Məhkəmə qərarları › İş №1(101)-1306/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Qərar — İş №1(101)-1306/2024

06.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(101)-1306/2024 06.02.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Məmmədzadə Səbinə Adil qızının sədrliyi ilə, Məmmədov Əli İrfan oğlu və Məcidov X13 ibarət tərkibdə, Məhkəmə iclas katibi: X1 qızının, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru X4, Zərərçəkmiş şəxs və onun qanuni nümayəndəsi Qanuni nümayəndə1, Müdafiəçi: Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri “Arbitrium” Vəkil Bürosunun vəkili Müdafiəçi, Yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs və onun qanuni nümayəndəsi Qanuni nümayəndə2 iştirakları ilə, Yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4 və 221.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin hazırlıq iclasında baxaraq m ü ə y y ə n e t d i: Yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4 və 221.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi 07 yanvar 2024-cü il tarixdə Bakı Ağır Cinayətlər Məhkəməsinə daxil olmuşdur. Cinayət işinin ibtidai istintaqı Nəsimi Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi, polis baş leytenantı X5 tərəfindən 16 dekabr 2023-cü il tarixdə tamamlanmış, ittiham aktı Bakı şəhəri Nəsimi Rayon Prokuroru, baş ədliyyə müşaviri Həsən Hənifəyev tərəfindən 21 dekabr 2023-cü il tarixdə təsdiqlənərək cinayət işi mahiyyəti üzrə baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir. İttiham aktına əsasən Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, silah qismində istifadə olunan əşyadan istifadə etməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxs üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli xuliqanlıq hərəkətləri etmiş və xuliqanlıq niyyətilə qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Belə ki, yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs 23 avqust 2023-cü il tarixdə saat 13 radələrində ictimai yer hesab edilən ünvan 1 ünvanında yerləşən 9 nömrəli tam orta məktəbin qarşısında sinif yoldaşı Zərərçəkmiş şəxs yaxınlaşıb əvvəlcədən aralarında olan mübahisə zamanı sonuncunun onu döyməsini cüzi səbəb kimi bəhanə gətirib ətrafda digər şəxslərin olmasına əhəmiyyət vermədən ictimai qaydanı, yəni cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgə yaşayış və davranış qaydalarını qərəzli surətdə pozub, ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərib, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq etməklə cəmiyyətə açıqca hörmətsizlik edib ətrafdakı şəxslərin gözü qarşısında xuliqanlıq niyyəti ilə üzərində olan silah qismində istifadə etdiyi zavod üsulu ilə hazırlanmış, soyuq silah hesab edilməyən deşici-kəsici xassəyə malik, məişət təyinatlı, “kəpənək” formalı cib bıçağını çıxarıb həmin bıçaqla Zərərçəkmiş şəxs zor tətbiq edərək sonuncunun bədən nahiyələrindən qəsdən zərbələr vurmaqla ona sağ dirsək oynağı nahiyəsinin 2 ədəd, döş qəfəsinin sağ-yan səthinin qarın boşluğuna nüfuz etməyən 1 ədəd, bel nahiyəsinin 1 ədəd, sol budun 1 ədəd deşilmişkəsilmiş yaraları kimi dərəcəsinə görə ümumilikdə və ayrı-ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid və döş qəfəsinin ön səthinin sağ yarısının plevra boşluğuna nüfuz edən və sağ tərəfli hemopnevmotoraks ilə müşayiət olunan 1 ədəd deşilmiş-kəsilmiş yarası kimi həyat üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmaya aid bədən xəsarətləri yetirməklə qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Məhkəmə cinayət işində irəli sürülmüş ittihamın mahiyyəti üzrə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünü cinayət prosesi tərəflərinin iştirakı ilə ilkin dinləmələr vasitəsilə yoxlayıb, cinayət işinin materiallarını araşdıraraq hesab edir ki, cinayət işi mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud qanun pozuntularına yol verilməklə aparıldığından cinayət işinin baxılmasına xitam verilməklə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır. Belə ki, məhkəmənin hazırlıq iclasında yetkinlik yaşına çatmayan təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi yazılı vəsatətlə məhkəməyə müraciət edərək bildirmişdir ki, ibtidai istintaq orqanı tərəfindən irəli sürülmüş ittihamın mahiyyəti üzrə məhkəmə baxışının təyin edilməsi mümkünsüzdür. Belə ki, ibtidai istintaq zamanı məhkəməyədək icraat zamanı aradan qaldırılmadan cinayət işinin mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud pozuntulara yol verilməsi, o cümlədən təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulması müəyyən edilmişdir. Vəsatətdə qeyd olunur ki, Təqsirləndirilən şəxs təsirləndirildiyi ********* nömrəli cinayət işi 23 avqust 2023-cü ildə Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə başlanaraq istintaq edilmişdir. Müəyyən olunmuşdur ki, guya o, silah qismində istifadə olunan əşyadan istifadə etməklə, xx.xx.2023-cü il tarixdə 13:00 radələrində ünvan 2 ünvanında yerləşən 9 nömrəli tam orta məktəbin qarşısında sinif yoldaşı Zərərçəkmiş şəxs ilə aralarında baş vermiş mübahisə zamanı sonuncunun ünvanına uca səslə nalayiq ifadələr işlədib cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarını qərəzli surətdə pozaraq, ətrafdakı digər şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə etinasızlıq göstərməklə cəmiyyətə açıqca hörmətsizlik edərək, orada olan kənar şəxslərə məhəl qoymadan, həmin insanların gözləri qarşısında insanlar üzərində zor tətbiq edilməsi ilə müşayiət olunan hərəkətlər edib əvvəlcədən özü ilə gətirdiyi bıçaq ilə Zərərçəkmiş şəxs vuraraq döş qəfəsinin sağ yarısının daxilə nüfuz edən deşilmiş-kəsilmiş yarası, bədənin çoxsaylı deşilmiş kəsilmiş yaraları xəsarətlərini yetirməklə ictimai qaydanı kobud surətdə pozub qəsdən qərəzli xuliqanlıq etmiş, bununla da Təqsirləndirilən şəxs həmin hərəkəti ilə CM-nin 221.3-cü maddəsi ilə nəzərdə tutulan əməli törətmişdir. İş materiallarından görünür ki, xx.xx.2023-cü il tarixdə yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs yaradılmış istintaq qrupunun müstəntiqi Süleyman Qəşəmov tərəfindən Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə şübhəli şəxs qismində tutularaq Nəsimi RPİ-nin Müvəqqəti saxlama yerinə yerləşdirilmişdir. xx.xx.2023cü il tarixdə yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 221.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona həmin maddədə nəzərdə tutulan ittiham elan olunmuşdur. xx.xx.2023-cü il tarixdə S.Qəşəmli tərəfindən yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə əlaqədar Nəsimi rayon prokurorluğuna vəsatətlə müraciət edilmiş, həmin tarixdə Nəsimi rayon prokuroru vəzifəsini müvəqqəti icra edən, kiçik ədliyyə müşaviri Fərid Dadaşov tərəfindən vəsatətin müdafiə edilməsindən imtina olunması haqqında qərar qəbul edilmişdir. xx.xx.2023-cü il tarixdə istintaq orqanı tərəfindən yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. xx.xx.2023-cü il tarixdə istintaq tərəfindən cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsindən həmin Məcəllənin 126.2.4 və 221.3-cü maddələrinə tövsif edilərək ibtidai istintaq davam etdirilmişdir. xx.xx.2023-cü il tarixdə iş üzrə yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.2.4 və 221.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona həmin maddədə nəzərdə tutulan yenidən ittiham elan olunmuşdur. İstintaq qrupunun müstəntiqləri tərəfindən şübhəli şəxsə müdafiəçi təqdim olunması barədə protokol, tutma protokolu, şübhəli şəxsə tutulma haqqında protokolun, hüquq və vəzifələrinə dair bildirişin verilməsi, hüquq və vəzifələrin izah edilməsi haqqında protokol və digər sənədlər tərtib olunmuşdur. Cinayət işi üzrə istintaq qrupunun yaradılması haqqında 23 avqust 2023-cü il tarixli qərardan (cild 1, i.v.8) görünür ki, “cinayət işi üzrə qısa zaman aralığında çoxsaylı istintaq hərəkətlərinin keçirilməsi, habelə cinayətin tam, obyektiv və hərtərəfli araşdırılması və operativ istintaq hərəkətlərinin təmin edilməsi üçün” Nəsimi RPİ-nin İŞ-nin müstəntiqi polis baş leytenantı X6 və həmin şöbənin digər müstəntiqi polis leytenantı X3 ibarət istintaq qrupu yaradılmışdır. İş materiallarından isə görünən odur ki, əksinə, iş üzrə tam, obyektiv və hərtərəfli araşdırma əvəzinə, qeyri-obyektiv, xaotik və əlaqəsiz, həm də müdafiə hüquqlarının pozulması ilə müşayiət olunan hərəkətlərə yol verilmişdir. Belə ki, müstəntiq A.Aydəmirov tərəfindən Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə şahid qismində dindirilməsi haqqında protokoldan görünür ki, onun ifadəsi saat 17:30-dan 18:40-dək alınmışdır (cild 1 i.v 17-21). Cinayət işinin 1-ci cildinin 37-ci vərəqində olan tutma haqqında protokoldan isə görünür ki, müstəntiq S.Qəşəmov həmin vaxtı, yəni saat 18:00-dan saat 18:30-a qədər Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmasını həyata keçirmişdir. Şübhəli şəxsin dindirilməsi protokolundan görünür ki, Təqsirləndirilən şəxs ifadəsi saat 18:25-dən 19:25-ə qədər müstəntiq A.Aydəmirov tərəfindən alınmışdır. Başqa sözlə, belə nəticəyə gəlinir ki, Təqsirləndirilən şəxs şahid qismində ifadəsi alınan zaman o, həm də şübhəli şəxs qismində tutulur. Tərtib olunmuş xx.xx.2023-cü il tarixli tutma protokolu əsasında tutulmazdan əvvəl guya Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili X8 ona təqdim olunmuş (cild 1 vər. 34), tutulma protokolu vəkilin iştirakı ilə tərtib olunmuşdur (cild 1 vər. 35). Təqsirləndirilən şəxs və qanuni nümayəndəsi - atası Qanuni nümayəndə2 Bakı Ağır Cinayətlər Məhkəməsində onunla birlikdə cinayət işinin materialları ilə tanış olarkən bildirmişlər ki, onlar könüllü olaraq Nəsimi RPİ-nə 23 avqust 2023-cü il tarixdə saat 15 radələrində getmiş, Təqsirləndirilən şəxs baş vermiş hadisə barədə müstəntiqlə danışmış, daha sonra hadisə yerinə, sonra isə bıçağın gizlədildiyi Novxanı qəsəbəsinə getmiş, bıçaq onun nənəsinin evində basdırıldığı yerdən müstəntiq tərəfindən götürülmüşdür. Axşam saat 20:30 radələrində birlikdə Nəsimi RPİ-yə qayıtdıqdan sonra atası və qanuni nümayəndəsi Zakir Sadıxov yanına buraxılmadan və hər-hansı müdafiəçinin iştirakı olmadan onun ifadəsi alınmış, sonra dindirmə protokolları imzalatdırılmışdır. O, müstəntiqə həmin cinayəti törətdiyini tam deyil, qismən boynuna aldığını bildirmiş, müstəntiq isə ifadəsini kompüterdə yazıb ona oxumadan və oxutdurmadan, ötəri baxmağa imkan verdikdən sonra tələsdirərək imzalatdırmışdır. Təqsirləndirilən şəxs həmçinin bildirmişdir ki, o, şübhəli şəxs qismində tutularkən yanında müdafiəçi olmamış, müdafiəçi müstəntiq tərəfindən ona yalnız 24 avqust 2023-cü ildə saat 02 radələrində təqdim olunmuş və o, onun yanında heç bir istintaq hərəkətində iştirak etmədən çıxıb getmişdir. İstər-istəməz sual yaranır: Əgər doğrudan da şübhəli şəxs qismində tutulan zaman müdafiəçi iştirak etmişdisə, o zaman nə üçün Təqsirləndirilən şəxs paralel olaraq həmin anda şahid qismində dindirilməsinə razı olmuşdur? Göründüyü kimi, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 92.3.5-ci maddəsinin “şübhəli şəxs cinayət törədərkən yetkinlik yaşına çatmadıqda, müdafiəçinin iştirakı təmin olunmalıdır” tələbi də təmin olunmamışdır. CPM-nin 90.7.2-ci maddəsinin tələbləri pozularaq şübhəli şəxs Sadıq Sadıxovun hüquqi yardım almaq hüququ təmin olunmamış, lazımi qaydada ona hüquq və vəzifələri izah olunmamış, müdafiə hüququ kobud surətdə pozulmuşdur. Təqsirləndirilən şəxs qismində cəlb edilməsi də qanun pozuntusu ilə müşayət olunmuşdur. Bu barədə 25 avqust 2023-cü il tarixli qərar bütünlüklə 2 vərəqə tam yerləşməyinə baxmayaraq, heç bir lüzum və əsas olmadan qərarın elan olunması barədə qeyd və imza yerləri 3-cü vərəqəyə keçirilmişdir (cild 1, vər 97-99, i.v.254-256) . Bu isə qərarın yazılması ilə onun təqsirləndirilən şəxslə müdafiəçisi tərəfindən imzalanması vaxtlarının fərqli olmasının göstəricisidir. Bundan başqa, Təqsirləndirilən şəxs şahid və şübhəli şəxs qismində kompüterlə yazılmış ifadəsinin təqsirləndirilən şəxs qismində ifadəsinə köçürülərək ona imzalatdırılması ciddi qanun pozuntusu olmaqla yanaşı, onun qanunun tələblərinə uyğun dindirilmədiyini, ifadəsinin çap olunaraq onun tərəfindən oxunmasına şərait yaradılmadığı və ya müstəntiq tərəfindən təqsirləndirilən şəxsə oxunmadan, həmçinin qanuni nümayəndəsi və müdafiəçisinin iştirakı olmadan ona imzalatdırıldığını təsbit edir. Dindirmə protokollarında bütün məlumatların kompüterlə yazılmasına baxmayaraq, məhz dindirmələrin vaxtının diyircəkli qələmlə göstərilməsi də qeyd olunanların bir sübutudur. Bütün göstərilənlər həmin prosessual sənədlərin həqiqiliyinə əsaslı şübhələr yaradır. Bundan əlavə müdafiə tərəfinin istintaq orqanına verdiyi vəsatət üzrə aparılmış araşdırma zamanı zərərçəkmiş Zərərçəkmiş şəxs mütəmadi olaraq Təqsirləndirilən şəxs qarşı alçaldıcı hərəkətlər etməsi və onun Hüseyn adlı qardaşı ilə birlikdə 30-31 iyul 2023-cü il tarixdə Təqsirləndirilən şəxs döyərək xəsarət yetirməsi faktının təsdiq olunmasına baxmayaraq bu xüsusatın araşdırılması əsassız olaraq bəlli olmayan səbəbdən davam etdirilməmiş və həmin epizod üzrə cinayət işindən material ayrılmışdır. (cild 1, i/v 295). Halbuki Azərbaycan Respublikası CPM-nin 50-ci maddəsində cinayət işindən material ayrılması nəzərdə tutulmamışdır. İşdə olan sübutlarla da təsdiq olunur ki, törədilmiş cinayətin motivi zərərçəkmiş Zərərçəkmiş şəxs qanunsuz hərəkətləri nəticəsində Təqsirləndirilən şəxs döyülməsi, nalayiq formada söyülüb təhqir edilməsi ilə bağlıdır və bu motivin xuliqanlıq niyyəti ilə heç bir əlaqəsi yoxdur. Bütün bu xüsusatların hamısı Təqsirləndirilən şəxs əməlində xuliqanlıq niyyətini tam istisna edir. Buna baxmayaraq qanunsuz və əsassız olaraq Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.2.4 və 221.3-cü maddələri ilə yenidən ittiham elan edilmişdir. Eyni zamanda qeyd olunan xüsusat istintaq dövründə sonacan araşdırılmamış və ittiham aktında Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi cinayətin zərərçəkmiş şəxsin qanunsuz hərəkətlərinin təsiri altında törədilməsi (CM-nin 59.1.8-ci maddəsi) halı qeyd olunmamışdır. Yuxarıda sadalanan pozuntular Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 303.3-cü maddəsində nəzərdə tutulmuş pozuntulardır və onlar cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması üçün birbaşa əsaslardır. Məhkəmə hazılıq iclasında iştirak edən yetkinlik yaşına çatmayan təqsirləndirilən şəxs və onun qanuni nümayəndəsi vəsatəti müdafiə etdiklərini, dövlət ittihamçısı, yetkinlik yaşına çatmayan zərərçəkmiş şəxs və onun qanuni nümayəndəsi isə vəsatətə etiraz edərək cinayət işinin məhkəmə baxşına təyin edilməsini xahiş etdilər. Məhkəmə, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi vəsatətini cinayət işinin materialları ilə qarşılıqlı şəkildə təhlil edərək, proses iştirakçılarının mövqeyini öyrənərək hesab edir ki, müdafiəçinin vəsatəti təmin edilməli cinayət işinə baxılmasına xitam verilməli və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır. Belə ki, cinayət işinin materiallarından görünür ki, yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 17:30-dan 18:40-dək şahid qismində dindirilmişdir. (cild 1 i.v 17-21). Eyni zamanda cinayət işinin 1-ci cildinin 37-ci vərəqində olan tutma haqqında protokoldan görünür ki, həmin vaxtı, yəni xx.xx.2023-cü il tarixdə saat 18:00-dan 18:30-a qədər Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. Şübhəli şəxsin dindirilməsi protokolundan görünür ki, Təqsirləndirilən şəxs ifadəsi həmin gün saat 18:25-dən 19:25-ə qədər aparılmışdır. Əvvəla, qeyd olunan məlumatların təsdiqi keçirilmiş prosessual hərəkətlərin qanuniliyini şübhə altına alır. Çünki, eyni şəxsin barəsində, eyni vaxtda üç istintaq hərəkətinin aparılması məntiqsiz olmaqla sənədlərin qanunvericiliyin tələblərinə uyğun tərtib edilmədiyinə dəlalət edir. Eyni zamanda qeyd olunan faktın mövcudluğu müdafiə tərəfinin yetkinlik yaşına çatmayan şəxslə bağlı ilkin istintaq hərəkətləri aparılarkən qanuni nümayəndəsinin və vəkilinin onun yanında olmaması ilə bağlı dəlillərinin əsassız olmaması ehtimalını ortaya qoyur. Nəzərə almaq lazımdır ki, CPM-nin 21.2-ci maddəsinə əsasən bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Həmin Məcəllənin 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Məcəllənin 351.3.4-cü maddəsinə əsasən məhkəmə təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edir. Bundan başqa, yuxarıda qeyd olunan faktın mövcudluğu onu təsdiq edir ki, şübhəli şəxs qismində tutulmuş yetkinlik yaşına çatmayan Sadıx Sadiqov eyni zamanda şahid qismində dindirilərək şahidin ifadə verməkdən imtina etməsinə görə Azərbaycan Respublikası CM-nin 298-ci maddəsi və bilə-bilə yalan ifadə verməyə dair Azərbaycan Respublikası CM-nin 297-ci maddəsi ilə məsuliyyət daşıması barədə ona xəbərdarlıq edilməklə faktiki olaraq öz əleyhinə ifadə verməyə məcbur edilmişdir ki, bu da təqsirləndirilən şəxsin müdafiə hüququnun kobud şəkildə pozulması deməkdir. Məhkəmə qeyd edir ki, yetkinlik yaşına çatmayan şəxsin (16 yaşlı) ağır cinayətdə təqsirləndirilməsi halında sübutların hansı yolla əldə edilməsi məsələsi xüsusilə mühüm əhəmiyyət kəsb edir. “Avropa İnsan Hüquqları Məhkəməsinin “Van Mexelen və başqalarının Niderlanda qarşı” işi üzrə qəbul edilmiş 23 aprel 1997-ci il tarixli qərarının 50ci bəndində göstərilmişdir ki, məhkəmənin vəzifəsi ümumilikdə məhkəmə araşdırmasının ədalətli keçirilib-keçirilməməsini, о cümlədən təqdim olunan sübutların necə əldə olunmasını müəyyən etməkdən ibarətdir”. Yuxarıda qeyd olunan və prosessual qaydalara uyğun gəlməyən sübutların əldə olunma şəraiti onların mötəbərliliyini şübhə altına alır ki, bu da ibtidai araşdırma zamanı təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulmasına dəlalət edir. Bundan başqa, ibtidai araşdırma zamanı müdafiə tərəfinin dəlillərindən biri ondan ibarət olmuşdur ki, hadisə zərərçəkənin təqsirləndirilən şəxsə qarşı qanunsuz hərəkətləri nəticəsində baş vermiş, tərəflər arasında uzun müddət ziddiyyətli münasibət olmuş, kəskin münasibətin səbəbi məhz zərərçəkən şəxsin davranışı olmuş, 30-31 iyul tarixlərində Hüseyn və Zərərçəkmiş şəxs qardaşları təqsirləndirilən şəxsə qarşı zorakılıq edərək onu döymüş, hadisə günü zərərçəkən kənar tanışlarının yanında təqsirləndirilən şəxsə qarşı alçaldıcı münasibət göstərməklə onu aşağıladığından həmin hadisə baş vermişdir. Cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında 14 dekabr 2023-cü il tarixli qərarın 6-cı bəndində yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs ifadəsinə əsasən 30-31 iyul tarixlərində Hüseyn və Zərərçəkmiş şəxs qardaşları tərəfindən döyülməsi ilə bağlı tam obyektiv araşdırma aparılması mümkün olmadığından material ayrılaraq araşdırma aparılması və Təqsirləndirilən şəxs müdafiəçisinin istintaqa təqdim etdiyi vəsatətdə göstərilən xüsusatlara qiymət verilməsinin nəzərə alınması qeyd olunmuşdur. Əvvəla, qeyd olunmalıdır ki, müdafiə tərəfinin həmin dəlili ilə bağlı material ayrılması tamamilə əsassız olmuşdur. Çünki, qeyd olunan dəlildə irəli sürülən hallar hadisənin baş vermə səbəblərinə və şəraitinə bilavasitə aydınlıq gətirməli idi. Bundan başqa, təqsirləndirilən şəxs yetkinlik yaşına çatmayan olmaqla ona qarşı ağır ittiham irəli sürülmüşdür. Cinayət-prosessual qanunvericilik yetkinlik yaşına çatmayan şəxslərin iştirakı ilə baş vermiş hadisələrin araşdırılması zamanı onlara daha həssas yanaşmanı nəzərdə tutur. Təsadüfi deyil ki, qanunverici belə şəxslərin barəsində araşdırmanın xüsusi qaydasını nəzərdə tutmuşdur. Belə ki, CPM-nin 429.0. maddəsinə əsasən yetkinlik yaşına çatmayanların iştirakı ilə törədilən cinayət işlərində törədilən cinayət üzrə müəyyən edilməli olan hallardan başqa, yetkinlik yaşına çatmayanın həyat və tərbiyə şəraiti, yetkinlik yaşına çatmayanın fiziki intellektual və əqli inkişaf səviyyəsi və digər hallar da müəyyən edilməlidir. İbtidai araşdırma orqanı yetkinlik yaşına çatmayan şəxslərlə bağlı qeyd olunan halları nəinki araşdırmamış, hadisəyə zərərçəkənin təqsirləndirilən şəxsə qarşı uzun sürən qanunsuz hərəkətlərinin səbəb olması barədə dəlillərini əsassız olaraq yoxlamamış, həmin halların hazırkı icraatda yoxlanılmasının mümkün olmaması əsası ilə cinayət işindən material ayırmışdır. Bununla da ittiham tərəfi təqsirləndirilən şəxsi müdafiəsiz vəziyyətə gətirmişdir. Eyni zamanda ibtidai araşdırma orqanı nəzərə almamışdır ki, həmin hallar bilavasitə təqsirləndirilən şəxsin əməlinin tövsifi məsələsini həll edir. Ona görə ki, təqsirləndirilən şəxsə silahdan istifadə etməklə xuliqanlıq və xuliqanlıq niyyəti ilə qəsdən bədənə ağır xəsarət yetirmə ittihamı verilmişdir. Tərəflər arasında mövcud olmuş münasibətləri, yetkinlik yaşına çatmayanların dünyagörüşü, onların həmin münasibətlərə intellektual reaksiyalarını öyrənmədən, hadisənin baş vermə şəraiti və səbəbləri ilə bağlı müdafiə tərəfinin dəlillərini yoxlayıb hüquqi qiymət vermədən ağır ittiham irəli sürülməsi təqsirləndirilən tərəfi müdafiəsiz vəziyyətə gətirməklə ədalətli araşdırmanın tərəflərin bərabərliyi əsasında aparılması prinsipini pozulmuşdur. CPM-nin 289.3.1., 289.3.3. və 289.3.2-ci maddələrinə əsasən ittiham aktında cinayətin törədilmə yeri, vaxtı, üsulları, motivləri, nəticələri və digər mühüm hallar, təqsirləndirilən şəxsin təqsirliliyini təsdiq edən sübutlar, təqsirləndirilən şəxsin öz müdafiəsi üçün gətirdiyi dəlillər və həmin dəlillərin yoxlanılması zamanı toplanmış sübutlar şərh edilməlidir. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının (bundan sonra Avropa Konvensiyası) 6-cı maddəsinə əsasən ədalətli məhkəmə araşdırması hüququnun fundamental aspekti cinayət mühakimə icraatının, o cümlədən bu prosedurla əlaqədar prosessual elementlərin çəkişmə səciyyəli olması, habelə ittiham və müdafiə tərəfləri arasında tərəflərin bərabərliyinin mövcudluğudur. Cinayət işində çəkişməli proses hüququ dedikdə, həm ittiham, həm də müdafiə tərəfinə qarşı tərəfin təqdim etdiyi sübutlar və fikirlərdən xəbərdar olmaq və onlarla bağlı şərh vermək imkanının verilməsi nəzərdə tutulur. Əlavə olaraq, 6-cı Maddənin 1- ci bəndi prokurorluq orqanlarından təqsirləndirilən şəxsin lehinə və ya əleyhinə olan bütün maddi sübutları müdafiə tərəfinə açıqlamaq tələb olunur (Rou və X7rşı, [BP], § 60). Rou və X7rşı işində [BP] Məhkəmə 6-cı Maddənin 1-ci bəndinin pozulduğunu müəyyən etmişdir, çünki ittiham tərəfi sübutu birinci instansiya məhkəməsinin hakiminə təqdim etməmiş, ona sübutun açıqlanması məsələsi ilə bağlı qərar qəbul etmək imkanı verməmiş, beləliklə də, ərizəçini ədalətli məhkəmə araşdırması hüququndan məhrum etmişdir. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsin öz müdafiəsi üçün gətirdiyi dəlillərin ətraflı araşdırılmaması da təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulması kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası CPM-nin 303.1-ci maddəsinə görə məhkəmənin hazırlıq iclasında məhkəməyədək icraat zamanı aradan qaldırılmadan cinayət işinin mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud pozuntulara yol verildiyini müəyyən etdikdə, məhkəmə cinayət işinin baxılmasına xitam verir və onu ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarır. Azərbaycan Respublikası CPM-nin 300.1.5-ci maddəsinə görə məhkəmənin hazırlıq iclasında cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul edilə bilər. Ona görə məhkəmə kollegiyası hesab edir ki, ibtidai araşdırma orqanı qərarda nəzərdə tutulan pozuntuların aradan qaldırılması ilə bağlı tərəflərin bərabərliyi prinspinə riayət etməklə zəruri istintaq hərəkətlərini yenidən həyata keçirməli, əldə olunan sübutlara prosessual qanunvericiliyin tələblərinə riayət etməklə obyektiv qiymət verilməsini təmin etməlidir. Beləliklə, məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 303.3.1, 303.3.6 və 303.3.8-ci maddələrinə əsasən məhkəmənin hazırlıq iclasında məhkəməyədək icraat zamanı aradan qaldırılmadan müvafiq olaraq cinayət işinin mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud pozuntulara yol verildiyini müəyyən etdiyinə görə hesab edir ki, cinayət işinin baxılmasına xitam verilməli, iş ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalı, işin istintaqı zamanı yuxarıda göstərilən kobud qanun pozuntuları aradan qaldırılmalı, habelə gələcəkdə qarşıya çıxa biləcək hər hansı bir məsələnin həlli təmin edilməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 300.1.5-ci maddəsinə əsasən cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul edərkən həmin Məcəllənin 306cı maddəsinə əsasən təqsirləndirilən şəxsin barəsində qətimkan tədbiri ilə bağlı məsələyə də baxmalıdır. Həmin Məcəllənin 300.2.3-cü maddəsinə görə isə qətimkan tədbirinə dair məsələnin həlli məhkəmə hazırlıq iclasında həll edilən məsələlərdən biridir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması ilə əlaqədar təqsirləndirilən şəxsin barəsində seçilmiş qətimkan tədbiri məsələsini müzakirə edib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 300.1, 300.1.5, 303.3.1, 303.3.6, 306.2, 306.1.2-ci maddələrini rəhbər tutaraq məhkəmə q ə r a r a a l ı r:

1. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4 və 221.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin hazırlıq iclasında məhkəməyədək icraat zamanı aradan qaldırılmadan cinayət işinin mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud pozuntulara yol verildiyi müəyyən edildiyindən cinayət işinin baxılmasına xitam verilsin və cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Bakı şəhəri Nəsimi rayon prokuroruna qaytarılsın.

2. Yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilməsin.

Sədrlik edən hakim: Səbinə Məmmədzadə Hakimlər: Əli Məmmədov Azad Məcidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar