qərarına görə tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. 22.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri külli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma əməllərinə görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. 23.“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər başa düşülür. 24.Qanunun 1.0.9-cu maddəsində göstərilir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. 25.Qanunun 1.0.10-cu maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. 26.«Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» 28 iyun 2005-ci il tarixli, 961 №-li Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» İİ siyahının 118-ci bəndinə əsasən 2 qram və yuxarı həddə psixotrop maddə olan metafetamin külli miqdar hesab edilir. 27.Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda psixotrop maddə metafetamin əldə edib daşıyaraq üzərində saxlaması tədqiq edilmiş mötəbər və təkzibedilməz sübutlarla tam təsdiq olunduğundan onun törətmiş olduğu ictimai təhlükəli əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. 28.Məhkəmə, təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən azad olunmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək onun ittiham olunduğu cinayət əməlini törətməsini sübuta yetirilmiş hesab edir. Belə ki, təqsirləndirilən şəxs öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələri məhkəmə iclasında dindirilmiş şahidlərin ifadələri, təqiq edilmiş ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanılmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Qeyd edilənlərlə bağlı məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin məhkəmədə öz müdafiəsi üçün gətirdiyi dəlillər əsasızdır və özünü müdafiə xarakteri daşıyır. 29.Məhkəmə, Təqsirləndirilən şəxs məhkəmə iclasında polis əməkdaşları tərəfindən psixoloji təzyiqlərə məruz qalması ilə bağlı ifadəsində göstərdiyi xüsusatlarla əlaqədar qeyd edir ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin məhkəməyədək icraat dövründə təqzyiqə məruz qalması halı öz təsdiqini tapmamışdır. 30.İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd edir ki, konvensiyanın 6-cı maddəsi ədalətli məhkəmə araşdırması hüququna təminat verir və məhkəmənin vəzifəsi bütövlükdə məhkəmə araşdırmasının, o cümlədən sübutların əldə edilməsinin, qiymətləndirilməsinin ədalətliliyini, müdafiə və ittiham tərəflərinin hüquq bərabərliyi təmin edilməklə çəkişmə prinsipinə əməl edilməsinin, təqsirləndirilən şəxsin sübutları mübahisə etmək, onlara etiraz etmək hüququnun təmin edilməsini araşdırmaqdır. (Bikkov v. Rusiya [GC], 4378/02, §§ 88- 90, xx.xx.2009 və Rowe və X4rşı [GC], 28901/95, § 60, AİHM 2000 İİ) 31.Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsə təzyiq edilməsinə dair iddialar müvafiq sübutlarla təsdiq olunmalıdır. 32.Məhkəmə təqsirləndirilən şəxsin onun şəxsi axtarışı barədə videoçəkilişin həqiqəti əks etdirməməsi məzmunda ifadəsinə münasibətdə qeyd edir ki, təqsirləndirilən şəxsin üzərinə «əməliyyat axtarış tədbirinin keçirilməsinə və şübhəli şəxsin üstünün yoxlanılmasına dair» 20 yanvar 2025-ci il tarixli protokolun və həmin istintaq hərəkətinin videogörüntülərini özündə əks etdirən DVD diskin mötəbərliliyini şübhə altına alan əsaslar müəyyən edilmədiyindən, həmin istintaq hərəkətinin həyata keçirilməsi zamanı sonuncudan aşkar edilərək götürülmüş psixotrop maddənin ona məxsus olması qənaətinə gəlməyə tam əsas verir. 33.Təqsirləndirilən şəxsin tədqiq edilmiş videoçəkilişin həqiqəti əks etdirmədiyi barədə dəlilləri məhkəmə tədqiqi zamanı bu sübutların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhə yaratmamışdır. 34.Beləliklə məhkəmə təqsirləndirilən şəxsin məhkəməyədək icraat dövründə şəxsi axtarışının şərtlərinə, nəticələrinə etiraz etmək və sübutların əldə edilməsinə, istifadəsinə etiraz etmək üçün effektiv şəraitin təmin edilməməsi nəticəsinə gəlməyə əsasların olmadığı qənaətinə gəlir. 35.Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsini özünümüdafiə xarakterli ifadə və cinayət məsuliyyətindən yayınmağa cəhd kimi qiymətləndirərək hesab edir ki, onun ifadəsində qeyd etdiyi hallar məhkəmədə tədqiq edilmiş sübutların məcmusu ilə təsdiqini tapmamışdır. 36.Məhkəmə təqsirləndirilən şəxsin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş ictimai təhlükəli əməli törətməsində təqsirliliyinin sübuta yetirildiyini müəyyən edərək hesab edir ki, Təqsirləndirilən şəxs həmin maddə ilə təqsirli bilinərək təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. 37.Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs törətmiş olduğu ictimai təhlükəli əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir 38.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında cəzanı bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyası olmasını, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsi olmasını qeyd etmişdir. Bundan başqa məlumdur ki, sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş olsun, bununla sosial balans pozulmuş olsun və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. 39.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 40.Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 41.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 42.Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinin tələblərini rəhbər tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal müəyyən edilməmişdir. 43.Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinin tələblərini rəhbər tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. 44.Beləliklə, məhkəmə təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanı yüngüləşdirən və ağırlaşdıran halları, cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəzanın təyini qanuni, ədalətli və cəzanın tətbiqi məqsədinə uyğundur. 45.Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrumetmə növündə cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. 46.Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə görə, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi müəyyən olunur. 47.Məhkəmə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsini əsaslı hesab edir. 48.Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. 49.Məhkəmə qeyd edir ki, qanunvericiliyin tələbləri baxımından Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu - 20 yanvar 2025-ci i il tarixdən hesablanmalıdır. 50.Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə tədbirləri tətbiq edilməli və ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. 51.Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99.1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. 52.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində qeyd olunmuş əmlakın müəyyən olunmamasını nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs xüsusi müsadirə cinayət-hüquqi tədbiri tətbiq olunmamalıdır. 53.Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.11-ci maddəsinə uyğun olaraq iş üzrə maddi sübut Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin maddi sübutları saxlama yerində saxlanılan, iş üzrə aşkar edilərək götürülmüş, ekspertiza tədqiqatından sonra qalıq qalmış 4,903 qram çəkidə psixotrop maddə metamfetaminin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməsini, həmin Məcəllənin 132.1.6-cı maddəsinə əsasən 03 ədəd diskin cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində cinayət işinin materiallarında saxlanılmasını əsaslı hesab edir. 54.İş üzrə mülki iddia və üzərinə həbs qoyulmuş əmlak yoxdur. 55.Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü maddəsində ekspertə ödənilməli haqqlar məhkəmə məsrəflərinin bir növü kimi nəzərdə tutulmuşdur və həmin Məcəllənin 198.1-ci maddəsinə əsasən, həmin məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. 56.Bu səbəbdən, məhkəmə məsrəfləri hesab edilən iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 80 (səksən) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. 57.Məhkəmə, həmçinin Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 31 saylı qərarına əsasən təqsirləndirilən şəxsin məhkəmədə hüquqlarının müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. 58.Beləliklə Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» qərara əsasən Bakı şəhəri 22 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 məhkəmə icraatı dövründə göstərilən hüquqi yardımla bağlı 330 (üç yüz otuz) manat məbləğində pul vəsaiti dövlət büdcəsindən tutularaq Bakı şəhəri 22 saylı Vəkil Bürosunun hesabına ödənilməlidir. 59.Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin başlanğıcı 20 yanvar 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilsin, ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 80 (səksən) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsin. Məhkəmə icraatı dövründə göstərdiyi hüquqi yardımla bağlı Müdafiəçi1 ödənilməsi üçün dövlət büdcəsindən 330 (üç yüz otuz) manat Bakı şəhəri 22 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Maddi sübut olaraq Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin maddi sübutları saxlama yerində saxlanılan - iş üzrə aşkar edilərək götürülmüş, tədqiqata sərf edildikdən sonra qalıq qalmış 4,903 qram çəkidə psixotrop maddə metamfetamin məhv edilsin, 03 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətdə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakimlər: 1.(sədrlik edən) Aytən Əliyeva
2. Elmin Rüstəmov
3. Vüqar Quliyev