Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1301/2023 11.12.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Əsgərova-X2 (sədrlik edən), Sadıxov Rasim Əkrəm oğlu və Kərimov Novruz Ağakərim oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X3 və X1, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi – Azərbaycan Respublikasının Vəkillər Kollegiyası Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, 15 iyul 1997-ci ildə Lerik rayonu, Murya kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, Lerik rayonu, Murya kəndində qeydiyyatda olan, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Albalılıq yaşayış massivi, fərdi evdə yaşamış, barəsində Xəzər rayon məhkəməsinin 30 dekabr 2022-ci il tarixli qərarı ilə «həbs» qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs həyatı üçün təhlükəli olan və sağlamlığının uzun müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığına ağır zərər vurmuşdur. Belə ki, Təqsirləndirilən şəxs 30 dekabr 2022-ci il tarixdə, saat 2 radələrində Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Albalılıq küçəsində yerləşən «111 Restoran» adı ilə fəaliyyət göstərən kafedə Zərərçəkmiş şəxs ilə aralarında sonuncunun onunla kobud rəftar etməsi səbəbindən yaranmış mübahisə zamanı üzərində gəzdirdiyi bıçaqla qəsdən bir neçə dəfə Zərərçəkmiş şəxs vuraraq ona döş qəfəsinin, sol bazunun sıyrıqları ilə nəticələnən dərəcəsi təyin edilməyən sağlamlığa zərərvurmayan, döş qəfəsinin sağ yarısının arxa divarının daxilə nüfuz etməyən 2 ədəd deşilmiş-kəsilmiş yaraları ilə nəticələnən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül dərəcəli zərərvuran, daxili qanaxma ilə müşayiət olunan sol böyrəyin, enənçənbər bağırsağın zədələnməsi ilə nəticələnmiş bel nahiyəsinin sol yarısının qarın boşluğuna (daxilə) nüfuz edən 02 ədəd deşilmiş-kəsilmiş yaraları ilə nəticələnən həyat üçün təhlükəli olan sağlamlığa qəsdən ağır zərər vuran bədən xəsarəti yetirmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə üzrə təqsirli bilərək ifadəsində bildirmişdir ki, 29 dekabr 2022-ci il tarixdə yaşadığı qəsəbənin yol kənarında «111 restoran» adı ilə fəaliyyət göstərən kafeyə tanışı Muradın yanına getmişdir. Kafeyə daxil olan zaman görmüşdür ki, Murad masaların birində tək əyləşmişdir. O Muradın masasına əyləşmiş və iki bakal pivə içmişdir. Bundan bir neçə dəqiqə sonra adını bilmədiyi lakin üzdən tanıdığı tanışı ona yaxınlaşmış və onu öz masasına dəvət etmişdir. O, həmin şəxslə razılaşmış və onun əyləşdiyi masaya getmişdir. Həmin masada başqa bir şəxsdə var imiş. Bir qədər həmin masada əyləşmiş və həmin masaya tanımadığı iki-üç nəfər də gəlib əyləşmişdir. O, masanın baş tərəfində əyləşmişdir. Həmin masada əyləşən zaman yemək yemiş və masanın sağ tərəfində əyləşən sonradan adını bildiyi Elnur onunla pis rəftar etmişdir. Həmin vaxt artıq 30 dekabr 2022-ci il tarixə keçən gecə saat 02 radələri olarmış. Belə ki, Elnur ona demişdir ki, nəyə görə masada əyləşəndə onunla salamlaşmamışdır. Elnurun sərxoş olmasını nəzərə alıb oradan aralaşmaq istəyirmiş. O, masadan qalxıb kafenin çölə çıxış olan qapısına tərəf gedəndə kafedə qardaşı oğlu Ramalı Muradın yanında görmüşdür. Həmin vaxt onunla masada mübahisə edən Elnurun yanlarında olmasını görmüş və Elnur orada onlara qarşı ana bacı söyüşü söyüb tanışı Muradı sifət nahiyyəsinə yumruqla vurmuşdur. Həmin vaxt o, Elnurun bu hərəkətlərinə dözməyib üzərində gəzdirdiyi bıçaqla Elnurun bədəninin sol tərəfindən dörd dəfə zərbə vurmuşdur. O, Elnuru bıçaqla vurduqdan sonra etdiyindən peşman olub həmin yerə həkim çağıraraq onu xəstəxanaya yola salmışdır. Etdiyi əməldən səmimi olaraq peşmançılıq hissi keçirdiyini bildirmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli ilə bağlı etirafedici ifadələri, iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından zərərçəkmiş şəxsin, şahidin ifadələrini də iş üzrə sübut növü kimi qəbul edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş X7 ifadə verərək göstərmişdir ki, 2022-ci il 30 dekabr tarixində unutduğu telefonu götürmək üçün Buzovna ərazisində yerləşən “Restoran 111” kafesinə qayıtmışdır. Telefonunu götürmək üçün yaxınlaşdığı həmin stolda təqsirləndirilən şəxsin dediyinə görə o da olmuşdur. O, restorandan çölə çıxdıqda təqsirləndirilən şəxs onun yaxasından tutmuş, ətrafdan “o deyil” ifadəsini eşitmiş, bundan sonra təklənməyə başlamışdırlar. Üzərinə stol atılmış, üç-dörd nəfər arxadan təpik, yumruqla onu vurmağa başlamışdırlar. Təqsirləndirilən şəxsi hadisə zamanı görməmişdir. Orada kamera görüntüləri olmuş və polis əməkdaşları şəxsin kim olduğunun göründüyünü bildirmişdirlər. Əfqan, Ramal, Murad adlı şəxsləri tanımır və onlarla əlaqəsi olmamışdır . O, hadisə zamanı içkili olmamışdır. Özü Mənzil Kommunal Təsərrüfat Birliyində də işləyir, belə ki, içki içməyinə görə onu işdən çıxara bilərdilər. Ekspertizadan özü keçmiş, yanına heç bir polis əməkdaşı gəlməmiş, zərərçəkmiş onunla maraqlanmamışdır. Hadisə zamanı üç nəfər tutulsa da sonradan iki nəfərin azadlığa buraxılmışdır. Hadisəyə səbəb onun təqsirləndirilən şəxsə “bespantovı” sözünü işlətməsi olmuşdur ki, bu söz də rus dilindən tərcümədə düşüncəsiz mənasını verir. Guya ki, o gəlib Cehunun oturduğu yerə yaxınlaşıb onun həmin yerdən durmasını tələb etmişdir, amma belə bir hadisə baş verməmiş, o, stoldan telefonunu götürüb çölə çıxanda onun yaxasından tutmuşdurlar. O, özünü qorumaq üçün müqavimət göstərmiş, hadisə yerindən uzaqlaşdıqdan sonra isə üzərindən qan axdığını görmüş, daha sonra xəstəxanada 4 bıçaq zərbəsi aldığını bilmişdir. O, Cehunu vurmamış, söyməmiş və təhqir etməmişdir. Halhazırda sonuncuya qarşı şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 ifadə verərək göstərmişdir ki, o məhlədə olarkən Cehunun qardaşı oğlu ona mesaj yazaraq rayona gedəcəklərini, onlara kömək lazım olduğunu bildirmiş, o buna etiraz etməmişdir. Onlar yolun kənarına çıxdıqda maşın gec gəldiyinə görə yolun yaxınlığında olan kafedə çay içmək qərarına gəlmiş, onlar kafeyə daxil olduqdan 5-10 dəqiqə sonra kafeyə 5-6 nəfər daxil olmuşdur. Həmin şəxslər Cehunun yanına yəni, onların stoluna yaxınlaşmış, 5-10 dəqiqə söhbət etdikdən sonra aralarında mübahisə yaranmağa başlamış, 3 nəfər, yəni Cehun və iki nəfər çölə çıxmışdırlar. . Mübahisənin səbəbini bilmir, onun yanında zərərçəkmiş şəxs Cehuna sataşmamışdır Cehun 3 nəfərlə mübahisə edərkən onlar mübahisəni sakitləşdirmək üçün oraya yaxınlaşmış, lakin qarşı tərəf onları itələdikdən sonra kənardan hadisəni müşaiyət etməyə başlamışlar. Hadisə zamanı o, xəsarət almamış, qarşı tərəfin əlində hər hansı predmet görməmiş, o, Cehunu əl ilə vurmuş, zərərçəkmiş şəxsdən qan axdığını gördükdə Cehunun ona xəsarət yetirdiyini bilmişdir. Xəsarət alan şəxs xəstəxanaya aparıldıqdan sonra Cehun özü də evə getmişdir. Məhkəmə iclas zalında elan edilərək tədqiq edilən X4 ibtidai istintaq dövründə verdiyi ifadəsindən görünür ki, 30 dekabr 2022-ci il tarixdə, gecə saat 01 radələrində Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Albalılıq küçəsində yerləşən «111 Restoran» adı ilə fəaliyyət göstərən kafedə tanışı Təqsirləndirilən şəxs, X9 və digər tanışları ilə birlikdə oturub yemək yemiş, bir az sonradan adını bildiyi Elnur adlı şəxs də kafeyə gəlmiş, Cehun, Elnur və tanımadığı şəxslər birlikdə yeyib-içmiş, təxminən saat 02 radələrində Elnur ilə Cehun arasında mübahisə yaranmışdır. Belə ki, Elnur sərxoş halda oturduğu stoldan qalxıb Cehuna yaxınlaşaraq onun ünvanına uca səslə nalayiq ifadələr işlətmişdir. Cehun onun içkili olduğunu görüb ona əhəmiyyət vermək istəməsə də Elnur ondan əl çəkməyib Cehunu israrla kafedən çölə çağırmış və onlar hər ikisi kafedən çölə çıxmışdırlar. Kafedən çöldə də Elnur kobud şəkildə söyüş söyüb Muradı vurmaq istədiyindən Cehun əsəbiləşib cibindən çıxartdığı bıçaqla Elnura bir neçə zərbə vurmuşdur. Lakin dərhal etdi əməldən peşman olub həmin yerə həkim çağırıb Elnuru xəstəxanaya yola salmışdır. X8 məhkəmə iclasında və ibtidai istintaq dövründə verdiyi ifadələr arasındakı ziddiyyətlərlə bağlı bildirmişdir ki, o, Ceyhun tərəfindən bıçaq çıxarılmasının şahidi olmamış, onun yanında kimsə Cehuna nalayiq ifadə səsləndirməmiş, ibtidai istintaq dövründə verdiyi ifadələr mənə təqdim edilməmişdir . Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 ifadə verərək göstərmişdir ki, kəndə əşya yola salmaq üçün kömək məqsədilə dostu Muradı çağırmışdır. Hava soyuq olduğu üçün onlar yaxınlıqda olan kafedə çay içmək qərarına gəlmiş, kafeyə daxil olduqdan təxminən yarım saat sonra 7-8 nəfər gələrək onların olduğu stolda əyləşmişdirlər. 5-10 dəqiqə söhbətdən sonra qarşı tərəfdə olan iki nəfərdən biri Cehunun bir qoluna, digəri isə o biri qoluna girərək onu çölə çıxartmışdırlar. O, hadisə yerinə yaxınlaşıb nə olduğunu soruşduqda zərərçəkmiş şəxs onu yumruqla vurduğundan burnu qanamışdır. Burnunu yuması üçün hadisə yerindən getdiyindən orada sonradan nə baş verməsi barədə məlumatı yoxdur. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxsin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, cinayət işinin materiallarında olan istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, ekspert rəylərini, habelə digər sənədləri də sübut növü kimi qəbul edir. 30 dekabr 2022-ci il tarixli raportdan görünür ki, 10 saylı TYS-dən daxil olmuş məlumata əsasən Zərərçəkmiş şəxs belin kəsilmiş yarası ilə bağlı müraciət etmişdir (cild 1, iş vətrəqə 4). “İfadənin yerində yoxlanılması barədə” protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, o, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Albalılıq küçəsində yerləşən «111 Restoran» adlanan kafeni göstərərək bildirmişdir ki, 30 dekabr 2022-ci İl tarixdə, saat 02 radələrində həmin kafedə Zərərçəkmiş şəxs ilə aralarında yaranmış mübahisə zamanı kafenin qarşısında üzərində gəzdirdiyi bıçaqla Zərərçəkmiş şəxs vuraraq xəsarət yetirmişdir (cild 1, iş vərəqə 46-48). Məhkəmə-tibbi ekspertizasının 16 yanvar 2023-cü il tarixli rəyindən görünür ki, 1989cu il təvəllüdlü Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlər - daxili qanaxma ilə müşayiət olunan sol böyrəyin, enənçənbər bağırsağın zədələnməsi İlə nəticələnmiş bel nahiyəsinin sol yarısının qarın boşluğuna (daxilə) nüfuz edən 02 ədəd deşilmiş-kəsilmiş yaraları, döş qəfəsinin sağ yarısının arxa divarının daxilə nüfuz etməyən 2 ədəd deşilmiş-kəsilmiş yaraları deşici-kəsici təsirə malik əşya (alət(ola bilsin bıçaq)), döş qəfəsinin, sol bazunun sıyrıqları isə küt əşya (əşyalar) təsirindən törənmiş, törənmə müddətləri onun “X15” X19 müraciətindən az əvvəl olmaqla, xx.xx.2022-ci il tarixə uyğun gələ bilər. Qeyd olunan xəsarətlərdən daxili qanaxma ilə müşayiət olunan sol böyrəyin, enənçənbər bağırsağın zədələnməsi ilə nəticələnmiş bel nahiyəsinin sol yarısının qarın boşluğuna (daxilə) nüfuz edən 02 ədəd deşilmiş-kəsilmiş yaraları həyat üçün təhlükəli olan sağlamlığa ağır dərəcəli zərərvurmaya; döş qəfəsinin sağ yarısının arxa divarının daxilə nüfuz etməyən 2 ədəd deşilmiş-kəsilmiş yaraları sağlamlığın qısa müddətə pozulmasına səbəb olduqlarına görə bunlar istər birlikdə, istərsə də ayrı ayrılıqda yüngül dərəcəli zərərvurmaya aiddirlər; döş qəfəsinin, sol bazunun sıyrıqları isə sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduqlarına görə bunlar istər birlikdə, istərsə də ayrıayrılıqda dərəcələri təyin edilmir. Hadisə haqqında məlumatlara, qeyd olunan xəsarətin xarakterinə və lokalizasiyasına əsasən demək olar ki, Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarətlər kənar şəxs (şəxslər) tərəfindən yetirilmişdir (iş vərəqə 84-87) Ambulator məhkəmə-psixiatrik ekspertizasının 20 fevral 2023-cü il tarixli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Onda xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur (iş vərəqə 88-90). 11 aprel 2023-cü il tarixli məktubdan görünür ki, əməliyyat tapşırığına əsasən keçirilmiş əməliyyat axtarış tədbirləri ilə İnqilab Nuriyevin cinayətdə istifadə etdiyi bıçağın, hadisəni əks etdirən videogörüntülərin müəyyən edilməsi mümkün olmamışdır. Cinayət işi materialların əlavə edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Lerik rayon Məhkəməsinin 17 iyul 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 134-cü maddəsi ilə təqsirli bilinərək 1 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir (cild 1, iş vərəqə 107). Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349-cu maddəsinə əsasən məhkəmə hökmü qanuni olmalıdır, yəni Azərbaycan Respublikası Konstitusiyasının, Cinayət-Prosesual Məcəlləsinin, Cinayət Məcəlləsinin və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəllənin 3-cü maddəsinə əsasən yalnız Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində qəsdən sağlamlığa ağır zərər vurma, yəni insan həyatı üçün təhlükəli olan və ya görmə, eşitmə, nitq qabiliyyətinin və ya hər hansı bir orqanın, yaxud bu orqanın funksiyasının itirilməsinə, psixi pozuntuya və ya sağlamlığın başqa cür pozulmasına, əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmamaqla uzun müddətə itirilməsi ilə və ya təqsirkar üçün aşkar surətdə zərərçəkmiş şəxsin peşəkar əmək qabiliyyətinin tam itirilməsi ilə əlaqədar olan və ya hamiləliyin pozulmasına, şəxsin narkomanlıqla və ya toksikomanlıqla xəstələnməsinə səbəb olan, yaxud sifətin silinməz dərəcədə eybəcərləşdirilməsində ifadə olunan zərər vurma əməllərinə görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Məhkəmə, təqsirləndirilən şəxsin etirafedici ifadələrini, zərərçəkmiş şəxsin həm istintaqda, həm məhkəmədə verdiyi ifadələri, hadisə yerinə baxış protokollarını,ekspertiza rəyləri habelə iş üzrə toplanmış və yuxarıda sadalanmış digər sübut növləri ilə birgə müqayisə etməklə qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Həmin əməl qəsdən törədilmişdir, başa çatmış cinayətdir, təsnifata görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayət ağır cinayətdir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işi materiallarına əlavə edilmiş ərizədən görünür ki, Zərərçəkmiş şəxs müraciət edərək bildirmişdir ki, Təqsirləndirilən şəxs ilə barışmışdır və ona qarşı hər hansı bir şikayəti, tələbi, iddiası yoxdur, bundan sonra da olmayacaqdır (cild 1, iş vərəqə 66). 9 yanvar 2023-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yoldaşları ilə daima yaxşı ünsiyyət saxlayır, davranışı nümunəvidir, ondan indiyə qədər ərazi icra nümayəndəliyinə şikayət daxil olmamışdır (cild 1, iş vərəqə 57). “Lerik rayon mərkəzi xəstəxanasının” publik hüquqi şəxsinin arayışından görünür ki, X5 “Döş qəfəsinin deformasiya, astenonevrotik vəziyyət” diaqnozu ilə Lerik rayon mərkəzi xəstəxanasının poliklinika şöbəsində dispanser qeydiyyatında olmuş və vaxtaşırı ambulator müalicələr almışdır (cild 1, iş vərəqə 59). Cinayət işi materiallarından görünür ki, Təqsirləndirilən şəxs himayəsində 23 fevral 2022-ci il təvəllüdlü bir azyaşlı övladı vardır (cild 1, iş vərəqə 61). Cəza təyin edərkən məhkəmə Təqsirləndirilən şəxs himayəsində azyaşlı övladının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü, zərərçəkmiş şəxslə barışmasını, sonuncunun ona qarşı şikayət və tələbinin olmamasını Cinayət Məcəlləsinin 59.1.12-ci, təqsirləndirilən şəxsin döş qəfəsinin deformasiya, astenonevrotik vəziyyətdən əziyyət çəkməsini, yaşadığı ərazidə davranışının nümunəvi olmasını həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır və qiymətləndirir. Təqsirləndirilən şəxsin əməlində Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışmasını, sonuncunun ona qarşı şikayət və tələbinin olmamasını, təqsirləndirilən şəxsin döş qəfəsinin deformasiya, astenonevrotik vəziyyətdən əziyyət çəkməsini, yaşadığı ərazidə davranışının nümunəvi olması kimi barəsində olan yüngülləşdirici halları nəzərə alaraq hesab edir ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulmuş sanksiya həddində həmin Məcəllənin 60.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzanı ümumi rejimli cəza çəkmə müəssisələrində çəkməlidir. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir (maddə 158.6). Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs barəsində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 30 dekabr 2022-ci il tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəlinin 30 dekabr 2022-ci il tarixdən hesablanması qərara alınmışdır (cild 1, iş vərəqə 42-44). Ona görə də, məhkəmə göstərilənləri nəzərə almaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 30 dekabr 2022-ci il tarixdən hesablanmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən, şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Hazırki iş üzrə cinayətin aləti olan bıçaq hadisə zamanı təqsirləndirilən şəxsin əlindən düşmüş və onun axtarılması istiqamətində aparılmış əməliyyat axtarış tədbirləri nəticəsiz qalmışdır (Cild 1, iş vərəqə 108). Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsidir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün məhkəmə zamanı onun hüquqlarını dövlət büdcəsi vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmişdir. Cinayət-Prosessual Məcəllənin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” xx.xx.2001-ci il tarixli, 31 nömrəli qərarına əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. Odur ki, həmin hesabla məhkəmə mərhələsində 54 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına Müdafiəçi işlədiyi Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri 19 saylı Vəkil Bürosunun hesabına 324 (üç yüz iyirmi dörd) manat məbləğində pul köçürülməlidir. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” xx.xx.2006-cı il tarixli, “Məhkəmə hökmü haqqında” xx.xx.2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə 3 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 30 dekabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Məhkəmə mərhələsində göstərilmiş 54 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına Müdafiəçi işlədiyi Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri 19 saylı Vəkil Bürosunun hesabına 324 (üç yüz iyirmi dörd) məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti ona təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: (sədrlik edən) Leyla Əsgərova-Məmmədova Rasim Sadıxov Novruz Kərimov
Məhkəmə qərarları › İş №1(101)-1301/2023
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1301/2023
11.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver