Məhkəmə qərarları › İş №1(101)-1301/2025

Bakı Ağır Cinayətlər Məhkəməsi Qərar — İş №1(101)-1301/2025

29.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(101)-1301/2025 29.05.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Namazov Fərid Arif oğlunun sədrliyi, hakimlər Hüseynov Telman Qulaməli oğlu və X4 ibarət tərkibdə, məhkəmə iclasının katibi X7, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X8, Zərərçəkmiş şəxs, müdafiəçilər –Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 və Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 iştirakları ilə, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci və 221.2.1-ci maddələri Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin hazırlıq iclasında baxaraq, məhkəmə müəyyən etdi: 05 may 2025-ci il tarixdə Bakı Ağır Cinayətlər Məhkəməsinin icraatına Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci və 221.2.1-ci maddələri, Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işi daxil olmuşdur. Tərtib edilmiş ittiham aktına əsasən, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci və 221.2.1-ci maddələri, Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təqsirləndirilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 299.1-ci maddəsinin tələbinə görə məhkəmənin hazırlıq iclası cinayət işində irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələrdən ibarətdir. Məhkəmənin hazırlıq iclasında Zərərçəkmiş şəxs əsaslarını göstərməklə yazılı vəsatətlərlə müraciət edib bildirdi ki, məhkəmənin hazırlıq iclasında təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barələrində seçilmiş “Polisin nəzarəti altına vermə” qətimkan tədbirləri dəyişdirilməli, həmin təqsirləndirilən şəxslər barəsində “həbs” qətimkan tədbiri seçilməlidir. Zərərçəkmiş şəxs həmin vəsatətini onunla əsaslandırdı ki, Təqsirləndirilən şəxs1 ibtidai istintaq dövründə bir neçə dəfə şahidlərə təsir, təzyiq edərək, yaxud da digər üsullarla ifadələrini dəyişdirməyə, həqiqəti əks etdirməyən yanlış ifadələr verməyə sövq etmiş və bir neçə fakt üzrə buna nail olmuşdur. Onun məhkəmə baxışı zamanı da bu cür hərəkətlərini davam etdirməsi ehtimalı çox böyükdür. Bu səbəbdən, o, təqsirləndirilən şəxslərin barələrində həbs qətimkan tədbirinin seçilməsini məhkəmədən xahiş edir. Bundan başqa, məhkəmənin hazırlıq iclasında Təqsirləndirilən şəxs1 hüquqlarını xx.xx.2025-ci il tarixli, ******* nömrəli vəkil orderi əsasında müdafiə edən Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 əsaslarını göstərməklə məhkəməyə yazılı vəsatətlə müraciət edib bildirdi ki, təqsirləndirilən şəxslərə qarşı irəli sürülmüş ittiham sübuta yetmir. Bu səbəbdən o, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 39.1.1 və 39.1.2-ci maddələrinə əsasən cinayət işinin icraata qəbul edilməməklə cinayət təqibinə xitam verilməsini məhkəmədən xahiş etmişdir. Bundan savayı, məhkəmənin hazırlıq iclasında Təqsirləndirilən şəxs2 hüquqlarını xx.xx.2025-ci il tarixli, ******* nömrəli vəkil orderi əsasında müdafiə edən Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 əsaslarını göstərməklə məhkəməyə yazılı vəsatətlə müraciət edib bildirdi ki, hazırki cinayət işinin baxılmasına xitam verilməli və cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalı, kobud pozuntulara yol verdiyinə görə müstəntiq və prosessual rəhbərliyi həyata keçirilən prokuror barəsində xüsusi qərarın çıxarılmalıdır. Müdafiəçi1 vəsatətini onunla əsaslandırdı ki, müstəntiq tərəfindən ibtidai istintaq zamanı olduğu kimi, tanışetmə mərhələsində də hüquqları kobud surətdə pozulmuş, müdafiə tərəfinin cinayət işinin materialları ilə tanış olmalarına şərait yaradılmamış, maddi sübutlar o və hüquqlarını müdafiə etdiyi şəxsə təqdim edilməmiş, ibtidai araşdırma üzrə yekun tanışetmə mərhələsinin prosedur qaydalarına əməl edilmədən ittiham aktı tərtib edilib təsdiqlənmişdir. Bu səbəbdən, yəni CPM-in 303.3.8-ci maddəsinin tələbləri pozulduğundan, cinayət işinin baxılmasına xitam verilməsi və cinayət işinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə məhkəmənin hazırlıq iclasında cinayət prosesinin iştirakçılarının fikirlərini dinləyib, cinayət işinin materiallarını nəzərdən keçirdikdə müəyyən etmişdir ki, məhkəməyədək icraat zamanı aradan qaldırılmadan hazırki cinayət işinin mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud pozuntulara yol verilmişdir. Belə ki, “AZE-MİS” Elektron Məhkəmə İnformasiya Sisteminə baxışdan müəyyən olunur ki, təqsirləndirilən şəxslərdən birinin soyadı “Səfərov”, adı “İlizbar”, atasının adı isə “Vəliyəddin”-dir. Lakin cinayət işinin materiallarına əlavə edilmiş ittiham aktında həmin təqsirləndirilən şəxsin anket məlumatları düzgün yazılmamışdır. Bununla bağlı məhkəmə qeyd edir ki, sözügedən ittiham aktının ilk səhifəsində, yəni cinayət işinin 7-ci cildinin 101-ci vərəqəsində ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən “X1” təqsirləndirilməsinə dair cinayət işinin ittiham aktının təsdiq edildiyi qeyd olunmuşdur, lakin əslində həmin təqsirləndirilən şəxsin soyadı “Vəliyev” deyil, “Səfərov”-dur. Bundan başqa, həmin ittiham aktının nəticəvi hissəsində, yəni təqsirləndirilən şəxsə verilmiş ittihamın təsviri əks etdirilən zaman da təqsirləndirilən şəxsin anket məlumatlarının tərtibində səhvə yol verilmiş, həmin təqsirləndirilən şəxsin atasının adı “Vəliyəddin” olduğu halda, “Vəliyyəddin” kimi qeyd edilmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 223.3.1-ci maddəsinə əsasən, şəxsin təqsirləndirilən şəxs qismində cəlb edilməsi haqqında qərarın təsviriəsaslandırıcı hissəsində təqsirləndirilən şəxsin soyadı, adı, atasının adı və onun şəxsiyyəti barədə hüquqi əhəmiyyət kəsb edən digər məlumatlar göstərilməlidir. Bundan savayı, həmin Məcəllənin 289.2.3-cü maddəsinə əsasən, barəsində ittiham aktı tərtib edilmiş cinayət işi haqqında ümumi məlumat (cinayət işinin nə vaxt, hansı əsasla və kim tərəfindən başlandığı, iş üzrə nə vaxt, kim tərəfindən, kimin barəsində ittihamın irəli sürüldüyü, iş üzrə nə vaxt, kim tərəfindən, kimin barəsində və hansı qətimkan tədbirlərinin seçildiyi, iş üzrə nə vaxt, kim tərəfindən və hansı əsasla icraatın dayandırıldığı, ona xitam verildiyi və təzələndiyi) göstərilməlidir. Göründüyü kimi, cinayət işinin materiallarına əlavə edilmiş “AZE-MİS” Elektron Məhkəmə İnformasiya Sistemindəki məlumatlara əsasən, təqsirləndirilən şəxsin soyadı “Səfərov”, atasının adı “Vəliyəddin” olduğu halda, ittiham aktının səhifələrində onun soyadının “Vəliyev”, atasının adının isə “Vəliyyəddin” kimi qeyd edilməsi məhkəmə tərəfindən cinayət işi üzrə istinad edilən cinayət əməlinin törədilməsində ittiham olunan şəxsin kimliyinin müəyyən edilməsini istisna etmiş, təqsirləndirilən şəxsin şəxsiyyətinin eyniləşdirilməsini mümkünsüz etmişdir. Məhkəmə hesab edir ki, cinayət işinin materiallarına təqsirləndirilən şəxslərin şəxsiyyətini təsdiq edən sənədlərin əlavə edilməməsi, Təqsirləndirilən şəxs2 soyadının və atasının adının düzgün qeyd olunmaması aradan qaldırılması mümkün olmayan kobud pozuntudur və bu hal yalnız əlavə ibtidai istintaq zamanı aradan qaldırıla bilər. Hazırkı cinayət işində isə ittihamın kimin barəsində irəli sürüldüyü, iş üzrə kimin təqsirləndirilən şəxs qismində cəlb olunduğu, kimin barəsində qətimkan tədbiri seçildiyi və digər bu kimi cinayət işinin mühüm elementini təşkil edən hallar məlum deyil. Habelə, ittiham aktının tərtibi zamanı cinayət-prosessual qanunvericiliyinin tələbləri pozulmuşdur. (CPM-in 303.3.6-cı maddəsi) Bundan başqa, cinayət işinin materialları tədqiq edilərkən müəyyən edilmişdir ki, hazırki iş üzrə ibtidai istintaqın qurtarmasının elan edilməsinə Təqsirləndirilən şəxs1 başlanılmışdır. Belə ki, 04 aprel 2025-ci il tarixdə Təqsirləndirilən şəxs1 və onun müdafiəçisinə ibtidai istintaqın qurtarması barədə məlumat verilmiş (cild 7, iş vərəqi 64), həmin vaxt müdafiə tərəfi müstəntiq və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora etiraz təqdim etmişdir (cild 7, iş vərəqi 65-70). Müstəntiq həmin etirazın mövcudluğuna məhəl qoymadan digər Təqsirləndirilən şəxs2 və onun müdafiəçisini (cild 7, iş vərəqi 71), eləcə də Zərərçəkmiş şəxs (cild 7, iş vərəqi 74) ibtidai istintaqın qurtarması barədə məlumatlandırmışdır. Halbuki, həmin etirazlara təqdim edildikdən 3 gün sonra, yəni 07 aprel 2025-ci il tarixdə yuxarı prokuror tərəfindən baxılmışdır. Göründüyü kimi, ibtidai istintaq orqanı təqsirləndirilən şəxsin cinayət prosesini həyata keçirən orqana etiraz etmək hüququnu pozmaqla, qeyri-müəyyənlik aradan qalxmadan istintaq hərəkətlərini davam etdirmişdir. Məhkəmə qeyd edir ki, ibtidai istintaq orqanı məhkəmənin hazırlıq iclasında məhkəməyədək icraat zamanı aradan qaldırılmadan müvafiq cinayət işinin materiallarının mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud pozuntuya yol vermiş, yəni məhkəməyədək icraat etiraz edilməli və ya özü-özünə etiraz etməli olan şəxs tərəfindən aparılmışdır. Məhkəmə cinayət prosessual-qanunvericiliyinin bəzi müddəalarının qeyd edilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin: - Maddə 7.0.5. Cinayət prosesini həyata keçirən orqanlar icraatında cinayət işi və ya cinayət təqibi ilə bağlı digər materiallar olan təhqiqat, istintaq, prokurorluq orqanları və ya məhkəmələrdir. - Maddə 107.5. Cinayət prosesini həyata keçirən orqan öz səlahiyyətləri daxilində cinayət prosesinin gedişində etirazları və özü-özünə etirazları həll etməyə, müvafiq şəxsin cinayət prosesində iştirakını istisna edən halları aşkar etdikdə isə öz təşəbbüsü ilə onu cinayət prosesindən kənarlaşdırmağa haqlıdır. - Maddə 107.7. Başqa şəxslərə edilən etirazları həll etmək səlahiyyəti olan şəxsə edilən etiraz ilk növbədə həll edilməlidir. Maddə 125.5.6. Cinayət prosesində onun iştirakını istisna edən halları bildiyi və ya bilməli olduğu halda etiraz edilməli şəxsin iştirakı ilə əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Göründüyü kimi, hazırki iş üzrə müstəntiq və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror onlara edilmiş etiraz həll edilənədək etiraz etmiş şəxslərə münasibətdə etiraz edilən şəxs statusunda qalır. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi tərəfindən verilmiş etiraz həll edilmədən müstəntiq tərəfindən ibtidai istintaqın qurtarmasının digər cinayət prosesi iştirakçılarının məlumatlandırılması və bununla bağlı istintaq hərəkəti protokolunun tərtib edilməsi etiraz edilmiş şəxsin iştirakı ilə əldə edilmiş məlumatların cinayət işi üzrə sübut kimi qəbul edilməsini mümkünsüz edir. Müstəntiq bu hərəkəti ilə etiraz hüququ ilə yanaşı həmçinin məhkəməyədək icraatın materialları ilə tanış etmə vəzifəsinə dair müvafiq olaraq CPM-in 284-cü maddəsinin tələblərini pozmaqla cinayət prosesi iştirakçılarının cinayət işinin materialları ilə tanış olmaq hüququnu və bütövlükdə keyfiyyətli müdafiə olunmaq hüququnu həyata keçirmələrinə mane olmuş və bu hüquqlarını kobud şəkildə pozmuşdur. (CPM-in 303.3.1, 303.3.3 və 303.3.8-ci maddələri) Bundan əlavə, Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi xx.xx.2025-ci il tarixdə cinayət işinin materialları ilə tanış olarkən (cild 7, iş vərəqi 89-90) əlyazma ilə “cinayət işində olan və icraatın təzələnməsi üçün əsas olmuş prokuror müavini T.Haqverdiyevin xx.xx.2024-cü il tarixli qərarından məhkəmə nəzarəti qaydasında şikayət vermişəm. Həmin qərar mənə təqdim edilməmişdir. Qərardan şikayət verdikdən sonra nəticəsinə uyğun olaraq vəsatətlərini təqdim edərək, maddi sübutlarla tanış olduqdan sonra tanış etməni həyata keçirəcəm. Qeyd olunanları nəzərə alaraq tanış etmənin təxirə salınmasını xahiş edirəm” məzmununda qeydin aparıldığı müəyyən edilmişdir. Həmin protokolun məzmunundan aydın olur ki, Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi cinayət işinin materialları ilə tanış olmamış, cinayət işinin tanış olma prosesinin təxirə salınmasını xahiş etmişlər. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 285.1-ci maddəsinə əsasən, müstəntiq cinayət işinin materialları ilə tanış olmaq üçün onu vərəqləri nömrələnmiş və hər bir cilddə sənədlərin siyahısı olmaq şərti ilə bir və ya bir neçə tikilmiş cilddə təqdim edir. İşdə saxlanılan maddi sübutlar və istintaq hərəkətlərinin protokollarına əlavələr də təqdim edilməlidir. Cinayət işi bir neçə cilddən ibarət olduqda onun bütün cildləri eyni vaxtda təqdim edilir. Cinayət-Prosessual Məcəlləsinin 285.4-cü maddəsinə əsasən, müstəntiq cinayət işinin materialları ilə tanış olmaq üçün vaxtı məhdudlaşdıra bilməz. Eyni zamanda cinayət prosesinin iştirakçıları bu vaxtı süni surətdə uzatdıqda, müstəntiq cinayət işinin həcmini və onunla tanış olmaq üçün kifayət olan vaxtı nəzərə almaqla cinayət işinin materialları ilə tanış olmaq üçün cədvəl müəyyən edə bilər. Lakin müstəntiq müdafiə tərəfinin həmin mövqeyinə məhəl qoymayıb rədd etməklə zərərçəkmiş şəxsi cinayət işinin materialları ilə tanış etdikdən sonra ittiham aktını tərtib edib təsdiq üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora təqdim etmişdir. Göründüyü kimi, müstəntiq cinayət işinin materialları və maddi sübutlarla tanış olmaq istəyən müdafiə tərəfinin xahişini nəzərə almamışdır. Eləcə də, həmin müstəntiq cinayət işinin həcmini və onunla tanış olmaq üçün kifayət olan vaxtı nəzərə almaqla cinayət işinin materialları ilə tanış olmaq üçün cədvəl müəyyən etməmişdir. Beləliklə, müstəntiq Təqsirləndirilən şəxs2 və müdafiəçisinin məhkəməyədək icraat materialları ilə tanış olmaq hüquqlarını təmin etməmiş və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 284-286-cı maddələrinin tələblərini pozmaqla ibtidai istintaqı aparmışdır. (CPM-in 303.3.8-ci maddəsi) Bundan savayı, məhkəmə qeyd edir ki, xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs2 ibtidai istintaq orqanına vəsatətlə (cild 3, iş vərəqi 28) müraciət edib Zərərçəkmiş şəxs ilə aralarında videoçəkiliş aparılmaqla üzləşdirmə istintaq hərəkətinin həyata keçirilməsini xahiş etmişdir. Lakin həmin müstəntiq sözügedən vəsatətə münasibət bildirməmiş, yəni təmin və ya rədd etməmiş, xx.xx.2023-cü il tarixdə hər hansı texniki avadanlıqdan istifadə edilmədən Təqsirləndirilən şəxs2la Zərərçəkmiş şəxs aralarında üzləşdirmə istintaq hərəkəti aparmışdır. Halbuki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 121.1.3-cü maddəsinə əsasən, həmin Məcəllədə digər qayda nəzərdə tutulmayıbsa, vəsatətlərə və xahişlərə onların verilməsindən bilavasitə sonra baxmaq və nəticələri üzrə müvafiq qərar çıxarmaq (vəsatətin həll olunması cinayət prosesini həyata keçirən orqan tərəfindən vəsatət üzrə qərarın qəbul edilməsi üçün əhəmiyyətli hallar müəyyən edilənədək təxirə salına bilər; bu Məcəllədə nəzərdə tutulmuş hallarda vəsatətin vaxtında verilməməsi onun baxılmamış saxlanılmasına səbəb olur) cinayət prosesini həyata keçirən orqanın vəzifəsidir. Göründüyü kimi, müstəntiq Təqsirləndirilən şəxs2 yazılı vəsatətinə münasibət bildirməmiş, vəsatətə baxmamış və müvafiq qərar çıxarmamışdır. Bununla da, müstəntiq Təqsirləndirilən şəxs2 hüquqlarını keyfiyyətli həyata keçirməyə şərait yaratmamış və onun müdafiə hüquqlarını kobud surətdə pozmuşdur. (CPM-in 303.3.1-ci maddəsi) Həmçinin, məhkəmə qeyd edir ki, Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili X9 xx.xx.2023-cü il tarixli vəkil orderi əsasında (cild 3, iş vərəqi 26) Təqsirləndirilən şəxs2 ilə müqavilə bağlayıb sonuncunun hüquqlarını müdafiə etmək üçün müdafiəçi qismində işə buraxılmış və bir sıra istintaq hərəkətlərində Təqsirləndirilən şəxs2 müdafiəçisi qismində iştirak etmişdir. Həmin müdafiəçinin iştirakına isə yalnız xx.xx.2024-cü il tarixdə “Vəkilin cinayət prosesində iştirakına xitam verilməsi haqqında” qərarla (cild 6, iş vərəqi 137) xitam verilmişdir. Göründüyü kimi, xx.xx.2024-cü il tarixdə təqsirləndirilən şəxsin özünün seçdiyi müdafiəçisinin, yəni Aqil Nuriyevin olmasına baxmayaraq, müstəntiq həmin tarixdə Təqsirləndirilən şəxs2 mövqeyini dəqiqləşdirmədən “Vəkilin dəvət edilməsi haqqında” qərar qəbul etmiş və o, dövlət büdcəsinin vəsaiti hesabına müdafiəçi ilə təmin edilmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 92.7-ci maddəsinə əsasən, şübhəli və ya təqsirləndirilən şəxsin, habelə barəsində cinayət-hüquqi tədbirlərin tətbiq edilməsi üzrə icraat aparılan hüquqi şəxsin müdafiəsini öz öhdəsinə götürdükdə, müdafiəçi cinayət prosesini həyata keçirən orqana şəxsiyyətini və Azərbaycan Respublikasının ərazisində vəkillik fəaliyyətini həyata keçirmək hüququnu təsdiq edən sənədi, habelə vəkil qurumunun orderini təqdim etməlidir. Cinayət-Prosessual Məcəlləsinin 92.8-ci maddəsinə əsasən, həmin Məcəllənin 92.7ci maddəsində nəzərdə tutulmuş tələblər yerinə yetirilmədikdə cinayət prosesini həyata keçirən orqan hər hansı şəxsin cinayət prosesinə müdafiəçi qismində buraxılmasından imtina edilməsi haqqında əsaslandırılmış qərar çıxarır. Lakin müvafiq vəkil şəxsiyyətini və Azərbaycan Respublikasının ərazisində vəkillik fəaliyyətini həyata keçirmək hüququnu təsdiq edən sənədi təqdim etmədiyi halda, müstəntiq onun müdafiəçi qismində buraxılmasından imtina edilməsi haqqında əsaslandırılmış qərar çıxarmamış və ibtidai istintaqı davam etdirmişdir. Dövlət büdcəsinin vəsaiti hesabına təyin edilmiş yeni vəkil Təqsirləndirilən şəxs2 təqdim edilməmiş, onun dövlət büdcəsi hesabına yeni təyin edilmiş müdafiəçi ilə yoxsa özünün seçdiyi müdafiəçi ilə hüquqlarını müdafiə etmək istəyi aydınlaşdırılmamışdır. Göründüyü kimi, müstəntiq Təqsirləndirilən şəxs2 keyfiyyətli hüququ yardım almaq hüququ da daxil olmaqla, müdafiə hüquqlarını kobud surətdə pozmuşdur. (CPM-in 303.3.1-ci maddəsi) Məhkəmə qeyd edir ki, müdafiə hüququ şəxsin qanuni maraqlarının təminatı ilə yanaşı, həm də ədalət mühakiməsi maraqlarının təminatıdır, sosial dəyərdir. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İ və İİ hissələrinə görə hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Konstitusiyanın 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiyanın 71-ci maddəsinin İ hissəsinə əsasən, bu Konstitusiyada təsbit olunmuş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Konvensiyanın 13-cü maddəsinə görə bu Konvensiyada təsbit olunmuş hüquq və azadlıqları pozulan hər kəs, hətta bu pozulma rəsmi fəaliyyət göstərən şəxslər tərəfindən törədildikdə belə, dövlət orqanları qarşısında səmərəli hüquqi müdafiə vasitələrinə malikdir. İstər daxili qanunvericilikdə, istərsə də beynəlxalq müqavilələrdə şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüquqlarının qorunması önəmli yer tutur. Yuxarıda qeyd edilən hallar onu göstərir ki, ibtidai istintaq orqanı tərəfindən Cinayət- Prosessual Məcəlləsinin 303.3.1-ci maddəsinin tələbi, yəni təqsirləndirilən şəxsin müdafiə hüququ pozulmuşdur. Cinayət-Prosessual Məcəlləsinin 303.1-ci maddəsinin tələbinə görə məhkəmənin hazırlıq iclasında məhkəməyədək icraat zamanı aradan qaldırılmadan müvafiq olaraq cinayət işinin mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud pozuntulara yol verildiyini müəyyən etdikdə məhkəmə cinayət işinin baxılmasına xitam verir və onu ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarır. Həmin maddənin 3-cü hissəsinin 1-ci bəndinə görə təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulması (bu pozuntunun mümkün dərəcədə aradan qaldırılması üçün), 3-cü bəndinə görə məhkəməyədək icraatın etiraz edilməli və ya özü-özünə etiraz etməli olan şəxs tərəfindən aparılması (bu pozuntunun mümkün dərəcədə aradan qaldırılması üçün), 6-cı bəndinə görə cinayət işi üzrə ittiham aktının müvafiq olaraq CPM-in 289-cu maddəsinin tələblərinə uyğun olmaması və 8-ci bəndinə görə məhkəməyədək icraat materialları ilə tanış etmə vəzifəsinə dair müvafiq olaraq həmin Məcəllənin 284-286, 288-ci və ya 296.3.1-ci maddələrinin tələblərinin pozulması kobud qanun pozuntularıdır və bu qanun pozuntularına yol verildikdə cinayət işi üzrə icraat materiallarının baxılmasına xitam verilməsi və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul edilməlidir. Beləliklə, məhkəmə, cinayət işində irəli sürülmüş ittihamın mahiyyəti üzrə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünü cinayət prosesi tərəflərinin iştirakı ilə ilkin dinləmələr vasitəsi ilə yoxlayıb belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs2 müdafiəçisi Müdafiəçi1 vəsatəti təmin edilməli, qeyd olunan cinayət işinin baxılmasına xitam verilməli və cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır. Bundan başqa, məhkəmə Təqsirləndirilən şəxs1 müdafiəçisi Müdafiəçi2 cinayət təqibinə xitam verilməsi barədə vəsatətinə münasibət bildirərək qeyd edir ki, həmin vəsatətdə göstərilən xüsusatlar məhkəmə baxışı təyin edildikdən sonra araşdırılmalı hallara aiddir. Məhkəmə tərəfindən isə cinayət işinin baxılmasına xitam verilməsi və cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul edilmişdir. Bu səbəbdən, məhkəmə qərara alır ki, Müdafiəçi2 vəsatətinə baxılması qeyrimümkün hesab edilməklə əsassız olduğundan təmin edilməməlidir. Bundan savayı, məhkəmə zərərçəkmiş şəxs X2 təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barələrində seçilmiş qətimkan tədbirlərinin həbs qətimkan tədbiri ilə əvəz olunmasına dair vəsatətlərinə bildirərək qeyd edir ki, zərərçəkmiş şəxsin vəsatətləri əsassız olduğundan təmin edilməməli, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barələrində seçilmiş “Polisin nəzarəti altına vermə” qətimkan tədbirləri qüvvəsində saxlanılmalıdır. Belə ki, cinayət və cinayət-prosessual qanunvericiliyin tələblərinə əsasən, təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbirinin seçilməsi və həbsdə saxlama müddətinin uzadılması üçün maddi və prosessual əsaslar olmalıdır. Maddi əsaslar dedikdə, təqsirləndirilən şəxsin ona istinad edilən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsinə aidiyyətini təsdiq edən sübutlar başa düşülür. Prosessual əsaslar isə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 155-ci maddəsində nəzərdə tutulmuş halların məcmusundan və həbs qətimkan tədbirinin seçilməsinin qanuniliyini və zəruriliyini təsdiq edən, məhkəmə tərəfindən müəyyən edilmiş əsaslardan ibarətdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 155.1-ci maddəsinə əsasən, şübhəli və ya təqsirləndirilən şəxs tərəfindən cinayət prosesini həyata keçirən orqandan gizlənmək, cinayət prosesinin iştirakçılarına təsir göstərmək, cinayət prosesini həyata keçirən orqanın çağırışlarına üzrlü səbəblər olmadan gəlməmək və ya digər yolla cinayət məsuliyyətinə cəlb edilməkdən və cəza çəkməkdən boyun qaçırmaq və digər halların törədilməsi ehtimalına kifayət qədər əsas olduqda barəsində qətimkan tədbiri tətbiq oluna bilər. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 175.1-ci maddəsinə əsasən, qətimkan tədbiri cinayət prosesini həyata keçirən orqan tərəfindən öz səlahiyyəti daxilində, bunun zəruriliyi sübutlarla təsdiq olunduqda daha ciddi qətimkan tədbiri ilə əvəz edilə bilər. Məhkəmə hesab edir ki, hazırda təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barələrində seçilmiş qətimkan tədbirinin daha ciddi qətimkan tədbiri ilə dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 306.1-ci maddəsinə əsasən, məhkəmənin hazırlıq iclasının nəticələrinə dair məhkəmə bu Məcəllənin 300.1.1, 300.1.5 və 300.1.6-cı maddələrində nəzərdə tutulmuş qərarlar çıxarmaqla yanaşı, təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin tətbiq edilməsinin və ya edilməməsinin əsaslılığı, qətimkan tədbirinin seçildiyi halda onun növünün əsaslılığı və qətimkan tədbirinin seçildiyi halda onun növünün əsaslılığı barədə qərar çıxarır. Həmin Məcəllənin 307.1-ci maddəsinə əsasən, məhkəmənin hazırlıq iclasının nəticələrinə dair məhkəmə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması haqqında qərarla, habelə cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraatın materialları üzrə icraata xitam verilməsi haqqında qərarla yanaşı, məhkəməyədək icraat zamanı bu Məcəllənin tələblərinin kobud surətdə pozulmasına yol vermiş şəxslər barəsində xüsusi qərar çıxarmalıdır. Beləliklə, məhkəmə, şərh olunanlara əsasən hesab edir ki, - Müdafiəçi1 vəsatəti təmin edilməklə, cinayət işinin baxılmasına xitam verilməli və cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır. - Müdafiəçi1 ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora və müstəntiqə xüsusi qərarın çıxarılması barədə vəsatəti qismən təmin edilməli, məhkəməyədək icraat zamanı kobud pozuntulara yol verdiyinə görə Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi, polis mayoru X3 barəsində xüsusi qərar çıxarılmalı, sözügedən vəsatət qalan hissədə əsassız olduğundan təmin edilməməlidir. - Zərərçəkmiş şəxs təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barələrində seçilmiş “Polisin nəzarəti altına vermə” qətimkan tədbirlərinin həbs qətimkan tədbiri ilə əvəz olunmasına dair vəsatətləri təmin edilməməlidir. - Müdafiəçi2 cinayət təqibinə xitam verilməsi barədə vəsatəti təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 298- 300, 303.3.1, 303.3.3, 303.3.6, 303.3.8, 306 və 307.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Müdafiəçi- Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 “Cinayət işinin baxılmasına xitam verilməsi və cinayət işinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirmiş prokurora qaytarılması” barədə vəsatəti təmin edilsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci və 221.2.1-ci maddələri ilə, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinin baxılmasına xitam verilsin və cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirmiş prokurora qaytarılsın. Müdafiəçi1 vəsatəti qismən təmin olunsun. Cinayət işi üzrə məhkəməyədək icraat zamanı Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin tələblərinin kobud pozuntularına yol vermiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi, polis mayoru X5 barəsində xüsusi qərar çıxarılsın, sözügedən vəsatət qalan hissədə təmin edilməsin. Zərərçəkmiş şəxs təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barələrində seçilmiş “Polisin nəzarəti altına vermə” qətimkan tədbirlərinin həbs qətimkan tədbiri ilə əvəz olunmasına dair vəsatətləri təmin edilməsin. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barələrində seçilmiş “Polisin nəzarəti altına vermə” qətimkan tədbirləri qüvvəsində saxlanılsın. Müdafiəçi- Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 cinayət təqibinə xitam verilməsi barədə vəsatəti təmin edilməsin. Qərarın surətinin cinayət prosesi tərəflərinə verilməsi və ya poçtla göndərilməsi təmin edilsin. Sədrlik edən hakim Fərid Namazov Hakimlər Telman Hüseynov Aygün Qurbanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar