Məhkəmə qərarları › İş №1(101)-1305/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Qərar — İş №1(101)-1305/2021

07.07.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(101)-1305/2021 07.07.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ (cinayət işinin baxılmasına xitam verilməsi və işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması haqqında) Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi İsmayılov Eldar Herov oğlunun sədrliyi, hakimlər Hüseynov Cavid İbadulla oğlu və Əliyev Samir İmamverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X4, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçilər - Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi1 və Müdafiəçi2 iştirakı ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin hazırlıq iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Cinayət işi 10 aprel 2019-cu il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq şöbəsinin xüsusilə mühüm işlər üzrə baş müstəntiqi, polis polkovnik-leytenantı X7 tərəfindən Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə başlanmışdır. 10 aprel 2019-cu il tarixdə Təqsirləndirilən şəxs iş üzrə şübhəli şəxs qismində tutulmuş, 11 aprel 2019-cu tarixdə ona Azərbaycan Respublikası CMnin 234.4.3-cü maddəsi ilə ittiham elan edilərək, həmin tarixdə Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmişdir. 16 avqust 2019-cu tarixdə Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə elan edilmiş ittihamın məzmununda dəyişiklik edilməklə ona həmin maddə ilə yenidən ittiham elan olunmuşdur. 04 sentyabr 2019-cu il tarixdə ittiham aktı tərtib edilərək cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin 18 sentyabr 2019-cu il tarixli 1(101)-960/2019 nömrəli təqsirləndirilən şəxsin məhkəməyə verilməsi və məhkəmə baxışının təyin edilməsi barədə qərarına əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə məhkəməyə verilmişdir. Məhkəmənin 25 sentyabr 2020-ci il tarixli tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib 8 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Müdafiə tərəfinin apellyasiya şikayəti əsasında, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası 11 dekabr 2020-ci il tarixli 1(103)-1320/2020 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə məhkum edilməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 25 sentyabr 2020-ci il tarixli hökmünü və həmin məhkəmənin iş üzrə 18 sentyabr 2019-cu il tarixli hazırlıq iclasının qərarını ləğv etmiş və cinayət işinin birinci instansiya məhkəməsinə məhkəmənin hazırlıq iclası mərhələsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Cinayət Kollegiyasının 04 may 2021-ci il tarixli 1(102)-681/2021 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 11 dekabr 2020-ci il tarixli ilkin baxış qərarı dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi 21 iyun 2021-ci il tarixdə 1(101)-1305/2021 nömrə altında Bakı Ağır Cinayətlər Məhkəməsinin icraatına daxil olmuş və məhkəmənin hazırlıq iclasında baxılması üçün 01 iyul 2021-ci il tarixə təyin olmuşdur. Həmin iclasda Dövlət ittihamçısı məhkəməyə müraciət edərək iş materialları ilə tanış olmaq üçün ona vaxt verilməsini xahiş etmiş və bu səbəbdən məhkəmənin hazırlıq iclası 07 iyul 2021-ci il tarixə təxirə salınmışdır. Məhkəmənin hazırlıq iclasında təqsirləndirilən Təqsirləndirilən şəxs müdafiəçiləri - Bakı şəhəri, 2 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi2 və Müdafiəçi1 birgə yazılı vəsatət verərək, hüquqlarını müdafiə etdikləri şəxsin ibtidai araşdırma zamanı müdafiə hüququnun kobud şəkildə pozulduğunu qeyd etməklə, cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdilər. Tərsirləndirilən Təqsirləndirilən şəxs müdafiəçiləri tərəfindən verilmiş vəsatəti müdafiə etdiyini bildirdi. Dövlət ittihamçısı verilmiş vəsatətin əsassız olduğunu bildirərək, onun təmin olunmadan rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə kollegiyası cinayət işinin materiallarını araşdırıb, müdafiə tərəfinin qaldırdığı vəsatəti müzakirə edərək və proses iştirakçılarının fikirlərini dinləyib hesab edir ki, vəsatət əsaslı olduğundan təmin edilməli, cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır. Belə ki, iş materiallarına əsasən, «Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair» qərarın tarixi “09 aprel 2019-cu il” qeyd edilmiş və qərar Azərbaycan Respublikası DİN Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəisi H.Aslanov tərəfindən 10 aprel 2019-cu il tarixdə təsdiq olunmuşdur. Təqsirləndirilən şəxs 09 dekabr 2019-cu il tarixdə Azərbaycan Respublikası DİN Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəisi H.Aslanova ərizə ilə müraciət edərək, kirayə yaşadığı evə və həyətyani sahəyə baxış keçirilməsinə etiraz etmədiyini bildirmişdir. Cinayət işinin materiallarına əsasən, 10 aprel 2019-cu il tarixdə şübhəli şəxs Təqsirləndirilən şəxs vəkillər siyahısının təqdim edilməsi barədə protokol tərtib olunmuş və eyni tarixdə müdafiəçi dəvət olunması haqqında qərar qəbul edilmişdir (cild 1, səhifə 14-16). İşdə olan 000498№-li 10 aprel 2019-cu il tarixli orderdən görünür ki, Bakı şəhəri, 6 saylı Vəkil Bürosunun vəkili X1 Faiq Sahib oğluna hüquqi yardım göstərilməsi üçün ayrılmışdır. 10 aprel 2019-cu il tarixdə vəkil X1 Faiq Sahib oğluna müdafiəçi qismində təqdim edilmiş, buna dair müvafiq protokol tərtib olunmuşdur (cild 1, səhifə 20). Cinayət işinə əlavə edilmiş 10 aprel 2019-cu il tarixli «Əməliyyat tədbirinin keçirilməsi və maddi sübutun götürülməsi barədə» protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə baxış keçirilməsi 09 aprel 2019-cu il tarixdə, saat 20:05-də başlanılmış, saat 20:25-də başa çatmışdır. Təqsirləndirilən şəxs idarə etdiyi avtomaşına baxış keçirilməsi 09 aprel 2019-cu il tarixdə saat 20:30-da başlamış, saat 21:10-da başa çatmışdır. Təqsirləndirilən şəxs yaşadığı ünvana baxış keçirilməsi həmin tarixdə saat 21:45-də başlanılmış, saat 22:20-də başa çatmışdır. «Əməliyyat tədbirinin keçirilməsi və maddi sübutun götürülməsi barədə» 10.04.2019-cu il tarixli protokolun tərtibi saat 00:10-da başlanılmış və 00:50-də qurtarmışdır. Protokolu saxlanılan şəxs Təqsirləndirilən şəxs, hal şahidləri Şahid5, Şahid6, iştirakçılar Şahid1, Şahid2, Şahid3 və müdafiəçi X8 imza etmişlər (cild 1, səhifə 21-23). İş materiallarında olan 10 aprel 2019-cu il tarixli «Cinayət törətməkdə şübhə edilən şəxsin tutulması haqqında» protokolun tərtib olunması saat 00:55-də başlanılmış, 01:05-də qurtarmış və Bakı şəhəri, 6 saylı Vəkil Bürosunun vəkili X8 prosessual hərəkətdə iştirak etmiş və statusu “müdafiəçi” qeyd olunmuşdur (cild 1, səhifə 25). Göründüyü kimi, «Əməliyyat tədbirinin keçirilməsi və maddi sübutun götürülməsi barədə» və «Cinayət törətməkdə şübhə edilən şəxsin tutulması haqqında» 10.04.2019-cu il tarixli protokollarda Bakı şəhəri, 6 saylı Vəkil Bürosunun vəkili X3 iştirakı qeyd edilsə də, «Müdafiəçi dəvət olunması haqqında» 10.04.2019-cu il tarixli qərardan, həmin tarixli qərarın Bakı şəhəri, 6 saylı Vəkil Bürosuna göndərilməsi barədə müşaiyət məktubundan və «Müdafiəçi təqdim edilməsi haqqında» protokoldan görünür ki, müdafiəçinin cinayət prosesində iştirakı qeyd edilən prosessual hərəkətlərdən sonra baş verməsi əks olunmuşdur. Yuxarıda şərh olunanlardan müəyyən olunur ki, 09 aprel 2019-cu il tarixdə ilkin olaraq saat 20:05-də başlanılmış prosessual hərəkət nəticəsində Təqsirləndirilən şəxs üzərinə, bir müddət sonra idarə etdiyi avtomaşına və daha sonra yaşadığı ünvana müəyyən vaxt intervalı daxilində baxış keçirilmiş, bundan sonra cinayət təqibi üzrə prosessual hərəkətlər 10.04.2019cu il tarixdə saat 00:10-dan 00:50-dək protokollaşdırılmışdır. Sonrakı mərhələdə isə müdafiəçinin prosesdə iştirakı qeyd edilən prosessual hərəkətlərdən sonra baş verməsi rəsmiləşdirilmişdir. Halbuki vəkil Ə.Əliyev müdafiəçi qismində “Əməliyyat tədbirinin keçirilməsi və maddi sübutun götürülməsi barədə” protokolu imzası ilə təsdiq etmişdir. Azərbaycan Respublikası CPM-nin 51.2-ci maddəsinə əsasən, cinayət təqibi üzrə aparılan prosessual hərəkətlərin gedişinin və nəticələrinin protokollaşdırılması, bir qayda olaraq, cinayət prosesini həyata keçirən orqan tərəfindən təmin edilməlidir. Cinayət təqibi üzrə prosessual hərəkətin aparılması haqqında protokol bu hərəkətin gedişi zamanı və ya qurtardıqdan bilavasitə sonra həmin hərəkəti aparan təhqiqatçı, müstəntiq, prokuror və ya digər müvəkkil edilmiş şəxs tərəfindən tərtib edilir. Cinayət işinin materiallarından müəyyən olunur ki, Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi ilə bağlı Təqsirləndirilən şəxs münasibətdə cinayət təqibi həyata keçirilir, 09 aprel 2019-cu il tarixdə Təqsirləndirilən şəxs saxlanılır və bu tarixdə saat 20:05dən 22:20-dək ilkin istintaq hərəkətləri icra edilir. Bundan sonra 10 aprel 2019-cu il tarixdə «Əməliyyat tədbirinin keçirilməsi və maddi sübutun götürülməsi barədə» protokol tərtib olunur, istintaq hərəkətinin başlanğıcı saat 00:10 kimi, başa çatması isə 00:50 kimi qeyd olunur. Bakı şəhəri, 6 saylı Vəkil Bürosunun vəkili X8 müdafiəçi kimi bu protokolu imza edir. Bundan sonra, vəkil X8 10 aprel 2019-cu il tarixdən başlayaraq Təqsirləndirilən şəxs müdafiəçisi qismində ibtidai araşdırma prosesində iştirak edir və ittiham aktı təsdiq edilib cinayət işi baxılması üçün birinci instansiya məhkəməsinə göndərilir. Göründüyü kimi, 09 aprel 2019-cu il tarixdə saat 20:05-də başlanılan ilkin istintaq hərəkətlərində vəkil X8 iştirak etsə də (10 aprel 2019-cu il tarixdə «Əməliyyat tədbirinin keçirilməsi və maddi sübutun götürülməsi barədə» protokolu imza edərək hərəkətlərin gedişini təsdiq etmişdir ) onun müdafiəçi statusu yalnız 10 aprel 2019-cu il tarixli 000498№-li Vəkil orderi əsasında yaranmışdır. Azərbaycan Respublikası CPM-nin 114-ci maddəsinə əsasən, müdafiəçinin cinayət prosesində şahid qismində iştirak etməsi onun cinayət prosesində sonrakı iştirakını istisna edir. Azərbaycan Respublikası CPM-nin 114.2-ci maddəsinə əsasən, Bu Məcəllənin 114.1-ci maddəsində göstərilən hallardan hər hansı biri olduqda, müdafiəçi özü-özünə etiraz etməlidir. Göründüyü kimi, «Əməliyyat tədbirinin keçirilməsi və maddi sübutun götürülməsi barədə» protokol 10 aprel 2019-cu il tarixdə saat 00:10-dan 00:50-dək tərtib edildiyi zaman vəkil X2 Faiq Sahib oğlunun müdafiəçisi deyil, iş üzrə digər proses iştirakçısı (şahid) olmuş, buna baxmayaraq cinayət prosesini həyata keçirən vəzifəli şəxs tərəfindən sonrakı mərhələdə müdafiəçi qismində prosesə cəlb olunmuş, prosesə buraxılmış və müdafiə tərəfi olaraq prosesdə iştirak etmişdir. Bu vəziyyətdə müdafiəçiyə etiraz edilmədikdə və bundan sonra o, özü-özünə etiraz etməli olduğu halda, qanunvericiliyin sözü gedən tələbi təmin olunmamış, eyni şəxs tərəfindən təqsirləndirilən şəxsə hüquqi yardım göstərilməsi sonrakı mərhələdə də davam etmiş və istintaqın yekunu olaraq cinayət işi baxılması üçün birinci instansiya məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 61-ci maddəsinə əsasən, hər kəsin yüksək keyfiyyətli hüquqi yardım almaq hüququ vardır. Qanunla nəzərdə tutulmuş hallarda bu hüququn təmini ödənişsiz, dövlət hesabına göstərilir. Hər bir şəxsin səlahiyyətli dövlət orqanları tərəfindən tutulduğu, həbsə alındığı, cinayət törədilməsində ittiham olunduğu andan müdafiəçinin köməyindən istifadə etmək hüququ vardır. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İ hissəsinə əsasən, Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. “Azərbaycan Respublikası CPM-in 92.12-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011ci il tarixli qərarına əsasən, hər kəsin yüksək keyfiyyətli hüquqi yardım almaq hüququnun ictimai əhəmiyyəti ondan ibarətdir ki, bu hüquq öz mahiyyətinə görə insan və vətəndaşların hüquq və azadlıqlarının həyata keçirilməsinin vacib təminatıdır. Bu hüququn funksiyalarından biri olan preventiv funksiya nəinki şəxsin öz hüquq və azadlıqlarının qanunauyğun həyata keçirilməsinə kömək edir, həmçinin dövlət hakimiyyəti orqanlarının və onların vəzifəli şəxslərinin insan və vətəndaş hüquq və azadlıqlarının qeyri-qanuni məhdudlaşdırılmasına yönəldilmiş hərəkətlərinin qarşısının alınmasına zəmanət verir. Hər bir şəxsin müdafiəçinin köməyindən istifadə etmək hüququ yüksək keyfiyyətli hüquqi yardım almaq hüququnun növü olaraq Konstitusiyada təsbit olunmuş digər hüquqlarla qarşılıqlı əlaqədədir (qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını müdafiə etmək hüququ, azadlıq hüququ, məhkəmə müdafiəsi hüququ) və onların həyata keçirilməsini təmin edir. Bunun davamı olaraq ədalət mühakiməsinin əsas ünsürlərindən biri kimi, müdafiəçinin köməyindən istifadə etmək hüququnun başlıca məqsədi şübhəli və ya təqsirləndirilən şəxsi müdafiəçi ilə təmin etməklə cinayət prosesində tərəflərin real (həqiqi) bərabərliyinə zəmanət verməkdir. Müdafiə olunmaq hüququ və hüquqi yardım almaq hüququ Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq aktlarda da öz əksini tapmışdır. Belə ki, “Vətəndaş və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktda hər bir şəxsin səmərəli hüquqi yardım hüququnun təmin olunması müəyyən edilmişdir. Paktın 14-cü maddəsinə görə, hər bir şəxs ona qarşı irəli sürülən istənilən cinayət ittihamına baxılarkən öz iştirakı ilə mühakimə olunmaq və özünü şəxsən və ya seçdiyi müdafiəçi vasitəsilə müdafiə etmək; əgər müdafiəçisi yoxdursa, bu hüququ barədə xəbərdar edilmək və ədalət mühakiməsinin maraqları bunu tələb etdiyi istənilən halda onun üçün təyin edilmiş müdafiəçiyə, bu müdafiəçinin haqqını ödəməyə kifayət qədər vəsaiti olmadığı istənilən halda isə pulsuz müdafiəçiyə malik olmaq hüququna malikdir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 3 “c” yarımbəndində cinayət törətməkdə ittiham olunan hər kəsin şəxsən və ya özünün seçdiyi müdafiəçi vasitəsilə özünü müdafiə etmək və ya müdafiəçinin xidmətini ödəmək üçün vəsaiti kifayət etmədiyi zaman, ədalət mühakiməsinin maraqları tələb etdikdə, belə müdafiədən pulsuz istifadə etmək hüququ təsbit edilmişdir. Təsbit olunmuş hüququn məqsədi müdafiə tərəfini adekvat təqdim etməkdən ibarətdir (Avropa Məhkəməsinin “Mayzit Rusiyaya qarşı” iş üzrə 20 yanvar 2005-cı il tarixli Qərarı, § 65). Çəkişmə prinsipi baxımından bu müddəanın məqsədi təqsirləndirilən şəxsə qarşı tərəflə müqayisədə onu əlverişsiz vəziyyətdə qoymayan şərtlərlə öz müdafiəsini qura bilməsi üçün ağlabatan imkan verməkdir (Avropa Məhkəməsinin “Bulut Avstriyaya qarşı” iş üzrə 22 fevral 1996-cı il tarixli Qərarı, § 47; Avropa Məhkəməsinin “Popov Rusiyaya qarşı” iş üzrə 13 sentyabr 2006-cı il tarixli Qərarı, § 177). “Pakelli Almaniyaya qarşı” iş üzrə 25 aprel 1983-cü il tarixli Qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinin 3 “c” yarımbəndi cinayət törədilməsində təqsirləndirilən şəxsin üç hüququna zəmanət verir: şəxsən özünü müdafiə etmək, özü tərəfindən seçdiyi müdafiəçiyə malik olmaq və müəyyən şərtlərlə pulsuz müdafiəçiyə malik olmaq. Özünü şəxsən müdafiə etmək istəməyən hər bir təqsirləndirilən şəxs özü tərəfindən seçdiyi müdafiəçinin xidmətlərindən istifadə etmək imkanına malik olmalıdır; müdafiəçinin xidmətini ödəmək üçün vəsaiti kifayət etmədiyi zaman ədalət mühakiməsinin maraqları naminə müdafiəçi ona pulsuz təqdim olunmalıdır (§ 31). “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu 3-cü maddəsinə əsasən, fiziki və hüquqi şəxslərin hüquqlarının, azadlıqlarının və qanunla qorunan mənafelərinin müdafiə edilməsi və onlara yüksək keyfiyyətli hüquqi yardımın göstərilməsi vəkilliyin əsas vəzifəsidir. Həmin Qanunun 16-cı maddəsinə əsasən, peşə fəaliyyətini həyata keçirərkən vəkil qanunun tələblərini icra etməli, müdafiə edilən və ya hüquqları təmsil edilən şəxsin mənafelərini qorumaq üçün qanunvericiliklə nəzərdə tutulmuş bütün üsullardan istifadə etməli, vəkil sirrini qorumalı, vəkil andına və vəkil etikasına riayət etməli, yalnız qanunun tələblərini rəhbər tutmalıdır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 92.10.1, 92.10.3 və 244.2ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 mart 2019-cu il tarixli qərarında göstərilmişdir ki, müdafiəçi tərəfindən Cinayət-Prosessual Məcəlləsinin 92.9-cu maddəsində sadalanmış prosessual hüquqların həyata keçirilməsinin müfəssəl qaydası həmin Məcəllənin xüsusi normalarında təsbit olunmuşdur. Belə maddələrdən biri olan Cinayət-Prosessual Məcəlləsinin 244.2-ci maddəsinə əsasən, şübhəli və ya təqsirləndirilən şəxs barəsində axtarış və götürmənin aparılmasında onun müdafiəçisi iştirak etmək hüququna malikdir. Həmin istintaq hərəkətinin aparılması barədə müstəntiq tərəfindən əvvəlcədən xəbərdar edilmiş müdafiəçi axtarış və götürmədə iştirak etmək arzusunu bildirdikdə, müstəntiq onun bu hüququnu təmin etməlidir. Qeyd olunmalıdır ki, həmin Məcəllənin 244.2-ci maddəsi ilə müəyyən edilmiş axtarış və götürmənin aparılmasında müdafiəçinin iştirak etmək hüququ müdafiə etdiyi şəxsin qanuni mənafeyini qorumaq məqsədi ilə onun cinayət-prosessual funksiyalarını həyata keçirməsinin təmin edilməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş imkanı ehtiva edir. Bu baxımdan qanunverici müstəntiqin üzərinə belə istintaq hərəkətinin aparılması barədə müdafiəçini əvvəlcədən xəbərdar etmək, müdafiəçi axtarış və götürmədə iştirak etmək arzusunu bildirdikdə isə, onun bu hüququnu təmin etmək vəzifəsini qoymuşdur. Azərbaycan Respublikası CPM-in 9.2-ci maddəsinə əsasən, bu Məcəllə ilə müəyyən edilmiş hallarda cinayət prosesi prinsiplərinin və ya şərtlərinin pozulması cinayət təqibi üzrə başa çatmış icraatın etibarsız sayılmasına, onun gedişində qəbul edilmiş qərarların ləğvinə, yaxud toplanmış materialların sübutedici qüvvəsinin olmaması qənaətinə gəlməyə səbəb ola bilər. Azərbaycan Respublikası CPM-in 299.1-ci maddəsinə əsasən, məhkəmənin hazırlıq iclası cinayət işində, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarında və ya xüsusi ittiham qaydasında şikayətdə, irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələrdən ibarətdir. Həmin Məcəllənin 299.3-cü maddəsinə əsasən, hər bir halda cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmənin hazırlıq iclasında aparılmış ibtidai araşdırma zamanı bu Məcəllənin tələblərinin pozulub-pozulmaması barədə məsələlərə baxılır. Azərbaycan Respublikası CPM-in 303.1-ci maddəsinə əsasən, məhkəmənin hazırlıq iclasında məhkəməyədək icraat zamanı aradan qaldırılmadan müvafiq olaraq cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud pozuntularına yol verildiyini müəyyən etdikdə, məhkəmə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verir və onu ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarır. Həmin Məcəllənin 303.2-ci maddəsinə əsasən, cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onu ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması məhkəmənin əsaslandırılmış qərarı ilə həyata keçirilir. Bu Məcəllənin 303.3.1-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulduqda, həmçinin 303.3.3-cü maddəsinə əsasən, məhkəməyədək icraat etiraz edilməli və ya özü-özünə etiraz etməli olan şəxs tərəfindən aparıldıqda (bu pozuntunun mümkün dərəcədə aradan qaldırılması üçün) cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar çıxarılır. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası CPM-in müddəalarına əsasən, məhkəməyədək icraat mərhələsində müdafiə hüququna dair cinayət-prosessual qanunvericiliyin tələblərinin yerinə yetirilib-yetirilməməsi məhkəmənin hazırlıq iclasının yekununda müşavirə otağında müzakirə və həll edilməli olan məsələlərə aiddir. Göründüyü kimi, təqsirləndirilən Təqsirləndirilən şəxs faktiki saxlanıldığı andan müdafiə hüququnun real olaraq təmin olunması mübahisələndirilir, təqibə məruz qalmış şəxsin müdafiəsi istintaq mərhələsində özü-özünə etiraz etməli olan müdafiəçi tərəfindən təmin olunur, o, ibtidai istintaqın ilkin mərhələsindən başlayaraq məhkəməyə verilənədək prosesdə iştirak edir, eyni zamanda iş materiallarında olan və obyektivliyi, qərəzsizliyi mübahisə doğuran şəxsin iştirakı ilə aparılan prosessual hərəkətlər və bunların əsasında tərtib olunan sənədlər təqsirləndirilən Təqsirləndirilən şəxs müdafiə hüququnun pozulmasını bir daha təsdiq edir. Yuxarıda göstərilən təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulması və məhkəməyədək icraatın etiraz edilməli və ya özü-özünə etiraz etməli olan şəxs tərəfindən aparılması məhkəməyədək icraat zamanı aradan qaldırılmadan cinayət işinin mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud pozuntular hesab edilir. Azərbaycan Respublikası CPM-in 303.1-ci maddəsinə əsasən, məhkəmənin hazırlıq iclasında məhkəməyədək icraat zamanı aradan qaldırılmadan müvafiq olaraq cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud pozuntularına yol verildiyini müəyyən etdikdə, məhkəmə cinayət işinin materiallarının baxılmasına xitam verir və onu ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarır. Həmin Məcəllənin 300.1 və 300.1.5-ci maddəsinə əsasən, cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar məhkəmənin hazırlıq iclasının keçirilməsi nəticəsində çıxarılır. Məhkəmənin hazırlıq iclasında həmçinin müəyyən edildi ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 09 oktyabr 2019-cu il tarixə qədər uzadılmış, həmin cinayət işi məhkəməyə 09 sentğyabr 2019-cu il tarixdə daxil olmuşdur. Məhkəmə təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbirinin əsaslılığı barədə məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbirinin ləğvinə və dəyişdirilməsinə əsaslar yoxdur. Azərbaycan Respublikası CPM-nin 307.1-ci maddəsinə əsasən, məhkəmənin hazırlıq iclasının nəticələrinə dair məhkəmə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması haqqında qərarla yanaşı, məhkəməyədək icraat zamanı bu Məcəllənin tələblərinin kobud surətdə pozulmasına yol vermiş şəxslər barəsində xüsusi qərar çıxarmalıdır. Odur ki, cinayət işi üzrə məhkəməyədək icraat zamanı kobud qanun pozuntularına yol vermiş Azərbaycan Respublikası DİN Baş Narkotiklərlə Mübarizə idarəsinin xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili, polis polkovnik-leytenantı Şahid4 və Azərbaycan Respublikası DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə idarəsinin İstintaq və Təhqiqat idarəsinin xüsusilə mühüm işlər üzrə baş müstəntiqi, polis polkovnik-leytenantı X7 və Bakı şəhəri, 6 saylı Vəkil Bürosunun vəkili X8 barəsində xüsusi qərar çıxarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 300.1, 300.1.5, 300.4.1, 303.1, 303.3.1, 303.3.3, 306, 307.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ:

1. Müdafiəçilər - Bakı şəhəri, 2 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi2 və Müdafiəçi1 vəsatəti təmin edilsin.

2. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəməyədək icraat zamanı təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulması, həmçinin məhkəməyədək icraatın etiraz edilməli və ya özüözünə etiraz etməli olan şəxs tərəfindən aparılması kimi kobud qanun pozuntularına yol verildiyindən, bu pozuntuların aradan qaldırılması üçün cinayət işinin baxılmasına xitam verilsin və iş ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Azərbaycan Respublikası Baş prokurorunun birinci müavininə qaytarılsın.

3. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın.

4. Qərarın surəti cinayət prosesinin iştirakçılarına, habelə Təqsirləndirilən şəxs şəxsi işinə əlavə edilməsi üçün onun saxlanıldığı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına göndərilsin.

5. Cinayət işi üzrə məhkəməyədək icraat zamanı kobud qanun pozuntularına yol vermiş Azərbaycan Respublikası DİN Baş Narkotiklərlə Mübarizə idarəsinin xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili, polis polkovnik-leytenantı Şahid4 və Azərbaycan Respublikası DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə idarəsinin İstintaq və Təhqiqat idarəsinin xüsusilə mühüm işlər üzrə baş müstəntiqi, polis polkovnik-leytenantı X7 və Bakı şəhəri, 6 saylı Vəkil Bürosunun vəkili X8 haqqında xüsusi qərar çıxarılsın.

Sədrlik edən hakim Eldar İsmayılov Hakimlər Cavid Hüseynov Samir Əliyev Əsli ilə düzdür Hakim Eldar İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar