Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1304/2024 07.03.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Hüseynov Cavid İbadulla oğlunun sədrliyi, hakimlər İsmayılov Eldar Herov oğlu və Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə, Feyzi Günay Rasim qızının katibliyi, dövlət ittihamçıları - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin Bakı Ağır Cinayətlər Məhkəməsi üzrə prokurorları, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı1, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı2, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı3, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 25 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında xx xxxxxx 1987-ci il tarixdə Saatlı rayonunda anadan olmuş, orta təhsilli, evli-himayəsində iki nəfər azyaşlı uşağı olan, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, Saatlı rayonu, Saatlı şəhəri, Mikayıl Müşfiq küçəsi, döngə 2, ev 11-də qeydiyyatda olan və Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, X5 küçəsi, ev 5 ünvanında yaşayan, 08 sentyabr 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 09 sentyabr 2023-cü il tarixdə barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qəsdən insan həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmuşdur. Belə ki, Təqsirləndirilən şəxs 08 sentyabr 2023-cü il tarixdə, saat təxminən 01 radələrində gözətçi və bağban kimi işləyərək yaşadığı Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, H.Z.Tağıyev küçəsində yerləşən 5 saylı bağ evində keçirilən doğum günü məclisində qonaq kimi dəvət olunan və əvvəldən tanıdığı, alkoqol sərxoşluğu vəziyyətində olan Zərərçəkmiş şəxs onun yetkinlik yaşına çatmayan övladını təhqir etməsi nəticəsində və sonuncunun təşəbbüsü ilə aralarında şəxsi münasibətlər zəminində yaranmış münaqişə zamanı bağ evinin həyətindəki pilləkənin kənarından götürdüyü bıçaqla üzərinə gələn Zərərçəkmiş şəxs qarın nahiyəsindən bir dəfə qəsdən vuraraq sonuncuya mədənin və yoğun bağırsağın yaralanması ilə müşayiət olunan, qarnın sol yan divarının daxilə (qarın boşluğuna) nüfuz edən 1 ədəd deşilmiş-kəsilmiş yarası ilə nəticələnən və həyat üçün təhlükəli olan sağlamlığa ağır dərəcəli zərərvurmaya aid xəsarət yetirərək qəsdən sağlamlığa ağır zərər vurmuşdur, yəni qeyd olunan bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs münasibətdə irəli sürülmüş ittiham üzrə məhkəmə baxışına təqdim edilmiş sübutlar məhkəmə iclasında hərtərəfli, tam və obyektiv araşdırılmış, araşdırılan mötəbər və təkzibedilməz sübutlarla onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulan qəsdən sağlamlığa ağır zərər vurma cinayətini törətməsi tam təsdiq edilmişdir. Belə ki, cinayət işinə məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona qarşı Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək məhkəməyədək icraat mərhələsində vermiş olduğu ifadəsinə uyğun ifadə verib göstərdi ki, təxminən 13 il əvvəl onun belinə dəmir darvaza düşmüş və zərbənin təsirindən əlil olmuş və ona İ qrup əlillik təyin edilmişdir. Təxminən 10 ildir ki, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, X5 küçəsi ev 5 ünvanında ailəsi ilə birlikdə Şahid məxsus bağ evində yaşamışdır. Həmin bağ evində həm bağban kimi və həm də gözətçi olaraq işləmiş və ailəsi ilə birlikdə orada yaşamış, aylıq 400 manat əmək haqqı almışdır. Zərərçəkmiş Zərərçəkmiş şəxs ev sahibi Şahid dostu olmuş, o, tez-tez Şahid bağına qonaqlığa gəlmişdir. Həmin qonaqlıqlarda isə o, qonaqlara qulluq etmişdir. İstər Şahid və istərsə də Zərərçəkmiş şəxs ilə münasibətləri yaxşı olmuşdur. Təqsirləndirilən şəxs ifadəsinin davamında göstərdi ki, 07 sentyabr 2023-cü il tarixdə, saat təxminən 21 radələrində Zərərçəkmiş şəxs ailəvi bağa gəlmiş, Mahirin öz ailəsi də orada olmuş, Şahid ad günü şənliyi təşkil olunmuşdur. Əlavə 6-7 nəfər ailəvi qonaqlar olmuşdur. Bir qədər yeyib içdikdən sonra onlar spirtli içkinin təsiri altına düşmüşlər. Onun azyaşlı uşağı ilə Vüsalın azyaşlı uşağının arasında xırda uşaq mübahisəsi olmuş, Vüsal özünün böyük uşağını çağırıb onun uşağını döydürmüş, hətta uşağı təhqir də etmişdir. Bundan sonra o, uşaqlarını götürüb evə aparmışdır. Bundan sonra Vüsal onu səsləyib maşınından siqaret gətirməyi tapşırmış, o, siqareti gətirdikdə Vüsal onun ünvanına alçaldıcı sözlər demiş, onu ələ salmağa və ona lağ etməyə başlamışdır. Saat təxminən 01 radələrində onlara yemək gətirən zaman Vüsal stolun üstündə olan stəkanı əli ilə göstərib ona “bu stəkanı sənə yeridərəm” demişdir. Vüsalın bu sözü ona təsir eləmiş, belə danışığının səbəbini soruşanda sonuncu yaxşı elədiyini bildirmiş və onu ələ salmağa davam etmişdir. Azmış kimi Vüsal onun qolundan tutub onu çöməlməyə məcbur etmiş və stəkanı ona göstərib yenə dediyi nalayiq sözü təkrar etmişdir. O, ayağa qalxıb Vüsaldan aralaşmaq istəyərkən Vüsal yumruqla onun sağ gözaltı nahiyəsindən vurmuşdur. Bunu görən qonaqlar onları ayırmışlar. Bundan sonra o, oradan uzaqlaşıb evin qarşı tərəfinə getmiş, pilləkəndə oturub siqaret çəkməyə başlamışdır. Daha sonra Vüsalın onu söyə-söyə evin böyrü ilə yanına gəldiyini görmüşdür. Vüsal onun pilləkəndə otuduğunu görüb aşağı düşməyini tələb etmiş, hətta “düşməyənin var yoxunu....” deməklə söyüş etmiş, onu aşağı düşməyə təhrik etmiş və o da Vüsalın bu sözündən sonra aşağı düşmüşdür. O, düşərkən pilləkənin kənarında balaca bıçaq olduğunu görmüş, bıçağı özü ilə götürmüş və gəlib pilləkənin kənarında durmuşdur. Vüsal isə onu söyərək üzərinə gəlmiş və çatar-çatmaz onu yumruq və təpik zərbələri ilə sifətinə və bədəninin müxtəlif nahiyələrinə vurmağa başlamışdır. O, əlil olduğu üçün Vüsala müqavimət göstərmək imkanı olmamış, döyüləcəyini bilmiş və buna görə Vüsal onu vurub yerə yıxarkən o, özünü müdafiə etmək üçün əlindəki bıçaqla Vüsalın qarın nahiyəsindən bir dəfə zərbə endirmişdir. Daha sonra ətrafdakı şəxslər onları ayırmışlar. Onu evin arxasına, Vüsalı isə xəstəxanaya aparmışlar. Hadisədən sonra o, özü könüllü olaraq polisə gedib təslim olmuş və Vüsalı vurduğu bıçağı təsqdim etmişdir. Zərərçəkmiş şəxslə barışmış, münasibətləri bərpa olunmuşdur. Əməlindən peşimandır. Cinayət işinə məhkəmə baxışı zamanı tədqiq olunan «ifadənin yerində yoxlanılması haqqında» 08 sentyabr 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs ifadəsi hadisə yerində yoxlanılmış və müəyyən edilmişdir ki, sonuncu sərbəst ifadəsində göstərdiyi xüsusatları hadisə yerində əyani olaraq bir daha təsdiq etmişdir. İfadə hadisə yerində yoxlanılarkən müvafiq fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir (iş vərəqə: 16-19). Cinayət işinə məhkəmsə baxışı zamanı zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, 2006-cı ildən etibarən Şahid tanımışdır. Belə ki, Şahid Yardımlı rayon İcra Hakimiyyəti başçısının müavini, o isə köməkçi işləmiş və həmin vaxtdan onların dostluq münasibətləri olmuşdur. Mahirin ünvan 3 ünvanında bağ evi olmuş, o, arada bir ailəsiylə birlikdə həmin bağ evinə gəlib-getmişdir. Təqsirləndirilən şəxs isə Mahirin evində işləyən bağban kimi tanımışdır. Ramil orada həm yaşamış, həm evi mühafizə etmiş və həm də evin səliqə- səhmanına nəzarət etmişdir. Zərərçəkmiş şəxs ifadəsinin davamında göstərdi ki, hadisə günü, yəni 07 sentyabr 2023-cü il tarixdə o, dostu Mahirin ad günü münasibətilə ailəvi Mahirin Mərdəkanda yerləşən evinə gəlmişdir. O, məclisə gec gəldiyindən “ştraf” edilmiş, (burada: cərimələnmiş) həm də yaxın zamanlarda anasını «itirdiyindən» çox cpirtli içki içmişdir. Saat təxminən 21 radələrində yeyib-içdikdən sonra həyətdə hovuzun kənarında çay içmək üçün əyləşmişlər. Təqsirləndirilən şəxs isə onlara qulluq etmişdir. Həmin vaxt Ramilin balaca oğlu onun qızına şillə vurmuş, o da zarafatla öz oğluna “bacını vururlar, niyə durub baxırsan?” demişdir. Bir qədər keçdikdən sonra Ramil onun üzərinə gələrək nə üçün oğlunu söydüyünü ona bildirmişdir. O isə Ramilə onun oğlunu söymədiyini bildirmişdir. Lakin Ramil ona inanamayaraq onunla mübahisə etməyə başlamışdır. O, içkili olduğundan Ramilin sözləri ona təsir etmiş və onlar qarşılıqlı olaraq birbirilərinə nalayiq ifadələr işlətməyə başlamışlar. Hadisədən sonra orada olanların deməsinə görə Ramil özü də içkili olmuşdur. Lakin o, özü Ramillə içki içməmişdir. Bundan sonra ətrafda olan şəxslər araya girib onları ayırarkən o, qeyri-adi refleks olaraq Ramilə tərəf yumruq atmış, lakin yumruğunun Ramilin bədəninin hansı nahiyəsindən dəydiyini bilməmişdir. Onları ətrafda olan şəxslər ayırmışlar. O, baş vermiş hadisəyə görə Mahirdən incimiş və durub getmək üçün taksi sifariş vermişdir. Taksi gələn zaman o qapıya çıxanda Ramilin səsini eşitmişdir ki, “gözlə gəlirəm” demişdir. Ətraf qaranlıq, saat isə təxminən gecə 01 radələri olmuşdur. Ramil həyətdə onun üzərinə qaçmağa başladıqda o da avtomatik Ramilə tərəf getmişdir. Ramil ona yaxınlaşan zaman əlindəki onun görmədiyi cismlə onun qarın nahiyəsindən vurmuşdur. Ətrafdakı şəxslər onları ayırmaq istəyən zaman Ramil adamların arasından çıxaraq ikinci dəfə əlindəki cismlə bədəninin eyni yerindən onu vurmuşdur. O, dərhal arxaya çəkilmiş, bədənini yoxlayan zaman o, bədən nahiyəsindən qan gəldiyini görmüşdür. Bundan sonra o, dərhal bayıra çıxıb taksinin gəldiyini görmüş, taksiyə əyləşib xəstəxanaya sürməsini istəmişdir. O, xəstəxanaya tək getmiş, ailəsi Mahirin evində qalmış, sonradan qaynı gedib onları götürüb aparmışdır. Mərdəkanda onu xatırlamdığı xəstəxanaya aparmış, orada isə onun şəhərə aparmaq lazım olduğunu bildirmişlər. Daha sonra onu ambulansla Sabunçuda yerləşən 3 saylı xəstəxanaya aparmışlar. Xəstəxanaya girəndə o ayılmış və həmin xəstəxananın şəraiti pis olduğu üçün orada qalmaq istəməmişdir. Onu ora gəlmiş qaynı “Bonadea” xəstəxanasına aparmış və orada əməliyyat olunmuşdur. Hadisədən sonra o, Ramili uşaqlarına xatir bağışlamışdır, ona qarşı şikayəti və tələbi qalmamışdır. Məhkəmə baxışı zamanı tədqiq olunan Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında keçirilmiş üzləşmədə dindirmə protokolundan görünür ki, hər iki şəxs istintaqa vermiş olduqları sərbəst ifadələrində göstərdikləri xüsusatları bir-birinin üzünə qarşı təsdiq etmişlər (iş vərəqə: 106-108). Məhkəməyədək icraat mərhələsində iş üzrə şahid qismində dindirilmiş və adı məhkəməyə dəvət olunmalı şəxslərin siyahısına əlavə edilmiş Şahid ifadəsi məhkəmə baxışı zamanı elan edilməklə tədqiq edilmişdir. Şahid tədqiq olunan ifadəsində göstərmişdir ki, o, təxminən 2006-cı ildən etibarən Zərərçəkmiş şəxs tanımış, onunla iş yoldaşı olmuşlar. Təqsirləndirilən şəxs isə təxminən 3 il ərzində tanımışdır. Təqsirləndirilən şəxs onun baldızına məxsus, lakin onun yaşadığı Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, X5 küçəsi ev 5 ünvanında həm yaşamış, həm də evi mühafizə etmişdir. O özü Yardımlı rayonunda yaşasa da, həmin evə arada bir gəlib-getmişdir. Sonuncu dəfə 18 avqust 2023-cü il tarixdə yenidən həmin evə istirahət etmək üçün gəlmişdir. Şahid tədqiq olunan ifadəsində, həmçnin göstərmişdir ki, onun özünün ad günü 31 avqustda olsa da, məhərrəmliyə görə ad gününü 07 sentyabr 2023-cü il tarixə təyin etmişdir. Həmin tədbirlə bağlı dostu Zərərçəkmiş şəxs də evinə dəvət etmişdir. 07 sentyabr 2023-cü il tarixdə, təxminən saat 19 radələrində Vüsal ailə üzvləri ilə birlikdə onun evinə qonaq gəlmişdr. Vüsaldan başqa digər dost-tanışları da ailə üzvləri ilə birlikdə onun məclisinə gəlmişlər. Həyətində olan söhbətgahın içərisində süfrə açmış, evinə gələn dostlarıyla həmin süfrədə yeyib-içmişlər. Vüsal da onların arasında olmuşdur. Ramil də həmin gün evdə olmuşdur. Ramilin və Vüsalın uşaqları həyətdə oynamışlar. Həmin vaxt Ramilin oğlu Vüsalın qızını vurduğu üçün qız ağlamış, Vüsal qızından onu kimin vurduğunu soruşanda Vüsalın oğlu bacısını Ramilin oğlunun vurduğunu bildirmişdir. Vüsal da oğluna “bacını vururlar, sən niyə durub baxırsan?” demiş və Ramilin oğlunu tutaraq öz oğlundan Ramilin oğlunu vurmasını istəmişdir. Uşaq da Ramilin oğlunu vurmuşdur. Vüsal uşağı buraxıb uşağa “Suka” sözünü deyərək nalayiq ifadələr işlətmişdir. Ramil onlara siqaret gətirən zaman bunu eşitmiş və Vüsala düzgün hərəkət etmədiyini irad kimi bildirmişdir. Lakin Vüsal içkili olduğu üçün Ramilə kobud sözlərlə cavab vermiş və bundan sonra aralarında mübahisə yaranmışdır. Mübahisə əsnasında Vüsal Ramili yumruqla sifət nahiyəsindən vurmuşdur. O, Ramili aralayıb aparmış, ona “Vüsal səni nə söyürsə, elə bil ki, məni söyür” demiş və Vüsalın söyüşlərinə cavab verməməsini xahiş etmişdir. Vüsal əlindəki stəkanı Ramilin arxasınca atmış, lakin stəkan Ramilə dəyməyərək kənar keçmişdir. Sonra Vüsal onun Ramildən üzrxahlıq etdiyini görüb ondan incimiş və taksi sifarış verib gedəcəyini demişdir. Ramili isə həyətdə özünün qaldığı evinə aparmışlar. Vüsal bu arada yüksək səslə Ramilin ünvanına nalayiq ifadələr işlətməyə davam etmişdir. Bu əsnada taksi Vüsala zəng edərək çatdığını bildirmişdir. Vüsal taksiylə getmək üçün qapıya yaxınlaşan zaman söyüşlərini söyməkdə davam etmişdir. Ramil isə yuxarı piləkəndən Vüsalın söyüşlərini eşitmişdir. Bundan sonra Ramil aşağı düşmüş və Vüsalla əlbəyaxa olmuşlar. Vüsal Ramili döyən zaman Ramil də bıçaqla Vüsalın qarın nahiyəsindən vurmuşdur. Həmin vaxt Vüsal Ramildən aralanmışdır. Ramil Vüsalı vuran zaman yanlarında Akif, Cəmşid və Nicat olmuşdur. O, səs-küyə gələn zaman Vüsalın qan içində olduğunu görmüşdür. Daha sonra onlar Vüsalın sifariş verdiyi taksi ilə 26 saylı xəstəxanaya, oradan da 3 saylı xəstəxanaya getmişlər. Lakin Vüsal 3 saylı xəstəxanada müalicə almaq istəmədiyi üçün Nizami rayonu ərazisində yerləşən “Bonadea” xəstəxanasına yollanmışdır (iş vərəqə: 92-94). Məhkəməyədək icraat mərhələsində iş üzrə şahid qismində dindirilmiş, lakin adı məhkəməyə dəvət olunmalı şəxslərin siyahısına əlavə edilməmiş X2 ifadəsi məhkəmə baxışı zamanı elan edilməklə tədqiq edilmiş və müəyyən edilmişdir ki, şahid X4 tədqiq olunan həmin ifadəsində Şahid ifadəsinə oxşar ifadə verərək, onun işin halları ilə bağlı ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir (iş vərəqə: 95-97). İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan «hadisə yerinə baxış keçirilməsi haqqında» 08 sentyabr 2023-cü il tarixli protokoldan görünür ki, cinayət hadisəsi Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, H.Z.Tağıyev küçəsində yerləşən 5 saylı bağ evinin ərazisində baş vermişdir. Hadisə yerinə baxış keçirilərkən müvafiq fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir (iş vərəqə: 6-8). Cinayət işinə məhkəmə baxışı zamanı tədqiq olunan «geyim əşyalarına baxış keçirilməsi haqqında» 02 oktyabr 2023-cü il tarixli protokoldan görünür ki, iş üzrə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs iştirakı ilə “Bonadea” xəstəxanasından götürülmüş sonuncuya məxsus geyim əşyasına baxış keçirilmiş, baxış zamanı həmin geyim əşyasının 01 ədəd tünd göy rəngli köynəkdən ibarət olduğu, həmçinin həmin geyim əşyasının üzərində 01 ədəd deşilmiş-kəsilmiş zədənin olması aşkar edilmişdir. Baxışda iştirak edən Zərərçəkmiş şəxs baxış keçirilən geyim əşyası ona məxsus olduğunu, baş vermiş hadisə zamanı ona bıçaqla xəsarət yetirilərkən həmin geyim əşyasının onun əynində olduğunu bildirmişdir (iş vərəqə: 90). Məhkəmə baxışı zamanı tədqiq olunan məhkəmə-tibbi ekspertizasının 10 oktyabr 2023-cü il tarixli, 1223 nömrəli rəyindən görünür ki, zərərçəkmiş Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarət - mədənin və yoğun bağırsağın yaralanması ilə müşayiət olunan qarının sol yan divarının daxilə (qarın boşluğuna) nüfuz edən 1 ədəd deşilmişkəsilmiş yarası deşici-kəsici alət (ola bilsin bıçaq) təsirindən törənmiş, törənmə müddəti onun “X8” Hospitala müraciətindən az əvvəl olmaqla, qərarda göstərilən 08 sentyabr 2023-cü il tarixə uyğun gələ bilər və həyat üçün təhlükəli olan sağlamlığa ağır dərəcəli zərərvurmaya aiddir. Tədqiq olunan həmin rəydən həmçinin görünür ki, zərərçəkmiş Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarətin xarakterinə və lokalizasiyasına əsasən, həmin xəsarətin kənar şəxs tərəfindən yetirilməsi inkar olunmur (iş vərəqə: 113-117). Həmçinin, işdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan məhkəmə-tibbi ekspertizasının 08 sentyabr 2023-cü il tarixli, 1087 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədənində aşkar edilmiş xəsarətlər – sol üst göz qapağının qançırı, sol almacıq nahiyyəsinin hemotoması, burun sümüyünün yerdəyişməyən sınığı olaraq aşkar edilmişdir. Tədqiq olunan rəydən görünür ki, aşkar olunan xəsarətlər küt əşya (əşyalar) tərəfindən törənmişdir, törənmə müddətləri qərarda göstərilən 08 sentyabr 2023-cü il tarixə uyğun gəlir və sağlamlığın qısa müddətə pozulmasına səbəb olduqlarına görə bunlar sağlamlığa yüngül dərəcəli zərərvurmaya aiddirlər (iş vərəqə: 109, 110-111). Ən nəhayət, tədqiq olunan rəydən görünür ki, qeyd olunan xəsarətlərin xarakterinə və lokalizasiyasına əsasən Təqsirləndirilən şəxs bədənində aşkar olunan xəsarətlərin kənar şəxs tərəfindən yetirilməsi istisna olunmur. Bundan başqa, cinayət işinə məhkəmə baxışı zamanı tədqiq olunan ambulator məhkəmə-psixiatrik ekspertizasının 31 oktyabr 2023-cü il tarixli, 3041 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda, yəni ekspert müayinəsi zamanı üzvi şəxsiyyət pozuntusu formasında psixi pozuntu müəyyən edilir. Təqsirləndirilən şəxs müəyyən edilən şəxsiyyət pozuntusu o dərəcədə ifadə olunmayıb ki, o, qərarda göstərilən əməl dövründə öz əməlinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmasın. Təqsirləndirilən şəxs qərarda göstərilən hallar barəsində görə anlaqlı hesab edilməlidir. Tədqiq olunan həmin rəydən həmçinin görünür ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Bununla yanaşı qeyd edilməlidir ki, Təqsirləndirilən şəxs aşkar edilən üzvi mənşəli şəxsiyyət pozuntusu diaqnozlu psixi xəstəliklə əlaqədar öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini tam dərk etmək və onları tam idarə etmək iqtidarında olmayan şəxs kimi onun əməli Azərbaycan respublikası CM-nin 22.1-ci maddəsinin təsiri altına düşür. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs hazırki psixi vəziyyətinə görə istintaq hərəkətlərində iştirak etmək iqtidarındadır, bu iş üzrə prosessual fəaliyyət qabiliyyətlidir (iş vərəqə: 127-130). İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan kompleks məhkəmə-bioloji və tibbi-kriminalistik ekspertizasının xx.xx.2023-cü il tarixli, 727/2023-MTBŞ saylı rəyindən görünür ki: - Zərərçəkmiş şəxs AB0 sistemi üzrə qan qrupu Balfa/İİİ/-dir (şəxsiyyət vəsiqəsinin kserosurətinə əsasən) - Təqsirləndirilən şəxs AB0 sistemi üzrə qan qrupu A/İİ/-dir (axtarış vərəqəsinin kserosurətinə əsasən) - Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus köynək üzərində qana şübhəli ləkələr aşkar olunmadı (iş vərəqə: 136-138). Bundan başqa, işdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan kompleks məhkəmə-bioloji və tibbi-kriminalistik ekspertizasının xx.xx.2023-cü il tarixli, 544/2023- MTKŞ saylı rəyindən görünür ki:
1. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus köynəyin ön səthində solda 01 (bir) ədəd deşilmiş-kəsilmiş zədə aşkar edildi. Bu zədə küpü, kafi itilikdə olan ülgücü və iti ucu olan yastı tiyə tipli deşici kəsici alətin (ola bilsin bıçağın) təsirindən törənmişdir.
2. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus köynəyin ön səthində solda 01 ədəd olan deşilmiş-kəsilmiş zədə onun bədənində aşkar edilmiş xəsarətmədənin və yoğun bağırsağın yaralanması ilə müşayiət olunan qarnın sol yan divarının daxilə (qarın boşluğuna) nüfuz edən 01 ədəd deşilmiş-kəsilmiş yarası ilə nisbi olaraq üstüstə düşür (iş vərəqə: 132-135). Beləliklə, məhkəmə tam, hərtərəfli və obyektiv araşdırma aparıb, tədqiq olunan sübutlar toplusuna məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs sağlamlığına ağır zərər vuran bədən xəsarəti yetirməsi mötəbər və təkzibedilməz sübutlarla tam təsdiq olunduğundan onun əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə düzgün ixtisaslaşdırılmışdır. Ona görə də Təqsirləndirilən şəxs əməli məhkəmə tərəfindən həmin maddə ilə tövsif edilməli və o, Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirli bilinərək cəzalandırılmalıdır. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CPM-nin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmədə Təqsirləndirilən şəxs törətdiyi əmələ görə özünü təqsirli bilmiş, baş vermiş cinayət hadisəsini zərərçəkmş şəxsin qanuna zidd hərəkətlərinin təsiri nəticəsində törətdiyini bildirmişdir. Həmçinin son sözlə məhkəməyə müraciət edən Təqsirləndirilən şəxs törətmiş olduğu əməldən son dərəcə peşman olduğunu, zərər çəkmiş şəxslə barışdığını bildirmiş və barəsində olan bütün yüngülləşdirici halların cəza təyin edilərkən nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onu cinayət məsuliyyətindən və cəzadan azad etmə üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsirini nəzərə alır. İşdə olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin əməliyyat-sorğu arayışından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (iş vərəqə: 121). İlk növbədə məhkəmə baxışı zamanı müəyyən olundu ki, baxılan iş üzrə cinayət hadisəsi Zərərçəkmiş şəxs qanunsuz hərəkətlərinin təsiri nəticəsində baş vermişdir. Belə ki, təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamın məzmunundan da göründüyü kimi, cinayət hadisəsi 07 sentyabr 2023-cü il tarixdən 08 sentyabr 2023-cü il tarixə keçən gecə Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, H.Z.Tağıyev küçəsində yerləşən 5 saylı bağ evində baş vermiş, həmin gün bağ sahəsində keçirilən doğum günü məclisində qonaq kimi dəvət olunan zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs alkoqol sərxoşluğu vəziyyətində olarkən sonuncunun və həmin bağ sahəsində gözətçi və bağban kimi işləyən və həmin gün doğum günü məclisində qonaqlara xidmət göstərən Təqsirləndirilən şəxs azyaşlı uşaqları arasında baş vermiş uşaq çəkişməsinə zərər çəkmiş şəxsin müdaxilə edib Təqsirləndirilən şəxs azyaşlı uşağını, sonra isə davam edən saatlarda Təqsirləndirilən şəxs özünü təhqir etməsi, daha sonra Təqsirləndirilən şəxs döyüb ona bədən xəsarətləri yetirməsi nəticəsində zərər çəkmiş şəxsin təşəbbüsü ilə aralarında yaranan şəxsi münasibətlər zəminində yaranmış münaqişə zamanı Təqsirləndirilən şəxs zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs bıçaqla vuraraq onun sağlamlığına ağır zərər vuran bədən xəsarəti yetirmişdir. İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan sənədlərlə müəyyən edildi ki, istər məhkəməyədək icraat və istərsə də məhkəmə baxışı mərhələsində Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs ərizə ilə müraciət edərək bir-biri ilə barışdıqlarını, bir-birindən şikayət və tələbləri olmadıqlarını bildirmişlər (iş vərəqə: 119, 120, iş materialları). Məhkəmə baxışı zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs himayəsində 2011 və 2020-ci il təvəllüdlü iki nəfər azyaşlı uşqaları vardır. İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Realibitasiya Xidməti 34 saylı Tibbi Sosial Ekspert Komissiyasının rəyinə, digər tibbi sənədlərə və Elektron Məhkəmə Sisteminə daxil edilmiş məlumatlara əsasən baxılan iş üzrə Təqsirləndirilən şəxs İ qrup əlillik təyin edilmişdir (iş vərəqə: 57, 58). Həmçinin işdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan məhkəmə-tibbi ekspertizasının 08 sentyabr 2023-cü il tarixli, 1087 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədənində sol üst göz qapağının qançırı, sol almacıq nahiyyəsinin hemotoması, burun sümüyünün yerdəyişməyən sınığı kimi xəsarətlər aşkar edilmişdir və törənmə müddətləri 08 sentyabr 2023-cü il tarixə uyğun gəlir. Ən nəhayət, məhkəmə baxışı zamanı tədqiq olunan ambulator məhkəmə-psixiatrik ekspertizasının 31 oktyabr 2023-cü il tarixli, 3041 saylı rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs aşkar edilən üzvi mənşəli şəxsiyyət pozuntusu diaqnozlu psixi xəstəliklə əlaqədar öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini tam dərk etmək və onları tam idarə etmək iqtidarında olmayan şəxs kimi onun əməli Azərbaycan respublikası CM-nin 22.1-ci maddəsinin təsiri altına düşür, yəni o, anlaqlılığı istisna etməyən psixi pozuntusu olan şəxsdir. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Məhkəmə təqsirləndirilən şəxs X3 himayəsində azyaşlı uşaqlarının olmasını Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə, cinayətin fiziki məcburiyyət təsiri altında törədilməsini Cinayət Məcəlləsinin 59.1.6-cı maddəsinə, cinayətin zərərçəkmiş şəxsin qanunsuz hərəkətlərinin təsiri altında törədilməsini Cinayət Məcəlləsinin 59.1.8-ci maddəsinə, cinayətin anlaqlılığı istisna etməyən psixi pozuntusu olan şəxs tərəfindən törədilməsini Cinayət Məcəlləsinin 59.1.9-cu maddəsinə, zərərçəkmiş şəxslə barışıq əldə edilməsini Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə və ən nəhayət, cinayətin İ qrup əlil şəxs tərəfindən törədilməsini Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən hallar qismində nəzərə alır. Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəza məsələsini müzakirə edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən ağır cinayət törətməsi nəzərə alınmalı, həm sosial ədalətin bərpası, həm onun islah olunması, təqsirləndirilən şəxsin özü və başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısının alınması məqsədi ilə ona Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsinin sanksiyasının aşağı həddində, Təqsirləndirilən şəxs barəsində cəzanı yüngülləşdirən halları nəzərə almaqla, cəza təyinetmənin ümumi prinsiplərinə və təqsirləndirilən şəxsin şəxsiyyətinə uyğun, ədalətli azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Lakin məhkəmə kollegiyası Təqsirləndirilən şəxs haqqında olan yüngülləşdirici halları nəzərə alaraq, onun cəza çəkmədən də islah oluna biləcəyinin mümkünlüyünü qeyd edir və barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq olunmaqla, həmin Məcəllənin 70.3-cü maddəsində göstərilən hədlər daxilində sınaq müddəti təyin olunaraq şərti məhkum edilməsini məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası CM-nin 70.1-ci maddəsinə görə islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Həmin Məcəllənin 70.3-cü maddəsinə əsasən şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Sınaq müddəti altı aydan beş ilədək müddətə müəyyən edilir. Təyin ediləcək azadlıqdan məhrum etmə cəzası şərti olaraq tətbiq edilərkən Azərbaycan Respublikası CM-nin 70.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə, həmçinin vəzifə qoyulmalı, həmin Məcəllənin 70.6-cı maddəsinə əsasən isə onun üzərində nəzarət müvafiq dövlət orqanlarına, bu halda onun daimi qeydiyyatda olduğu yer üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Saatlı rayon İcra və Probasiya Şöbəsinə həvalə olunmalıdır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “30” aprel 2021-ci il tarixli qərarının 2-ci bəndində nəzərdə tutulan “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2003-cü il 25 iyun tarixli, 4 nömrəli qərarında dəyişiklik edilmiş və həmin dəyişikliyə əsasən məhkəmələrə tövsiyə edilmişdir ki, cəza şərti olaraq tətbiq edilərkən nəzərə alınmalıdır ki, Cinayət Məcəlləsinin 70.1-ci maddəsi məhz təyin edilmiş cəzanın şərti olaraq tətbiq edilməsini təsbit etdiyindən, təqsirləndirilən şəxsin hökm çıxarılanadək həbsdə, ev dustaqlığında olduğu müddətlər təyin edilən cəza müddətinə hesablanmamalı və qərar çəkilməli olan deyil, təyin olunmuş cəzanın şərti olaraq tətbiq edildiyini əks etdirməlidir.” Məhkəmə baxışı zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat mərhələsində 08 sentyabr 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 09 sentyabr 2023-cü il tarixdə barəsində “Başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmiş və o, həbsdən azad edilmişdir. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 158.6-cı maddəsinin tələbləri (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində həbsdə və ya ev dustaqlığında saxlanılan müddətin cəza müddətinə daxil edilməsi) tətbiq edilməməlidir. Həmçinin, məhkəmə kollegiyası təqsirləndirilən şəxsə təyin olunan azadlıqdan məhrum etmə cəzasının əvvəli ilə əlaqədar məsələni müzakirə edib belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin barəsində şərti məhkum etmə tətbiq edildiyindən qanunun bu müddəası istisna təşkil edəcəkdir. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində məhkəməyədək icraat zamanı seçilmiş və məhkəmənin hazırlıq iclasının müvafiq qərarına əsasən dəyişdirilmədən saxlanılmış “Başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri ilə bağlı məsələni müzakirə edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində tətbiq olunacaq şərti məhkum etmə ilə əlaqədar onun barəsində seçilmiş “Başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə məhkəmə məsrəfləri yoxdur, qanunla müəyyən olunan qaydada mülki iddia verilməmişdir və əmlak üzərinə həbs qoyulmamışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 345-347, 349, 351- 354, 356, 381, 384.1 maddələrini rəhbər tutaraq, məhkəmə
HÖKM ETDİ:
Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilən cəza şərti olaraq tətbiq edilsin və ona 1 (bir) il 6 (altı) ay sınaq müddəti müəyyən olunsun. Sınaq müddətinin əvvəli hökmün qanuni qüvvəyə mindiyi tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “Başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs üzərinə onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs davranışı üzərində nəzarət onun daimi qeydiyyatda olduğu yer üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Saatlı rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. İş üzrə maddi sübut – Bakı şəhəri Xəzər RPİ-nin maddi sübutların saxlanc yerində saxlanılan, hadisə vaxtı Zərərçəkmiş şəxs əynində olmuş 01 (bir) ədəd köynək təyinatını itirdiyindən məhv edilsin. İş üzrə məhkəmə məsrəfləri yoxdur, qanunla müəyyən olunan qaydada mülki iddia verilməmişdir və əmlak üzərinə həbs qoyulmamışdır. Hökmdən elan olunduğu vaxtdan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.