Məhkəmə qərarları › İş №1(101)-1301/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1301/2021

21.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1301/2021 21.10.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Qəniyev Faiq Əsəd oğlunun sədrliyi ilə, hakimlər Mahmudov İlham Ağa oğlu və Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibləri X5 və X4, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri “Pro Bono” Vəkil Bürosunun vəkili X6 iştirakları ilə, xx xxxxxxxx 1990-cı il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, Heydər Əliyev adına Neft Emalı zavodunda çilingər-fəhlə işləmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 31 avqust 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 02 il 05 ay 28 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanda qeydiyyatda olan və faktiki həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham irəli sürülərək təqsirləndirilir onda ki, o, istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda - 6,274 qram narkotik vasitə olan heroini əldə edib üzərində saxlamaqla daşımış, Bakı şəhəri Xətai rayon Polis İdarəsinin X2 əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində 11 mart 2021-ci il tarixdə saat 15:40 radələrində ünvan 3 ünvanda saxlanılıb 37-ci Polis Şöbəsinə gətirilərək üzərində keçirilən şəxsi axtarış və götürmə zamanı əynində olan qara rəngli gödəkçəsinin sağ yan cibindən bir ədəd şəffaf rəngli sellofana bükülmüş vəziyyətdə təmiz çəkisi 6,274 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünün tam təqsirsiz olduğunu bildirərək göstərdi ki, o, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ailəsi ilə birlikdə yaşayır. Ailəsi onun özündən başqa bir qardaşı, işləməyən anası, uzun müddət bərbər işləmiş və hazırda yataq xəstəsi olan atasından ibarətdir. Heç vaxt narkotik vasitələrdən istifadə etməmişdir. Tam səmimi şəkildə bildirir ki, tutulmazdan təxminən üç il əvvəl cəmi bir dəfə siqaret kimi marixuana çəkmiş, bu ona çox pis təsir etdiyi üçün bir daha narkotik vasitədən istifadə etməmişdir. Özünün daimi iş yeri olmamış, yalnız müxtəlif yerlərdə fərdi qaydada fəhlə, usta kimi işləyərək ailənin dolanışığına kömək etmişdir. Əvvəllər oğurluq əməli törətmiş və həmin əməlindən çox peşman olmuş, məhkəmə də onun əməlinin xarakterini, ailə vəziyyətini nəzərə alıb ona həbslə bağlı olmayan cəza azadlığın məhdudlaşdırılması cəzası təyin etmiş, ayağına da qolbaq vurulmuşdur. 11 mart 2021-ci il tarixdə saat 12 radələrində yaşayış yeri üzrə sahə müvəkkili Təyyar müəllim onun istifadə etdiyi ***-***-**-** saylı mobil nömrəyə zəng edib barəsində təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzası ilə bağlı polis orqanında hansısa qeydiyyatın aparılması və söhbət üçün yanına dəvət etmişdir. Həmin gün səhər saatlarında yuxudan nisbətən gec oyandığı və həm də şəhərə getməyi planlaşdırdığı üçün planlarını dəyişmiş, polis çağırışı olduğu üçün əvvəlcə Təyyar müəllimin çağırışına getməyi qərara almışdır. Sahə müvəkkilinin yanına gedib çatana qədər onunla bir neçə dəfə telefonda danışdığını, artıq çatmaqda olduğunu dediyini xatırlayır. Təyyar müəllim ona telefonda həm də qolbaqla bağlı sənədlərini də gətirməsini tapşırmışdır. Təyyar müəllimlə son zəngləşməsindən bir neçə dəqiqə sonra - saat təxminən 13:20 dəqiqədə onun yanına çatmış, Təyyar müəllimin iş otağında oturub təxminən 5-10 dəqiqə ərzində verdiyi sualları cavablandırmış, gətirdiyi sənədləri təqdim etmişdir. Bu onun həmin sahə müvəkkili ilə ilk görüşü olmuşdur. Sahə müvəkkili onunla profilaktiki söhbət aparmış, dəqiq xatırlamadığı cari suallar vermiş, qanunsuz əməllərdən uzaq olmasını tövsiyyə etmiş, adi qaydada bu məzmunda keçən söhbətdən sonra sağollaşıb sahə müvəkkilinin iş yerindən çıxıb piyada yaşadığı evə doğru qayıdıb gedərkən həyətdə dostu Ruslanın anası Rima xanımı görüb Ruslanı soruşmuş, sonuncu da oğlunun evdə olduğunu bildirmişdir. Rima xanımla yanaşı addımlayıb söhbətləşə-söhbətləşə onların evlərinə yaxınlaşmışlar. Rima xanım oğlunu səsləmiş, Ruslan dərhal çölə çıxmış və bir-iki dəqiqə ərzində Ruslanla salamlaşıb qısa haləhval tutmuş, sonra da ondan ayrılıb evlərinə doğru addımlamışdır. Həmin vaxt həm də istifadəsindəki ***-***-**-** saylı mobil nömrə ilə qardaşına zəng vurub evə yaxınlaşdığını bildirmiş, birlikdə şəhərə getmələri üçün həyətə düşməsini demişdir. Sahə müvəkkilinin iş otağından təxminən 150 metr aralıda həyətdə yerləşən «Həyat» adlı kabab evinin qarşısından keçəndə, yəni sahə rəisinin yanından çıxandan təxminən 8-10 dəqiqə sonra qəflətən ona tərəf üç nəfər mülki geyimli şəxs qaçaraq yaxınlaşmış, çatan kimi həmin şəxslərdən biri onun hər iki qolundan tutub qucaqlamış, tərpənməyə imkan verməmişdir. Səs-küy yaranmağa başladığını hiss edən bu şəxslər onu dərhal «Doblo» markalıya bənzətdiyi ağ rəngli, qabaq hissəsində dövlət qeydiyyat nişanı olmayan avtomobilə əyləşdirmişlər. Avtomobilə əyləşdirəndə digər iki nəfərdən birinin - nisbətən çox cavan görünən şəxsin əlini onun əynində olan qara rəngli gödəkçənin sağ yan cibinə salmağa çalışdığını aşkar hiss etmişdir. Bunu hiss edən kimi sağ qolunu cibinin üstü tərəfdən bədəninə dirəyib həmin şəxsin əlini onun cibinə salmasına imkan verməmiş, həmin şəxs cəhdini davam etdirsə də o müqavimət göstərmiş, bunu görən o şəxs əlini çəkmişdir. Onu maşınla Xətai rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsinə aparmışlar. Xatırlayır ki, maşına otuzdurandan sonra mobil telefonunu götürmüş, bir az sonra da onu söndürmüşlər. Bu üç şəxsdən heç biri konkret şəkildə özünü təqdim etməmiş, amma polis olduqlarını demişlər. Ona bu şəkildə saxlanmasının səbəbləri, nə baş verməsi barədə heç nə deyilməmiş, heç bir sənəd göstərilməmişdir. Şöbənin həyətinə çatan kimi onun əllərini qabaq hissədən qandallamışlar. Şöbənin həyətində olarkən çöldə bir qapının qarşısında həmin 3 nəfərdən biri - polis əməkdaşı hesab etdiyi Əli adı ilə çağırılan mülki geyimli şəxs yanında dayanaraq onu mühafizə etmişdir. Həmin şəxs saxlandığı ilk andan adını sonradan bildiyi əməliyyatçı Şahid1lə birlikdə olmuşdur. Orada əli qandallı dayandığı vaxtda ona siqaret çəkməsinə imkan verilməsini xahiş etmiş və buna icazə vermişlər. O, əli qandallı vəziyyətdə birtəhər siqaret çəkməyə başlamış və elə o anda onu maşına otuzdurarkən əlini cibinə salmaq istəyən cavan oğlan yenidən əlini onun gödəkçəsinin cibinə salmağa cəhd etmişdir. Birtəhər gücünü toplayıb bu şəxsin əlini tutaraq cibinə salmasına imkan verməmiş və həmin anda o şəxs qəzəblənib ona əl-qol atmağa başlamış və bir dəfə yumruq zərbəsi ilə onun ağız nahiyəsindən vurub dodağını partlatmışdır. Bu şəxs onu vurmaqla bərabər həm də nalayiq söyüşlərlə söyüb təhqir etmiş, sakit durmasını tələb etmiş, əks halda onu daha bərk vuracağını bildirib cəld kiçik sellofan bükülünü onun əynində olan gödəkçəsinin sağ yan cibinə qoymuşdur. Heydər isə həmin vaxt araya girib bu şəxsin onu daha vurmasına imkan verməmişdir. O, bacardığı qədər müqavimət göstərməyə çalışmış və birtəhər imkan tapıb həmin bükülünü cibindən çıxardıb yerə atmışdır. O anda əməliyyatçı Şahid1 onun yerə atdığı bükülünü yerdən götürüb adını sonradan bildiyi X8in otağına keçmişdir. Az sonra onun özünü də Əkbər Hacıyevin otağına aparmışlar və həmin vaxt otaqda Əkbər Hacıyev, Şahid1, əli qandallı vəziyyətdə o özü olmuşdur. İki dəfə onun cibinə qoyulmağa cəhd edilmiş, sonda X9 aparıb verdiyi sellofan bükülü isə stolun üstündə olmuşdur. Ona Əkbər və Heydər tərəfindən təkidlə bildirilmişdir ki, bu bükülünü mütləq cibinə qoymalısan və çəkilişlə onu çıxartmalıdırlar, qalan hər şey sonra həll olunub gedəcək, bu belə lazımdır və ona lazım olan köməklik göstəriləcək. Artıq bükülüdə narkotik vasitə olmasını dəqiq başa düşmüşdür. Sonra da qandalı açıb götürmüşlər. Bütün bunların nəyə görə baş verdiyini, bu bükülünün ona heç bir aidiyyəti olmadığını deyib etirazını bildirmiş, həm də Şahid1 yanında olmuş adını bilmədiyi polis işçisinin artıq iki dəfə – həm saxlanarkən, həm də şöbənin qarşısında bu bükülünü onun cibinə qoymağa cəhd etdiyini bildirmişdir. X8 və Şahid1 ona başqa heç nə izah etməmiş, elə bir problem olmayacağını bildirmişlər. İlk dəfə düşdüyü belə vəziyyətdə daha nə edə biləcəyini düşünə bilməmiş və polis işçilərinin təkidi ilə bükülünü gödəkçəsinin sağ yan cibinə qoymuş və daha müqavimət göstərməmişdir. Sonra otağa vəkil də çağırılmışdır. Çəkiliş vaxtı otağa daha başqa bir nəfər tanımadığı şəxs - adını sonradan bildiyi Şahid2 adlı əməliyat işçisi gəlmişdir. Dəqiq olaraq bildirir ki, o saxlanarkən Şahid2 olmamış, Yusifi ilk dəfə çəkiliş vaxtı görmüşdür. Xatırladığına görə Yusif otağa daxil olanadək artıq bükülü onun cibinə yerləşdirilmişdir. Çəkiliş vaxtı “Xiaomi” markalı mobil telefonu, qolbaqla bağlı bir ədəd “GPRS” aparatını, “Pall Mall” markalı siqareti, 20 manat 25 qəpik pulu, iki alışqanı, “Bakı kart” kartını, işləmək üçün üzərində saxladığı iki ədəd dəmir kəsən mişarın ehtiyat hissəsini çıxarıb masanın üzərinə qoymuşdur. Təhqiqatçıya həmin vaxt da bir daha bükülünün onun cibinə polis işçisi tərəfindən qoyulduğunu bildirmişdir. Amma ona fikir verən olmamışdır. Maskasını aşağı çəkib partlamış dodağını da təhqiqatçıya göstərmiş, amma yenə onu eşidən olmamışdır. Bükülünü zərfə qoyduqdan sonra təhqiqatçı ona da zərfin üstünü imzalamasını demiş, amma o razılaşmayaraq bu imzanı etməklə bükülünün ona aid olmasını etiraf etmiş kimi olacağını demişdir. Təhqiqatçı və Şahid1 onu heç nə olmayacağına birtəhər inandırıb imzalatmışlar. Xatırlayır ki, oraya çağırılmış vəkil də narazılığını bildirmişdir. Sonradan protokol yazılmış, ona da imzalatdırılmış və nə vaxt buraxılacağını gözləməyə başlamışdır. Oraya çağırılmış vəkilə də bir daha yenə bu bükülüdəki narkotik vasitə olduğu deyilən maddəyə heç bir aidiyyətinin olmadığını demiş, vəkil də dindirilərkən hər şeyi imkan daxilində olduğu kimi danışmasını tapşırmışdır. Amma sonradan onu heç kim buraxmamış, əksinə, saxlanmış, sonra da iş müstəntiqə verilmişdir. Ona Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə iş başlandığı deyilmiş, amma sonradan bilmişdir ki, ümumiyyətlə onu daha ağır maddə ilə ittiham verərək heroin satan şəxs kimi təqsirləndirirlər. Dodağındakı polis əməkdaşının yumruqla vurduğu xəsarətlə bağlı təkidlə müstəntiqə bildirmiş, ifadəsində yazmış və barəsində tibbi ekspertiza da keçirilmiş, xəsarəti rəsmən təsdiqlənmişdir. Xətai rayon prokurorluğunda bununla bağlı araşdırma aparılmış, nəticədə guya heç bir cinayət hadisəsi olmamış kimi məsələ bağlanmışdır. Onu yoxlayan ekspertə də tutulmazdan üç il əvvəl bir dəfə siqaret kimi marixuana çəkdiyini və bu ona çox pis təsir etdiyindən bir daha narkotik vasitə istifadə etmədiyini səmimi şəkildə danışmışdır. Amma sonradan rəylə tanış olarkən görmüşdür ki, onun bu səmimiyyətindən əslində özünə qarşı istifadə edilərək guya narkotiklərdən sui-istifadə etməsi halları olması yazılmış, amma yekunda yenə müalicəyə ehtiyacı olmaması barədə rəy verilmişdir. Bir daha qeyd edir ki, əgər ibtidai istintaq vaxtı hansısa ifadəsində istifadəçi olması ilə bağlı nəsə yazılıbsa, bunların heç biri həqiqət deyil, o heç vaxt bu barədə deməmişdir. Bildirdiyi yalnız ömründə bircə dəfə ot çəkməsi və bundan sonra onu tövbə etməsi ilə bağlı olmuşdur. O, heç bir qanunsuz iş görməmiş, bilərəkdən kiminsə qəzəbinə səbəb olan hərəkət etməmiş, heç bir cinayət əməli törətməmişdir. Əgər etdiyi bir qanunsuz əməl varsa, onun cəzasını çəkməyə hazırdır. Amma nahaqdan, törətmədiyi hansısa əmələ görə cəza almaq istəmir. Ona görə də məhkəmədən işinə obyektiv, ədalətli baxılmasını, ağır maddi vəziyyətdə olan və özünün də bu şəkildə həbsi ilə dözülməz mənəvi iztirablara düçar olmuş valideynlərinin yanına qayıda bilməsi üçün ona bəraət verilməsini xahiş edir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Məhkəmədə şahid qismində dindirilmiş Bakı şəhəri Xətai rayon Polis İdarəsinin X2 əməliyyat müvəkkili Şahid1 göstərdi ki, 11 mart 2021-ci il tarixdə «Rişad» adlı Bakı şəhər sakininin narkotiki qanunsuz qəbul etməsi və üzərində saxlaması barədə əməliyyat məlumatı daxil olmuş, həmin məlumat barədə rəsmi raportla müraciət edib idarə rəhbərliyinə məlumat vermiş və əməliyyat tədbirlərinin keçirilməsinə icazə istəmişdir. Raportuna baxıldıqdan sonra bu məlumatı yoxlamaq məqsədilə rəhbərliyin tapşırığı əsasında əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul olunmuş, həmin qərar rəhbərlik tərəfindən təsdiq olunmuş və sonra idarə rəisinin əmri ilə əməliyyat qrupu yaradılmış, qrupa o özü və idarənin Cinayət axtarışı şöbəsinin kiçik əməliyyat müvəkkili, hazırda daxili işlər orqanlarından tərxis olunmuş polis serjantı Şahid2 daxil edilmişlər. Bundan sonra o, Yusiflə birlikdə günorta vaxtı saat təxminən 14-15 radələrində ünvan 4 ünvanda yerləşən “X13” adlı yeməkxananın qarşısında Rişad adlı şəxsi saxlamış, anket məlumatlarını soruşub Təqsirləndirilən şəxs olduğunu dəqiqləşdirmişlər. Saxlanarkən Rişad onlara heç bir müqavimət göstərməmiş, çox sakit bir şəkildə özlərini təqdim etmiş, onlarla getməli olduğunu bildirmişlər. Təqsirləndirilən şəxs da heç bir narazılıq ifadə etmədən mədəni şəkildə razılaşmış və onu 37-ci Polis Şöbəsinə aparıb X8ə təhvil vermişlər. Əkbər Hacıyev də Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etməsi üçün vəkil çağırmış, onların və müdafiəçinin iştirakı ilə videoçəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış başlananda Rişada üzərində qanunsuz maddə, hər hansı əşya varsa çıxarıb təqdim etməsi təklif edilmiş, Təqsirləndirilən şəxs da üzərində olan mobil telefonu, bir mobil telefona bənzər qurğunu, siqareti, təxminən 20 manat pulu, alışqanı, “Bakı kart” kartını, dəmir kəsən mişarın ehtiyat hissəsini, əynindəki qara rəngli gödəkçənin sağ yan cibindən isə bir ədəd şəffaf rəngli bükümü çıxarıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Təqsirləndirilən şəxs büküm barədə çəkiliş vaxtı bildirmişdir ki, həmin narkotik vasitə tanımadığı polis əməkdaşı tərəfindən saxlanılan zaman cibinə qoyulmuşdur. Rişadın üzərinə şəxsi axtarış davam etdirilmiş, başqa heç nə aşkar olunmamışdır. Bundan sonra aşkar olunmuş kütlə qablaşdırılmış, möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Bu barədə protokol tərtib olunmuş, bütün iştirakçılara imzalatdırılmışdır. Keçirilən tədbirlər zamanı Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması barədə hər hansı əməliyyat məlumatı əldə edilməmişdir. Məhkəmədə dindirilərkən ona ünvanlanmış sualları cavablandırarkən Şahid1 qeyd olunan ifadəsində əhəmiyyətli dəqiqləşdirmələr apararaq həm də ibtidai istintaq zamanı verdiyi ifadəsindən fərqli məqamları təsvir etməklə bildirdi ki, Təqsirləndirilən şəxs ilə bağlı məlumat əslində 11 mart 2021-ci il tarixdə deyil, bundan 3 gün əvvəl - 08 mart 2021-ci il tarixdə daxil olmuş, bu məlumatla bağlı onun təşəbbüsü ilə əməliyyat-qeydiyyat işi açılmış, Rişad barəsində elə həmin gündən bilavasitə onun özü tərəfindən əməliyyat tədbirləri keçirilməyə başlanılmış, konkret olaraq dərhal bu şəxsi müəyyən edib həmin gündən izləməyə başlamışdır. Bir neçə gün ərzində onu izləmiş, müşahidə aparmışdır. Təqsirləndirilən şəxs o cümlədən 11 mart 2021-ci il tarixdə də səhər saat 09:00-dan, ola bilsin ki, hətta saat doqquza qalmışdan etibarən izləməyə başlamışdır. Amma Rişadın həmin gün sahə müvəkkili Şahid3 yanına getməsini, sahə müvəkkilinin xidməti iş yerinə girməsini, yaxud oradan çıxmasını görməmişdir. Həm də saxlanarkən əslində hər bir insanda ola biləcəyi kimi Rişad da əvvəlcə qaçmaq istəmişdir. Onlar Rişadı tutub saxlayarkən o yenə də dartınıb əllərindən çıxmaq istəmiş və ola bilsin ki, məhz həmin məqamda Rişadın dodağı yaxınlığında olduqları binanın divarına sürtünərək xəsarət almışdır. Rişadı özünün idarə etdiyi qara rəngli “Hyundai Elantra” markalı maşına mindirib şöbəyə gətirəndən sonra da təhqiqatçının yanına aparmazdan əvvəl Təqsirləndirilən şəxs bayırda siqaret çəkmək üçün imkan yaratmışlar. Təqsirləndirilən şəxs siqaret çəkdiyi vaxt onun cibindən sellofan bükülünü çıxardıb yerə atdığını görmüşdür. Rişadın bükülünü yerə atmasını Şahid2 da görmüşdür. Özü şəxsən yaxınlaşıb o bükülünü yerdən götürmüş və Təqsirləndirilən şəxs yenidən cibinə qoymasını təklif etmişdir. Amma Təqsirləndirilən şəxs bununla qəti razılaşmamış, cibinə qoymağa da imkan verməmişdir. Ona görə də o özü həmin bükülünü aparıb xidməti otağında X8ə təqdim etmişdir ki, keçiriləcək şəxsi axtarış zamanı onun Təqsirləndirilən şəxs üstündə olması ilə bağlı lazımi sənədləşdirmə aparsın. Bundan sonra çöldə dayanmış Təqsirləndirilən şəxs da təhqiqatçının otağına aparmış, təhqiqatçı da ona necə yerə tullayıbsa elə də götürüb cibinə qoymasını təklif etmişdir. Amma Rişad heç cür razılaşmamışdır. Təhqiqatçı ondan bu bükülünün onun cibində olubolmamasını soruşmuş, Rişad da həmin bükülünü az əvvəl polis əməkdaşının onun cibinə qoyduğunu, bu bükülünün ona heç bir aidiyyəti olmadığı üçün onu çıxardıb yerə tulladığını bildirmişdir. Təklif edilmişdir ki, yerə tullayanadək hansı cibində olubsa, həm də ona aid olmadığını da bildirirsə, eləcə qaytarıb qoysun cibinə, sonra dediyini yenə desin, ona aidiyyəti olmadığını bildirsin. Orada videoçəkiliş aparılmaqla şəxsi axtarış keçirilmiş, həmin bükülünün Təqsirləndirilən şəxs üstündən aşkar edilməsi sənədləşdirilmişdir. Amma Təqsirləndirilən şəxs çəkiliş vaxtı da özünü müdafiə etmək üçün həmin bükülünün ona məxsus olmadığını, bükülünü cibinə polis əməkdaşlarının qoyduğunu bildirmişdir. Rişad saxlanarkən o sabiq əməkdaş Şahid2 ilə birlikdə olmuş, yanlarında hər hansı başqa şəxs olmamışdır. Əməliyyat məlumatının daxil olması barədə imzaladığı rapotda hər hansı tarix, qeydiyyat, yaxud dərkənar olmamasının səbəbi, habelə 11 mart 2021-ci il tarixdə tərtib edildiyi görünən, məhz həmin tarixdə keçirilmiş əməliyyat-axtarış tədbirləri üçün əsas olmuş “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” qərarın rəhbər tərəfindən həmin tədbirlərin artıq keçirildiyi tarixdən bir gün sonra – 12 mart 2021-ci il tarixi ilə imzalanıb təsdiq edilməsinin səbəbinə dair sualları isə şahid Şahid1 cavablandıra bilməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Bakı şəhəri Xətai rayon Polis İdarəsinin sabiq əməkdaşı Şahid2 göstərdi ki, 2021-ci ilin aprel ayında öz xahişi ilə daxili işlər orqanlarından xidmətdən uzaqlaşmışdır. 11 mart 2021-ci il tarixdə Xətai rayon Polis İdarəsinə Təqsirləndirilən şəxs adlı şəxsin narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Bu məlumatla əlaqədar idarənin X2 əməliyyat müvəkkili Şahid1 rəhbərliyi ilə əməliyyat qrupu yaradılmış və o da əməliyyat qrupuna daxil edilmişdir. Əməliyyat qrupunda elə iki nəfər, yəni Heydərlə o özü olmuşdur. Beləliklə, elə həmin gün Təqsirləndirilən şəxs adlı şəxslə bağlı keçirilən əməliyyat tədbirində iştirak etmişdir. İştirakı isə bundan ibarət olmuşdur ki, həmin gün günorta saatlarında Heydərlə birlikdə ünvan 4 ünvana getmiş, binanın həyətində yerləşən “X13” adlı yeməkxananın qarşısında Rişadı aşkar edib saxlamışlar. Saxlanarkən Təqsirləndirilən şəxs sakit bir şəkildə özlərini təqdim etmiş, onlarla getməli olduğunu bildirmişlər. Rişadı saxlamaq üçün onlar yalnız ikisi – özü və Heydər getmişlər, yanlarında başqa şəxs olmamışdır. Təqsirləndirilən şəxs da heç bir narazılıq bildirmədən razılaşmış və onu 37-ci Polis Şöbəsinə aparmışlar. Sonra X8ə təhvil vermişlər. Əkbər Hacıyev də Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etməsi üçün vəkil çağırmış, onların və müdafiəçinin iştirakı ilə videoçəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış başlananda Rişada üzərində qanunsuz maddə, hər hansı əşya varsa çıxarıb təqdim etməsi təklif edilmiş, Təqsirləndirilən şəxs da üzərində olan mobil telefonu, bir ədəd mobil telefona bənzər qurğunu, siqareti, təxminən 20 manat pulu, alışqanı, “Bakı kart” kartını, dəmir kəsən mişarın ehtiyat hissəsini, əynindəki qara rəngli gödəkçənin sağ yan cibindən isə bir ədəd şəffaf rəngli bükümü çıxarıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Təqsirləndirilən şəxs büküm barədə çəkiliş vaxtı bildirmişdir ki, həmin narkotik vasitə tanımadığı polis əməkdaşı tərəfindən saxlanılan zaman cibinə qoyulmuşdur. Rəşadın üzərinə şəxsi axtarış davam etdirilmiş, başqa heç nə aşkar olunmamışdır. Bundan sonra aşkar olunmuş büküm qablaşdırılmış, möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Bu barədə protokol tərtib olunmuş, bütün iştirakçılara imzalatdırılmışdır. Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması barədə onda heç bir məlumat olmamışdır. Məhkəmədə dindirilərkən ona ünvanlanmış sualları cavablandırarkən Şahid2 göstərdi ki, Təqsirləndirilən şəxs 08 mart 2021-ci il tarixdən başlayaraq izlənməsi, onun barəsində həmin tarixdən əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə heç bir məlumatı olmamışdır. 11 mart 2021-ci il tarixdə isə əməliyyat tədbirinə qrup rəhbəri olan əməliyyat müvəkkili Şahid1lə gündüz saat 12 radələrində iş yerindən çıxaraq yollanmışdır. Təqsirləndirilən şəxs saxlanarkən sahə müvəkkilinin yanından çıxıb gəlməsini bilməmiş, onun bildiyinə görə bu əməliyyat tədbirləri ilə bağlı sahə müvəkkili ilə heç bir əlaqələri olmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 göstərdi ki, o, 1999-cu ildə etibarən daxili işlər orqanlarında xidmət edir. 2020-ci il tarixdən isə hal-hazıradək Bakı şəhəri Xətai rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsində sahə müvəkkili vəzifəsində çalışır. Xidməti ərazidə yaşayan sakin kimi Təqsirləndirilən şəxs tanımışdır. Onu tanımasının əsas səbəbi də ondan ibarət olmuşdur ki, Təqsirləndirilən şəxs barəsində əvvəllər cinayət işi olmuş, onun barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmişdir. Mövcud təlimatlara və əmrlərə uyğun olaraq müvafiq profilaktiki iş aparmaq üçün özünün istifadəsindəki ***-***-**-** saylı mobil nömrəsindən zəng vurub Rişadı xidməti iş yerinə çağırmışdır. Xatırladığına görə həmin vaxt Rişada məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin etmiş və bununla əlaqədar Probasiya xidməti tərəfindən Rişada qolbaq taxılmışdır. 11 mart 2021-ci il tarixdə saat 12 radələrində Rişada zəng vurub öz xidməti iş yerinə – Xocalı prospekti 24 ünvanda yerləşən sahə məntəqəsinə dəvət etmişdir. Xatırlayır ki, mobil telefonla bir neçə dəfə Rişadla zəngləşmişdir. Zənglərin bir neçə dəfə olmasının səbəbi isə o olmuşdur ki, Rişad dediyi vaxtda gəlib çıxmadığı üçün onu təkrar yığmış, nəhayət saat təxminən 13 radələrində Rişad gəlib çıxmışdır. Rişadla bu ilk görüşündə məntəqədə bir qədər profilaktik söhbət aparmış, cinayət əməllərindən uzaq olmasını tövsiyyə etmiş və başa salmış, normal şəkildə bir söhbətləri olmuş, söhbətləri uzağı təxminən 8-10 dəqiqəyə yaxın davam etmiş, sonra da onu yola salmış və bununla da Rişad onun yanından çıxmışdır. Məhkəmədə dindirilərkən ona ünvanlanmış sualları cavablandırarkən Şahid3 göstərdi ki, Təqsirləndirilən şəxs barəsində idarə tərəfindən hansısa əməliyyat tədbirləri keçirilməsi barədə Rişadı yanına çağırdığı vaxt onda heç bir məlumat olmamış və ümumiyyətlə bu şəxs barəsində hər hansı əməkdaş tərəfindən ondan sahə rəisi kimi nə vaxtsa bu və ya digər şəkildə heç nə soruşulmamış, maraqlanan olmamışdır. Ona görə də Rişadı yanına çağırması heç bir halda qeyd olunan əməliyyatın keçirilməsi ilə bağlı olmamış, cari işini yerinə yetirmişdir. Rişadın onun yanından çıxandan sonra narkotik vasitələrlə bağlı saxlanması barədə yalnız bir neçə gün sonra eşitmişdir. Artıq 21 ildən artıq müddətdə polis orqanlarında xidmət edən bir şəxs kimi özünün təcrübəsinə əsaslanan şəxsi qənaəti bundan ibarətdir ki, polisə dəvət edilən şəxsin oraya üstündə narkotik vasitə ilə getməsi inandırıcı və ağlabatan deyildir. Məhkəmədə şahid qismində dindirilmiş Bakı şəhəri Xətai rayon Polis İdarəsinin 37ci Polis Şöbəsinin təhqiqatçısı X3 göstərdi ki, 11 mart 2021-ci il tarixdə xidmət etdiyi şöbəyə Xətai rayon Polis İdarəsinin əməkdaşları Şahid1 və Şahid2 tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Təqsirləndirilən şəxs gətirilmişdir. Təhqiqatçı kimi yalnız öz xidməti otağında olmuş, otaqdan kənarda nə baş verməsindən, şübhəli şəxsin hansı qaydada gətirilməsindən məlumatsız olmuşdur. Yalnız prosessual qanunvericiliyin tələblərinə uyğun şəkildə sənədləşmələr aparmış, müdafiəçinin iştirakını təmin etmiş, videoçəkiliş aparılmaqla şəxsi axtarış və götürmə prosessual hərəkətini aparmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs cibindən bükülünü çıxardıb təqdim etmişdir. Onun üzərində hazırda xatırlamadığı digər şəxsi əşyaları da olmuşdur. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs cibindən çıxardıb təqdim etdiyi bükülü barədə bildirmişdir ki, bu bükülünü onun cibinə polis əməkdaşları qoymuşlar. Qeyd olunan şəxsi axtarış və götürmə hərəkətinin keçirilməsindən xeyli vaxt keçdiyinə görə digər detalları xatırlamır. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs ilə Şahid1 arasında keçirilmiş üzləşdirmə istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs Şahid1 dediklərini tam inkar etmiş, heroinin ona məxsus olmadığını, saxlanmasında polis əməkdaşı kimi bildiyi Əli adlı və adını bilmədiyi digər şəxsin də iştirak etdiyini, həmin adını bilmədiyi şəxsin onu vuraraq xəsarət yetirdiyini, heroinin həmin polis əməkdaşı kimi bildiyi şəxs tərəfindən cibinə qoyulduğunu bildirmiş və saxlandığı andan cibinə bükülü atılmağa cəhd edilməsinin digər halları barədə ətraflı qeyd etmişdir (cild 1, iş vərəqə 66-70). İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs ilə Şahid2 arasında keçirilmiş üzləşdirmə istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs Şahid2 dediklərini təsdiqləməyərək, Şahid2 yalnız üzərinə baxış keçirilərkən gördüyünü, heroinin ona məxsus olmadığını, saxlanmasında polis əməkdaşı kimi bildiyi Əli adlı və adını bilmədiyi digər şəxsin də iştirak etdiyini, həmin adını bilmədiyi şəxsin onu vuraraq xəsarət yetirdiyini, heroinin həmin polis əməkdaşı kimi bildiyi şəxs tərəfindən cibinə qoyulduğunu bildirmiş və saxlandığı andan cibinə bükülü atılmağa cəhd edilməsinin digər halları barədə ətraflı qeyd etmişdir (cild 1, iş vərəqə 61-65). Şəxsi axtarış və götürmə aparılması barədə 11 mart 2021-ci il tarixli protokoldan və Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinin görüntüsü olan 01 ədəd DVD formatlı diskə baxış keçirilməsi barədə 13 mart 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçəsinin sağ yan cibindən bir ədəd şəffaf rəngli sellofana bükülmüş vəziyyətdə bükümü çıxarıb təqdim edərək həmin bükümün ona məxsus olmadığını, polis əməkdaşı tərəfindən onun cibinə qoyulduğunu bildirmişdir (cild 1, iş vərəqə 34-35, 109-110). Məhkəmə-kimyəvi ekspertizasının 12 mart 2021-ci il tarixli 6/1018 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində: “Təqsirləndirilən şəxs” yazısı olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 6,274 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Ekspert tədqiqatından sonra heroinin qalıq çəkisi 6,174 qram təşkil etmişdir (cild 1, iş vərəqə 44-48). Məhkəmə-narkoloji ekspertizasının 26 aprel 2021-ci il tarixli 1240 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən suiistifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Lakin, hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur (cild 1, iş vərəqə 166-168). Məhkəmə-tibbi ekspertizasının 13 mart 2021-ci il tarixli, 191 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədənində müəyyən edilmiş xəsarətlər - üst və alt dodağın selikli qişasının sol yarısında qansızmalar küt əşyanın (əşyaların) təsirindən törənmişlər, 11 mart 2021-ci il tarixdə və şəraitdə, yəni kənar şəxs tərəfindən yetirilə bilərdi və sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduqları üçün dərəcələri təyin edilmir. Təqsirləndirilən şəxs bədənində müəyyən edilmiş xəsarətlərin sayına, xarakterinə və lokalizasiyasına görə həmin xəsarətlərin şəxsin özü-özünə yetirilməsinə, eləcə də öz boyu hündürlüyündən yıxılmasına xarakterik deyildir (cild 1, iş vərəqə 151-152). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin məlumatından və müvafiq hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhər Xətai Rayon Məhkəməsinin 31 avqust 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 02 il 05 ay 28 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuşdur (cild 1, iş vərəqə 134-148). Məhkəmə, ibtidai istintaq orqanının təqdim etdiyi sübutlar məcmusunun, habelə məhkəmə istintaqı zamanı tədqiq edilmiş əlavə sübutların tədqiqi nəticəsində ibtidai istintaq orqanının satış məqsədilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə edib saxlamaqla daşıma ittihamının əsaslandırılması üçün təqdim etdiyi sübutların təqsirləndirilən şəxsin təqsirliliyini sübuta yetirmədiyi qənaətinə gəlir. Məhkəmə qanunu rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməklə bu nəticəyə gəlir. Belə ki, məhkəmə ibtidai istintaq orqanının həmin ittihamı əsaslandırmaq üçün təqdim etdiyi hər bir sübut üzrə gəldiyi nəticəni ayrı-ayrılıqda şərh etməyi zəruri hesab edir. İbtidai istintaq orqanı ittihamı təsdiq edən digər sübut növləri kimi ittiham aktında təqsirləndirilən şəxslə Şahid1 və Şahid2 arasında keçirilmiş üzləşdirmə protokollarına istinad etmişdir. Halbuki, həmin üzləşdirmə istintaq hərəkətləri heç bir halda qanunsuz olaraq külli miqdarda narkotik vasitənin satış məqsədilə əldə edilib saxlamaqla daşıma ittihamının təsdiqinə yönəlməmişdir. Həmin üzləşdirmələri zəruri edən halların mahiyyəti və xarakteri, habelə bu istintaq hərəkətləri zamanı təqsirləndirilən şəxsin israrla bir daha narkotik vasitənin onun üzərinə qoyulmasını bildirməsi də nəzərə alınmaqla, məhkəmədə müəyyən edilmiş faktiki halların mövcudluğu şəraitində qeyd olunan üzləşdirmələrin təqsirləndirilən şəxsə elan edilmiş ittihamı təsdiq edən sübutlar kimi qiymətləndirilməsi mümkün deyildir. Əməliyyat qrupuna rəhbərlik etmiş polis əməkdaşı – Şahid1 məhkəmədə verdiyi və yuxarıda şərh olunan ifadəsində birbaşa olaraq videoçəkilişdə aşkar olunmuş bükülünü təhqiqatçıya şəxsi axtarış və götürmə aparılmasından əvvəl özünün aparıb təqdim etdiyini göstərmiş, bununla da təqsirləndirilən şəxsin həmin məqamlarla bağlı ifadəsini təsdiq etmişdir. Bu hal isə məhz şəxsi axtarış və götürmə zamanı aşkarlanması əsası ilə irəli sürülmüş satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə edib üzərində saxlamaqla daşıma ittihamı üzrə şahidin ifadəsini sübut kimi qəbul edilməsini yolverilməz edir. Digər tərəfdən, məhkəmə Şahid1 ifadəsi ilə bağlı digər ziddiyyətli məqamları vurğulamağı zəruri hesab edir. Belə ki, Şahid1 məhkəmədə verdiyi ifadəsində ibtidai istintaq orqanının ittiham aktında faktiki olaraq sübut kimi istinad etdiyi 11 mart 2021-ci il tarixli əməliyyat-axtarış tədbirlərinin keçirilməsi ilə bağlı sənədləşmələrin tam ziddinə olaraq, Təqsirləndirilən şəxsla bağlı əməliyyat məlumatının həmin tarixdə deyil, bundan 3 gün əvvəldən - 08 mart 2021-ci il tarixdə daxil olduğunu, həmin vaxtdan bu məlumatla bağlı onun təşəbbüsü ilə əməliyyat-qeydiyyat işi açıldığını, həmin şəxs barəsində elə həmin gündən əməliyyat tədbirləri keçirilməsinə başlanıldığını, konkret olaraq dərhal bu şəxsi müəyyən edib həmin gündən izləməyə başladığını, bir neçə gün ərzində onu izlədiyini, müşahidə apardığını, Təqsirləndirilən şəxs o cümlədən 11 mart 2021-ci il tarixdə də səhər saat 09:00-dan, ola bilsin ki hətta saat doqquza qalmışdan etibarən izləməyə başladığını bildirmişdir. Göründüyü kimi, belə vəziyyət Təqsirləndirilən şəxsla bağlı tərtib olunmuş 11 mart 2021-ci il tarixli əməliyyat-axtarış tədbirlərinin keçirilməsi ilə bağlı sənədləşmələrin mötəbərliliyini bütövlükdə ciddi şübhə altına alır. Məhkəmə araşdırmasının gedişində bu məqamlarla bağlı aydınlaşdırma aparılması üçün müvafiq sorğu ilə Bakı şəhəri Xətai rayon Polis İdarəsinə sorğu göndərilmiş və qeyd olunan idarə tərəfindən verilmiş 06 avqust 2021-ci il tarixli 101-24516-1221 saylı cavab məktubunda Təqsirləndirilən şəxsla bağlı Xətai rayon Polis İdarəsində heç bir əməliyyatqeydiyyat işinin qeydə alınmadığı bildirilmişdir. Digər tərəfdən, qeyd olunan ifadənin izləmə ilə bağlı hissələri üzrə yaranmış daha ciddi bir ziddiyyət isə həmin əməliyyat tədbirini keçirən şəxslərin Təqsirləndirilən şəxs saxlanmazdan az əvvəl Xətai rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsinin sahə müvəkkili Şahid3 iş yerinə daxil olmasından məlumatsız olduqlarını bildirmələridir. Hətta Şahid1 ifadəsinin obyektiv reallığı əks etdirməsi ilə bağlı mülahizənin qəbul edilə biləcəyi halda belə, səhər saatlarında izlənilməyə başlanmış, əslində həmin gün heç bir mürəkkəb hərəkət trayektoriyası olmadan evdən çıxıb sahə müvəkkilinin çağırışına əsasən onun iş yerinə getmiş bu şəxsin məhz polis orqanına getməsinin müəyyənləşdirilə bilinməməsi təzadlı vəziyyət yaradır. Digər tərəfdən, əməliyyat-axtarış tədbirinin keçirilməsində iştirak etmiş qrupun üzvü Şahid2 isə həmkarı Şahid1 bildirdiklərini təkzib edərək, əməliyyat məlumatı ilə əlaqədar Təqsirləndirilən şəxs müəyyən edilməsi üçün 11 mart 2021-ci il tarixdə yalnız saat təxminən 12 radələrində xidməti iş yerlərindən çıxıb getdiklərini qeyd etmişdir. Şahid – əməliyyat qrupunun rəhbəri olmuş Şahid1 baş vermiş hadisə ilə bağlı diqqətçəkən bir izahatı da Təqsirləndirilən şəxs saxlanarkən fiziki güc tətbiq edilməsi nəticəsində xəsarət alması ilə Bakı şəhəri Xətai rayon prokurorluğunun apardığı araşdırmanın nəticəsi üzrə qəbul etdiyi cinayət işinin başlanmasının rədd edilməsi haqqında 21 may 2021-ci il tarixli qərarında əks olunmuşdur. Həmin qərarda şərh olunmuş izahatında Şahid1 göstərmişdir ki, «…2021-ci ilin mart ayında göstəriş verilmişdir ki, narkotik vasitələrin dövriyyəsi ilə əlaqədar Təqsirləndirilən şəxs saxlanılmalıdır və bu barədə onlara xidməti tapşırıq verilmişdir. Təqsirləndirilən şəxsı yaşadığı ərazi tərəfdə yolda saxlamışlar. Onlar Rişadı saxlamaq istəyən zaman Rişad ilkin olaraq tabesizlik göstərməyə çalışmışdır. Lakin onlar bir qədər fiziki güc tətbiq etməklə Rişadı saxlayıb Xətai RPİ-nin 37-ci PŞ-yə gətirmişdir. Orada Rişadın saxlanması rəsmiləşdirilmişdir. Daha sonra Rişadı Xətai RPİ-yə təhvil vermişdirlər. Təhvil verdikdən sonra Rişadın barəsində cinayət işi başlanılmışdır. Lakin həmin gündən bu günə qədər Rişadın narazılıq etdiyini bildirmişdir… Şöbədə və ya idarədə Rişadı döyən, söyən və vuran olmayıb. Rişadla şəxsən özünün məşğul olduğunu…bildirmişdir» (cild 1, iş vərəqə 169-171). Aşkar göründüyü kimi bu izahatda baş vermiş hadisənin təsviri tam fərqli xarakter daşıyır. O cümlədən, cinayət işinin materiallarına və Şahid1 özünün ifadəsinə görə dəqiq anket məlumatları, soyadı və ata adı bilinməyən «Rişad» adlı şəxs barəsində qabaqcadan əməliyyat məlumatı daxil olması, belə məlumat daxil olduqdan sonra rəhbərliyə rəsmi raportla müraciət edilib məlumatlandırmaqla əməliyyat-axtarış tədbirlərinin keçirilməsi ilə əlaqədar sənədləşmələrin aparılması və sair məqamlarla bağlı məhkəmədə verdiyi ifadəsi Təqsirləndirilən şəxs saxlanmasından nisbətən qısa zaman sonra prokurorluq orqanında verdiyi izahatla tam ziddiyyətlidir. Məhkəmə, polis əməkdaşlarının şərh olunan ifadələrindəki onların sübut kimi qəbul edilməsini mümkünsüz edən məqamları vurğulamaqla yanaşı, eyni əsaslarla sübut kimi qəbul etmədiyi 11 mart 2021-ci il tarixli əməliyyat-axtarış tədbirlərinin keçirilməsi ilə bağlı sənədləşmələrin bilavasitə özlərindəki ciddi nöqsanları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikasının “Əməliyyat-axtarış fəaliyyəti” haqqında Qanununun 12ci maddəsinin İ hissəsinə əsasən əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə qərar Azərbaycan Respublikasının qanunvericiliyinin əsasında belə səlahiyyətə malik olan şəxs tərəfindən verilə bilər. Həm də bu qərarda digər xüsusatlarla yanaşı haqqında tədbir keçirilməsi təklif edilən şəxsin soyadı, adı, atasının adı, müdaxilə xarakterli üsul və vasitələrin tətbiq olunması haqqında tələbi əsaslandıran faktlar, adi təhqiqat üsulu vasitəsi ilə zəruri məlumatın alınmasının qeyri-mümkünlüyünün əsaslandırılması öz əksini tapmalıdır. Cinayət işinin materiallarında olan müvafiq sənədlər bu tələblərə cavab verməməklə yanaşı həm də baş əməliyyat müvəkkili Şahid1 idarə rəisinə ünvanladığı «Rişad» adlı şəxsin mütəmadi olaraq narkotik maddələrin əldə edilməsi, saxlanması və qəbulu ilə məşğul olması barədə» əməliyyat məlumatını nəzərə alaraq əməliyyat tədbirinin keçirilməsinə icazə verilməsinin xahiş edilməsinə dair raportunda ümumiyyətlə heç bir tarix göstərilməmişdir. Bununla bərabər, həmin raport hər hansı şəkildə qeydiyyata alınmamış, hətta üzərində onun heç olmazsa bu və ya digər şəkildə rəsmiləşdirilməsinə dəlalət edə biləcək hər hansı dərkənar belə mövcud deyildir. «Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında» qərar isə 11 mart 2021-ci il tarixlidir və bu tarix mübahisə doğurmur. Amma həmin qərar əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə icazə verməli olan rəhbər şəxs tərəfindən bundan bir gün sonra - 12 mart 2021-ci il tarixi ilə imzalanmışdır. Həmin qərarın surətinin Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 445.2-ci maddəsinə əsasən prokurora və məhkəməyə göndərilməsi barədə məktublar isə 11 mart 2021-ci il tarixlidir (cild 1, iş vərəqə 4-10). Məhkəmə, təqsirləndirilən şəxsin onun saxlanmasında ümumiyyətlə iştirak etmədiyini, yalnız çəkiliş vaxtı təhqiqatçının otağında gördüyü Şahid2 ifadəsini də yuxarıda şərh olunan əsaslara görə ittihamın təsdiq edə biləcək yetərli sübut kimi qəbul etmir. Məhkəmə-kimyəvi ekspertizasının 12 mart 2021-ci il tarixli 6/1018 saylı rəyi isə Təqsirləndirilən şəxs aşkar edilməsi sübuta yetirilməyən heroinlə bağlıdır. Rəyin özü bilavasitə hər hansı əlavə suallar yaratmır, ekspertə təqdim olunmuş maddə ilə bağlı əsaslandırılmış tədqiqatla bağlı gəlinmiş nəticə mövcuddur. Bununla belə, narkotik vasitənin növü və çəkisi ilə bağlı gəlinmiş nəticə buna qədər bütün şübhəli məqamların təqsirləndirilən şəxsin xeyrinə həll olunduğu vəziyyətdə Təqsirləndirilən şəxs cinayət törətməsini sübuta yetirən dəlil kimi qiymətləndirilə bilməz (cild 1, iş vərəqə 44-48). Ambulator məcburi narkoloji yoxlamanın 26 aprel 2021-ci il tarixli 1240 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Lakin, hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur (cild 1, iş vərəqə 166-168). Mövcud sübutların məcmusu da nəzərə alınmaqla ittiham aktında sübut kimi istinad olunan bu rəy heç bir halda Təqsirləndirilən şəxs satış məqsədilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə edib saxlamaqla daşıma və satma əməllərini törətməsini təsdiq etmir. Şəxsi axtarış və götürmə aparılması barədə 11 mart 2021-ci il tarixli protokoldan və Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinin görüntüsü olan 01 ədəd DVD formatlı diskə baxış keçirilməsi barədə 13 mart 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçəsinin sağ yan cibindən bir ədəd şəffaf rəngli sellofana bükülmüş vəziyyətdə bükümü çıxarıb təqdim edərək həmin bükümün ona məxsus olmadığını, polis əməkdaşı tərəfindən onun cibinə qoyulduğunu bildirmişdir (cild 1, iş vərəqə 34-35, 109-110). İttiham aktında sübut kimi istinad olunan şəxsi axtarış və götürmə aparılması barədə 11 mart 2021-ci il tarixli protokolla və ona əlavə olunmuş DVD disklə bağlı məhkəmə qeyd edir ki, əməliyyat qrupunun rəhbəri olmuş Şahid1 məhkəmədə verdiyi ifadəsində içərisində heroin olan bükülünü şəxsi axtarış və götürmə aparılmasının rəsmiləşdirilməsi üçün təhqiqatçıya şəxsən özünün aparıb verdiyini bildirmişdir. Təqsirləndirilən şəxs bu məqamla bağlı verdiyi ifadənin, polis əməkdaşı Şahid1 Təqsirləndirilən şəxs ifadəsinin həmin hissəsi ilə tam üst-üstə düşən məzmunda ifadəsinin mövcudluğu, habelə işin digər çoxsaylı faktiki hallarının mövcudluğu şəraitində artıq şəxsi axtarış və götürmə aparılması barədə protokolun sübut kimi qəbul edilməsi mümkünsüzdür. Digər mühüm məqam isə ondan ibarətdir ki, faktiki olaraq yazılı protokolda əks olunmuş çoxsaylı məqamlar, o cümlədən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 19, 20, 26, 90, 96-97, 222-ci maddələrinin izahı videoçəkilişdə yoxdur. Bu isə həmin maddələrin tələblərinin ümumiyyətlə izah edilmədiyi anlamına gəlir. Videoçəkiliş zamanı Təqsirləndirilən şəxs özünü təqdim etməyən şəxslər tərəfindən saxlanıb maşına mindirildikdə sağ tərəfdəki şəxsin əlini cibinə salmaq istədiyini, ona görə də cibini sıxdığını, şöbəyə gəldikdən sonra həmin şəxsin əlini yenə onun cibinə salaraq cibinə bükülünü atdığını bildirir, sonradan bunu israrla təkrar edir və bükülünün də içərisində nə olduğunu bilmədiyini deyir, protokolda yazıldığı kimi «polis əməkdaşları tərəfindən» deyil, bir nəfər əməkdaş tərəfindən qoyulduğunu dəqiqləşdirir. Şəxsi axtarışın rəsmiləşdirilməsi prosesində Təqsirləndirilən şəxs yenidən təhqiqatçıya müraciət edərək onun cibinə həmin bükülünün polis əməkdaşı tərəfindən qoyulduğunu, həmin bükülünü cibinə qoyulmasına etiraz etdikdə isə həmin şəxsin dodağını vurub partlatdığını deməsi və digər məqamların heç biri tərtib edilmiş protokolun məzmununda əks etdirilməmişdir. Göründüyü kimi, bu halda Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələbləri, konkret olaraq şəxsi axtarış və götürmə prosessual hərəkətinin icraatı qaydası kobud şəkildə pozulmuş, həmin an üçün prosesin baş tutmasından ötrü bükümün yenidən cibə qoyulması halı üzrə şübhəli şəxs statusunda olan şəxsin həm də aldadılması elementləri mövcud olmuşdur. Sadalananlar isə Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 125.2.1, 125.2.2, 125.2.7-ci maddələrində nəzərdə tutulmuş hallardır və bu vəziyyət şəxsi axtarış və götürmə aparılması barədə protokolun sübut kimi qəbul edilməsini həmin Məcəllənin 125.2.-ci maddəsinin tələbinə əsasən birbaşa yolverilməz edir. Cinayət-Prosessual Məcəllənin 125.3-cü maddəsinə əsasən isə həmin Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş hallarda alınmış məlumatlar, sənədlər və əşyalar hüquqi qüvvəsi olmayan hesab edilir və onlar ittihamın düzgün həlli üçün hər hansı halın sübut olunmasında istifadə edilə bilməz. Ona görə də məhkəmə faktiki olaraq ibtidai istintaq orqanının həmin şəxsi axtarış və götürmə aparılması barədə protokola istinad edilməklə təqdim etdiyi digər bütün sübutları, o cümlədən əməliyyat qrupunun üzvü olmuş polis əməkdaşı Şahid2 ifadəsinin həm şəxsin saxlanılması, həm də onun üzərinə şəxsi axtarış keçirilməsi ilə bağlı hissəsini şübhə altına alır. Məhkəmə həmin sübutları mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirərkən bu halları nəzərə alır. Şəxsi axtarış və götürmə aparılması barədə protokol üzrə məhkəmənin gəldiyi həmin qənaətdən sonra ibtidai istintaq orqanın sübut kimi istinad etdiyi Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinin görüntüsü olan 01 ədəd DVD formatlı diskə baxış keçirilməsi barədə 13 mart 2021-ci il tarixli protokolu da məhkəmə ittihamı təsdiq edən sübut kimi qəbul edilməsi imkanını istisna edir. Məhkəmə, 21 ildən artıq müddətdə polis orqanlarında xidmət edən bir şəxs kimi özünün təcrübəsinə əsaslanan şəxsi qənaətinə əsasən polisə dəvət edilən şəxsin oraya üstündə narkotik vasitə ilə gəlməsini inandırıcı və ağlabatan hesab etməyən şahid – sahə müvəkkili Şahid3 bu qənaətini səmimi və ağlabatan hesab etməklə bərabər, şəxsi axtarış və götürmə prosessual hərəkətini aparmış, məhkəmədə şahid qismində dindirilmiş Xətai rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsinin təhqiqatçısı X1 ifadəsinə tənqidi yanaşır və onun ifadəsini qiymətləndirərkən diqqətçəkən bəzi xüsusatları vurğulamağı zəruri hesab edir. Belə ki, X8 məhkəmədə verdiyi ifadəsində əsasən videoçəkiliş zamanı Təqsirləndirilən şəxs cibindən bükülünü çıxardıb təqdim etməsi məqamını vurğulamış, bununla bərabər həmin bükülünü şəxsi axtarışdan, videoçəkilişdən əvvəl əməliyyat müvəkkili tərəfindən ona təqdim olunması ilə bağlı xüsusatlara birmənalı cavab verməmiş, belə halı inkar etmiş, həm də aradan xeyli vaxt keçdiyinə görə digər detalları xatırlamadığını bildirmişdir. Ona görə də bu şahidin ifadəsi ilə bağlı həqiqətə söykənən, əsaslı və inandırıcı, bütövlükdə ədalətli mövqenin formalaşdırılması üçün məhkəmə şəxsi axtarış və götürmə aparılması barədə 11 mart 2021-ci il tarixli protokola əlavə olunmuş DVD diskdəki videogörüntülərə diqqət yetirir. Ümumiyyətlə, yazılı protokolun məzmununda əks edilmiş məqamların xeyli hissəsi çəkilişdə mövcud deyildir. Videoçəkilişdə olan faktiki təsvirlərin isə əhəmiyyətli hissəsi yazılı protokolda əks olunmamışdır. Məhkəmə bu halları ümumilikdə diqqətdə saxlamaqla bərabər, çəkilişdəki bəzi anları xüsusilə qeyd etməyi vacib sayır. Belə ki, şəxsi axtarışın rəsmiləşdirilməsi zamanı prosesin əvvəlində şübhəli şəxs bükülünü onun cibinə polis əməkdaşının qoyduğunu bildirir. Prosesin gedişində artıq masanın üzərinə qoyulmuş bükülü ilə bağlı Təqsirləndirilən şəxs yenidən israrla təhqiqatçıya müraciət edərək onun cibinə həmin bükülünün polis əməkdaşı tərəfindən qoyulduğunu, həmin bükülünü cibinə qoyan şəxsə bunu bildirdikdə polis əməkdaşı kimi bildiyi həmin şəxsin ona əl-qol atdığını və dodağını vurub partlatdığını deyir, həm də üzündəki tibbi maskanı aşağı çəkərək əlindəki qanı və əzilmiş dodağını birbaşa kameraya nümayiş etdirib göstərir. Bu məqamların heç birini tərtib etdiyi protokolun məzmununda əks etdirməyən təhqiqatçı həmin anda şübhəli şəxsin bildirdiyi bu ciddi məqamlara tam laqeydlik nümayiş etdirir və saxlanan şəxs diqqətçəkən bu vacib halları danışarkən və göstərərkən o, bunlara heç bir əhəmiyyət vermədən bükülünü zərfə qablaşdırmaqla məşğul olur. Bükülünün qablaşdırıldığı zərfin üzərini müdafiəçiyə imzalamaq üçün təklif edərkən, müdafiəçi şəxsin bu bükülünü onun üzərinə qoyulduğunu bildirdiyini xatırladır və bununla da baş verənlərə faktiki şübhələrini və narazılığını ifadə edir. Müdafiəçinin həmin mövqeyinə cavab olaraq təhqiqatçı “qablaşdırmanı mən aparıram, mənim başqa işlə işim yoxdur” deyə bildirir. Nəhayət, bükülünün qablaşdırıldığı zərfin üstü müdafiəçi və iki əməliyyat müvəkkili tərəfindən imzalandıqdan sonra təhqiqatçı onun imzalanmasını şübhəli şəxs Təqsirləndirilən şəxs təklif edir. Təqsirləndirilən şəxs faktiki etiraz edir və təhqiqatçıya müraciət edərək onu imzalamasının əslində bükülünün ona məxsus olmasının etirafı kimi başa düşülə bilinəcəyini deyir. Təhqiqatçı israrla “mən demirəm bu sizindi, kimindi, mən Sizə bunu məcbur da eləmirəm, bunu mənim səlahiyyətim də...sadəcə olaraq bunu Sizin üzərinizdə olduğunu...Sizin üzərinizə atılıbdı, qalıbdı, yerdən götürülübdü, bu mənim sahəm deyil, fakt olaraq Sizin üzərinizdən götürüb mən bunu Sizin yanınızda qablaşdırdım, mən qoydum bura, bu qablaşmanı mənim və Sizin icazəniz, xahişiniz, razılıq olmadan bunu heç kim aça bilməz, bunu ekspertiza müəyyən edə bilər...zəhmət olmasa burada qol çəkin, qalanını mən sizə məcbur eləmirəm, hüququnuzdur, o sizin öz hüquqlarınızdır...” deyə bildirir. Qeyd olunan məqamda əməliyyat müvəkkili Şahid1 da müdaxilə edərək şübhəli şəxsin zərfi imzalamasına razılaşması istiqamətində mövqe nümayiş etdirir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 86-cı maddəsinə əsasən cinayətin açılması, işin hərtərəfli, tam və obyektiv araşdırılması üçün zəruri tədbirlər görmək, səlahiyyəti daxilində bütün istintaq və ya digər prosessual hərəkətləri həyata keçirmək vəzifəsi daşıyan, səlahiyyətləri daxilində istintaq və ya digər prosessual hərəkətləri qanuni və vaxtında aparmağa borclu olan, cinayət prosesində iştirak edən şəxslərin vəsatətlərinə, müraciətlərinə, şikayətlərinə baxmalı olan təhqiqatçının qeyd olunan şəxsi axtarış və götürmə zamanı saxlanan şəxsin müraciətinə “sizin üzərinizə atılıbdı, qalıbdı, yerdən götürülübdü, bu mənim sahəm deyil”, müdafiəçiyə “qablaşdırmanı mən aparıram, mənim başqa işlə işim yoxdur” ifadələri ilə cavab verməsi və digər diqqət çəkən məqamlar həm təhqiqatçının ifadəsi, həm şəxsi axtarış və götürmə protokolu, habelə ittiham tərəfinin digər sübutları ilə bağlı məhkəmənin qənaətə gələrkən nəzərdən qaçırmadığı detallardır. Bu hissədə məhkəmə həm də onu diqqətə alır ki, şəxsi axtarış və götürmə protokolunda, habelə şərh olunan videoçəkilişdə təhqiqatçının dilindən səsləndirilən bükülünün “yerdən götürülməsi” ilə bağlı fikir həmin ana qədər rəsmi olaraq hər hansı şəkildə səsləndirilməmiş, qeydə alınmamışdır. Polis Şöbəsində cibinə qoyulmuş bükülünü çıxardıb yerə atması ilə bağlı ifadə yalnız məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs tərəfindən səsləndirilmişdir. Videoçəkilişdə qeydə alınmış həmin məqam isə hadisənin faktiki baş vermə mənzərəsi ilə bağlı təqsirləndirilən şəxsin məhkəmə istintaqında verdiyi ifadələrin müvafiq hissədə təsdiqinə yönəlmiş hal kimi qiymətləndirilmə imkanını yaratmaqla bərabər, təqsirləndirilən şəxsə qarşı təqdim olunan aidiyyəti sübutları bir daha şübhə altına alır. İbtidai istintaq orqanı tərəfindən müvafiq qaydada Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsinə daxil olan və çıxan zənglərin siyahıları, SMS mətnlərinin açıqlamaları və digər məlumatları "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən götürülmüş, həmin məlumatlara baxış keçirilmiş və bununla bağlı tərtib olunmuş 05 may 2021-ci il tarixli protokolda əldə edilmiş məlumatlarda sübut əhəmiyyəti kəsb edən hal aşkar edilmədiyi qeyd edilmişdir. Həmin açıqlamalar məhkəmədə tədqiq edilərkən müəyyən olunmuşdur ki, bu məlumatlar 11 mart 2021-ci il tarixədək olan dövrü əhatə edir, yəni Təqsirləndirilən şəxs saxlandığı gün üçün qeyd olunan məlumatlar əldə olunmamışdır. Ona görə də iş üzrə mühüm əhəmiyyət kəsb etdiyindən və baş vermiş hadisənin hərtərəfli, tam, obyektiv araşdırılmasından ötrü sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan verilməsində əhəmiyyət kəsb etdiyindən məhkəmə tərəfindən müvafiq qərarla Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsinə 11 mart 2021-ci il tarixdə daxil olan və çıxan zənglərin siyahıları, SMS mətnlərinin açıqlamaları, həmin nömrədən daxil olan və çıxan zənglərin abunəçilərinin tam anket məlumatları və hansı antenalar tərəfindən qeydiyyata alınması barədə məlumatlar "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən əldə edilmişdir. Məhkəmə istintaqı zamanı əldə edilmiş həmin məlumatlar tədqiq edilərkən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsi ilə sahə müvəkkili Şahid3 istifadəsindəki ***-***-**-** saylı mobil nömrə arasında 11 mart 2021-ci il tarixdə saat 11:43 dəqiqədə 110 saniyə, saat 12:10 dəqiqədə 11 saniyə, saat 12:37 dəqiqədə 19 saniyə, saat 13:18 dəqiqədə 43 saniyə davam edən danışıqlar qeydə alınmışdır. Bu fakt isə Şahid3 və təqsirləndirilən şəxsin sonuncunun sahə müvəkkilinin iş yerinə dəvət edilməsi ilə bağlı görüşədək olan telefon danışıqları və görüş vaxt ilə bağlı ifadələrində göstərdikləri xüsusatları, həmin xüsusatların obyektiv həqiqəti əks etdirdiyini təsdiqləyir. Artıq saat 13:39 dəqiqədən sonra isə Təqsirləndirilən şəxs istifadəsində olmuş ***- ***-**-** saylı mobil telefon nömrəsi yalnız bir dairədə - “Bakı şəhəri, Xətai rayonu, Yusif Səfərov küçəsi, ev 1A/Khatai” anten dairəsində, yəni Xətai rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsinin də yerləşdiyi yeri əhatə edən ərazidə qeydə alınmış, telefon saat 13:41 dəqiqəyədək aktiv olmuş, 15 dəfə eyni anten dairəsində aktivləşmiş, bundan sonra söndürülmüşdür. Texniki rabitə kanallardan əldə olunmuş bu təkzibedilməz məlumatlar təqsirləndirilən şəxsin sahə müvəkkilinin yanında təxminən 5-10 dəqiqə olması, onun yanından çıxdıqdan sonra təxminən 150 metr aralandıqdan, vaxt etibarilə isə 8-10 dəqiqədən sonra saxlanmasını birbaşa təsdiq edir. Bu dəqiq məlumatlar isə irəli sürülmüş ittihamda göstərildiyi kimi Təqsirləndirilən şəxs 11 mart 2021-ci il tarixdə saat 15:40 radələrində deyil, bundan bir qədər əvvəl – saat təxminən 13:40 dəqiqədə saxlandığını təsdiq edir. Beləliklə, məhkəmə, məhkəmə istintaqı zamanı tədqiq edilmiş bütün sübutların məcmusu əsasında yekun qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsi sübuta yetirilmir. İbtidai istintaq orqanının Təqsirləndirilən şəxs həmin maddə ilə ittiham elan edərkən sübut kimi istinad etdiyi hallar məhkəmədə tam, hərtərəfli və obyektiv yoxlanıldıqdan sonra cinayət əməlinin sübuta yetirilməsinin israr edilməsi imkanı istisna olunur. Məhkəmə, mövcud sübutların məcmusu üzrə satış məqsədilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə edib saxlamaqla daşıma cinayəti ilə bağlı təqsirliliyin sübuta yetirilməməsi ilə bağlı gəldiyi nəticənin qanuni və əsaslı olmasını vurğulayarkən, ibtidai istintaq orqanının ittiham aktında təqsirləndirilən şəxsin ona istinad edilən həmin əməli törətməsinin təsdiqi kimi istinad etdiyi yuxarıda sadalanan sübutları bütövlükdə şəxsin həmin cinayət əməlini törətməsini təsdiq edə biləcək yetərli dəlillər hesab etmir. Qeyd etmək lazımdır ki, bütövlükdə ittiham faktiki olaraq yalnız şəxsi axtarış və götürmə aparılması haqqında protokola, polis əməkdaşlarının ifadələrinə əsaslanmışdır. Həmin protokol və ifadələr isə məhkəmə istintaqı zamanı tədqiq olunmuş digər sübutların məcmusu ilə şəxsin təqsirli bilinməsinə imkan verə biləcək yetərli mötəbər sübut kimi qiymətləndirilməsi imkanı xaricindədir. Beləliklə, məhkəmə bütün yuxarıda qeyd olunanları nəzərə alaraq, ibtidai istintaq orqanının təqdim etdiyi sübutları məhkəmədə araşdırıb bu qənaətə gəlir ki, Təqsirləndirilən şəxs ona istinad edilən satış məqsədilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə edib saxlamaqla daşıma cinayətini törətməkdə təqsirliliyi sübuta yetirilmir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 8.0.5-ci maddəsinə əsasən cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək cinayət mühakimə icraatının vəzifələrindən biri kimi müəyyən edilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmçinin Cinayət-Prosessual Məcəlləsinin 33.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125-ci, 144-cü, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Kondraşinanın Rusiya Federasiyasına qarşı işində Avropa İnsan Hüquqları Məhkəməsi qeyd etmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə riayət etməlidirlər. Hüququn aliliyinin əsas aspektlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o mübahisə edilməsin. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında qeyd edir ki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Məhkəmə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin sübutların yoxlanılması və qiymətləndirilməsindən bəhs edən müddəalarının tələbləri baxımından da gəldiyi nəticələri əsaslı hesab edir. Belə ki, cinayət-prosessual qanunvericiliyə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməlidir (maddə 145.3). Hakim sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir (maddə 145.2). Bundan əlavə məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır (maddə 351.2). Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 42.2.4-cü maddəsinə əsasən həmin Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə bəraət hökmü çıxarılır. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri tədqiq edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, şəxsin təqsirliliyi sübuta yetirilmədikdə - şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə əsası ilə Təqsirləndirilən şəxs satış məqsədilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə edib saxlamaqla daşıma ittihamı üzrə bəraət verilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs bəraət verilməli olması ilə bağlı nəticəyə gələrkən yuxarıda sadalanan sübutlarla yanaşı aşağıdakılara da istinad edir: Belə ki, “Layıcov Azərbaycana qarşı” olan iş üzrə Avropa Məhkəməsinin qərarında qeyd edilmişdir ki, məhkəmə sübutları qiymətləndirən zaman “əsaslı şübhələr yaratmayan” sübut standartını əsas kimi götürür. Belə sübut kifayət qədər güclü, aydın və ziddiyyət təşkil etməyən mülahizələrdən və ya faktların eyni dərəcədə təkzib olunmayan ehtimallarından irəli gələ bilər. Həmin qərarda həmçinin qeyd olunmuşdur ki, prinsip etibarı ilə konkret sübut növlərinin, misal üçün ölkə qanunvericiliyinə görə qanunsuz yolla əldə edilmiş sübutun mümkünlüyünü və ya təbii olaraq ərizəçinin təqsirli olub-olmadığını müəyyənləşdirmək məhkəmənin vəzifəsi deyil. Burada cavab verilməli olan sual bütünlükdə prosesin, o cümlədən sübutların əldə edilmə yollarının qanuni olub-olmadığıdır. Prosesin bütünlükdə ədalətli olub-olmadığını müəyyən edən zaman eyni zamanda müdafiə tərəfinin hüquqlarının təmin olunub-olunmadığına fikir verilməlidir. Xüsusilə, ərizəçinin sübutun mötəbərliliyinə etiraz etməsi və onu təkzib etməsi üçün imkan yaradılmalıdır. Bundan əlavə, sübutun keyfiyyəti, o cümlədən onun əldə edilməsi şəraitinin sübutun mötəbərliyi və ya düzgünlüyünün şübhə altına alınıb-alınmadığı nəzərə alınmalıdır. Sübutun mötəbərliyi mübahisə olunduqda sübutun mümkünlüyünün araşdırılması üçün ədalətli prosedurların olması daha da çox əhəmiyyət kəsb etmiş olur. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 21-ci maddəsində təsbit olunmuş təqsirsizlik prezumpsiyası prinsipinə əsasən, cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. Məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxsin təqsirsiz sayılmaq hüququ Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətarası müqavilələrdə və onların tətbiqi təcrübəsində də öz əksini tapmışdır. “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin 2-ci bəndinə əsasən cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 21.2-ci maddəsinin tələblərinə görə, şəxsin təqsirli olmasına əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 42.1-ci və 42.1.4-cü maddələrinin tələblərinə görə, təqsirliliyi sübuta yetirilmədikdə məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 350.2-ci maddəsinə əsasən, həmin məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası tam, hərtərəfli və obyektiv olaraq tədqiq olunan sübutlar toplusuna məcmu halında qiymət verərək və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 42.1.4-cü və 42.2.4-cü maddələrinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs satış məqsədilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə edib saxlamaqla daşıması, yəni Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayətin törədilməsində təqsiri müəyyən edilmədiyindən Təqsirləndirilən şəxs bəraət verilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.3.4-cü maddəsinin tələblərinə əsasən məhkəmənin bəraət hökmündə bəraət almış şəxsə cinayət təqibi orqanlarının qanunsuz hərəkətləri nəticəsində vurulmuş ziyanın, məhkəmə xərclərinin ödənilməsi məsələsi və mülki iddia üzrə qərarın motivləri göstərilməlidir. Təqsirləndirilən şəxs cinayət təqibi orqanlarının qanunsuz hərəkətləri nəticəsində ona ziyan vurulması ilə bağlı məhkəməyə müraciət etməmişdir. Bəraət alması ilə əlaqədar ona cinayət təqibi orqanlarının qeyd olunan epizod üzrə qanunsuz hərəkətləri nəticəsində vurulmuş ziyanın, məhkəmə xərclərinin ödənilməsi tələbi ilə müraciət hüququnun olması izah olunmalıdır. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs bəraət verilməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, Bakı şəhəri Xətai rayon Polis İdarəsində saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 6,174 qram təşkil edən heroinlə bağlı qərarın müəyyən edilməmiş qalan cinayət törətmiş şəxsin cinayət təqibi məsələsinin həll ediləcəyi cinayət işi üzrə qəbul edilməli olması nəzərə alınmalıdır. Şəxsi axtarış keçirilməsi görüntüsünü əks etdirən 01 ədəd CD disk də həmin cinayət faktı üzrə cinayət təqibi məsələsi həll edilməli olması ilə bağlı işdə saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsidir. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs bəraət veriləcəyindən keçirilmiş məhkəmə-kimyəvi ekspertizası ilə bağlı 114 (bir yüz on dörd) manat (cild 1, iş vərəqə 45) məbləğində məhkəmə xərcinin aqibətinin müəyyən edilməmiş qalan cinayət törətmiş şəxsin cinayət təqibi məsələsinin həll ediləcəyi cinayət işi üzrə müəyyənləşdirilməli olması nəzərə alınmalıdır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 27.12.1996-cı il tarixli, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25.06.2003-cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30.03.2006-cı il tarixli qərarlarının izah və tövsiyələri baxımından da, əsaslı hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39, 42.1, 42.1.4, 346-347, 349-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirliliyi sübuta yetirilmədiyindən ona bəraət verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin və o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilsin. Bəraət alması ilə əlaqədar Təqsirləndirilən şəxs cinayət təqibi orqanlarının qanunsuz hərəkətləri nəticəsində vurulmuş ziyanın və məhkəmə xərclərinin ödənilməsi tələbi ilə müraciət hüququnun olması izah olunsun. İş üzrə maddi sübut - Bakı şəhəri Xətai rayon Polis İdarəsində saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 6,174 qram təşkil edən heroinlə bağlı qərarın müəyyən edilməmiş qalan cinayət törətmiş şəxsin cinayət təqibi məsələsinin həll ediləcəyi cinayət işi üzrə qəbul edilməli olması nəzərə alınsın. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilməsinin görüntüsünü əks etdirən 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Narkotik vasitə ilə bağlı keçirilmiş ekspertiza ilə əlaqədar 114 (bir yüz on dörd) manat məbləğində məhkəmə xərcinin aqibətinin müəyyən edilməmiş qalan cinayət törətmiş şəxsin cinayət təqibi məsələsinin həll ediləcəyi cinayət işi üzrə müəyyənləşdirilməli olması nəzərə alınsın. Cinayəti törətmiş şəxs müəyyən edilməmiş qaldığından, hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin müddəaları ilə nəzərdə tutulmuş qaydada müəyyən edilməmiş qalan cinayət törəmiş şəxsin cinayət təqibi məsələsinin həll edilməsi üçün baxılmış cinayət işi üzrə materiallar ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən, apelyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar